Məhkəmə qərarları › İş №2(1-8)-1428/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1428/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1428/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Publik Hüquqi Şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsinin ** nömrəli şəhər poliklinikasına qarşı (“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti vermək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, 2(3-6)- ***/**** nömrəli qərardadından mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Publik Hüquqi Şəxsin “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin ** nömrəli şəhər poliklinikasına, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2025-ci il tarixli, *** saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/****2.nömrəli qətnaməsi ilə (hakim L.Məmmədova) iddianın təmin edilməsi, iddiaçı Iddiaçı ilə cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ arasında bağlanmış ## ### 2025-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, “xxxx” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞnin ** nömrəli şəhər poliklinikasının *** nömrəli, ## ###### 2025-ci il tarixli xitam əmrinin ləğv edilməsi, iddiaçı Iddiaçı “xxxx” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın ** nömrəli şəhər poliklinikasında əvvəlki vəzifəsinə - Şüa diaqnostika şöbəsinin tibb bacısı vəzifəsinə bərpa edilməsi, “xxxx” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın ** nömrəli şəhər poliklinikası tərəfindən məcburi işburaxma müddəti üzrə ## ###### 2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq, iddiaçı Iddiaçı ödənilməsi, cavabdeh “xxxx” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın ** nömrəli şəhər poliklinikasından 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə şikayət mümkün hesab edilərək, icraata qəbul edilmişdir.

5. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmış, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirsə də, qəbul edilmiş qətnamənin onun hansı hüquq və mənafelərinə toxunduğunu qeyd etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaya cavab verən şəxs cavabdeh olan və iddiaçı ilə əmək müqaviləsi bağlayan ** nömrəli Şəhər poliklinikasıdır.

7. Məhkəmə kollegiyası hesab etmişdir ki, qəbul edilmiş qətnamə ilə “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsinin hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və sonuncu tərəfindən müvafiq qətnamə ilə maraqlarına toxunduğunu sübut edə biləcək hər hansı bir əsas məhkəməyə təqdim edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2, 384.0.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilərək, apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2ci maddələrinin tələbləri pozulmuşdur.

11. Belə ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi birinci instansiya məhkəməsi tərəfindən işə üçüncü şəxs qismində cəlb edilmişdir. Qanunvericiliyin tələbinə görə üçüncü şəxs kimi işdə iştirak edən şəxs apellyasiya şikayəti verərkən qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu sübut edən hər hansı əsası məhkəməyə təqdim etməyə borclu deyildir. Bu tələb yalnız işdə iştirak etməyən şəxslərə münasibətdə tətbiq olunmalıdır. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinin digər tərəfi məhz “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsidir. Bu əmək müqaviləsindən açıq aydın bəllidir. Həmin müqavilədə işə götürən haqqında məlumat hissəsində “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin adı və VÖEN-i qeyd edilmişdir. Əmək müqaviləsinin tərəfləri olduqları üçün onlar iddiaçı və cavabdeh qismində işə əlavə edilməli idi. Birinci instansiya məhkəməsi Iddiaçını iddiaçı qismində əlavə etsə də, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsini cavabdeh yox, üçüncü şəxs qismində əlavə etməklə səhvə yol vermişdir. Lakin, bu hal apellyasiya instansiyası məhkəməsinə şikayəti qeyri-mümkün hesab etməyə əsas vermir.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Kassasiya şikayətinə etiraz verilməmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

16. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorun (hazırda kassatorun) hüquq və vəzifələrinə toxunması müəyyən edilmədiyindən, onun apellyasiya şikayəti vermək hüququ olmamışdır.

17. Lakin, nəzərə alınmalıdır ki, kassasiya şikayəti vermək hüququnu təsbit edən Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin dispozisiya şərtlərindən fərqli olaraq (həmin maddədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yalnız tələbləri təmin olunmayan şəxsə verilmişdir), apellyasiya şikayəti vermək hüququnu müəyyən edən Məcəllənin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq verilmişdir.

18. Göründüyü kimi, qanunverici məqsədli olaraq, apellyasiya və kassasiya vermək hüququnu müəyyən edən normaları fərqli tənzimləmişdir.

19. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, üçüncü şəxsin heç bir halda məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmamalıdır. Bu səbəbdən ki, üçüncü şəxsin prosessual statusuna görə, onun üzərinə hər hansı vəzifə qoyula bilməz, hüquqları məhdudlaşdırıla bilməz. Lakin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə aktından şikayət vermək hüququ bilavasitə Mülki Prosessual Məcəllənin 47.2 və 57.2-ci maddələri ilə təsbit olunmuşdur.

20. Həmçinin, qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən işdə iştirak edən şəxslərdən fərqli olaraq, Mülki Prosessual Məcəllənin 357.2 və 364.2-ci maddələrinə əsasən işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə, birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını yoxlamalıdır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya şikayəti vermək üçün şəxsin işdə iştirak etməsi (iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində) kifayət edir və əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinin toxunması, tələblərinin olubolmaması21. və həmin tələblərinin təmin edilməsi şərtindən asılı etmir.

22. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən müddətsiz hesab olunmuş əmək müqaviləsi iddiaçı ilə Bakı Baş Səhiyyə Mərkəzi Publik Hüquqi Şəxsi arasında bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxsin hüquq və vəzifələrinə toxunmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi özü-özlüyündə əsaslı hesab oluna bilməz.

23. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarları).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinin şikayəti üzrə” ## ##### 2004-cü il tarixli Qərarında Avropa Insan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

26. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxsin apellyasiya şikayətinin mümkünlüyü müəyyən edilərkən, qətnamənin onun hüquq və maraqlarına toxunmasının müəyyən olunması qanunla təsbit olunmamışdır.

27. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan əsasa görə apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina etməklə, qanunla müəyyən olunmayan əsasla apellyatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.

28. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” ## #### 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ləğv edilsin və iş materialları üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsinin apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar