Məhkəmə qərarları › İş №2(1-8)-1370/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1370/2026

28.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1370/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadədə olan 0,00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,9 m2 yaşayış, 24 m2 köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi ##.##.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Soltanova (Abdullayeva) Zülfiyyə Ağasalam qızının adına həmin ünvana (torpaq sahəsinə) dair texniki pasport ##.##.2003-cü ildə tərtib edilmişdir.

3. “xxxx” MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, ** nömrəli evin yan ünvanındakı tikintinin sahibi Cavabdehdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinə məxsus Cavabdeh (bundan sonra – “cavabdeh”) tərəfindən qanunsuz olaraq zəbt olunmuş eni 40 sm, uzunluğu 25 metr olan torpaq sahəsinin alınıb iddiaçıya geri qaytarılmasını, torpağın ilkin vəziyyətinə gətirilməsini, burada mövcud olmuş dəmir hasarın cavabdehin hesabına bərpa olunmasını və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə iddiaçı, ailəsi ilə birlikdə anadan olduğu Ağsu rayonunun, Nöycü kəndinə Qurban bayramına getmişdir. Evdə olmadığından istifadə edən qonşusu cavabdeh həyətlərinin arasında olan dəmir hasarı sökmüş, daş hasarla əvəz etmiş və bu zaman eni 40 sm, uzunluğu 25 metrdən ibarət şəxsi mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. O bu işləri iddiaçı ilə razılaşmadan özbaşına etmişdir. Cavabdeh göstərilən daşınmaz əmlak üzərində qanunsuz sahiblik etmiş, dəfələrlə ondan mülkünü geri tələb etməsinə baxmayaraq onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir.

6. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, sözügedən daş hasarı iddiaçının razılığı ilə inşa etdirmiş, hətta aralarındakı dəmir hasarı sökdürərkən və daş hasarın yeri müəyyən edilərkən onun həyat yoldaşı bu prosesdə iştirak etmişdir. Daş hasarın çəkilməsinə təqribən 700 manat məbləğində xərci çıxmış, yəni onu öz büdcəsi hesabına inşa etdirmişdir. Ustalar işləyərkən tikintiyə yardım məqsədilə iddiaçı həyat yoldaşı vasitəsilə 200 manat pul göndərmişdir ki, hasarın inşasında onların da iştirakı olsun. Lakin sonradan o, pulu geri tələb etmiş və aralarında söz-söhbət olmasın deyə cavabdeh 200 manat məbləğində pulu ona geri qaytarmışdır. Bunun səbəbi isə onun hasarın çəkilməsinə narazı olması deyil, tamamilə başqa xüsusatdır. Məsələnin məğzi ondan ibarətdir ki, iddiaçı həyətində iki mərtəbəli ev inşa etdirərkən ikinci mərtəbədə cavabdehin həyətinə baxan divara pəncərə qoyulmasına sonuncu razı olmadığından icra hakimiyyətinə müraciət edərək onun pəncərəsini bağlatdırmışdır. Bu səbəbdən də iddiaçı ondan narazı qalmış, onu məhkəmələrdə süründürəcəyi ilə hədələmişdir. Digər tərəfdən, özünün yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin uzunluğu iddia ərizəsində göstərildiyi kimi 25 metr deyil, 18 metrdir. Necə ola bilər ki, hasarı öz həyətinin uzunluğundan artıq inşa etdirsin. Bunun sübutu kimi torpaq sahəsinin cizgi planındakı özünəməxsus torpaq sahəsinə və yeni inşa edilmiş daş hasara yerli baxış keçirilərsə, iddia ərizəsindəki mülahizələrin tam yalan olduğu öz əksini tapacaqdır. Iddia ərizəsindəki mülahizələr tamamilə yalan və böhtan xarakterli müddəalardır, ona görə də ərizə təmin edilməməli, iddia tələbi rədd edilməlidir.

7. Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(010) ***/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan torpaq sahəsinin faktiki ölçüləri ilə mülki iş materiallarında olan Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2003-cü il tarixli Texniki Pasport sənədinin “torpaq sahəsinin planı” hissəsində qeyd olunan ölçülər arasında kəskin uyğunsuzluq aşkar edilmişdir. Belə ki, qeyd olunan “Texniki Pasport sənədində tədqiq olunan torpaq sahəsinin ümumi sahəsi 207 m2 qeyd olunsa da, faktiki olaraq həmin torpaq sahəsinin ümumi sahəsinin 607 m2 təşkil etdiyi müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin ölçüləri ilə ##.##.2003-cü il tarixli Texniki Pasport sənədində qeyd olunan ölçülər arasında kəskin uyğunsuzluq (konfiqurasiya fərqi) olduğundan, həmçinin texniki pasport sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində çəkdiyi hasarın iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.

8. Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(010) **/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*- **/**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evinin texniki pasportuna əsasən sahə 207 m2 olsa da, texniki pasportun baş planında qeyd olunan məsafələrə uyğun olaraq 190 m2 təşkil edir (əlavə sahə mövcuddur). Texniki pasportda qeyd olunan birmərtəbəli yaşayış evi sökülmüş, yerində ikimərtəbəli yaşayış evi inşa edilmişdir (bir hissəsi əlavə sahəyə düşür). Baxış zamanı məlum oldu ki, texniki pasportun baş planında qeyd olunan istinad məsafələrini nəzərə alsaq, yeni hasar iddiaçının ərazisinin bir hissəsinə 30 sm daxil olub.

9. Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim – R.Qafarova) iddia qismən təmin edilmiş, ##.##.2007-ci il tarixli çıxarışa əsasən iddiaçının qanuni istifadəsində olan eni 30 sm, uzunluğu 25 metr olan torpaq sahəsinin cavabdehdən ona qaytarılması, hasarın cavabdehin hesabına sökülərək bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş konstitusion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə hər iki hal mövcuddur. Belə ki, hazırkı mülki iş üzrə iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının eni 30 sm, uzunluğu 25 metr olan torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir və həmin torpaq sahəsi cavabdeh tərəfindən daş hasarla hörülmüşdür.

11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsaslıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 140, 152.1, 157.2, Mənzil Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 63.1, 77.1, 88, 97.1, 107, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ailəsi ilə birlikdə 1993-cü il tarixindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən, eni 15 metr, uzunluğu 18 metr olan torpaq sahəsində ev tikdirərək yaşayır. Həmin torpaq sahəsi ona torpaq şəhadətnaməsi və xxxx sənədinə əsasən verilmişdir. Iddiaçıya məxsus olduğu və onun tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsinin sənədi yoxdur. Iddiaçı sözügedən torpaq sahəsində sənəddə göstərilən kiçik ölçülü evi sökərək onun yerində iki mərtəbəli böyük ölçülü ev tikmiş, həmin ev də sənəd üzərində göstərilən torpaq sahəsində deyil, iddiaçının qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsində tikilmişdir. Iddiaçı həmin torpaq sahəsində iki ev tikdirmişdir. Sənəd üzərində göstərilən kiçik ölçülü torpaq sahəsində iki evin tikilməsi, bu azmış kimi həmin torpaq sahəsinin 30 sm enində hissəsinin zəbt edilməsi mümkünsüzdür. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı qanunsuz olaraq torpaq sahəsi zəbt etmiş, cavabdehlə onun torpaq sahəsi arasında tikilmiş hasar iddiaçının sənəd üzərində olan torpaq sahəsini deyil, qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsini cavabdehin torpaq sahəsindən ayırır. Məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, həmin ekspertizanın keçirilmə vaxtı barədə cavabdehə heç bir məlumat verilməmiş, ekspertiza onun iştirakı olmadan, ondan xəbərsiz keçirilmişdir. Həmçinin ekspert onun torpaq sahəsinə baxış da keçirməmişdir. Yanlış mütəxəssis və ekspert rəyinə əsaslanan qətnaməyə əsasən cavabdehin torpaq sahəsinin əlindən alınması mülkiyyət hüquqlarının qanunsuz pozulmasına səbəb olacaqdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli rəyində qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsinin iştirakı ilə ölçü işləri aparılan zaman məlum oldu ki, iddia ərizəsində qeyd olunan və mübahisəli mişar daşı ilə hasarlanmış hasar iddiaçının şifahi məlumatına və 2008 və 2019cu il ortofoto təsvirinə əsasən həmin hissə dəmir lövhələrlə çəpərlənmişdir. Hazırda isə yeni hörülmüş mişar daşından ibarət hasar mövcuddur. Cihaz vasitəsilə ölçü işlərinin aparılmasını və texniki pasportun baş planında qeyd olunan istinad məsafələrini nəzərə alsaq, yeni hasar iddiaçının ərazisinin bir hissəsinə 30 sm daxil olunub (texniki pasportun baş planında qeyd olunan və eni 1 m olan sahə sözügedən ünvana daxil olmaq üçün yol kimi istifadə olunur və baş planda 90 dərəcə düz xətlə göstərilib). Qeyd olunanlarla bağlı sahənin koordinatlarını əks etdirən izahlı baş plan rəyə əlavə olunur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, (***)- ****/**** nömrəli qərardadı əsasında alınmış ##.##.2026-cı il tarixli əlavə mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin sərhədinin bir tərəfi mişar daşı ilə, bir tərəfi zavodun hasarı, bir tərəfi şərti, digər hissə isə yeni tikilən evin divarı ilə sərhədlənib. Aparılan ölçülər nəticəsində yeni çəkilmiş hasarın uzunluğu 10.66 m-dir. Həmin məsafənin orta hissəsində eni 30.0 sm, digər hissədə şimal tərəfdə 10.0 sm iddiaçının sahəsi tərəfə yeni hasar inşa edilib.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan torpaq sahəsinin ölçüsü ilə bağlı hissədə dəyişdirilərək iddiaçının qanuni istifadəsində olan, orta hissəsində eni 30 sm, digər hissədə şimal tərəfdə 10 sm, uzunluğu 10,66 metr olan torpaq sahəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: M.Rüstəmli – sədrlik edən və məruzəçi, F.Qasımov və G.Axundova).

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin izahatları və işdə olan fotoşəkillərlə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qonşu sahələrin arasında əvvəldən mövcud olan dəmir hasar sökülmüş və daş hasar inşa edilərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilmişdir.

19. Apellyasiya araşdırması zamanı alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin sərhədinin bir tərəfi mişar daşı ilə, bir tərəfi zavodun hasarı, bir tərəfi şərti, digər hissə isə yeni tikilən evin divarı ilə sərhədlənib. Aparılan ölçülər nəticəsində yeni çəkilmiş hasarın uzunluğu 10,66 m-dir. Həmin məsafənin orta hissəsində eni 30,0 sm, digər hissədə şimal tərəfdə 10,0 sm iddiaçının sahəsi tərəfə yeni hasar inşa edilib.

20. Mütəxəssis rəyindən və texniki pasportdan, həmçinin müəyyən edilmişdir ki, yeni inşa edilmiş hasar iddiaçının mülkiyyətində olan həyətinə girişin enini azaltmışdır.

21. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə aşkar edilən kimi o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, onun cavabdehin pozuntusuna dözmək öhdəliyi yaranmamışdır.

22. Məhkəmə kollegiyası, həmçinin vurğulamışdır ki, sözügedən hasarın cavabdeh tərəfindən özünün faktiki sahibliyində olan torpaq sahəsi hüdudlarında, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilmədən inşa edilməsi istisna edilmir.

23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152.1, 157.2, 170.1, 170.2, 172.3, 176.2, MPM-in 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 13 və Torpaq Məcəlləsinin 84-cü maddələri üzrə - bu hissədə şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının bir həyətdə üç evi var və evlərin yola bir çıxışı var (girişçıxış bir qapıdandır). Iddiaçı evlərdən birini satışa qoyub, amma evi satmağa müvəffəq olmayıb, iş burasındadır ki, sonradan qanunsuz tikilmiş 3-cü evi satmaq üçün ona ayrıca giriş düzəltmək lazımdır. O giriş yeri kimi isə, iddiaçı cavabdehin hasarını fikirləşir. Bu səbəbdən də hal-hazırda istənilən qondarma hər fikrə hazırdır ki, o, qanunsuz ev üçün ayrıca çıxış düzəldərək oranı ayrıca satsın. Belə ki, işin ucunda maddi gəlir, yəni mənfəət var.

26. Mütəxəssis rəyində “texniki pasportun baş planında qeyd olunan istinad məsafələrini nəzərə alsaq, yeni hasar iddiaçının ərazisinin bir hissəsinə 30 sm daxil olub”, yazılsa da, lakin bu halın necə müəyyən olunduğu, yeni hasarın iddiaçının ərazisinin hansı uzunluqda olan hissəsinə 30 sm daxil olduğu qeyd edilməmişdir. Məhkəmə də qətnamədə zəbt edildiyini qeyd etdiyi torpaq sahəsinin uzunluğunun 25 metr olmasının necə müəyyən etdiyini əsaslandırmamışdır. Cavabdehlə iddiaçının torpaq sahəsini ayıran hasarın uzunluğu 25 metr deyil, cəmi 18 metrdir (10,66 heç bir yerdə yoxdur).

27. Bundan başqa ##.##.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərə əsasən ölçülər arasında kəskin uyğunsuzluq olduğundan, həmçinin qeyd olunan texniki pasport sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində çəkdiyi hasarın iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda necə müəyyən olundu ki, cavabdeh zəbtə yol verib?

28. Ekspert qarşısında qoyulan sualda qeyd edilən ##.##.2007-ci il tarixli, (balaca ev var, kirayə verib) ********* qeydiyyat nömrəli çıxarış ilə ##.##.2003-cü il tarixli sənəd fərqli torpaq sahələrinə aiddir. Həm ##.##.2003-cü il tarixli sənəd, həm də ##.##.2007-ci il tarixli torpaq sahələrinin heç birinin sənədi yoxdur. Iddiaçı ekspertizaya bilərəkdən yanlış sənəd təqdim etməklə belə qətnamənin çıxarılmasına səbəb olmuşdur.

29. MPM-in 9, 14.1, 14.3, 77, 99 və 405-ci maddələri üzrə - ekspertiza rəyi verilərkən zəbtin olub-olmaması, eyni zamanda koordinat nöqtələri təqdim edilmiş sənədə aid olubolmaması, və əgər tərəflər çəpər qonşularıdırsa, hər iki qonşunun torpaq sahəsinə baxış keçirilməlidir.

30. Mülki işin məhkəmə icraatı zamanı bir neçə dəfə təmir-tikinti ekspertizası aparılmış, eyni zamanda mütəxəssis rəylərinə müraciət edilmişdir. Rəylərlə diqqətlə tanış olunarsa, müşahidə etmək olar ki, rəylər ziddiyyətlidir, eyni zamanda yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında ekspertiza keçirilmişdir, cavabdehin təqdim etdiyi sənədlərə, ümumiyyətlə, qiymət verilməmiş, eyni zamanda həyətyanı torpaq sahəsinə baxış keçirilməmişdir. Məhz bu səbəbdən işin ədalətli, obyektiv və şəffaf araşdırılması üçün yenidən təmir-tikinti ekspertizası keçirilməli, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə onun torpaq sahəsinə baxış keçirilməli və yalnız bundan sonra zəbtin olub-olmamasını müəyyənləşdirmək mümkündür.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

35. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

36. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

37. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

42. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunan hissəsində (iddiaçının qanuni istifadəsində olan, orta hissəsində eni 30 sm, digər hissədə şimal tərəfdə 10 sm, uzunluğu 10,66 metr olan torpaq sahəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılması) mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

48. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır.

49. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

51. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar