Məhkəmə qərarları › İş №2(1-8)-1242/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1242/2026

18.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1242/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh cavabdeh2 və Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ** nömrəli evin ** nömrəli XXXnun mülkiyyətində olmuşdur.

2. Iddiaçı və cavabdeh2 XXXnun övladlarıdırlar.

3. XXX ## ### 2004-cü il tarixdə, arvadı (hazırkı iş üzrə tərəflərin anaları) X7 isə ## ### 2008-ci il tarixdə ölmüşlər.

4. ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2-V-1-*** reyestr nömrəli ## ### 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən XXXnun yeganə vərəsəsi kimi Iddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ** nömrəli evin ** nömrəli mənzilindən irs almışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh2 cavabdehlər Iddiaçı, Bakı şəhəri ** saylı Notariat Kontoruna və Azərbaycan Respublikası IN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddiası təmin edilərək, Bakı şəhəri ** saylı Notariat Kontoru tərəfindən cavabdeh Iddiaçı verilmiş ## ### 2023-cü il tarixli 2-V-1-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası IN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh Iddiaçı verilmiş ************-*****-****** nömrəli reyestrdə 1113061371 nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi qət edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin ## ###### 2024-cü il tarixli qətnaməsində yanlışlıq düzəldilmiş, nəticə hissəsinə “XXXndan miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev **, ** nömrəli mənzil iddiaçı cavabdeh2 tərəfindən qəbul edilmiş hesab edilsin” cümləsi əlavə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Iddiaçı atası XXXnun miras əmlakı olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, Iddiaçı atası XXX ## ### 2004-cü il tarixində vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil XXXdən miras qalmışdır. Xətai Rayon Icra Hakimiyyətinin Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ** nömrəli Mənzil Kommunal Istismar Sahəsi tərəfindən verilmiş *** nömrəli, ## ###### 2013-cü il tarixli arayışdan göründüyü kimi XXX ## ### 2004-cü il tarixində vəfat edənədək ailə üzvləri olan gəlini X9, nəvəsi X2, X4 və oğlu Iddiaçı ilə birlikdə yaşamışdır. Iddiaçı 2013-cü ildə ** saylı Dövlət Notariat Kontoruna müraciət etmiş və ona ## ### 2013-cü il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev **, ** nömrəli mənzilə mülkiyyət sənədi əldə edilmişdir. Həmin sənəd əsasında Iddiaçı öz bacısı cavabdeh2 həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatına alınmasına razılıq vermişdir. Bundan sonra bacısı cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə 2013-cü ildə ** saylı Dövlət Notariat Kontoru tərəfindən Iddiaçı verilmiş ## ### 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, cavabdeh2 vərəsəlik hüququ tanınmışdır. Iddiaçı ## ###### 2024-cü il tarixində 36 saylı Notariat Kontoruna müraciət edərək, miras əmlakının faktiki qəbul edilməsi faktını təsdiq edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin, 36 saylı notariat kontoru tərəfindən onlara nə vərəsəlik şəhadətnaməsi verilmiş, nə də ki, imtina barədə məktub təqdim edilməmişdir.

9. Cavabdeh cavabdeh2 nümayəndəsi, vəkili vasitəsi ilə iddiaya etiraz verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzildə cavabdeh cavabdeh2 2006-cı ildən davamlı yaşayır, həmin mənzil atası XXXnun mülkiyyətində olmuşdur. XXX ## ### 2004cü ildə vəfat etmişdir. Onun vəfatından sonra cavabdeh həmin mənzildə yaşamağa başlamış, yaşlı anasının qayğısına qalmış, mənzilin idarə edilməsində iştirak etmiş, mənzildə cavabdeh, anası X7, mərhum qardaşı X1 və onun arvadı X3 ilə birlikdə yaşamışlar. ## ###### 2006-cı ildə cavabdehin əri ilə nikahları pozulmuş, bundan sonra cavabdehin qızı Nümayəndə da onlarla birlikdə yaşamışdır. ## ### 2008-ci ildə cavabdehin anası X7, ## ###### 2013-cü ildə qardaşı X1 vəfat etmişlər. Həmin mənzildə cavabdeh, onun qızı Nümayəndə, mərhum qardaşı X1 həyat yoldaşı X3 yaşayırlar. Iddiaçı, atasının ölümündən çox əvvəl ailə qurmuş və özünün ayrıca evi olmuş, atasının ölümündən sonra mübahisə predmetinə aid mənzildə heç vaxt yaşamamışdır. 2022-ci ilin oktyabr ayında cavabdeh atasının ölümündən sonra faktiki sahiblik etdiyi ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzili təmir etdirməyə başlamış, bundan sonra iddiaçı ilə aralarında mübahisə başlamış və iddiaçı həmin evin sahibi olduğunu bildirmiş, evin təmirinə etiraz etmiş və cavabdehin, X3 və cavabdehin qızı Nümayəndə mənzildən çıxmalarını tələb etmişdir. 2023-cü ilin avqust ayında cavabdeh məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının həmin mənzilə pasport qeydiyyatının ləğv edilməsini tələb etmişdir, bundan sonra cavabdehə məlum olmuşdur ki, Bakı şəhəri ** saylı Notariat Kontoru tərəfindən Iddiaçı verilmiş ## ### 2023-cü il tarixli 2-V-1-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra cavabdeh cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Kontoru tərəfindən Iddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və mənzil üzərində Iddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, həmçinin XXXndan miras qalmış mübahisəli mənzilin cavabdeh2 tərəfindən qəbul edilmiş hesab edilməsi, həmçinin həmin mənzilin qaz təchizatının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamənin qət etdi hissəsində iddia tələbi tam əks edilmədiyindən cavabdeh2 ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qərardadı ilə həmin qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması təmin edilmişdir. Həmin qərardad ## ###### 2024-cü il tarixdə qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən hazırkı mülki işdə olan tərəflər arasında baş tutmuş mülki mübahisədə mübahisəli mənzilin cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi qət edilmişdir, həmin qətnamə qüvvəyə minmişdir. Beləliklə, iddia tələbi təmin edilməməlidir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyan XXX ## ### 2004-cü il tarixdə vəfat etdiyindən və miras həmin tarixdə açıldığından, mübahisə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin normalarının tələblərinə əsasən həll edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin təmin edilə bilməsi üçün ilk növbədə miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilməməsi aydınlaşdırılmalıdır. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı mirasın qəbulu ilə bağlı Bakı şəhəri ** saylı Notariat Kontoruna mirasın açıldığı vaxtdan uzun müddət keçdikdən sonra, ## ### 2013-cü il tarixdə müraciət etmiş, yəni, mirasın qəbulu üçün 3 ay müddəti ötürmüşdür. Daha sonra həmin müraciət əsasında verilmiş vərəsəlik şəhadətnaməsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir.

13. Məhkəmə araşdırması zamanı həmçinin təsdiq edilmişdir ki, iddiaçı atasının ölümündən sonra 3 ay müddət ərzində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən miras onun tərəfindən qəbul edilməmişdir.

14. Belə ki, iş üzrə dindirilmiş şahid ifadələri, xüsusən qonşuların ifadələri ilə təsdiq edilmişdir ki, iddiaçı ## ### 2004-cü il tarixdə atası XXXnun vəfat etdiyini bilmiş, yas mərasimində iştirak etmiş, lakin, atasının ölümündən sonra miras qalmış mənzildə yaşamamış, beləliklə, əmlaka faktiki sahiblik etməyə başlamamışdır.

15. ** saylı MKIS-in ## ###### 2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, XXX Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ** nömrəli evin ** nömrəli mənzilində qeydiyyatdadır. O, ## ### 2004-cü il tarixdə vəfat etmişdir. Ölən günə qədər mənzildə gəlini X10, nəvəsi X2, nəvəsi X4, oğlu Iddiaçı ilə birlikdə yaşamışdır. Lakin, iddiaçı tərəfindən dindirilmiş şahid də daxil olmaqla, məhkəmə iclasında dindirilmiş şahidlər mübahisəli tərəflərdən əlavə mənzildə başqa şəxslərin yaşamasını (anaları və xəstə qardaşları) təsdiq etmişdir ki, arayışda həmin şəxslərin qeyd edilməməsi özlüyündə həmin arayışın mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir.

16. Iddiaçı tərəfin miras əmlakı idarə etməyə faktiki başlamasını təsdiq etmək üçün əsaslandığı sübutlar iş materiallarında qeyd edilən Xətai Rayon MKTB-nin mədaxil qəbzləri və ** saylı MKIS-in ## ######## 2025-ci il tarixli arayışıdır.

17. ** saylı MKIS-in ##.##.2025-ci il tarixli arayışına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin arayışda miras mənzil üzrə 2004-cü ildən 2024-cü ilə qədər mənzil kirayə haqqının iddiaçı tərəfindən ödənilməsi qeyd edilmişdir ki, miras mənzil xüsusi mülkiyyətdə olduğundan həmin mənzilə dair ümumiyyətlə, kirayə haqlarının ödənilməsi tələb edilmir. Xətai Rayon MKTB-nin mədaxil qəbzlərində isə mənzil üzrə kommunal xidmət üçün ödənişlərin iddiaçı tərəfindən edildiyi görünsə də, həmin qəbzlər mirasın açıldığı vaxtdan çox sonraya, 2019-2023-cü illərə aiddir.

18. Cavabdeh cavabdeh2, şahid qismində dindirilmiş Nümayəndə və X3 miras qoyan vəfat etdikdən sonra bir müddət mənzilə dair kommunal xidmət üçün ödənişlərin iddiaçı tərəfindən ödənildiyini bildirsə də, nə iş materiallarında olan qəbzlərdən, nə də izahat və ifadələrdən ödənişlərin məhz mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddət ərzində edildiyi təsdiq olunmur.

19. Məhkəmə belə qənaətə gəlmişdir ki, yalnız MKIS-ə edilmiş kommunal ödənişlər iddiaçı tərəfindən miras əmlakın idarə edilməyə başlaması, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, həmin ödənişlərin mirasın açılmasından sonra məhz mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddət ərzində ödənildiyi təsdiq olunmur.

20. Beləliklə, məhkəmə hesab etmişdir ki, miras açılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçı Iddiaçı tərəfindən qəbul edilməsi faktı təsdiq edilmədiyindən iddia təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1159, 1243, 1246, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yuxarıda qeyd olunan mülki iş üzrə mirasın faktiki olaraq cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilsə də, bu iş üzrə iddiaçı tərəfindən də mirasın faktiki olaraq qəbul edilib-edilməməsi məhkəmə araşdırmasının predmeti olmamış, buna hüquqi qiymət verilməmişdır.

25. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş materialları ilə artıq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən miras mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə formal üsulla qəbul edilməmişdir. Belə ki, iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına 2013-cü ildə müraciət etmiş, notariat orqanı tərəfindən verilmiş şəhadətnamə sonradan məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır.

26. Iş üzrə şahid qismində ifadə vermiş qonşuların, habelə hər iki tərəfin qohumlarının bildirdiklərindən iddiaçı tərəfindən miras açıldıqdan sonra qeyd olunan müddətdə miras əmlak olan mənzilin faktiki cəhətdən ələ keçirilməsi və ona sahib durması, habelə onun faktiki idarə edilməsi ilə bağlı hərəkətlərin edilməsi müəyyən edilməmişdir.

27. Iddiaçı tərəfindən istinad olunan MKIS-in ## ###### 2013-cü il tarixli arayışında qeyd olunmuşdur ki, miras qoyan ölən günə qədər iddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Halbuki, 2013-cü ildə verilən arayış ilə təqribən 10 il əvvələ istinad edilərək hansı şəxslərin mənzildə yaşaması ilə əlaqədar MKIS-in məlumatlı olması ağlabatan deyil.

28. Bundan başqa, mənzil-kommunal xidmətlər, yəni binanın saxlanması, məişət tullantıların yığılması və daşınması üçün ödənişlərlə bağlı 2019-2023-cü illəri əhatə edən qəbzlər, habelə MKIS-in ## ######## 2025-ci il tarixli arayışı (kirayə haqqının ödənilməsi barədə) da 2004-cü ildə miras açıldıqdan sonra iddiaçı tərəfindən mənzilin faktiki cəhətdən ələ keçirilməsi və ona sahib durması, habelə onun faktiki idarə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Bir halda ki, iddiaçının bildirdiyinə əsasən o, ailəsi ilə birlikdə mənzildə yaşamışdır, mənzilin faktiki olaraq iddiaçının sahibliyində olması, məsələn, elektrik enerjisindən, təbii qazdan, sudan istifadə edilməsi ilə bağlı edilən ödənişləri təsdiq edən sənədlərlə təsdiq edilə bilərdi ki, bununla bağlı iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1133, 1145, 1151, 1159, 1243, 1246, 1255, 1291-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

31. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1145, 1151, 1159, 1243, 1246, 1255, 1291-ci maddələrinin, Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il və ## ###### 2023-cü il tarixli Qərarlarının tələbləri pozulmuşdur.

33. Belə ki, iddiaçının miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə formal üsulla qəbul etməməsi işin mübahisə edilməyən halıdır. Işə baxan məhkəmələr iş üzrə qətnamə qəbul edərkən mübahisənin mahiyyətini təhrif etmişlər. Iş materiallarından da görünmüşdür ki, iş üzrə tərəflərlə hər hansı bir bağlılığı olan şəxslərin şahid ifadələri mövcud olmuş, həmin şahid ifadələrində kifayət qədər ziddiyyətli məqamların olmasına baxmayaraq, məhkəmələr həmin şahid ifadələrini cavabdehin xeyrinə olduğu qənaətinə gəlmişdir. Amma iş üzrə keçirilmiş məhkəmə iclaslarının audio-video protokollarına nəzər yetirdikdə isə bu halın mövcud olmadığı müəyyən edilir. Həmçinin, işə baxan məhkəmələr iddiaçının miras əmlakı faktiki idarə etməsi halına kifayət qədər əsaslandırılmış şəkildə qiymət verməmişlər. Iş materiallarında olan Mənzil Kommunal Təsərrüfat Birliyinin arayışlarından görünmüşdür ki, adıçəkilən mənzilin saxlanılması üçün zəruri kommunal ödənişlər iddiaçı tərəfindən ödənilmiş, həmçinin iddiaçı həmin mənzildə qeydiyyatda olmuşdur. Bundan başqa iddiaçının miras əmlak barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına yönəlmiş hərəkətlər etməsi də miras əmlakın faktiki idarə edilməsi kimi qəbul edilməlidir.

34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

35. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin VII hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhv edilmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

43. Belə ki, işin apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallarına görə, tərəflərin valideynləri – ataları XXX ## ### 2004-cü il tarixdə, anaları X7 isə ## ### 2008-ci il tarixdə ölmüşlər.

44. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunan müddət ərzində mirası nə formal, nə də ki, notariat ofisinə müraciət etməklə qəbul etməmişdir.

45. Belə ki, miras açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

46. Bununla bağlı məhkəmə kollegiyası razılaşır ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Şəxs vərəsə olsa da, qeyri-müəyyən vaxtlarda miras əmlaka gəlməsi özü-özlüyündə mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsini ifadə etməlidir.

47. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutları qiymətləndirərək, iddiaçının mirası qəbul etmədiyini müəyyən etdiyindən, kassasiya kollegiyası bununla bağlı sübutların düzgün qiymətləndirilməməsi, işin faktiki hallarının müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

48. Bununla belə, iş materiallarından müəyyən olunur ki, iddiaçı 2013-cü ildə notariat orqanına müraciət edərək, ## ### 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə miras əmlaka tam hüququnu rəsmiləşdirmiş, sonradan isə cavabdehin iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə həmin şəhadətnamə etibarsız hesab edilməklə, iddiaçının mübahisələndirilən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi qət edilmişdir.

49. Hazırkı iş üzrə qətnamə qəbul edərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarına əsasən HYPERLINK "https://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

50. Həmçinin, Konstitusiya Məhkəməsi mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərar qəbul edilərkən məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil etmişdir.

51. cavabdeh2 məhkəməyə nə vaxtı müraciət etməsi hazırkı işin materiallarından müəyyən etmək mümkün olmasa da, onun iddiası üzrə birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixdə qətnamə qəbul etməsi nəzərə alınmaqla, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarı qəbul edilərkən tərəflər arasında mübahisənin məhkəmənin icraatında olmasını ehtimal etmək olar.

52. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin göstərilən qətnaməsində yanlışlığın düzəldilməsi yolu ilə, miras əmlak olan mənzilin cavabdeh2 tərəfindən qəbul edilmiş hesab edilmişdir. Lakin, nə qətnamədə, nə də ki, bu qərardadda Iddiaçı miras əmlaka hüququnun olub-olmaması məsələsi açıq qalmışdır.

53. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin mübahisə hazırkı iş üzrə cavabdehin iddiası əsasında məhkəmənin icraatında olsa da, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarının tərəflər arasında yaranmış vərəsəlik münasibətlərinə tətbiqinin mümkünlüyünü araşdırmamış və müəyyən olunan işin faktiki hallarına uyğun tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.

54. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən miras qoyanın hazırkı iş üzrə tərəflərdən əlavə başqa birinci növbə vərəsələri də olmuşdur.

55. Qeyd edilməlidir ki, hazırkı iş üzrə vərəsəlik münasibətlərinə Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı tətbiq edilməli olması qənaətinə gəlindiyi halda, həmin vərəsələrin (onlar sağ olmadıqları halda isə müvafiq olaraq onların öz vərəsələrinin) də miras əmlakdan pay tələb etmək hüququ yaranacaqdır.

56. Belə olan təqdirdə, göstərilən şəxslər də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə cəlb olunmalı, bütün vərəsələrin hüquq və mənafeləri nəzərə alınmaqla iş üzrə yekun qərar qəbul edilməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 392.2-ci maddələrinin tələbləri pozularaq, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdır.

58. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

59. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

60. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

61. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar