Məhkəmə qərarları › İş №2(1-8)-1255/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1255/2026

23.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1255/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqram”na uyğun olaraq, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin ##.##.2001-ci il tarixli, ** nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin xxxx zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri ##.##.2004-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m. torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ##.##.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 40 manat mediator xərcinin əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində, ünvan 1 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 28172.7 kv.m. torpaq sahəsinə bitişik dövlət mükiyyətində olan 0.50 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadədə olan əraziyə birləşdirilməklə həmin ərazidə “xxxx” ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqram”na uyğun olaraq, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin ##.##.2001-ci il tarixli, ** nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin xxxx zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri ##.##.2004-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri ##.##.2004-cü il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İddiaçı Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə, monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən iddia qaldırmaq Xidmətin vəzifələridir. Beləliklə, qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

5. Cavabdeh ##.##.2023-cü il tarixdə daxil olmuş ərizəsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, etiraza əlavə olaraq təqdim etdiyi sənədlər və iddiaçı tərəfindən təqdim edilmiş sənədlər arasında ciddi uyğunsuzluqlar var. Iddiaçının iddia tələblərinin əsasını təşkil edən sənədlərdən biri olaraq, ASC-nin emissiya prospektindən çıxarışdır. Emissiya prospekti iki orijinal nüsxə olaraq tərtib edilməklə, biri iddiaçıda, digəri ondadır. Iddiaçı tərəfindən təqdim edilən emissiya prospektindən çıxarışda (məlumat) torpaq sahəsi 28172,7 kv.m. kimi göstərildiyi halda, onda olan nüsxədəki həmin səhifədə ölçü 35.000 kv.m. kimi qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən həmin sənəddə ölçünün sonradan düzəlişlə məhkəmə baxışına təqdim edilməsini obyektiv araşdırma üçün zəruri hesab edir. Iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportla bağlı bildirir ki, texniki pasportun tərtib edilməsi üçün əsas hər bir halda tərəfindən verilmiş ərizə olmalıdır. Belə bir müraciətin olduğunu xatırlamır. Eyni zamanda bildirmək istəyir ki, onda texniki pasport yoxdur. Bu baxımdan həmin sənədin verilmə əsaslarının da məhkəməyə təqdim edilməsini də ədalətli araşdırma üçün vacib hesab edir. Əlavə olaraq bildirir ki, bəhs edilən torpaq sahəsi ilkin olaraq Bakı Şəhər Soveti Icraiyyə Komitəsinin */** saylı, ## ##### 1980-ci il tarixli qərarına əsasən ayrılmışdır ki, həmin qərarda müəssisənin faktiki istifadəsində olmuş torpaq sahəsinin həmin müəssisəyə təhkim edilməsi qərara alınmış, torpaq ölçüsü göstərilməmişdir. Həmin qərar da məhkəməyə təqdim edilir. Hesab edir ki, qərarda konkret ölçü göstərilməsə də, digər dəlillərin də məcmu tətbiqi ilə torpaq sahəsinin məhz indiki faktiki ölçülərə uyğun ayrılmış olmasını sübut edə biləcək.

6. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, faktiki istifadə olunan 28172.7 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuşdur. Sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849.0 kv.m. torpaq sahəsi artıqdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı, ərazinin yaxınlığında çox sayda neft quyusu mövcuddur. Yuxarıda qeyd olunduğu kimi sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849,0 kv.m. torpaq sahəsi artıqdır. Ümumi ərazi ilə bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim H.Mahmudova) ##.##.2025-ci il tarixli, e-2(008) ***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına tikililər inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə və tikililərə dair heç bir hüquq müəyyənedici sənədləri mövcud deyil. Ona görə də, məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m. torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsi boşaldılmalı və torpaq sahəsinin ##.##.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətin bərpa edilməsi vəzifəsi cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 56.1, 66, 67, 111-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə olan ziddiyyətlərə nəzər yetirməmiş və bunların səbəbini araşdırmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, iddiaçı naməlum səbəbdən məhkəməyə ASC-nin emissiya prospektinin özünü deyil, yalnız çıxarışını təqdim etmişdir. Məlum olduqu kimi ASC-nin emissiya prospekti iki orjinal nüsxədə tərtib olunur və nüsxələrin biri iddiaçıda biri isə cavabdehdə saxlanılır. Cavabdehdə olan nüsxədə sahənin ölçüsü 35.000 kv.m. göstərildiyi halda, iddiaçının təqdim etdiyi çıxarışda naməlum səbəbdən torpaq sahəsi 28.172,7 kv.m kimi göstrəilmişdir. Bununla yanaşı iddiaçının təqdim etdiyi sənəddə sonrakı düzəliş açıq-aşkar görünür. ASC-nin emissiya prospektinin əslinin məhkəməyə təqdim edilməsi tələbi cavabsız qalmışdır. Bu məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə heç bir addım atmamışdır. Daha sonra məhkəmə qarşısında qaldırılan sual iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportla bağlı idi. Belə ki, cavabdeh tərəfindən əsaslı olaraq məhkəməyə bildirilmişdir ki, ASC-nin texniki pasportun verilməsi ilə bağlı hər– hansı müraciəti olmamışdır. Bununla yanaşı texniki pasport verildiyi zaman onun bir nüsxəsi ASC-də olmalıdır. ASC-nə texniki pasport verilməmişdir və bu baxımdan texniki pasportun hansı əsaslarla ortaya çıxması, texniki pasporta torpaq sahələrin salınmasına əsas olmuş sənədlər tələb olunmalı idi. Naməlum səbəbdən məhkəmə bunu etməmişdir. Məhkəməyə təqdim olunmuş digər sənədlərlə yanaşı Bakı Soveti Icraiyyə Komitəsinin */** saylı ## ##### 1980 il tarixli qərarı olmuşdur. Həmin qərara əsasən Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsi xxxx zavodunun faktiki istifadəsindən olduğundan onun balansına yazılmış və zavodun şimal qərb hissəsində təmizləyici qurğular tikmək üçün əlavə sahə ayrılması nəzərdə tutulmuşdur. Qərarda ayrılan torpaq sahəsinin konkret ölçüsü göstərilməmişdir. Beləliklə ASC-yə ayrılmış və onun faktiki istifadəsində olmuş torpaq sahəsinin ölçüləri məlum olmadığı halda, iddiaçı tərəfindən naməlum əsaslarla sonradan tərtib etdiyi texpasportu məhkəməyə təqdim etmişdir və həmin texniki pasportda göstərilən torpaq sahəsinin ölçülərini hansı əsaslarla texpasporta salınmasına dair iddiaçı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı vaxtı ilə zavoda verilmiş və onun faktiki istifadəsində olmuş torpaq sahəsinin texniki pasportda göstərilən sahə ilə üstüstə düşüb-düşmədiyi mütləq məhkəmədə müəyyən olunmalı idi. Məlumdur ki, texniki pasportun tərtib olunması iddiaçının hüququdur və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan texpasport da istənilən ölçülərin yazılması istisna olunmur. Belə olan halda onun məhkəməyə təqdim etdiyi texpasportun əvvəlki sənədlərə uyqun olub-olmadığı araşdırılmalı idi və azından mötəbər sübut kimi qəbul olunmamalı idi. Ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmalı deyil. Rəyin “Tədqiqat ProsessininTəsviri“ hissəsində birmənalı göstərilir ki (birinci cümlə) tədqiqat torpaq sahəsi üzrə mütəxəssis rəyinə– yəni iddiaçının əməkdaşı olan şəxsin– rəyinə əsasən aparılır. Bu halda məhkəmə ən azından bu rəyi sübut kimi qəbul etməzdən əvvəl, onun düzgün , obyektiv və hərtərəfli qiymətləndirilməsi üçün lazımı addımlar atmalı idi. Yaxud , sübutetmə vəzifəsinin iddiaçıya aid olduqunu nəzərə alıb ,ekspert rəyini mötəbər sübut kimi qəbul etməməli idi. Beləliklə- iddiaçı tərəfindən ASCnin emissiya prospektinin özünü deyil, yalnız çıxarışın təqdim edilməsi,- məlum olmayan əsaslarla və özü tərəfindən tərtib olunmuş (naməlum əsaslarla torpaq sahəsinin ölçüləri ilə bağlı istənilən rəqəmləri qeyd olunan) texniki pasportun təqdim olunması- 1980 ildən bu günədək zavodun istifadəsinə verilən torpaq sahəsinin ölçülərinin məlum olmadığı halda, yalnız iddiaçının tərtib etdiyi sənədlərin olması- Ekspertiza rəyinin faktiki iddiaçının əməkdaşı tərəfindən verildiyi halda məhkəmə iddianın sübut edilmədiyi əsası ilə iddianın rədd olunması barədə qərarı qəbul etməli idi.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Azad Imanov və Səadət Səlimova) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin boşaldılması hissəsində dəyişdirilmiş, boşaldılmalı olan torpaq sahəsinin ölçüsü 4849,0 kv.m. müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, cavabdehin boşaltmalı olduğu torpaq sahəsinin ölçüsü barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etməmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, faktiki istifadə olunan 28172.7 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuşdur. Sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849.0 kv.m. torpaq sahəsi artıqdır. Rəydə o da qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı, ərazinin yaxınlığında çox sayda neft quyusu mövcuddur. Yuxarıda qeyd olunduğu kimi sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849,0 kv.m. torpaq sahəsi artıqdır. Ümumi ərazi ilə bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvafiq mütəxəssis rəyi ilə cavabdehin 4849,0 kv.m. torpaq sahəsinin texniki pasportdan kənar cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilir.

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına tikililər inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə və tikililərə dair heç bir hüquq müəyyənedici sənədləri mövcud deyil.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə olan halda, cavabdeh istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m. torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 4849,0 kv.m. torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ##.##.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət olunmalıdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 56.1, 66, 67, 111-ci maddələrinə, Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # #### 2000-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti (vəkil nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması ilə bağlı mövqeləri apellyasiya şikayətinin dəlillərində mövcuddur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırmamış, həmin dəlillərin haqlı olub-olmadığına dair hər hansı münasibət bildirmədən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

20. Məhkəmə nəzərə almamışdır ki, məhkəmə iclasların heç birində torpaq sahəsində olan tikililərin qanuni olub-olmaması araşdırılmamışdır. Bununla yanaşı zavoda ayrılmış sahənin ölçüsü göstərilmədiyinə görə və iddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportla ziddiyyət təşkil etdiyinə görə cavabdehin faktiki istifadəsində olan hansı ölçüdə olması və həmin sahənin texniki pasportda göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi araşdırılmamışdır. Həmçinin nəzərə alınmamışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi mütəxəssis rəyinə-yəni iddiaçının əməkdaşı olan şəxsin rəyinə əsasən aparılmışdır.Bu halda məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etməməli idi.

21. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində şikayətin dəlillərinə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Iddiaçı faktiki olaraq öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.Bu halda iddia rədd olunmalı idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

25. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

26. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

27. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin 4849,0 kv.m. hissəsinə qanuni əsaslar olmadan sahiblik edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcudluğu, cavabdehin sahibliyində 4849.0 kv.m. artıq torpaq sahəsinin olması iş üzrə aparılmış ekspertiza tədqiqatı ilə təsdiq olunmuş, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh isə iddianın təmin edilmiş hissəsində göstərilən torpaq sahəsinə qanuni sahiblik etdiyinə dair sübutlar təqdim edə bilməmişdir.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar