Məhkəmə qərarları › İş №2(3-9)-881/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-881/2026

08.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-881/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu, Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə1, cavabdeh Dadaşov Afəddin Sabir oğlunun, cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə2 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-*/**** saylı qətnaməsindən Dadaşov Afəddin Sabir oğlu və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, Dadaşov Afəddin Sabir oğluna, cavabdeh1, cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının ## #### 1997-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 0.83 hektar torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin - evin, hasarın və darvazanın cavabdehlərin hesabına sökülməsini, zəbt olunmuş həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## #### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə ## ###### 1999-cu ildə 0.83 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı vardır (JN 1019 Kod 80503016). Torpaq sahəsi Boradigah qəsəbə sakinləri cavabdeh4, Dadaşov Afəddin Sabir oğlu, cavabdeh1 və cavabdeh2 və başqaları müxtəlif ölçülərdə onun torpaq sahəsini zəbt etmişlər. Cavabdehlər həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan idarələr tərəfindən təbii qaz və elektrik enerjisi (işıq) çəkilmiş, idarələr bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Hətta cavabdeh4 onunla qonşuluqda olan torpağını alıb özünə ev tikmişdir. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan torpaq sahəsinin ortası ilə apararaq evinə yol, qaz və işıq çəkmişdir. Onların torpağının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq sayğacı, qaz sayğacı onun orpağında basdırılmış dirəklərdən asılmışdır. Onların torpağında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri qeyd etdiyi cavabdeh4 tikdirdiyi şəxsi evinə, digər qaz xətti isə cavabdeh2 onun torpağında tikdirdiyi şəxsi evinə gedir. Onlara dövlət tərəfindən verilmiş 0.83 ha torpaqdan indiyə kimi istifadə edə bilmirlər. Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş Dadaşov Afəddin Sabir oğlunun tərəfindən faktiki istifadə edildiyi 0,16 hektar sahəsindən, cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,07 hektar sahəsindən çıxarılmaları, JN-1019 kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin 0,11 ha sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasarın cavabdeh2 tərəfindən öz hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməsi, iddianın cavabdeh4 qarşı təmin edilməməsi, Dadaşov Afəddin Sabir oğlundan, cavabdeh1, cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 manat və 100 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manatın X13 xeyrinə tutulması, Dadaşov Afəddin Sabir oğlundan, cavabdeh1, cavabdeh2 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Cəlilabad Ərazi idarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və 95 manat olmaqla, cəmi 190 manat məbləğdə pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş rəylərdən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün nəzərdə tutulmuş və mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilir. İddiaçıya məxsus mübahisəli torpaq sahəsi digər şəxsin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 29-cu maddəsinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndinə, Mülki Məcəllənin 6, 152.1, 157.2, 170.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 101.7, 77.1, 14.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Dadaşov Afəddin Sabir oğlu qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Torpaq sahəsi ona Telman adına sovxoz tərəfindən 1992-ci ildə torpaq sahəsi ayrılmışdır. Həmin sənədlər ilkin hüquq müəyyənedici sənədlərdir və iddiaçının sənədi sonradan alınmışdır. Belə olan halda, sənədi etibarlıdır. Çünki həmin torpaq iddiaçıdan əvvəl onun istifadəsində olmuşdur. O uzun illərdir ki, həmin torpaq sahəsini istifadə edir və iddiaçının yox, öz torpağını istifadə edir. Həmçinin onun torpağı yaşayış məntəqələri üçün nəzərdə tutulmuş, iddiaçının tələb etdiyi torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır və onların üstüstə düşməsi mümkün deyildir. İddiaçının sənədi əslində qəsəbənin başqa yerində olmalıdır, çünki iddiaçı faktiki istifadə etmədiyi əraziyə elektron xəritədə işlənə bilməzdi. Hazırda bütün xəritələr elektron informasiya sisteminə uyğun işlənmişdir və həmin xəritələrdə faktiki istifadə vəziyyətinə uyğun olmalıdır. Lakin iddiaçı iddia etdiyi torpaqları heç vaxt istifadə etməmişdir. 1992-ci ildən həmin torpaqlar onların istifadəsindədir. Artıq 30 ildən çoxdur ki, həmin torpaqları istifadə edir və artıq mülkiyyət hüququ yaranmışdır. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmişdir. Məhkəmə təkrar ekspertiza təyin etməli olduğu halda etməmişdir. cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının torpağını zəbt etməmişdir, ümumiyyətlə Rusiyada yaşayır, Azərbaycanda torpaq zəbt etməyi mümkün deyildir və ekspert yanlış rəy vermişdir. Ona Telman adına sovxoz tərəfindən 1992-ci ildə torpaq sahəsi ayrılmışdır. Həmin sənədlər ilkin hüquq müəyyənedici sənədlərdir və iddiaçının sənədi sonradan alınmışdır. Həmin torpaq iddiaçıdan əvvəl onun istifadəsində olmuşdur. İddiaçının sənədi əslində qəsəbənin başqa yerində olmalıdır, çünki iddiaçı faktiki istifadə etmədiyi əraziyə elektron xəritədə işlənə bilməzdi. Hazırda bütün xəritələr elektron informasiya sisteminə uyğun işlənmişdir və həmin xəritələrdə faktiki istifadə vəziyyətinə uyğun olmalıdır. Lakin iddiaçı iddia etdiyi torpaqları heç vaxt istifadə etməmişdir. 30 ildən çoxdur ki, həmin torpaqları istifadə edir və artıq mülkiyyət hüququ yaranmışdır. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən Dadaşov Afəddin Sabir oğlu və cavabdeh1 münasibətdə iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin olunması, JN-1019 kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş Dadaşov Afəddin Sabir oğlu tərəfindən faktiki istifadə edildiyi 0,1021 hektar sahəsindən, cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,1369 hektar sahəsindən çıxarılması, iddia tələbinin Dadaşov Afəddin Sabir oğlu və cavabdeh1 münasibətdə qalan hissədə rədd edilməsi qət edilmişdir. cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, onun cavabdeh1 münasibətdə ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Dadaşov Afəddin Sabir oğlu kassasiya şikayəti verərək, qətnamənin Dadaşov Afəddin Sabir oğluna münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə kassasiya şikayətləri təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Dadaşov Afəddin Sabir oğlunun iddiaçıya məxsus 0,16 hektar sahədən, cavabdeh1 0,07 hektar sahədən olmaqla, ümumilikdə bu cavabdehlərin zəbt edilmiş 0,23 ha sahədən çıxarılmaları hissəsində təmin edilmişdir. Kollegiya göstərilənlərə əsasən hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər tərəfindən mübahisələndirilən hissəsi üzrə yeni qətnamə qəbul edərək Dadaşov Afəddin Sabir oğlunun 0,1021 hektar, cavabdeh1 0,1369 hektar (birinci instansiya məhkəməsinin qət etdiyi sahədən daha artıq) olmaqla, ümumilikdə isə 0,2390 hektar sahədən çıxarılmalarını qət edərək faktiki olaraq iddianın rədd olunduğu hissədə də tələbi qismən təmin etmiş, bununla da apellyasiya baxışının hədlərindən kənara çıxmış, dispozitivlik və çəkişmə prinsipi pozulmuşdur. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmiş, onun şikayətə əlavə etdiyi, torpaq sahəsi üzərində hüquqları ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübutların apellyasiya mərhələsində qəbul edilməsinin mümkünlüyü MPM-in 372.2-ci, 380-ci maddələrinin tələblərinə uyğun araşdırılmamış məhkəmə iclas protokollarında yeni sübutların qəbul edilib-edilmədiyinə dair məhkəmənin qərarı öz əksini tapmamışdır. Halbuki, Bağırov şikayətində qeyd edilən sübutlara əsaslanaraq torpaq sahəsinin özbaşına zəbt edilmədiyini, 1992-ci ildə Telman adına sovxoz tərəfindən ona ayrıldığını və həmin vaxtdan torpağa sahiblik etdiyini qeyd etdiyindən məhkəmə apellyasiya şikayətinin bu dəlillərinə münasibət bildirməli idi. Dadaşov Afəddin Sabir oğlu sonuncu məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi 32 ildir ki, faktiki istifadə və sahibliyində olmuşdur. Həmin torpaq sahəsini uzun illər ərzində özü əkib-becərmiş və təsərrüfat məqsədilə istifadə etmişdir. Hazırda maddi imkanının olmaması səbəbindən torpaq sahəsini əkib-becərmək imkanı yoxdur və torpaq sahəsi müvəqqəti olaraq boş qalmışdır. cavabdeh1 nümayəndəsi nümayəndə2 sonuncu məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh1 arvadıdır. Dadaşov Afəddin Sabir oğlu ilə aralarında heç bir qohumluq münasibəti yoxdur, qonşudurlar. İddiaçı iddia edir ki, mübahisə predmeti olan torpaq sahəsini hər il təmizlətdirir. Lakin hazırda həmin torpaq sahəsinin faktiki vəziyyəti bu iddianı təsdiq etmir. Belə ki, torpaq sahəsi hazırda kol-kos basmış vəziyyətdədir və uzun müddətdir ki, becərilmir. 1992-ci ildə həmin torpaq sahəsini əldə etmişlər. Torpaq sahəsinin əldə edilməsini təsdiq edən sənədləri məhkəmə işinin materiallarına əlavə etmişlər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasında izahat verərək bildirdi ki, 1987-ci ildə ona və ailəsinə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda mübahisə predmeti olan torpaq sahəsindən təxminən 500 metr məsafədə yerləşir. Sovxozun fəaliyyət göstərdiyi dövrdən etibarən həmin torpaq sahəsində yaşayış evi tikərək istifadə etmişdir. Torpaq sahəsi ayrılarkən tərtib edilmiş sənədlərdə həmin ərazi ilə qonşuluqda yerləşən torpaq sahələrinin sahiblərinin adları da göstərilmişdir. Bu hallar həmin dövrdə torpaq sahələrinin kimlərin istifadəsində olduğunu müəyyən etməyə imkan verir. Qarşı tərəf torpaq sahəsini 1992-ci ildə əldə etdiyini iddia edir. Lakin bu iddia faktiki hallarla uyğunluq təşkil etmir. Belə ki, 1992-ci ildə sovxoz hələ ləğv edilməmişdi və hazırda mübahisə predmeti olan ərazi həmin dövrdə çay sahəsi kimi istifadə olunurdu. 1994-cü ildə sovxozlar ləğv edildikdən sonra islahat komissiyası yaradılmış və həmin komissiyanın fəaliyyəti çərçivəsində müxtəlif torpaq sahələri ailə təsərrüfatlarının istifadəsinə verilmişdir. Daha sonra, 1997-ci ildə qəbul edilmiş qərarla həmin tarixədək fermer və ailə təsərrüfatlarının istifadəsinə verilmiş torpaqların ləğv edilərək paybəlli torpaq formasında bölüşdürülməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, 2019-2021-ci illərdə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı məhkəmə qərarları qəbul edilmiş və ona məxsus torpaq sahəsini zəbt edən şəxslər barəsində müvafiq tədbirlər görülmüş, o cümlədən onların cərimə olunması barədə qərar qəbul edilmişdir. Həmin məhkəmə araşdırmaları zamanı ekspertlər tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin faktiki vəziyyəti yoxlanılmış və ölçüləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi əvvəlcə Fətullayev Qafil tərəfindən istifadə edilmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsindən Fətullayev Rəşid istifadə etməyə başlamışdır. Fətullayev Rəşid həmin torpaq sahəsində tikinti işləri aparmaq və bina inşa etmək istədikdə, buna etiraz etmiş və tikinti işlərinin aparılmasına imkan verməmişdir. Bununla əlaqədar icra hakimiyyəti və polisə orqanına müraciət etmiş, nəticədə tikinti işləri dayandırılmışdır. Sonradan məhkəmə qərarı qəbul edildikdən sonra həmin ərazidə qanunsuz inşa edilmiş tikilinin sökülməsini təmin etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, həmçinin həmin əraziyə dair mövcud sənədləri, əvvəlki məhkəmə qərarlarını və ekspertiza nəticələrini nəzərə alaraq, iş üzrə bütün sübutların hərtərəfli və obyektiv araşdırılmasını və qanunvericiliyin tələblərinə uyğun ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi nümayəndə1 həmin məhkəmə iclasında izahat verərək bildirdi ki, babası İddiaçı yuxarıda qeyd etdiyi izahat və mövqeyi ilə razıdır. Onun bildirdiklərinə hər hansı əlavə və ya etirazı yoxdur. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN-1019 kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Masallı Rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı, X6, X4, X2, X3, X1 və Əsgərov İsmayıl Mübariz oğluna 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi idarəsinin ##.##.2023-cü il tarixli 3-21-3-##/# ****/**** saylı mütəxəssis rəyinə əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Boradigah qəsəbəsi ərazisində JN **** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına görə mübahisələndirilən **** nömrəli 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 hektaradək hissəsinin cavabdeh1, 0,16 hektaradək hissəsinin Dadaşov Afəddin Sabir oğlu, 0,11 hektaradək hissəsinin cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. cavabdeh4 faktiki istifadəsində olan ərazinin **** nömrəli 0,83 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Cəlilabad Ərazi idarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Fuad Mirzəyevin tərtib etdiyi ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin hüdudları daxilində cavabdeh4 məxsus sanitar qovşaq, cavabdeh2 məxsus fərdi yaşayış mövcuddur. Rəyə əlavə edilmiş yerquruluşu planında həmin tikililər göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya nömrəli pay torpaq sahəsi mübahisəli ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planına əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemində JN- 1019 kodu ******** nömrəli torpaq sahəsinə dair dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinə verilmiş 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüləri, cizgiləri və döngə nöqtələrinin koordinatları dəqiq şəkildə müəyyən edilmiş və rəyə əlavə edilmiş plan üzərində əks etdirilmişdir. Bununla yanaşı, həmin mütəxəssis rəyində Dadaşov Afəddin Sabir oğlu və cavabdeh1 da daxil olmaqla, digər şəxslərin faktiki istifadəsində olan torpaq sahələrinin ayrıayrılıqda ölçüləri müəyyən edilmiş, onların yerləşmə vəziyyəti sxem üzrə göstərilmişdir. Belə ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsasən Dadaşov Afəddin Sabir oğlunun faktiki həyətyanı sahə kimi istifadə etdiyi 0,1021 hektar, cavabdeh1 faktiki həyətyanı sahə kimi istifadə etdiyi 0,1369 hektar torpaq sahələrinin İddiaçı JN-**** nömrəli dövlət aktı ilə məxsus 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, yəni həmin sahələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal rəsmi kadastr məlumatları və yerquruluşu planı ilə təsdiqlənmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Habelə diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipinə görə müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 47.2-ci və 47.3-cü maddəsinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və “AZCAD”a inteqrasiya edilmişdir. Məhkəmə tərkibi ilk öncə qeyd edir ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi Dadaşov Afəddin Sabir oğlunun iddiaçı İddiaçı məxsus 0,16 hektar sahədən, cavabdeh1 isə 0,07 hektar sahədən çıxarılmaları hissədə təmin edilmişdir. Həmin qətnamə cavabdeh1 0,07 hektar torpaq sahəsindən çıxarılması hissədə dəyişdirilməməlidir. Belə ki, şəxs apellyasiya şikayəti verdiyi halda, müvafiq ekspert rəyinə rəğmən dispozitivlik prinsipinə zidd olaraq onun ziyanına qərarın qəbul edilməsi yolverilməzdir. Digər halda, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planına əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-1019 kodu ******** nömrəli Torpaq sahəsinə dair Dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinə verilmiş 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüləri, cizgiləri və döngə nöqtələrinin koordinatları dəqiq şəkildə müəyyən edilmiş və Dadaşov Afəddin Sabir oğlunun faktiki həyətyanı sahə kimi istifadə etdiyi 0,1021 hektar torpaq sahəsinin İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, yəni həmin sahələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir (eyni zamanda birinci apellyasiya icraatı zamanı həmin ekspert rəyi əsasında Dadaşov Afəddin Sabir oğlunun 0,1021 hektar sahədən çıxarılması qət olunmuşdur). Bununla da, hazırda mübahisələndirilən birinci instansiya məhkəməsinin ## ###### 2024cü il tarixli qətnaməsi JN-1019 kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş Dadaşov Afəddin Sabir oğlunun tərəfindən faktiki istifadə edildiyi 0,16 hektar sahəsindən çıxarılması hissədə dəyişdirilərək onun 0,1021 hektar sahədən çıxarılması qərara alınmalıdır. Qətnamənin qalan hissələrdə dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə tərkibi bundan başqa cavabdeh1 tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş sənədlər (arxiv çıxarışları və s.) üzrə diqqətə çatdırır ki, adıçəkilən sənədlər kserosurət olmaqla yalnız apellyasiya şikayətinə əlavə olaraq təqdim edilmiş və şikayətdə onların birinci instansiya məhkəməsində isə təqdim edilməməsinin üzrlü səbəbləri əsaslandırılmamışdır. İşdən də göründüyü kimi, tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən də görünür ki, tərəflər birinci instansiya məhkəməsində keçirilmiş iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir (iş m. 1-ci cild səh. 166-169). Yuxarıda göstərilənlər baxımından qeyd edilir ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, MPM-in 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Qanunvericiliyə nəzər saldıqda, qeyd edilən məhdudiyyətin məhz adıçəkilən Məcəllənin 372-ci maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərindən irəli gəldiyi açıq-aydın müəyyən edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi idarəsinin ## #### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti cavabdeh1 və Dadaşov Afəddin Sabir oğlu tərəfindən müştərək qaydada alınaraq İddiaçı ödənilməli, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları şikayətçilərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya tərkiblərinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya tərkiblərinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Dadaşov Afəddin Sabir oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi Torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-1019, kod 80503016) əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş Dadaşov Afəddin Sabir oğlunun tərəfindən faktiki istifadə edildiyi 0,16 hektar sahəsindən çıxarılması hissədə dəyişdirilərək Dadaşov Afəddin Sabir oğlu 0,1021 hektar sahədən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi idarəsinin ## #### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti cavabdeh1 və Dadaşov Afəddin Sabir oğlu tərəfindən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar