Məhkəmə qərarları › İş №2(1-8)-1269/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1269/2026

28.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1269/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı ilk, cavabdeh Cavabdeh iddiaçı Iddiaçı qarşı qarşılıqlı iddiası iş üzrə QƏRARİ (Açar sözlər: məhdudiyyətlərin aradan qaldırılması, alğı-satqı əqdinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair ilk və cavabdeh Cavabdeh iddiaçı Iddiaçı qarşı “alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mingəçevir şəhər Icra Hakimiyyəti Başçısının ##.##.1995-ci il tarixli, *** saylı sərəncamına əsasən Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına (protokol № *, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla ** №-li TI-də mənzil növbəsinə duran Iddiaçı fərdi ev tikintisi üçün “Günəşli” yaşayış massivindən 600 kv.metr torpaq sahəsinin ayrılması (*** №-li torpaq sahəsi) qərara alınmışdır.

2. Iddiaçı tərəfindən Mingəçevir şəhər Bağlar təsərrüfatının rəisinin adına yazılmış ##.##.1999-cu il tarixli ərizədən görünür ki, Iddiaçı Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli, *** saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinin ətrafını tor setka ilə bağladığını, vəziyyəti ağır olduğuna görə evi axıra kimi tikib qurtara bilmədiyini, həmin torpaq sahəsini Mingəçevir şəhər sakini Əzizov Şöhrəddin Vahid oğluna öz razılığı ilə verdiyini, həyətə çəkdiyi xərcin nağd şəkildə Şöhrəddin Əzizov tərəfindən ona ödənildiyini göstərərək, yuxarıda göstərilən sərəncamla ona verilmiş torpaq sahəsinin Əzizov Şöhrəddin Vahid oğlunun adına sənədləşdirilməsini xahiş etmişdir.

3. Cavabdeh ##.##.1988-ci ildə doğulmuşdur, atası Əzizov Şöhrəddin Vahid oğlu, anası X4r. Əzizov Şöhrəddin Vahid oğlu ##.##.2020-ci ildə ölmüşdür.

4. “Azəriqaz” IB Tərtər RQII tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında ünvan 2 il tarixdə 254509300900310 abonent kodu ilə Əzizov Şöhrəddin Vahid oğlu təbii qaz istehlakçısı kimi qeydiyyata alınmışdır. ##.##.2022-ci ildə ölüm haqqında şəhadətnaməyə əsasən Mingəçevir Asan Xidmət mərkəzində abonent kodu dəyişdirilərək, X4 adına keçirilmişdir.

5. “xxxx” MMC Mərkəzi Aran regional filialının Mingəçevir şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** saylı arayışdan görünür ki, ##.##.2006-cı il tarixində Yeni Günəşli yaşayış massivi ev 9 ünvanına 147004438 şərti nömrə üzərindən Əzizov Şöhrəddin Vahid oğlunun adına ********* saylı lokal telefon nömrəsi sənədləşdirilmişdir. ##.##.2022-ci il tarixdə ********* saylı telefon Əzizov Şöhrəddin Vahid oğlu vəfat etdiyi üçün 146682976 şərti hesab üzrə yoldaşı X4 adına keçirilmişdir.

6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən Iddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Mingəçevir şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması ilə bağlı ##.##.2024- cü il tarixli, ********** nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Yevlax Ərazi Idarəsində baxılmış və daşınmaz əmlaka dair yerquruluşu sənədlərinin hazırlanmasına dair zəruri olan inventarlaşdırma işləri aparılması üçün Ərazi Idarəsinin mühəndisi tərəfindən sözügedən daşınmaz əmlakda olan zaman mübahisənin olduğu aşkarlanmışdır. Ona görə də, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasından imtina olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Əjdər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ## ### 1995-ci il tarixli, *** saylı sərəncamına əsasən ona Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində ayrılmış 600 kv.m (0.06 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə cavabdeh Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ilk iddia onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ## ### 1995-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına (protokol №*, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla vətəndaşlara fərdi ev tikintisi üçün «Günəşli» yaşayış massivindən 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. ** №-li TI-də mənzil növbəsinə duran işçilərdən Iddiaçı 294 №li torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Mingəçevir şəhəri «Günəşli» yaşayış massivində ona qanuni əsaslarla 600 kv.m yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onun gözlənilən mülkiyyət hüququ vardır. Bununla bağlı qeyd edilən Mingəçevir şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması ilə bağlı üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsinə müraciət etmişdir. Müraciəti ##.##.2024-cü il tarixdə cavablandırılmış və bildirilmişdir ki, daşınmaz əmlaka dair yerquruluşu sənədlərinin hazırlanmasına dair zəruri olan inventarlaşma işləri aparılması üçün Ərazi Idarəsinin mühəndisi tərəfindən sözügedən daşınmaz əmlakda olan zaman mübahisənin olduğu aşkarlanmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsinin mühəndislərinin inventarlaşma işlərinin aparılmasına maneəçilik törədən cavabdeh Cavabdehdur. Sonuncunun qeyd edilən 0.06 ha torpaq sahəsinə dair heç bir hüquqi əsası və qanuni gözləntisi yoxdur. Lakin cavabdeh Cavabdeh onun (iddiaçının) Naxçıvan Muxtar Respublikasında yaşamasından istifadə edərək (yaşayış yerinin uzaqlığı, gediş-gəlişin çətinliyini bildiyindən) həyətyanı torpaq sahəsinə sahiblənmək istəyir. Lakin həmin daşınmaz əmlak qanuni olaraq onun (iddiaçının) istifadəsinə və sahibliyinə verilmişdir. Odur ki, cavabdeh Cavabdeh mübahisə ilə bağlı əməli mülki hüquq pozuntusudur-deliktdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Cavabdeh iddiaçı Iddiaçı qarşı qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsinə, Iddiaçı ilə atası Əzizov Şöhrəddin Vahid oğlu arasında ##.##.1999-cu ildə alğısatqı 9. barədə əqdin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o Əzizov Şöhrəddin Vahid oğlunun oğludur. Ilk öncə onu qeyd edir ki, iddia tələbini qəbul etmir. Belə ki, qeyd olunan torpaq sahəsi Mingəçevir Şəhər Icra Hakimiyyəti Başçısının ## ### 1995-ci il tarixli *** saylı sərəncamına əsasən ilkin iddia üzrə iddiaçı Iddiaçı verilmişdir. Mingəçevir Şəhər Icra Hakimiyyəti Başçısının ## ### 1995-ci ii tarixli *** saylı sərəncamına əsasən ilkin iddia üzrə iddiaçi Iddiaçı verilmiş mübahisəli torpaq sahəsi ## ###### 1999-cu il tarixdə Iddiaçı tərəfindən Mingəçevir şəhər Bağlar Təsərrüfatının rəisinə ünvanlanmış ərizə əsasında atası Əzizov Şöhrəddin Vahid oğlunun adına sənədləşdirilməsini xahiş edərək yazılı ərizə ilə müraciət etmişdir. Ərizədən də görünür ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Iddiaçı tərəfindən çəkilmiş xərcin şəxsən atası tərəfindən Iddiaçı ödənilməsi qeyd olunmuşdur. Artıq uzun müddətdir ki, həmin torpaq sahəsi atasının qanuni istifadəsində oImuş, daha sonra isə həmin torpaq sahəsinə istifadə hüququnu o həyata keçirmişdir. Uzun müddət keçdikdən sonra şəxsin yenidən həmin torpaq sahəsini tələb etməsi tam qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsi 25 ildir ki, onun və ailəsinin istifadəsindədir. Hazırda həmin torpaq sahəsində 24 ildir ki, yaşayış üçün bütün şərait yaradılmışdır. Onun və ailəsinin həmin yaşayış sahəsindən başqa yaşayış yeri yoxdur. Həmçinin qeyd etmək istəyir ki, qeyd olunan mübahisəli torpaq sahəsinə qarşı iddia tələbi irəli sürsə də hesab edir ki, iddia tələbinin irəli sürülməsini müəyyən edilən müddət ilkin iddiaçi tərəfindən qanunvericiliyin tələbinə əsasən ötürülmüşdür. 1964-cü il ########ın ##-də qəbul olunmuş və 2000-ci il ########ın #-dən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cu maddəsində hüququ pozulmuş şəxsin iddiasi üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə bir il müəyyən edilmişdir. ilkin iddia tələbinin əsaslı sayılması üçün heç bir hüquqi əsaslar mövcud olmamışdır.

11. Iddiaçı Iddiaçı qarşılıqlı iddiaya etiraz verərək, etirazında göstərmişdir ki, qarşılıqlı iddia ərizəsi tam olaraq qanunsuz və əsassızdır. O mübahisələndirilən 600 kv.metr torpaq sahəsini Əzizov Şöhrəddin Vahid oğluna satmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi tərəfindən yazılmış yazışma aşağıda göstərilən səbəblərə görə yazılmışdır. O, 1987-ci il tarixdən təxminən 2000-ci ilədək Mingəçevir ** nömrəli Mexanikləşdirilmiş dəstədə dülgər işləmişdir. Həmin idarədə işlədiyi zaman ona və onun kimi dülgərlərə dövlətdən mənzil ayrılırdı. Həmin vaxt o subay olmuşdur. Ona mənzil verilməli olduğu halda ailəli və uşaqlı şəxsləri mənzillə təmin etmişlər. Ona isə mübahisələndirilən 600 kv.metr torpaq sahəsi vermişlər. Əslində o torpaq sahəsi deyil, hazır mənzil almaq istəmişdir. Çünki fərdi yaşayış evi tikməyə maddi imkanı olmamışdır. Torpaq sahəsi rəsmi olaraq ona ayrıldıqdan sonra o bununla bağlı əlaqədar təşkilatlara müraciət etmiş və bildirmişdir ki, onu mənzillə təmin etmək şərti ilə torpaq sahəsini geri qaytara bilər. Mingəçevir şəhər Icra Hakimiyyətindən ona bildirilmişdir ki, həmin torpaq sahəsi Əzizov Şöhrəddin Vahid oğluna verilsin, əvəzində isə onu mənzillə təmin etsinlər. O həmin torpaq sahəsində yarımçıq tikinti inşa etməmiş və həmin tikintinin dəyəri Əzizov Şöhrəddin Vahid oğlu tərəfindən ona verilməli olduğu halda ödəniş edilməmişdir. Fikirləşmişdir ki, ona mənzil verilərsə onun tikintisinin haqqını Əzizov Şöhrəddin Vahid oğlu hər hansı bir şəkildə əvəzləşdirəcəkdir. Əzizov Şöhrəddin Vaşid oğlu ona heç bir məbləğ vermədiyi üçün tərəfindən yazılmış ərizədə də məbləğ, o cümlədən torpaq sahəsinin tərəfindən satılması da göstərilməmişdir. Sonra o mənzillə təmin edilməmiş və bununla bağlı onun Mingəçevir şəhər Icra Hakimiyyətinə müraciəti nəticəsiz qalmışdır. Belə olan halda o öz torpaq sahəsini Əzizov Şöhrəddin Vahid oğlundan tələb etmiş və həmin vaxt Əzizov Şöhrəddin Vahid oğlunun övladları kiçik olduğu üçün ona özünə və ailəsinə sığınacaq tapması üçün vaxt vermişdir. Daha sonra o xarici dövlətə getmiş və uzun illər orada yaşamışdır. Azərbaycan döndükdən sonra Əzizovlar ailəsi sifarişlər etmişlər ki, onlara etibarnamə versin ki, torpağı öz adlarına sənədləşdirsinlər. O isə buna razı olmamış və bildirmişdir ki, torpağını geri istəyir. Bundan sonra, özünü yüksək rütbəli polis zabiti olaraq təqdim edən şəxs ondan etibarnamə verməsini tələb etmiş, lakin o etibarnamə verməmiş və torpaq sahəsini geri istəmişdir. O fəhlə adam olsa da onu evdən çıxmağa qoymamışlar, hər an təsir altında olmuş və ondan etibarnamə tələb etmişlər. Sonra o Mingəçevir şəhərinə gəlmək qərarına gəlmiş, aidiyyəti qurumlara (evlər idarəsinə, arxivə, “Asan xidmət”ə) müraciət etmişdir. Evlər idarəsində onun adı kompüterdə qaralanmış, adı çıxmamışdır. *** nömrəli torpaq sahəsi sənədi tapılmamışdır. Yerində ölçmə işləri aparıldıqdan sonra torpaq sahəsinin 294 olduğu aşkarlanmış və buna görə də arxiv arayışı əldə edə bilmişdir. Onunla mərhum Əzizov Şöhrəddin Vahid oğlu arasında heç bir alqı-satqı əqdi olmamış və o Şöhrəddin Əzizovdan heç bir məbləğ almamışdır (vəd versələr də ödəniş etməmişlər). Mübahisələndirilən 600 kv.metr torpaq sahəsinə dair onun gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, qarşılıqlı iddianı qəbul etmir. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçı Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Əntiqə Ismayılova onun bacısıdır və 2014-cü ildə Iddiaçıla ailə qurmuşlar. X8 Naxçıvanda təzyiq altında yaşamış və ondan gizlətmişlər. Bir müddət sonra Iddiaçı onun yanına gələrək başına belə bir hadisənin gəldiyini bildirmiş və ondan birlikdə Mingəçevir şəhərinə getməyi xahiş etmişdir. Buna görə Iddiaçıla birlikdə Mingəçevir şəhərinə gəlmişlər və Cavabdeh yaşadığı ünvana getmişlər. Həyətə girərək, qapını döymüşlər və qapını Elnurun anası açmışdır. Həmin vaxt Elnur “Əjdər niyə indi gəlib, vaxtı ilə çox ağız açdıq, ancaq bizi saymadı. Atam səninlə halallaşıb” demişdir. O da Elnura Iddiaçı qarşı haqsızlıq etdiyini bildirmişdir. Bundan sonra bir dəfə də gələrək Elnurla görüşmüşlər və Elnur onlara 1500 manat pul təklif etmişdir.

13. Məhkəmə iclasında cavabdeh Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, valideynləri 1997-ci ildə orda torpaq alaraq ev tikmişlər. Valideynləri ilə Cavabdeh valideynləri qonşu olmuşlar. Sonra o özü də valideynlərinin yanında ev tikmiş və həmin vaxtdan qonşu olmuşlar. Cavabdeh atası Şöhrəddin Əzizovun həmin torpaq sahəsini kimdən alması barədə məlumatının olmadığını bildirmişdir.

14. Məhkəmə iclasında cavabdeh Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Iddiaçıla bir yerdə işləmişlər. Əjdərin torpağı olmuş və onun yanında torpaq satmaq istədiyini bildirmişdir. Həmin vaxt onların yanında olan Israyıl bunu eşitmiş və qohumunun həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Sonra Şöhrəddin Əzizovla görüşən zaman Şöhrəddin razılığını bildirmişdir. Lakin həmin torpaq sahəsinin hansı qaydada və hansı məbləğdə alınmasından məlumatı olmamışdır.

15. Məhkəmə iclasında cavabdeh Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o həmin ünvana, yəni “Günəşli” yaşayış massivinə gələndə Şöhrəddin Əzizov həmin ünvanda ev tikib yaşamışdır. 1999-cu ildə o da torpaq almış, həmin torpaq sahəsinə gəlib-getmişdir. Həmin vaxtdan da Şöhrəddin Əzizovu tanımışdır. Hazırda Cavabdeh həmin ünvanda yaşayır. Şöhrəddin Əzizovun dediyinə görə Şöhrəddin həmin torpağı pul müqabilində almış, lakin o (şahid) həmin adamı tanımadığını bildirmişdir.

16. Məhkəmə iclasında cavabdeh Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində yaşayır. O həmin massivdə 2007-ci ildə torpaq sahəsi almış və Şöhrəddin Əzizovu da həmin vaxtdan tanımışdır. Onun (şahidin) evinin tikilməsində Şöhrəddin Əzizov iştirak etmişdir. Şöhrəddin Əzizovun torpaq sahəsini kimdən aldığını bilmədiyni bildirmişdir.

17. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində alver edən zaman Iddiaçı onun (şahidin) yanında olan Qüdrət Abdullayevin yanına gəlmiş və torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O da bu barədə həmkəndlisi Şöhrəddin Əzizova məlumat vermiş və Şöhrəddinlə Iddiaçı tanış etmişlər. Razılaşdıqdan sonra Şöhrəddin Əzizovla birlikdə Şöhrəddinin evində Iddiaçı torpağın pulunu vermişlər və onunla halallaşmışlar. Şöhrəddin Əzizov onun yanında Iddiaçı 400 ABŞ dolları vermişdir.

18. Məhkəmə iclasında cavabdeh Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, işlədiyi “Bağlar idarəsi” 1999-cu ilin mart ayında təşkil olunmuşdur. Həmin idarənin yaradılmasının səbəbi şəhərdə bağ və fərdi yaşayış sahələrinin qanunsuz alqı-satqılarının və s. hərəkətlərin qarşısının alınması olmuşdur. Şöhrəddin Əzizovla Iddiaçı arasında torpaq sahəsinə dair alqı-satqı olmasından məlumatı olmamışdır. Həmin idarədə işlədiyi müddətdə torpaq sahələrinin qanunamüvafiq şəkildə sənədləşdirilməsində iştirak etmişdir.

19. Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ## ### 1995-ci il tarixli, *** saylı sərəncamına əsasən ona Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində ayrılmış 600 kv.m (0.06 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə cavabdeh Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, cavabdeh Cavabdeh 100 manat dövlət rüsumu alınaraq iddiaçı Iddiaçı verilməsi, cavabdeh Cavabdeh iddiaçı Iddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh aid edilməsi qət edilmişdir (hakim - Q.Paşayev).

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan, mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir.

21. Məhkəmə ilk iddiaya iddia müddətinin tətbiq edilməsi haqqında məsələyə münasibət bildirərək hesab etmişdir ki, ilk iddia üzrə mübahisə mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olduğundan iddia müddəti tətbiq edilə bilməz.

22. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadələrindən də tərəflər arasında alğı-satqıya dair razılaşmanın olduğu müəyyən edilməmiş və həmin şahid ifadələri həmin halın təsdiqi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8 və 164.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini rədd edən zaman yeganə əsaslandırılması Iddiaçı mərhum atasından hansı ki, atasına satdığı torpağa görə aldığı pulu həmin torpağa çəkilən xərci aldığı kimi şərh vermişdir. Hansı ki, o öz torpağına çəkdiyi xərci niyə atasından almalı idi? Əgər elə idisə niyə 25 il ərzində 1 dəfə də olsun bununla bağlı etirazı, şikayəti olmamışdır. Onun əsaslandığı, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırkı işdən isə müəyyən edilir ki, Iddiaçı Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli, *** saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kv metr torpaq sahəsinin ətrafını tor setka ilə bağladığını, vəziyyəti ağır olduğuna görə evi axıra kimi tikib qurtara bilmədiyini, həmin torpaq sahəsini Mingəçevir şəhər sakini Əzizov Şöhrəddin Vahid oğluna öz razılığı ilə verdiyini, həyətə çəkdiyi xərcin nağd şəkildə Şöhrəddin Əzizov tərəfindən ona ödənildiyini göstərərək, yuxarıda göstərilən sərəncamla ona verilmiş torpaq sahəsinin Əzizov Şöhrəddin Vahid oğlunun adına sənədləşdirilməsini xahiş etmişdir. Həmin vaxtdan da atası sözügedən torpaq sahəsindən istifadə və sahiblik etmiş, üzərində fərdi yaşayış evi inşa etmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi təxminən 1999-cu ildən cavabdeh tərəfindən atasına satılmışdır. Eyni zamanda müəyyən edilir ki, mübahisəli torpaq sahəsi hal-hazırda da onların istifadəsində olmaqla orada ev inşa edilmişdir. Mübahisəli torpaq sahəsi 26 ilə yaxın müddət ərzində onların davamlı istifadəsində və sahibliyində olmasına baxmayaraq cavabdeh tərəfindən həmin torpaqla bağlı onlara heç bir narazılıq və ya irad bildirməməklə faktiki olaraq bağlanmış müqaviləni bəyəndiklərini şəksiz nümayiş etdirmişlər. Göründüyü kimi, cavabdeh tərəf müqaviləni rəsmiləşdirməkdən yayınmaq üçün iş materialları ilə öz təsdiqini tapmayan müxtəlif dəlillər irəli sürmüşdür.

26. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- 27.nömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)- ****/**** ****/**** nömrəli qətnaməsi təmin olunmuş ilk iddiaya aid və rədd edilmiş qarşılıqlı iddiaya aid mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Ə.Məcidov (məruzəçi), E.Isayev və T.Musayev).

28. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin təxminən 1999-cu ildən satıldığını, mübahisəli torpaq sahəsinin 26 ilə yaxın müddət ərzində onların davamlı istifadəsində və sahibliyində olmasına baxmayaraq qarşı tərəfin həmin torpaqla bağlı onlara heç bir narazılıq və ya irad bildirməməklə faktiki olaraq bağlanmış müqaviləni bəyəndiklərini şəksiz nümayiş etdirdiklərini bildirsə də, işin hallarından mübahisəli torpaq sahəsinin alğı-satqısına dair tərəflər arasında heç bir razılaşma müəyyən edilməmişdir.

29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq qarşılıqlı iddia üzrə mübahisəli əmlakın cavabdehin atası Əzizov Şöhrəddin Vahid oğlu tərəfindən alınmasına dair hər hansı yazılı sübutun mövcud olmamasını müəyyən etmiş və qəbul etdiyi qətnamədə əvvəlki MM-in 43-cü maddəsinə uyğun olaraq belə nəticəyə gəlmişdir ki, Əzizov Şöhrəddin Vahid oğlu əqdi icra etməmişdir.

30. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, hazırkı işlə bağlı qarşılıqlı iddia üzrə mübahisə torpaq sahəsinin alğı-satqısı barədə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan həmin əqd yazılı forma tələbinə cavab verməli idi. Hazırda isə işin hallarından görünən odur ki, ümumiyyətlə etibarlı alğı-satqı müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Iddiaçının ev tikmək üçün ona ayrılmış torpaq sahəsini başqa şəxsin, hazırki iş üzrə cavabdehin atasının adına rəsmiləşdirməsini xahiş etməsi barədə ərizə verməsi o demək deyildir ki, həmin ərizə mütləq təmin ediləndir. Çünki torpaq sahələri ona ehtiyacı olan müəyyən kateqoriya insanlara verilmişdir ki, hazırkı iş üzrə cavabdehin atasının həmin kateqoriyadan olan şəxslərdən biri olması müəyyən deyildir. Sonuncu hətta həmin kateqoriya şəxslərdən biri olmuş olsa belə, torpaq sahəsini cavabdehin atasının adına rəsmiləşdirmək barədə sərəncam verən qurum hazırkı iddiaçıdan asılı deyildir.

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni # ######## 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 43, 73, 77, 78, 82-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 152, 157, 164-cü, Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 2000-ci il ########ın #-dək qüvvədə olan MM-in 43-cü maddəsində qeyd olunur ki, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Göründüyü kimi, notarial qaydada təsdiq edilməsi məcburi olan əqd onun hər ikisi tərəfindən icra edilmişdir. Bu halda qarşılıqlı iddia təmin edilməli idi.

34. Mübahisəli torpaq sahəsi 26 ilə yaxın müddət ərzində Ş.Əzizovun və ailəsinin davamlı istifadəsində və sahibliyində olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin torpaqla bağlı onlara heç bir narazılıq və ya irad bildirməməklə faktiki olaraq bağlanmış müqaviləni bəyəndiklərini şəriksiz nümayiş etdirmişdir. Göründüyü kimi, iddiaçı tərəf müqaviləni rəsmiləşdirməkdən yayınmaq üçün iş materialları ilə öz təsdiqini tapmayan müxtəlif dəlillər irəli sürmüşdür.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının # ######## 2000-ci il tarixinədək qüvvədə olan Mülki Məcəlləsi

36. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

37. Maddə 152. Tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur.

38. Maddə 228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan)

39. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

42. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya)

44. Maddə 1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: torpaq bazarı – torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, ipoteka qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər.

45. Maddə 10. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqı müqavilələri Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanılır.

46. Maddə 14. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, girov qoyulma (ipoteka), dəyişmə, bağışlanma və vərəsəlik qaydalarında keçə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.

55. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli, *** saylı sərəncamı ilə Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 m2 torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına, cavabdeh isə iddiaçının Mingəçevir şəhər Bağlar təsərrüfatına ##.##.1999-cu il tarixli ərizəsini torpaq sahəsi ilə bağlı alqı-satqı barədə əqdin bağlanmış hesab edilməsinə dair tələblər irəli sürmüşdür.

56. Hazırkı mübahisənin düzgün hüquqi həlli, ilk növbədə, ##.##.1999-cu il tarixli ərizənin hüquqi mahiyyətinin və hüquqi nəticələrinin düzgün müəyyən edilməsindən asılıdır. Belə ki, iddia tələblərindən göründüyü kimi, tərəflərin hər biri mübahisəli torpaq sahəsi üzərində hüquqa malik olduğunu iddia edir. Mübahisəli torpaq sahəsinin 1995-ci ildə ilk iddiaçının sahiblik və istifadəsinə verilməsi işin mübahisəsiz halı olsa da, qarşılıqlı iddiaçı qeyd edilən ərizəyə istinad edərək həmin hüquqların 1999-cu ildə onun atasına keçdiyini iddia edir. Bu baxımdan, apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilk növbədə qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılır. Çünki qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsi, öz növbəsində, ilkin iddia tələbinin əsaslılığının müəyyən edilməsinə imkan verəcəkdir.

57. Mülki Məcəllənin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

58. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı 2000-ci il ########ın #-dən əvvəlki müddəaları tətbiq etməkdə doğru qənaətə gəlsə də, məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisənin qanuni və ədalətli həlli baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” # #### 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər baxımından nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir.

60. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, davranışlarla, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.

61. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur.

62. Belə ki, # ######## 2000-ci il tarixə qədər qüvvədə olan Mülki Məcəllənin 39-cu maddəsinin 3-cü abzasına görə əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.

63. Mübahisəli hüquq münasibəti yaranan zaman (##.##.1999-cu il) qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 10-cu maddəsinə əsasən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alğı-satqı müqavilələri Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanılır.

64. Bu mənada qeyd olunmalıdır ki, qarşılıqlı iddia tələbinin qanuni əsasını təşkil edən # ######## 2000-ci il tarixə qədər qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

65. Iş materiallarında olan ##.##.1999-cu il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı torpaq sahəsini cavabdehin atasına öz razılığı ilə vermiş, sonuncu iddiaçının çəkdiyi xərci nağd şəkildə ona ödəmişdir. Ərizəni iddiaçı imzalamış və mübahisəli torpağın cavabdehin atasının adına sənədləşdirilməsini xahiş etmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işlə bağlı qarşılıqlı iddia üzrə mübahisə torpaq sahəsinin alğı-satqısı barədə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan həmin əqd yazılı forma tələbinə cavab verməli idi. Hazırda isə işin hallarından görünən odur ki, ümumiyyətlə, etibarlı alğı-satqı müqaviləsinin bağlanmasından söhbət gedə bilməz.

67. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, 2000-ci il # ########a qədər qüvvədə olan Mülki Məcəllənin 152-ci maddəsinin 1-ci abzasına əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Həmin Məcəllənin 228-ci maddəsinin 1-ci abzasına görə alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

68. Belə olan halda məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərkən, yəni tərəflər arasında alğı-satqı münasibətlərinin olub-olmamasını müəyyənləşdirərkən qarşılıqlı iddiaçının əsas dəlili olan ##.##.1999-cu il tarixli ərizədə qeyd olunanları alğı-satqı müqaviləsi ilə bağlı yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından araşdırmalı və həmin ərizədə satıcının əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib müəyyənləşdirilmiş pul məbləğini ödəməsi ilə bağlı tərəflərin həqiqi iradəsinin ifadə olunubolunmadığına qiymət verməli idi. Həmçinin o da qeyd olunmalıdır ki, bu cür yazılı sənədin başlıqda “Ərizə” adlandırılması, tərəflərin bəyan etdikləri həqiqi niyyətlərini qüvvədən salmır.

69. Belə ki, tərəflərin iradə ifadəsinin təfsiri zamanı sənədin formal adı deyil, müqavilənin bütövlükdə mahiyyəti və tərəflərin gözlədiyi real hüquqi məqsəd əsas götürülməli, bu zaman subyektlərin müqaviləyə qədər olan danışıqları, tərəflərin həm müqavilədən əvvəlki, həm də müqavilədən sonrakı davranışları və real hərəkətləri iradənin gerçək məzmununu üzə çıxaran həlledici meyar kimi nəzərə alınmalıdır.

70. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 43-cü maddəsinə istinadla məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur:

1. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; 2. Məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; 3. Əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

71. Birinci və ikinci şərtlərlə bağlı qeyd olunmalıdır ki, cavabdeh təqdim etdiyi ##.##.1999-ci il tarixli ərizəyə istinadla bildirir ki, onun atası torpaq sahəsinə olan hüquqları əvəzli şəkildə əldə etmişdir. Ilk iddiaçının hazırkı mövqeyi isə onun əqdin notariat qaydasında təsdiq edilməsindən yayınması yönündədir. Belə ki, ilk iddiaçının özünün də bildirdiyinə görə, torpağa dair sənədləşmə işlərinin aparılması ilə bağlı qarşı tərəfdən ona dəfələrlə müraciətlər olmuş, lakin o, bundan imtina etmişdir.

72. Üçüncü şərtlə (əqdin özünün qanuna zidd olmaması) bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd edərkən mövqeyini həm də belə əsaslandırıb ki, ümumiyyətlə, etibarlı alğı-satqı müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Iddiaçının ev tikmək üçün ona ayrılmış torpaq sahəsini başqa şəxsin, hazırkı iş üzrə cavabdehin atasının adına rəsmiləşdirilməsi barədə ərizə verməsi o demək deyildir ki, həmin ərizə mütləq təmin ediləndir. Çünki torpaq sahələri ona ehtiyacı olan müəyyən kateqoriya insanlara verilmişdir ki, hazırkı iş üzrə cavabdehin atasının həmin kateqoriyadan olan şəxslərdən biri olması müəyyən deyildir. Sonuncu hətta həmin kateqoriya şəxslərdən biri olmuş olsa belə, torpaq sahəsini cavabdehin atasının adına rəsmiləşdirmək barədə sərəncam verən qurum hazırkı iddiaçıdan asılı deyildir.

73. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmasıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi §67-də qeyd olunmuş mövqeyini konkret maddi hüquq normasına istinad etməklə əsaslandırmamışdır.

74. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.

75. # ######## 2000-ci il tarixinə qədər qüvvədə olan Mülki Məcəllənin 4-cü maddəsinin təhlilindən aydın olur ki, inzibati aktlar mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

76. Bu baxımdan Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli, *** saylı sərəncamı iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun müvafiq qaydada qeydə alınmasına əsas verən hüquqi fakt kimi çıxış edir.

77. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 2- 6-cı bəndlər belə torpaq sahələrinin özəlləşdirilməsi və maraqlı şəxslərin təşəbbüsü ilə mülkiyyət hüquqlarının qeydiyyatı qaydasını təsbit edir. 7-ci bəndə görə torpaq sahəsi üzərində mülkiyyət hüququ onun qanunda nəzərdə tutulmuş qaydada dövlət mülkiyyət reyestrində qeydiyyata keçdiyi tarixdən yaranır.

78. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi barədə inzibati akt birbaşa torpağa mülkiyyət hüququ yaratmasa da, iddiaçının həmin torpaq üzərində sahiblik və istifadə hüququ mövcud olmuşdur. Yəni, iddiaçının həmin torpaq sahəsinə real olaraq gözlənilən mülkiyyət hüququ olmuşdur.

79. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının dövriyyəsi qanunla nəzərdə tutulmuşdur. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 1 və 14-cü maddələrinə görə torpaq sahələrinin dövriyyəsi dedikdə təkcə mülkiyyət hüququnun deyil, həm də istifadə və icarə hüquqlarının dəyişməsi başa düşülür. Bu hüquqlar (o cümlədən istifadə və sahiblik hüquqları) alqı-satqı, bağışlama, dəyişmə, ipoteka və s. yollarla başqa şəxslərə keçə bilər. Yəni, qanun bu hüquqların dövriyyəsini bir hüquqi institut kimi tanıyır.

80. Yuxarıda da qeyd edildiyi kimi torpaq sahəsinin cavabdehə verilməsi barədə inzibati akt birbaşa torpağa mülkiyyət hüququ yaratmasa da, sahiblik və istifadə hüququndan ibarət subyektiv hüququ doğurur. Bu hüquqların konkret şəxsə verilməsi, artıq fərdi-hüquqi status yaradır. Bu statusun özünün başqa şəxsə keçməsi isə qanunda qadağan edilmir, əksinə, qanunla tanınır. Buna görə də iddiaçının torpağa sahiblik və istifadə hüququ “dövriyyə qabiliyyətli əmlak hüququ” hesab edilə bilər.

81. Bu mənada ilk iddiaçı tərəfindən ##.##.1999-cu il tarixdə verilmiş ərizə səlahiyyətli dövlət orqanına ünvanlanmış olsa da, həmin ərizənin torpağa hüququn faktiki ötürülməsini əks etdirən sadə yazılı razılaşma və bu razılaşmanın faktiki olaraq icra edilməklə, dövriyyə qabiliyyətli əmlak hüququnun ötürülməsi kimi sayılmasının mümkünlüyü araşdırılmalı və hüquqi qiymət verilməli idi.

82. Lakin işə baxmış məhkəmə işin hallarını bu hüquqi mövqedən təhlil etməmiş, qarşılıqlı iddiaya qiymət verərkən ##.##.1999-cu il tarixli ərizənin ilkin iddiaçının mövcud olduğu əşya hüquqlarının ötürülməsi kimi müəyyən edilməsinin mümkünlüyü məsələsini müzakirə etməmişdir. Belə mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

83. Məhkəmə icraatında hakim olan hüquqi müəyyənlik prinsipi, digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

84. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

85. Baxılan iş üzrə məhkəmə araşdırması MPM-in 14-cü maddəsində müəyyən olunmuş məhkəmə baxışı prinsiplərinə, çıxarılmış qətnamə isə 217-ci maddəsində nəzərdə tutulmuş qanunilik tələbinə cavab vermir. Buna görə də kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

86. Işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

87. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar