Məhkəmə qərarları › İş №2(1-8)-1202/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1202/2026

25.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1202/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh1 və cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh1 və cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, ** nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh2, cavabdeh1, cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, ** nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.

3. Cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə icraata X1 aid hissədə xitam verilməsi nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı il tarixdə qətnamədən kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizə və kassasiya şikayəti vermişdir.

6. Ərizə belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh1 təqdim edilməmişdir. Belə ki, cavabdeh cavabdeh1 qeydiyyatda olduğu Sabunçu rayonu, ünvan 1 ünvana qətnamə göndərilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qətnamə # ###### 2025-ci il tarixdə cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə sonuncuya rəsmi qaydada çatdırılmışdır.

9. Məhkəmə kollegiyasi cavabdeh1 ərizədə qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün müddət # ####### 2025-ci il tarixdə başa çatmış, sonuncunun hazırkı kassasiya şikayəti isə qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verilmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10- 1.3 və 10-1.5-ci maddəsinin məzmununa əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz .

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh cavabdeh1 qeyd etdiyi hallar müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hallar yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz.

12. Kollegiya öz mövqeyini MPM-in 10-1.3, 10-1.5, 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 135.5 və 135.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, şikayətini aşağıdakı qaydada əsaslandırılmışdır.

14. MPM-in 133-cü maddəsi üzrə - iş materiallarından göründüyü kimi qətnamə # ###### 2025-ci il tarixdə “Elektron məhkəmə” sistemində yerləşdirilmişdir və məhkəmə bu halı əsas götürərək qətnamənin rəsmi qaydada təqdim olunduğunu hesab etmişdir. Lakin cavabdeh1 qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə vaxtında məlumat əldə etməmiş, nəticədə uzun müddət ərzində məhkəmə aktının mövcudluğundan xəbərsiz olmuşdur. Bu səbəbdən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət obyektiv səbəblərdən ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış, yalnız sənədin elektron kabinetə yerləşdirilməsi faktı ilə kifayətlənmişdir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 127 və MPM-in 9-cu maddəsi üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübütlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qərardad çıxarılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli Qərarı ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

21. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh cavabdeh1 şikayəti əsasında tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın verilməsi ilə bağlı dəlilini də əsassız sayır və bununla bağlı qeyd edir ki, “Elektron Məhkəmə” elektron informasiya sistemi üzərindən tərəflərə məxsus elektron kabinetə qərarların yerləşdirilməsi zamanı tərəfə avtomatik olaraq elektron poçt və ya telefon vasitəsilə məlumat verilir.

32. Bundan başqa kollegiya qeyd edir ki, hətta belə məlumatın verilmədiyi halda belə, mübahisə tərəfinin qətnamə qəbul edildikdən sonra uzun müddət ərzində hərəkətsiz qalması, məhkəmə aktından şikayətin verilməsinin müəyyən zamanla məhdudlaşdığını bildiyi halda elektron kabinetini yoxlamaması özü-özlüyündə onun tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsini əngəlləyən hal kimi qiymətləndirilməlidir.

33. Oxşar hüquqi mövqe Avropa Insan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında da yer almışdır. Belə ki, AIHM-nin mövqeyinə görə, məhkəmə qərarlarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası imkanı qeyri-məhdud ola bilməz, çünki tərəflər bildikləri məhkəmə icraatlarının gedişi barədə məlumat əldə etmək üçün ağlabatan fasilələrlə tədbirlər görməlidirlər (bax: Aleksandr Shevchenko v. Ukraine, no. 8371/02, § 27, ## ##### 2007 və Trukh v. Ukraine (qərardad), no. 50966/99, ## ####### 2003). Hər bir halda, daxili məhkəmələr yoxlamalıdırlar ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair əsaslar hüquqi müəyyənlik (res judicata) prinsipinə müdaxiləni əsaslandıra bilərmi (bax: Ponomaryov v. Ukraine, no. 3236/03, § 41, ## ##### 2008) .

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı :

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar