Məhkəmə qərarları › İş №2(103)-5564/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5564/2025

29.01.2026 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5564/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Professional X1 Birliyinin cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı Azərbaycan Professional X1 Birliyinin nümayəndələri Nümayəndə5, Nümayəndə2, Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Professional X1 Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. AR Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli, 79 nömrəli əmrinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə audioviziual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audioviziual əsas istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorarının yığılması Təminat Mərkəzinin və Gildiyanın birgə həyata keçirməsi əmr edilmişdir. Həmçinin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə müəlliflərə, ifaçılara və audiovizual əsas istehsalçılarına qonararın bölüşdürülməsi işlərinin aparılmasını Gildiya həyata keçirir. Hesablanmış qonararın AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş ödəmə mənbəyində vergi tutulduqdan sonra qalan hissəsi Təminat Mərkəzinə 60 faiz, Gildiyaya 40 faiz olmaqla bölünmüşdür.

2. AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminat Mərkəzi ilə “Azərbaycan Professional Kinorejissorları Gildiyası” İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.

3. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum kimi dövlət qeydiyyatına alınmış, Əqli Mülkiyyət Agentliyinin 27 dekabr 2023-cü il tarixli, 2/2023 nömrəli şəhadətnaməsinə əsasən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilat kimi qeydiyyatdan (akkreditasiyadan) keçmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Professional X1 Birliyi cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “müqavilənin bağlanma öhdəliyinin qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR Qanununun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Nazirlər Kabinetinin qərarının icrasının təmini və audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına çatacaq qonorarın yığılması məqsədilə Cavabdeh MMC-nin üzərinə iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlanılması öhdəliyin qoyulması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarına əsasən Cavabdeh MMC-nin 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024cü il tarixinədək (son 3 il ərzində) audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə, ümumilikdə 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğində pulun cavabdehden alınaraq Azərbaycan Professional Kinorejissorlar Gildiyasının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılıb və fəaliyyət göstərir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Azərbaycan Professional X1 Birliyi xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qanunun 41.3 maddəsinə əsasən dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Azərbaycan Proffessional Kinorejissorlar Gildiyası” İctimai Birliyi qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir. Gildiyanın hüquq və vəzifələri sözügedən Qanunun 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar istifadəçilərdən qonorar yığır və yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin, o, yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. Cavabdeh MMC audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalını “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR qanununun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Nazirlər Kabinetinin qərarının tələblərini pozaraq həyata keçirən təşkilatdır. Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli qərarına əsasən şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların (bundan sonra avadanlıqlar), audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların (bundan sonra - maddi daşıyıcılar) istehsalçıları və idxalçıları tərəfindən ödənilir. Cavabdehin kommersiya məqsədilə audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ixdalını həyata keçirməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir qonorar ödəməməsi müəlliflərin, audiovizual əsər və fonoqram istehsalçılarının və ifaçılarının hüquqlarını kobudcasına pozur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü madddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının 6-cı və 8-ci maddələrinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla hər rübün sonunda Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülməlidir. Agentlik 2019-cu il 27 dekabr tarixli, 79 nömrəli əmrlə və xx.xx.2023-cü i tarixli şəhadətnamə ilə audiovizal əsər və fonoqramların surətini çıxarma imkanına malik maddi daşıcı və avadanlıqların istehsalçıları və idxalçıları ilə müqavilə münasibətlərinin qurulmasını və onlardan qonorar yığılmasını Azərbaycan Professional Kinorejissorlar Gildiyasına tapşırmışdır. Əqli Mülkiyyət Agentliyinin cavabdehə göndərdiyi xx.xx.2020-ci il və xx.xx.2022-cil tarixli məktublarına, həmçinin Kinоrejissоrlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə, müqavilə bağlanılmasına dair təkliflərinə baхmayaraq, cavabdeh bu istiqamətdə hüquqi əsasların yaradılması üçün heç bir addım atmamışdır. Cavabdeh yuxarıda qeyd olunan hərəkətləri ilə “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 12, 15 və 17-ci maddələrinin tələblərini pоzaraq müəlliflərə maddi zərər vurur və bununla da həmin Qanunun 47-ci maddəsinə uyğun оlaraq mülki məsuliyyətə cəlb edilməlidir. Gildiya AR Mülki Məcəlləsini, AR “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununu, Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarını əsas götürərək Cavabdeh MMC-nin 01 yanvar 2021- ci il tarixindən 01 yanvar 2024-cü il tarixinədək (son 3 il ərzində) olan dövr ərzində audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətçıxarmada istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə ümumilikdə 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğin cavabdehden alınaraq ona ödənilməsini tələb edir. Belə ki, müəlliflərin qonorar almaq hüququnun əsası kimi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının 5-ci maddəsinə əsasən Gildiyanın Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə göndərdiyi rəsmi sorğuya verilmiş cavaba əsasən 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024-cü il tarixinədək cavabdeh tərəfindən idxal olunan audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ümumi dəyəri 80.870.477,27 ABŞ dolları (səksən milyon səkkiz yüz yetmiş min dörd yüz yetmiş yeddi dollar iyirmi yeddi sent) məbləğ müəyyən edilmişdir. Bu məbləğin manatla ifadəsi 137.479.811,35 (yüz otuz yeddi milyon dörd yüz yetmiş doqquz min səkkiz yüz on bir manat, otuz beş qəpikdir). Nazirlər Kabinetinin qərarına əsasən minimum olaraq bu məbləğin 0,5 faizi 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manata bərabərdir. Bu səbəbdən Gildiya son 3 il üçün 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğin tutulmasını tələb edir.

6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR Qanununun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Nazirlər Kabinetinin Qərarının icrasının təmini və audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına çatacaq qonorarın yığılması məqsədilə Cavabdeh MMC-nin üzərinə iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlanılması öhdəliyinin qoyulması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarına əsasən Cavabdeh MMC-nin 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024cü il tarixinədək (son 3 il ərzində) audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə ümumilikdə 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğində pulun cavabdehden alınaraq, 274.959,60 manatının (40%) Azərbaycan Professional X1 Birliyinin, 412.439,40 manatının (60%) isə fonoqram ifaçılarına və istehsalçılarına çatdırılması üçün Əqli Mülkiyyət Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh "xxxx" MMC iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək iddia ərizəsinin heç bir hüquqi əsası olmadığından və iddia əsassız olduğundan tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının öz iddiasını əsaslandırdığı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audioviziual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audioviziual əsas istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın və maddi daşıyıcıların idxalçısı tərəfindən ödənilir. Qanunun normasından açıq şəkildə göründüyü kimi avadanlıq və qurğulara surətçıxarma üçün istifadə edilən texniki avadanlıqlar, əsərlərin yazıldığı kasetlər, disklər və s. aid edilmişdir. Cavabdeh tərəfindən isə belə məhsullar idxal edilmir. MMC-yə məxsus “Kontakt” mağazalarında elektronika və eletrik-məişət malları satılır. Həmçinin “Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2013-cü il 25 dekabr tarixli, 350 nömrəli Qərarında qeyd edilmişdir ki, məlumat daşıyıcısı vasitələri – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı məlumat və ya təlimatlar yığımının saxlanılması və istifadəsi üçün təyin edilmiş kompakt disklər (CDlər), maqnetik kasetlər, disketlər, DVD və s. maddi obyektlər. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat daşıyıcısı vasitələrinə elektron inteqral sxemləri, yarımkeçiricilər, elektron inteqral sxemlərini və ya mexanizmlərini özündə birləşdirən əşyalar və ya cihazlar (kompyuterlər, bərk disklər və s.) daxil deyildir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının müqaviləyə əlavə etdiyi siyahıya istisna edilən bir neçə mal kodları gömrük sistemində (rəsmi saytında) verilən anlayış belədir: ********** - ən azı məlumatın işlənmə mərkəzi blokundan, klaviaturadan və displeydən ibarət olan, kütləsi 10 kq-da çox olmayan portativ hesablayıcı maşınlar; 8517 başlığı ilə qeyd olunan mallara – mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün smartfonlar və digər telefon aparatları da daxil olmaqla telefon aparatları və s. Göründüyü kimi qeyd edilən məhsullar gömrük sistemində belə maddi daşıyıcı, surətçıxarma avadanlıqları kimi qəbul olunmur, o kateqoriyadan olan məhsulları isə cavabdeh MMC idxal etmir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən-L.Məmmədova) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Azərbaycan Professional X1 Birliyi cavabdeh "xxxx" MMC-yə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır. Mülki Məcəllənin tələblərinə əsasən müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmçinin cavabdeh tərəf yazılı etirazında və məhkəmə çıxışlarında iddia tələbini qəbul etmədiklərini, iddiaçı tərəfin qeyd edilən siyahı üzrə avadanlıqların onlar tərəfindən ölkəyə idxal edilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Professional X1 Birliyinin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə bağlama öhdəliyinin qoyulması hissəsində təmin edilməməlidir.

10. Məhkəmə iddia tələbinin ikinci hissəsini, yəni pulun tutulması hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı hər hansı müqavilə mövcud deyil və müqavilənin bağlanması öhdəliyi məhkəmə tərəfindən təmin edilməmişdir. Belə olan hazırkı tələb üzrə pulun tutulması ilk tələbdən (müqavilə bağlanması öhdəliyindən) asılı olduğuna görə təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.3, 405.1, 405.2, 407.1-ci; “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 15.4 və 17.3cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217.2, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12.Qətnamədən iddiaçı Azərbaycan Professional X1 Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. Qonorarın yığılması və bölüşdürülməsi avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları ilə əsərdən və fonoqramlardan şəxsi məqsədlə istifadə sahəsində yaradılan müəllif, ifaçı fonoqram və audiovizual əsər istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilir. “Cavabdeh”in “şəxsi köçürmə” zamanı istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etməsini və “iddiaçının” həmin avadanlığa və maddi daşıyıcılara görə müəlliflərin qonorarını almaq hüququnu təsdiq edən kifayət qədər sübutlar təqdim etdiyinə baxmayaraq, məhkəmə NK qərarının və Qanunun tələblərinin icrasını təmin etmək istiqamətində heç bir addım atmamışdır. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götütülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Müəlliflik hüququq və əlaqəli hüquqlar haqqında” AR Qanunun tələblərinə əsasən müqavilənin bağlanılması vacib hesab olunur və Cavabdeh tərəfindən surətçıxarmada istifadə olunan avadanlıqların idxalının həyata keçirilməsi onların könüllü öhdəlik götürdüklərini və müqavilə bağlamalı olduğunu sübut edir. Lakin, məhkəmə, qanunvericilik normalarını tətbiq edərkən iddianın predmetinə mülki hüquq mövqeyindən yanaşmış, yaranmış münasibətlərin tənzimlənməsi üçün qeyd olunan maddəni qiymətləndirməyərək bu münasibətlərin müəllif hüquq münasibətləri olmasını və bu münasibətlərin xüsusi qanunvericilik ilə tənzimlənməsini nəzərə almamışdır. Qanunda müqavilənin bağlanması, forma və şərtləri imperativ norma kimi öz əksini tapmışdır. Müəlliflik hüququ münasibətlərinin subyektləri arasında müqavilə bağlanılmasını zəruri edən, o cümlədən bunu bir öhdəlik kimi tərəflərin üzərinə qoyan normanın, bu münasibətləri tənzimləyən Qanunun göstərilən maddələrində əks olunmasına baxmayaraq, məhkəmə tərəfindən hüquq normaları düzgün qiymətləndirilməmiş və bununla da həmin normalar düzgün tətbiq edilməmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanunun 31-ci maddəsi ilə isə müqavilənin formasının yazılı olması və digər şərtləri qeyd olunmuşdur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanunun 17-ci maddəsinə və Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 saylı qərarına əsasən qonorarın yığılması və bölüşdürülməsi avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları ilə əsərdən və fonoqramlardan şəxsi məqsədlə istifadə sahəsində yaradılan müəllif, ifaçı fonoqram və audiovizual əsər istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilir. Buradan da məlum olur ki, Qanun bu növ münasibətlərin həll olunması üçün müqavilənin bağlanması və onun şərtləri imperativ norma kimi müəyyən edir. Lakin məhkəmə tərəfindən yekun məhkəmə qətnaməsi qəbul edilərkən bütün bunlar nəzərə alınmamışdır. Cavabdeh tərəfindən surətçımada istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalı zamanı qanunla müəyyənləşdirilmiş müəllif qonorarını ödəməmiş və nəticədə müəlliflərə maddi zərər vurulmuşdur və hakim bunu nəzərə almamışdır. Nazirlər Kabinetinin qərarına əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görrə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarın minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0.5%-dən az olmamaqla müəyyən edilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45.2-ci maddəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülkihüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: Zərərin ödənilməsi əvəzinə pozuntuyta yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; Ölkəmizdə müəlliflik hüququ sahəsində “şəxsi köçürmə” ilə bağlı ilk məhkəmə işi olduğunu və bu sahənin spesifikliyini və mürəkkəbliyini nəzərə alıb əvvəlki hakimlər tərəfindən ümumilikdə 8 hazırlıq iclası keçirilmişdir. Son təyin olunmuş hakimin 1 həftə ərzində tanışlıq keçirərək baxış iclası təyin edib, qərar qəbul etmişdir. Bu isə, qərarın obyektiv və qərəzsiz olduğunu və işin hərtərəfli, tam və obyektiv tədqiqini şübhə altına alır. Lakin məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş sübutları, eyni zamanda dövlət orqanı tərəfindən rəsmi əldə edilən məlumatları (Dövlət Gömrük Komitəsinin məhkəməyə təqdim etdiyi avadanlıqların və daşıyıcıların siyahısı), göndərilən məktubları, qanunvericilikdən çıxarışları və digər sənədləri hərtərəfli və obyektiv qiymətləndirməmiş, həmin sübutların nə üçün mötəbər hesab olunmaması ilə bağlı münasibətini bildirməmişdir. Nəticədə ədalətsiz qərar qəbul edilmişdir. Müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda – bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla iddianın qiyməti hesablanmalıdır. Belə ki, cavabdeh tərəfindən həmin avadanlıqların idxalı ilə əlaqədar son 3 ildə ödəmədikləri müəllif qonorarının kompensasiyası hesablanmışdır. Məhkəmə qəbul etdiyi qətnamədə tərəflərin müqaviləni imzalanmadığına istinad etmişdir və cavabdehin sözügedən qonorarı ödəmək kimi bir öhdəliyinin olmadığına əsas gətirmişdir. Lakin, həmin müqavilələr layihə idi və nümumə xarakteri daşıyırdı, iddia tələbi isə (kompensasiyanın qiyməti) müqaviləyə yox “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanunun 17-ci və 45-ci maddəsinin, Nazirlər Kabinetinin 132 saylı Qərarının, Mülki Prosessual Məcəllənin 112-cimaddəsinin tələblərinin icrasına əsaslanmışdır. Amma məhkəmə öz qərarında istinad etdiyi faktlar işin mahiyyətinə və təqdim olunmuş sübutlara uyğun gəlmir. Eyni zamanda Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Yəni “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununda bu münasibətlərin həll olunması üçün müqavilənin bağlanması imperativ xarakter daşıyır. Həmin Qanunun 17-ci maddəsinə və Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 saylı qərarına əsasən qonorarın yığılması və bölüşdürülməsi avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları ilə əsərdən və fonoqramlardan şəxsi məqsədlə istifadə sahəsində yaradılan müəllif, ifaçı fonoqram və audiovizual əsər istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilir. Lakin, məhkəmə qətnaməni qəbul edərkən bu nüansı qaçırmış və məsələyə sadəcə mülki hüquq mövqeyindən yanaşmışdır. Digər məsələ isə şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılmasında istifadə olunan avadanlıqlarla bağlıdır. Belə ki, cavabdeh sözügedən avadanlıqların və maddi daşıyıcıların idxalını həyata keçirmədiyini və komputer, noutbuk və smarfonların bu avadanlıqların siyahısına aid olmadığını bildirir. Lakin, əgər həm “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun 17-ci maddəsinin, həm də Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 saylı Qərarının mətnlərinə nəzər salsaq, “digər avadanlıqlar və maddi daşıyıcılar” ifadəsi ilə avadanlıqların siyahısının limitli olmadığını və surətçıxarmada istifadə olunan bütün mümkün avadanlıqları əhatə etdiyini görə bilərik. Həmçinin texnologiyanın inkişafını nəzərə alsaq, komputer, noutbuk və smarfonların funksiyalarının çoxşaxəliliyi danılmazdır və onların məlumatların emalı, saxlanılması və ötürülməsində geniş istifadə olunur. Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim olunmuş avadanlıqların siyahısı da surətçıxarmada istifadə olunan mümkün avadanlıqları əhatə edir. Bundan əlavə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun 4-cü maddəsində “surətçıxarma” və “yazılma”ya izah verilmişdir. Belə ki, “surətçıxarma” – əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır. “Yazılma” – texniki vasitələrin köməyilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması. Bu şərhlərdən də aydın olur ki, surətçıxarma üçün lazım olan maddi daşıyıcı və avadanlıqların siyahısı limitli deyil və komputer və noutbuklar da bu siyahıya aid edilə bilər. Eyni zamanda həmin avadanlıqların surətçıxarmada istifadə edildiyini məhkəmədə sübut etməyə hazır olduqlarında baxmayaraq hakim tərəfindən şərait yaradılmamışdır. Hazırki məhkəmə işi ölkəmizdə “Şəxsi köçürmə” sahəsində ilk məhkəmə işidir və hərtərəfli, obyektiv və düzgün araşdırılma tələb edir. İş üzrə Kommersiya məhkəməsində işə baxan hakim tərəfindən 5, Binəqədi rayon məhkəməsində əvvəlki hakim tərəfindən 4 hazırlıq iclası keçirilmişdir. xx.xx.2025-ci il tarixinə baxış iclası təyin edilsə də, hakimin dəyişiləsi ilə bağlı tərəflər əvvəlcədən məlumatlandırılmamışdır. Yalnız məhkəmə günü hakimin “məzuniyyətə göndərilməsi” bildirilmişdir. Yeni hakim təyin olunaraq həmin an iclas keçirilmiş və “işlə tanış olmuşdur” və cəmi 1 həftə ərzində baxış təyin olunmuş, qarşı tərəfin iştirakı olmadan qərəzli və ədalətsiz qərar qəbul edilmişdir. Bu da işin mürəkkəbliyi və bir neçə yüz səhifəlik bir məhkəmə işi olduğu nəzərə alınsa, prosessual ədalət və obyektiv araşdırma prinsiplərini şübhə altına alır. Qətnamədə istinad edilən hallar işin predmeti ilə uyğun gəlmir. Belə ki, məhkəmə, qətnamənin 35-ci hissəsində işin materiallarına əlavə edilmiş müqavilə layihələrinin imzalanmadığına əsaslanaraq qanunvericilik tərəfindən müəyyən olunmuş “dəymiş zərərin ödənilməsi”nə zidd qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iddianın ikinci tələbinin 1-ci tələblə bağlı olduğuna və iki tərəf arasından imzalanmış müqavilənin olmmadığına əsas gətirərək ikinci tələbin də təmin olunmamasını hesab etmişdir (yalnız müqavilədən irəli gələn öhdəliklərə əsaslanmışdır). Halbuki həmin müqavilələr Azərbaycan Professional Kinorejissorlar Gildiyası tərəfindən hazırlanmış və Əqli Mülkiyyət Agentliyi tərəfindən tanış olmaq üçün cavabdeh tərəfə göndərilmişdir. Yəni həmin müqavilələr layihə və nümunə xarakteri daşıyır və onların imzalanmamış olması qarşı tərəfi müəllif qonorarını ödəməkdən azad etmir, çünki qonorarın ödənilməsi birbaşa qanunun tələbidir. İddiaçı tərəfindən tələb edilən kompensasiya məbləği isə bağlanmamış müqavilə və icra olunmamış öhdəliklər nəticəsində müəlliflərə dəymiş zərərin əvəzini təşkil edir. Məhkəmə isə bütün bunları nəzərə almadan qətnaməni çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə5 izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, onlar elektron məhkəmə sistemi vasitəsi ilə bir neçə xarici ölkədə oxşar məsələlərlə bağlı sənədlər təqdim etmişlər. Şəxsi köçürmə ilə bağlı avadanlıqların nələrdən ibarət olması öz əksini tapır, orada mobil telefonlar, komputerlər, ayrıca yaddaş kartı daxil etmək mümkün olan digər avadanlıqlar qeyd edilir. Onların təqdim etdiyi məhkəmə işində həmçinin qeyd edilmişdir ki, kompensasiyanın ödənilməsi zamanı texnoloji inkişaf nəzərə alınmalıdır. Telefonlardan hazırda sadəcə kommunikasiya məqsədi ilə istifadə edilmir. Həmin telefonlar və komputerlərin yaddaşı musiqi və ya filmi yükləyərək saxlamağa imkan verir. Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətini çıxaran şəxslərin hər birini məhkəməyə cəlb etmək mümkün olmadığı üçün, idxalçı şirkət tərəfindən kompensasiya ödənilməlidir.

16. Məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında qeyd etmişdir ki, Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılması müəllif hüquqlarının pozulmasına səbəb olur. Bu kompensasiyanın ödənilməsində əsas məqsəd pozulmuş müəllif hüquqlarının qismən də olsa bərpa edilməsidir, bu qanunun tələbidir. Şəxsi köçürməni nəzarətdə saxlamaq mümkün deyil, ona görə də bu ödənişlər idxalçılar tərəfindən ödənilməlidir.

17. Məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarında konkret olaraq hansı səbəbə görə, hansı miqdarda kompensasiya ödənilməsi öz əksini tapır. Bu dünya təcrübəsinə əsaslanır, əsas məqsəd də müəllif hüquqlarının pozuntusunun qarşısını almaqdan ibarətdir. Texnologiyanın inkişafı komputer, telefonların daha çox istehsalı, idxalı və satışı ilə əlaqəlidir. Həmin avadanlıqların malın gətirilməsi üçün idxalçı qiymətin üzərinə 0.5 faiz qoymaqla, bu məsələləri kompensasiya edir. Bu faiz dünya təcrübəsində ən aşağı faizdir.

18. Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə6 izahatında qeyd etmişdir ki, onlar birinci instansiya məhkəməsində məhkəmə prosesləri zamanı dəfələrlə bildirmişdir, bir daha qeyd etmək istəyir ki, onların idxal etdiyi məhsullar iddiaçının istinad etdiyi normativ hüquqi sənəddə qeyd edilməyib. Həmin normativ hüquqi sənəddə komputer anlayışı var, ayrıca qeyd edilib. Qarşı tərəf isə bildirir ki, komputer həm də surətçıxarma avadanlığıdır.Onların mövqeyi ondan ibarətdir ki, əgər normativ hüquqi sənəd həqiqətən də həmin avandanlıqlara da aid edilsəydi, audio və videomaqnitafonlar, disklərlə yanaşı komputer, planşet, smartfonların da adı qeyd edilərdi. Normativ hüquqi sənədlərdə hər zaman dəyişikliklər oluna bilər, lakin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişiklik olunmayıb, buna zərurət olmayıb. Onlar hesab edir ki, normanın bu formada geniş şərh edilməsi yolverilməzdir. Heç bir normativ aktda komputer, planşet və mobil telefonların yazıçıxarma və ya surətçıxarma avadanlığı olması öz əksini tapmamışdır. Hazırki dövrdə bu norma ümumiyyətlə öz işləkliyini itirib. Maddi hüquqi norma baxımından qanunda komputer, mobil telefonlar surətçıxarma avadanlığı kimi şərh edilmədiyi, eyni zamanda siyahıda adı çəkilən avadanlıqlar onlar tərəfindən idxal edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edirlər. Digər tərəfdən prosessual baxımdan onu qeyd etmək istəyir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi məhkəmə iclaslarında iştirak edib, məhkəmə onlara iddiaçı və ya müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iştirak etməyi təklif etsə də onlar bunu qəbul etməyiblər. Amma iddiadan göründüyü kimi Agentliyin də pul tələbi məsələsi öz əksini tapır, bunun isə prosessual hüquqi əsası yoxdur. Qanunun həmin maddəsinə Konstitusiya Məhkəməsi tərəfindən şərh verildikdən sonra həmin avadanlıqların sırasına komputer və telefonların aid olub olmadığını müəyyən edə bilərlər.

19. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 izahatında qeyd etmişdir ki, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çəxarılmasında istifadə olunan avadanlıqlara görə qonorarın ödənilməsi ilə bağlı ilk iddiadır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 17.3-cü maddəsinə əsasən şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Burada həmin qonorarın minimum miqdarı müəyyən edilir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Təminat Mərkəzi var, onların arasında bağlanılmış əməkdaşlıq müqaviləsinə əsasən qeyd edilən qonorarlar yığılır və müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının arasında həmin qonorar bölüşdürülür. Qarşı tərəflə müqavilələrin bağlanılmasını Azərbaycan Professional X1 Birliyi tərəfindən həyata keçirilir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60-ın 1-ci hissəsi. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təmnat verilir. 21.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

22. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun Maddə 12.4.Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. Maddə 15.4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Maddə 17.3. Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının: Maddə 6. Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir. Azərbaycan Respublikasında istehsal olunmuş avadanlıq və maddi daşıyıcılara görə qonorarı istehsalçı tərəfindən rübdə bir dəfə ödənilir. Azərbaycan Respublikasına idxal olunan avadanlıq və maddi daşıyıcılara görə qonorarı malın sərbəst dövriyyəyə buraxılması üçün gömrük rəsmiləşdirilməsi başa çatdığı gündən sonra, 2 aydan gec olmayaraq, idxalçı tərəfindən ödənilməlidir. İstehsal və ya idxal olunmuş eyni avadanlıq və maddi daşıyıcıya görə qonorarı bir dəfə və yalnız bir müqavilə üzrə ödənilir və təkrar ödənişlərin tələb edilməsi yolverilməzdir. Maddə 8. İstehsalçılar və idxalçılar tərəfindən hesablanmış qonorar hər rübün sonunda Agentliyin xəzinə hesabına köçürülür.

24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Kollegiya tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 28.“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının 6-cı maddəsinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir. Azərbaycan Respublikasında istehsal olunmuş avadanlıq və maddi daşıyıcılara görə qonorarı istehsalçı tərəfindən rübdə bir dəfə ödənilir. Azərbaycan Respublikasına idxal olunan avadanlıq və maddi daşıyıcılara görə qonorarı malın sərbəst dövriyyəyə buraxılması üçün gömrük rəsmiləşdirilməsi başa çatdığı gündən sonra, 2 aydan gec olmayaraq, idxalçı tərəfindən ödənilməlidir. İstehsal və ya idxal olunmuş eyni avadanlıq və maddi daşıyıcıya görə qonorarı bir dəfə və yalnız bir müqavilə üzrə ödənilir və təkrar ödənişlərin tələb edilməsi yolverilməzdir. 30.İş materiallarından göründüyü kimi Azərbaycan Professional X1 Birliyi cavabdeh "xxxx" MMCyə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir.

31. Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

32. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

34. Cavabdeh tərəf yazılı etirazında və məhkəmə çıxışlarında iddia tələbini qəbul etmədiklərini, iddiaçı tərəfin qeyd edilən siyahı üzrə avadanlıqların onlar tərəfindən ölkəyə idxal edilmədiyini bildirmişdir.

35. İddiaçı isə cavabdehin audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların (bundan sonra avadanlıqlar), audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların (bundan sonra - maddi daşıyıcılar) idxalçısı olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

36. İş materiallarında olan X3 Heyətinin xx.xx.2024-cü il tarixli iclasının qərarı ilə təsdiq olunmuş, “audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılması məqsədi ilə istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçıları tərəfindən ödəniləcək qonorarın məbləği göstərilməklə həmin avadanlıqların və maddi daşıyıcıların Siyahısı”nda bir sıra informasiya girişini və çıxışını təmin edən qurğuları olan hesablayıcı maşınlar və onların blokları (komputerlər, noutbuklar, tablet və s.), maqnit, optik və elektron inteqral sxemli yaddaş qurğuları, telefon aparatları və s kimi avadalıqların adları qeyd olunmuşdur.

37. Kollegiya qeyd edir ki, Siyahıda qeyd olunan avadanlıq və qurğuların adları iddiaçı tərəfindən birtərəfli qaydada qeyd olunmuşdur. 38.Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402 və 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Azərbaycan Professional X1 Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2189/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar