Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-125/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 avqust tarixli 2(104)1405/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) və Cavabdeh (bundan sonra - cavabdeh) bacıqardaşdır.
2. Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 168 saylı evin 34-cü mənzili tərəflərin atası X6 məxsus olmuşdur.
3. X7 həmin mənzildə yaşayan oğlu Cavabdeh və gəlini X1 verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb etmiş, Şəki Apellyasiya Məhkəməsinin 2022-ci il 28 iyun tarixli 2(107)-816/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh və X4 hər birinə 6.000 manat olmaqla, cəmi 12.000 manat məbləğində kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmişdir.
4. X7 həmin mənzili 2023-cü il 15 dekabr tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış və mənzlin üzərində iddiaçının mülkiyyət hüququ d aşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır.
5. X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan işin faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan mənzil onun mülkiyyətindədir. Atasının sağlığında cavabdehin istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş və iddia təmin edilərək 12.000 manat ödənilməklə cavabdehin mənzilə olan hüquqlarına xitam verilmişdir. Atası öz əmlakını tam şəkildə iddiaçıya bağışlamış, lakin cavabdeh atasının son iradəsinə mane olmaqda davam edir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə yazılı etiraz edərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Tərtər Rayon Məhkəməsinin 2025-ci il tarixli 2 may tarixli 2(061)-571/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Tahir Qubadov).
10. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı belə qənaətə gəlmişdir ki, qanunvericilikdə də nəzərdə tutulduğu kimi, hər hansı bir vəsiyyətnamə olmadığından, bundan başqa cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son i radəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmədiyindən, iddia tələbini təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 1137-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsalandırmış və əlavə olara q qeyd etmişdir ki, atası cavabdehlə 2-3 il hüquqi formada mübarizə aparmış və cavabdehə düşən payı vermişdir. İddiaçı, atasının yas mərasiminə gəlməyən şəxsin vərəsəlik hüququna malik olmamalı olduğunu bildirərək, atasının sağlığında çəkilən videoları məhkəməyə təqdim etmiş, lakin məhkəmə qətnaməsində bu videoların əks olunduğu qeyd edilməmişdir. İddiaçı, atasının sağlığında Süleymanı övladlıqdan çıxarmaq niyyətində olduğunu və onun heç bir pay almayacağını bildirdiyini vurğulamışdır. Məhkəmə, iddiaçının təqdim etdiyi videoları və digər sübutları nəzərə almamış, cavabdehin atanın son iradəsinə zidd hərəkətlər etdiyini və müddət uzadaraq atasının ölümünü gözlədiyini qiymətləndirməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 avqust tarixli 2(104)-1405/2025 nömrə li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Günay Cavadova (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov).
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsini təsdiq edəcək sübutlar nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, nə də MM-in 1137-ci maddəsinə uyğun hallar məhkəmə araşdırmasında təsdiqini tapmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində irəli sürdüyü səs və video yazıları, şəxsi müşahidələr və mərhumun əhval-ruhiyyəsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, MPM-in 77 və 106-cı maddələrinə uyğun olaraq qeyd olunan ə saslar obyektiv sübutlar kateqoriyasına daxil edilmir və hüquqi nəticə doğuracaq fakt kimi qəbul edilə bilməz.
17. Eyni zamanda, iddiaçının apellyasiya şikayətindəki mənəvi əsaslandırmalar, o cümlədən mərhumun yas mərasimində iştirak etməmək və ailədaxili münasibətlər kimi dəlilləri, ləyaqətsiz vərəsə anlayışının hüquqi tərkibini formalaşdırmır. Belə hallar qanunsuz və ya cinayət tərkibli davranışlarla müşahidə olunmadığı müddətcə, vərəsəlik hüququnun inkarına əsas verə bilməməsi də apellyasiya məhkəməsi tərəfindən vurğulanmışdır.
18. Nəticə etibarilə, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddianın faktiki və hüquqi əsası olmadığı üçün, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış və apellyasiya şikayətini əsassız hesab etmişdir.
19. Məhkə mə kollegiyası gəldiyi nəticəni MM-nin 1133.1, 1137, 1139 və 1143-cü, MPM-nin 14.2, 76.1, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh atasına qarşı qeyrihüquqi hərəkətlər etmiş, bunun nəticəsində ata X2 öz iradəsinə uyğun olaraq əmlakı iddiaçıya bağışlamışdır.
22. Bundan əlavə, cavabdeh istifadə hüququna xitam verilməsi ilə bağlı mülki işi uzatmaqla atasının ölməsini gözləmiş və qanunvericilikdəki boşluqdan sui-istifadə edərək, əsassız olaraq atasının əvvəldən nəzər də tutduğu istəyinə və iradəsinə zidd hərəkət etmişdir. Həmin hərəkət vicdanlılıq prinsipi ilə ziddiyyət təşkil etmişdir.
23. Bundan başqa, məhkəmə iclasında təqdim olunan sübutlar araşdırılmamış, həmçinin təqdim edilən sübutlar qətnamə və protokolda göstərilməmişdir. Məhkəmələr təqdim edilmiş sübutlar əsasında deyil, öz mülahizələri əsasında qanunsuz qətnamələr qəbul etmişdir.
24. Kassasiya şikayəti MM-nin 1137 və 1139-cü, MPM-nin 14.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
28. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
29. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraq lı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 3
5. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddia tələbinin maddi-hüquqi əsasını MM-in 1137-ci maddəsi təşkil edir. Həmin normada şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün konkret əsaslar müəyyən edilərək göstərilir ki, mira s qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
43. Hazırkı halda, göstərilən maddənin dispozisiya şərtlərində qeyd olunan hərəkətlərin hər hansı birinin cavabdeh tərəfindən törədilməsi (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməklə, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi) iş materialları ilə sübut olunmur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunm alıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət veril diyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 4 avqust tarixli 2(104)1405/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.