Məhkəmə qərarları › İş №2(1-8)-1292/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1292/2026

23.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1292/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X3 Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa tələbi, müddətli əmək müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, ARDNŞ-nin 11 və 13-cü platformaları, X1 həkimi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.1 və 2.3-cü bəndlərinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə ## #### 2025-ci il tarixinədək 3 il 21 ay müddətinə bağlanmışdır;

3. Cavabdeh MMC tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə ünvanlanmış elektron məktubundan görünür ki, onunla Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə başa çatır, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq ##.##.2025-ci il bazar gününə təsadüf etdiyi üçün ##.##.2025-ci il tarixində əmək münasibətlərinə xitam veriləcəkdir. Əmək münasibətlərinə xitam verilməsindən əvvəl şirkətə məxsus əmlakın (əgər varsa) təhvil verilməsi və sənədlərin rəsmiləşdirilməsi üçün Insan Resursları şöbəsinə müraciət etsin;

4. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli ****/K/** saylı əmrin surətindən görünür ki, “xxxx” MMC bölməsində “Dalğıc həkim” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış *******000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 73.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmiş, işçinin ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departameninə həvalə edilmişdir.

5. *******0003X0 saylı, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixli, ****/K/** saylı əmrinə əsasən Azərbaycan Respublikası 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi) əmək müqaviləsinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı məhkəməyə müraciət edərək onunla cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2022-ci il tarixli əmək müqaviləsinin “bu Əmək müqaviləsi ##.##.2025 tarixinədək 3 il 21 gün müddətinə bağlanmışdır” və “Bu Əmək müqaviləsi müddətsiz bağlanmamışdır” məzmunlu bəndinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti onun ##.##.2025-ci il tarixində işdən azad edilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilərək xxxx vəzifəsinə isə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi, son haqq-hesab olan 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödənc hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı işdən çıxarılması barədə əmrin qanunsuz olduğunu bildərərək tələbini belə əsaslandırmışdır: iddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2022-ci ildə əmək müqaviləsi bağlanmış, işçi Cavabdeh MMC, Bakı Şəhər, ARDNŞnin 11 və 13-cü platformaları üzrə Neft Daşları ünvanında xxxx vəzifəsinə (peşəsinə) işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə görə, bu əmək müqaviləsi ##.##.2025 tarixinədək 3 il 21 gün müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 45-cü maddəsinin 4-cü bəndinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.Göründüyü kimi, onunla əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45.4-cü maddəsinin imperativ tələbi pozulmuş, əslində işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmasina baxmayaraq onunla əmək müqaviləsi müddətli bağlanmışdır. Bu səbəblə hesab edir ki, qeyd edilən əmək müqaviləsinin 2.3-cü bəndi qanunvericiliyin imperativ normalarina zidd olduğu üçün etibarsızdır. Bunun məhkəmə tərəfindən araşdırılmasının xahiş edir. Bundan başqa o, əmək müqaviləsi üzrə öz vəzifələrini layiqincə yerinə yetirməsinə baxmayaraq, o, hüquqlarının tələb etməsi səbəbi ilə müqavilə müddətinin bitdiyini bəhanə edərək cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində işdən çıxarılmışdır. Belə ki, çalışdığı dövrdə o, bir neçə dəfə müraciət edərək bildirmişdir ki, “o, ##.##.2022-ci il tarixindən hazırkı tarixə qədər xxxx şirkətində işəqəbul olmuş və həmin tarixdən SOCAR X4 Dalğic Xidmətinin Mobil Dalğic Kompleksi (MDK) sahəsində "xxxx” vəzifəsində işləyir. xxxx şirkətinin böyük həkimi vəzifəsində işləyən Hüseynov Gündüz tərəfindən ona dəfələrlə şifahi qaydada məlumat verilib ki,sahə rəisi Rəhim Məmmədov dalğıc onun işləmək istəmir. Xahiş edirik ki, bu məsələ araşdırılsın”. Lakin bu məsələ heç bir zaman araşdırılmadı. Bundan başqa o, işdən azad ediləndən sonra da yenə ərizə ilə müraciət edərək bildirdi ki, “xxxx"xxxx” MMC müəssisəsində "xxxx" vəzifəsində ## #### 2022 tarixindən etibarən hər 6 aydan bir yenilənən müddətli əmək müqaviləsi ilə işləyirdim. Toplam iş müddətim fasiləsiz olaraq 3 ilə bərabərdir. ## #### 2025 tarixdə əmək müqaviləmin müddəti başa çatmış və bu barədə mənə yalnız ## #### 2025 tarixdə, o da WhatsApp vasitəsilə qeyri-rəsmi şəkildə məlumat verilmişdir. Bu isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.4.2-ci maddəsinin və 68-ci maddəsinin tələblərinə ziddir, çünki müddətli müqaviləyə xitam verilərkən ən azı 3 iş günü əvvəldən yazılı bildiriş təqdim olunmalı idi. Əlavə olaraq, bu əmək münasibətləri 3 il fasiləsiz davam etdiyi üçün, faktiki olaraq daimi əmək münasibətləri xarakteri daşıyırdı. Mənim yerimə başqa şəxsin götürülməsi və ya işimin ləğvi, işəgötürənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi anlamına gəlir və bu halda Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, mənə 2 aylıq orta əmək haqqı məbləğində kompensasiya ödənilməlidir. Əlavə olaraq bildirirəm ki, əmək müqaviləmdə illik məzuniyyət müddəti 32 təqvim günü nəzərdə tutulduğu halda, mənə hər il yalnız 30 təqvim günü məzuniyyət verilmişdir. Bu səbəbdən, hər il üçün 2 təqvim günü olmaqla, 3 il ərzində ümumilikdə 6 təqvim günü məzuniyyətdən istifadə etməmişəm. Istifadə edilməmiş bu məzuniyyət günləri üçün kompensasiya verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməli və bu halda hüquqların pozulmasi halında kompensasiyanın artırılmış (3 misli) şəkildə ödənilməsi təmin olunmalıdir.

8. Iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində göstərilən 675 manat brutto əmək haqqı ilə, podratçı təşkilat kimi Cavabdeh MMC-nin SOCAR-dan aldığı vəsaitin cəmi məbləği və müqavilə öhdəliklərinə müvafiq olaraq onun əslində almalı olduğu əmək haqqı arasındakı fərqin, onun faktiki işlədiyi müddət üçün hesablanması və hesablanmış məbləğin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X3 Xidmətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdehin nümayəndəsi və vəkili vəkil3 iddianı qəbul etməyərək və iddia ərizəsinə qarşı yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı ##.##.2022-ci il tarixli ərizəsi və həmin tarixli işə qəbul haqqında əmrlə İddiaçı Cavabdeh MMC-də dalğıc həkim vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında ##.##.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin 2.3 bəndinə əsasən bu əmək müqaviləsi “47f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi) qeyd olunan səbəbə görə ##.##.2025-ci il tarixinə qədər müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsinə 11 (on bir) gün qalmış işçiyə qanunla müəyyən edilmiş qaydada elektron kabinetinə bildiriş göndərilmşdir. Həmin bildirişlə əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixində başa çatdığı, ##.##.2025-ci il tarixinin bazar gününə təsədüf etdiyindən ##.##.2025-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi, işçi təhvil-təslim və sənədlərin rəsmiləşdirilməsi üçün Insan Resursları şöbəsinə müraciət etməsi bildirilmişdir. ##.##.2025-ci il tarixində əmr №****/K/** saylı əmrlə işçi ilə əmək müqaviləsi AR ƏM-nin 73.1 bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin 2.3 bəndinə əsasən bu əmək müqaviləsi “47f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi) qeyd olunan səbəbə görə ##.##.2025-ci il tarixinə qədər müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin bitməsinə 11 gün qalmış, yəni ##.##.2025-ci il tarixində işçiyə qanunla müəyyən edilmiş qaydada elektron kabinetinə bildiriş göndərilmişdir. Bildirişlə əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam veriləcəyi bildirilmişdir. Əmək məzuniyyəti məsələsinə gəldikdə iddiaçı iddia edir ki, əmək müqaviləsində illik məzuniyyət müddəti 32 təqvim günüdür. Məhkəməyə səhv məlumat verir. Əmək müqaviləsində əsas əmək məzuniyyəti müddəti 30 gün müəyyən edilib. Qanunun tələbinə görə 5 illik əmək stajı dolduqdan sonra ##.##.2025ci il tarixində əmək müqaviləsinin 8-ci bəndi ilə müqaviləyə dəyişiklik edilərək ümumi əmək məzuniyyəti müddəti 30 gündən 32 günə çıxarılmışdır. Iddiaçı dəyişikliyə qədər 30 gün dəyişiklikdən sonra isə istifadə etmədiyi 2 günün son haqq-hesabını almışdır. Iddiaçının əmək müqaviləsi üzrə öz vəzifələrini layiqincə yerinə yetirdiyi halda, hüquqlarını tələb etməsi səbəbi ilə müqavilə müddətinin bitməsini bəhanə gətirilərək işdən çıxarılması arqumentinin də əsası yoxdur. Əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə xitam verilmişdir. Əmək müqaviləsi müddəti bitdikdən sonra işəgötürən əmək münasibətlərinin davam etdirilməsini istəməmişdir. Ardından ##.##.2025-ci il tarixində İddiaçı öz e-mail poçtundan direktor Ehtiram Quliyevə məktub ünvanlamışdır. Həmin məktubda özünün əsassız fikirlərinə istinad etmiş, Cavabdeh MMC-nin direktoru Ehtiram Quliyevin yuxu arteriyasına bıçaq saplamağla qatil olmasından, şirkətin əsl patronunun “Paşa Holdinq” olmasından, şirkətə “krişalıq” edərək qorumasından, məhkəmələrin hakim ailənin əmri altında olması kimi hüquqdan kənar fikirlər yazmışdır. Nəticədə polisin qərarı ilə IXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün materiallar sahə inspektoruna həvalə edilməsi qərarlaşdırılmışdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı AR MPM-nin 53-cü maddəsinə uyğun 3-cü şəxs qismində göstərdiyi SOCAR və “Azneft” IB-dən müştərək qaydada pul tələb edir. Halbuki onlarla hər hansı bir əmək müqaviləsi bağlanılmamışdır, həmçinin iddia ərizəsində həmin hüquqi şəxslər 3-cü şəxs qismində göstərilmişdir. Tələbinin isə əsaslığı barədə sübutu yoxdur. Iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2025-ci tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir (hakim Şahin Abdullayev).

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılması nəzərdə tutulduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz bağlanılmalı olması barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz.

12. Qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir: 1. əmək müqaviləsinin müddətinin qurtarması; 2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur.

13. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

15. Məhkəmə iddia tələbinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hələ də ödəmədiyi son haqq-hesab olan 6 günlük məzuniyyət pulu (əmək haqqı), yəni 300 manat pulun və həmin pulun hələ də ödənməməsi (gecikdirilməsi) səbəbi ilə bu iş üzrə qətnamənin qəbul ediləcəyi tarixə qədər üzərinə gələn günlük 5 faiz ödənc hesablanması və cavabdehdən tutularaq ona ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim olunan sübutlarla müəyyən olunur ki, iddiaçıya işlədiyi müddət ərzində əmək məzuniyyəti ilə bağlı ödənişlər həyata keçirilmiş, istifadə etmədiyi 2 gün əmək məzuniyyəti üçün son haqq-hesab hesablanaraq ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.

16. Məhkəmə iddia tələbinin iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsində göstərilən 675 AZN Brutto əmək haqqı ilə, podratçı təşkilat kimi Cavabdeh MMC-nin SOCAR dan aldığı vəsaitin cəmi məbləği və müqavilə öhdəliklərinə müvafiq olaraq onun əslində almalı olduğu əmək haqqı arasındakı fərqin, onun faktiki işlədiyi müddət üçün hesablanması və hesablanmış məbləğin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” X3 Xidmətindən müştərək qaydada tutularaq ona ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin tələbi təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin tələbi iddia ərizəsində 3-cü şəxs qismində göstərdiyi hüquqi şəxslərə qarşı yönəltmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-IV, VIII hissələrinə, 37-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 45, 47, 68, 73, 83, 135, 139, 144, 154-cü maddələrinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı qanunsuz və əsassızdır. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45.4-cü maddəsinin imperativ tələbi pozulmuş, əslində işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmasına baxmayaraq, onunla əmək müqaviləsi müddətli bağlanmışdır. Bu səbəblə hesab edir ki, qeyd edilən əmək müqaviləsinin 2.3-cü bəndi qanunvericiliyin imperativ normalarına zidd olduğu üçün etibarsızdır. Lakin məhkəmə bu qanun pozuntusuna məhəl verməmişdir. Bundan başqa, iddia tələbinin digər hissəsi isə məzuniyyət pulunun ödənilməsi tələbi ilə bağlıdır. Belə ki, iddiaçı işdən azad ediləndən sonra da yenə bu məzmunda ərizə ilə müraciət edərək bildirdi ki, “xxxx“xxxx MMC” müəssisəsində “xxxx” vəzifəsində ## #### 2022 tarixindən etibarən hər 6 aydan bir yenilənən müddətli əmək tarixindən etibarən hər 6 aydan bir yenilənən müddətli əmək müqaviləsi ilə işləmiş. Toplam iş müddəti fasiləsiz olaraq 3 ilə bərabərdir. ## #### 2025 tarixdə əmək müqaviləsinin müddəti başa çatmış və bu barədə ona yalnız ## #### 2025 tarixdə, o da WhatsApp vasitəsilə qeyri-rəsmi şəkildə məlumat verilmişdir. Bu isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.4.2-ci maddəsinin və 68-ci maddəsinin tələblərinə ziddir, çünki müddətli müqaviləyə xitam verilərkən ən azı 3 iş günü əvvəldən yazılı bildiriş təqdim olunmalı idi. Əlavə olaraq, bu əmək münasibətləri 3 il fasiləsiz davam etdiyi üçün, faktiki olaraq daimi əmək münasibətləri xarakteri daşıyırdı. Onun yerinə başqa şəxsin götürülməsi və ya işinin ləğvi, işə götürənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi anlamına gəlir və bu halda Əmək Məcəlləsinin 70ci maddəsinə əsasən, ona 2 (iki) aylıq orta əmək haqqı məbləğində kompensasiya ödənilməlidir. Əmək müqaviləsində illik məzuniyyət müddəti 32 təqvim günü nəzərdə tutulduğu halda, ona hər il yalnız 30 təqvim günü məzuniyyət verilmişdir. Bu səbəbdən, hər il üçün 2 təqvim günü olmaqla, 3 il ərzində ümumilikdə 6 təqvim günü məzuniyyətdən istifadə etməmişdir. Istifadə edilməmiş bu məzuniyyət günləri üçün kompensasiya verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməli və bu halda hüquqların pozulması halında kompensasiyanın artırılmış (3 misli) şəkildə ödənilməsi təmin olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, tələb edirəm ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, mənə 2 aylıq orta əmək haqqı miqdarında kompensasiya ödənilsin, hər bir təqvim günü üçün 50 manat hesabı ilə ümumilikdə 300 manat dəyərində kompensasiyanın 3 misli - yəni 900 manat məbləğində kompensasiya ödənilsin, əgər bu tələb 7 təqvim günü ərzində yerinə yetirilməzsə, mən X2 Xidməti və Məhkəmə orqanlarına müraciət edəcəyimi bildirirəm. Əmək qanunvericiliyinin tələblərinə hörmətlə yanaşacağınızı ümid edirəm”. Lakin cavabdeh bu ərizəyə də heç bir cavab verməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını qanunsuz olaraq işdən azad etmiş, onun 6 günlük məzuniyyət pulunu ödəməmiş, bununla qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edir ki, bu qəbuledilməzdir. Bütün bunlardan dolayı iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur qalmışdır. Lakin məhkəmə bu faktları da araşdırmadan qətnamə qəbul edərək iddiaçının hüquqlarını pozmuşdur. Hesab edirik ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və digər maddələrini, digər qanunvericilik aktlarını o cümlədən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini pozmuşdur.

21. Cavabdehin nümayəndəsi vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsində haqlı və düzgün olaraq qeyd olunmuşdur ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz bağlanılmalı olması barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin, tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz.

25. Məhkəmə kollegiyası istifadə olunmamış məzuniyyətə görə pul vəsaitinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə sonuncu dəyişikliklərin məzmununa görə əvvəl bağlanmış əmək müqavilələrinə əsasən əmək məzuniyyətinin müddəti 30 gün olmuş, ## ##### 2025-ci il tarixdən sonra isə 32 gün müəyyən edilmişdir. Məhz bu tarixdən sonra ödənilməli olan istifadə olunmamış əmək məzuniyyətinə görə pul vəsaiti cavabdeh tərəfindən son haqq– hesab verilərkən nəzərə alınmışdır.

26. Mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin hallarına məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Iddiaçı (vəkil: vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini bu mümkün olmasa işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr təqdim edilmiş sübutlara, vəsatət və izahatlara qanunvericiliyin tələblərinə uyğun olaraq yanaşmamış, bununla iddiaçının “ədalətli məhkəmə araşdırması hüququnu” pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etiraz

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

31. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

32. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

33. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73, hissə 1. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin

34. 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz bağlanılmalı olması barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin, tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə sonuncu dəyişikliklərin məzmununa görə əvvəl bağlanmış əmək müqavilələrinə əsasən əmək məzuniyyətinin müddəti 30 gün olmuş, ## ##### 2025-ci il tarixdən sonra isə 32 gün müəyyən edilmişdir. Məhz bu tarixdən sonra ödənilməli olan istifadə olunmamış əmək məzuniyyətinə görə pul vəsaiti cavabdeh tərəfindən son haqq– hesab verilərkən nəzərə alınmışdır.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar