Məhkəmə qərarları › İş №2(1-8)-1433/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1433/2026

10.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1433/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbinə və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(004) ****/**** nömrəli qətnaməsi ilə (hakim A.Oruclu) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbinin ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aydan Oruclu).

2. cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə ##.##.2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardad ləğv edilmiş, mülki işin apellyasiya baxışından çıxarılması və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri mümkün sayılmaqla, işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

4. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçının tələbi cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli əmrinin ləğv edilməsi, həmin məktəbdə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının ödənilməsi barədədir. Iddiaçı daha sonra birinci instansiya məhkəməsinə yazılı formada müraciət edərək cavabdeh1 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etsə də, həmin cavabdehə qarşı hansı tələb irəli sürdüyünü göstərməmişdir.

5. Iddiaçı tərəfindən Agentlik iş üzrə formal olaraq cavabdeh qismində cəlb edilmiş, ona qarşı hər hansı iddia tələbi yönəlməmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ilə də Agentliyin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

6. Məhkəmə kollegiyası hesab etmişdir ki, Agentlik tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyil.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Agentliyin ## #### 2025-ci il tarixli, *- **-**/*-*-**F/**** nömrəli əmri ilə bütün ümumtəhsil müəssisələrində sertifikatlaşdırmadan keçməyən şəxslərlə bağlanılmış əmək müqavilələrinə xitam verilməsinin təmin edilməsi tapşırılmışdır. Bu tapşırığın icrası olaraq, Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Rəsulova Zülfiyə tərəfindən imzalanmış ## #### 2025-ci il tarixli, OU*********/e nömrəli əmrlə həmin şəxsin əmək müqaviləsinə xitam verilmişdir.

9. Göründüyü kimi, direktor tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmrin hüquqi əsası birbaşa olaraq Agentliyin ## #### 2025-ci il tarixli, 3 **-**/*-*- **F/**** nömrəli əmri olmuşdur. Belə ki, qeyd olunan əmr ümumi xarakter daşımaqla respublika üzrə bütün ümumtəhsil müəssisələri üçün icrası məcburi göstəriş müəyyən etmişdir. Bu səbəbdən, mübahisələndirilən hüquq münasibətinin formalaşmasında Agentlik birbaşa iştirak etdiyindən iş üzrə müvafiq cavabdeh qismində çıxış etməlidir.

10. Əmək münasibətlərinə xitam verilməsi formal olaraq məktəb direktoru tərəfindən rəsmiləşdirilsə də, həmin qərarın hüquqi əsası və məzmunu birbaşa olaraq Agentliyin normativ xarakterli və icrası məcburi olan ## #### 2025-ci il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmri ilə müəyyən edilmişdir. Qeyd olunan əmr respublika üzrə bütün ümumtəhsil müəssisələrinə şamil olunmuş və tabeliyində olan qurumlar üçün məcburi icra xarakteri daşımışdır.

11. Belə olan halda məktəb direktoru tərəfindən verilmiş əmr müstəqil idarəetmə aktı kimi deyil Agentliyin göstərişinin icrası nəticəsində qəbul edilmiş törəmə inzibati qərar kimi qiymətləndirilməlidir. Mübahisəyə səbəb olan hüquqi nəticə məhz Agentliyin iradə ifadəsindən qaynaqlandığından iş üzrə müvafiq maddi-hüquqi məsuliyyət də həmin orqanın üzərinə düşür.

12. Lakin məhkəmə bu nəticəyə gələrkən mübahisənin hüquqi əsasını təşkil edən normativ tənzimləməni tam nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əmək müqaviləsinə xitamın ümumi əsasını müəyyən etsə də, təhsil işçiləri ilə bağlı xüsusi hüquqi tənzimləmə həmin Məcəllənin 67-2-ci maddəsində nəzərdə tutulmuş sertifikatlaşdırma mexanizmi ilə bağlıdır. Qeyd olunan maddəyə əsasən təhsil işçilərinin sertifikatlaşdırılması fərdi qaydada işəgötürən tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən, respublika səviyyəsində həyata keçirilən vahid prosedur əsasında aparılır. Bu baxımdan, əmək müqaviləsinə xitam verilməsi formal olaraq məktəb direktoru tərəfindən rəsmiləşdirilsə də, həmin xitamın əsasında duran hüquqi fakt – yəni sertifikatlaşdırmadan keçməmə halı – birbaşa Agentliyin təşkil etdiyi və həyata keçirdiyi prosesin nəticəsidir. Direktor bu halda müstəqil qərarverən subyekt kimi deyil, yalnız mərkəzləşdirilmiş inzibati qərarın icraçısı kimi çıxış edir. Beləliklə, iddia tələblərinin mahiyyəti yalnız direktorun əmrinə deyil, həmin əmrin hüquqi əsasını təşkil edən Agentliyin fəaliyyətinə və qərarına yönəldiyindən Agentliyin iş üzrə cavabdeh qismində cəlb olunması zəruridir. Bu səbəbdən iddia ərizəsində tələbin ayrıca formal şəkildə ifadə olunmaması həmin orqanın prosesdə iştirakını istisna etmir, çünki mübahisənin predmeti və hüquqi əsası birbaşa onun fəaliyyəti ilə bağlıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 149.1. Iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

15. Maddə 149.2 və 149.2.3. Ərizədə aşağıdakılar göstərilməlidir: iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

16. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

17. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

18. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsini, ingilis dili müəllimi vəzifəsinə bərpa olunmasını və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini tələb etmişdir. Sonradan o, cavabdeh1 də iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etsə də, həmin quruma qarşı hər hansı konkret tələb irəli sürməmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə görə bir neçə cavabdeh olduqda hər birinə qarşı yönələn tələb ayrıca göstərilməlidir. Bu səbəbdən Agentlik işə yalnız formal olaraq cavabdeh qismində cəlb edilmiş, ona qarşı iddia tələbi irəli sürülməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi ilə də onun üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Agentlik tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyil.

24. Işdən görünür ki, həqiqətən də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(004) ****/**** nömrəli qətnaməsi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin deyil, Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına ** nömrəli tam orta məktəbinin ##.##.2025-ci il tarixli, OU*********/e nömrəli əmri ləğv edilmiş, adıçəkilən Agentliyin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Belə olan halda Agentliyin apellyasiya şikayəti verməsi üçün prosessual əsaslar müəyyən edilmir.

25. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları ətraflı araşdırılmış, apelyasiyanın mümkünlüyü məsələsinə prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar