Məhkəmə qərarları › İş №2(1-8)-1227/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1227/2026

23.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1227/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MTK-ya və cavabdeh1 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Icraçı cavabdeh2 MTK-nın sədri X12 ilə payçı İddiaçı arasında bağlanılmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən icraçı Abşeron rayonu IH başçısının ##.##.2013cü il tarixli, *** saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binasının B bloku, 5-ci mərtəbəsində yerləşən, izolə olunmuş 3 otaqdan ibarət, ümumi sahəsi 122,75 kv.metr olan mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin 1 kv.metrinin dəyəri 500 (beş yüz) manat, ümumi dəyəri isə 61.375 (altmış bir min üç yüz yetmiş beş) manat təşkil etmiş, payçı ilkin olaraq 1435 (min dörd yüz otuz beş) manat ödəniş etmiş, kredit müddəti 16 ay müəyyən edilmişdir. cavabdeh2 MTK-nın sədri Abbasov G.S. tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ** nömrəli maliyyə arayışına əsasən qeyd olunan mənzilin pay dəyərindən payçı İddiaçı tərəfindən MTK-ya 38.400 (otuz səkkiz min dörd yüz) manat ödənilmiş və həmin günə qalıq 22.975 (iyirmi iki min doqquz yüz yetmiş beş) manat təşkil etmişdir; ##.##.2021-ci il tarixli ** nömrəli maliyyə arayışına əsasən həmin mənzilin pay dəyərindən payçı tərəfindən əlavə olaraq 6.000 (altı min) manat ödənilmiş və həmin günə qalıq 16.975 (on altı min doqquz yüz yetmiş beş) manat təşkil etmişdir; ##.##.2022-ci il tarixli ** nömrəli maliyyə arayışına əsasən həmin mənzilin pay dəyərindən payçı tərəfindən əlavə olaraq 1.500 (bir min beş yüz) manat ödənilmiş və həmin günə qalıq 15.475 (on beş min dörd yüz yetmiş beş) manat təşkil etmişdir;

3. Icraçı cavabdeh2 MTK-nın sədri X12 ilə payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanılmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən icraçı Abşeron rayonu IH başçısının ##.##.2013-cü il tarixli, *** saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 122,75 kv.metr, 1 kv.metrin dəyəri 650 (altı yüz əlli) manat, ümumi dəyəri 79787 (yetmiş doqquz min yeddi yüz səksən yeddi) manat təşkil edir;

4. cavabdeh2 MTK-nın sədri Abbasov G.Ş. tərəfindən verilmiş maliyyə arayışına əsasən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın В giriş, 5-ci mərtəbəsində sahəsi 122,75 kv.m olan 3 otaqlı mənzilin pay dəyəri olan 79.787 (yetmiş doqquz min yeddi yüz səksən yeddi) manat payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur;

5. cavabdeh2 MTK-nın Payçılarının ##.##.2022-ci il tarixli qərarına əsasən cavabdeh2 MTK-nın payçıları X2, X7, X5, X12, X6 MTK-nın çətin maliyyə durumunu və bir sıra borclarının, o cümlədən külli miqdarda vergi borcunun olmasını nəzərə alaraq, cavabdeh2 MTK-ya müvafiq sərəncamla ayrılmış Abşeron rayonunda yerləşən torpaq sahəsində inşa edilməli olan 10 bloklu yaşayış binasının 9 və 10-cu bloklarının tikintisi üçün cavabdeh2 MTKnın maliyyə vəsaiti olmadığından həmin blokların inşası cavabdeh1 MMC-yə verilməsi, 9 və 10-cu bloklar tamamilə cavabdeh1 MMC-nin maliyyə vəsaiti hesabına inşa edildiyindən həmin binadakı mənzillərin satışından əldə olunacaq pul vəsaiti məcburi dövlət ödənişləri çıxıldıqdan sonra cavabdeh1 MMC-yə verilməsi, 9 və 10-cu bloklar inşa edildikdən sonra digər bloklarla birlikdə ümumi kompleks kimi cavabdeh2 MTK tərəfindən idarə edilməsi, cavabdeh1 MMC ilə müvafiq müqavilənin bağlanması cavabdeh2 MTK-nın sədrinə (qanuni təmsilçisinə) həvalə edilməsi qərara alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK-dan əlavə, cavabdeh1 MMC hazırkı iş üzrə cavabdeh kimi işə cəlb edilməklə, ## ######## 2021-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km.nin qərb hissəsində В blok, 5-ci mərtəbədə birlikdə sahələri cəmi 122,75 kv.m-ə adekvat olan 2 mənzilin onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (xüsusi qeyd: Mövcud real vəziyyəti nəzərə alaraq, В blokun digər mərtəbələrində, həmçinin birlikdə sahəsi 130 və ya 140 kv.m.-ə yaxın olan istənilən (1 və ya 2 otaqlı) 2 mənzillərin də onlara verilməsinə etiraz etmirlər və mənzillərin sahəsi ilə bağlı müvafiq fərqi ödəməyə hazırdırlar).

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında ## ######## 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə (Müqavilə) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Icraçı” (cavabdeh2 MTK) Abşeron rayonu IH başçısının ##.##.2013-cü il tarixli, *** saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi “Payçı”ya (İddiaçı) verməyi öz öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqavilə hər iki tərəfin imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil Payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. Müqavilənin 3.6-cı bəndinə əsasən kredit müddəti 16 ay təşkil edir. Müqavilədən də göründüyü kimi tikinti işləri 16 ay yəni ## ###### 2023-cü il tarixdə tamamlanaraq, mənzil iddiaçıya təhvil verilməli idi. Lakin cavabdeh2 MTK tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil vermir və iddiaçının hüquqlarını pozmaqda davam edir. Cavabdeh tərəfindən məhkəməyə ##.##.2022-ci il tarixli qərar təqdim edilərək, iddiaçının tələb etdiyi mənzilin yerləşəcəyi binanın guya cavabdeh1 MMC tərəfindən tikiləcəyi əsas gətirilərək, cavabdeh olduğu bildirilsə də, digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilərək, müvafiq sənədlərin təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Buna görə də iddiaçı hər ehtimala qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3cü maddəsinə əsasən hesab edir ki, “xxxx’ MMC hazırkı iş üzrə başqa cavabdeh kimi işə cəlb edilməlidir. Həmçinin iddiaçının da iştirak etdiyi, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edildi ki, sözügedən mübahisəli ünvanda tikilən sonuncu binalarda əvvəlki binalardan fərqli rekontruksiya işləri aparılmış (bu işlərin qanuni əsaslarla aparıhbaparılmaması ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğular verilərək, müvafiq sənədlər tələb edilsə də, hazıradək həmin sənədlər məhkəməyə təqdim edilməmişdir.) və əvvəlki layihədə 3 otaqlı kimi nəzərdə tutulan bütün mənzillər 1 və 2 otaqlı olmaqla, 2 mənzilə ayrılmışdır.

8. Cavabdeh cavabdeh2 MTK-nın vəkili və nümayəndəsi bildirmişdir ki, iddiaçının özü rəsmi olaraq cavabdeh2 MTK-da işləyib, hal-hazırda 17.000 manat borcu qalmışdır. Müqavilələrdəki imzalar saxtadır. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təsdiq edilmiş ## ######## 2021-ci il tarixli müqavilədə, ## ######## 2021-ci il tarixli maliyyə arayışında, ## ###### 2021-ci il tarixli maliyyə arayışında MTK-nin sədri qrafasındakı imzalar MTK-nin sədri Gülməmməd Abbasova məxsus deyildir. ## ### 2022-ci il tarixli maliyyə arayışındakı imza MTK-nin sədri Gülməmməd Abbasova məxsus deyil, o cümlədən həmin sənəddəki möhür də xxxx MTK-nin möhürü deyildir. ## ####### 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili onun tərəfindən pul ödənilmədiyini, mənzilin ona guya ödənilməmiş əmək haqlarının əvəzinə verildiyini bildirmişdir. Iddiaçının nümayəndəsi qismində iştirak edən oğlu isə pulun Anar, Nofəl, Firdovsi adlı şəxslərə verildiyini bildirmişdir. Göründüyü kimi hər iki nümayəndə bir-birinə zidd izahatlar vermişlər. Bu hallar müqavilə və maliyyə arayışının saxta olduğunu birbaşa təsdiq edir. Həmçinin o, ekspert rəyinin əsaslı və düzgün verilmədiyini düşünür. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsində fərq aşkar etsə də, nəticə hissəsində möhürlərdə fərq aşkar etməyin mümkün olmadığını göstərmişdir. Lakin rəydə göstərilən * saylı fotoşəkildə möhürü digər fotoşəkillərdən fərqləndirən çıxıntı vardır. Qeyd edir ki, sonuncu maliyyə arayışındakı möhür də onların fəaliyyət göstərdikləri dövrə aid deyil. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 verdiyi ekspert rəyini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, müqavilə və maliyyə arayışların üzərlərində olan möhür əksi ekspertizaya təqdim olunmuş eksperimental əks nümunələri ilə eyni olub-olmamasını müəyyən etmək üçün “xxxx” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komparator vasitəsilə müqayisəli tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində “RESPUBLIKASI” sözündə “P” hərfinin sağa meyilli olması, “Kooperativi” sözündə “K” hərfinin nisbətən sətrxəttindən yuxarı olması, sözlərin arasındakı məsafələrinin eyni olması, Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsindəki çıxıntılarında-tədqiq olunan möhür əkslərinin və nümunənin bir qismində bir-birinə nisbətən eyni hündürlükdə yerləşməsi digər qismində fərqli hündürlükdə yerləşməsi, Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsindəeksperimental nümunədə kəsiyin olması tədqiq olunan möhür əksinin birində olmaması digərlərində isə olmaması, Azərbaycan Respublikasının xəritəsində olan ovalların forma və bucaqları-tədqiq olunan möhür əkslərinin və nümunəsinin bir qismində eyni, digər qismində fərqli olması müəyyən olunmuşdur. Müəyyən olunmuş əlamətlərin məcmusu tədqiq olunan möhür əkslərinin nümunələr ilə eyni və fərqli olması qənaətinə gəlmək üçün kifayət etmir. Ona görə də, tədqiq olunan möhür əkslərinin “AZƏRBAYCAN RESPUBLIKASI Mənzil Tikinti Kooperativi“ cavabdeh2 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.

10. Şahid qismində ifadəsi alınmış X1 göstərmişdir ki, bu Kooperativi o, təşkil etmişdir. Sədr əvvəl qardaşı Tariel olmuş, daha sonradan isə dəyişmişlər. Belə ki, ona notarial qaydada etibarnamə verilmiş və bütün səlahiyyətlər ona verilmişdir. Tamamilə binanı o tikmişdir. Alıcılarla müqavilələri o bağlamışdır. Sözügedən 21-ci il tarixli müqaviləni imzalayan Gülməmməd olmuşdur, lakin bütün faktiki o idarə etmişdir. ##.##.2022-ci il tarixində isə o həbs olunmuşdur. Iddiaçı İddiaçı ilə imzalanmış ## ######## 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə o, imza atmışdır. Həmin müqavilədəki möhür də MTKya məxsus möhürdür. Onu da qeyd edir ki, MTK-da yeni və köhnə tipli olmaqla 2 möhürdən də istifadə olunurdu. Bildirir ki, iddiaçı MTK-da prorab işləmiş, lakin iddiaçıya əmək haqqı əvəzinə həmin sözügedən mənzil verilmiş və bununla bağlı aralarında razılığa gəlinmişdir. 3 otaqlı mənzillərin 2 otaqlıya çevrilməsi ilə bağlı onun ümumiyyətlə məlumatı yoxdur. O, iddiaçı ilə binanın təməli qoyulandan, yəni 2013-cü ildən təxminən 2018-ci ilədək işləmişdir. Iddiaçıya verilən mənzilin 3 otaqlı və 114 kv.m olduğunu xatırlayır. Onun dövründə iddiaçı ilə oxşar olan hal başqa şəxslərlə baş verməmişdir, vermişdirsə də bu hal yeni rəhbərliyin dövrünə aiddir.

11. Hakim tərəfindən ##.##.2025-ci il tarixində keçirilmiş yerli baxış zamanı cavabdeh2 MTK-ya məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В bloku, 5-ci mərtəbədə yerləşən sözügedən 3 otaqlı mənzildə dəyişikliklər aparıldığı, həmin 3 otaqlı mənzilin 2 otaqlı və 1 otaqlı mənzillərə bölündüyü müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-*/***-*/**** saylı rəyindən görünür ki, məhkəmə xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 143-cü vərəqində olan ## ### 2022-ci il tarixli ** №-li maliyyə arayışında cavabdeh2 MTK-nın sədri Abbasov G.S” qrafasındakı imza-X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində cavabdeh2 MTK ilə İddiaçı adlarından olan ## ######## 2021-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin 2-ci vərəqində “Icraçı” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, 141-142-ci vərəqlərində olan ## ######## 2021-ci il tarixli ** №-li və ## ###### 2021-ci il tarixli ** №-li maliyyə arayışlarında cavabdeh2 MTK-nın sədri Abbasov G.S” qrafalarındakı imzalar- X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekspertizası üzrə: 1. tədqiqata təqdim edilmiş “## ######## 2021-ci il tarixli müqavilənin; ## ######## 2021-ci il tarixi, ** nömrəli; ## ###### 2021-ci il tarixli, ** nömrəli; ## ### 2022-ci il tarixli, ** nömrəli maliyyə arayışların üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. 2. rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “## ######## 2021-ci il tarixli müqavilənin; ## ######## 2021-ci il tarixi, ** nömrəli; ## ###### 2021-ci il tarixli, ** nömrəli; ## ### 2022-ci il tarixli, ** nömrəli maliyyə arayışların üzərlərindəki “AZƏRBAYCAN RESPUBLIKASI Mənzil Tikinti Kooperativi xxxx” məzmunlu möhür əksləri “xxxx” MTK-nın 2014-cü ildən 2022-ci ilin iyun ayına qədər olan möhür nümunələri” və “2018- 2023-cü ilədək”xxxx“AZƏRBAYCAN RESPUBLIKASI Mənzil Tikinti Kooperativi” cavabdeh2 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır (iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil etmişdir).

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli 3-16-16/2-10/7944, */**** saylı rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun bazar dəyərinin təqribən 24.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir (iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir).

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-*/**** saylı rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş, mülki işin 143-cü vərəqində olan ## ### 2022-ci il tarixli ** №-li maliyyə arayışında cavabdeh2 MTK-nın Sədri Abbasov G.S” qrafasındakı imza- X12 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış olan ## ######## 2021-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin 2-ci vərəqində “xxxx” MTK” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, 141-ci vərəqində olan ## ######## 2021-ci il tarixli ** №-li və 142-ci vərəqində olan ## ###### 2021-ci il tarixli ** №-li maliyyə arayışlarında cavabdeh2 MTK-nın Sədri Abbasov G.S” qrafalarındakı imzalar- X12 tərəfindən, yox başqa şəxs tərəfindən icra olunmuşdur (iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil etmişdir).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-*/***/**** saylı rəyindən görünür ki, təqdim edilmiş Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122.75 kv.m olan 3 otaqlı mənzilin alqı-satqısına dair cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilədə (i.v. 140), cavabdeh2 MTK tərəfindən İddiaçı verilmiş ##.##.2021-ci il, ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli maliyyə arayışlarda (i.v. 141-143) olan «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “* AZƏRBAYCAN RESPUBLIKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X9” mətni, orta dairənin içərisində cavabdeh2 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. ##.##.2021-ci il tarixli müqavilədə, ##.##.2021-ci il və ##.##.2021-ci il maliyyə arayışlarda olan möhür əksləri ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLIKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X9” mətni, orta dairənin içərisində cavabdeh2 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. ##.##.2022-ci il tarixli maliyyə arayışda olan möhür əksi ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLIKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X9” mətni, orta dairənin içərisində cavabdeh2 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri eynilik təşkil etmir (iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir).

16. ##.##.2025-ci il tarixli məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

17. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və məhkəmə xərcləri həll olunmuşdur (hakim Habil Əhmədov).

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya mübahisəli mənzilin dəyərinin MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı İddiaçı mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışdır. Bundan başqa, əmlaka görə onun ödədiyi vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olmaması işin mübahisəsiz hallarındandır. Işin hallarından görünür ki, müqavilədə göstərilən ölçüdə mənzil hazırda iki ayrı mənzilə çevrilmişdir. Bu faktı MTK da qəbul edir və mənzilin sahibi kimi İddiaçı tanımır. Həmçinin Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, mənzil, izolə olunmuş 3 otaqdan ibarət mənzil ilə bağlı cavabdeh2 MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanılmış ##.##.2021-ci il tarixli müqavilə bağlanmışdır və MTK hazırda bu müqaviləni legitim əqd kimi tanıyır. Mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunmadığından, habelə tikintinin sahibi olan MTK tərəfindən o, mənzilin sahibi və istifadəçisi kimi tanınmadığından və onunla bağlanan əqd qəbul edilmədiyindən, əksinə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağlanılmış ##.##.2021-ci il tarixli müqavilə MTK tərəfindən mübahisəli mənzillə bağlı qanuni əsas hesab edildiyindən, bu əmlakla bağlı İddiaçı heç bir hüquq əldə etməmişdir. Belə olan halda isə mənzillin təhvil verilməsi ilə bağlı İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir.

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mənzilə dair müqavilə və maliyyə arayışlarına malik olması ona mübahisəli mənzil üzərində hüquq vermir və cavabdeh2 MTK-nın sahibliyinə maneə yaratmaq üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ##.##.2021-ci il tarixində bağlanmış müqavilə real hüquqi nəticə yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış yalan (əhəmiyyətsiz) əqddir. Buna görə də həmin müqavilə və maliyyə arayışları mənzilin İddiaçı təhvil verilməsi üçün hüquqi əsas yaratmır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 340.1, 340.2, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 752.1, 752.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə bağlanmış müqavilənin əhəmiyyətsiz, saxta olması, şirkət tərəfindən belə bir müqavilənin tanınmadığı qənaətinə gəlsə də, daha sonra müqavilənin mövcudluğunu, lakin onun alğı-satqı münasibətlərindən deyil, podrat münasibətlərindən irəli gələn bir müqavilə olduğunu qeyd etmişdir. Işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmamışdır. Belə ki, iddiaçı cavabdeh MTK-da iş icraçısı vəzifəsində işləmiş, podratçı kimi podrat müqaviləsi üzrə öhdəsinə götürdüyü müstəqil işi yerinə yetirməmişdir. O, çalışdığı MTK-dan mənzil satın almaq üçün şirkətlə alğı-satqı müqaviləsi bağlamış və aylıq ödənişləri MTK-dan aldığı məvacib hesabına həyata keçirmişdir. Qeyd edilən münasibətləri podrat müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirmək absurddur. Məhkəmənin ##.##.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində ifadəsi alınmış X1 ifadəsindən də məlum olur ki, tərəflər arasında hər hansı podrat müqaviləsi olmamış, mənzil iddiaçıya satılmış, o, öz maaşı hesabına mənzilin dəyərini ödəmişdir. Hazırki iş üzrə iddia ərizəsi ## ###### 2023-cü il tarixdə (2 il əvvəl) Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Proseslərin gedişində cavabdeh tərəf mübahisəli mənzilin başqa bir şəxsə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) satıldığını bildirməmiş, iddiaçının cavabdeh MTK-da işlədiyini, şirkətə 17.000 manat borcu olduğunu qeyd etmişdir. Iddiaçının cavabdeh şirkətə borcunun olması ifadəsinin verilməsi MTK ilə iddiaçı arasında müqavilənin bağlanmasının təsdiqidir. Müqavilə mövcud deyildirsə, borcun yaranmasının əsası və səbəbi nə idi? Cavabdeh tərəf yalnız iki il sonra öz qanunsuzluqlarına don geyindirmək üçün mənzilin iddiaçıdan əvvəl qeyd edilən şəxsə satıldığını bildirərək müqavilə təqdim etmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verilməyib və sonuncu şirkətə qarşı mənzil tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həqiqətən mənzil alan və mənzili ona təhvil verilməyən bir şəxs nə üçün öz mənzilini tələb etmir? Işin məhkəmədə araşdırılması zamanı mübahisəli mənzilin ümumiyyətlə mövcud olmadığı, layihənin dəyişdirildiyi məlum olmuşdur. Cavabdehin nümayəndəsi isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər hansı mənzil təhvil vermədiklərini bildirmişdir. Bu halda məhkəmənin mübahisəli mənzilin iddiaçının faktiki istifadəsində olmadığına əsaslanaraq iddianı rədd etməsi əsassızdır. Işin faktiki hallarından, cavabdehin nümayəndəsinin və X4 ifadəsindən məlum olur ki, mübahisəli mənzil ## ######## 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçıya satılmışdır. Hazırki müqavilə alğı-satqı müqaviləsidir və məhkəmənin qeyd etdiyinin əksinə görünüş üçün bağlanmamışdır. Mübahisəli mənzil üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da təhvil verilməmişdir. Qeyd edilənlər və cavabdehin nümayəndəsinin iddiaçının şirkətə 17.000 manat borcunun olduğunu bildirməsi müqavilənin yarandığı andan etibarsız olmasını istisna edir. Həmin müqavilə üzrə iddiaçıdan MTK ödənişi qəbul etmədiyindən və müqaviləni tanımadığından iddiaçı 17.000 manat qalıq borcu ödəmək imkanından məhrum olmuşdur. Bu səbəbdən də həmin nəticəni hazırki iddia ilə əldə etməyə çalışır. Lakin məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla müqavilənin etibarsızlığı qənaətinə gəlinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh MTK-nın işçisi olmuş Nofəl Hacıyev ifadəsində ona notarial qaydada etibarnamə verilməsini, iddiaçı İddiaçı ilə imzalanmış ## ######## 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə onun imza atdığını bildirmişdir. Həmin müqavilədəki möhürün də MTK-ya məxsus möhür olduğunu, MTK-da yeni və köhnə tipli olmaqla 2 möhürdən də istifadə olunduğunu qeyd etmişdir. Tərəfindən təqdim edilmiş maliyyə arayışları da cavabdehin hazır blankında verilmiş və maliyyə arayışlarından biri məhz MTK-nın sədri G.Abbasov tərəfindən imzalanmışdır. Qeyd edilənlərdən məlum olur ki, müqavilə və maliyyə arayışları səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Belə olan halda məhkəmənin sözügüdən müqaviləni yalan və ya saxta əqd adlandırması absurddur. Bundan başqa, birinci instansiya məhkəməsinin iddiaçının əmlaka görə onun ödədiyi vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud olmaması ilə bağlı hissədə də gəldiyi qənaət əsassızdır. Belə ki, formalaşmış məhkəmə praktikasında vətəndaşla MTK arasında yaranan mübahisələrdə MTK tərəfindən verilmiş maliyyə arayışı mötəbər sənəd kimi qəbul olunur. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş və işin mühüm əhəmiyyətli faktiki hallarını düzgün qiymətləndirməyərək qanunsuz nəticəyə gəlmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Almaz Süleymanova və Səyyad Qafari).

24. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilənin tikintisi başa çatmayan binanın tərkib hissəsinin əldə edilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin hazırkı mübahisənin podrat münasibətlərindən əmələ gələn mübahisə olması barədə mövqeyi ilə razılaşmışdır.

25. Məhkəmə kollegiyası işin faktiki hallarına və hüquq normalarına istinad edərək hesab etmişdir ki, yuxarıda adı çəkilən binada mübahisəsi gedən mənzilin mövcud olmaması, iddiaçının da müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi bağlanmış müqavilənin əhəmiyyətsiz olmasını göstərir. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan, iddiaçının mövcud tələbi əsaslı hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 337, 389, 390.1, 404, 442, 425.1, 425.2, 646.1, 752.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələrin gəldiyi nəticələr bir-birinə zidd olmuşdur. Belə ki, məhkəmələr bir tərəfdən ## ######## 2021-ci il tarixli müqaviləni saxta və əhəmiyyətsiz hesab etmiş, digər tərəfdən isə həmin müqavilənin mövcudluğunu qəbul edərək onun podrat münasibətlərindən irəli gəldiyini bildirmişlər. Halbuki iş materialları tərəflər arasında podrat deyil, alqı-satqı münasibətlərinin mövcud olduğunu təsdiq edir. Iddiaçı MTK-da işçi kimi çalışmış, mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmiş və ödənişləri əməkhaqqı hesabına həyata keçirmişdir. X4 ifadəsi də bu halı təsdiqləyir. Cavabdehin iddiaçının MTK-ya 17.000 manat borcu olduğunu bildirməsi tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu göstərir. Mənzilin sonradan başqa şəxsə satılması barədə təqdim edilən müqavilənin isə həmin şəxsə mənzilin təhvil verilməməsi və onun mənzil tələbi ilə məhkəməyə müraciət etməməsi fonunda həqiqiliyinə ciddi şübhələr yaranır. Buna görə də məhkəmələrin işin faktiki hallarını tam araşdırmadan iddianı rədd etməsi qanuni və əsaslı hesab edilə bilməz.

29. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli qərarına görə, əhəmiyyətsiz əqd yaranan andan etibarsız olmalıdır. Lakin iş materialları ## ######## 2021-ci il tarixli müqavilənin real alqısatqı münasibətlərini əks etdirdiyini, mənzilin iddiaçıya satıldığını və müqavilənin görünüş üçün bağlanmadığını təsdiq edir. Cavabdehin nümayəndəsinin iddiaçının MTK-ya borcunun olduğunu etiraf etməsi də müqavilənin mövcudluğunu və etibarsız olmadığını göstərir. Bundan əlavə, ekspertiza rəyləri, maliyyə arayışları, MTK-nın möhürü və rekvizitləri, eləcə də X4 ifadəsi müqavilə və maliyyə sənədlərinin səlahiyyətli şəxslər tərəfindən imzalandığını və rəsmiləşdirildiyini təsdiq edir. Bu səbəbdən həmin sənədlərin saxta və ya əhəmiyyətsiz əqd kimi qiymətləndirilməsi üçün hüquqi əsas mövcud olmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

31. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Insan Hüquqlarının və X13 X15:

32. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

35. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

38. Maddə 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır.

39. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Tərəflər arasındakı mübahisə cavabdeh2 MTK ilə İddiaçı arasında ##.##.2021-ci il tarixdə bağlanılmış müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. İddiaçı həmin müqavilədə razılaşdırılan mənzilin və ya ona alternativ yaşayış sahələrinin verilməsini tələb edir. Cavabdehlər isə həmin mənzilə dair ##.##.2021-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə müqavilə bağlandığını bildirərək iddiaya etiraz edirlər.

50. Qanuna əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir (§ 38-40).

51. Iddianın rədd edilməsi haqqında birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “...adı çəkilən binada mübahisəsi gedən mənzilin mövcud olmaması, iddiaçının da müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi bağlanmış müqavilənin əhəmiyyətsiz olmasını göstərir. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan, iddiaçının mövcud tələbi əsaslı hesab edilə bilməz”.

52. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

53. Əvvəla, əgər müqavilədə nəzərdə tutulmuş mənzilin inşa edilməməsi tikinti şirkətinin cavabdeh olduğu haldan irəli gəlmişsə, hazırkı məqamda binada mübahisəsi gedən mənzilin mövcud olmaması və ya iddiaçının da müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən onun bağladığı müqavilənin əhəmiyyətsiz olduğuna dair məhkəmənin gəldiyi qənaət aidiyyəti maddi hüquq norması ilə əsaslandırılmamışdır. Başqa sözlə, məhkəmə öz qətnaməsində ifadə etdiyi mövqeyin müvafiq qanuni əsasını göstərməmişdir.

54. Ikincisi, bu qərarın 53-cü bəndində göstərilən halların əqdin etibarsızlığına səbəb olması mülki qanunvericiliyimizdə nəzərdə tutulmamışdır. Çünki, müqavilədən irəli gələn öhdəliyin icrasının borclunun cavabdeh olduğu halara görə icra edilməməsi, yaxud müqavilə tərəfinin ödənişi həyata keçirmək öhdəliyini tam yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, onun ləğv edilməsinə və (və ya) zərərin əvəzinin ödənilməsinə əsas verir. Bu qaydalar Mülki Məcəllənin 443, 447, 759.2-ci maddələrində nəzərdə tutulmuşdur.

55. Qeyd edilənlər apellyasiya məhkəməsinin qətnaməsinin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına (§44-45), yəni məhkəmə aktının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğuna dəlalət edir.

56. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, formal və səti araşdırma ilə, habelə əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi

57. ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X13 X15 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 31-32).

58. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Kollegiya onu da diqqətə çatdırır ki, iddiaçı əqdə əsaslanan tələb irəli sürmüşdür. Bu xarakterli iddiaya baxan məhkəmə tələbdən asılı olmayaraq əqdin etibarlı olubolmadığını,

59. yəni tərəflər üçün icrası məcburi olan öhdəliklər yaradıb-yaratmadığını yoxlamalıdırlar. Etibarsızlıq halı aşkar edildikdə isə məhkəmə gəldiyi nəticəni formal və ümumi mülahizələrlə deyil, konkret maddi hüquq normasını göstərməklə onun dispozisiya şərtlərinə uyğun əsaslandırmalıdır.

60. Əqd etibarsız olmadıqda isə məhkəmə, onun tərəflər üçün meydana gətirdiyi hüquqi nəticələrin – hüquq və vəzifələrin nədən ibarət olduğu aydınlaşdırılmalı, əgər bir tərəfin öhdəliklərini pozması səbəbindən digər tərəfin müqaviləni birtərəfli qaydada ləğv etməsinə və ya müqavilənin başqa səbəblərdən xitamına dair mübahisə varsa, həmin hüquqi nəticənin meydana gəlib-gəlmədiyini təsbit etməli, müqavilə hüquqi qüvvədə olduqda isə ondan irəli gələn öhdəliklərin icrasına məcburetmə iddiası mövcud qanunvericiliyə əsasən həll edilməlidir.

61. Odur ki, hazırkı işdə cavabdeh tərəfin iddiaçının müvafiq ödənişləri etməməsinə istinadən irəli sürdükləri dəlillər baxımından müqavilənin hüquqi qüvvəsi aydınlaşdırılmalı, əgər müqavilənin ləğv edilmiş sayılması və ya xitamı üçün hüquqi əsaslar aşkar edilmirsə, eləcə də mübahisəli mənzilə dair iddiaçının tələb hüququ təsbit olunursa, bu zaman eyni mənzilə dair üçüncü şəxslə bağlanmış müqavilə də nəzərə alınmaqla işə Mülki Məcəllənin 452-ci maddəsinin tətbiqi imkanları müzakirə edilməli, normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluq (uyğunsuzluq) yoxlanılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.

62. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

63. Odur ki, təkrar apellyasiya baxışında tərəflərin və işdə iştirak edən digər şəxslərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar