Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1339/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, və X1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyət hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- */**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH ******* saylı Çıxarışın surətindən görünür ki, Xanlar rayonu, Quşqara kəndində 0.209686 ha ehtiyat fondu torpaq sahəsi ##.##.2007-ci il tarixdə X2 adına qeydiyyat alınmışdır;
3. ##.##.2012-ci il tarixli, AN-İ 0247738 (*Ə-*-***) saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonu, Quşqara kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus 0,209686 ha torpaq sahəsini 20.000 manat müqabilində İddiaçı satmışdır;
4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ##.##.2013-cü il tarixli, Seriya № ******* (reyestr nömrəsi 508013001428) çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və həmin hüquq Daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır;
5. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsinin əsas göstəriciləri İddiaçı adına tərtib edilmiş, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin cizgisi öz əksini tapmışdır;
6. Göygöl Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi ilə Göygöl rayon Quşqara bələdiyyəsinin X2 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı X2 adına verilmiş JN-0497, KOD ******** saylı Dövlət Aktının 0,51 ha hissəsinin etibarsız hesab edilməsi tələbi üzrə iddia təmin edilmiş və X2 adına verilmiş JN-**** nömrəli Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə həmin qətnamə bu hissədə ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş və tərəflərə aidiyyəti üzrə inzibati orqana, nəticə əldə edilmədiyi halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan verilmiş kassasiya şikayətinə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək Göygöl rayon Quşqara bələdiyyəsinin X2 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı 0,51 ha torpaq sahəsi üzrə Dövlət Aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir;
7. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2012-ci il tarixli, *** saylı sərəncamından görünür ki, Gəncə şəhər sakini cavabdeh5 müraciətini və Gəncə Şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan ** №-li sahəsində cavabdeh5 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş və 06.06. 2012-ci il tarixdə fərdi yaşayış evinin eskiz layihəsi Gəncə şəhərinin baş memarı tərəfindən razılaşdırılmışdır;
8. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2013-cü il tarixli, **** saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan ** №-li sahəsində cavabdeh5 tərəfindən inşa edilmiş ümumi sahəsi 302.0 kv.m, 112.4 kv.m yaşayış sahəsi, 58.6 kv.m zirzəmi, 145.5 kv.m mansard, 4.0 kv.m həyət tikilisindən ibarət fərdi yaşayış evi qeydə alınmışdır;
9. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2012-ci il tarixli, *** saylı sərəncamından görünür ki, Gəncə şəhəri, 20 Yanvar küçəsi, *** №-li evdə yaşayan Isgəndərova Qətibə Cumalı qızının müraciətini və Gəncə Şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan ** №-li sahəsində Isgəndərova Qətibə Cumalı qızı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir;
10. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2012-ci il tarixli, *** saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 151, mənzil 18-də yaşayan X1 müraciətini və Gəncə Şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 41 №li sahəsində X1 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir;
11. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2013-cü il tarixli, ** saylı sərəncamından görünür ki, Gəncə şəhər sakini cavabdeh2 müraciətini və Gəncə Şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan ** №-li sahəsində cavabdeh2 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir;
12. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2013-cü il tarixli, ** saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Xəmsə küçəsi, ** №-li evdə yaşayan X6 müraciətini və Gəncə Şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan ** №-li sahəsində X6 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir;
13. Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli, *-**(**)-***/**** saylı qərarından görünür ki, X2 məxsus 0,209686 ha torpaq sahəsinin yerində müəyyən olunaraq müayinə edilməsi və torpaq sahəsinin sənədlərinin hazırlanaraq torpaq sahəsi üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma-1) verilməsi vəzifəsi səlahiyyətləri daxilində Azərbaycan Respublikası DT və XK-nin Göygöl rayon şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi Idarəsinə həvalə olunmuşdur;
14. Apellyasiya instansiyası məhkəməsinin birinci icraatı zamanı Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2014-cü il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının sərəncamları əsasında cavabdeh5, Isgəndərova Qətibə Cumalı qızına, cavabdeh2, X6 və X1 fərdi yaşayış evlərinin yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrinin koordinatları üst-üstə düşür. Həmin rəydə qeyd edilmişdir ki, mübahisəli torpaq sahələri Göygöl rayonunun Quşqara kəndinin inzibati ərazisindən Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə verilmiş torpaqlara aid olmuşdur. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli, ***-IVQ nömrəli Qanunu və həmin Qanunun tətbiqi ilə bağlı ##.##.2013-cü il tarixli **** saylı sərəncam əsasında həyata keçirilmişdir;
15. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək cavabdeh5, cavabdeh2, X6, X1 və Isgəndərova Qətibə Cumalı qızının DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsinə, X2, İddiaçı və Göygöl rayon Notariat Kontoruna qarşı çıxarışların, torpaq sahəsinin plan və ölçü sənədlərinin, alqı-satqı müqaviləsinin və İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir;
16. Həmin qətnamədə Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2015-ci il tarixli, **** nömrəli rəyinə istinad edilərək müəyyən edilmişdir ki, Quşqara bələdiyyəsinin ##.##.2005-ci il tarixli **A saylı qərarı ilə X2 0,80 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşmişdir. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri Icra Hakimiyyəti Başçısının sərəncamları əsasında cavabdeh5, Isgəndərova Qətibə Cumalı qızına, cavabdeh2, X6 və X1 ayrılmış torpaq sahələrinin koordinatları üst-üstə düşmüşdür;
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh5, cavabdeh2, X6, X1 və Isgəndərova Qətibə Cumalı qızının kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarından görünür ki, cavabdeh5, X6, cavabdeh2, X1 və Isgəndərova Qətibə Cumalı qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X2r) X2 adına 0,509686 ha torpaq sahəsi üzrə aparılmış dövlət reyestr qeydiyyatının və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin İddiaçı adına aparılmış ##.##.2013-cü il tarixli qeydiyyatının ləğv edilməsi tələbi təmin edilməmişdir. Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardan verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir;
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, iddiaçı İddiaçı Gəncə Şəhər Nizami Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2012-ci il tarixli *** nömrəli, ##.##.2012-ci il tarixli *** nömrəli, ##.##.2013-cü il tarixli 54 və ** nömrəli, ##.##.2012-ci il tarixli *** nömrəli sərəncamların etibarsız hesab edilməsi tələbinə dair iddiası Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə təmin edilmişdir. Lakin Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə həmin qərar ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır;
20. Hazırkı iş üzrə birinci apellyasiya icraatı zamanı əldə edilmiş ##.##.2017-ci il tarixli, ***** saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin koordinatları Gəncə şəhəri, “Əriklik bağı” ərazisində cavabdehlərə fərdi yaşayış evlərinin yerləşdirilməsi üçün ayrılmış torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin rəydə qeyd edilmişdir ki, X2 məxsus JN-**** saylı Dövlət Aktında göstərilən 0,51 ha torpaq sahəsinin 497D konturu sonradan əlavə edilmiş və elektron xəritə materiallarında əks olunmamışdır. X2 həmin sahənin 0,209686 ha hissəsini ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmış və həmin torpaq sahəsi sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Rəydə, həmçinin, dövlət aktında göstərilən torpaq sahəsinin koordinatlarının bir hissəsinin digər şəxslərə məxsus tikililərin və ümumi istifadədə olan yolun üzərinə düşdüyü göstərilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
21. Iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus olan Göygöl rayonu, Quşqara kəndi (hazırki Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Əriklik bağı) ərazisində yerləşən 0,209686 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, ##.##.2012-ci ildə alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Quşqara kəndi ərazisində özünə fərdi yaşayış evi tikmək üçün 0.209686 ha torpaq sahəsi almış, ##.##.2013-cü ildə DƏDRX-dən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Torpaq sahəsini aldıqdan sonra öz ərazisini hasarlatmamışdır. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli fərmanına əsasən Göygöl rayonunun Inzibati ərazi dairəsində dəyişiklik aparılaraq mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazi Gəncə şəhər Nizami rayonun yurisdiksiyasına verilmişdir. Bundan sonra aldığı torpaq sahəsinə baxış keçirən zaman müəyyən etmişdir ki, cavabdeh nümayəndə1 onun mülkiyyətində olan torpaq sahəsini öz başına tutaraq həmin torpaq sahəsinin onun olmasını iddia edərək onun torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Bununla bağlı o, Gəncə Inzibati-Iqtisad Məhkəməsinin ##.##.2012-ci il tarixli, *-*-*(**)-***/**** saylı qətnaməsini və mülkiyyət hüququna dair çıxarışı təqdim etsə də, o torpaq sahəsini boşaltmayacağını bildirmişdir. Cavabdehə dəfələrlə məhkəmədən kənar qaydada torpaq sahəsini boşaltmasını bildirsə də, o, buna məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirmişdir.
23. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli qərardadı ilə mülki iş üzrə əsl olmayan cavabdeh nümayəndə1 Islam oğlu əsl cavabdehlər cavabdeh5, X6, cavabdeh2, cavabdeh3 və cavabdeh1 ilə əvəz edilmişlər.
24. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, 2(044)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim M.A.Əsədli).
25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ##.##.2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0.209686 ha torpaq sahəsini X2 nümayəndəsi X3 almış, ##.##.2013-cü il tarixdə isə DƏDRX-ın Gəncə Ərazi Idarəsinin vermiş olduğu RX nömrəli ******* reyestr nömrəli çıxarışla həmin torpaq sahəsi onun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli fərmanına əsasən Göygöl rayonunun Inzibati ərazi dairəsində dəyişikliklər aparılmış və nəticədə onun mülkiyyətində olan torpaq sahəsinin ərazisi Gəncə şəhər Nizami rayonun yurisdiksiyasına verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsini cavabdehlər qanunsuz yolla zəbt edərək orada qanunsuz tikililər aparmışdır. Iddiaçı qanuni əsaslarla özünə məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxmasını tələb etsə də, cavabdehlər bundan imtina etmiş, faktiki olaraq həmin torpaq sahəsini zəbt etməklə iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarını pozmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 157.2, 180.4, 239.2-ci, Torpaq Məcəlləsinin 48 və 49-cu maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
27. Cavabdehlər cavabdeh5, X6, cavabdeh2, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Isgəndərova Qətibə Cumalı qızı və X1 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən, onların iştirakını təmin etməmiş və bununla da, çəkişmə prinsipini pozmuşdur. Bundan başqa, məhkəmə cavabdehlərin əsl cavabdehlərlə əvəz edilməsi barədə qərardad qəbul etsə də, onların şəxsiyyətini müəyyən edə bilməmiş, onlardan cavabdeh3 və cavabdeh1 düzgün olaraq əvəz etməmişdir. Iddiaçı məhkəməyə ona aid torpaq sahəsinin məhz cavabdehlərin inşa etdikləri yerdə yerləşməsi barədə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə ##.##.2013-cü il tarixli qərardadı ilə cavabdehləri əsl cavabdehlərlə əvəz etməklə eyni tarixdə qətnamə çıxarır. Həmçinin iddiaçı həmin torpaq sahəsini məhz cavabdehlərin inşa etdirdikləri yerdə yerləşməsi barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində mübahisəli əraziyə baxış keçirdiyini və cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evləri tikildiyini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli əraziyə baxış keçirməsi məhkəmə iclas protokolunda əks olunmamışdır. Məhkəmə əraziyə baxış keçirsəydi cavabdehləri də cəlb edərdi. Həmçinin məhkəmə mütəxəssis dəvət etmədən torpaq sahəsinin cizgi və ölçülərini müəyyən etmədən torpaq sahəsini yerini müəyyən edə bilməzdi. Mübahisəli torpaq sahəsi onlara Gəncə şəhəri Nizami rayon Icra Hakimiyyəti başçısının sərəncamları əsasında ayrılmış və həmin torpaq sahəsində ev tikintisinə layihə verilməklə icazə verilmişdir. Bu o deməkdir ki, onlar həmin torpaq sahələrini özbaşına tutmamış və orada özbaşına tikinti aparmamışlar. Əgər hakim yerli baxış keçirsəydi tikilmiş beş evdə yaşayanlardan heç olmasa bir neçəsinin bundan xəbəri olardı. Torpaqların ayrılması və evlərin layihələndirilməsinə dair Icra Hakimiyyəti orqanının sərəncamları qüvvədə ola-ola, həmin sərəncamlar ləğv edilmədən, hakim evlərin sökülməsinə və torpaqdan çıxarılmaya dair qərar qəbul etmişdir.
29. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərardadı ilə mülki iş üzrə əsl olmayan cavabdehlər cavabdeh3 və cavabdeh1 əsl cavabdehlər olan X1 və Isgəndərova Qətibə Cumalı qızı ilə əvəz edilmişlər.
30. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, Göygöl rayonu, Quşqara kəndində yerləşən (hazırda Gəncə şəhəri Nizami rayon inzibati ərazisinə daxildir) və iddiaçının mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin cavabdehlər cavabdeh5, X6, X1, Isgəndərova Qətibə Cumalı qızı və cavabdeh2 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir (hakimlər L.C.Süleymanov - sədrlik edən və məruzəçi, Ə.İ.Məmmədov və Ə.G.Abdullayev).
31. Apellyasiya instansiyası məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli, *-*-*(**)-***/**** saylı qərarı ilə X2 məxsus 0,209686 ha torpaq sahəsinin yerində müəyyən edilməsi, sənədlərinin hazırlanması və torpaq sahəsi üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma-1) verilməsi müvafiq dövlət orqanlarının vəzifəsinə aid edilmişdir. Bundan sonra X2 həmin torpaq sahəsinə dair sənədlər əldə etmiş və ##.##.2012-ci il tarixli, AN–İ 0247738 (*Ə-*-***) nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsini 20 000 manat müqabilində İddiaçı satmışdır. Həmin torpaq sahəsi ##.##.2013-cü il tarixli, RX ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin planı və ölçüsü sənədində onun əsas göstəriciləri, kadastr məlumatları və sərhədləri əks olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin sənədlərin hüquqi qüvvəsi təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, RX ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi cavabdehlər tərəfindən tutulmuş və onların istifadə etdikləri sahələrin koordinatları iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.
33. Bu əsaslarla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının torpaq sahəsinin boşaldılması və həmin sahədə yerləşən qanunsuz tikililərin sökülməsi tələbi əsaslıdır.
34. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərə fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi barədə Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyəti Başçısının sərəncamları torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada torpaq sahəsi ayrılmamış, həmin dövrdə icra hakimiyyəti orqanının belə sərəncamlar vermək səlahiyyəti olmamış və mübahisəli torpaq sahəsi Gəncə şəhərinin inzibati ərazisinə aid olmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsi, Mülki Məcəllənin 152.1, 157.2, 139.1 və 178.1-ci, Torpaq Məcəlləsinin 66.1, 66.2, 67.1, 67.4 və 68-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.3-cü, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
36. Cavabdehlər cavabdeh5, X6, X1, Isgəndərova Qətibə Cumalı qızı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə cavabdeh cavabdeh5 hüquqlarının kobud pozulması ilə çıxarılmışdır. Qətnamədə göstərilmişdir ki, cavabdeh cavabdeh5 nümayəndəsi kimi nümayəndə1 iclasa gəlsə də, ona verilmiş etibarnamənin müddəti bitdiyindən izahatı dinlənilməmişdir. Bu hissədə məhkəmə təhrifə yol vermiş, həqiqəti göstərməmişdir. nümayəndə1 nümayəndəliyini təsdiq edən Bakı şəhəri ** saylı notariat kontorunda verilmiş, ##.##.2017-ci il tarixli etibarnaməsinin təsdiq olunmuş surətini nümayəndə1 prosesin əvvəlində məhkəmənin iclas katibinə təqdim etmiş və ikinci ekspertiza rəyinin surətinin ona verilməsini tələb etmişdir. Ekspertiza rəyinin surətinin almağına dair işdə qalan ekspertiza rəyinə imza edib, soyadını yazıb, aldığı tarixi və saatı qeyd etmişdir. Bundan sonra prosesdə çıxışlar edib müzakirə edilən bütün məsələlərə münasibətini bildirmişdir. Bundan başqa məhkəmə ciddi prosessual pozuntuya yol verərək icraatın dayanarılması barədə yazılı vəsatəti müzakirə etməmiş, nə ayrıca qərardadla, nə də, məhkəmə qətnaməsində müzakirəsi vacib olan həmin vəsatətə qiymət verməmişdir. Apellyasiya məhkəməsi iş üzrə aparılmış hazırki və əvvəlki ekspertiza rəyləri ilə razılaşmayaraq yalnız Göygöl Torpaq Komitəsinin yer quruluşu mühəndisi olan Etibar Əliyev tərəfindən verilmiş adi mütəxəssis rəyinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol vermişdir. Məhkəmənin bu mövqeyi ciddi maddi və prosessual pozuntu sayılmalıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instasıyası məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər Ə.G.Nurməmmədov - sədrlik edən və məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov).
39. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Xanlar rayonu (hazırda Göygöl) Quşqara bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **A saylı qərarı ilə X2 0,80 ha torpaq sahəsi satılmış və həmin qərar əsasında onun adına JN-0497, KOD ******** saylı dövlət aktı verilmişdir. Dövlət aktında ümumi sahəsi 1,31 ha olan torpaq sahəsinin 467-ci kontur üzrə 0,60 ha, 467A kontur üzrə 0,20 ha və 467D kontur üzrə 0,51 ha hissələrdən ibarət olduğu göstərilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, 467D konturu üzrə 0,51 ha torpaq sahəsi dövlət aktına qanunsuz şəkildə əlavə edilmişdir. Həmin torpaq sahəsinin 0,51 ha hissəsindən X2 ayrı-ayrı şəxslərə torpaq sahələri satmış, qalan 0,209686 ha hissəni isə ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı vermişdir. Sözügedən hallar qanuni qüvvəyə minmiş məhkəmə aktları, tərəflərin izahatları, DƏDRX-nin sənədləri, bələdiyyə arayışları, ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur.
40. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutları, o cümlədən Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2010-cu il tarixli qətnaməsini lazımi qaydada araşdırmamış və həmin sübutlara hüquqi qiymət verməmişdir.
41. Iş materiallarından müəyyən edilmişdir ki, cavabdehlərə fərdi yaşayış evlərinin tikintisinə razılıq verilməsi barədə Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyəti Başçısının sərəncamları X2 geri alınmış 0,51 ha torpaq sahəsinə münasibətdə qəbul edilmişdir. Bu səbəbdən cavabdehlərin tikinti fəaliyyəti Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulan özbaşına tikinti kimi qiymətləndirilə bilməz. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı yanaşmaya əsasən, cavabdehlərin həmin tikililər üzərində yaranmış hüquqları Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin Gəncə şəhəri Nizami Rayon Icra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamları məhkəmə qaydasında ləğv edilməmiş və hazırda qüvvədədir.
42. Bundan əlavə, cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydiyyatının ləğvi ilə bağlı inzibati məhkəməyə müraciət edilmiş, həmin məsələ üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxılarkən cavabdehlərin təqdim etdiyi sübutlar hərtərəfli araşdırılmalı, o cümlədən mübahisəli torpaq sahəsinin inzibati ərazi aidiyyəti, həmin sahənin əvvəllər Gəncə şəhəri və ya Göygöl rayonunun ərazisinə aid olubolmaması,
43. eləcə də torpaq sahəsinin əvvəlki hüquqi statusu aidiyyəti orqanların iştirakı ilə müəyyən edilməlidir. Bundan sonra məhkəmə iş üzrə toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, hərtərəfli və qərəzsiz qiymət verməli, mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi və prosessual hüquq normalarının düzgün tətbiqini təmin etməlidir.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh5 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
45. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi onunla Isgəndərova Qətibə Cumalı qızı arasında bağlanmışdır. Həmçinin cavabdehlər X6 və cavabdeh2 münasibətdə iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir.
46. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh5, X6, X1, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Isgəndərova Qətibə Cumalı qızının vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, inşa edilmiş tikililər qanunsuz tikili olmamaqla, Gəncə şəhər Nizami rayon IH başçısının Sərəncamı əsasında tikilmişdir.
47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehlər X6 və cavabdeh2 qarşı iddia tələbindən imtina etməsi barədə ərizəsi təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən cavabdehlərə münasibətdə ləğv olunaraq, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
48. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh5 və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Isgəndərova Qətibə Cumalı qızı və X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılması qət edilmişdir (hakimlər M.Ə.Mustafayev - sədrlik edən və məruzəçi, Ə.S.Qəhrəmanov və R.Ş.Muradov).
49. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və həmin torpaq sahəsində cavabdehlərin fərdi yaşayış evi inşa etməsi işin müəyyən olunmuş halıdır. Lakin iddianın əsaslılığını müzakirə edərkən iddiaçının mülkiyyət hüququnu nə vaxt əldə etməsi, mülkiyyət hüququnu əldə edərkən torpaq sahəsinin mübahisəli olmasını bilib-bilməməsi, alqı-satqı zamanı həmin torpaq sahəsində mübahisəli tikililərin olub-olmaması, tikililər inşa edilərkən iddiaçının hazırkı iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək halların qarşısının alınması üçün həmin tikililərin inşasının dayandırılması ilə bağlı tədbirlərin görülüb-görülməməsi və işin hazırkı vəziyyətində cavabdehlərin aparılmış tikililərə əmlak hüquqlarının yaranıb-yaranması ilə bağlı məsəllərə hüquqi qiymət verilməlidir.
50. Iş materiallarından müəyyən edilmişdir ki, Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli, *-*-*(**)-***/**** saylı qərarı ilə X2 məxsus 0,209686 ha torpaq sahəsinin yerində müəyyən olunaraq müayinə edilməsi və torpaq sahəsinin sənədlərinin hazırlanaraq torpaq sahəsi üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma-1) verilməsi vəzifəsi səlahiyyətləri daxilində Azərbaycan Respublikası DT və XK-nin Göygöl rayon şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi Idarəsinə həvalə olunmuşdur. Həmin qərarının məzmununda da qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli olduğundan həmin torpaq sahəsinin alqı-satqı üçün Forma-1 arayışının verilməsindən DƏDRX-nin Gəncə Ərazi Idarəsi imtina etmişdir. Göstərilənlər məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə imkan vermişdir ki, iddiaçı torpaq sahəsini alarkən torpaq sahəsinin mübahisəli olduğunu bilmişdir.
51. Eyni zamanda, cavabdehlərə Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən müvafiq sərəncamlar əsasında “Əriklik bağı” ərazisində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş, həmin sərəncamlar əsasında cavabdehlər tərəfindən yaşayış evləri inşa edilmişdir. Həmçinin cavabdehlərdən cavabdeh5 inşa etdiyi fərdi yaşayış evi müvafiq inzibati akt əsasında qeydə alınmışdır. Iş materiallarında olan “Google Maps” məlumatlarından görünür ki, ##.##.2013-cü il tarixdə cavabdeh cavabdeh5 məxsus fərdi yaşayış evi artıq mövcud olmuş, digər cavabdehlərə məxsus yaşayış evləri isə yarımçıq tikili vəziyyətində olmuşdur. Iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ isə ##.##.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Iddiaçı ##.##.2013-cü il tarixdə cavabdehlərə qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və mülkiyyət hüququnun müdafiəsi tələbi ilə məhkəməyə müraciət etsə də, tikinti işlərinin dayandırılması və ya sonrakı nəticələrin qarşısının alınması üçün hər hansı tədbir görməmişdir. Nəticədə, hazırda cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evləri başa çatdırılmış, cavabdehlər uzun müddət həmin evlərdə yaşayaraq kommunal xərcləri ödəmişlər.
52. Məhkəmə kollegiyası həm Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə müəyyən edilmiş hallar – iddiaçının torpaq sahəsini əldə edərkən həmin sahənin mübahisəli olması barədə məlumatlı olması, torpaq sahəsi üzərində cavabdehlərə məxsus tikililərin mövcudluğu və iddiaçının həmin vəziyyətdə torpaq sahəsini qəbul etməsi, habelə iddiaçının tikinti işlərinin dayandırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi, cavabdehlərin isə yaşayış evlərini Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş və qüvvədə olan sərəncamlar əsasında inşa etməsi nəzərə alınmaqla, onların həmin tikililərlə bağlı ağlabatan gözləntilərinin və “qanuni ümid”lərinin formalaşdığını göstərir. Bu baxımdan, cavabdehlərin inşa etdikləri fərdi yaşayış evləri üzərində yaranmış əmlak hüquqları «Insan hüquqlarının və X14 haqqında» Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından müdafiə olunan “mülkiyyət” kimi qiymətləndirilməlidir.
53. Işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinin tikintisi üçün çəkdiyi xərclərin əvəzini ödəmədən sökülməsini tələb etməkdə haqlı deyildir və mübahisəli tikilinin əvəzi ödənilmədən (ədalətli kompensasiya verilmədən) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni əsası yoxdur. Lakin birinci instansiyası məhkəməsi bu dəlillərə qiymət verməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139, 140, 146.1, 148.2, 157.2, 158.4-cü Torpaq Məcəlləsinin 84-cü, Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 14.2, 76.1, 77.1, 88, 384, 402.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
55. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməsində mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcud olduğunu və həmin hüququn qanunla hər cür qəsddən müdafiə edilməli olduğunu göstərsə də, eyni zamanda cavabdehlərin həmin torpaq sahəsində tikinti aparmasını iddiaçının tikintinin qarşısının alınması üçün vaxtında tədbir görməməsi ilə əlaqələndirmişdir. Bu yanaşma mülkiyyət hüququnun mahiyyətinə və mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına və mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququ əmlakın yerləşdiyi yerdən asılı olmayaraq toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyətçinin hüquqlarının müdafiəsi onun əmlakını daimi nəzarətdə saxlaması və ya qanunsuz müdaxilənin qarşısını dərhal alması şərtindən asılı edilə bilməz.
57. Məhkəmənin cavabdehlərə tikinti aparılması üçün verilmiş sərəncamı əmlak hüququnun yaranmasının əsası kimi qiymətləndirməsi də qanunvericiliyin tələblərinə uyğun deyildir. Əmlak hüququ yalnız qanuni əsaslarla yarana və dövlət tərəfindən tanına bilər. Cavabdehlər başqasının mülkiyyətində olan torpaq sahəsində etibarsız inzibati akt və ilkin torpaqayırma sənədləri olmadan fərdi yaşayış evi inşa etdiklərindən, həmin tikililər üzərində qanunla qorunan hər hansı əmlak hüququnun, o cümlədən dövlət qeydiyyatına alınması mümkün olan hüququn mövcudluğundan söhbət gedə bilməz.
58. Məhkəmənin iddiaçının tikintiyə müdaxilə etmədiyi barədə gəldiyi nəticə də iş materialları ilə təsdiq olunmur. Belə ki, tikinti işləri ilkin mərhələdə, cəmi 1–2 cərgə kubik hörüldüyü vaxt iddiaçı tərəfindən cavabdehlərə etiraz edilmiş, əvvəlcə şifahi xəbərdarlıq olunmuş, sonradan isə məhkəmə qaydasında hüquqlarının müdafiəsi üçün müraciət edilmişdir. Buna baxmayaraq, cavabdehlər icra başçısının göstərişi ilə tikinti işlərini davam etdirmişlər.
59. Məhkəmənin Ömər Yıldızın hüquqi mövqeyinə istinad etməsi də mübahisənin faktiki hallarına uyğun deyildir. Mübahisəli torpaq sahəsi sahibsiz əmlak olmamış, tikinti işləri başlanıldığı andan etibarən iddiaçı mülkiyyət hüququnun müdafiəsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmişdir. Buna görə də cavabdehlərin inşa etdikləri fərdi yaşayış evləri üzərində "gözlənilən mülkiyyət hüququ"nun mövcudluğu barədə nəticə hüquqi əsasdan məhrumdur. Çünki mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və dövlət qeydiyyatına alınmışdır.
60. Eyni zamanda, cavabdeh və maraqlarına toxunan digər şəxslər tərəfindən iddia tələbinə, habelə kassasiya şikayətində göstərilən dəlilləri və hüquqi əsasları təkzib edən hər hansı mötəbər sübut və ya maddi hüquq normasına əsaslanan etiraz təqdim edilməmişdir. Bu səbəbdən, kassasiya şikayətində irəli sürülmüş dəlillərin iş materialları ilə təsdiq olunduğu qənaətinə gəlinməlidir.
61. Beləliklə, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına və toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə, iddiaçının mülkiyyət hüququnun müdafiəsi təmin edilməmişdir. Bu baxımdan hesab edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən iddia tələbinin təmin edilməsi barədə birbaşa qərarın qəbul edilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
63. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
64. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
65. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
66. Maddə 29, V hissə. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
67. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
“Insan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyası (* saylı Protokol)
68. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi
69. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
70. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
71. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
72. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
73. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
74. Maddə 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
75. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının göstərdiyi dəlillər əsasında tam yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ mövcuddur. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı torpaq sahəsini əldə edərkən onun mübahisəli olduğunu bilmiş, həmin dövrdə torpaq sahəsində cavabdehlər tərəfindən yaşayış evlərinin tikintisi artıq aparılmış, sonradan isə həmin tikililər başa çatdırılaraq uzun müddətdir yaşayış məqsədilə istifadə edilmişdir. Apellyasiya məhkəməsi bu halları, eləcə də cavabdehlərin tikinti işlərini qüvvədə olan inzibati sərəncamlar əsasında həyata keçirməsini nəzərə alaraq, tərəflərin hüquq və mənafelərinin ədalətli tarazlığı baxımından iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
86. Kassatorun apellyasiya məhkəməsinin iddiaçının mülkiyyət hüququnu qəbul etdiyi halda tikintinin qarşısının vaxtında alınmamasını hüquqi əhəmiyyətli hal kimi nəzərə almasının mülkiyyət hüququnun mahiyyətinə zidd olması barədə dəlili əsaslı deyildir. Belə ki, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu inkar etməmiş, həmin hüququn həyata keçirilməsi zamanı yaranmış konkret faktiki və hüquqi vəziyyəti, o cümlədən cavabdehlərin tikintiyə başlaması və tikililərdən uzun müddət istifadə etməsi, iddiaçının bu vəziyyətə münasibəti və müdaxilənin mütənasibliyi məsələlərini qiymətləndirmişdir.
87. Bu baxımdan, mülkiyyət hüququnun mövcudluğu onun digər şəxslərin formalaşmış qanuni maraqlarını pozan şəkildə həyata keçirilməsinə əsas vermir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Bu prinsip mülkiyyət hüququnun mütləq xarakter daşımadığını, həmin hüququn həyata keçirilməsi zamanı digər şəxslərin hüquq və qanuni mənafelərinin, habelə hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinin nəzərə alınmasını tələb edir.
88. Eyni zamanda Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
89. Həmçinin, kassatorun cavabdehlərin tikinti aparmasına əsas olmuş sərəncamların əmlak hüququ yarada bilməməsi, cavabdehlərin tikililər üzərində hüquqlarının mövcud olmaması, iddiaçının tikintiyə etiraz etməsi və "qanuni ümid"in formalaşmaması barədə dəlilləri isə ona görə əsaslı hesab edilmir ki, apellyasiya məhkəməsi cavabdehlərin həmin tikililəri sözügedən sərəncamlara etimad edərək inşa etdiklərini, mübahisənin onlara məlum olduğu, ən azı iddia barədə bildiriş onlara təqdim edilənədək vicdanlı sahib hesab edildiklərini, qanunsuz sahiblərin də torpaq sahəsindən çıxarıldıqları halda əşyaya qoyduqları yaşılaşdırmaları tələb etmək hüquqlarının tanınması və bu hüquqların da Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi mənasında müdafiə olunan əmlak hüquqları kontekstində qiymətləndirildiyi qənaətinə gəlmişdir. Başqa sözlə, cavabdehlərin həyata keçirdiyi tikinti və abadlaşdırma işləri nəticəsində yaranmış əmlak maraqları da hüquqi müdafiədən kənarda qala bilməz. Mülki Məcəllənin 157.6-157.7-ci maddələrində istər vicdanlı, istərsə də vicdansız sahibin əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb etmək, vicdanlı sahibin isə əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlamaq, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahibin əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları nəzərdə tutulmuşdur.
90. Odur ki, konkret iş üzrə cavabdehlərin hüquqi vəziyyətinin qiymətləndirilməsi zamanı onların yalnız torpaq sahəsindən istifadə etmələri deyil, həmin sahədə formalaşdırdıqları və uzun müddət mövcud olmuş əmlak vəziyyəti də nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının cavabdehlərə məxsus fərdi yaşayış evlərinin tikintisi üçün çəkdikləri xərclərin əvəzini ödəmədən hazırkı iddianın təmin edilməsinin mümkün olmaması barədə apellyasiya məhkəməsinin qənaəti əsaslıdır. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin bu hüquqi qiymətləndirməsini təkzib etmir.
91. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
93. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- */**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.