Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1223/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ##.##.2014-cü il tarixdən Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir.
2. Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinin ## #### 2025-ci il tarixli, ** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir.
3. Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-nın məlumatından və Ağcabədi rayon Icra Hakimiyyətinin başçısının Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı qayınanası X1 İddiaçı evində yaşayır və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik statusu verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Laçın rayon Hacıxanlı kənd tam orta məktəbinə (bundan sonra – “cavabdeh”) qarşı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, onun ailəsi özü də daxil olmaqla 6 nəfərdən ibarətdir. Onun qayınanası X1 birinci dərəcə müddətsiz əlildir. Ona daimi qulluq və müalicə tələb olunur. Ağcabədi rayon Icra Hakimiyyətinin başçısının Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan da görünür ki, X1 İddiaçı evində yaşayır. Məhz yuxarıda qeyd olunanlar təsdiq edir ki, onun himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir.
6. Məhkəmə iclasında cavabdehin direktoru verdiyi izahatında bildirmişdir ki, iddiaçı işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmişdir. Lakin iddiaçı ## #### 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən də ## #### 2025-ci il tarixli, ** saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq qanuni və əsaslıdır.
7. Laçın Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - C.Ibrahimov).
8. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçının ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir.
9. Məhkəmə vurğulamışdır ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərinə əsasən iddiaçı öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda sertifikatlaşdırmadan keçirilməyən şəxslər kateqoriyasına aid edilmədiyindən, belə olan halda isə onun müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilməsi məhdudlaşdırılmadığından və iddiaçı müvafiq qaydada sertifikatlaşdırma prosesinə cəlb edilərək qeyd edilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmadan həmin Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələblərinə istinad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyinə əsasən də əmək qanunvericiliyinin tələblərinə zidd hesab edilməməlidir.
10. Göründüyü kimi iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş və Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2.1, 67- 2.4, 70 (“c” bəndi), 79.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə özü təsbit etmişdir ki, iddiaçının qayınanası İ dərəcə, müddətsiz əlilliyi olan şəxsdir və iddiaçının evində yaşayır. Bu faktlar “öhdəsində” meyarının mövcudluğunu göstərir. Iş üzrə “öhdəsində 81–100% əlilliyi olan digər ailə üzvü” faktı nə işəgötürən, nə də məhkəmə tərəfindən inkar edilir. Bu halda Əmək Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməli idi. Əmək Məcəlləsinin 70-ci maddəsi əsasında əmək müqaviləsinə xitam verilməsi qadağandır. Nəticə etibarilə ##.##.2025 tarixli ** saylı xitam əmri Əmək Məcəlləsinin 79.1-ci maddəsinin qadağası şəraitində verildiyi üçün qanunsuzdur və etibarsız sayılmalı, işçi işə bərpa edilməli, məcburi işburaxma dövrünə görə ödənişlər tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işin nəticəsinə təsir edən əsas faktiki halların hamısı aydınlaşdırmayıb. Məhkəmə Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqini aradan qaldıran heç bir hüquqi və faktiki əsas göstərmədən, təkcə sertifikatlaşdırma proseduruna istinadla Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsasında xitamı qanuni saymışdır. Burada maddi hüquq yanlış tətbiq (79-cu maddənin tələbləri nəzərə alınmamış) edilmişdir. Nəticə etibarilə Konstitusiya Məhkəməsinin göstərdiyi hüquqi mövqe Əmək Məcəlləsinin 79-cu maddəsinin mətni və məqsədyönlü şərhi, eləcə də iş üzrə etiraf edilmiş “öhdəsində 81–100% əlilliyi olan digər ailə üzvü” faktı nəzərə alınmaqla, iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin “c” bəndi əsasında xitam verilməsi yolverilməzdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: P.Əhmədov – sədrlik edən və məruzəçi, İ.Əsədov və T.Heydərov).
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qaynanası X1 iddiaçı ilə eyni ünvanda yaşaması onun faktiki olaraq iddiaçının ailə üzvü olması və öhdəsində olmasını təsdiq etmir. Bu hal əmək müqaviləsinin ləğv edilməsinə maneə yaradan hüquqi vəziyyət hesab oluna bilməz. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Ancaq nəzərə alınmalıdır ki, iddiaçının qaynanası X1 birinci dərəcə müddətsiz əlil olaraq onun öhdəsində olsa belə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsi ilə ailə üzvləri kimi yalnız ərarvad, valideynlər və uşaqlar tanındığı üçün hazırkı dəlil qanuni və əsaslı deyildir.
16. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 67-2.1, 67-2.4, 70 (“c” bəndi), 79.1-ci, “Təhsil haqqında” Qanunun 36-2-ci, “Ümumi təhsil haqqında” Qanunun 28.1, 28.2, 28.5-ci maddələrinə, Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4cü bəndinə və MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Əmək Məcəlləsinin 79-cu maddəsi üzrə - hazırkı iş üzrə birinci instansiya məhkəməsi özü təsbit etmişdir ki, iddiaçının qayınanası İ dərəcə, müddətsiz əlilliyi olan şəxsdir və iddiaçının evində yaşayır. Bu faktlar “öhdəsində” meyarının mövcudluğunu göstərir və qeyd olunan maddənin müdafiə dairəsinə şamildir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” anlayışını qanunda nəzərdə tutulduğundan daha dar təfsir etmişdir. Həmin norma yalnız birinci dərəcəli qohumları deyil, işçinin öhdəsində olan və faktiki ailə-himayə münasibətində olduğu, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvlərini də qorumaq məqsədi daşıyır. Ailə Məcəlləsinin 2.1-ci maddəsi ailə qanunvericiliyinin yalnız ər-arvad, valideynlər və uşaqlar arasında deyil, həm də qanunvericilikdə nəzərdə tutulmuş hallarda başqa qohumlar və digər şəxslər arasında yaranan münasibətləri tənzimlədiyini birbaşa təsbit edir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsi də digər qohumların və himayəsində olan əmək qabiliyyəti olmayan şəxslərin müəyyən hallarda ailə üzvü hesab edilə bilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir və şəxs ailə qanunvericiliyi əsasında mülkiyyətçi ilə birlikdə yaşamaq və ondan saxlanılmasını tələb etmək hüququna malikdirsə, habelə faktiki birlikdə yaşayırsa, həmin şəxs “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırkı işdə iddiaçının qayınanasının ağır əlilliyi, iddiaçı ilə eyni ünvanda yaşaması, faktiki sosial-maddi təminatının iddiaçı tərəfindən qarşılanması və gəlir mənbəyinin iddiaçının əmək haqqı olması halları məhkəmə tərəfindən “öhdəsində olma” və “digər ailə üzvü” meyarları baxımından tam araşdırılmamış, maddənin təfsirində yanlış nəticəyə gəlinmişdir.
19. Qətnamədən görünür ki, məhkəmə əvvəlcə iddiaçının qayınanasının onunla eyni ünvanda yaşamasının ailə üzvü və öhdəsində olmanı təsdiq etmədiyini deyib, daha sonra isə əlavə edib ki, hətta öhdəsində olsa belə, Ailə Məcəlləsinin 2.1-ci maddəsinə görə ailə üzvü deyil. Yəni məhkəmə 79.1-ci maddədəki digər ailə üzvü anlayışını faktiki olaraq yalnız ərarvad, valideynlər və uşaqlarla eyniləşdirib. Halbuki, Əmək Məcəlləsinin 79.1-ci maddəsi tərkib etibarilə birinci dərəcəli qohumluq deyil, öhdəsində olma, əlillik, ailə münasibəti testinə yönəlir. Apellyasiya məhkəməsi isə həmin normanın qoruyucu məqsədini məhdudlaşdıraraq tətbiq edib. Qeyd edilməlidir ki, 79.1-ci maddədə digər ailə üzvü dedikdə yalnız “ər-arvad, valideynlər və uşaqlar” yox, “digər ailə üzvü” ifadəsi işlətməklə sosial müdafiə dairəsi daha geniş nəzərdə tutulmuşdur. Həmin maddədə “ər-arvad, valideynlər və uşaqlar” qeyd edilməmişdir. Maddədə göstərilmişdir ki, “öhdəsində... orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilər. Yəni, həmin maddədə daha geniş təfsirdən istifadə edilmişdir.
20. Iş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, iddiaçı uzun illər ərzində intizamlı, peşəkar və məsuliyyətli müəllim kimi fəaliyyət göstərmiş. barəsində intizam tənbehi tətbiq edilməmiş, məktəb rəhbərliyi tərəfindən onun peşə yararlılığı barədə mənfi münasibət formalaşmamış, əksinə pedaqoji fəaliyyətini davam etdirmək imkanına malik olduğu və yenidən pedaqoji fəaliyyətə cəlb olunmasının məqsədəuyğunluğu qeyd edilmişdir. Buna baxmayaraq, məhkəmələr həmin sənədi MPM-in 88-ci maddəsinin tələb etdiyi qaydada tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş, onun işin nəticəsinə təsir edən hüquqi əhəmiyyətini araşdırmamışlar. Halbuki bu sənəd xitamın işəgötürənin konkret işçi barədə fərdi mənfi qiymətləndirməsinə deyil, mexaniki şəkildə yalnız sertifikatlaşdırma nəticəsinə əsaslandığını göstərir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-ci il tarixli Qərarı üzrə - Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərkən həmin Məcəllənin 79-cu maddəsinin tələbləri nəzərə alınmalıdır. Lakin məhkəmələr bu halı nəzərə almamışlar.
22. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 8-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi iddiaçının ailə həyatına dair mübahisəni Konvensiyanın 8-ci maddəsindən irəli gələn standartlara uyğun qiymətləndirməmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin sabit praktikasına görə “ailə həyatı” anlayışı yalnız formal hüquqi ailə ilə məhdudlaşmır, de fakto ailə bağlarını da əhatə edir. Yetkin şəxslər arasında ailə həyatının mövcudluğu isə normal emosional bağlardan artıq olan əlavə asılılıq elementləri əsasında, fərdiləşdirilmiş qaydada müəyyən edilməlidir; bu elementlər sağlamlıq, maddi və gündəlik qayğıdan irəli gələ bilər. Hazırkı işdə də apellyasiya məhkəməsi iddiaçının qayınanasının ağır əlilliyini, onun iddiaçı ilə eyni ünvanda yaşamasını və faktiki himayə münasibətini “ailə həyatı” anlayışının Konvensiya mənasında mövcud olubolmaması baxımından fərdiləşdirilmiş qaydada təhlil etməmiş, yalnız formal qohumluq yanaşması ilə kifayətlənmişdir. Nəticədə məhkəmə Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulan "digər ailə üzvü" və "öhdəsində olma" meyarlarını Konvensiyanın 8-ci maddəsinə uyğun təfsir etməmişdir.
23. MPM-in 88 və 217.4-cü maddələri üzrə - məhkəmə sübutların qarşılıqlı əlaqəsini qiymətləndirməmiş, qayınananın ayrıca gəlir mənbəyinin, saxlanılma və müalicə xərclərinin kim tərəfindən qarşılanmasının, gündəlik qulluq və birgə təsərrüfatın mövcudluğunu araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
26. Maddə 67-2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.
27. Maddə 70 (“c” bəndi). Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
28. Maddə 79.1. Işəgötürən tərəfindən: …öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
40. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.