Məhkəmə qərarları › İş №2(1-8)-1358/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1358/2026

24.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1358/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 02 fevral 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Işin halları:

1. ##.##.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi İddiaçı aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür: a) Vəzifə təlimatında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi b) Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi c) Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ aktlarla müəyyən edilmiş vəzifələrin, müəssisədaxili intizam qaydalarının, Səhmdar Cəmiyyət üzrə verilmiş Əsasnamə, müvafiq əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi.

2. ##.##.2025-ci il tarixli akta əsasən, Müştəri Xidmətləri Idarəsinin əməkdaşları həmin tarixdə iddiaçı İddiaçı iş yerində olmadığı üçün idarə rəisinin onu zəng ilə çağırtdırması, İddiaçı idarə rəisinin otağına girdikdən bir neçə saniyə sonra qışqıraraq nalayiq sözlərlə idarə rəisini təhqir edərək, otağın qapısını ayağı ilə vuraraq çıxması barədə akt tərtib etmişlər. Akt 13 nəfər tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmişdir.

3. “xxxx” ASC-in Müştəri xidmətləri idarəsinin rəisi Şahid “xxxx” ASC-nin sədri V.Əhmədova ünvanladığı ##.##.2025-ci il tarixli təqdimata əsasən, Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mütəxəssisi İddiaçı mütəmadi olaraq işə gecikməsi, işdən tez getməsi və iş saatlarında yerində olmaması və müxtəlif vaxtlarda iş yerində içkili vəziyyətdə olması səbəbindən şöbədə yaratdığı intizamsızlığı və qeyd olunan əməkdaşın dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işə davamiyyət probleminin olmasını, səbəbsiz davamiyyətsizlikləri barədə izahat yazmamasını nəzərə alaraq, işdən çıxarılması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

4. İddiaçı ##.##.2025-ci il tarixli ərizəsinə əsasən, barəsində yazılmış təqdimatla tanış olmuşdur və yazaraq bildirmək istəyir ki, qeyd olunanlar tamamilə doğru deyil. O, həmişə iş yerinə vaxtında və vaxtından tez gəlir və iş vaxtı bitəndən sonra iş yerini tərk edir. O, heç vaxt içkili vəziyyətdə işə gəlməmişdir, təqdimatda yazılanlar şər və böhtan xarakterlidir.

5. “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin rəisi M.F.Maşanovun ##.##.2025-ci il tarixli izahatına əsasən, ##.##.2025-ci il tarixdə saat 15:00 radələrində iş yerində işləyərkən dəhlizdə səs-küy eşitmişdir və nə baş verdiyini öyrənmək üçün dərhal otaqdan çıxmışdır. Şöbənin mühəndisi İddiaçı əsəbi və aqressiv olaraq idarənin rəisi Şahid otağının qarşısında Sirac Sarıyev tərəfindən kənarlaşdırıldığını və binanı tərk etdiyini görmüşdür. İddiaçı çıxıb gedəndən sonra o, otağına qayıdaraq işini davam etdirmişdir.

6. “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciəti ilə iş şöbəsinin rəisi S.Ə. Sarıyevin ##.##.2025-ci il tarixli izahatına əsasən, o, ##.##.2025-ci il tarixdə saat 15:00 radələrində Ənvər Ismayılovun otağında olarkən səs-küy eşitmişdir. Dərhal dəhlizə çıxmış və ona məlum olmuşdur ki, həmin səs-küy Idarənin rəisi Şahid otağından səslənir. Otağa yaxınlaşarkən görmüşdür ki, mühəndis İddiaçı əsəbi və aqressiv halda, nalayiq sözlərlə Şahid təhqir edərək, idarədə səs-küy salmışdır. Digər təhqirlərin və səs-küyün qarşısını almaq məqsədi ilə İddiaçı qolundan tutaraq inzibati binadan kənarlaşdırmışdır. Inzibati binadan çıxdıqdan sonra İddiaçı Idarəni tərk etmiş və o, öz iş otağına qayıtmışdır.

7. “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin akt və borcların araşdırılması şöbəsinin rəisi Ə.R.Ismayılovun ##.##.2025-ci il tarixli izahatına əsasən, o, ##.##.2025-ci il tarixdə saat 15:00 radələrində iş otağında olarkən, dəhlizdə səs-küy eşitmişdir. Təbii ki, iş otağından çıxıb səs-küyün səbəbini öyrənmək istəmişdir. Müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mühəndisi İddiaçı əsəbi və çox aqressiv şəkildə Idarənin rəisi Şahid iş otağından çıxdığını və onu nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. Bundan sonra İddiaçı binadan çölə çıxaraq Idarəni tərk etmiş və o, öz iş otağına qayıtmışdır.

8. “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mütəxəssisi P.V.Qasımovun ##.##.2025-ci il tarixli izahatına əsasən, ##.##.2025-ci il tarixdə şöbənin mühəndisi İddiaçı dəhlizdə yaratdığı səs-küy nəticəsində oturduğu otaqdan bayıra çıxmış və Idarənin rəisi Şahid otağı qarşısında əsəbi vəziyyətdə olan İddiaçı Sirac Sarıyev tərəfindən inzibati binadan bayıra kənarlaşdırıldığını görmüşdür. İddiaçı binanı tərk etdikdən sonra otağına qayıdıb öz işi ilə məşğul olmuşdur.

9. “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müxtəlif vəzifələrdə işləyən əməkdaşları X14, X7, X18, X22, X3, X4, X1 ##.##.2025-ci il tarixli izahatlarına əsasən, onlar da baş vermiş hadisə ilə bağlı oxşar məzmunlu izahatlar vermişlər.

10. “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mühəndisi İddiaçı ##.##.2025-ci il tarixli izahatına əsasən, aktda qeyd olunanlarla tam olaraq razı deyil. Çünki, ##.##.2025-ci il tarixdə saat 15:00 radələrində idarə ilə üzbəüz yerləşən mağazaya çıxıb siqaret alarkən ona şöbənin rəisi M.Maşanov zəng vuraraq idarə rəisi Şahid tərəfindən onun axtarıldığını bildirmişdir. O, dərhal işə qayıdıb Şahid otağına gəlmişdir. Otağa daxil olarkən Şahid əsəbi və aqressiv halda onu nalayiq sözlərlə təhqir edərək işdən azad edəcəyini bildirmişdir. Həmin nalayiq və təhqiredici sözlərə dözməyərək o da, buna cavab olaraq söyüb otağı tərk etmişdir. Şahid onunla həmin gün əsəbi olaraq danışdığının səbəbini bu günədək anlaya bilmir.

11. “xxxx” ASC-nin X31 ##.##.2025-ci il tarixli qərarına əsasən, “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili şöbəsinin mühəndisi İddiaçı haqqında Işlər Idarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.

12. “xxxx” ASC-in əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ##.##.2025-ci il tarixli k/-**-***** saylı əmrə əsasən, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı “xxxx” ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə ünvanladığı müraciətlərinə Xidmətin Bakı şəhər Idarəsində baxılmışdır. Müraciətlə əlaqədar ətraflı məlumat verməsi məqsədilə İddiaçı ünvanına (ünvan 1 il tarixli *-**-*/*-Ə-*****/**** nömrəli məktub göndərilmiş, izahatı və əmək haqqı bank hesabından çıxarış araşdırmaya təqdim edilmişdir. Müraciətlə əlaqədar “xxxx” ASC-nin ünvanına (ünvan 2 il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Nəzərə çatdırılmışdır ki, qeyd edilən müvafiq sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən, “xxxx” ASC ilə İddiaçı arasında ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi və təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışdan 1.347,25 manat məbləğin bank hesabına köçürüldüyü məlum olmuşdur. Müəssisədən müvafiq sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd edilən məsələlərə münasibət bildirilməsi mümkün olmamışdır. Müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli k/-**-***** saylı əmrin ləğv edilməsi, onun “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu il tarixdən “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsində işləmişdir. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, K/-25- 00517№-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Işlədiyi müddət ərzində onun tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Bölmə rəisi onu yanına çağırıb onunla işləmək istəmədiyini, ərizə yazaraq başqa bir bölmədə işləməsini tələb etmiş, o, etiraz etdikdə isə onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra “xxxx” ASCnin hüquqşünası onu yanına çağırıb öz ərizəsilə işdən çıxmasını tələb etmiş, əks təqdirdə onu şərləyərək işdən azad edəcəklərini bildirmişdir. O, ərizə yazmaqdan imtina etdiyinə görə hüquqşünasın dediyi kimi onu şərləyib işdən azad etmişlər. Onun işdən azad olunması barədə əmr və digər sənədlər bu günədək ona təqdim edilməmişdir. Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq işdən azad edilmişdir.

16. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Qasımov Pərviz Vahid oğlunun yalan ifadə verdiyini təsdiq edən səs yazısını iş materiallarına əlavə edilib, digər sübutlarla birgə qiymətləndirilməsi üçün 1 ədəd diski məhkəməyə təqdim etmişlər. Həmçinin Qasımov Pərviz Vahid oğlunun əməlində cinayət tərkibinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırılması üçün prokurorluq orqanına göndərilməsini, həmçinin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, cavabdeh şirkətin əməkdaşıdır, müştəri xidmətləri idarəsində şöbə rəisi vəzifəsində çalışır. Idarə otağında Zaur Həsənovun yanında olanda mübahisə səs-küyü eşidib və otaqdan çıxıb. Elnurun səsi gəlirdi, dostu Sirac onu koridora çıxardırdı. Otaqda mübahisə edənlər arasında nə olub bilmir, təhqiramiz ifadə, söyüş eşitməmişdir. Hadisə olan günü yox, 1-2 gün sonra izahat yazıb. Daha sonra aktla tanış olub və onu özü imza edib.

19. X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, cavabdeh tərəf olan şirkətdə şöbə rəisi vəzifəsində çalışır. 28 ildir işləyir. Elnuru 4-5 ildir tanıyır. Işçi kimi yaxşı işçi deyil, amma kollektiv tədbirlərdə yaxşı iştirak edir. Sadəcə tez coşan adamdır. 1 ay əvvəl onun da yanına gələndə acı söz deyib, lakin ona heç nə demədən yola vermişdir. Sonradan özü gəlib üzr istəmişdir. Elnura intizam tənbeh tədbiri tətbiq edilməyib. Iş otağında olanda səs-küy eşitmiş və səsə çıxmışdır. Bu zaman Elnurun çox aqressiv olduğunu görüb və təhqiramiz nalayiq ifadələr dediyini eşitmişdir. “Səni çıxartdıraram”, “sən burda qalmayacaqsan”, “sənin adamını işdən çıxartdıraram” tipli ifadələrdən başqa ayrı söz eşitməmişdir. Hadisə baş verən gün izahat yazıb. Lakin akta sonradan qol çəkmişdir.

20. Şahid Qasımov Pərviz Vaqif oğlu məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Elnurun yaratdığı səs-küy nəticəsində oturduğu otağından bayıra çıxıb və onu əsəbi vəziyyətdə Sirac tərəfindən inzibati binadan kənarlaşdırıldığını görüb. Elnur binanı tərk etdikdən sonra otağına qayıdaraq öz işi ilə məşğul olmuşdur.

21. X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, şöbə rəisidir. Ənvər müəllimin otağında Elnurla birgə oturmuşlar. Elnur əl-qol atıb, təpik vurmaq istəyirdi, o imkan verməmişdir. Elnur təhqiramiz ifadə və söyüşlər işlədirdi, xanım işçilər eşitməsin deyə qolundan tutub kənara çıxarmağa çalışmışdır. Qapını təpiklədiyini isə görməmişdir. Başqa söyüş eşitməmişdir. Elnur haqqında başqa intizam tənbeh tədbiri tətbiq olunduğunu bilmir. Mübahisə 5-10 dəqiqə çəkmədi, Elnuru tez çıxarıb ki, söhbət dərinləşməsin.

22. X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə işdə dəhlizdə səslər eşidib. Işlə məşğul olduğuna görə həmin səs-küyə çox əhəmiyyət verməmişdir. Sonradan digər əməkdaşlardan ona məlum olmuşdur ki, idarə rəisi ilə Elnur arasında mübahisə yaranıb.

23. X20 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, işdə olanda saat 3 radələrində yüksək səs-küy eşitmiş, lakin belə səs-küyün şikayətçi abonentlər tərəfindən yaradıldığını güman edərək əhəmiyyət verməmişdir. Sonradan digər əməkdaşlardan səs-küyün səbəbini soruşanda ona məlum olub ki, Elnurun Mahir müəllim ilə mübahisəsi yaranmışdır.

24. X10 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, işdə olanda dəhlizdən yüksək səsküy eşidib. Lakin əhəmiyyət verməyərək öz işinə davam etmişdir. Sonradan digər əməkdaşlardan səs-küyün səbəbini soruşanda ona məlum olub ki, mühəndis Elnurla rəis Mahir arasında söz mübahisəsi olmuşdur.

25. X11 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, iş yerində olarkən otağının qapısı açıq olduğundan Elnurun idarə rəisinin otağına daxil olduğunu görmüşdür. Sonra Şahid otağında səs-küy yüksəlmişdir. Əməkdaşlar kabinetə daxil olaraq Elnuru oradan uzaqlaşdırıblar. Həmin vaxt Elnur Mahir müəllimə qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir.

26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (C.Tağıyev) iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə ərizəsi təmin edilərək “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, k/-**-***** saylı əmrinin ləğv olunması, İddiaçı “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə bərpa edilməsi, İddiaçı ##.##.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanaraq “xxxx” ASC tərəfindən ödənilməsi qət edilmişdir.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qasımov Pərviz Vahid oğlunun dinlənilmiş səs yazısının xarakterindən, danışıq tərzindən və tonundan görünür ki, o, iş yoldaşı İddiaçı üzündən keçməyərək, akt və izahat yazılmasının könüllü xarakter daşımadığını, onun buna məcbur edildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi dinlənilən Qasımov Pərviz Vahid oğlu yazdığı izahatı bir daha təsdiq etmiş, ##.##.2025-ci il tarixdə qeyd edilən hadisənin şahidi olduğunu bildirmişdir. Məhkəmə Qasımov Pərviz Vahid oğlunun ifadə və izahatının idarənin digər əməkdaşlarının ifadə və izahatları ilə tam şəkildə təsdiq edildiyini, onun iddiaçıya qarşı pis niyyətinin olmadığını, fərdi qaydada söhbət zamanı iş yoldaşı İddiaçı üzündən keçə bilmədiyi üçün bu cür davrandığını nəzərə alaraq, onun hərəkətlərində cinayət xarakterli hərəkət, yaxud hərəkətsizlik sezməmiş, verdiyi izahatı və ifadəni mötəbər sübut hesab etmişdir.

28. Toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, iddiaçı İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarının tələbləri ciddi şəkildə pozulmuş və ona intizam tənbehi verilməsi üçün əsaslar mövcud olmuşdur. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (intizam tənbehinin verilməsi qaydalarını tənzimləyən maddi hüquq norması) 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işin faktiki hallarından görünmüşdür ki, intizam tənbehinin verilməsi üçün əsas olan hadisə ## ###### 2025-ci il tarixdə saat 15.00 radələrində baş versə də, iddiaçı İddiaçı münasibətdə intizam tənbehi bundan 1 ay 3 gün sonra tətbiq edilmişdir. Halbuki, işəgötürənin intizam tənbehi verilməsi üçün müvafiq izahatların alınması, akt və təqdimatın tərtib edilməsi, həmkarlar ittifaqı birliyinə müraciət edilməsi, nəticə etibarı ilə intizam tənbehinin vaxtında verilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi, iddiaçıya münasibətdə intizam tənbehinin verilməsi üçün tutarlı (güclü) əsasın mövcud olmasına rəğmən, intizam tənbehi vaxtında tətbiq edilməmiş, bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aidiyyəti maddi hüquq normasının tələbləri pozulmuşdur. Bu səbəbdən, ##.##.2025-ci il tarixli K/- **-***** saylı əmrin ləğv edilməsi, iddiaçının “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin Müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməlidir.

29. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71(2), 72, 187(2)-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

30. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli k/-**-***** saylı əmrin ləğv edilməsi, onun “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- ****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli k/-**-***** saylı əmrinin ləğv olunması, İddiaçı “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə bərpa edilməsi və ona ##.##.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanaraq “xxxx” ASC tərəfindən ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, intizam tənbehinin verilməsi üçün əsas olan hadisə ## ###### 2025-ci il tarixdə saat 15.00 radələrində baş versə də, iddiaçı İddiaçı münasibətdə intizam tənbehi bundan 1 ay 3 gün sonra tətbiq edilmişdir, iddiaçıya münasibətdə intizam tənbehinin verilməsi üçün tutarlı (güclü) əsasın mövcud olmasına rəğmən, intizam tənbehi vaxtında tətbiq edilməmiş, bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin aidiyyəti maddi hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edilir. Belə ki, intizam tənbehinin verilməsi üçün tutarlı əsasların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı halda intizam tənbehinin 1 aydan 3 gün gec verilməsinə görə, əmək müqaviləsinin ləğv edilməsi AR Əmək Məcəlləsinin müvafiq maddəsinin məqsədlərinə xidmət etmir və bu hal əmrin ləğv edilməsi üçün müstəqil əsas qismində çıxış edə bilməz. Belə ki, araşdırmanın 1 aydan 3 gün gec yekunlaşması baş vermiş hadisənin mürəkkəbliyi ilə bağlı olmuş və yekunda məhkəmənin də qeyd etdiyi kimi əsaslı əmr qəbul edilmişdir. Hal-hazırda mübahisəli əmrin tamamilə formal əsasla ləğv edilməsi işəgötürənin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olur. Araşdırmanın 1 aydan 3 gün gec yekunlaşması baş vermiş hadisənin mürəkkəbliyi ilə bağlı olmuş və yekunda məhkəmənin də qeyd etdiyi kimi əsaslı əmr qəbul edilmişdir. Hal-hazırda mübahisəli əmrin tamamilə formal əsasla ləğv edilməsi işəgötürənin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olur. Intizam tənbehinin verilməsi üçün tutarlı əsasların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı halda intizam tənbehinin 1 aydan 3 gün gec verilməsinə görə, əmək müqaviləsinin ləğv edilməsi AR Əmək Məcəlləsinin müvafiq maddəsinin məqsədlərinə xidmət etmir və bu hal əmrin ləğv edilməsi üçün müstəqil əsas qismində çıxış edə bilməz.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər və A.N.Imanov və A.Ə.Isgəndərovdan ibarət tərkibdə) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tədqiq olunan sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı “xxxx” ASC-nin Müştəri xidmətləri idarəsinin müraciətlərin qəbulu və icrasının təşkili bölməsində mühəndis vəzifəsinə qəbul edilmişdir.

34. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, işçi İddiaçı əmək funksiyalarından biri də müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.

35. Kollegiya qeyd etmişdir ki, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Əmək müqaviləsinə yalnız Əmək Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə işçi özünün əmək funksiyasını pozduğu halda işəgötürənin təşəbbüsü ilə xitam verilə, işəgötürən tərəfindən işçiyə intizam tənbehi isə işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

36. Araşdırma zamanı müəyyən olunmuşdur ki, işəgötürən işçinin ##.##.2025-ci il tarixdə tərəflər arasında bağlanan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmədiyini aşkar etsə də, ona intizam tənbehini əmək intizamının pozulmasını aşkar etdiyi gündən bir ay keçəndən sonra verməklə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermişdir.

37. Cavabdeh apellyasiya şikayətinin dəlillərində intizam tənbehinin verilməsi üçün tutarlı əsasların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı halda intizam tənbehinin 1 aydan 3 gün gec verilməsinə görə, əmək müqaviləsinin ləğv edilməsinin Əmək Məcəlləsinin müvafiq maddəsinin məqsədlərinə xidmət etmədiyini, bu halın əmrin ləğv edilməsi üçün müstəqil əsas qismində çıxış edə bilmədiyini, araşdırmanın 1 aydan 3 gün gec yekunlaşmasının baş vermiş hadisənin mürəkkəbliyi ilə bağlı olmasını qeyd etsə də, kollegiya bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olaraq qəbul etməmişdir. Belə ki, yuxarıda istinad olunan imperativ normaların tələblərindən aydın müəyyən olunur ki, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Işəgötürən işçiyə intizam tənbehini, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

38. Göründüyü kimi qanunverici işəgötürənin işçiyə intizam tənbehi vermək hüququna vaxt məhdudiyyəti müəyyən edərkən faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəf olan işçiyə işəgötürənin istədiyi vaxtda deyil, qanunla müəyyən olunan müddət ərzində intizam tənbehi vermək hüququnun olmasını müəyyən etmişdir.

39. Məhkəmə kollegiyası istinad olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

40. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35, 60-cı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 10, 11, 12, 68, 70, 71, 80, 186, 187, 300(1)-ci, Azərbaycan Respublikasının MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.4, 384.0.1, 385.2, 403.1, 405.1-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

41. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88-ci, 217.1-ci və 217.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, araşdırmanın 1 aydan 3 gün gec yekunlaşması baş vermiş hadisənin mürəkkəbliyi ilə bağlı olmuş və yekunda qanunvericiliyin tələblərinə riayət edilməklə tam əsaslı əmr qəbul edilmişdir. Bu səbəbdən hesab edirlər ki, hazırkı iş üzrə mübahisəli əmrin işəgötürən tərəfindən 3 gün gecikdirilməklə verilməsi kimi tamamilə formal bir əsasla ləğv edilməsi işəgötürənin hüquqlarının və qanuni mənafelərinin əsaslı şəkildə pozulmasına səbəb olur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)

44. Maddə 2.

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

45. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

46. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. Işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Işəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

47. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq.

48. Maddə 14.

1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

49. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

50. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

51. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

52. Maddə 71.

1. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

53. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

54. Maddə 186.

1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəsisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

55. Maddə 187.

1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

56. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar