Məhkəmə qərarları › İş №2(1-8)-1412/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1412/2026

04.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1412/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Şirkətinin xxxx xxxx qarşı (Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. xxxx Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmiş, tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda İddiaçı şirkətinin qanuni istifadəsindədir və şirkət həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Ev və torpaq sahəsi üzərində xxxxin hər hanası hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Torpaq sahəsi (1000 m2) X4 ## ###### 2009-cu il tarixli, *** saylı qərarına əsasən bələdiyyə tərəfindən xxxx verilmişdir. İddiaçı şirkəti bu qərarı inzibati məhkəmədə mübahisələndirmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamış (iddia müddətinin ötürülməsi səbəbi ilə), qərardad qanuni qüvvəyə minmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı şirkəti (bundan sonra – “iddiaçı” və ya “şirkət”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx xxxx (bundan sonra – “xxxx”) * saylı mədənin 1-ci sahəsində şirkətin saziş ərazisi hüdudları daxilində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1578 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin xxxxin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun xxxxdən şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xxxx tərəfindən şirkətin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. xxxxin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi ##.##.2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti arasında Saziş (bundan sonra – “Saziş”) imzalanmış və ##.##.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan qanunun 4-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının müddəalarından üstün tutulur və s.

5. xxxx iddia ərizəsinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi X4 ## ###### 2009-cu il tarixli, *** saylı, qərarı əsasında ona ayrılmışdır. Sözügedən torpaq sahəsi üzərində tikinti aparmaq hüququ da məhz həmin bələdiyyə qərarı əsasında yaranmış, tikilinin inşası zamanı heç bir neft quyusuna, təhlükəsizlik zonasına və ya hasilat ərazisinə müdaxilə edilməmişdir. Torpaq sahəsi ona ayrıldığı tarixdən etibarən qanuni istifadə və sahibliyində olmaqla, müvafiq bələdiyyə vergiləri vaxtı-vaxtında ödənməkdədir. Habelə sözügedən ərazidə kommunal xidmətlərdən istifadə edilməklə, su, qaz, elektrik xətləri çəkilmiş, bütün ödənişlər vaxtı-vaxtında yerinə yetirilir. Torpaq sahəsinin istifadəsində olduğu 21 il ərzində iddiaçı tərəfindən torpaq sahəsindən istifadə edilməsinə heç bir maneçilik törədilməmiş və susmaqla əslində dolayısı ilə buna razılıq bildirilmişdir. Iddiaçının tikilinin “qanunsuz” olduğunu deməsi üçün hüquqi əsası yoxdur, çünki həmin sahə üzərində istifadə hüququ ona məxsusdur. Qeyd edilən bələdiyyə qərarı gələcəkdə onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydinə alınması üçün əsasdır. Belə ki, həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çağırılması və ya qüvvədən düşməsi halı mövcud deyildir. Həmçinin iddiaçı hazırkı iddia ərizəsində bildirmişdir ki, inşa etdiyi tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaradır. Halbuki mübahisə predmeti olan torpaq sahəsinin onun istifadəsində olduğu uzun illər ərzində iddiaçı buna qarşı hər hansı etirazını bildirməmiş, torpaq sahəsinin boşaldılması barədə ona müraciət etməmişdir. Eyni hüquqi və faktiki şərtlərə malik qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı müvafiq çıxarışları təqdim edə bilməsə də, məhkəmə müvafiq reyestr xidmətinə sorğu ünvanlayaraq sözügedən çıxarışları və çıxarışların verilməsinə əsas olmuş sənədləri əldə edə bilər. Etiraza qoşma olaraq əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi iddiaçının hazırda guya onun qanunsuz istifadəsindən alınmasını istədiyi və qanunsuz tikilinin inşa edildiyini bildirdiyi torpaq sahəsindən ön və arxa, sağ və sol tərəflərdə fərdi yaşayış evləri mövcuddur. Hazırkı halda isə, sadəcə ona qarşı iddia qaldırılması iddiaçının qərəzli mövqeyini ortaya qoymaqla mülkiyyət hüququ ilə birlikdə, bərabərlik hüququnu da pozmaqdadır. Əgər mübahisə predmeti olan torpaq sahəsi “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşirsə qonşu torpaq sahələrinə hansı əsaslarla çıxarışlar verilmişdir? AR Ali Məhkəməsinin analoji işlər üzrə qəbul etmiş qərarlarında da (## #### 2025-ci il tarixli 2(102)-809/2025) oxşar mövqe sərgilənmiş, sonda şirkətin iddia tələbi təmin edilməmişdir. Bundan başqa onun eşitmə qabiliyyəti ciddi şəkildə məhdudlaşmışdır, həyat yoldaşı isə bir gözünü tamamilə itirmiş, digər gözünün görmə qabiliyyəti cəmi 4%-dir. Bu vəziyyət onların ailəsini sosial baxımdan həssas və ağır tibbi vəziyyətdə olduğunu göstərir. Evləri yerləşən bu torpaq sahəsi onlar üçün yeganə təhlükəsiz sığınacaqdır. Onun geri alınması və tikilinin sökülməsi ailənin həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradacaq.

6. * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə baxış keçirilməsi üçün şirkətin nümayəndəsi ilə birgə ünvanda olmuşlar, vizual olaraq baxış keçirildi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədi. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). Sahədən təqribən 77.0-125.0 metr məsafədə fəaliyyətsiz və 75,0 metr məsafədə isə fəaliyyətdə olan neft quyuları mövcuddur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2025-ci il tarixli, **/*** saylı ekspert rəyində ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə istinad olunmuş və eyniməzmunlu rəy verilmişdir.

8. Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim – İ.Əliyev) iddia təmin edilərək, xxxxin şirkətin saziş ərazisi hüdudları daxilində * saylı mədənin 1 ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin xxxxin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması, qətnamənin özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin xxxxin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili iddiaçının kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı ***-IIQD saylı ##.##.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli, *** saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur.

10. Məhkəmə yuxarıda qeyd olunan *** saylı Qanunun 4 və 5-ci maddələrinə istinadla vurğulamışdır ki, Saziş qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və istər ## ### 2005-ci il tarixindən əvvəl, istərsə də bundan sonra Kontrakt sahəsi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmetini təşkil edilən və xxxxin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, bu səbəbdən də iddia əsaslıdır.

12. Bununla belə özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır.

13. Avropa Məhkəməsinin istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

14. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və xxxxin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir.

15. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, xxxxin faktiki sahibliyində olan fərdi yaşayış evinin yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Sadəcə həmin evin yerləşdiyi torpaq sahəsi şirkətin saziş ərazisi hüdudlarında yerləşir. Göründüyü kimi tikilinin sökülməsi və xxxxin çıxarılmasının təcililiyi ilə bağlı hal yoxdur. Bu səbəbdən də qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

16. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan xxxx aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə, Saziş və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış və ## ### 2005-ci il tarixindən qüvvəyə minmiş *** saylı Qanununun 4 və 5-ci maddələrinə, “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına, MPM-in 14.2, 77.1, 217.4 və 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. xxxx qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddiaya tələbinə qarşı etiraz ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, sosial müavinət məbləği ilə yaşamını təmin edən, sağlamlıq imkanları məhdud olan (bir qulağı tamamilə eşitmə qabiliyyətini itirmişdir, pensiya alan ərinin isə bir gözü tamamilə görmür, digər gözünün görmə qabiliyyəti isə sadəcə 4%-dir) vətəndaşın vaxtilə pulunu ödəyərək qanuni əsaslarla əldə etdiyi torpaq sahəsindən çıxarılması, tikilinin sökülməsi və hətta kompensasiya tələbinin istisna edilməsi insan hüquqlarının pozuntusu deyildirmi? Həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çağırılması və ya qüvvədən düşməsi halı mövcud deyildir. Eyni hüquqi və faktiki şərtlərə malik qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə, qısa zamanda müvafiq reyestr xidmətinə torpaq sahəsi və onun üzərindəki tikili üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət edəcək. Işin baxılması zamanı məhkəmə iclaslarında iştirak etdiyi zaman torpaq sahəsinə iştirakı ilə baxış keçiriləcəyi və müvafiq rəy veriləcəyi bildirilsə də, daha sonra torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı heç bir bildiriş göndərilməmişdir. Daha sonra ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məlumatlı olmuşdur. Məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, xxxxin faktiki sahibliyində olan fərdi yaşayış evinin yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Göründüyü kimi işin araşdırılması ilə bağlı bir çox ziddiyyətli məqamlar mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, eyni hüquqi və faktiki şərtlərə malik qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı müvafiq çıxarışları təqdim edə bilmədiyini, məhkəmənin müvafiq reyestr xidmətinə sorğu ünvanlayaraq sözügedən çıxarışları və çıxarışların verilməsinə əsas olmuş sənədləri əldə etməsini xahiş etsə də, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, müvafiq çıxarışların əldə edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyasına vəsatət verərək mübahisəli torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların əldə edilməsini xahiş etmişdir. Vəsatətin iş üçün əhəmiyyəti ondan ibarətdir ki, necə olur qonşu torpaq sahələri üzərində xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınır, amma bələdiyyədən qanuni yollarla pulunu ödəyərək əldə etdiyi, ona məxsus torpaq sahəsi saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir? Təbii ki, bu hal fiziki olaraq mümkün deyildir. Bu halda vətəndaşların bərabərlik hüququ təmin edilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə xxxx tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir (hakimlər: A.Imanov – sədrlik edən və məruzəçi, A.Isgəndərov və S.Səlimova).

21. Məhkəmə kollegiyası X4 ## ###### 2009-cu il tarixli, *** saylı qərarına istinadla qeyd etmişdir ki, torpaq sahəsi üzərində xxxxin inşa etdiyi tikilidən onun istifadə etməsinin legitimliyi tanınıb.

22. Kollegiya onu da qeyd etmişdir ki, iş materiallarında olan inzibati məhkəmələrin qərardadlarından da göründüyü kimi xxxxin adına verilmiş X4 qərarının etibarsız hesab olunması ilə bağlı məhkəmə aktı mövcud deyildir. Bələdiyyə tərəfindən verilmiş yuxarıda qeyd edilən qərar qüvvədə olduğu halda, mübahisəli tikilinin sökülməsi barədə tələbin qanuni əsası yoxdur.

23. Kollegiya vurğulamışdır ki, fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi xxxxin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, xxxxə mübahisəli torpaq sahəsindən sahiblik və ondan istifadə hüquqları ##.##.2009-ci il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən xxxxin ailə üzvlərinə, eləcə də xxxxin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər.

24. Avropa Insan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə ## ######## 2007-ci il tarixli qərarında ərizəçinin hüququ mülkiyyətçinin hüququna bərabər qiymətləndirilmişdir. Odur ki, xxxxin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada təsbit edilmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, xxxxin mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili üzərində sahiblik hüquqları qanuni əsaslarla mövcud olduğundan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanuni və əsaslı deyil.

26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 6.2, 139.1, 139-1.1, 152.2, 180, 181.4, Torpaq Məcəlləsinin 4.3, 22.2, 49.1, 50, 55, 66.1, MPM-in 14.2 və 77.1-ci maddələrinə, eləcə də Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə ## ##### 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a)Kassasiya şikayətinin dəlilləri

27. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6 və Torpaq Məcəlləsinin 46-cı maddələri üzrə - qeyd olunan qanunvericilik normalarına əsasən dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı təsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətində olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kobud pozuntuya yol verməklə xxxxin qanunsuz inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin xxxxə məxsus olması qənaətinə gəlmişdir.

29. Mülki Məcəllənin 180-ci maddəsi üzrə - xxxxin mübahisəli torpaq sahəsində özbaşına tikili inşa etməsi şirkətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi xxxxin bu qanunsuz hərəkətinə göz yumaraq şirkətin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bundan başqa, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin göstərilən normalarının tələblərini də kobud surətdə pozmaqla, xxxxin qanunsuz inşa etdiyi tikiliyə qanuni don geydirməklə həmin tikilini özbaşına tikili hesab etməmiş və bununla da şirkətin qanuni iddia tələbinin təmin edilməməsi qənaətinə gəmişdir.

30. ## ##### 2005-ci il tarixli, *** saylı Qanunun 4 və 5-ci maddələri üzrə - iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən maddələrin tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

31. Torpaq Məcəlləsinin 66, 67 və Mülki Məcəllənin 178.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu normalarına da əhəmiyyət verməmiş, xxxxin mübahisəli torpaq sahəsinə dair hüququ dövlət reyestrində dövlət qeydiyyatına alınmadan, çıxarışı rəsmiləşdirilmədən, məhkəmə dolayısı ilə xxxxin həmin torpağa dair hüququnu tanımışdır.

32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2004-cü il tarixli qərarı üzrə - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir.

33. Iddiaçı şikayətin digər məsələlər bölməsində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən yuxarıda sadalanan maddi hüquq normalarını pozmaqla yanaşı, şirkətə qarşı qərəzli mövqe nümayiş etdirərək, ilk öncə Mülki Məcəllənin tələblərinə, daha sonra isə iddiaçı tərəfindən təqdim edilən sübutlara, iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəylərinə, habelə, torpaq sahəsinin təyinatına, ümumiyyətlə, xxxxin torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə dair hər hansı hüququnun mövcud olub-olmamasına, eləcə də bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasına, xxxx tərəfindən özbaşına tikilinin inşa edilməsi ilə iddiaçıya dövlət tərəfindən verilmiş, hüquq, təminat və öhdəliklərin pozulmasına əhəmiyyət verməmiş, bir sözlə şirkətin xeyrinə olan bütün dəlillərə hüquqi qiymət vermədən, xxxxin qanunsuz və hüquq pozan əməllərinə hüquqi don geyindirən əsassız qətnamə qəbul etmişdir.

34. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir.

35. Bundan başqa, mübahisəli özbaşına tikili inşa edilərkən inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinatları və ya neft quyusunun mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, xxxxin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar xxxxin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə məhkəmə tərəfindən qiymətləndirilməmişdir.

36. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il ## ###### tarixi ****- VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Sərəncamına əsasən ## #### 2020-ci il tarixdən qüvvəyə minmiş Qanunun tələblərinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təmin edilməsini nəzərdə tutur.

37. Ali Məhkəmənin ## ###### 2015-ci il tarixli *-*(***)-****/** nömrəli qərarı ilə (hakimlər: N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, R.Nəbizadə və İ.Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və şirkətin Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı (X3 üçüncü şəxs olmaqla) “Binəqədi rayon Icra Hakimiyyətinin X3 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair **** saylı, ## ###### 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır.

38. Kollegiya öz qərarında qeyd etmişdir ki, Saziş qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2001-ci il tarixdə qəbul edilmiş sərəncamı artıq öz qüvvəsini ##.##.2005-ci il tarixdən itirmişdir.

39. Belə ki, şirkətin analoji iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarında yuxarıda sadalanan eyni əsasları göstərməklə yanaşı, həmçinin oxşar yanaşma ilə Insan hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarlarına da istinad etmişdir.

40. Şirkət Dövlət tərəfindən ona verilmiş hüquq və təminatlar əsasında mübahisəli torpaq sahəsində kontrakt müddəti ərzində istənilən vaxt neft-qaz əməliyyatlarını həyata keçirə bilər. Lakin xxxxin qeyri-qanuni özbaşına tikili inşa etməsi və bu tikilidə yaşaması Şirkətin yuxarıda göstərilən hüquq və təminatlarını pozur, dövlət qarşısında üzərinə götürdüyü öhdəliklərinin məhdudlaşdırılmasına məruz qalır

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

44. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

49. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmalıdır.

53. Belə ki, Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

54. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“xxxx”), X1 Bi.Vi və xxxx-ın Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış və ## ### 2005-ci il tarixindən qüvvəyə minmiş *** saylı Qanunun 4 və 5-ci maddələrinə görə bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı, Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunları, fərmanları, yaxud inzibati sərəncamları (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür Başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

55. Iddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, irəli sürdüyü iddianın faktiki halları MM-in 180.4-cü maddəsinin dispozisiya şərtləri ilə uyğunluq təşkil edir. Lakin apellyasiya məhkəməsi yuxarıda göstərilən əsaslarla iddianı təmin etməmişdir (§ 21-25).

56. Məhkəmə kollegiyası iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

57. MPM-in 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

58. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi üçün iddia təmin edilməli idi.

59. Bundan başqa məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin §23-də qeyd edilmiş mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə ## ####### 2018-ci il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. Ikincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”;

60. Avropa Məhkəməsi Kosenkonun şikayəti üzrə digər qərarında göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

61. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır.

62. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, belə bir yoxlama olmadan köçürülmə qərarının icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağı qənaətinə gəlmişdir.

63. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

64. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və xxxxin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə MPM-in 220.6ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qərarın icrası müddəti müəyyənləşdirilməlidir.

65. Bu halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məqam birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı tərəflə müzakirə edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, xxxxin faktiki sahibliyində olan fərdi yaşayış evinin yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Sadəcə həmin evin yerləşdiyi torpaq sahəsi şirkətin saziş ərazisi hüdudlarında yerləşir.

66. Göründüyü kimi aşağı instansiya məhkəməsindəki icraat zamanı tikilinin sökülməsi və xxxxin çıxarılmasının təcililiyi ilə bağlı halın olmaması müəyyənləşdirilmişdir. Bu səbəbdən də hazırkı qərar həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

67. Qeyd olunanları və MPM-in 417.1.4, 417.2, 418.2, 386-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

68. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilsin. xxxx xxxx şirkətin saziş ərazisi hüdudları daxilində * saylı mədənin 1-ci sahəsində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1578 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili xxxxin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçı İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qərar özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin xxxxin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlanıldığı zaman icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar