Məhkəmə qərarları › İş №2(1-8)-1396/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1396/2026

04.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1396/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh1, Bakı şəhəri ** saylı Notariat Ofisi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, miras əmlakın vərəsələr arasında bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. X2 ilə X3 ##.##.1953-cü il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından Kəlbəli, Vaqif, Iradə, Minayə, Xuraman, Gülşən və Elşən adlı uşaqları anadan olmuşdur.

2. Əlizadə Teymur ##.##.1966, Əlizadə Almaxanım isə ##.##.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişlər.

3. ##.##.2009-cu il tarixli vəsiyyətnamə ilə Əlizadə Almaxanım ona məxsus ünvan 2 ünvanında yerləşən evi oğlu Kəlbəli və qızı Xuramana vəsiyyət etmişdir.

4. cavabdeh3 ##.##.2018-ci il tarixli ərizə ilə notariat kontoruna müraciət edərək ##.##.1966-cı ildə vəfat etmiş Əli-zadə Teymur Kəlbəli oğlunun tək varisi olduğunu və ondan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

5. Fərdi yaşayış evi (§3-də qeyd olunan) və onun yerləşdiyi 0,0847 ha torpaq sahəsi Bakı şəhəri ** saylı Notariat Ofisinin *** nömrəli ##.##.2018-ci il tarixli məktubuna və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1963-cü il tarixli texniki pasporta əsasən Əli-zadə Teymur Kəlbəli oğlunun adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı RX seriyalı ******* nömrəli ##.##.2018-ci il tarixli çıxarış tərtib edilmişdir.

6. ##.##.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, ##.##.1966-cı il tarixdə vəfat etmiş Əli-zadə Teymur Kəlbəli oğlunun vərəsəsi cavabdeh3 ondan qalmış əmlaka 1/1 hissədə pay almalıdır. Həmin şəhadətnaməyə əsasən yuxarıda adı çəkilən əmlak cavabdeh3 adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı RX seriyalı ******* nömrəli ##.##.2018-ci il tarixli çıxarış tərtib edilmişdir.

7. Fərdi yaşayış evinin yerləşdiyi 0,0847 ha torpaq sahəsindən 0,04 ha hissəsi Bakı şəhəri ** saylı Notariat Ofisinin 40-*** reyestr nömrəli ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi və onun yerləşdiyi 0,0447 ha torpaq sahəsi cavabdeh3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh3 adına verilmiş *V-**/**** saylı nömrə ilə reyestrdə qeydə alınmış vərəsəlik işi üzrə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdeh3 adına verilmiş ##.##.2018-ci il tarixli mülkiyyət hüquqlarının dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, cavabdeh3 ilə cavabdeh1 arasında ünvan 1 ünvanında (bundan sonra – “mübahisəli ünvan”) yerləşən 0,0847 ha torpaq sahəsinin 0,04 ha hissəsinin satışına dair bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli mülkiyyət hüquqlarının dövlət reyestrindəki qeydiyyatının ləğv edilməsi, cavabdeh3 adına verilmiş ##.##.2024-cü il tarixli mülkiyyət hüquqlarının dövlət reyestrindəki qeydiyyatının ləğv edilməsi, Əli-zadə Teymurdan miras qalmış miras kütləsinə daxil olan mübahisəli ünvanda yerləşən ümumi sahəsi 53,4 m2 fərdi yaşayış evi və 0,0847 ha torpaq sahəsi üzərində bütün vərəsələr arasında bərabər paylarda bölünməklə hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, vərəsələrə onların mərhum ataları olan Məmmədov Teymurdan miras qalan əmlak – mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi və 0,0847 ha olan torpaq sahəsidir. Mərhumun vəfatından sonra həyat yoldaşı Əlizadə Almaxanım və onun övladları olan birgə iddiaçılar həmin evdə yaşamağa davam etməyə başlamışlar. Birgə iddiaçılar böyüyərək hər biri ailə qurmuş və köçərək öz evlərinə getmişlər. Əlizadə Almaxanım qocalaraq sözügedən mənzildə ##.##.2009-cu il tarixində vəfat etmişdir. Tərəflərin analarının vəfatından sonra sözügedən miras əmlaklarının yerləşdiyi ünvanda yalnız Xuraman mütəmadi yaşayırdı. Vərəsələrdən hər birinin öz ailəsi olduğu üçün öz ailələri ilə digər ünvanlarda yaşayırdılar. Ortaq gəlinmiş qərar isə bundan ibarət olmuşdur ki, valideynlərin vəfatından sonra cavabdeh evdə yaşamaqla onun sənədlərini düzəltməli və evə də göz qulaq olmalı idi. Lakin bu ilin yaz aylarında digər vərəsələrə məlum olmuşdur ki, cavabdeh miras əmlakına dair sənədləri düzəldərək artıq torpaq sahəsinin bir hissəsini də başqasına satmışdır. Belə bir hal müəyyən olmuşdur ki, cavabdeh miras əmlakının sənədləşmə işlərini hələ 2018-ci ildə digər vərəsələrdən xəbərsiz düzəldərək bu barədə susmuş, ondan evlərin sənədləşməsi ilə əlaqədar soruşulduqda isə evin sənədinin çox köhnə olduğunu və buna görə əmlak komitəsinin sənədi qəbul etmədiyini, lakin, onun bu məsələ üzərində işlədiyini bəhanə etmişdir. Cavabdehin digər vərəsələri aldatması onların etibarından sui-istifadə etməsi məzmunlu hərəkətləri onun əsl niyyətini ortaya qoymuşdur.

10. Cavabdeh cavabdeh3 iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsindən də görünür ki, iddiaçılar qismən də olsa, etiraf edirlər ki, miras əmlak faktiki olaraq Xuraman tərəfindən qəbul edilmiş, sonuncu həmin ünvanda yaşamış, sonuncudan başqa həmin ünvanda qeydiyyatda olan və ya yaşayan şəxs yoxdur. Iddiaçıların hər biri digər ünvanlarda qeydiyyatda olmaqla, ailə həyatı qurduqdan sonra köçüb getmişlər, evi cavabdeh cavabdeh3 idarə və sahiblik etmişdir. 1966-cı ildən keçən 58 il ərzində iddiaçılar miras əmlakla bağlı hər hansı dövlət qurumuna miras kütləsi ilə bağlı müraciət etməmiş, eləcə də miras əmlakı faktiki qəbul etməmişlər. Azərbaycan Respublikasının ##.##.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 530, 532 və 552-ci maddələrinə istinadla qeyd olunmuşdur ki, atanın vəfatından sonra azyaşlı uşaqlar yetkinlik yaşına çatmış, sonrakı müddətdə də miras faktiki olaraq cavabdeh3 tərəfindən qəbul edilmiş və sahiblik hüququnu həyata keçirmişdir. X1-zadə tərəfindən sənədləşmə işləri aparılan zaman qeyd olunan yaşayış evində həmin şəxsdən əlavə digər şəxslər qeydiyyatda olmamış və yaşamamışlar. Hətta tərəflərin valideynləri olan ana Əlizadə Almaxanım da ##.##.2009-cu ildə vəfat etmiş, ananın dəfn xərcləri, mərasimi, başdaşı və digər zəruri xərclər bütünlükdə Xuraman tərəfindən icra edilmiş, eləcə də Almaxanım Əlizadənin sağlığında da onun sağlamlığı və müalicəsi ilə bağlı xərclər məhz Xuraman tərəfindən icra edilmişdir. Təbii ki, qeyd olunan yaşayış evi 1 əsr bundan əvvəl, yəni 1953-cü ildə tikilmiş, həmin tikilinin eyni vəziyyətdə saxlanılması qeyri-mümkün olmuşdur. Məhz Xuraman həmin ünvanda anası ilə birlikdə yaşamış, evin bütün əsaslı təmir və yaşayışa yararlı vəziyyətdə saxlanılmasında tək iştirak etmişdir. Evdə əlavə mətbəx və talvar tikilisi inşa etmişdir. Yuxarıda sadalanan bütün hərəkətlərin icrasında digər vərəsələr iştirak etməmiş, onların hər birinin ayrılıqda yaşayış sahələri olmuş, mübahisəli ünvana gedib-gəlməmişlər. Iddiaçılar “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi”ni tələb etmişlər. Halbuki etibarsızlıqla bağlı iddia müddəti 1 ildir. Iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya ki, cavabdeh sənədlər barədə onlara məlumat verməmiş, iddiaçıların notariat işindən məlumatları olmamışdır. Halbuki qeyd olunanlar tam əsassız və sübutsuzdur. Çünki iddiaçıların bütün bu sənədləşmələrdən məlumatları olmuşdur.

11. Cavabdeh cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizəsində Mülki Məcəllənin 373, 1143, 1200, 1213 və 1231.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, iş üzrə iddiaçılar qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Bu hal iddianın rədd edilməsi üçün əsasdır.

12. Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim – Z.Tağıyev) iddia tələbi təmin edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların atası Əli-zadə Teymurun ##.##.1966-cı il tarixdə vəfat etməsi və həmin vaxtdan həmin şəxsin mirasının açıldığı işin mübahisə edilməyən faktiki hallarıdır. Iddiaçı tərəfin hüquqi əsası ondan ibarətdir ki, hazırda formalaşmış məhkəmə praktikasına əsasən vərəsə mirasdan imtina etməmişdirsə, o, mirası qəbul etmiş sayılır.

14. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarının hazırkı mübahisəyə şamil olunması əsaslı deyil.

15. Iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdir. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir.

16. Məhkəmə qeyd etmişdir ki, Əli-zadə Teymur ##.##.1966-cı ildə öldüyü zaman sağ olan arvadı və övladları onun qanun üzrə vərəsəsi sayılır və onun vəfat etdiyi anda iddiaçılar cavabdehlə həmin mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul edərək sahiblənmişlər.

17. Miras qoyanın qızı cavabdeh3 ondan miras qalmış əmlaka dair şəhadətnamə almışdır. Lakin cavabdeh 2018-ci ildə notariat orqanına təqdim etdiyi sənədlərdə özünü yeganə vərəsə kimi göstərmiş və digər varislər barədə məlumat verməmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən notarius vərəsəlik işi açarkən digər potensial vərəsələr barədə məlumatların mövcudluğunu yoxlamalı, əgər belə şəxslər məlumdursa, onlara bildiriş göndərilməlidir. Bu tələbin pozulması nəticəsində verilmiş şəhadətnamə əsassız və hüquqa zidd hesab olunur.

18. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” təqdim edilən çıxarışların göstərdiyi kimi, əmlakın ilkin hüquqi sahibi mərhum Əli-zadə Teymur olmuş, onun ölümündən sonra 2018-ci ildə həmin mülkiyyətin cavabdehin adına keçirilməsi yalnız notariat şəhadətnaməsinə əsaslanmışdır. Əgər həmin şəhadətnamə hüquqi qüvvədən düşərsə, onun əsasında verilmiş çıxarışlar da etibarsız hesab olunmalıdır.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçılar mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsə də, mübahisəli əmlakı faktiki qəbul etmiş olsaydı, həmin əmlakdan pay almaq hüququ olardı. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Əlizadə Almaxanımın qızının ##.##.2009-cu il tarixli vəsiyyətnamə ilə ona məxsus əmlakı oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və qızı cavabdeh3 vəsiyyət etməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, vəsiyyətnamə düzgün tərtib edilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli ünvanda yerləşən 0,0847 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş fərdi yaşayış evi əvvəllər Əlizadə 20.Teymura məxsus olmuşdur. Miras açıldığı vaxt, yəni Əli-zadə Teymurun vəfatı anında miras onun qanuni vərəsələrinə, yəni arvadı və övladlarına bərabər paylarda keçmişdir.

21. Belə olan halda Əlizadə Almaxanım öz mülkiyyətində olan paya dair (yəni miras kütləsindəki 1/7 hissəyə) yaşayış evini və torpaq sahəsini oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qızı və cavabdeh3 vəsiyyət etmək hüququ vardır. Bu baxımdan, vəsiyyətnamə digər vərəsələrin pay hüquqlarını istisna etmir və həmin vərəsələrin məcburi pay hüququnu ləğv etmir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəllənin 527, 528, 532, 533, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata, Mülki-Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80 və 88 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. Qətnamədən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar heç vaxt mirasın açılması ilə bağlı notariat orqanına müraciət etməmişlər. Bundan əlavə, iddiaçıların qeyd etdiyi kimi guya aralarında əmlaka dair sənədlərin düzəldilməsi və evə göz-qulaq olması ilə bağlı heç bir razılaşma olmamışdır. Iddiaçılar uzun illər ərzində miras əmlakla bağlı tələb irəli sürməməklə əslində həmin əmlakdan imtinanı nümayiş etdirmişlər. Bununla da, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşlər. Tərəflərin atası mərhum Əlizadə Teymurun adına ailəyə məxsus mübahisəli ünvanda 758 m2 olan torpaq sahəsinə (hazırda fərdi yaşayış evinin sağ tərəfi) dair sənədlər tapılmışdır. X4 miras əmlak ümumilikdə 0,18 ha olmuşdur. 0,2 ha-nın sənədi olmamışdır. O dünyasını dəyişdikdən sonra mərhum Əlizadə Almaxanım övladları arasında həmin torpaqdan hazırda 0,0847 ha torpaq sahəsi üzərində olan 53,4 m2 olan fərdi yaşayış evini özü də həmin evdə qalmaqla cavabdehə və oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, digər hissəni isə iddiaçılara və digər oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 vermişdir. Cavabdeh mərhum Almaxanımla birlikdə yaşamış, ona baxmış, dəfn xərclərini ödəmişdir. Hazırda 758 m2 olan torpaq sahəsinin bir hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 yaşamaqdadır. Digər hissə isə cavabdehlər tərəfindən satılaraq aralarında satışdan əldə olunmuş pul bölünmüş, ona isə heç nə verilməmişdir. Sonradan cavabdehin yaşadığı torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, iddiaçılar isə həmin torpaq sahəsinə dair hüquq qeydiyyata alınmadan Eyvazov Mehmana sataraq satışdan əldə olunmuş vəsaiti aralarında bölmüşlər. Birinci instansiya məhkəməsi zamanı sənədlər məhkəməyə təqdim olunsa da, qəbul edilməmişdir. Belə ki, iddiaçılar həmin torpaq sahəsini sataraq satışdan əldə olunmuş vəsaiti aralarında bölərək cavabdehə həmin vəsaitdən heç nə verməmişlər. Iddiaçılar susaraq bu halı məhkəmədən gizlətmişlər. Beləliklə, iddiaçılar öz vərəsəlik paylarından əlavə cavabdehə çatmış payı da tələb edirlər. Eləcə də məhkəmə cavabdeh cavabdeh1 vicdanlı alıcı olmasını da nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-

25. nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya ****/**** məhkəməsinin qətnaməsi qismən – Əli-zadə Teymurdan miras qalmış miras kütləsinə daxil olan mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi və 0,0847 ha torpaq sahəsi üzərində bütün vərəsələr arasında bərabər paylar müəyyən edilməklə, iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 münasibətdə hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, adı çəkilən miras əmlak üzərində cavabdeh3 10/16 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Əli-zadə Iradə, iddiaçı2, Əlizadə Gülşən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hər birinin 1/16 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir (hakimlər: V.Sadıqov – sədrlik edən və məruzəçi, R.Səmədov və X.Mərdanova).

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras əmlak (fərdi ev və torpaq sahəsi) mərhum Əlizadə Teymur ilə Vədətova Almaxanımın birgə nikahda olduqları vaxt birincinin adına qeydə alınmışdır, ona görə də həmin əmlak onların birgə mülkiyyətini təşkil etmişdir. Həmçinin mübahisəsiz qaydada müəyyən olunur ki, Əlizadə Teymur 1966-cı ildə vəfat edən vaxt onun bütün vərəsələri – arvadı və yeddi uşağı onunla birlikdə həmin evdə yaşamışlar və onun ölümündən sonra miras əmlakı faktiki qəbul etmişlər. Belə olan halda, miras əmlakın 1/2 hissəsinin Vədətova Almaxanıma məxsus olması nəzərə alınmaqla, yerdə qalan 1/2 hissəsinə yeddi uşaq və A.Vədətova bərabər hissədə vərəsəlik payı əldə etmişlər (A.Vədətova- 9/16 pay, yeddi uşağın hər biri– 1/16 pay).

27. Sonradan bütün vərəsələr ailə qurub mübahisəli evdən çıxıb getmiş, həmin evdə yalnız mərhum A.Vədətova və cavabdeh cavabdeh3 qalmışlar. ##.##.2009-cu il tarixdə V.Vədətova vəfat etdikdə onu qızı, cavabdeh cavabdeh3 dəfn etmiş və anasından qalmış paya faktiki olaraq yiyələnmişdir. Digər vərəsələr isə analarından qalmış payı qəbul etmək üçün həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətdə notariusa müraciət etməmiş, nə də faktiki qəbulla ilə bağlı hərəkətlər etmiş, bununla da həmin paya vərəsəlik hüquqlarını itirmişlər.

28. Belə olan vəziyyətdə mərhum A.Vədətovanın payını qəbul etmiş cavabdeh X.Əlizadənin payı 10/16 hissəyə çatmaqla, digər vərəsələrin payı 1/16 hissədə qalmışdır.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, ** saylı Notariat Ofisi tərəfindən göstərilən tələblərə əməl olunmamış, vərəsələrin tam dairəsinin müəyyən edilməsi üçün müvafiq addımlar atılmamış, nəticədə yeganə vərəsə kimi yalnız cavabdeh cavabdeh3 “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmiş, sonuncu da həmin şəhadətnamə əsasında hüquqlarını qeydə aldıraraq torpaq sahəsinin bir hissəsini cavabdeh1 satmışdır. Beləliklə şəhadətnamə etibarsızdır. Şəhadətnamə etibarsız olduğundan onun əsasında cavabdeh cavabdeh3 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (çıxarış) ləğv olunmalıdır.

30. Belə olan halda cavabdeh cavabdeh3 mübahisəli əmlak barəsində təkbaşına sərəncam verməsinin əsası olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdeh3 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsini də etibarsız hesab etmişdir. Kollegiya qeyd etmişdir ki, hazırkı vəziyyətdə cavabdeh1 vicdanlı əldə edən olubolmaması

31. müzakirə oluna bilərdi, ancaq sonuncu qətnamədən şikayət vermədiyindən kollegiya həmin məsələni yoxlamaq səlahiyyətində deyil, çünki “vicdanlılıq” əmlakı əldə edənə məxsus hüquqi müdafiə vasitəsi kimi çıxış edir və bu hüquqdan istifadə etmək imkanı məhz həmin şəxsə məxsusdur. Yəni cavabdeh cavabdeh1 vicdanlı əldə edən olması dəlilinin digər cavabdeh cavabdeh3 tərəfindən bildirilməsi həmin hissədə qətnamənin yoxlanılması və qiymət verilməsi üçün əsas deyil.

32. Əlizadə Almaxanımın ##.##.2009-cu il tarixli vəsiyyətnamə ilə özünəməxsus mübahisəli ünvanda yerləşən evi övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və cavabdeh3 vəsiyyət etməsinə münasibətdə qeyd olunmuşdur ki, A.Əlizadə (Vədətova) yalnız öz payını vəsiyyət edə bilərdi ki, bu da ümumi payın 9/16 hissəsini təşkil etmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vəsiyyət üzrə mirası qəbul etməmişdir, ona görə həmin vəsiyyətnaməyə əsasən onun payının daha artıq olması barədə nəticəyə gəlmək mümkün deyil. cavabdeh3 münasibətdə isə qeyd olunmalıdır ki, hazırkı vəziyyətdə də ona eyni pay çatmış olur.

33. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəllənin 527, 528, 532, 533, 2000-ci il ########ın #-dən (##.##.2009-cu il tarixdə) qüvvədə olan Mülki Məcəllənin 1159.1.1, 1***.1, 1***.2, 1246, MPM-in 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. Iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddiaçıların iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

35. Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 34-cü maddələri üzrə - mübahisə edilən dövrə (1953-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş əmlak) aid iddia edilən əmlakların əvəzli olaraq birgə vəsait hesabına əldə edilməsinə dair iş materiallarında hər hansı sübut mövcud olmamışdır. Əksinə, hər kəsə məlumdur ki, sözügedən dövrdə əmlak dövlətə məxsus olmuş və yalnız 2000-ci ildə “Özəlləşmə haqqında” qanun qəbul edildikdən sonra özəlləşmə üçün açıq olmuşdur. Hazırda miras kütləsinə daxil olan əmlakın əvəzsiz olaraq cavabdehin adına qeydə alındığı müəyyən edilmişdir. Iddiaçıların mərhum ataları rəhmətə gedən dövrdə də həmin əmlakın mülkiyyətçi statusunda heç bir dəyişiklik baş vermədiyi açıq-aşkardır. Lakin hazırkı iş üzrə işin hallarından da göründüyü kimi miras predmetini təşkil edən əmlak iddiaçıların və cavabdehin mərhum atalarının əmlakı olmuşdur və həmin əmlak da ona məhz sovet dönəmində dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir.

36. Mülki Məcəllənin 1***.2 və 1***.3-cü maddələri üzrə - Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il ## #### tarixli Qərarlarının mahiyyəti bundan ibarətdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

37. Mülki Məcəllənin 1246 və 1248.1-ci maddələri üzrə - Konstitusiya Məhkəməsi Plenumu ## ####### 2022-ci il tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.

38. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəllənin 527-530, 532 və 552ci maddələri üzrə - nəzərə alınsa ki, birgə iddiaçılar mərhum ataları rəhmətə gedən zaman hələ subay olmaqla sözügedən evdə yaşayış və həmçinin həmin ünvanda pasport qeydiyyatında olmuşlar, onun tərəfindən sözügedən miras əmlakının faktiki qəbulunun həyata keçirilməsi faktı öz təsdiqini tapmış olur. Mərhumun vərəsələri sözügedən əmlaka atalarının ölümündən sonra yiyələnməyə davam etmişlər. Belə olan halda, vərəsələrin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz.

39. MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3 və 418.1-ci maddələri üzrə - mərhuma məxsus olan əmlakın dövlət tərəfindən ona əvəzsiz qaydada verilməsi halı nəzərə alınmayaraq, həmin əmlak ər-arvadın ümumi əmlakı kimi nəzərə alınaraq, arvadın payını da kollegiya bölgüyə qoymuşdur. Halbuki sözügedən əmlakın məhz ər-arvadın birgə vəsaiti hesabına əldə edilməsinə dair hər hansı sübut mövcud olmamışdır. Vəsiyyətnaməni məhkəmə əlində rəhbər tuturdusa, bu zaman həmin vəsiyyətnamədə iki vərəsənin adı qeyd edilib. Nə səbəbə görə cavabdeh3 hüquqi tanınır, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hüququ tanınmır?

40. Kassator məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər bölməsində Ali Məhkəmənin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarına istinad etməklə apellyasiya instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi nəzərə almadığını və vahid məhkəmə təcrübəsindən kənara çıxdığını göstərmişdir.

41. Kassator digər məsələlər bölməsində qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi olmadığı halda məhkəmə mərhum ananın payına münasibət bildirməklə MPM-in 218.3-cü maddəsinin tələblərindən kənara çıxmış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə, miras paylarının müəyyən edilməsi və bölgüsü qanunvericiliyin tələblərinə uyğun aparılmamış, apellyasiya instansiyası məhkəməsinin sübutlara verdiyi qiymətləndirmə obyektiv və əsaslandırılmış olmamışdır.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh cavabdeh3 iddiaya qarşı etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

43. Maddə 29, VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

2000-ci il ########ın #-dək (##.##.1966-cı il tarixdə) qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

45. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

46. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

47. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar.

2000-ci il ########ın #-dən (##.##.2009-cu il tarixdə) qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə hesab olunurlar.

49. Maddə 1***.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

50. Maddə 1***.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

51. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

63. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar