Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1265/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı X2 cavabdehlər cavabdeh2 MMC X5 və cavabdeh2 MMC X5 direktoru cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X2 ##.##.2019-cu il tarixdə cavabdeh2 MMC-də təsərrüfat müdirəsi vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. X4 Xidməti Bakı şəhər Idarəsinin İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, təqdim olunan iş vaxtının uçotu cədvəllərindən sizin iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmadığınız müəyyən edilmişdir. 2023-cü ilə dair iş vaxtının uçotu cədcəllərindən AR Əmək Məcəlləsinin 105-ci maddəsinin tələbləri pozularaq ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində sizin işlərin görülməsinə cəlb olunduğunuz öz əksini taparaq hüquq pozuntusu kimi müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işləməyinə görə ona ödənilməli olan 7000 manat əmək haqqının və anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 manat əmək haqqının cavabdeh cavabdeh2 MMC X5 tutulmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2019-ci il tarixdən ##.##.2022-ci il tarixinədək cavabdeh2 MMC X5 marketinq mütəxəssisi vəzifəsində çalışmışdır. ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş və rəsmi qaydada Təsərrüfat şöbəsi müdiri vəzifəsinə keçirilmişdir. Lakin dəyişiklik edilmiş əmək müqaviləsi ona təqdim edilməmişdir. 11.21-11.23-cü ilə qədər mühasibatlıq şöbəsində, 11.21-05.2024-cü il tarixlərinə qədər insan resursları şöbəsində işçi olmayıb. Bu səbəbdən də ona nə yeni vəzifəsi üzrə əmək funksiyaları, nə də həftəlik iş saatları ilə bağlı məlumat verilmişdir. Ümumiyyətlə, cavabdeh2 MMC X5 əmək qanunvericiliyinin tələblərini pozmaqla fəaliyyət göstərmişdir. Belə ki, əvvəlcədən heç məlumat verilmədən anbardarlıq (şirkətlərlə danışıqlar aparmaq, lazım olan malları sifariş vermək, qaimələrə imza çəkib malları təhvil alıb anbara yerləşdirmək) vəzifəsinin həyata keçirilməsinə qeyri-rəsmi formada cəlb edilmişdir. Hal-hazırda da həmin vəzifəni rəsmi olaraq həyata keçirən işçi olmadığından, başqa işçi həmin vəzifənin həyata keçirilməsinə məcbur edilir. Həmin vəzifənin həyata keçirilməsinə cəlb edilən zaman da hər hansı rəsmiləşdirilmə edilməmişdir. Həmçinin həftəlik 40 saatdan artıq olaraq, o cümlədən qeyri-iş günlərində də işə cəlb edilmişdir. Bununla bağlı narazılığını müəssisə rəhbərliyinə bildirmişdir. Lakin ona həmin müəssisənin təsisçisi olan Aslanov Elçin tərəfindən cavabdeh2 MMC X5 özəl müəssisə olduğunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının bu müəssisədə tətbiq olunmadığını bildirmişdir. Həmçinin işçi tapmaq öhdəliyi də şöbə müdiri kimi onun üzərinə qoyulmuşdur. Bir müddət sonra o, bu işi görməkdən imtina etmiş və insan resursları şöbəsinə işçi tapmağın vacibliyini vurğulamışdır. Lakin müəssisə tərəfindən hər hansı fəaliyyət həyata keçirilməmişdir. 20 ay müddətinə qanunsuz olaraq anbardarlıq vəzifəsindən çalışmağa məcbur edilmişdir. Bundan əlavə olaraq iş saatlarından kənar əmək fəaliyyətinə, qeyri-iş günlərində əməyə cəlb edilmişdir. Bu baxımdan 20 ay müddətinə anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 AZN məbləğində əmək haqqının, 7000 AZN məbləğində də əlavə iş saatlarına görə əmək haqqının ödənilməsi zərurəti vardır. ##.##.2024-cü ildə əmək müqaviləsinin iş vaxtı və nahar vaxtı ilə bağlı şərtləri dəyişdirilmişdir. O isə bunu ##.##.2024-cü il tarixində e-sosial portalından şəxsi kabinetinə baxan zaman görmüşdür. Həmçinin müəssisə tərəfindən ona qarşı edilmiş digər pozuntu isə haqsız olaraq ona töhmət verilməsi ilə bağlı olmuşdur. Belə ki, ##.##.2024-cü il tarixində mehmanxanada qalan qonaqlardan biri (Veronica Pinchas 1002) otağını təmizləyən xadimədən şikayət etmişdir. Şikayətin səbəbi isə otaqdan bahalı ətirin xeyli istifadə edilməsi və sındırılması olmuşdur. Ətiri istifadə edən və sındıran şəxs xadimə X3 olmuşdur ki, həmin şəxs digər qonaq otaqlarından da ətir və pul oğurlamışdır. Lakin bu hadisə nəticəsində iddiaçıya qanunsuz və əsassız olaraq töhmət verilmişdir. Onun məsuliyyəti məhz otaqların təmiz saxlanmasına görə olmuşdur, qonaqların şəxsi əşyalarının salamatlığının qorunması üçün isə o məsuliyyət daşımamışdır. Elçin Aslanov hesab etmişdir ki, gələcəkdə şikayət edəcəyi təqdirdə xitamı töhmətlə əsaslandıra bilsin. Təqsirli xadiməyə isə töhmət verilməsinə baxmayaraq, həm vəzifəsi, həm də maaşı artırılmışdır. Halbuki həmin şəxsin qonaqlara qarşı da kobud davranışlarının dəfələrlə şahidi olmuşlar.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin əsaslarına dair heç bir sübut təqdim etməyib. Iddiaçıya 2023-cü ilin may ayında iş saatlarında əlavə 2 gün işə cəlb edildiyi üçün əlavə əmək haqqı ödənilmişdir. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş səs yazıları, eyni zamanda digər sənədlər iddiaçının öz iddiasını haqlı olmasını təsdiq etməməklə bərabər həmin səs yazılarının hazırki iş üzrə əhəmiyyəti hansısa formada öz təsdiqini tapmamaqdadır. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Xidməti Bakı şəhər Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış rəsmi cavab məktubunda da cavabdeh cavabdeh2 MMC tərəfindən iddiaçının hansısa əlavə işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Həmin məktub üzrə yalnız 2023-cü ilin # ### Faşizm üzərində qələbə və 28 may Müstəqillik günü ilə əlaqədar işə cəlb edilməsi halı ilə əlaqədar qeyd edilir ki, həmin günlər işə cəlb edilmiş işçiyə həmin günlərin əvəzi tam şəkildə ödənilmişdir. Bunu iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışlar da təsdiq etməkdədir. (##.##.2023-cü il tarixində 641.20 manat məbləğində, ##.##.2023-cü il tarixində isə 400,75 manat məbləğində pul vəsaitlərinin ödənilməsi bunu təsdiq etməkdədir). Iddiaçı iddia tələbinin əsası kimi Əmək Məcəlləsinin 73 və 300-cü maddələrinə istinad etsə də, bununla əlaqədar qeyd edirik ki, 73-cü maddə müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimləməni həyata keçirməkdə, 300-cü maddə isə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləməkdədir. Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilə imzalanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmaqla ## ####### 2019-cu il tarixində bağlanılmaqla ## ######## 2024-cü il tarixinə kimi qüvvədə olmuşdur. Cavabdeh qurum tərəfindən ## #### 2024-cü il tarixində iddiaçıya bildiriş göndərilərək ##.##.2024-cü il tarixində onunla imzalanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Yəni müqavilə münasibətlərinə xitam verilməzdən 2 ay əvvəl. Bu münasibətdə hər-hansı pozuntu halı müəyyən edilməməkdədir və mövcud bildirişi iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. Iddiaçı eyni zamanda iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən tələb həm də bu əsasla təmin edilməməlidir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Ilkin Rüstəmli) iddia təmin edilməmişdir .
7. Məhkəmə “iddia tələbinin əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işləməyinə görə ona ödənilməli olan 7000 manat əmək haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçının cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işə cəlb edildiyi halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
8. X4 Xidməti Bakı şəhər Idarəsinin İddiaçı ünvanladığı məktubun məzmunundan aydın olur ki, təqdim olunan iş vaxtının uçotu cədvəlləri Xidmət tərəfindən araşdırılmış və iddiaçının iş saatlarından əlavə işə cəlb edildiyi hal müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçının yalnız ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində (qeyri-iş günlərində) iş saatlarından əlavə işə cəlb edildiyi halı müəyyən edilmişdir. Həmi günlərlə bağlı iddiaçıya ödənilməli olan əmək haqqına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının əmək haqqı hesabından çıxarışdan görünür ki, ## ### 2023-cü il tarixdə 641,20 manat, ## ### 2023-cü il tarixdə isə 400,75 manat olmaqla may ayı üçün ümumilikdə 1041,95 manat əmək haqqı ödənilmişdir. Iddiaçının özünün bildirdiyindən və əmək müqaviləsindən görünür ki, iddiaçının aylıq əmək haqqı 900 manat təşkil etmiş və iddiaçı ödənişi hər ayın 15-i və 30-u olmaqla ay ərzində 2 dəfə almışdır. Eyni zamanda iş materiallarında olan cavabdeh2 MMC tərəfindən X4 Xidməti Bakı şəhər Idarəsinə göndərilən haqq-hesab vərəqəsinin surətindən görünür ki, 2023-cü ilin may ayı üçün artıq iş saatlarına görə mükafat qismində əmək haqqı ilə birlikdə 1174,80 manat məbləğində ödəniş edilmişdir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində iş saatlarından əlavə işə cəlb edildiyi üçün iddiaçıya ödənilməli olan əmək haqqı cavabdeh tərəfindən ona həmin ayda ödənilmişdir.
9. Məhkəmə “iddia tələbinin anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 manat əmək haqqının əmək haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı öz vəzifəsindən başqa eyni zamanda anbardar vəzifəsini həyata keçirdiyini iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə onun əsasları iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb özlüyündə əsassız olduğundan məhkəmə iddiaçının məhkəməyə iddia müddətinin ötürüb-ötürməməklə müraciət etməsi məsələsini araşdırmağa zərurət görmür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 54.1, 58.1, 60, 61.2, 89.2, 99.1, 165.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Əlavə olaraq bildirilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına nəzər yetirilmədən qətnamə qəbul edilmiş və ona qeyri-iş günü hesab edilən günlərdə çalışmasına görə ödənilməli olan ödəncin həqiqətən ödənilməsinin araşdırılmasına dair hər hansı tədbir görülməmişdir.
13. Apellyasiya baxışı zamanı həmin tarixlər üzrə müvafiq ödəncin verilməsi məsələsinin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, iddiaçı X2 cavabdeh2 MMC X5 tərəfindən iş günü hesab edilməyən ##.##.2023 və ##.##.2023-cü il tarixli günlər və digər istirahət günü (ümumi 3 gün üzrə) üçün 274.80 manat kompensasiya məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış, vergilər və digər tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğlərinin iddiaçının kart hesabına köçürüldüyü müəyyən olunur. Iddiaçı X2 tərəfindən cavabdeh2 MMC-də işlədiyi dövrdə yuxarıda qeyd edilən günlərdən başqa iş vaxtından artıq işə cəlb olunma halı öz əksini tapmamışdır.
14. Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbini təsdiq edən sübut yoxdur. Ekspert rəyi də təsdiq etmişdir ki, əlavə cəlb olunmaya görə pul ödənilib.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Babayev - sədrlik edən, məruzəçi, Cəmilə Musayeva və Fuad Abdıyev).
16. Gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əlavə işlərə cəlb edildiyini iddia etsə də, bu barədə mötəbər dəlil təqdim etməmiş, dövlət orqanı tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən olunan günlər üzrə isə müvafiq ödənclərin edildiyi öz təsdiqini tapmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddiasının əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 54.1, 58.1, 60, 61.2, 89.2, 99.1, 165.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. Iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barəsində yeni qərar qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını düzgün hesab etsə də, iddiaçının ##.##.2022-ci ildən Təsərrüfat şöbəsi müdirəsi vəzifəsi ilə yanaşı anbardarlıq funksiyalarını da yerinə yetirməsi faktını araşdırmamışdır. Məhkəmə yalnız rəsmi vəzifə adına istinad etmiş, faktiki yerinə yetirilən əlavə işlərə dair sübutları nəzərə almamış və bununla da ƏM-in 61.2-ci maddəsinin tətbiqindən yayınmışdır.
21. Kollegiya X1 Müfəttişliyinin məktubunda göstərilən ayrı-ayrı tarixlərə əsaslanmış, iddiaçının ##.##.2022–##.##.2024-cü illəri əhatə edən digər sübutlarını hərtərəfli qiymətləndirməmişdir ki, bu da MPM-in 88-ci maddəsinin tələblərinə ziddir.
22. Məhkəmə sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymuşdur. Halbuki iş vaxtının uçotunun aparılması ƏM-in 105-ci maddəsinə əsasən işəgötürənin öhdəliyidir və müvafiq sənədlər onun sərəncamındadır. Iddiaçının həmin sənədlərə çıxışı olmadığından, məhkəmə MPM-in 65-ci maddəsinə uyğun olaraq onların təqdim edilməsini təmin etməli idi. Məhkəmənin bu istiqamətdə tədbir görməməsi və MPM-in 14.2-ci maddəsini passiv şəkildə tətbiq etməsi iddiaçının sübutetmə imkanlarını əsassız olaraq məhdudlaşdırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iş vaxtından əlavə işə cəlb olunduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Iddiaçının bununla bağlı Azərbaycan Respublikası X4 Xidmətinə müraciəti əsasında aparılmış araşdırma zamanı da onun əlavə işə cəlb olunması faktı ümumilikdə təsdiq edilməmişdir.
24. Araşdırma zamanı cavabdeh cavabdeh2 MMC tərəfindən iş vaxtının uçotu, aylıq iş saatı tabelləri və digər zəruri sənədlər təqdim edilmişdir. X4 Xidməti yalnız ##.##.2023 və ##.##.2023-cü il tarixlərində əlavə işə cəlb edilmə halını müəyyən etmiş, həmin dövr üzrə ödənişlərin həyata keçirildiyi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyi ilə təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 54.1. Işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir.
26. Maddə 58.1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.
27. Maddə 60. Işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
28. Maddə 61.2. Vakant vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona vakant vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.
29. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
30. Maddə 99.1. Iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
31. Maddə 165.1. Işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı əlavə iş saatlarına və vəzifəsindən kənar işlərə cəlb olunduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. X1 Müfəttişliyi Xidmətinin məktubu ilə ##.##.2023 və ##.##.2023-cü il tarixlərində iş günü hesab edilməyən günlərdə əmək fəaliyyətinə cəlb olunması müəyyən edilmişdir. Həmin tarixlər üzrə ödəniş məsələsi ekspertiza ilə araşdırılmış və ekspert rəyinə əsasən müvafiq kompensasiya məbləğinin iddiaçının kart hesabına köçürüldüyü təsdiq edilmişdir. Digər dövrlər üzrə iş vaxtından artıq və ya əlavə işə cəlb olunma halı müəyyən edilməmişdir.
41. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut edə bilməmiş, sübutetmə yükü onun üzərinə düşdüyü halda tələblərini təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.