Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1259/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.2006-cı ildə Cavabdeh MMC-də sürücü vəzifəsinə qəbul edilmiş, ##.##.2023cü ildə “Əməliyyatlar üzrə direktorluq/ Satış-1 Departamenti/ Topdan Aptek bölməsi” bölməsində “satış təmsilçisi” vəzifəsinə təyin edilmişdir.
2. Tərəflər arasında olan razılıq əsasında iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən başlayaraq hər ay müəyyən müddətə ödənişsiz məzuniyyətə çıxmış və bu müddət ərzində onun hesabına 800- 1000 manat məbləğində əmək haqqı köçürülmüşdür. İddiaçı sonuncu dəfə ##.##.2025-ci il tarixədək məzuniyyətdə olmuş, növbəti gün həftəsonuna düşdüyü üçün ##.##.2025-ci il tarixdən etibarən işə çıxmalı olmuşdur. Hazırda cavabdeh tərəf iddiaçının həmin müddət ərzində işə çıxmadığını bildirərək ##.##.2025-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda iddiaçının işə gəlməməsi, ##.##.2025-ci il tarixindən ofisə yaxınlaşsa da işə gəlməməyinin səbəbləri ilə bağlı izahat yazmaqdan imtina etməsi barədə aktlar tərtib etmiş və İddiaçı ##.##.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən isə ##.##.2025-ci il tarixdən başlayaraq əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdeh Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli 042/k N-li Əmrinin ləğv edilməsi, iddiaçı olaraq onun işlədiyi Cavabdeh MMC-də satış departamentinin hasilat şöbəsinin Bakı hasilat bölməsinə “hasilatçı” vəzifəsinə (tutduğu əvvəlki vəzifəyə) bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamə qəbul olunan vaxtadək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsi, mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2006-cı il tarixində N35 əmrlə Cavabdeh MMC-yə X1 “Sürücü” vəzifəsinə qəbul edilmiş, daha sonra bir neçə dəfə vəzifələri dəyişilməklə uzun müddət həmin MMC-də işləmişdir. O, sonuncu dəfə ##.##.2015-ci ildə N ***/K Əmrlə Cavabdeh MMC-nin satış departamentinin hasilat şöbəsinin Bakı hasilat bölməsinə “hasilatçı” vəzifəsinə təyin olunmuşdur. O, ##.##.2025-ci il tarixində öz hesabına çıxdığı məzuniyyətdən geri qayıdarkən işə gələndə buraxılış məntəqəsindən keçən zaman elektron buraxılış sistemi onun girişini qəbul etməmişdir. Səbəbini mühafizəçidən soruşmuş, mühafizəçi ona bildirmişdir ki, yəqin ki, müdriyyət giriş icazəsini bloklayıb. Həmin gündən etibarən bir neçə dəfə işə getməyə cəhd etsə də, işə buraxılmamışdır. O, dəfələrlə müdriyyətə və ya MMC-nin İnsan Resusları şöbəsinə telefonla zəng vurub əlaqə saxlasa da, onun işə hansı səbəbdən buraxılmaması barədə heç bir dəqiq məlumat verilməmişdir. Daha sonra o, Cavabdeh MMC-nin bu qanunsuz əməli barədə yuxarı instansiyalara şikayət məktubları ilə müraciət etmiş, bir müddət sonra Cavabdeh MMC tərəfindən ona ##.##.2025-ci il tarixli VO-XO-2653 N-li “Xəbərdarlıq məktubu” göndərilmişdir. Həmin məktubda guya ki, onun ##.##.2025-ci il tarixindən işə gəlməməyi barədə qeyd olunmuş və işə gəlməməyinin səbəbi barədə izahat yazmağı xahiş olunmuşdur. O, həmin xəbərdarlıq məktubundan sonra yenidən iş yerinə gedərək izahat yazmaq istəmiş, lakin buna baxmayaraq yenidən iş yerinə buraxılmamışdır. Bir müddət sonra onu Cavabdeh MMC-yə çağırmış və işdən çıxarıldığını bildirərək əmək kitabçasını ona vermişlər. O, əmək kitabçasına baxanda Cavabdeh MMC tərəfindən 042/k N-li ##.##.2025-ci il tarixli əmr əsasında Azərbaycan Respublikasımın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə qeydi görmüş, dərhal buna öz narazlığını bildirmişdir. Lakin Cavabdeh MMC-nin əməkdaşı buna heç bir məhəl qoymamışdır. O, dərhal işə əmrin ləğv olunması, işə bərpa və ödənilməmiş əmək haqqların ona ödənilməsi barədə müraciət ərizəsi ilə Mediasiya Təşkilatına müraciət etmiş, ilk prosesdə mediasiya təşkilatına gələn Cavabdeh MMC-nin etibarnamə əsasında nümayəndəsi vəkil2 Rüstəm oğlu ilə razılığa gəlməyə çox yaxın olsalar da həmin günü aralarında razılaşma əldə olunmamışdır. Lakin bir ##.##.2025-ci il tarixinə təyin olunan mediasiya prosesində qarşı tərəf ümumiyyətlə iştirak etmədiyi üçün mübahisə öz həllini tapmamışdır. Həmçinin Cavabdeh MMC-nin əməkdaşı ona bir neçə dəfə mesaj yazaraq şikayətinin geri çəkilməsini və razılığa gələ biləcəklərini bildirsələr də, əməldə heç bir razılaşma olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin MMC-nin əməkdaşlarının bu hərəkətləri ancaq onun işə bərpə tələbi üçün məhkəməyə müraciət vaxtını gecikdirməkləri olmuşdur. Beləliklə, məzuniyyətdən gələndən sonra heç bir səbəb bildirmədən onu işə buraxmamışlar, daha sonra isə özlərinin onu işə buraxmadıqları günləri guya ki, onun işə gəlmədiyi günlər kimi təqdim edərək onun əmək kitabçasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə əmr yazmışlar. Belə ki, bu maddə ilə işdən çıxarıldığı üçün özünə yeni iş tapmaqda ciddi problemlərlə qarşılaşır və dezavantaj yaşayır. İşəgötürən əmək kitabçasındakı 042/k N-li ##.##.2025-ci il tarixli əmrdə konkret olaraq hansı səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə heç bir səbəb qeyd olunmamışdır. Cavabdehin ona qarşı etdiyi bu qanun pozuntuları səbəbindən stress keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozaraq onun işçi hüquqlarını pozmuş, ona əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmış və nəticədə ona küllü miqdarda maddi və mənəvi ziyan dəymişdir.
5. Məhkəmənin ##.##.2025-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Cavabdehin nümayəndəsi vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qəbul etdikləri qərar qanunidir. Onlar mediasiya sesiyasında bir dəfə iştirak etmiş, hətta müəyyən barışığa gəlmək ehtimalı olmuşdur. Qanunvericiliyə əsasən məzuniyyət pulu hesablanarkən son 12 ayın nəticəsi götürülür, baxmayaraq ki son haqq-hesab ödənilib. İddiaçının ortalama əmək haqqısı ortadadır. İddiaçı uzun müddət onların əməkdaşı olmuş, əvvəl sürücü, sonra isə hasilatçı vəzifəsində işləmişdir. İddiaçı İddiaçı başına bir iş gəlmiş və bunun nəticəsində şirkətə 85.000 manat ziyan dəymişdir. Belə ki, iddiaçı 5 müştəridən pul yığıb, 6-cı müştəri üçün Sədərək Ticarət Mərkəzinə gedərkən tuneldə onu sıxışdırıblar. Hansı ki, tuneldə kamera görüntüsü yoxdur. İddiaçı iddia edir ki, maşında olarkən naməlum maşın onu sıxışdırmış, ona 2 bıçaq zərbəsi vurmuşdur. Maşında olan şirkətin 85.000 manat pulu oğurlanmışdır. Cinayəti törədən şəxslər məlum deyil. Hal-hazırda bədbəxt hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu və Qaradağ rayon Polis İdarəsində cinayət işi gedir. İş üzrə icraat polis idarəsində dayanmışdır, onunla bağlı irəliləyiş var, o iş də yəqin yekunlaşacaqdır. Hazırda iddiaçının tərif etdiyi şəxslər axtarışdadır. Bundan sonra rəhbərliyin qərarı olmuşdur ki, iddiaçı evdə otursun, ona əmək haqqı ödənilsin. İddiaçının uzun müddətdə onların şirkətində işləməsi və rəhbərliklə qohum olması faktına görə 10 ay müddətində işə gəlmədiyi halda ona əmək haqqı ödənilmişdir. İddiaçı işə gəldiyini vurğulasa da işə gəlməmişdir. Onun son ərizəsi ##.##.2025-ci ildə olmuş, həmin ərizəyə görə iddiaçı mart ayının 1-də artıq işə çıxmalı olsa da həmin vaxt işə gəlməmiş, gəlməməsi ilə bağlı səbəb bildirməmişdir. İddiaçı heç martın 4-də də işə çıxmamışdır. Buna görə də iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmışdır. İddiaçı işləmədiyi müddət üçün maaşın davasını edir. Lakin şirkət olaraq onlar edə biləcəklərini etmişlər. İddiaçını dəvət edərək insan resursları şöbəsinin əməkdaşları ilə məzuniyyət günləri və son haqq-hesab məbləğinin hesablanması barədə müzakirələr aparmışlar. İddiaçıya güzəşt etmək istəmiş, hətta maddə dəyişikliyi etməyi də istəmişlər. Ancaq əvvəllər maddə dəyişikliyi məhkəmə qərarı ilə olurdu. İddiaçı isə israrla onu ştat ixtisarı ilə işdən çıxarmalarını istəmişdir ki, dövlətdən işsizlik müavinəti ala bilsin. Onlar da ona başa saldılar ki, keçmiş tarixə, ştat ixtisarı ilə çıxara bilməzlər, bu qanunsuzdur. Hətta o, iddiaçıya izah etmişdir ki, işəgötürən onu işə bərpa etmək istəmir, yerdə qalan məsələlər həll edilən məsələlərdir. Vəsaitlə bağlı hissədə isə iddiaçıdan boş dayanmasına görə konkret rəqəm bildirməsini istəmiş, o da rəqəm bildirmiş və iddiaçının gözləntisindən belə artığını şirkət qarşılamağa razı olmuşdur. İddiaçıya fevral ayında 800 manat vəsait ödənilmişdir. İddiaçı ilə danışıqlar zamanı iddiaçı ona bildirdi ki, 3 aydır ki, işsizdir, həmin müddətin pulunu versinlər. Şirkət onu belə nəzərə alacağını bildirmişdir. O, iddiaçıya izah etmişdir ki, ştat ixtisarı olmadan da işdən çıxsa, faktiki olaraq yenə də işsiz olacaqdır. Əgər dövlət həmin işsizlik müavinətini vermək istəsə, onu müəyyən şeylərə göz yumub verəcəkdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli 042/k nörməli “İşdən azad etmə haqqında" əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh MMC-nin "Nümayəndə, satış/Kommersiya/satış təmsilçisi" vəzifəsinə bərpa olunması, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqının ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutulub, iddiaçı İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Həqiqət Əhmədova)
8. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdeh tərəfindən verilmiş əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş materiallar və məhkəmə iclasında tərəflərin verdiyi izahatlar ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında uzun müddətdir ki, iddiaçının ödənişsiz məzuniyyətə çıxması və bunun əvəzində cavabdeh tərəfindən iddiaçıya bu müddət ərzində müəyyən məbləğdə əmək haqqı ödənilməsi barədə münasibət formalaşmış və bu münasibət əsasında iddiaçı hər ay müəyyən vaxtlarda gəlib ərizələr yazaraq ödənişsiz məzuniyyətə çıxmışdır. Hansı ki, bunun nəticəsində iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdən sonrakı müddətlərdə də eyni münasibətin davam etdirilməsi, yenidən MMC-yə gələrək ərizə yazıb məzuniyyətə çıxacağı və eyni qaydada əmək haqqı alacağı barədə fikir formalaşmış, cavabdeh şirkət isə bu razılaşmanın pozulması və iddiaçının yenidən işə çıxması barədə əvvəlcədən iddiaçıya heç bir məlumat verməmişdir. Bununla da ödənişsiz məzuniyyət ərizəsinə əsasən sonuncu məzuniyyət vaxtı bitəndən sonra işə çıxmalı olan iddiaçıya daha öncədən işə çıxmalı olması barədə məlumat veriləcəyi təqdirdə onun işə vaxtında gəlməməsi üçün məhkəmə araşdırılması ilə heç bir əsas müəyyən edilməmişdir. Hazırda iddiaçı izahatında ##.##.2025-ci il tarixlərdə MMC-yə gəlməsi, gəlməsinə səbəb isə cavabdeh ilə arasında olan razılaşmaya əsasən ona ödənilməli olan fevral ayının əmək haqqısının köçürülməsinin olmamasını, hər ayın 3-4-ü gələrək ödənişsiz məzuniyyət ərizəsinə imza çəkdiyini, ondan bu vaxta kimi işə çıxmasının tələb olunmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən mart ayının 1- dən artıq işdə olmalı olmasına baxmayaraq nə həmin tarixdə nə də ##.##.2025-ci il tarixdə işə gəlmədiyi, buna görə də tərəflərindən akt tərtib olunduğu və həmin aktlar əsasında iddiaçının ##.##.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini qeyd etmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas olaraq ##.##.2025-ci il tarixli akt (işə gəlməmək barədə), ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu, ##.##.2025-ci il tarixli akt (izahat verməkdən imtina barədə) olmuşdur.
9. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı tərəfindən işə çıxmalı olduğu ##.##.2025-ci il tarix həftəsonuna, yəni qeyri-iş gününə düşdüyü üçün iddiaçı ##.##.2025-ci il tarixdə işə çıxmalı idi. Lakin cavabdeh tərəfindən iddiaçının işə gəlmədiyi bildirilsə də, bu vaxtdan 16 gün sonra tərəflərindən akt tərtib olunaraq imzalanmışdır. Halbuki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş yazılı müraciətlər və telefonoqramlar ilə onun əmək hüquqlarının pozulması barədə ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdən başlayaraq müvafiq orqanlara, aidiyyəti şəxslərə müraciət edilməsi və həmin müraciətlərin də müvafiq olaraq cavablandırılması müəyyən olunmuşdur. Bütün bu hallar isə iddiaçının iş yerinə aktda qeyd olunan tarixdən daha öncə gəlməsi halına əsas verir və bununla da məhkəmə tərəflər arasında formalaşmış münasibətin qüvvədə olmasına, bu münasibətin ləğv olunmamasına baxmayaraq iddiaçı tərəfindən işə vaxtında gəlinməməsi halında əmək pozuntusu ilə bağlı aktların uzun müddətdən sonra tərtib olunmasını ağlabatan hesab etmir. Bundan əlavə üz yoxlama sisteminin fotoşəkili ilə müəyyən edilir ki, İddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh MMC-yə gəlmiş, lakin onun üz şəkilinin əlavə olunmaması göstərilmişdir. Bu isə onu göstərir ki, iddiaçı işə gəlməsi halında belə əmək müqaviləsinə xitam verilmədən o, cavabdeh şirkətə buraxılmamışdır. Bütün bu qeyd olunan halların əksi isə məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2006-cı ildən, yəni 18 ildən artıq müddətdə cavabdeh Cavabdeh MMC-də işləmiş, bu müddət ərzində onun barəsində hər hansı tənbeh tədbirinin tətbiq edilməsi, işini qüsurlu yerinə yetirməsi, əmək qaydaları və funksiyalarının pozulması kimi halların olması müəyyən edilməmişdir. Bundan əlavə ##.##.2021-ci il tarixdə MMC-yə məxsus 85.000 manat pulun götürülməsi və iddiaçının səhhətinin pozulmasına səbəb olmuş hadisə baş vermiş və həmin hadisənin kim tərəfindən törədilməsi isə hələ də müəyyən edilməmişdir.
11. Birinci instansiya məhkəməsi bildirmişdir ki, məhkəmənin əvvəlki iclaslarında iddiaçı ona 10.000 manat vəsaitin verilməsini, onun işdən çıxarılması barədə Əmrdə Əmək Məcəlləsinin müvafiq maddəsinin dəyişdirilməsini təklif etmiş, lakin cavabdehin nümayəndəsi ##.##.2025-ci il tarixdə elektron qaydada ərizə verərək həmin təklifin rəhbərlik tərəfindən qəbul edilmədiyini, hər hansı ödənişin edilməsinin müsbət qarşılanmadığını bildirmişdir. Bununla da tərəflər arasında razılıq əldə oluna bilməmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi cavabdehin ##.##.2025-ci il tarixli ***/k saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin “əvvəlki vəzifəsinə, yəni hasilatçı vəzifəsinə bərpa olunması” hissəsi ilə bağlı bildirmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi” haqqında ##.##.2025-ci il tarixli ***/k saylı əmrindən, ##.##.2023-cü il tarixli əmək müqaviləsindən və Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının əvvəlki vəzifəsi “Əməliyyatlar üzrə direktorluq/ Satış-1 Departamenti/ Topdan Aptek bölməsi” bölməsində “satış təmsilçisi” olmuş və həmin vəzifəyə görə 784 manat əmək haqqı müəyyən edilmişdir. Ona görə də iddiaçı əvvəlki vəzifəsi olaraq “Əməliyyatlar üzrə direktorluq/ Satış-1 Departamenti/ Topdan Aptek bölməsi” bölməsində “satış təmsilçisi” vəzifəsinə bərpa edilməlidir.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 9-cu maddəsinin “b” bəndi, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndləri, 46-cı maddəsinin 6-cı hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci bəndi və 84-cü maddəsinin 1-ci bəndinə stinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarında və təqdim edilən sənədlərdən görünür ki, cavabdehin istinad etdiyi hallar tam şəkildə sübuta yetirilir. Lakin iddiaçı iddiada istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə birinci instansiya məhkəməsi cavabdehin xeyrinə olan halları, əmək qanunvericiliyinin tələblərini, həmçinin tərəflər arasında olan əmək müqaviləsinin şərtlərini görməzdən gələrək işin faktiki hallarını təhrif olunmuş formada şərh etməklə iddia tələbini qismən təmin etmişdir.
19. Birinci instansiya məhkəməsi sübutları obyektivlikdən kənar, qərəzli şəkildə qiymətləndirməklə, işin faktiki hallarını təhrif etməklə iddiaçının xeyrinə şərh etmiş, qətnaməni qəbul edərkən qanunvericliyin və tərəflər arasında olan əmək müqaviləsinin şərtlərini deyil heç bir hüquqi əsası olmayan “razılaşmanı” əsas götürməklə dövlətin adından hazırki qətnaməni qəbul etmişdir. Hazırki qətnamə həm iddiaçının konstitusion hüquqlarını pozur, həm də iddiaçının oxşar hərəkətləri digər işçiləri də əmək intizamını pozmağa sövq edir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov, Elşən Kazımov)
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinin ləğvinin əsası kimi istinad olunan hal həqiqi deyil.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə bildirib ki, heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə cavabdehin məhkəməyə verdiyi məlumat həqiqi deyil, cavabdeh onun əmək vəzifələrini icra etməsinə maneə yaradıb. Belə ki, öz hesabına çıxdığı ödənişsiz məzuniyyətdən ##.##.2025-ci il tarixdə işə qayıdarkən girişdəki elektron buraxılış sistemi iddiaçının girişini qəbul etməmiş, bunun səbəbini mühafizəçidən soruşmuş, mühafizəçi isə iddiaçıya bildirmişdir ki, yəqin ki, müdiriyyət giriş icazəsini bloklayıb. Həmin gündən etibarən bir neçə dəfə işə getməyə cəhd etsə də, işə buraxılmamışdır. Dəfələrlə müdiriyyət və cavabdeh təşkilatın İnsan Resursları Şöbəsi ilə telefonla əlaqə saxlasa da, işə hansı səbəbdən buraxılmaması barədə dəqiq məlumat verilməmişdir. Bundan sonra, iddiaçı müvafiq dövlət qurumlarına şikayət etmiş, bir müddətdən sonra cavabdeh tərəfindən ona ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, işə gəlməməsinin səbəbi barədə izahat yazması istənilmişdir. Həmin xəbərdarlıqdan sonra bir daha iş yerinə gedərək izahat yazmaq istəmiş, lakin yenidən iş yerinə buraxılmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının təqdim etdiyi fotoşəkildən görünür ki, o, ##.##.2025-ci il tarixdə, yəni əmək müqaviləsi ləğv edilənə qədər iş yerinə gəlmiş, lakin iş yerinin girişindəki üz yoxlama sistemi “Face picture is not added” yazmaqla onun üz şəklinin əlavə edilmədiyini bildirmişdir (iş v. 15). Bu isə onu təsdiq edir ki, əmək müqaviləsinin ləğv edilməsindən əvvəl cavabdeh iddiaçını iş yerinə buraxmayıb.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin materiallarından görünür ki, iddiaçı əmək hüquqlarının cavabdeh tərəfindən pozulması ilə bağlı 2025-ci ilin mart ayından başlayaraq müxtəlif dövlət qurumlarına çoxsaylı şikayətlər edib (iş v. 18, 28-33, 51-60). Əgər iddiaçı ##.##.2025-ci il tarixdən üzrlü səbəb olmadan işə gəlməkdən imtina etmiş olsayıdı, ağlabatan mühakiməyə görə, o, həmin vaxtdan başlayaraq əmək hüquqlarının pozulması (işə buraxılmaması və s.) barədə şikayətlər etməzdi.
25. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətət çatdırmışdır ki, cavabdeh iddiaçının ##.##.2025-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə istinad edib əmək müqaviləsini ləğv etsə də, iddiaçının işə gəlməməsi barədə aktı 1 ay 16 gün sonra – ##.##.2025-ci il tarixdə, xəbərdarlıq məktubunu 1 ay 17 gün sonra – ##.##.2025-ci il tarixdə, iddiaçının izahat yazmaqdan imtina etməsi barədə aktı 1 ay 21 gün sonra – ##.##.2025-ci il tarixdə, əmək müqaviləsinin ləğvi barədə əmri isə 2 ay 6 gün sonra - ##.##.2025-ci il tarixdə tərtib edib. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndindən görünür ki, işçinin heç bir üzrlü səbəb olmadan yalnız 1 iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır və əmək müqaviləsinin ləğvi üçün əsasdır. Əgər iddiaçı həqiqətən üzrlü səbəb olmadan işə gəlmirdisə, cavabdeh əmək müqaviləsinin ləğvi üçün 2 ay 6 gün gözləməsinin səbəbini izah etməlidir, lakin izah edə bilmir. Bu isə onu təsdiq edir ki, iddiaçı iş yerinə buraxılmayıb, o, əmək hüquqlarının müdafiəsi üçün müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra cavabdeh iddiaçının iş yerinə buraxılmamasını “heç bir üzrlü səbəb olmadan işə gəlməmə” kimi sənədləşdirərək əmək müqaviləsini ləğv edib.
26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçıya ödənşsiz məzuniyyət verilməsi təşəbbüsü də cavabdehdən gəlib, çünki cavabdehin iddiaçını iş yerindən kənar saxlamaq niyyəti olub, məzuniyyət müddəti bitdikdən sonra isə cavabdeh iddiaçını işə buraxmaqdan imtina edərək əmək müqaviləsini ləğv edib.
27. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əsas mövcud olmayıb. Buna görə də Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsasən birinci instansiya məhkəməsi əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 46cı maddəsinin 6-cı hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, və 84cü maddəsinin 1-ci bəndinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını tətbiq edərkən hüquqi nəticəni doğurmayan hallara hüquqi dəyər vermiş, əksinə, hüquqi əhəmiyyət kəsb edən faktların normativ nəticəsini çıxarmamışdır. Məhkəmə açıq şəkildə işçinin əsas öhdəliyini – işə çıxmaq və ya üzrlü səbəbi bildirmək borcunu görməzdən gəlib. İşçi öz məzuniyyətinin bitdiyi tarixi bildiyi, bilə-bilə işə gəlmədiyi və bunu məhkəmə iclaslarında da etiraf etdiyi halda məhkəmə kollegiyası bu hallara hüquqi qiymət verilməmişdir.Qətnamədə işin faktiki hallarına düzgün qiymət verilməmiş, işin halları isə təhrif olunmaqla iddiaçının xeyrinə şərh olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gətirilmiş apellyasiya arqumentlərinə motivasiya vermədən, yalnız birinci instansiyanın mövqeyini təkrarlamaqla kifayətlənmişdir ki, bu da MPM-in 217-ci maddəsinin və 372-ci maddəsinin pozulmasıdır. Nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında işçinin işəgötürənin təşəbbüsü ilə məzuniyyətə göndərilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Bu hal heç bir mötəbər dəlillə öz təsdqini tapmamışdır. Nə də cavabdehin izahatlarında belə bir halın etirafı olmamışdır. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı özü öz ərizəsi və xahişi ilə məzuniyyətə çıxmaq niyyətində olduğunu cavabdehə bildirmiş və məqsədəmüvafiq hesab edildiyindən işçi məzuniyyətə göndərilmişdir. Qətnamədə qeyd olunur ki, cavabdeh iddiaçının ##.##.2025-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə istinad edib əmək müqaviləsini ləğv etsə də, iddiaçının işə gəlməməsi barədə aktı 1 ay 16 gün sonra – ##.##.2025-ci il tarixdə, xəbərdarlıq məktubunu 1 ay 17 gün sonra – ##.##.2025-ci il tarixdə, iddiaçının izahat yazmaqdan imtina etməsi barədə aktı 1 ay 21 gün sonra, yəni ##.##.2025-ci il tarixdə, əmək müqaviləsinin ləğvi barədə əmri isə 2 ay 6 gün sonra –##.##.2025-ci il tarixdə tərtib edib”. Qeyd edilməlidir ki, işçinin məzuniyyət müddəti bitdikdən sonra ona dəfələrlə işə gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməsi, ofisə yaxınlaşaraq izahat yazması təklif olunmuş, işçi də gələcəyini və izahat yazacağını bildirmişdir. Lakin hər dəfəsində izahat yazmaqdan imtina etmiş, işəgötürəndən kompensasiya tələb etmişdir. Bu səbəbdən onun əmək müqaviləsinə xitam verilməsi müəyyən vaxt almışdır. Lakin bu hal işəgötürənin hümanistliyi kimi qiymətləndirilməli olduğu halda iddiaçının xeyrinə şərh edilmişdir. Halbuki, istinad edilən Əmək Məcəlləsində, məhkəmə təcrübəsində bu tipli aktların dərhal tərtibi ilə bağlı göstərişin olmaması, aktların məhz niyə həmin tarixlərdə tərtibi səbəbləri nəzərə alınmamış, yoxlanılmamışdır. Məhkəmə qətnaməsində işçinin 1 gün üzrsüz səbəb olamdan işə gəlməməsini əmək müqaviləsinə xitam üçün əsas kimi göstərsə də, işin faktiki hallarında bu xüsusat öz təsdiqini tapdığı halda buna heç bir hüquqi qiymət verməmişdir. Yəni işçi heç bir üzrsüz səbəb olmadan işə gəlmədiyi halda həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi bu halı görməzdən gəlmişdir. İddiaçı təqdim etdiyi fotoşəkillərin həqiqətən də şirkətin ərazisində çəkildiyini, həmin üz tanıma sistemlərinin cavabdehə məxsus olmasını sübuta yetirə bilməmiş, sübut edildiyi halda isə həmin fotoşəkildə istinad edilən "yazıların" hansısa texniki səbəblərdən baş verməsi aydınlaşdırılmamışdır. Yəni məhkəmənin gəldiyi qənaətin əsaslandığı “sübutlar” mötəbər xarakter daşımır. Apellyasiya instansiya məhkəməsi sadəcə birinci instansiyanın arqumentlərini təkrar edir. Apellyasiya şikayətində qaldırılan sübutların etibarlılığı, fotoşəklin mənşəyi, "işə buraxılmama" iddiasının sübutu təhlil olunmaması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin aşkar pozulması, yəni sübut standartının pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 187 (2). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
37. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
38. Belə olan halda, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan da görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qnunverciliyinin tələbləri pozulmuş, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin heç bir əsası olmamaışdır.
40. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görmür.
41. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətini də dəlilləri olub, hər iki instansiya məhkəməsi həmin dillərə qiymət verməklə, onları qəbul etməyiblər. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin eyni məzmunlu dəlillərinə əlavə qiymət verməyə zərurət görməmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.