Məhkəmə qərarları › İş №e-2(3-6)-3602/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3602/2026

10.08.2026 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3602/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Müəllifləri İctimai Birliyinin cavabdeh cavabdeh1 MMC-yə qarşı musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya tələbi tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Müəllifləri İctimai Birliyi cavabdeh cavabdeh2 MMC-yə qarşı musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya tələbi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdeh2 MMC-nin restoranlar şəbəkəsində mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, “Burger King” restoranlar şəbəkəsinin 4 məkanında musiqili əsərlərin kütləvi yayımına görə müəllif cəmiyyətinə ödənilməmiş müəllif qonorarı 19840 manatın, fəaliyyəti dövründə müəllif qonorarı ödəmədiyi üçün 4 məkan üçün 60000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Sonradan iddiaçının nümayəndəsinin müraciəti əsasında cavabdeh cavabdeh2 MMC əsl cavabdeh cavabdeh1 MMC ilə əvəz edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə əsl cavabdeh olan cavabdeh1 MMC-nin hüquqi ünvanı əsas götürülərək mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadda göstərib ki, cavabdeh1 MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 1 olmaqla Bakı şəhər Nəsimi rayonunun ərazisinə aiddir. Bundan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırıb ki, hazırkı iş üzrə əsl cavabdehin dəyişdirilməsi nəticəsində onun hüquqi ünvanına görə işin başqa məhkəməyə göndərilməsi məsələsi MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Hazırkı iş üzrə MPM-in 31.2-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrin fərqli yanaşması yarandığından, MPM-in 45.4-cü maddəsinə uyğun olaraq mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə tərkibi hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Çünki işdən cavabdeh1 MMC-nin (VÖEN: **********) hüquqi ünvanın ünvan 1 olduğu görünür. Əvvəla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hazırkı iş üzrə əsl cavabdehin dəyişdirilməsi nəticəsində onun hüquqi ünvanına görə işin başqa məhkəməyə göndərilməsi məsələsinin MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli olduğunu göstərsə də, məhkəmə aidiyyəti ilə, ərazi aidiyyətini səhv salıb. Çünki MPM-nin 31.2-ci maddəsi məhkəmə aidiyyəti ilə bağlı münasibəti tənzimləyir. Demək, məhkəmə MPM-in 44.1-ci maddəsinə istinad etməli idi. Bundan əlavə, MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da şərti eyni cavabdehlə bağlı olduqda mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Başqa sözlə, eyni cavabdehin sonradan, məsələn qeydə alındığı yer yaxud hüquqi ünvanının dəyişməsi və.s səbəbdən başqa məhkəmədə baxılmalı olsa da mahiyyəti üzrə işin qəbul edildiyi birinci məhkəmədə baxılmalıdır. Qeyd olunan normanın məzmunu da bu yanaşmanı diktə edir. Düzdü hazırkı işin ərazi aidiyyəti ilə bağlı məsələ Bakı şəhərinin rayonları arasında olduğundan o qədər də əhəmiyyət kəsb etməsə də, tutaq ki, qeydə alındığı yer yaxud hüquqi ünvanı Qazax rayonu ərazisində olan bir şəxs səhvən cavabdeh göstərilməklə iş həmin rayon məhkəməsinə verilib. Məhkəmənin ilk hazırlıq iclasında isə əsl cavabdehlə əvəz olanaraq Bakı şəhəri ərazisində yerləşən rayon məhkəmələrinə göndərilərsə, belə çıxacaq ki, məhkəmələr arasında fikir ayrılığı olarsa iş yenidən apellyasiya instansiyası məhkəməsi tərəfindən Qazax rayon məhkəməsinə qaytarılmalıdır ona görə ki, cavabdeh səhv göstərilsə də məhkəmə işi aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul edib. Əlbətdə ki, bu cür yanaşma sözügedən normanın məqsədindən kənar tətbiqi ilə nəticələnmiş olacaq. Çünki tərəflərin hər ikisi Bakı şəhərində olduğu halda işə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir şərti yanlış təfsir edilərək baxılması üçün Qazax rayon məhkəməsinə göndərilməsi mülki prosessual qanunvericiliyin güddüyü məqsədə zidd olacaqdır. Başqa sözlə, məhkəmələrin qeyd olunan normanı yanlış tətbiq etməsinə görə tərəflərin məhkəmə müdafiəsi hüququndan istifadə etməsində süni əngəllər yaranmış olacaq ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinə təsir edərək azalmış olur. Bunlardan başqa, MPM-in 44.2 və 44.2.2-ci maddəsinin tələblərinə görə də iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılması üçün göndərməlidir. Bu normanın məzmunu da tələb edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilən şəxsə qarşı konkret tələb yoxdursa onun icraata qəbul edilməsi, həm də aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmə sayılacaq. Çünki məhkəmə hər hansı bir cavabdeh kimi göstərilən şəxsə qarşı irəli sürülən iddianı icraatına qəbul etməzdən ona qarşı konkret və dəqiq tələbin olub-olmadığını yoxlamalı və buna əmin olmalıdır. Əks halda sonradan cavabdeh kimi göstərilən şəxsə qarşı konkret və aydın tələb olmadığı halda məhkəmənin icraatına qəbul etdiyi işin əsl cavabdehin qeydə alındığı yaxud hüquqi ünvanının olduğu yer üzrə göndərilməsi qaçılmaz olacaq. Hazırkı işdən də belə çıxır ki, iddiaçının Səbail rayonu ərazisində hüquqi ünvanı olan cavabdehə qarşı ən azından hazırkı vaxtadək hansısa həqiqi tələbi olmayıb. Olsa idi, yəqin ki, cavabdehin Nəsimi rayonu ərazisində olan başqa bir cavabdehlə əvəz olunmasını istəməzdi. Demək ki, bu cür hallarda hələ ilkin variantda iddia ərizəsi icraata qəbul edilərkən Mülki Prosessual Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinin tələblərinin pozulmasına yol verilməməli, yəni iddia ərizəsi aidiyyət qaydalarının tələblərinə uyğun icraata qəbul edilməlidir ki, sonradan MPM-in 44.1-ci maddəsinin pozulması halı da baş verməsin, başqa sözlə, məhkəmələr işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etməlidir ki, sonradan işin baxılması üçün başqa məhkəməyə verməyə əsas olmasın. Yəni, MPM-in 44.1-ci maddəsi “aidiyyət qaydalarına riayət edilməklə” məhkəmənin öz icraatına qəbul etdiyi işin sonradan başqa məhkəmədə həll edilməsini istisna edir. Deməli “aidiyyət qaydalarına riayət edilmədən” məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə göndərilə və orada həll edilə bilər. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, hazırkı işin Nəsimi rayon məhkəməsinə göndərilməsi o demək deyil ki, həmin məhkəmə avtomatik olaraq iddia ərizəsini icraata qəbul etməlidir. Əlbətdə ki, Nəsimi rayon məhkəməsi tərəfindən cavabdeh1 MMC-yə qarşı olan iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılmaqla müvafiq qərar qəbul etmək səlahiyyəti mövcuddur. Apellyasiya instansiyası məhkəməsi isə yalnız məhkəmələr arasında yaranan fikir ayrılığı ilə bağlı məsələni həll edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara a l d ı: İddiaçı Azərbaycan Müəllifləri İctimai Birliyinin cavabdeh cavabdeh1 MMC-yə qarşı musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya tələbi tələbinə dair mülki işi baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar