Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-286/2026 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, “GAVALİ NR" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: “müəlliflik hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi və kompensasiya”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-3243/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: “İnstagram” sosial şəbəkə platforması vastisə ilə “gavaliazerbaijan” adlı istifadəçi yeni “Bakı” adlı qutumuzun gözəlliyi adı altında paylaşım etmişdir.
2. “Pinterest” sosial şəbəkə platforması vasitəsi ilə “Aysel” adlı istifadəçi tərəfindən “Baku”(Azerbaijan) X1 adlı paylaşım etmişdir. - 001388 nömrəli Beynəlxaq yük sənədinə əsasən,"xxxx" Beynəlxalq Daşıma Şirkəti tərəfindən Cavabdeh1LLC 7 (yeddi) ədəd bağlama daşınmışdır.
3. ******* nömrəli Mənşə Şəhadətnaməsinə əsasən 3 dolu qutuda müəyyən edilmiş əşyaların mənşə ölkəsi Türkiyə Respublikası olduğu təsdiq edilmişdir. - Ödəniş cədvəlindən görünür ki, 7(yeddi) ədəd ”Ahşap boyamalı tablo” adlı qutunun qiyməti 7.700,00 TL müəyyən edilmişdir.
4. Gömrük Bəyannməsindən görünür ki, bəyannaməçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mega boy at dekorlu qutu-24 ədəd, böyük boy çərçivəli at qutu-55 ədəd, taxta boyamlı tablo qutu-102 ədəd 2205,48 manat dəyərində Gavalı Group”MMC-yə çatacaq olan 312 kq. mal bəyan edilmişdir.
5. 11 aprel 2025-ci il tarixli Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış məktubda göstərilib ki, müəllif A.Salamaxinanın razılığı alınmadan onun “City Lights” adlı rəsm əsərindən "xxxx" MMC tərəfindən hazırlanıb satış yolu ilə yayılan “Bakı” adlandırılan məhsulun qablaşırılmasının (qutusunun) üzərində qeyri-qanuni istifadə edilmiş, həmçinin həmin əsərin müəllifi göstərilməmişdir. Vəkil1 şikayət ərizəsində qaldırılan məsələyə müəllif-hüquq qanunvericiliyinin tləbləri baxımından aydınlıq gətiriməsi üçün Cavabdeh3 MMC tərəfindən “City Lights” adlı rəsm əsərinin istifadəsi ilə bağlı hüquqi əsaslar barədə sənədləri 5 gün müddətində Agentliyə təqdim edilməsi xahiş edilmişdir.
6. Ödəniş qəbzlərindən görünür ki, X2 tərəfindən “City Lights” X7 Scarf adlı məhsul müxtəlif tarixlərdə 153; City Lights: X4 and Silk Wrap adlı məhsul 113 manata; City Lights: X6 and Silk Wrap adlı məhsul 113 manata; City Lights: X5 and Silk Wrap adlı məhsulun 113 manat məbləğində satışı həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Cavabdeh1nə, “GAVALİ NR" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müəlliflik hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının yaradıcısı olduğu “City Lights” adlı əsərdən normal istifadə zamanı əldə edilə biləcək 5.000 manat gəlirin, 15.000 manat kompensasiyanın cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
8. Tələbdə göstərilib ki, “City Lights” adlı əsərin yaradıcısı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs iddiaçıya 2025-ci il 29 yanvar tarixində məlum olmuşdur ki, qeyd edilən əsər müəllifin razılığı olmadan “Gavali Azerbaijan” tərəfindən yeni “Bakı” adlı qutunun üzərində çap edilərək 2024-cü il 17 oktyabr tarixində İnstagram sosial şəbəkəsində (“gavaliazerbaijan”) satışa çıxarılmışdır. Bundan sonra müəllif sosial şəbəkə vasitəsilə şirkətlə əlaqə yaratmış və istifadə edilən əsərin ona məxsus olmasını bildirmişdir. “Gavali Azerbaijan” iddiaçıya əsərin ona məxsus olmasından xəbərsiz olduqlarını, əsərin Pinterest platformasından götürüldüyünü bildirmişdir. Pinterest platformasında əsərin müəllifi iş üzrə iddiaçı göstərilir. Göründüyü kimi, müəllifin (iddiaçı) qanunla qorunan müəlliflik hüququ müvafiq şirkət tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçıya məxsus “City Lights” adlı əsər 2018-ci il 18 noyabr tarixində rəsmlərin yaradılmasını nəzərdə tutan fundamental bədii texnika olan eskiz (sketching) vasitəsilə yaradılmışdır. Əsərin satışına 2019-cu ilin əvvəllərində başlanılmış və bu günədək davam etməkdədir. Əsərin yaradılması, çapı, pərakəndə satışı və s. şəxsən müəllif tərəfindən həyata keçirilmişdir. Əsərin nüsxələrinin illik ortalama satışı 20 ədəd təşkil etmişdir. Hazırda əsərin satılmasında ciddi problemlər yaşanmaqdadır. Belə ki, əsərin yaradılması müəllifin unikal baxışı əsasında ərsəyə gəldiyindən alıcıların rəğbətini qazanmışdır. “Gavali Azerbaijan”nın rəsmi razılıq əldə etmədən, müəllifiin razılığı və məlumatı olmadan onun əsərini qutuların üzərində çap edilməklə hazırlaması, satması, yayması nəticəsində müəllifin imicinə ciddi ziyan vurmuşdur. Bu hal müəllifin alıcılarının sayının kəskin şəkildə azalmasına səbəb olmuşdur.
9. Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-3243/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək Cavabdeh1ndən 5.000 manat məbləğində kompensasiyanın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin faktiki hallarından görünür ki, “City Lights” adlı əsərin yaradıcısı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs iddiaçıya 2025-ci il 29 yanvar tarixində məlum olmuşdur ki, qeyd edilən əsər müəllifin razılığı olmadan “Gavali Azerbaijan” tərəfindən yeni “Bakı” adlı qutunun üzərində çap edilərək 2024-cü il 17 oktyabr tarixində İnstagram sosial şəbəkəsində (“gavaliazerbaijan”) satışa çıxarılmışdır. “Gavali Azerbaijan” iddiaçıya əsərin ona məxsus olmasından xəbərsiz olduqlarını, əsərin “Pinterest” platformasından götürüldüyünü bildirmişdir. “Pinterest” platformasında əsərin müəllifi iş üzrə iddiaçı göstərilir. Hazırda iddiaçı müəlliflik hüquqlarının pozulmasına və cavabdeh tərəfindən onun əsərini qutuların üzərində çap edilməklə hazırlaması, satması, yayması nəticəsində dəymiş ziyanan görə 15 (on beş) min manat kompensasiya və əsərdən normal istifadə zamanı əldə edilə biləcək 5.000 manat gəliri ödənilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verib yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən nəticəyə gəlir ki, iddiaçının müəlliflik hüququnun pozulması ilə bağlı iddia tələbi bu hissədə əsaslıdır, sonuncunun qanunla qorunan müəllif hüquqlarını pozmuşdur. İş materiallarında olan “Pinterest” sosial şəbəkə platforması vasitəsi ilə “Aysel” adlı istifadəçi tərəfindən paylaşımdan da görünür ki, “City Lights” adlı əsərin yaradıcısı Alexandra Dalamakhina qeyd edilmişdir. Həmçinin, 11 aprel 2025-ci il tarixli Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış məktuba əsasən də müəllif A.Salamaxinanın razılığı alınmadan onun “City Lights” adlı rəsm əsərindən “Gavali Nuts MMC tərəfindən hazırlanıb satış yolu ilə yayılan “Bakı” adlandırılan məhsulun qablaşırılmasının (qutusunun) üzərində qeyri-qanuni istifadə edilmiş, həmçinin həmin əsərin müəllifi göstərilmədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən rəsmin orijinal eskizi məhkəməyə təqdim edilmiş; eyni zamanda iddiaçıya məxsus “İnstagram” sosial şəbəkəsində olan səhifədə də rəsm əsərinin daha əvvəl tarixdə paylaşıldığı təsdiqini tapır. Eyni zamanda cavabdeh tərəf əsərin müəllifliyinin iddiaçıya məxsus olduğunu mübahisələndirsə də, mülki işin materiallarında olan yazışma mətnindən görünür ki, iddiaçının əsər müəllifi olmasını mübahisə yaranan ilk vaxtlar mübahisələndirməmiş, hətta onunla tanış olmalarından məmnunluq duyduqlarını bildirmiş və mağazaya dəvət etmişlər. Digər tərəfdən cavabdehin nümayəndələri məhkəmə iclasında da rəsm əsərini icazəsiz istifadə etdiklərini təkzib etməmiş, rəsm əsərinin iddiaçıya məxsus olması faktının onlara məlum olmadıqlarını bildirmiş; eyni zamanda cavabdehin “City lights” rəsm əsəri həkk olunmuş qutulardan cəmi 7 ədəd sifariş etdiyini bildirmişlər. Beləliklə, tətəflərin izahatları və mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən sifariş verilmiş və daha sonra satılmış qutularda əks edilmiş “City lights” rəsm əsərinin müəllifinin adı göstərilməmiş, müəllifə istinad edilməmiş, əsərdən istifadə olunmasına görə müəllifdən icazə alınmamış və ona qonorar ödənilməmişdir. Nəticədə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. İddiaçı hər 3 cavabdehə qarşı iddia tələbini yönəltsə də, müəlliflik hüquqlarının Cavabdeh2 MMC və Cavabdeh3 MMC tərəfindən pozulduğu müəyyən edilmir. Belə ki, mübahisəli taxta qutular Cavabdeh1 MMC tərəfindən sifariş edilmiş və idxal edilmişdir. Məhkəmə iddiaçının əsərdən normal istifadə zamanı əldə edə biləcək 5000 manat gəlirdən mərhum olması tələbi ilə bağlı qeyd edib ki, bu hissədə tələbin əsaslılığı öz təsdiqini tapmır. Belə ki, iddiaçı özünə məxsus rəsm əsərinin çərəz qutularının üzərində əks edildiyi faktı ona məlum olduqdan sonra satışı dayandırdığını bildirir. Halbuki, çərəz qutularında rəsm əsərinin əks edilməsinin müxtəlif eyni rəsm əsərinin əks edildiyi yaylıqların satışına mənfi təsir etməsi subyektiv mülahizədir və bunu təsdiq edə biləcək hər hansı fakt yoxdur. Digər tərəfdən iddiaçı gəliri sırf rəsm əsərinin satışında deyil, rəsm əsərinin əks edildiyi yaylıqların satışından əldə etmişdir. Belə olan təqdirdə, iddia bu hissədə təmin edilə bilməz. Beləliklə də, toplanmış sübutlara qiymət verib yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq İddiaçı yaradıcısı olduğu “City Lights” adlı əsər“ cavabdeh Gavali Azerbaijan”nın rəsmi razılıq əldə etmədən, müəllifiin razılığı və məlumatı olmadan onun əsərini qutuların üzərində çap edilməklə hazırlaması, satması nəticəsində sonuncunun qanunla qorunan müəllif hüquqlarını pozmuşdur. İddiaçının müəllif və əlaqəli hüquqların pozulması ilə bağlı kompensasiyanın ödənilməsi tələbinə gəldikdə, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq, pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxılarkən iki cür müdafiə üsulu tətbiq edilir a) mülki-hüquqi müdafiənin ümumi üsulları; b) xüsusi xarakterli müdafiə üsulları. Müəlliflik hüququ ilə əlaqəli hüquqların mülki-hüquqi müdafiəsinin ümumi üsulları dedikdə qanunla müəyyənləşdirilən və sanksiyalaşdırılan qoruyucu xarakterli elə tədbirlər başa düşülür ki, bu tədbirlərin vasitəsi ilə pozulmuş hüquqlar bərpa edilir və ya mübahisə edilən hüquqlar tanınır. Bu üsullar məcburi təbiətə malik olmaqla müəlliflik hüququnu və əlaqəli hüquqları pozan şəxsə təsir göstərmək məqsədini güdür. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanununun 45-ci maddəsinə görə məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə digər müdafiə üsulları tətbiq edə bilər ki, bu üsullar xüsusi xarakterə malikdir. Xüsusi xarakterli müdafiə tətbirləri həmin maddədə nəzərdə tutulmuşdur. Bu üsullara aiddir a) qeyri qanuni gəlirin tutulması; b) kompensasiyanın ödənilməsi. Qeyriqanuni gəlirin tutulması üsuluna görə müəlliflik hüququ və əlaqəli hüquqlar pozulduqda müəllif və əlaqəli hüquqların sahibləri pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdirlər. Belə halda məhkəmə zərərin əvəzinin ödənilməsi əvəzinə qeyri-qanuni gəlirin tutulması barədə qərar qəbul edir. Məhkəmə işin hallarını nəzərə alaraq 5000 manat məbləğində kompensasiya tutulması qənaətinə gəlmişdir. Cavabdeh tərəfin qeyd etdiyi məbləğ iddianın qismən etirafı kimi ifadə edilməsə də, kompensasiya məbləği olaraq bu məbləğ müəyyənləşdirilməlidir, bu məbləğ hazırkı işin halları baxımından ədalətlidir. Kompensasiya məbləğinin daha yuxarı həddə ola biləcəyi ilə bağlı hər hansı başqa mötəbər sübut təqdim edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh "xxxx" MMC (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş edib göstərmişdir ki, iddiaçının iki tələbdən yalnız birini irəli sürmək hüququ vardır. İddiaçı ona vurulan zərərlə əlaqədar iddiasını sübut edə bilməmişdir. Bu baxımdan zərərin ödənilməsi əvəzinə kompensasiya məbləği də müəyyən edilə bilməzdi. Bundan başqa, məhkəmə pozuntu nəticəsində cavabdehin əldə etdiyi gəlirin müəyyən edilməsi üçün heç bir addım atmamışdır. Həmçinin hansı əsasla kompensasiya təyin etdiyini və hansı səbəbdən onun 5000 AZN həddində olduğu barədə qətnamədə heç bir əsas göstərilməmişdir. Güman edilən pozuntu nəticəsində iddiaçıya vurulan zərərin sübuta yetirilməsi mümkün olmamışdır. Digər tərəfdən güman edilən pozuntu nəticəsində cavabdeh tərəfindən əldə edilən gəlirin həcmi, ümumiyyətlə araşdırılmamışdır. Üzərində sözügedən əsər təsvir edilən 7 ədəd qutu mövcuddur. Cavabdeh həmin 7 qutunun satışı üçün 385 manat sərf edib və satılmaq üçün hazır vəziyyətə gətirilməsi üçün 77 manat sərf edib. Qutunun birinin satış dəyəri 250 manat olmuş, 2-si satılıb, qalan 5 qutu satışdan çıxarılıb. Bir qutunun satışından xalis 173, cəmi 346 manat gəlir əldə etmişdir. Ona görə də təyin edilən kompensasiyanın məbləği əldə etdiyi gəlirə mütənasib deyil, hətta həmin gəlirdən 15 dəfə çoxdur. Bu da şakr surətdə sübut edir ki, məhkəmə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 46.3-cü maddəsində nəzərdə tutulan ədalətlilik meyarına zidd davranmış və ümumilikdə həmn prinsipi pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər “GAVALİ NR" MMC-nin və "X3" MMC-nin, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələrin məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununu:
Maddə 5.1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Maddə 14.1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) Maddə 15.1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Maddə 15.2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). Maddə 25.1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 29.1. Müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır. Maddə 29.2. Müəllif vəsiyyətnamənin icrasını təyin etdiyi qaydada şəxsi hüquqlarının qorunmasını həvalə etdiyi şəxsi göstərə bilər. Belə şəxs öz səlahiyyətlərini ömürlük həyata keçirir. Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquqlarının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarmışdısa, belə hüquqların qorunmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yerinə yetirir. Maddə 30.1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Maddə 40. Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Maddə 45.2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Maddə 46.3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi(5000-346=4654) hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından təmin edildiyi hissədə iddia haqlı sayılır.
24. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
27. Əvvəla, iddiaçının yaradıcısı olduğu “City Lights” adlı rəsm əsərini cavabdeh rəsmi razılıq əldə etmədən, müəllifiin razılığı və məlumatı olmadan onun əsərini qutuların üzərində çap edilməklə hazırlaması, satması nəticəsində qanunla qorunan müəllif hüquqlarını pozması işin mübahisəsiz halına çevrilib. Əks halda cavabdehin nümayəndəsi hələ birinci instansiya məhkəməsində iddiaçı tərəfə 500 manat təklif etməzdi(i.v.153).
28. Bundan əlavə, iddiaçının iki tələbdən yalnız birini irəli sürmək hüququ olması barədə dəlilə gəldikdə isə, bu əsassız bir mövqe sayılır. Çünki hər iki tələbi birlikdə irəli sürmək hüququnu iddiaçıya qadağan edən hansısa hüquq norması mövcud deyil. Cavabdehin əsaslandığı norma “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45.2-ci maddəsi olsa da, burada da normanı yanlış təfsir edir. Çünki həmin normada iddiaçının yalnız hazırkı tələblərindən birini irəli sürməli olduğu göstərilməyib. Əksinə həmin normanın tələbinə görə məhkəmənin müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə 4 növ qərar qəbul edə bilməsi nəzərdə tutulub. Yəni məhkəmənin 4 növ qərar qəbul edə bilməsi o demək deyil ki, iddiaçı iki tələbi eyni anda irəli sürə bilməz. Başqa sözlə qeyd olunan qərarların qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid məsələdir və hər bir qərar üzrə nəyin əvəzinə, nəyi edə bilməsi göstərilib. Məsələn hazırkı iddia üzrə məhkəmə 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tuta bilərdi yaxud 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsini təmin edə bilərdi, hansı ki, zərərin tutulması və ya gəlirin tutulması əvəsinə iddianı qismən təmin edib 5000 manat kompensasiya ödənilməsini qət edib. Deməli məhkəmə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə kompensasiya ödənilməsini qət etməklə nəticə olaraq da bir iddianı qismən təmin edib.
29. Bir daha qeyd olunur ki, cavabdehin iddiaçının müəllif hüquqlarını pozması işin mübahisəsiz halı olduğundan ona zərərin vurulması da sübut edilmiş hesab edilir. Çünki müəllif hüququ ilə başqasına məxsus qanunla qorunan rəsm əsərindən icazəsiz və razılaşma olmadan istifadə etməklə gəlir əldə etməsi də mübahisə doğurmur. Düzdü cavabdeh əldə etdiyi gəlirin cüzi olduğunu(346 manat) bəyan edir. Ancaq hər bir halda cavabdeh rəsm əsərindən qanunsuz istifadə edib gəlir əldə edibsə, demək ki, bunun nəticəsində iddiaçının müəllif hüquqlarını pozmaqla yanaşı həm də zərər vurub.
30. Burada cavabdeh pozuntu nəticəsində əldə etdiyi gəlirin müəyyən edilməsi üçün heç bir addım atmamaqda məhkəməni qınamaqda haqlı olmayıb. Çünki qeyd olunan pozuntu nəticəsində nə qədər gəlir əldə etməsi barədə məlumatı özü təqim etməlidir, ancaq etmir yaxud cüzi 346 manat gəlir əldə etdiyini göstərir, lakin buna dair mötəbər sübut təqdim etmir. Buna görə də məhkəməni “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 46.3-cü maddəsində nəzərdə tutulan ədalətlilik meyarına zidd davranmaqda və ümumilikdə həmn prinsipi pozmaqda qınamaqdan əvvəl özü də vicdanlılığın tələb etdiyi tərzdə davranmalı, hüquqdan başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə etməməlidir. Qeyd olunanlara əsasən də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır.
31. Göstərilənlərlə yanaşı, MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,.. az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəf apellyasiya baxışı zamanı da cəmi 346 manat gəlir əldə etdiyini və nəticə etibarı ilə bu məbləğdə iddianın təmin olunmasına etiraz etmədi. Demək ki, qətnamənin mübahisələndirdiyi hissə 4654 manat təşkil edir.
32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)- 3243/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-3243/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.