Məhkəmə qərarları › İş №2(1-8)-1263/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1263/2026

09.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1263/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50, ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (##.##.2007-ci il tarixində).

2. Abasov Tural Afiz oğlu ilə X4 ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.

3. Abasov Tural Afiz oğlu ##.##.2022-ci ildə ölmüşdür.

4. İddiaçı, X1, Cavabdeh, X2, Abasov Ülvi Tural oğlu ünvan 5 ünvanında qeydiyyatdadır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ##.##.1992-ci il təvəllüdlü Cavabdeh, azyaşlı övladları ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü Abasov Ülvi Tural oğlunun ünvan 2 saylı ünvanda yerləşən ** saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, öz əmlakları ilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ** saylı mənzili iddiaçı həyat yoldaşı X1 ilə 1982-ci il tarixdə əldə etmişdir. Sonradan həmin mənzil ##.##.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin evdə iddiaçı, onun həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamışlar. Oğlu Abasov Tural Afis oğlu ## ### 2013-cü il tarixdə cavabdeh Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdeh həmin tarixdən iddiaçının mülkiyyətində olan 2 otaqlı ** saylı mənzilə gəlin köçmüş və birlikdə həmin mənzildə yaşamışlar. Nikaha daxil olduqdan sonra oğlunun cavabdehlə ailə münasibətləri heç də normal olmamışdır. Cavabdeh evə gəlin gəldiyi gündən qayınatasına və həyat yoldaşına qarşı həmişə laqeyd münasibət bəsləmiş və daim mübahisələr yaratmışdır. Iddiaçı 2021-ci ilin aprel ayında cavabdehi mülkiyyətində olan mənzilə sadəcə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir və bununla bağlı cavabdehlə aralarında istifadə hüququnun tanınmasına dair heç bir notarial qaydada razılaşma olmamışdır. Cavabdehin onun evində qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, əmlakına dair sərbəst sərəncam vermə, sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Yaranmış vəziyyət onun bir mülkiyyətçi kimi öz konstitusion hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsini zəruri etmişdir.

7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbi qismən əsassızdır, iddiaçı İddiaçı onun qayınatasıdır. Həyat yoldaşı ölüb. Əri ilə birgə nikahdan 2 (iki) azyaşlı uşaqları doğulub. Əri öldüyü üçün aralarında olan nikaha xitam verilib. O, azyaşlı uşaqları ilə birgə 2011-ci il tarixdən cehiz əşyaları ilə birlikdə gəlin köçdüyü ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Uşaqları bu mənzildə doğulublar. Mərhum əri qayınatanın, yəni iddiaçı İddiaçı ailə üzvü olub. O, qayınana və qayınatası ilə həmin mənzildə yaşamağı təklif edir, lakin onlar bunu qəbul etmir. Onlar həyat yoldaşının hüquqi varisləridir. Onun bütün hüquqlarından tam istifadə etməklə mərhum ərinin hüquqları onlara keçib. Əgər əri sağ olsa idi yəqin ki, hazırkı iddiaçı müvafiq kompensasiya verməklə onların mənzildən çıxarılmağı barədə iddia qaldırmalı olmuş olardı. Bunlara əsasən də iddia tələbi əsassızdır və belə olan halda onların mənzil hüquqları pozulmuş olur. Mərhum ərinin varisləri (uşaqları) və o yaşayış hüququndan və mənzil hüququndan əsassız olaraq məhrum olmuş olurlar. Belə olan halda qanunun analoji münasibətləri mənzilə olan hüquqi rejimi müəyyən etmək və tənzimləmək üçün tətbiq edilməlidir. Iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh, X2, Abasov Ülvi Tural oğlunun Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi ev 50, ** saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin, Cavabdeh, X2 və Abasov Ülvi Tural oğlunun Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi, ev 50, ** saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim - Ş.Əliyev).

9. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə mənzildə yaşayan cavabdeh notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 158.4, 228-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” ## ### 2008-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, azyaşlı uşaqları ilə birgə gəlin köçdüyü mənzildə (cehiz əşyaları ilə birlikdə) 2011-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamışdır (iki azyaşlı övladı da doğulan gündən bu mənzildə yaşamış və birgə yaşamağa davam etmişlər). O və iki azyaşlı övladları mərhum həyat yoldaşının qanun üzrə vərəsələridir, həmin mənzildə istifadə hüquqları vardır. Bu səbəbdən hazırkı halda birinci instansiya məhkəməsi iddiaçının müvafiq kompensasiya verməklə onun və övladlarının sözügedən əmlaka dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməli idi. Həmçinin onu da bildirir ki, onun maddi vəziyyəti çox çətindir (işləmir), övladının Faiq Abasovun əqli geriliyi mövcuddur (bununla bağlı müvafiq tibbi sənədlər şikayətə əlavə olunur), həmçinin onun yaşayış sahəsinə ehtiyacı mövcuddur, ona bazar qiymətinə uyğun kompensasiya verilmədən sözügedən mənzildən çıxarılarsa, o yalnız iki azyaşlı övladı ilə birlikdə onun anası, atası və qardaşının yaşadığı evdə yaşamalı olacaqdır. Bu da azyaşlı övladları üçün təhlükə mənbəyidir. Belə ki, qardaşı ağır psixoloji-nevroloji xəstədir (bununla bağlı müvafiq tibbi sənədlər şikayətə əlavə olunur). Bunun isə övladlarının mənəvi, ruhi inkişafına və sağlam böyüməsinə mənfi təsir edəcəyini düşünür və çox narahatdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilmiş, vəkil vəkil2 cavabdehə göstərdiyi hüquqi yardımla bağlı 10 saata görə 110 manat xidmət haqqının dövlət büdcəsindən tutularaq üzvü olduğu Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ödənilməsi qət edilmişdir (hakimlər – S.Bəhrəmzadə (məruzəçi), R.Səmədov və X.Mərdanova).

14. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması həmin hüquqa xitam verilməsini qeyri-mümkün edir. Belə ki, mülki qanunvericilik mübahisəli mənzilə istifadə hüququ olan şəxslərin bu hüquqlarına xitam verildiyi halda kompensasiya tələbi ilə müraciət edə bilmə imkanlarını nəzərdə tutmuşdur. Cavabdehin isə belə bir hüququ olmamışdır.

15. Məhkəmə kollegiyası cavabdehin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində bəhs olunan “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanması” hüququnun olmasına dair dəlilini də əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə bu hüquq, məhz ailə münasibətlərinə xitam verilmiş şəxsə aid edilmişdir. Lakin mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” ##.##.2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Palatasının qərardadına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil vəkil1 oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi və ya iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya məhkəməsi Ailə Məcəlləsinin 30.4-cü maddəsini formal şəkildə şərh etmiş, lakin sosial vəziyyət, uşaqların maraqları və tərəflər arasında maraqların ədalətli balansı məsələsini real qiymətləndirməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verməməklə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələblərini pozmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13 (İ, III). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

21. Maddə 29. III. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarı

27. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarı

28. “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsinin Palatasının ##.##.2015-ci il tarixli qərardadı

29. “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014- cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar