Məhkəmə qərarları › İş №2(1-8)-1361/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1361/2026

16.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1361/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ##.##.2019-cu il tarixdən etibarən “xxxx” ASC-də mütəxəssis kimi işə qəbul olunmuş, daha sonra həmin bankda müxtəlif illərdə vəzifədə yüksələrək aparıcı mütəxəssis, baş mütəxəssis və xəzinə bölməsinin meneceri vəzifələrinə keçirilmişdir.

2. “xxxx” ASC-nin Daxili nəzarət departamentinin ##.##.2025 ci il tarixli ***/**** nömrəli sorğunun araşdırılmasına dair arayışından görünür ki, Zərdab filialının xəzinə bölməsinin baş mütəxəssisi İddiaçı müştərinin fiziki iştirakı olmadan və etibarnamə təqdim edilmədən ona məxsus kartın kassadan Bank əməkdaşına təqdim edildiyi və məxaric sənədinin imzalanması müşahidə edilmişdir. İddiaçı izahatında ##.##.2025-ci il tarixində müştəri X2 məxsus təqaüd kartını filialın əməkdaşı Aynurə Kərimovanın xahişi ilə ona təqdim etdiyini qeyd etmişdir. Kartın A.Kərimovaya təqdim edilməsi zamanı hər hansı etibarnamənin ona təqdim edilmədiyini, kart üzrə məxaric sənədinin əməkdaş A. Kərimova tərəfindən ona növbəti gün təqdim edildiyini bildirmişdir. Əlavə olaraq müştəri ilə WhatsApp proqramı vasitəsilə görüntülü əlaqə saxlayaraq müştərinin şifahi razılıq əldə etdiyini qeyd etmişdir. Bir daha belə hallara yol verməyəcəyinə söz verdiyini bildirmişdir.

3. ##.##.2025-ci il tarixli əmrlə ##.##.2025-ci il tarixindən İddiaçı tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

4. X2 “xxxx” ASC-nin Zərdab filialına ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, Rusiyada əməliyyat olunub müalicə aldığına görə X1 pensiya kartından istifadə etməsini etibar etmişdir.

5. X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli etibarnaməyə əsasən X2 ##.##.2020-ci il tarixdən ##.##.2025-ci il tarixinədək Beynəlxalq Bankda olan hesabına daxil olmuş, mülkiyyət hüququ üzrə ona məxsus olan pul vəsaitlərindən istifadə etmək, sərəncam vermək, bunlara uyğun olaraq hesaba daxil olan bütün maliyyə əməliyyatlarını həyata keçirmək, hesabdan hesaba vəsait köçürmək, hesablar açmaq, bağlamaq, ərizələr vermək və qəbul etmək, zəruri arayış və sənədləri toplamaq, plastik kartları və içərisində Pin kodu olan zərfləri onun adına almaq, bank müqavilələrini, digər sənədləri onun adından doldurmaq, təqdim etmək və imzalamaq və s. kimi səlahiyyətləri X1 3 il müddətinə etibar etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx”xxxx“ASC” və ya “cavabdeh”) tərəfindən verilmiş ***x saylı ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməyi üçün gətirilən səbəblərin heç biri sərt intizam tədbirinin seçilməsinə və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etməyə və işdən azad olunmağına əsas vermir. Cavabdeh Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş digər intizam tənbehlərindən birini – töhmət vermək və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək kimi intizam tənbehi seçə bilərdi. Əmrdə qeyd olunan əsasla bağlı kart sahibi Svetlana Abbasova WhatsApp vasitəsilə kartın bankın əməkdaşı Aynurə Kərimovaya təqdim olunmasına görüntülü razılıq verib və bu razılıq filialda quraşdırılmış kamera vasitəsilə də qeydə alınıb. Svetlana Abbasova tərəfindən verilmiş etibarnamənin surəti iddia ərizəsinə əlavə olunmuşdur. 2025-ci il ####un ##-də Filiallarla Iş Departamentinin direktor müavini Rəşad Abbasov “Zoom” görüş zamanı iddiaçıya və Aynurə Kərimovaya işdən azad olunduqlarını bildirdiyindən həmin tarixdən etibarən işə çıxmamalarına baxmayaraq əmək müqavilələrinə yalnız iyunun 17-də xitam verilmişdir. ##.##.2019-cu ildən başlayaraq işdən azad olunanadək ASC-nin Zərdab filialında müxtəlif vəzifələrdə işləmişdir. Bu müddətdə heç bir pozuntuya yol verməmiş, nümunəvi işçi olmuşdur. Ildə 4 dəfə kassa yoxlaması həyata keçirilib. Indiyədək kassa yoxlamalarında heç bir problem olmayıb. Hər rüb keçirilən imtahanlarda yüksək nəticə əldə etmişdir. Göründüyü kimi cavabdehin tətbiq etdiyi sərt intizam tənbehinin heç bir əsası yoxdur.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Bankın Daxili nəzarət departamenti tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən iddiaçının müştərinin fiziki iştirakı olmadan və etibarnamə təqdim edilmədən ona məxsus kartın kassadan Bank əməkdaşına təqdim etməsi və məxaric sənədinin imzalandığı müşahidə edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixində bank əməkdaşı Aynurə Kərimova tərəfindən müştəri Svetlana Abbasovaya məxsus 4127******** saylı təqaüd kartı ilə bağlı müştəri filialda olmadığı halda məxaric əməliyyatının formalaşdırıldığı və onun adından imzalandığı, iddiaçı tərəfindən isə hər hansı etibarnamə olmadan müştəriyə məxsus kartın Aynurə Kərimovaya təhvil verilməsi və məxaric sənədinin imzalandığı müşahidə olunmuşdur. Iddiaçı öz izahatında qeyd edilən halları etiraf etmiş, müştəri X2 məxsus təqaüd kartını filialın əməkdaşı X1 xahişi ilə ona təqdim etdiyini qeyd etmişdir. Kartın A.Kərimovaya təqdim edilməsi zamanı hər hansı etibarnamənin ona təqdim edilmədiyini, kart üzrə məxaric sənədinin əməkdaş A.Kərimova tərəfindən ona növbəti gün təqdim edildiyini, müştəri ilə WhatsApp proqramı vasitəsilə görüntülü əlaqə saxlayaraq şifahi razılıq əldə etdiyini və bir daha belə hallara yol verməyəcəyinə söz verdiyini qeyd etmişdir. Iddiaçı qeyd edilən əməlləri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası” Qaydalarının, həmçinin ASC-də nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması və inkassasiyanın təşkilinə dair Metodiki Göstərişlərin tələblərini kobudcasına pozmuşdur. Qeyd olunanların nəticəsi olaraq iddiaçının ##.##.2025-ci il tarixli, ***x saylı əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. AƏS üzrə aparılan araşdırma zamanı müştəri S.Abbasovaya məxsus 4127******** saylı kartdan 8 hal üzrə ümumilikdə 3849 AZN vəsaitin əməkdaş A.Kərimova tərəfindən nağdlaşdırıldığı müşahidə edilmişdir. Nəticə etibarilə iddiaçı kart sahibi filialda olmadığı halda, sonuncuya məxsus kartın bankın digər əməkdaşı tərəfindən təhvil alınmasını bilmiş, məxaric orderinə müştərinin yerinə imza edilməsinin şahidi olmuş və buna rəğmən özü də bu əməlin iştirakçısı olaraq qorumağa məsul olduğu qiymətlinin buna səlahiyyəti çatmayan şəxs tərəfindən götürülməsinə göz yumaraq bunu öz imzası və bankın möhürü ilə təsdiqləmişdir. A.Kərimova öz izahatında S.Abbasova tərəfindən hər hansı etibarnamə təqdim edilmədiyini və ona WhatsApp vasitəsilə videozəng edərək razılığını aldığını və müştəri tərəfindən banka bu barədə ərizə ünvanlansa da, iddia ərizəsində həmin vaxt S.Abbasova tərəfindən ona etibarnamə verildiyini bildirmiş və müvafiq etibarnaməni iddiaya əlavə etmişdir. Lakin həmin etibarnamənin məzmunundan görünür ki, etibarnamə ##.##.2025-ci il tarixdə, yəni iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsindən 1 gün sonra verilmiş, səlahiyyətlərin guya ##.##.2020-##.##.2025-ci il aralığında qüvvədə olması göstərilmişdir. Prosedur aparılan zaman hər hansı etibarnamə mövcud olmamış (öz izahatında da bu cür qeyd etmişdir), yalnız iddiaçı işdən çıxdıqdan sonra belə bir etibarnamə tərtib olunmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.29-cu maddəsinə əsasən işçi ASC-nin qanuni mənafelərini, hüquqlarını və bank (kommersiya) sirrini qorumadığı, habelə bankın nüfuzuna xələl gətirdiyi hallarda işçinin bu təqsirli hərəkətləri əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və ASC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsinin qeyd-şərtsiz qaydada ləğv edilməsi üçün əsasdır.

9. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – H.Miriyeva).

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı intizam xətasına yol verməsi işin mübahisəsiz halıdır və onun yol verdiyi xətaya görə işəgötürən tərəfindən intizam tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas olsa da, işəgötürən işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş faktiki hallar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.

11. Belə ki, iddiaçının müştəri X2 məxsus təqaüd kartını filialın əməkdaşı Aynurə Kərimovanın xahişi ilə ona hər hansı etibarnamə təqdim edilmədən və ya müştərinin fiziki iştirakı olmadan təqdim edilməsi və məxaric sənədinin imzalanması müəyyən edilsə də, işçinin izahatında sözügedən kart sahibi ilə görüntülü əlaqə saxlanılmaqla razılığının ifadə olunması, habelə araşdırmanın nəticəsinə dair arayışda bankın məsul əməkdaşı tərəfindən müştəri Svetlana Abbasova ilə iddiaçının istifadə etdiyi kommunikasiya vasitəsi (WhatsApp proqramı) tətbiq edilməklə əlaqə saxlanıldığı və müştərinin qeyd olunan hallar barədə məlumatının olduğu bildirilmiş, bununla da adından əməliyyatlar aparılan müştərinin pozuntu kimi hesab edilən vəziyyəti bəyənməsi nəzərə alınmaqla ona daha yüngül intizam tənbehinin tətbiq edilməsinin mümkün ola bildiyi halda, işçi üçün ən ağır tənbehin tətbiq edilməsinin səbəbi işdən məlum deyil.

12. Qeyd edilməlidir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).

13. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur.

14. Işdən görünür ki, iddiaçı 2019-cu il tarixdən cavabdeh bankda mütəxəssis kimi işə qəbul olunmuş, daha sonra həmin bankda müxtəlif illərdə vəzifədə yüksələrək aparıcı mütəxəssis, baş mütəxəssis və xəzinə bölməsinin meneceri vəzifələrinə keçirilmişdir ki, bu da onun peşəkarlığına və kollektivdəki nüfuzuna olan etimadın nəticəsi kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir.

15. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı işdə işəgötürən tərəfindən intizam tənbehi tətbiq olunarkən iddiaçının peşəkarlıq səviyyəsinin, habelə adından əməliyyat aparılan şəxsin (müştərinin) mənafeyinə hər hansı xələl gəlmədiyinin, yəni, iddiaçının yol verdiyi pozuntunun müştəri üçün hər hansı mənfi hal yaratmadığının nəzərə alınmaması, bununla da pozuntunun xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzgün tətbiq olunmaması deməkdir.

16. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir.

17. Iddiaçının peşəkarlıq səviyyəsini, kollektivdəki nüfuzunu (iddiaçının 6 illik fəaliyyəti dövründə işlədiyi iş yerində barəsində hər hansı intizam tənbehinin tətbiq edilməməsi, ona rəhbərlik tərəfindən etimad göstərilərək bu illər ərzində bir neçə dəfə vəzifədə yüksəlişlərinin olması), yol verilmiş intizam xətasını iddiaçının ailə vəziyyəti ilə (himayəsində azyaşlı (1 yaşlı) körpə uşağının olması və onun mənafeyinin təmin olunması baxımından) əlaqəli şəkildə nəzərə alaraq işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu halda, iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil.

18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ##.##.2025-ci il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.

19. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin mütənasibliklə bağlı tələbi pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan cavabdeh tərəfindən qəbul edilmiş əmr ləğv edilməklə, iddiaçının ##.##.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

20. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 70 (“ç” bəndi), 71, 80, 186, 300.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia tələbinə qarşı etiraz ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müştəri S.Abbasova tərəfindən A.Kərimovaya verilmiş etibarnaməyə diqqət yetirdikdə həmin etibarnamənin iddiaçının işdən çıxarıldıqdan sonrakı tarixdə verildiyi görünür və bu da sırf iddiaçının təqsirini yüngül göstərmək üçün görüntü yaradılmasını deməyə əsas verir. Iddiaçı bu halı müştəri tərəfindən onun hərəkətlərinin sonradan bəyənilməsi kimi qiymətləndirsə də, bu dəlil tamamilə əsassız hesab edilməlidir. Çünki bəyənmə institutu hazırkı iş üzrə banklarla müştərilər arasında tərəflər arasındakı qarşılıqlı etimada söykənən münasibətlər çərçivəsində və ən əsası bu barədə olduqca ciddi, pozulmaya və təfsirə yol verilməyən qanunvericilik aktlarına söykənən münasibətlərə tətbiq edilə bilməz. Əks halda, hər kəs müştərilərin adından və onların razılığını göstərən heç nə olmadan əməliyyatlar aparar və əməliyyatdan sonra bir formada guya razılıq aldığını bildirər, bununla böyük bir sui-istifadəyə şərait yaranmış olardı. Bu halda digər müştərilərin banklara qarşı olan haqlı inamsızlığı çox ağır nəticələrə gətirib çıxara bilər. O cümlədən təsadüfi deyil ki, Aynurə Kərimovanın da analoji əməli və digər pozuntuları nəticəsində əmək müqaviləsinə eyni əsasla xitam verilməsi barədə əmrin mübahisələndirilməsinə dair iddia tələbi də bu əsasa söykənməklə Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli (hakim – R.Xəlilov) qətnaməsi ilə rədd edilmişdir (şikayətə əlavə olunur). Lakin analoji pozuntunu törədən iddiaçının iddiası isə təmin edilmiş, nəticədə məhkəmə təcrübəsinin vahidliyinin də pozulması baş vermişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Isgəndərov – sədrlik edən və məruzəçi, S.Səlimova və A.Imanov).

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi iddiaçının yol verdiyi intizam xətasının xarakterinə uyğun olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Tənbeh növlərinin bu qaydada müəyyən edilməsində məqsəd intizam xətası törədildikdə işəgötürəni ən ağırını deyil, törədilmiş xətanın xarakterinə azdan çoxa doğru uyğun (adekvat) olan tənbeh növünü seçməyə yönləndirməkdir (məcbur etməkdir).

25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçının özünün yol verdiyi xətanı qəbul etməsini və buna görə dərin peşmançılıq, təəssüf hissi keçirdiyini də nəzərə almışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Işçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

27. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

28. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Əmək Məcəlləsinin 10, 68.1, 70-ci maddəsinin “ç” və 71.2-ci maddələri üzrə - birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Svetlana Abbasova ilə iddiaçının istifadə etdiyi kommunikasiya vasitəsi (WhatsApp proqramı) tətbiq edilməklə əlaqə saxlanılması halını əməliyyatlar aparılan müştərinin pozuntu kimi hesab edilən vəziyyəti bəyənməsi kimi qələmə vermiş və bu əsasla iddiaçının yol verdiyi pozuntunun kobudluğunu görməzdən gəlmişdir. Bu mövqeyə münasibətdə qeyd olunmalıdır ki, əvvəla, belə bir çəkilişin aparılmasının özü barədə məhkəməyə hər hansı görüntü təqdim edilməmiş və nəticədə bu çəkiliş özü də sadəcə mülahizə olaraq mövcud olmuşdur. Lakin belə bir çəkiliş, həqiqətən, aparılmış olsa idi belə, bu hal iddiaçıya sadəcə videoçəkilişlə bankın xəzinəsindən qiymətli hesab olunan bir kartın heç bir etibarnaməsi olmayan, səlahiyyətsiz bir şəxsə, üstəlik saxta formada həmin imzalanmış sənəd əsasında verilməsinə əsas vermir. Əks halda bu barədə mövcud olan qanunvericilik aktlarında və bankın daxili qaydalarında müştərilərin məxaric əməliyyatlarının bu və ya digər yolla məsafədən aparılmasına dair müddəalar təsbit olunardı. O cümlədən müştəri S.Abbasova tərəfindən A.Kərimovaya verilmiş etibarnaməyə diqqət yetirdikdə həmin etibarnamənin iddiaçının işdən çıxarıldıqdan sonrakı tarixdə verildiyi görünür və bu da sırf iddiaçının təqsirini yüngül göstərmək üçün görüntü yaradılmasını deməyə əsas verir.

31. Apellyasiya instansiya məhkəməsi iddiaçının bu hərəkəti ilə hər hansı şəxsə ziyan vurulmadığını və iş ahənginin pozulmadığını bildirsə də, qeyd edilməlidir ki, pozuntunun mövcudluğu üçün sırf kiməsə maddi əsaslara söykənən zərərin vurulması mühüm şərt deyildir. Belə ki, banklarla müştərilər arasında tərəflər arasındakı qarşılıqlı etimada söykənən münasibətlər çərçivəsində və ən əsası bu barədə olduqca ciddi, pozulmaya və təfsirə yol verilməyən qanunvericilik aktlarına söykənən münasibətlər mövcud olduğu halda əməkdaşın başqa bir vətəndaşa məxsus kartı digər bir əməkdaşa verməsi kimi bir kobud pozuntunun mövcudluğu tam olaraq həmin iş ahənginin pozulmasıdır. Belə ki, iş ahəngi də qanunvericiliyin tələblərinə əsaslanır. Əks halda, hər kəs müştərilərin adından və onların razılığını göstərən heç nə olmadan əməliyyatlar aparar və əməliyyatdan sonra bir formada guya razılıq aldığını bildirər, bununla böyük bir sui-istifadəyə şərait yaranmış olardı. Bu halda digər müştərilərin banklara qarşı olan haqlı inamsızlığı çox ağır nəticələrə gətirib çıxara bilər və artıq geri dönüşü olmayan “zərər”lə qarşı-qarşıya gətirərdi.

32. O cümlədən təsadüfi deyil ki, Aynurə Kərimovanın da analoji əməli və digər pozuntuları nəticəsində əmək müqaviləsinə eyni əsasla xitam verilməsi barədə əmrin mübahisələndirilməsinə dair iddia tələbi də bu əsasa söykənməklə Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə rədd edilmişdir (şikayətə əlavə olunur). Həmçinin həmin aktdan verilən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin analoji pozuntunu törədən iddiaçının iddiası isə təmin edilmiş, nəticədə məhkəmə təcrübəsinin vahidliyinin də pozulması baş vermişdir.

33. Əmək Məcəlləsinin 186-cı maddəsi üzrə - qanunverici işəgötürən tərəfindən intizam tənbehi tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edilməli olması kimi bir müddəa təsbit etməmişdir. Yəni daha aydın deyilsə, işçi əmək və ya icra intizamını pozduqda qanunla işəgötürənin üzərinə hansı tənbeh dairəsini tətbiq edə biləcəyi göstərilsə də, bunlardan hansını seçib-seçə bilməyəcəyi barədə hər hansı öhdəlik qoymamış və bu seçimi işəgötürənin özünə vermişdir. Bu zaman işəgötürənin törədilən pozuntunun ciddilik və önəmlilik dərəcəsinə görə özünün qanunvericilikdə sadalanan istənilən tənbeh növünü tətbiq etmək hüququ vardır.

34. Həmçinin növbəti maddə, yəni Əmək Məcələsinin 186.3-cü maddəsində göstərilmişdir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hazırkı məhkəmə işində də işəgötürən bank iddiaçı tərəfindən edilmiş pozuntunu özlüyündə qiymətləndirmiş və müəyyən etmişdir ki, məhkəmə tərəfindən də qeyd edildiyi kimi 6 ildən çox bir müddətdə bankda işləməsi bankın nizam-intizam qaydalarını, xüsusən də məhz onun vəzifə öhdəliklərini özündə ehtiva edən Azərbaycan Respublikasının Mərkəzi Bankının “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası” Qaydalarının, həmçinin ASC-də nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması və inkassasiyanın təşkilinə dair Metodiki Göstərişlərin tələblərini ən yüksək səviyyədə bilməsi ilə nəticələnməli idi. Üstəlik nəzərə alındıqda ki, iddiaçının yol verdiyi pozuntu hansısa digər vəzifənin daha çox diqqət yetirməli məsələ ilə bağlı deyil, birbaşa onun özünə - ölkənin ən böyük bankının filialının xəzinədarına məxsus olan və olduqca böyük məsuliyyət tələb edən vəzifə öhdəliklərinə aiddir, bu halda işçinin aldığı intizam tənbehi bank tərəfindən də bu pozuntunun lazımi qaydada qiymətləndirilməsinin labüd nəticəsidir.

35. Göründüyü kimi iddiaçı öz vəzifə öhdəliklərinin ciddiyyətini nəzərə almamış və üzərinə düşən öhdəlikləri kobudcasına pozmuşdur. Buna görə də işəgötürən olaraq bank qanunvericinin ona verdiyi hüquq və səlahiyyətlərdən istifadə edərək heç bir pozuntu etmədən əmək müqaviləsinə məhz Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı olan tənbeh növünü tətbiq etmişdir. Bununla da demək olur ki, işəgötürən bankın iddiaçı barəsində tətbiq etdiyi tənbeh növü kifayət qədər ədalətli və tam qanuni olmuşdur.

36. MPM-in 88, 217.1, 217.3 və 218.1-ci maddələri üzrə - məhkəmə sözügedən normanın tələblərinə əməl etməmiş, iddiaçının əmək müqaviləsinə məhz hazırkı əsasla xitam verilməsinin mümkünsüzlüyünü lazımi qaydada əsaslandırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Iddiaçı kassasiya şikayətinə qarşı etirazını aşağı instansiya məhkəmələrinin mövqeyinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətində iddiaçının hərəkətinə daha dramatik fon verməyə və onun hərəkətinin kobud pozuntu olmasını əsaslandırmağa uğursuz cəhdlər etmişdir. Halbuki cavabdehin iddiaçının kobud pozuntuya yol verməsi ilə bağlı dəlilinin heç bir əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sabit məhkəmə təcrübəsinə görə bu anlayış dar və istisna xarakterlidir. Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarında deyilir ki: “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.”

38. Qətnamədə də qeyd olunduğu kimi, iddiaçının hərəkətləri nəticəsində çalışdığı ASCnin Zərdab filialında (həmçinin bütövlükdə bankın özündə) işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən heç bir sübut mövcud deyildir.

39. Cavabdehin kassasiya şikayətinin digər dəlili S.Abbasova tərəfindən verilən etibarnamə ilə bağlıdır. Qeyd olunan dəlilin əks olunduğu hissənin sonuncu cümləsi cavabdehin mücərrəd, heç bir normativ akta söykənməyən, ziddiyyətli mövqeni ifadə edən fantaziyasının məhsuludur. Belə ki, Mülki Məcəllədə bəyənmə institunun təsbit olunduğu konkret müddəa (maddə 357) mövcuddur və iş materiallarında onu fərqli təfsir etməyə imkan verən hər hansı sübut mövcud deyildir.

40. Cavabdehin kassasiya şikayətinin digər dəlili iddiaçının əməlinin guya A.Kərimovanın əməlləri ilə eyniyyət təşkil etməsidir. Tamamilə yanlış qiymətləndirmədir. Bu dəlil üzərində çox dayanmağa zərurət yoxdur. Çünki Nəsimi Rayon Məhkəməsinin A.Kərimovanın iddiası üzrə çıxardığı qətnamə ilə tanışlıq iddiaçı ilə A.Kərimovanın əməllərinin tamamilə fərqli xarakterdə olduğunu görməyə imkan verir (həmin qətnamə iş materiallarına əlavə edilib).

41. Cavabdehin digər dəlili intizam tənbehlərinin növbəliliyi və pozuntuya adekvatlığı ilə bağlıdır. Cavabdeh yanlış olaraq hesab etmişdir ki, qanunverici işəgötürən tərəfindən intizam tənbeh tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edilməli olması kimi bir müddəa təsbit etməmişdir. Qanunverici Əmək Məcəlləsinin 186cı maddəsində intizam tənbehlərini məhz onların ağırlıq dərəcəsinə görə sıralayıb. Ali Məhkəmənin qərarlarında da bu öz əksini tapıb. Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarında deyilir ki: “Həmçinin məhkəmə kollegiyası iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı sayır. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi işəgötürən tərəfindən işçiyə verilən intizam tənbehinin növlərini müəyyən edir və bu tənbeh növləri xarakterinə görə yüngüldən ağıra doğru təsnifləşdirilir. Həmin maddəyə görə əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən son və xarakterinə görə ən ağır tənbeh növü sayılır.

42. Göründüyü kimi, cavabdehin bu dəlilinin də heç bir əsası yoxdur. Qanunverici Əmək Məcəlləsinin 186-cı maddəsində intizam tənbehlərini məhz onların ağırlıq dərəcəsinə görə sıralayıb və cavabdehin tətbiq etdiyi intizam təhbehi pozuntunun xarakterinə adekvat deyil. Iddiaçı işlədiyi müddətdə heç bir pozuntuya yol verməmiş, nümunəvi işçi olmuş, ildə 4 dəfə keçirilən kassa yoxlamalarında heç bir nöqsanı aşkar edilməmiş, hər rüb keçirilən imtahanlarda yüksək nəticə əldə etmişdir. Bu səbəbdən də, işəgötürən tərəfindən intizam tənbehi tətbiq olunarkən iddiaçının peşəkarlıq səviyyəsinin, cavabdehin mənafeyinə hər hansı xələl gəlmədiyinin, yəni iddiaçının yol verdiyi pozuntunun hər hansı mənfi hal yaratmadığının nəzərə alınmaması, bununla da pozuntunun xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinin düzgün tətbiq olunmaması deməkdir.

43. Cavabdehin məntiqindən belə çıxır ki, heç kim iş prosesində səhv etməməlidir və səhv etmiş (xarakterindən asılı olmayaraq hər hansı pozuntuya yol vermiş) istənilən şəxsin ən ağır formada cəzalandırılması qanuni və əsaslı hesab edilməlidir. Halbuki iddiaçı öz səhvini etiraf edir, lakin həmin səhvə görə barəsində tətbiq edilən intizam tənbehinin həddindən artıq ağır olduğunu və onun Konstitusiya ilə təsbit olunmuş əmək hüquqlarını pozduğunu iddia edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

44. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

45. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

46. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

47. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

48. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.

49. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

50. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

51. Maddə 186.3. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

52. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

63. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar