Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1264/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və tikililərin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı paylı mülkiyyətin naturada bölünməsi barədə iddiası təmin olunaraq Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin birinci mərtəbəsində yerləşən, sahələri 6,6 m2, 9,8 m2, 7,3 m2, 7,9 m2 və 18,0 m2 olan 3, 4, 5, 6 və ** saylı tikililərin həmin evdən ayrılaraq naturada İddiaçı verilməsi qət edilmişdir. Həmin tikililər üzərində İddiaçı mülkiyyət hüququ ## ######## 2018-ci il tarixdə qeydə alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh zəbt etdiyi iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin 6 və ** saylı tikililəri boşaldaraq həmin tikililərdən çıxarılması və tikililərin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı ev paylı mülkiyyət əsasında iddiaçıya, X3, X2 və Rəhimli Cəfər Əhməd oğluna məxsusdur. Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə mübahisəli ünvanda yerləşən *** saylı evin birinci mərtəbəsində yerləşən, sahələri 6,6 m2, 9,8 m2, 7,3 m2, 7,9 m2 və 18,0 m2 olan 3, 4, 5, 6 və ** saylı tikililər həmin evdən naturada ayrılaraq iddiaçıya verilmişdir. DƏDRX tərəfindən iddiaçının adına verilmiş ##.##.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin 3, 4, 5, 6 və ** saylı tikililəri iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh Cavabdeh iddiaçıya məxsus sözügedən evin 6 və ** saylı tikililərini qanunsuz zəbt edərək, həmin əraziləri özünə məxsus sahə ilə birlikdə istifadə edir və orada yaşayır. Cavabdehin bu hərəkəti mülkiyyətçi kimi iddiaçının evindən sərbəst istifadə etməyinə maneəçilik törədir, iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Hazırda evin yerləşdiyi Yasamal rayonu “Sovetski” adlanan ərazisinin 2-ci hissəsində (Nizami metro stansiyasının ətrafı) yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi prosesi başlamışdır. Iddiaçı köçürmə komissiyasına müraciət etdikdə, bildirmişlər ki, ** saylı MKIS-nin ərazisinə düşən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin sahəsi 49,6 m2 olsa da, faktiki ərazi 25,28 m2-dir. Mülkiyyət hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin iddiaçıya məxsus olan 6 və ** saylı tikililəri cavabdeh Cavabdeh tərəfindən qanunsuz zəbt olunduğu və istifadə edildiyi üçün, həmin tikililərə ödəniləcək pul vəsaitinin cavabdehə ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, iddiaçının mülkiyyətində olan sahəyə görə cavabdehə pul ödəniləcəkdir ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulması deməkdir. Artıq daşınmaz əmlakların alqı-satqı əməliyyatları həyata keçirilir. Iddiaçı ehtiyat edir ki, cavabdeh iddiaçıya məxsus tikilinin də pulunu mənimsəyəcəkdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmə tərəfindən iddiaçı və cavabdeh tərəfin iştirakı ilə mübahisə predmeti olan sahəyə yerində baxış keçirilmiş, fərdi evin çertyoju ilə yerində vizual eyniləşdirmələr aparılmaqla müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin 6 və ** saylı tikililərində yaşayır. Həmin tikililər isə iddiaçının xüsusi mülkiyyətindədir.
6. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqları pozulur. Iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehin həmin mənzildə uzun illər yaşaması onun həmin sahəyə mülkiyyət hüquqlarının yaranmasına əsas deyildir, mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasının davam etməsinə haqq vermir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçı və cavabdeh tərəfin iştirakı ilə mübahisə predmeti olan sahəyə yerində baxış keçirilmiş, fərdi evin eskizi ilə yerində vizual eyniləşdirmələr aparılmaqla müəyyən edilmişdir ki, cavabdeh mübahisəli evin 6 və ** saylı tikililərində yaşayır. Həmin tikililər isə iddiaçının xüsusi mülkiyyətindədir. Lakin məhkəmə hansı otaqların cavabdehə məxsusluğu barədə fikir bildirməmişdir. Iddiaçının mülkiyyət hüququnu müdafiə edən məhkəmə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Iddiaçının istifadəsində olan tikililər sənəddə göstərilən ölçülərdən daha çoxdur. Həmin tikililərlə bağlı heç bir açıqlama verilməmişdir. Cavabdehin istifadəsində olan otaqlar ona və mərhum qardaşına məxsus otaqlardır. Cavabdeh iddiaçının hansısa otağını zəbt etməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)****/**** nömrəli qətnaməsi cavabdehin iddiaçının hər hansı otağını zəbt etməyi anlamına gələ bilməz. Məhkəmə işi düzgün araşdırmamış və iş üzrə ixtisalaşmış mütəxəssisə müraciət etməmişdir. Məhkəmə ekspertiza təyin etmədən işi tam araşdıra bilməzdi. Məhkəmə özü ünvana gələrək qarşı tərəfin yalanlarına inanmış və cavabdehin qeyd etdiyi heç bir məsələyə münasibət bildirməmişdir. Iddiaçı öz fikrində olan və ona məxsus olan otaqları məhkəməyə göstərmişdir. Hər hansı bir koordinatlara və plan ölçü sənədinə istinad edilməmişdir. Həmin evin daimi sakinlərindən biri cavabdeh olmuş və vərəsəlik əsasında onun payı müəyyən olunmuşdur. Digər açıq qalan pay isə mərhum qardaşına məxsus idi. Iddiaçı bunu qəsdən məhkəmədən gizlətmişdir. Həyətin yarısını zəbt edən iddiaçı özü cavabdehə şər atmış, məhkəmə isə buna əhəmiyyət verməmişdir. Ümumiyyətlə iş araşdırılmamış, ona görə də apellyasiya məhkəməsində yenidən araşdırılmalı və düzgün nəticəyə gəlinməlidir. Çünki iddiaçının mülkiyyət hüququ olduğu kimi cavabdehin də bu hüquqları vardır. Məhkəmə bərabərlik prinsipini pozmuş, iş üzrə sübutları düzgün müəyyən etməmiş, ümumiyyətlə cavabdehə aid sübutları düzgün tədqiq etməmişdir. Iddiaçının iddiası tam sübut edilməmiş qaydada təmin edilmişdir. Işdə olan məhkəmə qətnaməsi iddiaçının iddia etdiyi otaqların cavabdehin istifadəsində olması anlamına gəlmir. Ekspert və mütəxəssis rəyi alınmalıdır. Çünki bu otaqlardan uzun müddətdir ki, cavabdeh istifadə edir. Həmin otaqlarla bağlı hər hansı mübahisə olmamışdır. Ümumiyyətlə məhkəmənin qeyd etdikləri tələbin təmin olunması üçün əsas ola bilməzdir. Tam sübut olunmadan və tam araşdırılmadan məhkəmənin bu nəticəyə gəlməsi yersiz və əsassızdır. Məhkəmənin göstərdiyi işin hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilmədiyindən apellyasiya məhkəməsində ekspertiza keçirilməli və alnmış rəy digər sübutlara birlikdə tədqiq edilməlidir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fərrux Qasımov-sədrlik edən və məruzəçi, Günay Axundova və Məhəmməd Rüstəmli).
12. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri olaraq ona istinad edilir ki, məhkəmə hansı otaqların cavabdeh Cavabdeh məxsusluğu barədə fikir bildirməmişdir, iddiaçının istifadəsində olan tikililər sənəddə göstərilən ölçülərdən daha çoxdur.
13. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hansı otaqların cavabdehə məxsus olması, iddiaçının istifadəsində olan tikililər mübahisənin predmetini təşkil etmir. Mübahisənin predmetini iddiaçının mülkiyyətində olan hansı otaqların cavabdeh tərəfindən zəbt olunması təşkil edir ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə aparılmış, evin texniki pasportunda olan göstəricilər əsasında yerində vizual eyniləşdirmələr aparılmaqla müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin 6 və ** saylı tikililərində yaşayır.
14. Digər bir dəlil kimi ona istinad olunmuşdur ki, iş üzrə ixtisaslaşmış mütəxəssisə müraciət olunmamış və ekspertiza təyin olunmamışdır.
15. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-nin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
16. Qeyd olunan normaların məzmunundan görünür ki, mütəxəssis və ya ekspert rəyinin alınması üçün zəruri texniki, digər bilik və ya xüsusi bilik tələb olunan sualları izah edilməsinə zərurət yarandıqda mütəxəssis və ya ekspert rəyi alınır. Lakin hazırkı mübahisə üzrə hansı otaqlar üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alındığı məlumdur, texniki pasportda olan göstəricilərə əsasən hansı otağın kimin istifadəsində olmasını müəyyən etmək imkanı mövcuddur, birinci instansiya məhkəməsi də bu imkandan istifadə etməklə araşdırma apararaq düzgün nəticəyə gəlmişdir.
17. Bundan başqa, şikayətin digər dəlili kimi mübahisə predmeti olan otaqlardan lap əvvəldən, uzun müddətdir ki, cavabdehin istifadə etməsinə istinad olunmuşdur.
18. Məhkəmə kollegiyası bu dəlilə də münasibətdə qeyd etmişdir ki, bu əsas da iddiaçının mülkiyyətində olan otaqlar üzərində olan hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında əvvəllər də yaranmış mübahisəyə digər yekun məhkəmə aktı əsasında son qoyulmuş, mübahisə predmeti olan otaqların iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə əlaqədar nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdehin həmin tikililərdə uzun illərdir ki yaşaması onun həmin sahəyə mülkiyyət hüquqlarının yaranmasına əsas deyildir və mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasının davam etməsinə haqq vermir. Mülkiyyət hüququna qeyrilegitim əsaslarla müdaxilə yolverilməzdir. Iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir.
20. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikiasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 140, 152.1, 152.5, 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutları sadalamış və onlara ayrı-ayrılıqda qiymət verməmişdir. Məhkəmə işdə olan sübutlar əsasında yenidən araşdırma apara bilərdi. Sadəcə olaraq birinci instansiya məhkəməsinin qətnaməsini əsassız təsdiq etməklə işinin bitmiş hesab etmişdir. Işə baxılarkən hər hansı bir koordinatlara və plan ölçü sənədinə istinad edilməmişdir. Cavabdeh evin daimi sakinlərindən biri olmuşdur. Vərəsəlik əsasında onun payı müəyyən olunmuşdur. Digər açıq qalan pay isə mərhum qardaşına məxsus idi. Iddiaçı bunu qəsdən məhkəmədən gizlətmişdir. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi isə buna əhəmiyyət verməmişdir. Hər iki instansiyada ümumiyyətlə iş araşdırılmamışdır. Ona görə də iş yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı və yenidən araşdırılma aparılaraq düzgün nəticəyə gəlinməlidir. Çünki iddiaçının mülkiyyət hüququ olduğu kimi cavabdehin də bu hüquqları vardır. Məhkəmələr bərabərlik prinsipini pozmuşdur.
24. Kassator şikayətini Mülki Məcəlləsinin 152.1, 157.4-ci maddələrinə, Mülki Prossessual Məcəllənin 76, 88, 89-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikiasının Konstitusiyası
26. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
32. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Qeyd edilməlidir ki, iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş və o, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak hissəsinin cavabdeh tərəfindən zəbt olunmasını göstərir. Məhkəmələr haqlı olaraq cavabdehin istifadə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən *** saylı evin 6 və ** saylı tikililərin məhz iddiaçının mülkiyyətində olması qənaətinə gəlmiş, cavabdehin oradan çıxarılmalı olmasını qət etmişlər. Cavabdeh həmin tikililərin üzrərində mülkiyyət və ya digər hüquqlarının olmasını göstərmiş olsa da, bununla bağlı heç bir möhtəbər sübuta əsaslanmamışdır.
46. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.