Məhkəmə qərarları › İş №2(1-8)-545/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-545/2026

01.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-545/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, *** saylı evin 3 otaqlı, ümumi sahəsi 71,13 kv.metr olan ** saylı mənzili ## ####### 2022-ci il tarixdə ½ hissədə İddiaçı adına, ## ###### 2023-cü il tarixdə ½ hissədə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır və hazırda həmin mənzildə Cavabdeh yaşayır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən sahəsi 71,13 kv.m olan 3 otaqlı mənzilə köçürülmə, mənzildən istifadə hüququnun müəyyən və bərpa edilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X1 ## ###### 2017-ci ildə vəfat etdikdən sonra AR Mülki Məcəlləsinin 1134-cü maddəsinin tələblərinə uyğun olaraq ondan miras qalan, ünvan 1 ünvanda yerləşən sahəsi 71,13 kv.m olan 3 otaqlı mənzilə ½ hissədə vərəsəlik payını qəbul etmiş və ## ####### 2022-ci ildə həmin mənzilə reyestrdən çıxarış almışdır. Lakin digər vərəsə, bacısı Cavabdeh onun mənzilə daxil olmağına və mənzildən istifadə etməyinə mane olur. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, *** saylı evin ** saylı mənzilinə köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və onun barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Hazırkı iş üzrə, iddiaçı köçürülməyini tələb etdiyi mənzilin paylı mülkiyyətçisi olmaqla, öz mülkiyyətindən istifadə və sahiblik hüququna malikdir, onun bu hüquqları hər hansı əsasla məhdudlaşdırıla bilməz. Belə olan halda, iddiaçının mənzil köçürülmə barədə tələbi əsaslıdır və təmin edilməlidir.

6. Məhkəmə, iddia tələbinin mənzilə istifadə hüququnun tanınması hissəsi ilə bağlı qeyd etmişdir ki, hər kəs öz mülkiyyətində olan əmlakdan istifadə və sahiblik hüquqlarına malik olduğundan mənzildən istifadə hüquqlarının əlavə olaraq tanınmasına zərurət yoxdur.

7. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işlə bağlı iddiaçının mənzilə hüquqlarının olduğu, lakin onun həmin mənzildə yaşamaq hüquqlarının məhdudlaşdırıldığı, mənzildən məhrum edildikləri məlumdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın. Hazırkı halda cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.

8. Məhkəmə gəldiyi nəticəni AR Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 215.1, 215.4-cü, Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2-ci, habelə MPM-nin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər tərəfin hüquq və mənafeyi, iddiaçı ilə cavabdehin aralarında münaqişə olması halı, bu səbəbdən birgə yayşayış mümkün olmaması nəzərə alınmamışdır. Qanunverici qalan mülkiyyətçılərin hüquqları ilə bir araya sığan dərəcədə istifadə hüququnun malik olmasının təsbit etmişdir. Məhkəmə qeyd edilən normanı tətbiq etməmişdir. Bu hal da hüquq normasının pozuntusu hesab edilir. Belə ki, məhkəmə cavabdeh tərəfin iddia tələbini qəbul etməməsinə və bu halın səbəblərini araşdırmadan əsassız qətnamə çıxarmışdır. Mülkiyyətdən birgə istifadə mümkün olamaması halında əşyaya sahiblik və ondan istifadə edən mülkiyyətçı digərinə müvafiq əvəz (kompensasiya) odəməklə mübahisənin həlli mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə cavabdehin hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini nəzərə almadan, tərəflər arasında münaqişə olması faktını görməzdən gələrək, bu faktı araşdırmadan iddia tələbini təmin etmişdir. Həmin qətnamə gələcəkdə tərəflər arasında daha yeni münaqişələrin yaranmasına gətirib çıxara bilər. Halbuki cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, tərəflərin birgə yaşayışı mümkün deyildir, ona görə ki, uzun illərdir aralarında münaqişə mövcuddur. 11.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən, məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 13.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni AR Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 215.1, 215.4-cü, Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2-ci, habelə MPM-nin 14.2, 77.1, 106.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 14.Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 15.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər tərəfin hüquq və mənafeyi, iddiaçı ilə cavabdehin aralarında münaqişə olması halı, bu səbəbdən birgə yayşayışın mümkün olmaması nəzərə alınmayıb. Qanunverici qalan mülkiyyətçılərin hüquqları ilə bir araya sığan dərəcədə istifadə hüququnun malik olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası AR Mülki Məcəllənin 215.2-ci maddəsini tətbiq etməmişdir. Bu hal da hüquq normasının pozuntusu hesab edilir. Belə ki, məhkəmə cavabdeh tərəfin iddia tələbini qəbul etməməsini və bu halın səbəblərini araşdırmadan əsassız qətnamə çıxarmışdır. Həmin normadan da görünür ki, mülkiyyətdən birgə istifadənin mümkün olamaması halında əşyaya sahiblik və ondan istifadə edən mülkiyyətçi digərinə müvafiq əvəz (kompensasiya) ödəməklə mübahisənin həlli mümkündür. Məhkəmə kollegiyası cavabdehin hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini nəzərə almadan, tərəflər arasında münaqişə olması faktını görməzlikdən gələrək, bu faktı araşdırmadan iddia tələbini təmin etmişdir. Həmin qətnamə gələcəkdə tərəflər arasında daha yeni münaqişələrin yaranmasına gətirib çıxara bilər. Halbuki cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, tərəflərin birgəyaşayışı mümkün deyildir, ona görə ki, uzun illərdir aralarında münaqişə mövcuddur.

Kassasıya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 17.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 18.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 19.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 20.Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 21.Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 22.Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 23.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 24.Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 31.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 32.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri 33.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 35.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 36.Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 37.Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və onun barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. 38.Hazırkı iş üzrə iddiaçı, köçürülməsini tələb etdiyi mənzilin paylı mülkiyyətçisi olmaqla, öz mülkiyyətindən istifadə və sahiblik hüququna malikdir, onun bu hüquqları hər hansı əsasla məhdudlaşdırıla bilməz. Belə olan halda, iddiaçının mənzil köçürülmə barədə tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. 39.Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanun şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətlərini bütün şəxslərə qadağan etmişdir. 40.Normanın mənasına görə hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. 41.Hazırkı işdə, iddiaçının mənzilə hüququnun olduğu, lakin onun həmin mənzildə yaşamaq hüququnun məhdudlaşdırıldığı, mənzildən məhrum edildiyi məlumdur. Məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, həmçinin məhrumetmə tətbiq olunan şəxsin hüququ olmasın. Hazırkı halda cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. 42.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində və təfsirində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar