Məhkəmə qərarları › İş №2(1-8)-1413/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1413/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1413/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı nın cavabdeh Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı və Cavabdeh ## ###### 2000-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından ## ###### 2000-ci il təvəllüdlü X2 və ## ##### 2007-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşlar.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.

3. Tərəflər birgə nikahları dövründə, 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, XXX qəsəbəsi, Yeni yaşayış massivi, XXX küçəsində özbaşına tikili olan fərdi yaşayış evini inşa etmişlər.

4. Iddiaçı həmin evdə istifadə olunan suya və elektrik enerjisinə görə “xxxx” ASC-də, həm də “xxxx” ASC-də abonent kimi qeydiyyata alınmışdır.

5. Tərəflərin münasibətləri pozulandan sonra Iddiaçı övladları ilə birlikdə həmin evdən çıxarılmışlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının iki övladı X2 və X1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, XXX qəsəbəsi, Yeni yaşayış massivi, XXX küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və * saylı mediasiya təşkilatına onun tərəfindən ödənilən 61 manat rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ailə həyatı qurduqdan sonra 2006-cı il tarixdə mübahisəli evi tikərək, övladları ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışlar. Cavabdehlə birlikdə evdə yaşamaqla birgə təsərrüfat aparmışlar, iddiaçının anası tərəfindən evin tikilməsində maddi cəhətdən cavabdehə yardım edilmişdir. Həmin mənzil özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. Cavabdehlə ailə qurduğu vaxtlardan daim stress və əsəb içində olmuşdur. Bu da onların münasibətlərinin kəskinləşməsinə gətirib çıxartmışdır. Cavabdehlə arasında olan mübahisələrə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsinə əsasən nikahı pozulmuşdur. Cavabdeh onu övladları ilə birlikdə bir neçə dəfə evdən qovmuşdur. Sonuncu dəfə ## ###### 2022-ci il tarixdə iki övladı ilə birlikdə onları evdən qovmuşdur. Iddiaçı əməliyyat olduqdan sonra cavabdeh onları evə buraxmadı. Belə ki, cavabdehin iddiaçını və övladlarını qovduqan sonra, onlar iddiaçının anasının evində qalmağa məcbur olmuşlar. Onun başqa yaşayış ünvanı yoxdur. Həmçinin ona məxsus olan cehiz əşyaları mübahisəli evdədir. O, dəfələrlə azyaşlı övladı ilə birlikdə cehiz əmlaklarının olduğu evə qayıtmaq istəsə də, cavabdeh onu və övladlarını evə buraxmaqdan imtina etmişdir. Sabunçu rayon XXX Bələdiyyəsinin ## #### 2024-cü il tarixli arayışından görünmüşdür ki, iddiaçı XXX bələdiyyəsinə vergi ödəyicisidir. “xxxx” ASC-nin bildirişindən görünmüşdür ki, işıq sayğacı onun adınadır.

8. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, uşaqları ilə yola getmirdi, ona qarşı hörmətsizlik edilirdi. Ev 2006-cı il tarixdə tikilmişdir. Evin yerləşdiyi torpaq sahəsini, o, öz vəsaiti hesabına almış və evin tikintisində iddiaçının atası və anasının çox az yardımı olmuşdur.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin edilərək, iddiaçı Iddiaçı nın övladı ## ##### 2007-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, XXX qəsəbəsi, Yeni yaşayış massivi, XXX küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər birgə nikaha daxil olduqları dövrdə 2006-cı ildə hazırkı mübahisəli evi tikərək həmin evdə yaşamağa başlamışdırlar. Tərəflərin vermiş olduğu izahatlardan görünmüşdür ki, evin tikintisinə sərf olunmuş məbləğ tərəflərin birgə nikah dövründə əldə edilmişdir.

11. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının köçmək istədiyi ev özbaşına tikili olsa belə, həmin özbaşına tikilinin tikilməsinə sərf olunmuş məbləğ tərəflərin birgə nikah dövründə əldə edilmiş olduğundan iddiaçı həmin mənzilə köçürülməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma xarakterinə görə qadağanedici norma, tətbiq edilən subyektlərin dairəsinə görə isə ümumi normadır. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən ilk növbədə 3 məsələ aydınlaşdırılmalıdır. 1. Şəxs köçmək istədiyi yerdə yaşayıbmı.

2. Şəxs yaşadığı yerdən məhrum edilibmi. 3. Məhrumetmə qanunidirmi. Hazırkı mülki işdə 1-ci və 2-ci hallar mövcuddur, ona görə də hazırda 3-cü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur.

13. Beləliklə, cavabdeh yuxarıda qeyd edilən qadağanedici normaları pozmuş, pozuntunun nəticələri hal-hazırda da davam etməkdədir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.

14. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə maneə ola bilməz. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikilidə yaşamalarını və oradan istifadə etmələrini qadağan edən norma yoxdur.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evə köçməsi uşağının da köçməsinə əsas yaradacaqdır. Çünki yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeridir.

16. Iddiaçının digər oğlu ## ###### 2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatdığından o, özü müstəqil formada iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcəyindən onun evə köçürülməsi hissəsində iddia təmin olunmamalıdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27, 225-ci, Ailə Məcəlləsinin 32-ci, Mənzil Məcəlləsinin (## ####### 2009-cu il tarixinə qədər qüvvədə olan) 53-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, iddia tələbinin əsası kimi göstərdiyi halları sübuta yetirə bilməmiş, lakin işə baxmış birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, ev cavabdeh ilə iddiaçının vəsaiti hesabına deyil, cavabdehin atasının vəsaiti hesabına inşa edilmişdir. Evə aid elektrik sayğacının iddiaçının adına olması və bələdiyyədə evə görə vergi ödəyicisi kimi iddiaçının adının qeyd olunması iddiaçının həmin ev üzərində əmlak hüququnu yaratmır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin bildirdiyi hal, yəni “mübahisəli evin onun atası tərəfindən inşa edilməsi” haqqında ifadə məhkəmə tərəfindən yeni sübut, yəni üzrlü səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübut kimi qiymətləndirilməli və qəbul edilməməlidir.

22. Digər tərəfdən, məhkəmə mübahisəli evin iş üzrə tərəflərin birgə nikahları dövründə - 2006-cı ildə inşa edilməsi halı işin mübahisəsiz halını təşkil etdiyindən və cavabdehin həmin evin onun şəxsi vəsaiti hesabına inşa edilməsi halını sübuta yetirə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, işin mübahisəsiz halı kimi qəbul edilməlidir ki, ev iş üzrə tərəflərin birgə vəsaiti hesabına inşa edilmişdir.

23. Bunları nəzərə alan apellyasiya kollegiyası bildirmişdir ki, pul əmlakdır. Pulun hesabına hər hansı bir əmlakın əldə olunması (hazırkı halda: pul hesabına evin inşa edilməsi) əmlakın bir formadan digər formaya keçməsi deməkdir. Belə olan halda hesab edilməlidir ki, mübahisəli özbaşına tikilidən cavabdeh istifadə edə bildiyi qaydada iddiaçı da istifadə edə bilər.

24. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçının həmin ev üzərində əmlak hüququnun yaranmaması” haqqında dəlili əsassızdır.

25. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli olan özbaşına tikili iddiaçının və (rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman yetkinlik yaşına çatmamış) uşağın yaşayış yeri olmuş və cavabdeh onları həmin tikilidən qovmuşdur.

26. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə bildirmişdir ki, həmin norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir.

27. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

28. Işin hallarından müəyyən edilmişdir ki, cavabdehin mübahisəli ev üzərində yuxarıda qeyd edilən hüquqlardan yalnız bir hüququ, yəni mübahisəli özbaşına tikili olan evdən istifadə etmək hüququ var ki, bu hüquq yuxarıda artıq qeyd edildiyi kimi iddiaçıda da var. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh, yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı (rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman yetkinlik yaşına çatmamış) uşaqla birlikdə məhrum edildiyi tikiliyə köçürülməlidir.

29. Bununla yanaşı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının və uşağın həmin tikiliyə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda onların həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamənin mahiyyəti yaşayış yerindən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsindən ibarətdir.

30. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, işə baxmış rayon məhkəməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi heç bir dəlil əsaslı deyil və apellyasiya baxışının predmetini təşkil edən hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Mülki Məcəllənin 225-ci, Ailə Məcəllənin 32-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 5, 27, 180-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü, Mülki Prosessual Məcəllənin 81-ci maddələrinin tələbləri pozulmuşdur.

34. Belə ki, mübahisəli ev birgə nikah dövründə meydana gəlmiş olsa belə, həmin evin maddi dəyəri olmadığından və bu tikilidə nikah dövründə cavabdeh ilə iddiaçının yaşamağı iddiaçıya həmin tikiliyə hüququnun yaranmasına əsas vermədiyindən, himayəsində saxlanılan uşağı ilə birlikdə həmin ünvana köçürülməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Elektrik enerjisinə dair sayğacın iddiaçının adına quraşdırılması və vergi ödəyicisi kimi bələdiyyədə qeydiyyata alınması onun mübahisəli evə hər hansı bir hüququnun yaranmasına əsas vermir, qanunverici əmlaka vergi ödəyicisi kimi qeydiyyata alınmanın əsası kimi mülkiyyət, icarə və istifadə hüququnun mövcud olmasını vacib hesab edir. Həmçinin, iddiaçının yenidən evə qayıdıb orada yaşamaq istəməsi onun iddiasına uyğun gəlmir. Belə ki, iddiaçı evdən qovulduğunu bildirir, halbuki, evdən qovulma halının şiddətə məruz qalma nəticəsində meydana gələ biləcəyi nəzərə alınmış olsa, bu halda iddiaçının yenidən əvvəlki yaşayış sahəsinə qayıtmaq istəyinin olması onun iddiasının faktiki hallara uyğun gəlmədiyini göstərir. Iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, XXX qəsəbəsi, XXX küçəsi, ** nömrəli ev onun yaşayış yeri sayılır. Iddiaçının iddia etdiyi mübahisəli evin yerləşdiyi ünvan onun yaşayış yeri deyildir. Iddiaçı uzun müddətdir ki, evdən çıxıb getmiş və hazırda həmin evdə ona məxsus hər hansı bir əşya qalmamış və özünə başqa yaşayış yeri seçmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının mübahisəli evdə yaşamaq istəyi olmamışdır. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Iddiaçı evin anasının hesabına tikildiyini, həmin evdə ona məxsus əşyaların olduğunu, cavabdeh tərəfindən 2 il əvvəl qabaq qovulduğunu, vergi ödəyicisi olduğunu, elektrik enerjisinə dair sayğacın onun adına quraşdırıldığını bildirsə də, evin anasının hesabına tikildiyi, cavabdeh tərəfindən qovulduğu və evdə ona məxsus əşyaların olduğuna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.

35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

41. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinin özbaşına tikili olsa da, tərəflərin birgə təsərrüfat apardıqları zaman, ümumi səyləri nəticəsində və ümumi vəsaitləri hesabına inşa olunması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan haldır.

46. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəsi mövcuddur.

47. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər.

48. Daha sonra, kassasiya kollegiyası izah edir ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.

49. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların üçünün də mövcudluğu müəyyən olunmuşdur.

50. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.

51. Belə olan halda, Ali Qanunun 43-cü maddəsi mübahisəyə tətbiq edilməklə belə nəticəyə gəlmək olar ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin yaşayış sahəsində yaşadığı kimi, iddiaçının da orada yaşamaq hüququ vardır və cavabdehin buna qarşı etdiyi hərəkətlər qanunsuzdur.

52. Kassasiya şikayətinin digər dəlilləri əsassızdır. Belə ki, iddiaçının mübahisəli yaşayış sahəsində yaşamaq hüququ olduğu halda, onun nə vaxt bu yaşayış sahəsindən çıxarılması və hansı ünvanda pasport qeydiyyatında olması əhəmiyyət kəsb etmir.

53. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar