Məhkəmə qərarları › İş №2(1-8)-1430/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1430/2026

24.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1430/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “intizam tənbehi verilməsi barədə əmrin ləğv edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi”; Mülki mübahisələrin kateqoriyaları: Əmək münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qarşı “intizam tənbehi verilməsi barədə əmrin ləğv edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının (bundan sonra mətndə-cavabdeh Teatr) ##.##.2025-ci il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı (bundan sonra mətndə-iddiaçı) dəfələrlə istər rəhbərlik, istərsə də teatrın digər əməkdaşları ilə iğtişaşlar salaraq hər birinə qarşı hədyanlar söyləyərək qeyri etik sözlərlə təhqir etdiyinə, işlədiyi illər ərzində şəxsinə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq onunla aparılan profilaktik söhbətlərə məhəl qoymayaraq öz əməllərindən əl çəkmədiyinə görə şiddətli töhmət elan edilmişdir.

2. Baş rejissorun truppa üzrə köməkçisi Elxan Ismayılov tərəfindən tərtib edilmiş məlumatda qeyd edilib ki, ##.##.2025-ci il tarixdə teatrın aktrisası iddiaçı ətraflı arayış verilməsinə baxmayaraq, şəklininm divarda olmamasını bəhanə edərək, direktorun iş otağında uca səslə qışqıraraq danışmasına, subordinasiya qaydalarını pozması direktoru bir rəhbər kimi teatr kollektivi arasında nüfuzdan sala bilər. Belə ki, biz incəsənət işçiləri xüsusi emosiyaya malik şəxslər olduqlarından iddiaçının intizamsızlığı, teatr işçisinə yaraşmayan davranışları teatr kollektivi, əsasən da aktyor heyəti arasında xoş olmayan vəziyyət yarada bilər. Xoşagəlməz halların yaranmaması üçün müəyyən ölçü götürülməsini xahiş edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçı cavabdeh Teatra qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, onun xeyrinə mənəvi ziyanın əvəzi kimi 10 000 (on min) manat məbləğində pulun, 500 manat hüquqi yardıma görə ödənilmiş pulun, 60 manat mediasiya xərci və 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Teatrında ##.##.2012-ci il tarixdən dram artisti kimi çalışır. On üç ildən artıqdır ki, həmin teatrda dram artisti kimi fəaliyyət göstərir. Bu müddət ərzində öz vəzifə borcumu məsuliyyətlə və vicdanla yerinə yetirib. ##.##.2025-ci il tarixdə işə gələrkən foyedə mənim şəklimin oradan götürüldüyünü gördüm. Bunun səbəbini öyrənmək üçün direktorun yanına yaxınlaşdı. Ilkin olaraq direktor onu qəbul etmədi. Katibəyə bildirdi ki, nə sözü varsa, ya ona desin, ya da rejissorun yanına getsin. Mən də cavab olaraq bildirdim ki, şəxsən Rəşad müəllim ilə danışmalıyam. Sonda direktor onun təkidimdən sonra onu qəbul etdi. Qəbul zamanı iddiaçı foyedəki şəklimin olmadığını ona bildirdim. O isə kobud şəkildə “mən sənin üçün fotoqrafam?” deyə cavab olaraq bildirdi. Iddiaçı isə cavabında “niyə mənə qarşı etinasızlıq edilir, digər aktyorlar ilə bərabər tutulmuram, bir çox tamaşalardan kənarda qalıram” deyə bildirdim. Bu sözlərdən qəzəblənərək “sən artıq məni bezdirmisən, bir ildir ki, mənim boynumda oturmusan” deyə bildirdi. Iddiaçı isə “boynunuzda oturmaq nə deməkdir, açıqlamasını verin. O bir aktyor kimi sizdən rol tələb edirəm, istər dövlət, istərsə də daxili tədbirlərdə bir aktyor kimi iştirak etməyimi, qastrollara cəlb olunmağımı istəyirəm, hansı ki, onun baş rol ifa etdiyim tamaşa Türkiyəyə qastrola gedir, onun isə yerimə başqa bir aktyor daxil edilir və o kənarda qalmış olur. Əmək funksiyalarını yerinə yetirmək üçün ona şərait yaradılmasını istəyirəm. Bunlar sizi niyə qəzəbləndirir? Bu mənim haqqımdır” deyə bildirdim. Bu sözlərdən sonra mənə kobud şəkildə otağı tərk etməyimi bildirdi. Mən isə ona “Rəşad müəllim mən hamiləyəm, mənə həyəcan olmaz” bildirdim. Bundan sonra həyəcanlı şəkildə otağı tərk etdim. Sonra halımın pisləşdiyini, yüksək təzyiq, qarın nayihəsində kəskin ağrılar, qanaxma görüncə ilk olaraq həyat yoldaşım ilə əlaqə saxladım, o isə tədbirdə olduğunu və gələ bilməyəcəyini, ancaq təcili tibbi yardıma zəng vurmağımı bildirdi. Təcili tibbi yardım avtomaşını gəldi və ona hamilə olduğum üçün mütləq qaydada mama-ginekoloq həkimimə məlumat verməyimi bildirdi. Həmin vaxt yoldaşım özünü təcili olaraq onun yanına çatdıraraq onu xəstəxanaya apardı. Xəstəxanada ilkin müayinədən sonra “övladımın düşüş təhlükəsi olduğu” bildirildi. Bu diaqnoz ilə xəstəxanada yatmalı oldum. (Qoşma sənədlərlə təsdiq olunur). Tibbi göstərişlə 1 ay (# #### 2025-ci ilədək) müddətində əmək qabiliyyətsiz rejimdə (yataq rejimi) qalmalı olmuşam. Bu vəziyyət tibbi sənədlərlə təsdiqlənmişdir. Istənilən işçiyə, ələlxüsus da hamilə vəziyyətdə olan şəxsə qarşı qeyri-humanist və adekvat olmayan davranışa yol verməyin nə dərəcədə düzgün olmadığı hamıya bəllidir. Bu məsələlərdən sonra işə qayıtdığım ilk gün, yəni ##.##.2025-ci il tarixdə cavabdeh qurumun rəhbərliyi tərəfindən guya iğtişaşlar salaraq teatr rəhbərliyini və öz iş yoldaşlarımı təhqir etməyim, onları hədələməyim və qeyri-etik hərəkətlərə yol verməyim səbəbi ilə sonuncu xəbərdarlıq edilməklə **-K nömrəli şiddətli töhmət əmri verilmişdir. Halbuki, son 8 il ərzində teatr rəhbərliyi tərəfindən rəsmi olaraq heç bir intizam məsuliyyətinə cəlb edilməmişəm. Cavabdeh tərəfindən tərtib olunan ##.##.2025-ci il tarixli, **-K nömrəli əmr aşağıdakı hallara görə əsassızdır və ləğv edilməlidir. Belə ki, qeyd olunan əmrdə göstərilənlərə əsasən guya o rəhbərliklə, teatrın digər əməkdaşları ilə iğtişaşlar salaraq hər birinə qarşı hədyanlar söyləmiş, qeyri-etik sözlərlə təhqir etmiş və s. hərəkətlərlə əmək və icra intizamını pozmuşam. Qeyd olunan əmrin əsası kimi mənim izahatım, baş rejissorun truppa üzrə köməkçisi E.ismayılovun məlumatı və Həmkarlar Ittifaqı Komitəsinin aktı göstərilmişdir. Həmin sənədlərə nəzər yetirsəniz əmrdə göstərilən halların həmin sənədlərlə ziddiyyət təşkil etdiyinin, habelə əmrdə göstərilən nyuansların heç birinin yazılı sübutunun olmadığının şahidi olarsınız.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir

11. Şahid qismində ifadə verən X3 məhkəmə iclasında bildirmişdir ki, hadisə olan gün iddiaçı ona yaxınlaşıb niyə şəklinin divarda olmamasını soruşmuşdur. O, iddiaçıya bildirmişdir ki, yəqin ki iddiaçı şəkil çəkdirməmişdir yaxud yağış səbəbindən divar çat vermişdir və şəkli bu səbəbdə götürmüşlər. Sonra teatrın konstruktoru gəlib ona demişdir ki, iddiaçı onun barəsində direktorla mübahisə edir. O, bununla bağlı direktorun yanına getdikdə direktor bununla bağlı ondan izahat almışdır. Axşam ona məlumat verilmişdir ki, iddiaçı özünü pis hiss etdiyi üçün sabah tamaşaya gəlməyəcəkdir.

12. Şahid qismində ifadə verən X1 məhkəmə iclasında bildirmişdir ki, teatrın foyesində şəkillər var və onlar təzələnməli idi. Buna görə fotoqrafı çağırmışdırlar. Nərmin xanım yaxınlaşıb şəkil çəkdirmək üçün hazır olmadığını bildirdi. Şəklin olmamasını o demişdir. Digər divar su olduğu üçün isə oranı təmir edirdilər.

13. Şahid qismində ifadə verən X4 bildirmişdir ki, mübahisə şəkil barəsində baş vermişdir. Bir divarda təmir işləri getdiyi üçün 6-7 adamın şəkli vurulmamışdır. O şəxslərdən biri də Nərmin xanımdır. Söz-söhbət başlayanda o, dəhlizə çıxmış və o zaman səsi eşitmişdir. Iddiaçı ona qarşı heç bir qeyri-etik ifadələr işlətməmişdir.

14. Şahid qismində ifadə verən X5 məhkəmə iclasında bildirmişdir ki, səs-küyə dəhlizə çıxdış və eşitdim ki, direktor iddiaçıya çölə çıxmasını deyir, iddiaçı isə cavabında onun hüquqlarını heç kimin poza bilməyəcəyini cavab verir. O, təhqirlə bağlı akta qol çəkdiyini bilməmişdir. Belə ki, ona aktı imzalatdırarkən sadəcə deyilmişdir ki, əgər səs-küyü eşidibsə bunu imzası ilə təsdiq etsin və bundan sonra o, aktın məzmununu oxumadan yalnız həmin niyyətlə aktı imzalamışdır. Sabahı günü aktı yenidən ona təqdim etmiş və hərf səhvi olduğu üçün aktda dəyişiklik edildiyini və yenidən imzalaması gərəkdiyini bildirmişdirlər, lakin o bu dəfə imzalamaqdan imtina etmişdir.

15. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Ş. Rüstəmli) iddianın qismən təmin edilməsi və cavabdeh Teatrının direktorunun iddiaçı barəsində **-K nömrəli ##.##.2025-ci il tarixli əmri ləğv edilməsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 250 manat hissəsi və mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş vəsaitin 60 manat hissəsi cavabehdən iddiaçının xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd etmişdir ki, əmrin məzmunundan görünür ki, iddiaçıya intizam tənbehinin verilməsinin səbəbi kimi dəfələrlə rəhbərlik və teatrın əməkdaşları ilə iğtişaşlar yaratması göstərilmişdir. Lakin həm şahid ifadələrindən, həmçinin də işdə olan sübutlardan görünür ki, iddiaçı sadəcə teatrın divarında onun şəklinin olmamasının səbəbini öyrənmək istəmiş və bu əsnada direktorla onun arasında narazılıq yaranmışdır. Əmrdə iddiaçının teatrın digər əməkdaşları ilə iğtişaşlar yaratması göstərilsə də, məhkəmə iclası zamanı iddiaçının teatrın hansı əməkdaşı ilə iğtişaş yaratması müəyyən edilməmişdir. Bunun əksinə şahid ifadələrindən də məlum olur ki, iddiaçı yuxarıda qeyd olunan məsələnin aydınlaşdırılması üçün direktorla görüşmüş və görüş əsnasında onların arasında kiçik narazılıq yaranmışdır. Əmək qanunvericiliyinin tələbinə əsasən işçi barəsində intizam tənbehi görülməsi üçün onun əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması halları müəyyən edilməlidir. Hazırkı işdə isə bu halların mövcudluğu müəyyən edilmir. Belə ki, işçinin hansı hərəkəti nəticəsində işlədiyi müəssisədə intizam qaydalarını pozması yaxud əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini hansı qaydada yerinə yetirməməsi müəyyən olunmur.

17. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

18. Məhkəmə iddiaçının mənəvi ziyana görə 10.000 manat pul tələb etməsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş ambulator kitabçadan çıxarış və sığortaolunanın xəstəlik vərəqəsindən isə onun hamiləlik dövründə məhz cavabdehin təqsirli hərəkətlərinə görə hamiləliyinin təhlükəli vəziyyətə düşməsi və bunun nəticəsində mənəvi zərərə məruz qaldığı müəyyən edilmir.

19. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Femida Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. Iddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 250 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu tərəflərə aid edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 187-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 188-ci maddəsinin 1-ci hissəsinə, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 115.0.6, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Cavabdeh Teatr apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin e- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi (rəd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə əmək qanunvericiliyinin tələblərini qətnamədə sadalasa da həmin tələblərdən konkret işdə hansının əməl edilməsi və ya əməl edilməməsinə dair mövqe bildirmədiyindən həmin tələblərin hüquq nəzəriyyəsi baxımından qısa şərhinə zərurət yaranmışdır. Əmək intizamını obyektiv və subyektiv mənalarda fəqdləndirilər. Obyektiv mənada əmək intizamı bu, əmək intizamı haqqında normalar sistemidir, yəni əmək hüquq institutu və həmin istehsalatda müəyyən edilən müəssisədaxili intizam qaydalarıdır. Beləliklə, obyektiv mənada əmək intizamı dedikdə, əmək prosesində işçidən tələb olunan davranış qaydalarının məcmusu başa düşülür. Bu qaydalardan konkret müəssisənin müəssisədaxili intizam qaydaları yaranır. Beləliklə, subyektiv mənada əmək intizamı konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanunauyğun davranışıdır. Konkret işdən görünür ki, şiddətli töhmətə səbəb olan münaqişəni işə götürən yox, işçi təmir zamanı lövhədən çıxarılan foto şəkilini özünə qarşı təhqiramiz davranış kimi yalnış qiymətləndirib süni surətdə kollektivdə əsəb və gərginlik şəraiti yaradaraq kollektivə qarşı açıqca hörmətsizlik ifadə edərək həmin gün normal iş rejimin qısa müddətdə pozulmasının səbəbkarı olmuşdur. Azərbaycan Dövlət Kukla Teatrında 96 nəfər əməkdaşın çalışdığı kollektivdə nizam-intizama riayət etmək vacibliyi məlumdur. Məhkəmənin direktorun əmrinin ləğv etməsi faktı digər işçilər arasında nizam-intizamın zəiflətməsinə, rəhbərliyin nüfuzunun sarsıdılmasına arzuolunmaz şərait yaratmışdır. Əmək intizamı yalnız hüquq deyil, həm də kollektiv davranışın tənzim mexanizmidir, buna görə də belə qərarlar əmək mühitinə zərbə vurur. Hər bir işçinin bu kimi davranış nümayiş etdirməyə sövq edir. Məhkəmənin həmin mübahisə olunmayan faktda intizam pozuntusunun müəyyən edilməməsində haqlı olmamışdır. Belə ki, məhkəmə işə götürənlə işçi arasında yaranmış mübahisənin predmeti kimi “işçinin foto şəkilinin lövhədən çıxarılma” faktının obyektiv səbəblərini və buna görə işçinin uca səslə narazılığının bildirməsinin əsaslı olubolmamasına, qışqırıq səslərini eşidən digər işçilərin öz iş yerlərini tərk edib qəbul otağına toplaşmalarının teatrın normal iş rejiminin pozulub-pozulmamasına dair obyektiv mövqeyini bildirmək əvəzinə qərəzli olaraq iddiaçının tərəfini tutaraq onun qeyri-etik davranışını, işəgötürənin iş otağından çıxarkən sonuncunu işdən çıxaracağı hədəsi ilə otağı tərk etməsini, “şəxsi iş” adı ilə direktorla görüşərkən xidməti işi ilə bağlı irəli sürdüyü məntiqdən kənar tələblərini qanun çərçivəsinə salmaq niyyəti ilə işçinin öncədən aparılan təmir işləri ilə əlaqədar foto şəkilinin divardan çıxarılmasını digər işçilərdən bildikdən sonra təkrarın bu məsələ ilə bağlı direktorla görüşməyə lüzum olmadığı şəraitdə “iddiaçı sadəcə teatrın divarında onun şəklinin olmamasının səbəbini öyrənmək istəmiş”, “qeyd olunan məsələnin aydınlaşdırılması üçün direktorla görüşmüş və görüş əsnasında onların arasında kiçik narazılıq yaranmışdır.” cümlələrdən istifadə edərək cüzi səbəbdən işçi tərəfindən yaradılmış mübahisənin-“xxxx” normal hal kimi qəbul edərək bu halın müəssisədaxili intizam qaydalarını pozma faktı kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi işdə olan Həmkarlar Komitəsinin aktını, truppa rəhbərinin məlumatını və əmək qanunvericiliyinin müvafiq maddələrini düzgün tətbiq etməmiş, əksinə yalnız iddiaçı tərəfin izahatına üstünlük vermişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov, E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası mövgeyini belə əsaslandırmışdır ki, cavabdehin əmri aşağıda göstərilənlərə görə qanunsuzdur.

26. Birinci, əmrdə intizam xətası belə təsvir olunub ki, iddiaçı dəfələrlə istər rəhbərlik, istərsə də teatrın digər əməkdaşları ilə iğtişaşlar salaraq hər birinə qarşı hədyanlar söyləyərək qeyri-etik sözlərlə təhqir edib. Intizam xətasının törədildiyi və aşkar edildiyi gün əmrin məzmununda göstərilməyib. Əmrdə “dəfələrlə” ifadəsindən istifadə olunsa da, hansı tarixlərdə baş vermiş iğtişaşın, hansı tarixdə söylənilmiş hədyan və qeyri-etik sözlərin nəzərdə tutulduğu açıqlanmayıb. Əmrdə daha sonra qeyd olunub ki, iddiaçı işlədiyi illər ərzində şəxsinə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq onunla aparılan profilaktik söhbətlərə məhəl qoymayaraq öz əməllərindən əl çəkməyib. “Illər ərzində” ifadəsi qeyri-müəyyən olduğuna görə, hansı tarixlərin nəzərədə tutulduğu aydın deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin maddənin 3-cü hissəsinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin əmrdən belə nəticə hasil olur ki, iddiaçı qeyri-müəyyən dövrdə törədilmiş qeyri-müəyyən sayda intizam xətasına görə intizam məsuliyyətinə cəlb olunub.

27. Ikinci, əmrdə “digər əməkdaşlar” ifadəsindən istifadə olunsa da, iğtişaşın tərəfi olan əməkdaşların, habelə hədyan və qeyri-etik sözlərin ünvanlandığı əməkdaşların adları qeyd olunmayıb. Əmrdə “rəhbərlik” ifadəsi ilə direktor nəzərdə tutulub, lakin iddiaçının direktora qarşı etdiyi iddia olunan hərəkətlərə (##.##.2025-ci il tarixdə direktorun otağında uca səslə qışqıraraq danışması və s.) görə intizam tənbehi verilməsi müddəti keçib. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət ##.##.2025-ci il tarixdə, yəni ##.##.2025-ci il tarixdən 1 ay 4 gün keçdikdən sonra verilib. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, pozuntu ##.##.2025-ci il tarixdə baş verdiyinə, əmr isə ##.##.2025-ci il tarixdə imzalandığına görə qanunla müəyyən edilmiş müddətə əməl edilib. Lakin əmrdən görünür ki, əmrin verildiyi təqvim ayının adı “iyun” kimi deyil, “iyul” kimi yazılıb. Bundan başqa, ##.##.2025-ci il tarixi qeyri-iş günü (həftənin bazar günü) olduğuna görə həmin tarixdə intizam tənbehi verilə bilməzdi. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Bu isə onu təsdiq edir ki, intizam tənbehi ##.##.2025-ci il tarixdə deyil, ##.##.2025-ci il tarixdə, yəni 1 ay 4 gün sonra verilib.

28. Üçüncü, əmrdə qeyd olunub ki, iddiaçı müxtəlif nazirliklərdə yüksək vəzifə tutduğunu iddia etdiyi qohum və yaxınlarının adlarını çəkərək onlardan hədə-qorxu vasitəsi kimi istifadəni bir növ adətə çevirib. Məhkəmə qeyd edir ki, birinci, qulluq mövqeyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir, ikinci, qulluq mövqeyi hədə-qorxu vasitəsi deyil. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci və 2-ci hissələrindən görünür ki, intizam tənbehi göstərilən hallarda verilir: 1) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə; 2) işçi hüquqlarından sui-istifadə etdikdə; 3) işçi əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə; 4) işçi müəssisədaxili intizam qaydalarını pozduqda.

29. Dördüncü, intizam tənbehinin verilməsi əsaslandırılmalıdır. Əsaslandırma intizam tənbehi mübahisələndirildikdən sonra məhkəmədə deyil, intizam tənbehinin verilməsi barədə əmrin məzmununda həyata keçirilməli, məhkəmə isə həmin əsaslandırmanın qanuna uyğun olubolmadığını yoxlamalıdır. Lakin iddiaçıya intizam tənbehi verilməsi barədə əmrdə əsaslandırma yoxdur, ümumi və qeyri-müəyyən ifadələrdən istifadə olunub. Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə görə, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Bu maddədə “əmr” deyiləndə əsaslandırılmış əmr nəzərdə tutulur.

30. Beləliklə, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmamışdır.

31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci və 2-ci hissələrinə, 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 189-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392 istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh Teatr (onun vəkili-vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini tam ləğv edərək, iddiaçı İddiaçı tərəfindən cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qarşı verilmiş “əmrin ləğv edilməsi və.s” tələbinə dair iddia ərizəsinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə olunmayan hallara əsasən, iddiaçı İddiaçı dram artisti kimi fəaliyyət göstərdiyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında əmək şəraitini və iş rejimini kobud şəkildə pozmuşdur. O, işçilər arasında nizam-intizamın pozulmasına səbəb olan davranışlara yol vermiş, vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Bundan əlavə, müəssisənin direktoru ilə kobud, yüksək tonlu və qeyri-etik formada danışmış, iş yerində etik normalara zidd ifadələr işlətmişdir. Bunun nəticəsi olaraq cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktorunun **-K nömrəli, ##.##.2025-ci il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir. Iddiaçının iş yerində iş intizamını, işçilər arasında davranışı pozması müəssisənin işçiləri tərəfindən direktor Rəşad Əhməd-zadəyə ünvanlanmış izahatlar və Azərbaycan Dövlət Kukla Teatrı HIK-nın aktı ilə öz təsdiqini tapmış olur ki, 50-knömrəli, ##.##.2025-ci il tarixli əmr də həmin sənədlər əsasında tərtib edilmiş və əsaslandırılmışdır. Həmin sənədlər iş materiallarında mövcuddur, bir daha da hazırkı şikayətinə əlavə edərək təqdim edir. Buradan da açıq-aydın görünür ki, apellyasiya instansiya məhkəməsinin əmrin əsaslandırılmaması ilə bağlı gəldiyi nəticə əsassızdır.

34. Apellyasiya instansiya məhkəməsinin bu qənaəti də tamamilə əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi verilməsi müddəti ötürülməmişdir. Qeyd edir ki, ##.##.2025-ci il tarixdə intizam pozuntusunu törətmiş, lakin ##.##.2025-ci il tarixdən ##.##.2025-cı il tarixədək iddiaçı İddiaçı intizam pozuntusuna yol verdiyini bildiyi üçün qəsdən, qərəzli şəkildə qanunsuz olaraq bülletenə çıxmış, bülletendə olduğu üçün də iddiaçıya intizam tənbehi verilməsi mümkün olmamışdır. Iddiaçının sözügedən müddət ərzində bülletendə olmasını təsdiq edən tibbi sənədləri də hazırkı şikayətimə əlavə edir. Göründüyü kimi iddiaçı İddiaçı direktora qarşı etmiş olduğu hərəkətlərə (##.##.2025-ci il tarixdə direktorun otağında uca səslə qışqıraraq danışması və s.) görə intizam tənbehi verilməsi müddəti ötürülməmişdir. Göründüyü kimi, işəgötürən işçiyə o halda intizam tənbehi verə bilər ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirməsin, yaxud keyfiyyətsiz yerinə yetirsin, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozsun.

35. Eyni zamanda Əmək Məcəlləsinin 186-cımaddəsinin 2-ci bəndindən göründüyü kimi intizam tənbehinin verilməsi səlahiyyəti diskression xarakter daşıyır. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 1.0.25-ci və 1.0.26-cı maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətdir; dispozitiv imkan – orqanın (şəxsin) öz seçimi ilə davranış imkanıdır. Göründüyü kimi işəgötürən işçinin əmək funksiyalarını pozmasını müəyyən etdikdə onun barəsində intizam tənbehi verməkdə öz mülahizəsinə görə sərbəstdir. Həmçinin onu da qeyd edim ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə tam, obyektiv araşdırma aparmamışdır. Belə ki, tərəflərindən məhkəməyə iddiaçı tərəfindən intizam pozuntusunun törədilməsinin bir başa şahidi olmuş şəxslərin dindirilməsi barədə vəsatət verilmiş, həmin gün də şahidlər məhkəmə iclas zalının qarşısında gözləmişdir. Lakin məhkəmə həmin şəxsləri şahid qismində dindirməmiş, öz qərarında da bu hala münasibət bildirməmişdir.

36. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir.

37. Hazırkı işlə oxşar başqa bir iş üzrə Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2021-cı il tarixli qətnaməsini, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021- ci il tarixli qətnaməsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- **/**** saylı, ##.##.2022-ci il tarixli qərarını hazırkı şikayətinə əlavə edərək təqdim edir. Qeyd edir ki, anolıji iş üzrə cavabdeh Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası öz işçisinin barəsində intizam tənbehi əmri tərtib etmişdir. Həmin əmrlə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən tərtib edilmiş hazırkı mübahisənin predmetini təşkil edən əmr eyni məzmunlu və formalı olmuş, eyni zamanda hadisələr oxşar məzmunlu olmuşdur. Iddiaçı Səbail Rayon Məhkəməsində iddia qaldıraraq əmrin ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd etmiş olduğu hallar qərarın iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

38. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 127-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 17, 18-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 9.1, 14.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir.

ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

39. Iddiaçının vəkili vəkil4 kassasiya şikayətinə etiraz verərək cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kassasiya şikayətinin təmin edilməsindən imtina edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Əmək Məcəlləsi(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):

40. Maddə 186.

1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsini “ç” bəndi ilə ləğv etmək.

41. Maddə 187. 2.Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

42. Maddə 189. 2.Intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

3. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

50. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi verilməsi müddətinin ötürülməsi barədə qənaətinin tamamilə əsassız və qanunsuz olması barədə dəlillərinə əsasən bildirir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsinin bir neçə müstəqil əsasa görə əsaslı olmasını qeyd etmişdir.Kassasiya kollegiyası qeyd edir ki, intizam tənbehi verilməsi üçün müddət keçmədiyi halda belə, digər əsaslar iddianın təmin edilən hissəsi üzrə qanuni və əsaslı nəticəyə gəlindiyi qənaətinə gəlməyə əsas verir.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflərindən məhkəməyə iddiaçı tərəfindən intizam pozuntusunun törədilməsinin bir başa şahidi olmuş şəxslərin dindirilməsi barədə vəsatət verildiyi, həmin gün də şahidlərin məhkəmə iclas zalının qarşısında gözlədiyi, lakin məhkəmənin həmin şəxsləri şahid qismində dindirmədiyi, öz qərarında da bu hala münasibət bildirmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli məhkəmə iclasının protokolu (iş v. 124-127) və iş üzrə ## ###### 2026-cı il tarixli məhkəmə iclasının “Elektron məhkəmə” informasiya sistemindəki audio-video yazısı ilə təsdiq edilir ki, cavabdeh tərəfin şahidlərin dindirilməsi haqqında olan vəsatəti məhkəmə kollegiyası tərəfindən mülki prosessual hüquq normalarının tələbinə uyğun olaraq müzakirə edilərək, həmin vəsatət təmin edilməmişdir.Göstərilənlərə əsasən də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

60. Kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- **/**** saylı, ##.##.2022-ci il tarixli qərarına istinad edilərək hazırkı iş üzrə qərarın iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət etdiyi qeyd edilir. Kassasiya kollegiyası qeyd edir ki, istinad edilən qərar nəzərdən keçirilərkən, həmin iş üzrə hallarla hazırkı iş üzrə halların fərqli olduğu müəyyən edilmişdir.Həmçinin nəzərə almaq lazımdır ki, həmin qərar Azərbaycan Respublikasının MPM-in 418.6-cı maddəsində göstərilmiş məhkəmə təcrübəsinin vahidliyini təmin edən xarakterli qərarlardan deyil.

61. Kassasiya şikayətinə bir sıra sənədlər (xəstəlik vərəqəsi, əmr, akt və s.) əlavə edilmiş, şikayətdə işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyi, qərarın iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığı qeyd edilmişdir.Kassasiya kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübut qəbul etmir və onların qiymətləndirilməsini həyata keçirmir. MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

63. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apelyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

64. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən digər hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası əlavə əsaslandırma aparılmasına zərurət görmür və apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar