Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1217/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə # #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Neftçala Rayon Xol Qarabucaq kəndi inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmiş Şahid, Cavabdeh, İddiaçı, Mədət Babayev və Zenfira Babayeva tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli akta əsasən, Xol Qarabucaq kənd sakini Cavabdeh özü və ailəsinə məxsus torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-0092 olan 5,74 ha torpaq sahəsindən öz payına düşən 1,14 ha-nı İddiaçı 6200 manata satmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6200 manat pulun, torpağın yaxşılaşdırılması üçün xərclədiyi 3000 manatın və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o 2021-ci ildən 2024-cü ilə kimi cavabdehdən aldığı torpaqdan istifadə etmişdir. Həmin torpaqda ayrı-ayrı vaxtlarda yonca və taxıl əkib biçmişdir. 2024-cü ilin yaz aylarında yonca biçilən zaman cavabdeh ona hədə-qorxu gələrək torpağı ondan geri almışdır. O, torpağın yaxşılaşdırılması üçün 3000-4000 manat pul xərcləmişdir. O, cavabdehə xəbərdarlıq ünvanlayaraq işi məhkəməyə qədər nizama salmaq istəsə də heç bir nəticə əldə edə bilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin ona çatan hissəsini 2021-ci ildə əmisi Mədət Babayevə satmış, lakin sonradan qardaşı Azad əmisinin yanına gedərək, dolanmadığını, torpaq sahəsini ona qaytarmağını xahiş etmiş, əmisi də torpaq sahəsini geri qaytarmışdır. Hal-hazırda əmisi Mədət Babayev ölmüşdür. Iddiaçı onun ölümündən istifadə edərək həmin torpaq sahəsini mənimsəmək istəyir. ##.##.2021-ci il tarixli aktı özü imzalamışdır, həmçinin onunla bərabər qardaşı və anası da imza etmişdir. Həmin aktın məzmunu ilə tanış deyildir.
5. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, cavabdeh onun oğludur. Sözügedən torpağı mərhum qaynı Mədətə satmışlar, daha sonra oğlu Azad gedib əmisindən torpağı geri istəmişdir, o da geri qaytarmışdır. Qaynı Mədət iki ildir ki, vəfat etmişdir. Onlar İddiaçı torpaq satmamışlar.
6. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, tərəflərlə həmkəndlidirlər. Cavabdehin həmin torpağı ögey əmisi Mədətə satmasını eşitmişdir. Lakin cavabdeh tərəfindən torpağın İddiaçı satması barədə məlumatı olmamışdır.
7. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, cavabdeh onun ögey qardaşıdır. Onlar torpağı mərhum əmisi Mədətə satmışlar, daha sonra əmisindən torpağı geri istəmişdir, o da geri qaytarmışdır. Əmisi Mədət iki ildir ki, vəfat edib. Əmisi vəfat edəndən sonra sözügedən torpağı iki ildən çoxdur ki, özü əkib becərir. Mərhum əmisi ölməmişdən qabaq onlara demişdir ki, həmin torpaqdan normal qazanc əldə etmişdir. Bundan sonra isə həmin torpağı özləri əkib becərsin. Onlarda həmin vaxtdan özləri əkib becərir. Iddiaçı İddiaçı ilə həmin sözügedən torpağın heç bir əlaqəsi olmamışdır. Onun məqsədi əmisi öləndən sonra həmin torpağı mənimsəməkdir.
8. Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ləman Qasımzadə) iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh 6200 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,48 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə şahid ifadələrini mötəbər sübut hesab etməyərək qeyd etmişdir ki, şahidlərdən ikisi cavabdehin yaxın qohumudur. Həmçinin qeyd olunan torpaq sahəsinin mlükiyyətçilərindəndirlər.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh torpağı iddiaçıya deyil, əmisi Mədət Babayevə satması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. ##.##.2021-ci il tarixli aktı cavabdeh özü imza etdiyini məhkəmə iclasında təsdiq etmişdir. Lakin aktın mətnindən məlumatı olmadığını bildirmişdir. Buradan da müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdehə ona məxsus torpaq sahəsinə görə 6200 manat vermiş, cavabdehdə torpaq sahəsini ona satmışdır, lakin sonradan cavabdeh torpağı geri qaytarmışdır. Cavabdeh İddiaçı 6200 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
11. Məhkəmə iddia tələbinin “3000 manat məbləğində torpağın yaxşılaşdırılması üçün çəkilmiş xərcin cavabdehdən tutulması” hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı torpağın yaxşılaşdırılması üçün çəkilmiş xərclə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, tələbini bu hissədə ümumiyyətlə əsaslandırmamışdır.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Əsassız varlanan şəxs cavabdeh deyil, iddiaçıdır. Çünki iddiaçı vermədiyi pulu tələb edir. Əgər aktdakı imzaların cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizası təyin edilərsə, ekspert aktdakı imzaların onun tərəfindən icra edilmədiyini müəyyən edə bilər. Cavabdeh 2022-ci ilin may ayından həmin torpağı əkib-becərir. Iddiaçı torpağın cavabdeh tərəfindən 2024-cü ilin yaz aylarında hədə-qorxu gəlinərək alındığını bildirir, lakin cavabdehin 2022-ci ilin may ayından həmin torpaq sahəsində işləmək üçün dəvət etdiyi işçilər məhkəmədə dindirilərsə, onlar da cavabdehin dediyini təsdiq edə bilərlər. Bu da iddiaçı İddiaçı əsassız olaraq məhkəmədə iddia qaldırdığını təsdiq edir.
15. Iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixli aktda Cavabdeh sözünün qarşısındakı imza cavabdeh Cavabdeh tərəfindən icra olunmuşdur.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1682/2025 nömərli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Mahir Əsədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən qeyd edilən halları hərtərəfli və ətraflı araşdırmayaraq, saxta akta əsaslanaraq iddianı qismən təmin etmiş və apellyasiya instansiyası məhkəməsi də qətnaməni dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində cavabdehin məhkəmə iclasında torpağı 6200 manata satdığını bildirdiyi qeyd edilsə də, əslində cavabdeh həm birinci, həm də apellyasiya instansiyaları məhkəmələrində verdiyim izahatlarında torpağı 5000 manata ögey əmisi Mədət Babayevə satdığını bildirmişdir. Cavabdeh kənd inzibati ərazi nümayəndəsi Şahid məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, hər iki instansiya məhkəməsi bunu təmin etməmişdir. Həmçinin, şahidlərin torpağın mülkiyyətçisi və cavabdehin yaxın qohumlarının olması onların ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsinə əsas vermir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 40.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.