Məhkəmə qərarları › İş №2(1-8)-1365/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1365/2026

09.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1365/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (Bakı şəhər Mədəniyyət Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin qanuni əsasları, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ## ####### 1983-cu il tarixli, **** nömrəli əmrinə əsasən Cavabdeh konsertmeyster kimi işə qəbul edilmişdir. ## ###### 1984-cü il tarixdə *** saylı əmr ilə İddiaçı ümumi fortepiano müəllimi vəzifəsinə təyin edilmiş, ## ###### 1990-cı il tarixdə *** saylı əmr ilə İddiaçı öz arzusi ilə işdən azad edilmiş, ## ######## 1990-cı ildə ** saylı əmr ilə İddiaçı fortepiano müəllimi vəzifəsinə təyin edilmiş, ## ######## 1990-cı ildə ** saylı əmr ilə İddiaçı fortepiano şöbəsinə müdir təyin edilmiş, ## ##### 2025-ci il tarixdə ** nömrəli Uşaq Musiqi Məktəbi Fortepiano şöbəsinin müəllimi AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən ## ##### 2025-ci il tarixindən etibarən tutduğu vəzifədən azad edilmişdir.

2. İddiaçı ilə işəgötürən Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi adından X1 ilə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı ** nömrəli Uşaq Musiqi Məktəbinə əsas. Fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul olunmuşdur.

3. ** nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmrinə əsasən ** nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il ######ın #-dən iyunun 5-dək attestasiyadan keçirilməsi əmr edilmişdir. Zakir Əsədov, Sabinə İsazadə və Zülfiyyə İsmayılova tərəfindən imzalanmış ##.##.2024cü il tarixli

4. aktdan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ##.##.2024-cü il tarixli *-**/*-****/****/**** nömrəli məktubuna əsasən Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*/*-**/**** nömrəli bildirişinə istinadən ** nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq fevral-iyun ayları ərzində müəllimlərin attestasiyasnı keçirməyi qərara almış və bu barədə ##.##.2024-cü il tarixli ** nömrəli əmr imzalanmışdır. Attestasiyanın keçirilməsi ilə bağlı müəllimlərə xəbərdarlıq bildirişləri təqdim olunmuşdur və müəllimlər öz imzaları ilə bildirişi aldıqlarını təsdiqləmişlər. Lakin İddiaçı bildirişi imzalayıb təhvil almaqdan imtina etmişdir.

5. * saylı ##.##.2025-ci il tarixli protokolun surətinə əsasən Bakı şəhəri Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiya komissiyasının sədri Nigar Məlikova attestasiyadan keçən işçilərin vəzifələrinə uyğun olubolmadığı barədə qərar almışdır. Qərara əsasən fortepiano şöbəsinin müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.

6. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya – “ritm yerində deyil”, “çox pis idi”, “cavab verə bilmədi”, “düzgün cavab verə bilmədi” kimi qeyd etmişdir. Həmin vərəqədə Attestasiya Komissiyası İddiaçı nəticələrinə uyğun olaraq attestasiya olunan tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. İddiaçı lehinə 2 nəfər, əleyhinə 3 nəfər səs vermişdir.

7. Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmrinə əsasən Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası ## #### 2025-ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

8. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası ## #### 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi Mirvari Qasımovaya təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur).

9. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Mədəniyyət Üzrə Elmi-Metodiki Və İxtisasartırma Mərkəzinin ## ###### 2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərin 2025-ci il fevral-mart aylarında keçirilmiş attestasiyasının nəticələrinə əsasən 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən və əmək müqavilələrinə xitam verilmiş şəxslər üçün Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 01 may - ## #### 2025-ci il tarixlərində təlimlər təşkil edilmiş, İddiaçı sözügedən təlimlərdə iştirak etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh qarşı ** nömrəli Uşaq Musiqı Məktəbinin (bundan sonra həmçinin “cavabdeh” və ya “işəgötürən”, yaxud “Məktəb”) Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixdə keçirilmiş imtahan iclasının qərarının iddiaçıya münasibətdə qanunsuz hesab edilməsi, ** nömrəli Uşaq Musiqı Məktəbinin ##.##.2025-ci il tarixli ** saylı əmrinin ləğv olunması və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildən musiqi müəlliməsi vəzifəsində işləyir. ##.##.1990-cı il tarixdə Məktəbin Fortepiano şöbəsinin müəllimi vəzifəsinə təyin olunmuşdur. O, artıq 42 ildir ki, bu illərdən 20 ilini, 1996-2016-cı illərdə Fortepiano şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən iddiaçıya irad da olsa tutulmamışdır. Məktəbin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas səbəb kimi Məktəbin Attestasiya Komissiyasını ##.##.2025-ci il tarixli qərarı göstərilmişdir. İddiaçı nə əmrlə, nə də Attestasiya Komissiyasının qərarı ilə razılaşmır. Belə ki, hələ Attestasiya Komissiyası işə başlamamışdan əvvəl müəllimlərə məlum olmuşdu ki, Attestasiya Komissiyasının təşkil olunmasının əsas məqsədi komissiyanın qərarı əldə rəhbər tutulmaqla bir çox müəllimlərin tutduğu vəzifədən kənarlaşdırılmasıdır. İddiaçı Attestasiya Komissiyasının imtahan iclasında iştirak etmiş və orada ona verilən sualların demək olar ki, çox hissəsinə düzgün cavab vermişdir. Orada elə suallar olmuşdur ki, həmin suallar iddiaçının vəzifəsinə və ixtisasına uyğun olmamış və iddiaçı nəticə etibarı ilə həmin suallara cavab verməmişdir. Bu barədə o, öz iradını bildirmişdir. Nəhayət, əmrlə birlikdə iddiaçıya attestasiya vərəqi təqdim olunduqdan və iddiaçı onunla tanış olduqdan sonra o, deyilənlərin həqiqət olduğuna bir daha əmin olmuşdur ki, attestasiya komissiyasının təşkil olunmasının əsas məqsədi bir çox müəllimlərin haqsız olaraq tutduğu vəzifələrindən kənarlaşdırması olmuşdur. Həmin müəllimlərdən biri də iddiaçı olmuşdur. Belə ki, Attestasiya vərəqində göstərilənlərdən belə məlum olur ki, iddiaçı imtahan ərzində ona ünvanlanan sualların heç birinə cavab verə bilməmişdir. İddiaçı bilmir ondan götürülən imtahan video çəkiliş vasitəsilə qeydə alınıb, ya alınmayıb. Əgər video çəkilişlə qeydə alınıbsa, onda həmin video çəkilişə baxılarsa onun haqlı olduğu təsdiq olunar. Orada onun neçə suala dəqiq, düzgün və əhatəli cavab verdiyi öz təsdiqini tapar. Təbiidir ki, iddiaçı əmrlə razılaşmayıb ##.##.2025-ci il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təklif göndərmişdir. Cavab almadığından iddiaçı * saylı Mediasiya təşkilatına müraciət etmişdir. ##.##.2025-ci il tarixdə keçirilmiş mediasiya iclasında cavabdeh mübahisənin sülh yolu ilə həllinə razılıq vermədiyindən iddiaçı məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçının tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqı Məktəbinin ##.##.2025 il tarixli ** saylı əmrinin ləğv olunması, iddiaçının tutduğu vəzifəyə bərpa edilməsi, iddiaçıya işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əminə Abbasova)

14. Birinci instansiya məhkəməsi bildirmişdir ki, mülki işin məhkəmə araşdırması zamanı Məktəbin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyası əmək qanunvericiliyin tələblərinə riayət edilməklə aparılsa da, işəgötürən tərəfindən işçilərin attestasiyasının nəticələrinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işçilərin attestasiyası işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi vasitəsi kimi çıxış edə bilməz.

16. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71-ci və 67-ci maddələrinin müddəalarını əlaqəli şəkildə təhlil edərək göstərmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” hissəsinə əsasən xitam verildiyi zaman, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirilməsi ilə bağlı tədbirləri görməli, əmək müqaviləsinin ləğv edilməsi zəruriliyni əsaslandırmalıdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərin attestasiyasının nəticələrinə görə işçinin tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır.

18. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş iddiaçının attestasiyası zamanı çəkilmiş videogörüntüdən müəyyən edilir ki, attestasiya vərəqəsi imzalandığı zaman, Attestasiya Komissiyasının üzvləri tərəfindən işçiyə komissiyasının yekun rəyi elan edilməmiş, komissiya üzvlərinin 2-i lehinə, 3-ü əleyhinə səs verdikləri, attestasiyadan keçdiyinə dair sənəd olaraq, attestasiya vərəqəsini imzalamaq təklif edilmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işlədiyi dövrdə iddiaçının əmək fəaliyyətində hər hansı qüsurlar aşkar edilməmiş, intizam məsuliyyətinə cəlb edildiyi müəyyən edilməmişdir. Buna baxmayaraq, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş qaydalara əməl edilmədən və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmadan işçi ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

20. Birinci instansiya məhkəməsi bildirmişdir ki, işçi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 01 may – ## #### 2025-ci il tarixlərində təşkil edilmiş təlimlərə də, yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra cəlb edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 64, 65, 66, 67, 70, 71, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1, 2.2, 2.4 və 2.6-cı bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş və Cavabdeh tətbiq edilən “Uşaq musiqi məktəblərinin nümunəvi əsasnaməsi”-nin tələblərinə əsasən, uşaq musiqi məktəblərində çalışan müəllimlərin attestasiyadan keçirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir. Həmin əsasnaməyə görə, təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi, kadrların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və məktəbin ixtisaslı müəllimlərlə komplektləşdirilməsi məqsədilə attestasiya prosesinin təşkili məktəb direktorunun vəzifə səlahiyyətlərinə daxil edilmişdir. Bu isə o deməkdir ki, attestasiya komissiyasının yaradılması, komissiyanın tərkibinin təsdiqi və prosesin aparılması ilə bağlıəmrləri imzalamaq məhz məktəb direktorunun qanunla müəyyən edilmiş səlahiyyətidir. Birinci instansiya məhkəməsi özü də qətnaməsində təsdiqləmişdir ki, attestasiya prosesi qanunvericiliyin tələblərinə uyğun, tam düzgün və heç bir pozuntu olmadan həyata keçirilmişdir. Belə olan halda, iddiaçının attestasiyanın nəticələrinin guya hüquqi əsası olmadığı barədə iddiası məhkəmə tərəfindən rədd edilməli olduğu kimi, eyni zamanda, “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” əmrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə irəli sürülən iddia da əsassızdır. Çünki qeyd olunan əmrin verilməsi və imzalanması birbaşa məktəb direktorunun səlahiyyət dairəsinə daxildir və bu səlahiyyət hər hansı digər şəxsə aid edilməmişdir. Məhkəmə öz qətnaməsində "** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası” haqqında əmrinin ləğv olunması və iddiaçı İddiaçı cəlb olunduğu attestasiya nəticələrinin etibarsız hesab edilməsi hissəsinə iddianı təmin etməmişdir. Məhkəmənin bu hissədə iddianı təmin etməyib ondan aslı olan digər əlaqəli tələblərlə əlaqədar tələbləri təmin etməsiağlabatan hesab olunmur. Məhkəmə birbaşa olaraq attestasiyanı və onun nəticələrini qanuni hesab etmişdir. Məhkəmənin attestasiya prosesinin düzgün keçirildiyini qətnaməsində təsdiqlədiyi halda nəticələrin əsassız hesab edilməsi isə hüquqi baxımdan ziddiyyət təşkiledir və bu səbəbdən həmin qənaət apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Digər bir məsələ birinci instansiya məhkəməsinin attestasiyanın məqsədlərinisadalayaraq onu guya işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməyəcəyi barədə gəldiyi nəticə mövcud qanunvericiliyin tələblərina uyğun deyildir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndiaçıq şəkildə göstərir ki, işçinin tutduğu vəzifəyə uyğun gəlməməsiəmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi üçün əsasdır. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmamasının müəyyən edilməsinin isə yeganə qanuni və obyektiv mexanizmi attestasiyadır. Yəni attestasiya həm işçinin inkişaf ehtiyaclarını müəyyən etmək, həm də onun tutduğu vəzifəyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Hər iki məqsəd bir-birini istisna etmir. Məhkəmənin yanlış olaraq qeyd etdiyi kimi, attestasiya yalnız inkişaf məqsədi daşımır. Əksinə, qanunverici attestasiyanın nəticələrinin əmək münasibətlərində hüquqi nəticə doğurmasını birbaşa nəzərdə tutmuşdur. Məhkəmənin istinad etdiyi “ixtisasartırma, vəzifə dəyişmə, təlimə yönləndirmə” kimi addımlar isə alternativ tədbirlər olub, işəgötürənin mütləq deyil, mümkün seçimlərindən biridir. Qanun işəgötürəni bu tədbirlərdən birini mütləq seçməyə məcbur etmir; bu tədbirlər işəgötürənin idarəetmə səlahiyyətlərinə uyğun olaraq sərbəst şəkildə tətbiq edilə bilər.

24. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Milli Konservatoriyasından iddiaçının ixtisasına uyğun müvafiq mütəxəssis rəyi almışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. (Hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev)

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 1990-cı ildən ** nömrəli Musiqi Məktəbində fortepiano şöbəsinin müəllimi kimi işləməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, iş materiallarında olan, Zakir Əsədov, Sabinə İsazadə və Zülfiyyə İsmayılova tərəfindən imzalanmış ##.##.2024 cü il tarixli aktla müəyyən edilir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ##.##.2024-cü il tarixli *-**/*-****/****/**** nömrəli məktubuna əsasən Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*/*-**/**** nömrəli bildirişinə istinadən ** nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq fevral-iyun ayları ərzində müəllimlərin attestasiyasının keçirilməsi qərara alınmış və bu barədə ##.##.2024-cü il tarixli ** nömrəli əmr imzalanmışdır. Attestasiyanın keçirilməsi ilə bağlı müəllimlərə xəbərdarlıq bildirişləri təqdim olunmuşdur və müəllimlər öz imzaları ilə bildirişi aldıqlarını təsdiqləmişlər. Lakin İddiaçı bildirişi imzalayıb təhvil almaqdan imtina etmişdir.

27. İş materiallarında olan Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya– “ritm yerində deyil”, “çox pis idi”, “cavab verə bilmədi”, “düzgün cavab verə bilmədi” kimi qeyd etmişdir. Həmin vərəqədə Attestasiya Komissiyası İddiaçı nəticələrinə uyğun olaraq attestasiya olunan tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. İddiaçı lehinə 2 nəfər, əleyhinə 3 nəfər səs vermişdir. Nəticədə ## ##### 2025-ci il tarixli ** nömrəli əmrə əsasən, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası ## #### 2025-ci il tarixli qərarı və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləyir və bir müəllim kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddianın təmini ilə bağlı dəlili ondan ibarətdir ki, o, Attestasiya Komissiyasının imtahan iclasında iştirak etmiş və orada ona verilən sualların demək olar ki, çox hissəsinə düzgün cavab vermişdir. Orada elə suallar olmuşdur ki, həmin suallar iddiaçının vəzifəsinə və ixtisasına uyğun olmamış və iddiaçı nəticə etibarı ilə həmin suallara cavab verməmişdir.

30. Apellyasiya baxışı zamanı iddiaçının ixtisasına uyğun müvafiq mütəxəssis rəyinin alınması məqsədilə Azərbaycan Milli Konservatoriyasına müraciət olunmuşdur. Konservatoriyanın “Fortepiano” kafedrasının müdiri, dosent X3 Gülnarə Rəfiq qızı tərəfindən ünvanlanmış müraciətə cavab olaraq ##.##.2026-cı il tarixli məktub və ona əlavə olunan rəydə qeyd edilmişdir ki, iddiaçıya verilən 13 sualdan 3 suala düz, 2 suala qismən cavab vermiş, 8 suala isə cavab verə bilməmişdir. Həmçinin təqdim olunmuş videomateriallara baxılmış və göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əsərin ifa və təhlili orta zəif olmuş, üslub göstərilməmiş, digər təqdim olunan tapşırığı da çala bilməmiş, üzdən oxuduğu əsərin ölçüsünü düzgün təyin etmədiyindən ifası da ritmik cəhətdən yanlış olmuşdur. Nəticədə attestasiya vərəqəsindəki sualların ixtisasa uyğunluğu və attestasiyanın nəticəsinin obyektiv olduğu müəyyən edilmişdir.

31. Apellyasiya baxışı zamanı iddiaçı hansı sualların onun ixtisasına aid olmamasını əsaslandıra bilməmiş, əksinə, bu istiqamətdə olan sübutlar baxış keçirildikdən sonra əldə olunan nəticəyə əsasən bütün sualların onun ixtisasına aid olması təsdiq olunmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutlardan şəffaflıq, bərabərlik, obyektivlik, qərəzsizlik kimi prinsiplərə riayət olunmaqla iddiaçı barəsində müvafiq attestasiyanın keçirilməsi və nəticələrinin tam, hərtərəfli və əsaslandırılmış qaydada rəsmiləşdirilməsi müəyyən edilmiş, iddiaçı isə bunun əksinə sübut edə bilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, həmçinin attestasiyanın keçirilməsi zamanı komissiya tərəfindən iddiaçıya verilmiş suallar onun icra etdiyi vəzifənin məzmununa və ixtisas tələblərinə uyğun olmuş, iddiaçı isə həmin sualların əhəmiyyətli hissəsinə cavab verməkdə çətinlik çəkmiş, bir sıra elementar anlayışları izah edə bilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, bu səbəbdən də cavabdehin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bu zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaqla, sənədləşmə vaxtında və əsaslandırılmış formada həyata keçirilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada) 65, 67, 70-ci maddələrinin müvafiq hissə və bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2 və 2.6-cı bəndlərinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati resurslardan istifadə etməklə sənədləşməni istədiyi formada təşkil etmiş, hər şeyi iddiaçının əleyhinə tərtib etmişdir, apellyasiya instansiyası məhkəməsi isə naməlum səbəblərə görə cavabdehi müdafiə edərək iddiaçını bunun əksini sübut edə bilməməsi ilə günahlandırır. Apellyasiya məhkəməsində işə baxılarkən aparılmış videoyazılışa baxılarsa, hakimin ona qarşı necə qərəzli olmasını, hətta bəzi suallar verməklə çaşdırıb sanki özünün attestasiya keçirməyə cəhd göstərməsini və bununla da cavabdehin qarşısında hansısa öhdəliyi yerinə yetirməyə çalışdığını görmək mümkündür.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi iddiaçıya qarşı birmənalı olaraq qərəzlidir, subyektivdir ki, bu da Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 8-ci (Qanun və məhkəmə qarşısında bərabərlik), 9-cu (Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi və 14-cü (İş üzrə məhkəmə baxışının prinsipləri) maddələrinin tələblərinə ziddir.

39. Cavabdeh tərəf iddiaçının 62 yaşı olduğuna görə ona qarşı qərəzli olmuş, bir neçə ildən sonra pensiyaya çıxacağını nəzərə almamış, attestasiya komissiyasının təşkil olunmasının əsas məqsədi isə bir çox müəllimlərin (o cümlədən iddiaçının) haqsız olaraq tutduqları vəzifələrindən kənarlaşdırılması olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh Cavabdeh və vəkili vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2 (3). Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 65 (1). İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65 (3). İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65 (4). Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65 (5). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65 (6). Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65 (7). Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67 (1). Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67 (2). İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 68 (1) “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 70 (1) “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; Maddə 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; Maddə 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; Maddə 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; Maddə 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; Maddə 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; Maddə 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.

47. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

48. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı Məktəbdə keçirilmiş attestasiyadan keçməmiş, verilmiş suallara məqbul səviyyədə cavab verə bilməmişdir. Nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

49. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 70 “c” bəndinə görə işçi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

50. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.

51. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

52. İddiaçının kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, həmin dəlillər həm iddia ərizəsinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi bu dəlillərə qiymət vermiş və nəyə görə onu qəbul etmədiyini əsaslandırmışdır.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar