Məhkəmə qərarları › İş №2(1-8)-1332/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1332/2026

09.07.2026 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1332/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: müəlliflik hüququ, müəlliflərin əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehMMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “müqavilənin bağlanma öhdəliyinin qoyulması və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il 29 yanvar tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik) 27.12.2019-cu il tarixli ** nömrəli əmrinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə audioviziual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audioviziual əsas istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorarının yığılmasını Əqli Mülkiyyət Hüquqlarının Təminat Mərkəzinin və İddiaçı (bundan sonra Gildiya) birgə həyata keçirməsi və hesablanmış qonorarın ödəmə mənbəyində vergi tutulduqdan sonra qalan hissəsinin Təminat Mərkəzinə 60%, Gildiyaya 40% olmaqla bölüşdürülməsi əmr edilmişdir.

2. Gildiya 18.06.1999-cu il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdan keçmiş, Agentliyin 27.12.2023-cü il tarixli */**** nömrəli şəhadətnaməsinə əsasən isə audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilat kimi qeydiyyatdan (akkreditasiyadan) keçmişdir.

3. Agentlik tərəfindən MMC-yə (bundan sonra – cavabdeh) Gildiya ilə müqavilə münasibətlərinə daxil olması barədə 11.12.2020-ci il və 24.06.2022-ci il tarixli məktublarla iki müqavilə və idxalına görə qonorar ödənilməli olan avadanlıq və maddi daşıyıcıların siyahısı barədə əlavələr göndərilmiş, lakin tərəflər arasında müqavilə bağlanmamışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Gildiya cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Agentlik) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Qanunun 17-ci maddəsinin və Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli *** nömrəli qərarının icrasının təmini və audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına çatacaq qonorarın yığılması məqsədilə cavabdehin üzərinə Gildiya ilə müqavilə bağlanılması öhdəliyinin qoyulması və 01.01.2021-ci il tarixindən 01.01.2024-cü il tarixinədək (son 3 il ərzində) audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə ümumilikdə 687.399 manat məbləğində pulun cavabdehden alınaraq, 274.959,60 manatının (40%) Gildiyanın, 412.439,40 manatının isə (60%) fonoqram ifaçılarına və istehsalçılarına çatdırılması üçün Agentliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MMC audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalını “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Qanunun 17-ci maddəsinin və Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli qərarının tələblərini pozaraq həyata keçirən təşkilatdır. Nazirlər Kabinetinin həmin qərarına əsasən şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların, audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların istehsalçıları və idxalçıları tərəfindən ödənilir. Cavabdehin kommersiya məqsədilə audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ixdalını həyata keçirməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir qonorar ödəməməsi müəlliflərin, audiovizual əsər və fonoqram istehsalçılarının və ifaçılarının hüquqlarını kobudcasına pozur. Qanunun 17.3-cü maddəsinə və Nazirlər Kabinetinin qərarının 6 və 8-ci bəndlərinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla hər rübün sonunda Agentliyin hesabına qonorar köçürülməlidir. Agentlik 27.12.2019-cu il tarixli əmrlə və 27.12.2023-cü i tarixli şəhadətnamə ilə audiovizal əsər və fonoqramların surətini çıxarma imkanına malik maddi daşıcı və avadanlıqların istehsalçıları və idxalçıları ilə müqavilə münasibətlərinin qurulmasını və onlardan qonorar yığılmasını Gildiyaya tapşırmışdır. Agentliyin cavabdehə göndərdiyi 11.12.2020ci il və 24.06.2022-cil tarixli məktublarına, həmçinin Gildiyanın dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə, müqavilə bağlanılmasına dair təkliflərinə baхmayaraq, cavabdeh bu istiqamətdə hüquqi əsasların yaradılması üçün heç bir addım atmamışdır. Cavabdeh bu hərəkətləri ilə qanunun tələblərini pоzaraq, müəlliflərə maddi zərər vurur. Gildiyanın Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə göndərdiyi rəsmi sorğuya verilmiş cavaba əsasən 01.01.2021-ci il tarixindən 01.01.2024-cü il tarixinədək cavabdeh tərəfindən idxal olunan audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ümumi dəyəri X ABŞ dolları müəyyən edilmişdir. Bu məbləğin manatla ifadəsi X manat təşkil edir. Nazirlər Kabinetinin qərarına əsasən bu məbləğin minimum olaraq 0,5 faizi X manata bərabərdir.

6. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının öz iddiasını əsaslandırdığı qanunun 17-ci maddəsinin 3-cü hissəsindən açıq şəkildə göründüyü kimi avadanlıq və qurğulara surətçıxarma üçün istifadə edilən texniki avadanlıqlar, əsərlərin yazıldığı kasetlər, disklər və s. aid edilmişdir. Cavabdeh tərəfindən isə belə məhsullar idxal edilmir. MMCyə məxsus “Kontakt” mağazalarında elektronika və elektrik məişət malları satılır. Həmçinin Nazirlər Kabinetinin “Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 25.12.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məlumat daşıyıcısı vasitələri – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı məlumat və ya təlimatlar yığımının saxlanılması və istifadəsi üçün təyin edilmiş kompakt disklər (CD-lər), maqnetik kasetlər, disketlər, DVD və s. maddi obyektlərdir. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat daşıyıcısı vasitələrinə elektron inteqral sxemləri, yarımkeçiricilər, elektron inteqral sxemlərini və ya mexanizmlərini özündə birləşdirən əşyalar və ya cihazlar (kompüterlər, bərk disklər və s.) daxil deyildir. Iddiaçının müqaviləyə əlavə etdiyi siyahıya istisna edilən bir neçə mal kodları gömrük sistemində (rəsmi saytında) verilən anlayış belədir: 8471300000 - ən azı məlumatın işlənmə mərkəzi blokundan, klaviaturadan və displeydən ibarət olan, kütləsi 10 kq-dan çox olmayan portativ hesablayıcı maşınlar; 8517 başlığı ilə qeyd olunan mallara – mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün smartfonlar və digər telefon aparatları da daxil olmaqla telefon aparatları və s. Göründüyü kimi, qeyd edilən məhsullar gömrük sistemində belə maddi daşıyıcı, surətçıxarma avadanlıqları kimi qəbul olunmur, o kateqoriyadan olan məhsulları isə cavabdeh MMC idxal etmir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim L.Məmmədova) 2025-ci il 11 iyul tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, Gildiya cavabdeh MMC-yə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmçinin cavabdeh tərəf yazılı etirazında və məhkəmə çıxışlarında iddia tələbini qəbul etmədiklərini, iddiaçı tərəfin qeyd edilən siyahı üzrə avadanlıqların onlar tərəfindən ölkəyə idxal edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia cavabdehin üzərinə müqavilə bağlama öhdəliyinin qoyulması hissəsində təmin edilməməlidir.

9. Məhkəmə iddia tələbinin ikinci hissəsini, yəni pulun tutulması hissəsini də əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı hər hansı müqavilə mövcud deyil və müqavilənin bağlanması öhdəliyi məhkəmə tərəfindən təmin edilməmişdir. Belə olan halda pulun tutulması tələbi ilk tələbdən (müqavilə bağlanması öhdəliyindən) asılı olduğuna görə təmin edilə bilməz.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 390.1, 390.3, 405.1, 405.2, 407.1-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15.4, 17.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 14.2, 77.1, 88, 217.2, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il 29 yanvar tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), M.Rüstəmli və F.Qasımov).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh MMC-yə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir.

14. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

15. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

16. Cavabdeh tərəf yazılı etirazında və məhkəmə çıxışlarında iddia tələbini qəbul etmədiklərini, iddiaçı tərəfin qeyd edilən siyahı üzrə avadanlıqların onlar tərəfindən ölkəyə idxal edilmədiyini bildirmişdir.

17. Iddiaçı isə cavabdehin audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların (bundan sonra - avadanlıqlar), audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların (bundan sonra - maddi daşıyıcılar) idxalçısı olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

18. Iş materiallarında olan Gildiyanın İdarə Heyətinin 17.05.2024-cü il tarixli iclasının qərarı ilə təsdiq olunmuş, “audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılması məqsədi ilə istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçıları tərəfindən ödəniləcək qonorarın məbləği göstərilməklə həmin avadanlıqların və maddi daşıyıcıların Siyahısı”nda bir sıra informasiya girişini və çıxışını təmin edən qurğuları olan hesablayıcı maşınlar və onların blokları (komputerlər, noutbuklar, tablet və s.), maqnit, optik və elektron inteqral sxemli yaddaş qurğuları, telefon aparatları və s kimi avadalıqların adları qeyd olunmuşdur. Siyahıda qeyd olunan avadanlıq və qurğuların adları iddiaçı tərəfindən birtərəfli qaydada qeyd olunmuşdur.

19. Beləliklə, kollegiya qeyd etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 6.2, 389.1, 390.1, 390.3, 405.1, 405.2, 407.1-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4, 15.4, 17.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 6, 8-ci bəndinə və Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı (vəkil nümayəndə5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni ümumi mülkihüquqi22.müqavilə münasibəti kimi qiymətləndirmiş və Mülki Məcəllənin müqavilə azadlığına dair müddəalarına istinad etmişdir. Lakin bu yanaşma hazırkı mübahisənin hüquqi təbiətinə uyğun deyildir və tətbiq edilməli olan xüsusi hüquq normalarının nəzərə alınmaması ilə nəticələnmişdir. Hazırkı iş üzrə mübahisə tərəflərin sərbəst kommersiya iradəsinə əsaslanan adi müqavilə münasibətindən deyil, müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla qorunan əmlak hüquqlarının təmin edilməsindən irəli gəlir. Bu münasibətlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunla xüsusi qaydada tənzimlənir və həmin qanun ümumi mülki hüquq normaları ilə müqayisədə prioritet tətbiq edilməlidir. Belə ki, sözügedən Qanunun 17.3-cü maddəsində birbaşa müəyyən edilmişdir ki, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarıldıqda audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və göstərilən qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçısı və ya idxalçısı tərəfindən ödənilir. Normanın məzmunundan açıq görünür ki, müəlliflərin və əlaqəli hüquq sahiblərinin qonorar almaq hüququ qanundan birbaşa yaranır, cavabdehin ödəmə vəzifəsi qanunla müəyyən edilir. Həmin öhdəliyin yaranması üçün tərəflər arasında ayrıca müqavilənin bağlanması şərt kimi nəzərdə tutulmur.

23. Məhkəmə nəzərə almamışdır ki, 17.4-cü maddədə nəzərdə tutulan müqavilə hüququn mənbəyi deyil, qanundan doğmuş öhdəliyin icra mexanizmidir. Həmin normaya əsasən qonorarın yığılması və bölüşdürülməsi kollektiv əsasda idarə edən təşkilat tərəfindən müqaviləyə uyğun həyata keçirilir. Yəni əvvəlcə qanuni öhdəlik mövcuddur, sonra həmin öhdəliyin texniki icrası müqavilə ilə rəsmiləşdirilir. Apellyasiya məhkəməsi isə bu ardıcıllığı tərsinə yozaraq müqavilənin olmamasını öhdəliyin ümumiyyətlə yaranmaması kimi qəbul etmişdir. Belə yanaşma qanunun məqsədini də tamamilə puça çıxarır. Əgər idxalçı və ya istehsalçı sadəcə müqavilə bağlamaqdan imtina etməklə müəlliflərə və əlaqəli hüquq sahiblərinə ödənilməli qonorardan yayınmaq imkanına malik olarsa, bu halda Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş kompensasiya mexanizmi faktiki olaraq işləməz vəziyyətə düşər. Qanunvericinin müəllif hüquqlarını qorumaq üçün yaratdığı institut formal xarakter daşıyar və hüquq sahiblərinin qanuni maraqları müdafiəsiz qalar.

24. Müqavilə azadlığı prinsipinin özü də mütləq xarakter daşımır. Mülki dövriyyədə çoxsaylı münasibətlər mövcuddur ki, burada qanun tərəflərin sərbəst iradəsini ictimai maraq və hüquqların müdafiəsi naminə məhdudlaşdırır. Müəllif hüquqları sahəsində kollektiv idarəetmə və məcburi kompensasiya mexanizmi də məhz belə hüquqi institutlardan biridir. Burada söhbət iki bərabər kommersiya subyektinin sərbəst bazar davranışından deyil, qanunla qorunan müəllif hüquqlarının kollektiv müdafiəsindən gedir. Məhkəmə yalnız ümumi mülki hüquq normalarına istinad etməklə kifayətlənə bilməz, mübahisənin xarakterinə uyğun xüsusi qanunvericiliyi tətbiq etməlidirlər.

25. Bundan başqa, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin SIA AKKA/LAA Latviyaya qarşı işində kollektiv idarəetmə təşkilatlarının müəllif hüquqlarının həyata keçirilməsində xüsusi rolu tanınmış, belə təşkilatların iqtisadi maraqlarının mülkiyyət hüququnun müdafiə sferasına aid olduğu qeyd edilmişdir. Həmin işdə milli məhkəmələrin tərəflər arasında razılıq əldə olunmadıqda hüquqların effektiv müdafiəsini təmin etmək və adekvat mexanizm yaratmaq səlahiyyətinin mövcudluğu qəbul olunmuşdur. Hazırkı işdə isə apellyasiya məhkəməsi əksinə olaraq formal “aksept yoxdur” yanaşması ilə kifayətlənmiş, hüquqların effektiv müdafiəsi üçün nəzərdə tutulmuş xüsusi mexanizmi nəzərə almamışdır.

26. Digər tərəfdən apellyasiya məhkəməsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsinin 4 və 5-ci hissələrinin hüquqi nəticələrini də nəzərə almamışdır. Belə ki, həmin normaya əsasən məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi, habelə hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilibbilməməsindən asılı olmayaraq müəllifə və ya digər hüquq sahibinə kompensasiya ödəməsi barədə qərar çıxarmaq hüququna malikdir. Eyni zamanda müəllifin və ya əlaqəli hüquqlar sahibinin hüquq pozuntusuna yol vermiş şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus əsərdən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı iş üzrə cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qonorarın ödənilməməsi hüquq pozuntusu yaratdığından, iddiaçının pul tələbi təkcə 17-ci maddəyə deyil, həmçinin 45-ci maddəyə əsaslanır. Məhkəmə isə həmin normanı ümumiyyətlə tətbiq etməmişdir.

27. Apellyasiya məhkəməsi cavabdehin yazılı etirazına istinad edərək iddiaçı tərəfindən cavabdehin audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçısı olmasının sübuta yetirilmədiyi, iş materiallarında olan Siyahının isə iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edildiyi nəticəsinə gəlmişdir. Lakin həmin nəticə iş materiallarında mövcud olan sübutlara zidd olmaqla yanaşı, sübutların araşdırılması və qiymətləndirilməsi qaydalarının kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir. Iş materiallarında Agentliyin tabeliyində olan Təminatı Mərkəzinin 23.07.2024-cü il tarixli məktubu mövcuddur. Həmin məktubda Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən cavabdeh MMC tərəfindən 2021-ci il, 2022-ci ilin İ rübü, 2023-cü il və 2024cü ilin birinci rübündə audiovizual əsər və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxal edildiyi, onların ümumi dəyərinin konkret rəqəmlərlə müəyyən olunduğu göstərilmişdir. Məktubda qeyd edilmişdir ki, 2021-ci il və 2022-ci ilin İ rübü üzrə idxal olunmuş malların ümumi dəyəri X ABŞ dolları, 2023-cü ildə isə X ABŞ dolları təşkil etmişdir. Bundan əlavə, Agentliyin 24.06.2022-ci il tarixli rəsmi məktubu ilə birbaşa cavabdeh MMC-yə bildirilmişdir ki, 2021-ci il və 2022-ci ilin İ rübü ərzində ölkəyə idxal edilmiş mübahisəli malların miqdarı X ədəd, statistik dəyəri isə X ABŞ dolları olmuşdur və Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli qərarına əsasən cavabdehin gecikmiş öhdəliyinin icrası təmin edilməlidir. Beləliklə, səlahiyyətli dövlət orqanı cavabdehin həm idxal faktını, həm də normativ aktdan irəli gələn ödəniş öhdəliyini rəsmi qaydada təsbit etmişdir. Apellyasiya məhkəməsi göstərilən rəsmi sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, dövlət orqanları tərəfindən təqdim edilmiş məlumatların mötəbərliyini araşdırmamışdır. Məhkəmə eyni zamanda cavabdehin sadə inkar xarakterli etirazını faktiki olaraq sübut kimi qəbul etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz etsə də, həmin malları idxal etmədiyini təsdiq edən hər hansı gömrük bəyannaməsi, mal nomenklaturası, idxal sənədləri, vergi uçotu sənədləri və ya digər rəsmi sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə cavabdehin sübutsuz etirazını üstün tutmuş, iddiaçının təqdim etdiyi rəsmi dövlət sənədlərini isə nəzərə almamışdır. Bu isə tərəflərin prosessual bərabərliyi və sübutların obyektiv qiymətləndirilməsi prinsiplərinə ziddir. Hazırkı mübahisə idxal əməliyyatları ilə bağlı olduğundan mübahisəli məlumatlar ilk növbədə cavabdehin özündə, habelə gömrük, vergi, statistika və digər dövlət informasiya bazalarında mövcuddur. Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli qərarının 5-ci bəndində də aidiyyəti dövlət orqanlarının tələb olunan məlumatları rübdə bir dəfə Agentliyə təqdim etməli olduqları birbaşa göstərilmişdir. Belə olan halda məhkəmə passiv mövqe tutmaq əvəzinə işin düzgün həlli üçün zəruri sənədləri tələb etməli, əlavə araşdırma aparmalı idi.

28. Məhkəmə iş materiallarında olan siyahının iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edildiyini göstərmişdir. Lakin həmin siyahı iddia tələbinin predmetini konkretləşdirən, qanunda istifadə olunan “digər avadanlıqlar” və “digər maddi daşıyıcılar” anlayışlarının tətbiqi məqsədilə hazırlanmış texniki və metodiki sənəd xarakteri daşıyır. Siyahının iddiaçı tərəfindən hazırlanması onun hüquqi əhəmiyyətini avtomatik aradan qaldırmır. Əksinə, məhkəmə həmin siyahının qanunun məqsədinə və texniki reallığa uyğun olub-olmamasını araşdırmalı idi. Əgər məhkəmədə kompüterlər, noutbuklar, planşetlər, yaddaş qurğuları, mobil telefon aparatları və digər rəqəmsal cihazların audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqlar sayılıb-sayılmaması barədə şübhə yaranmışdısa, bu halda xüsusi bilik tələb olunduğundan ekspertiza təyin edilməli və ya mütəxəssis rəyi alınmalı idi. Məhkəmə isə nə ekspertiza təyin etmiş, nə mütəxəssis rəyi almış, nə də texniki araşdırma aparmışdır. Buna baxmayaraq, həmin avadanlıqların mübahisəli kateqoriyaya aid olmadığı barədə nəticəyə gəlmişdir ki, bu da prosessual baxımdan yolverilməzdir. Məhkəmə qanunda sadalanan audiovideomaqnitofonlar, kasetlər və lazer diskləri formal şəkildə əsas götürərək normanı dar təfsir etmiş, texnoloji inkişafı nəzərə almamışdır. Halbuki müasir dövrdə smartfonlar, kompüterlər, planşetlər, yaddaş kartları, sərt disklər və digər rəqəmsal daşıyıcılar əsərlərin surətinin çıxarılması, saxlanılması və ötürülməsi üçün klassik vasitələrdən daha geniş istifadə olunur. Qanunun 17-ci maddəsində işlədilən “başqa avadanlıqlar” və “digər maddi daşıyıcılar” ifadələri də məhz texnoloji inkişafı əhatə etmək məqsədi daşıyır.

29. Məhkəmə mübahisəli avadanlıqların və maddi daşıyıcıların hüquqi mahiyyətini qiymətləndirərkən Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş əsas anlayışları nəzərə almamışdır. Belə ki, həmin maddəyə əsasən “surətçıxarma” əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada hazırlanması olmaqla yanaşı, əsərlərin və ya fonoqramların elektron (rəqəmli daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti və ya daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır. Habelə “yazılma” anlayışı texniki vasitələrin köməyi ilə səslərin və ya təsvirlərin dəfələrlə qavranılmasına, surətinin çıxarılmasına və ya bildirilməsinə imkan verən hər hansı maddi formada əks olunması kimi müəyyən edilmişdir. Normanın məzmunundan açıq görünür ki, qanunverici surətçıxarma anlayışını yalnız ənənəvi kaset, disk və maqnit daşıyıcıları ilə məhdudlaşdırmamış, elektron və rəqəmsal texnologiyaları da birbaşa əhatə etmişdir. Buna görə kompüterlər, mobil telefonlar, planşetlər, yaddaş qurğuları, sərt disklər, USB daşıyıcılar və digər rəqəmsal cihazlar audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması, saxlanılması və təkrar istifadəsi üçün istifadə olunan vasitələr kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi isə bu tərifləri nəzərə almadan normanı dar və köhnəlmiş texniki yanaşma ilə şərh etmiş, nəticədə maddi hüquq normasını səhv tətbiq etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; ...6.1.5. müqavilələr azadlığ...

32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

34. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

38. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun

39. Maddə 4. “surətçıxarma” – əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır; “yazılma” – texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması sayılır.

40. Maddə 12.4.Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir.

41. Maddə 15.4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

42. Maddə 17 (3-cü hissə) Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

43. Maddə 17 (4-cü hissə). Qonorarın məbləği və ödənilməsi şərtləri, bir tərəfdən göstərilən istehsalçı və ya idxal edən, digər tərəfdən müəllif, ifaçı və audiovizual əsər və fonoqram istehsalçıları, yaxud onların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə ilə, tərəflərin razılıq əldə edə bilmədikləri hallarda isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”

44. Bənd 6. Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir. Azərbaycan Respublikasında istehsal olunmuş avadanlıq və maddi daşıyıcılara görə qonorarı istehsalçı tərəfindən rübdə bir dəfə ödənilir. Azərbaycan Respublikasına idxal olunan avadanlıq və maddi daşıyıcılara görə qonorarı malın sərbəst dövriyyəyə buraxılması üçün gömrük rəsmiləşdirilməsi başa çatdığı gündən sonra, 2 aydan gec olmayaraq, idxalçı tərəfindən ödənilməlidir. Istehsal və ya idxal olunmuş eyni avadanlıq və maddi daşıyıcıya görə qonorarı bir dəfə və yalnız bir müqavilə üzrə ödənilir və təkrar ödənişlərin tələb edilməsi yolverilməzdir.

45. Bənd 8. Istehsalçılar və idxalçılar tərəfindən hesablanmış qonorar hər rübün sonunda Agentliyin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Tərəflər arasındakı mübahisə ondan ibarətdir ki, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı kimi cavabdehin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir. Cavabdeh isə tərəflər arasında müqavilənin bağlanmadığını, həmçinin idxal etdiyi malların qanunda nəzərdə tutulmuş avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olmadığını göstərərək iddiaya etiraz edir.

59. Mübahisənin hüquqi həlli üçün ilk növbədə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qonorar almaq hüququnun yaranmasının tərəflər arasında müqavilənin bağlanmasından asılı olub-olmadığı, daha sonra isə cavabdehin idxal etdiyi malların “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş surətçıxarma üçün istifadə olunan avadanlıqlar və maddi daşıyıcılar kateqoriyasına aid olub-olmadığı müəyyən edilməlidir.

60. Işə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı rədd edərkən belə nəticəyə gəlmişlər ki, cavabdeh MMC-yə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan başqa, məhkəmələr iddiaçının cavabdehin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyini qeyd etmişlər.

61. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır.

62. Əvvəla, məhkəmələr müəlliflərin qonorar almaq hüququnun hüquqi əsasını düzgün müəyyən etməmişlər.

63. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surəti çıxarıldıqda müəlliflərin, ifaçıların, audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və həmin qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilir. Normanın məzmunundan görünür ki, həm müəlliflərin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir.

64. Həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş müqavilə isə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir. Müqavilənin bağlanması tərəflərə, o cümlədən idxalçıya qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla, qonorarın məbləğini və ödənilməsi şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Tərəflər razılığa gələ bilmədikdə isə həmin məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi açıq şəkildə göstərilmişdir.

65. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşsa da, həmin mövqe öz-özlüyündə iddiaçının pul tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, məhkəmələr pul tələbinin təmin edilməməsini əsaslandırarkən tərəflər arasında müqavilənin bağlanmamasına istinad etmiş, həmin halı qonorarın tutulması tələbinin təmin edilməsinə maneə kimi qiymətləndirmişlər. Halbuki bu nəticəyə gəlməzdən əvvəl məhkəmələr müəlliflərin qonorar almaq hüququnun və cavabdehin ödəniş öhdəliyinin hüquqi əsasının birbaşa qanundan, yoxsa yalnız müqavilədən irəli gəldiyini müəyyən etməli idilər.

66. Əks yanaşma qəbul edildiyi halda, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər. Belə yanaşma isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla təmin edilmiş əmlak hüquqlarının faktiki həyata keçirilməsini mümkünsüz edər, qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini əhəmiyyətsiz hala salar və hüquqdan sui-istifadəyə şərait yaradardı.

67. Beləliklə, tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qanundan irəli gələn qonorar almaq hüququnu və idxalçının həmin qonorarı ödəmək öhdəliyini aradan qaldırmır. Müqavilənin hüquqi əhəmiyyəti tərəflərin qanunvericiliklə müəyyən edilmiş çərçivə daxilində qonorarın məbləği və ödənilmə qaydası barədə qarşılıqlı razılığa gəlmələrindən ibarətdir. Belə razılıq əldə edilmədiyi halda isə idxalçı qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən müəyyən edilmiş minimum məbləğdə qonorar ödəmək öhdəliyini daşıyır.

68. Kassasiya şikayətinin digər dəlili cavabdehin idxal etdiyi malların qonorar öhdəliyi yaradan avadanlıqlar və maddi daşıyıcılar kateqoriyasına aid olub-olmaması ilə bağlıdır.

69. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun 17.3-cü maddəsində belə avadanlıq və maddi daşıyıcıların qəti və məhdud siyahısı müəyyən edilməmişdir. Qanunverici “audio və videomaqnitofonlar, başqa avadanlıqlar”, habelə “lazer diskləri və digər maddi daşıyıcılar” ifadələrindən istifadə etmişdir. Bu isə normada sadalanan vasitələrin nümunə xarakteri daşıdığını və texnoloji inkişaf nəticəsində eyni funksiyanı yerinə yetirən digər texniki vasitələrin də həmin anlayışın əhatəsinə daxil ola bilməsini göstərir.

70. Həmin kateqoriyaya hansı avadanlıq və maddi daşıyıcıların aid olduğu Qanunun 4-cü maddəsində verilmiş “surətçıxarma” və “yazılma” anlayışları nəzərə alınmaqla müəyyən edilməlidir. Bu maddəyə əsasən surətçıxarma yalnız klassik maddi daşıyıcılarda nüsxənin hazırlanmasını deyil, əsərlərin və fonoqramların elektron (rəqəmli daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti və ya daimi saxlanılması üçün yazılmasını da əhatə edir. Eyni zamanda yazılma anlayışı səslərin və təsvirlərin texniki vasitələrlə dəfələrlə qavranılmasına, surətinin çıxarılmasına və ya bildirilməsinə imkan verən hər hansı maddi formada əks etdirilməsini ifadə edir.

71. Buna görə də konkret texniki vasitənin Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş “başqa avadanlıqlar” və ya “digər maddi daşıyıcılar” anlayışına aid olub-olmaması yalnız onun adından deyil, funksional xüsusiyyətlərindən, yəni audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyən edilməlidir.

72. Iş materiallarından görünür ki, Agentlik birinci instansiya məhkəməsinin məhkəmənin sorğusu əsasında Dövlət Gömrük Komitəsinin təqdim etdiyi 2021-2023-cü və 01.01.2024- 31.03.2024-cü illərdə ölkəyə idxal olunan audiovizual əsər və fonoqramların surətçıxarmasında istifadə olunan maddi daşıyıcı və avadanlıqların siyahılarını məhkəməyə təqdim etmişdir.

73. Apellyasiya instansiyası məhkəməsi isə 17.05.2024-cü il tarixli qərar ilə təsdiq olunmuş “Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılması məqsədi ilə istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçıları tərəfindən ödəniləcək qonorarın məbləği göstərilməklə həmin avadanlıqların və maddi daşıyıcıların Siyahısı”nın birtərəfli qaydada tərtib olunduğunu göstərməklə kifayətlənmiş, lakin Dövlət Gömrük Komitəsinin məlumatlarında əks olunan konkret malların hansı səbəbdən Qanunun 17.3-cü maddəsində nəzərdə tutulan avadanlıq və maddi daşıyıcılar hesab edilmədiyini əsaslandırmamış, həmin malların texniki xüsusiyyətlərinə və funksional təyinatına hüquqi qiymət verməmişdir.

74. Halbuki, belə qiymətləndirmə xüsusi bilik tələb edən məsələdir. Məhkəmədə cavabdehin idxal etdiyi avadanlıqların surətçıxarma və yazılma üçün istifadə olunan avadanlıqlar hesab edilibedilməməsi barədə şübhə yarandığı halda, bununla bağlı müvafiq ekspertiza təyin edilməli və ya mütəxəssis rəyi alınmalı idi.

75. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

76. Mülki prosessual qanunvericiliyə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülsə də, məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsində passiv mövqe tuta bilməz. Təqdim edilmiş sübutlar iş üzrə əhəmiyyətli halın müəyyən edilməsi üçün kifayət etmədikdə, həmin halın aydınlaşdırılması xüsusi bilik tələb etdikdə, məhkəmə işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə qanunla nəzərdə tutulmuş prosessual vasitələrdən istifadə etməlidir.

77. Belə olan halda apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının təqdim etdiyi sübutları kifayət hesab etməmiş, digər tərəfdən isə həmin sübutların yoxlanılması və mübahisəli texniki məsələlərin aydınlaşdırılması üçün zəruri prosessual tədbirlər görməmişdir. Bu səbəbdən iddiaçının tələblərinin yalnız sübut edilməməsi əsası ilə rədd edilməsi işin tam və obyektiv araşdırılması prinsipinə uyğun hesab edilə bilməz.

78. Müvafiq araşdırmalar aparılaraq mübahisəyə hüquqi qiymət verilərkən o da nəzərə alınmalıdır ki, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılması məqsədi ilə istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçıları tərəfindən ödəniləcək qonorarın məbləği Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 6-cı bəndinə müvafiq olaraq belə avadanlıq və maddi daşıyıcıların hər bir ədədi üzrə deyil, hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir.

79. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

80. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13.06.2008-ci il tarixli qərarı).

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməmişdir.

82. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı müəlliflərin qonorar almaq hüququnun hüquqi əsası və müqavilənin bu münasibətlərdə rolu ilə bağlı yuxarıda göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, cavabdehin idxal etdiyi malların Qanunun 17.3-cü maddəsində nəzərdə tutulan avadanlıqlar və maddi daşıyıcılar kateqoriyasına aid olub-olmaması zərurət yarandığı halda xüsusi biliklərdən istifadə edilməklə araşdırılmalı, tərəflərin təqdim etdikləri bütün sübutlara onların məcmusu halında hüquqi qiymət verildikdən sonra mübahisəyə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun yekun hüquqi qiymət verilməlidir.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29.01.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar