Məhkəmə qərarları › İş №2(1-8)-1378/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1378/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1378/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin mərhum X2 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina ½, ** nömrəli mənzilinin ½ hissəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində isə Əliyev Əliyar Novruz oğlunun payının müəyyən edilməsi qət edilmişdir.

2. Qətnamə əsasında Əliyev Əliyar Novruz oğlunun (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına ##.##.2022-ci il tarixli, 2000***00056- 05101-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

3. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X1 (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına ##.##.2023-cü il tarixli, 2000***00056-05101- ****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.

4. Əmlak Hərrac Mərkəzi MMC tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, ****************** nömrəli hərracın nəticələrinə dair protokola əsasən İddiaçı ##.##.2025-ci il tarixli, 2000***00056-05101- ******* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri YeniGəncə qəsəbəsi 3-cü mikrorayon, ev 1/2, mənzil 61-dən (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini belə əsaslandırmışlar ki, Gəncə şəhəri Yeni-Gəncə qəsəbəsi 3- cü mikrorayon ev 1\2, mənzil 61 (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) tam mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsusdur. Həmin ev məhkəmə qətnaməsinə əsasən təşkil edilmiş hərracdan əldə edilmişdir. Cavabdeh Cavabdeh anlaşılmayan səbəbdən mülkiyyətçiyə məxsus evdən çıxmayaraq, hələ də orada yaşamağa davam etməkdədir. Cavabdehin qeydiyyatı Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 7, mənzil 9-da olmaqla həmin mənzildə pay hüququ mövcuddur.

7. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, iddiaçı Bərdə şəhərindəki evini sataraq, hazırkı sözügedən evi açıq hərracdan əldə etmişdir, lakin həmin evdə yaşaya bilmir. Evin pulu depozit hesabında saxlanılmışdır, cavabdeh məbləğin az olduğunu əsas gətirərək, pulu götürməmiş və evdən çıxmamışdır, baxmayaraq ki cavabdehin yaşamaq üçün başqa evi də vardır.

8. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, icra idarəsində pulu ödəyəcəyini, evini satmaq istəmədiyini deməsinə baxmayaraq, onun xəbəri olmadan evinin satıldığını və evindən çıxmayacağını göstərmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzildən (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) çıxarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından görünmüşdür ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Iddiaçı iddia etmişdir ki, həmin mənzili açıq hərracdan əldə etmiş, lakin cavabdehin evdən çıxmamasına görə evində yaşaya bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, evin onun xəbəri olmadan satıldığını və evdən çıxmayacağını göstərmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzildən (yeni qaydalarla AZ2024, Gəncə şəhəri, Mirzə Cəfər Topçubaşov küçəsi, giriş 31, M1, m1) çıxarılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddianı təmin edib onun evdən çıxarılması qənaətinə gələrkən evin real dəyərindən çox-çox az qiymətə satılmasını, onun mülkiyyətçi kimi hüququnun məhdudlaşdırılmasını nəzərə almamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və R.Məcidov) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, paylı mülkiyyətdə olmuş Gəncə şəhəri Yeni-Gəncə qəsəbəsi 3-cü mikrorayonda yerləşən ** nömrəli mənzilin açıq hərracdan satılması nəticəsində cavabdeh tərəf əmlakdakı mülkiyyət payını itirmişdir. Hərracdan əldə edilmiş pul vəsaiti isə itirilən paylı mülkiyyət hüququnun kompensasiyasıdır. Mövcud vəziyyətdə mənzil tam həcmdə iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin həmin mənzildə mülkiyyətçinin iradəsi əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadəsi və evdən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Ona görə ki, cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

17. Evin hərrac dəyərinin real bazar dəyərindən aşağı olması barədə apellyatorun arqumenti isə iddianın həlli baxımından hər hansı əhəmiyyət daşımamaqdadır; belə ki, mənzilə dair iddiaçının adına olan çıxarış və çıxarışın verilməsinə əsas olan hərracın yekunları barədə protokol hüquqi qüvvəsini saxlayır və iddiaçı mülkiyyət hüququnun ona tanıdığı imkanlardan istifadə edərək mülkiyyətinə yaradılan manenin aradan qaldırılmasını tələb etmək hüququna malikdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci intansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 220-ci, MPM-in 14.1, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 220.5-ci, MPM-in 9, 77.1 və 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun evdən çıxarılmağını qət edərkən evinin dəyərindən çox-çox aşağı qiymətləndirilməsinə, bir mülkiyyətçi kimi onun hüququmun pozulmasına ondan xəbərsiz evinin satılmasına hüquq qiyməti vermədən onun şikayətini rədd etmiş bununla bir mülkiyyətçi kimi Mülki Məcəllənin 152.1-ci maddəsində olan hüququnu pozmuşdur.

22. Bildirir ki, mülkiyyəti olan əmlakı razılığı və xəbəri olmadan iddiaçıya dəyərindən qat-qat aşağı qiymətə satılmış, bununla da Konstitusiyanın 13 və 29-cu maddəsində nəzərdə tutulmuş hüququ pozulmuşdur.

23. Paylı mülkiyyətdə olan payının müvafiq qayada kompensasiya aldığı halda payının xitamına razı ola bilər. Bildirir ki, payı ümumi əmlakda cüzi deyildir. Belə olan halda razılığı mütləq nəzərə alınmalı idi. Ona görə də qətnamə qüvvədə qalarkən Mülki Məcəllənin 220.5-ci maddəsində nəzərdə tutulmuş hüququ pozulmuşdur.

24. Işə baxan məhkəmə iştirakı olmadan baxmaqla MPM-nin 9.1-ci, 9.2-ci, 9.3-cü maddələrində təsbit olunmuş hüququ pozulmuşdur. Belə ki, işə onun iştirakım olmadan baxılmaqla tərəflərin bərabərliyi prinsipi kobud şəkildə pozulmuş, çəkişmə prinsipinə əsasən müzakirə edilməklə əldə edilən sübutlara istinad etməli olduğu halda, bunu etməmiş bununla da irəli sürdüyü hüquqi dəlillər düzgün əsaslandırılmamış, nəticədə MPM-nin 9.3-cü maddəsinin tələbi kobud şəkildə pozulmuşdur.

25. Işə baxan məhkəmə işə iştirakı olmadan baxmış, bununla da MPM-nin 77.1-ci maddəsində təsbit olunmuş hüququ kobud şəkildə pozulmuşdur. Yəni işə onsuz baxılmış, o öz tələb və etirazının əsası kimi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da düzgün olmayan qətnamə qət edilmişdir.

26. Işə baxan məhkəmə şikayəti üzrə işə baxarkən işdə olan sübutları yəni evdə payının cüzi olmaması, payına görə pul təklif edilməməsi onu sübut edir ki, işə baxan məhkəmə şikayətini rədd edərkən MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

37. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

38. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

39. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

40. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

41. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə onun iştirakı olmadan baxılaraq hüquqlarının pozulduğu barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları (iş v. 60) təsdiqlənir ki, iş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə sms bildiriş göndərilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, apelyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə tərəflərə ünvünlanmıç məhkəmə iclasının yeri və vaxtı ilə əlaqədar olan bildiriş ## ###### 2025-ci il tarixində elektron imza ilə imzalanmaqla cavabdehin nümayəndəsi nümayəndə1da elektron kabinetinə yerləşdirilmişdir.

58. Azərbaycan Respublikasının MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

59. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

60. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

61. MPM-in 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

62. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır.

63. Apellyasiya instansiya məhkəməsiunin ## ###### 2026-cı il tarixli məhkəmə iclasının protokolu (iş v.62-63) ilə təsdiq edilir ki, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

64. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

65. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işə cavabdehin iştirakı olmadan baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

66. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən digər hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar