Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1481/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ##.##.1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinə traktorçu vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1999-cu il tarixdə çilingər peşəsinə keçirilmişdir.
2. İddiaçı ərizə ilə müraciət edərək, ## ######## 2025-ci il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
3. İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2025-ci il tarixli, */*-*K-****/** saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinə əvvəlcə traktorçu peşəsinə, ##.##.1999-cu il tarixdən çilingər peşəsinə qəbul olunmuşdur. Işlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, heç bir nöqsana yol verməmişdir. ##.##.2025-ci il tarixdə onu idarəyə çağırıb, ərizəyə qol çəkdirdib, işdən azad ediblər. O, nəyə imza etdiyini bilməmişdir. Ona demişlər ki, ərizəyə imza etməsən, maddə ilə işdən çıxarılacaqsan. O da məcburiyyət qarşısında qalıb imza etmişdir. ##.##.2025-ci il tarixdə əmək kitabçasını idarədən alarkən ona məlum olmuşdur ki, * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2025-ci il tarixli, */**K-****/** saylı əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra o, Qaradağ rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. O, * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2025-ci il tarixli, */*-*K-****/** saylı əmrini qanunsuz hesab edir. Iddiaçı qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Ilkin Rüstəmli).
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69.3-cü maddələrə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı işdən çıxma barədə ərizəsindən görünür ki, ərizə kömpüterdə yazılmışdır. O, savadsız olduğuna görə kağızda nə yazıldığına baxmamış, yalnız imza etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Rəşid Səmədov-sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Vahid Sadıqov).
12. Iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinə traktorçu vəzifəsinə işə qəbul edilmiş, sonradan çilingər peşəsinə keçirilmişdir. Iddiaçı ## ######## 2025-ci il tarixdə öz xahişi ilə ## ######## 2025-ci il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
13. Iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarət olmuşdur ki, onu ##.##.2025-ci il tarixdə idarəyə çağırıb, ərizəyə qol çəkdirdib, işdən azad ediblər. O, nəyə imza etdiyini bilməmişdir. Ona deyiblər ki, ərizəyə imza etməsən, maddə ilə işdən çıxarılacaqsan. Işdən çıxma barədə ərizədə savadsız olduğuna görə nə yazıldığına baxmamış, yalnız imza etmişdir.
14. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının hədəqorxu nəticəsində ərizəyə məcburiyyət qarşısında qalıb imza etməsi iş materialları ilə öz təsdiqi tapmır.
15. Bundan əlavə, iddiaçı yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsdir və etdiyi hər bir hərəkətə görə məsuliyyət daşıyır. O, özünün dediyi kimi, savadsız olduğundan ərizənin məzmununu bilmədiyi halda, bunun üçün etibar etdiyi digər şəxslərin köməyindən istifadə edib ərizənin məzmunu ilə tanış ola bilərdi. Lakin göründüyü kimi, iddiaçı bunun üçün heç bir təşəbbüs göstərməmiş, ərizədə savadsız olduğuna görə nə yazıldığına baxmamış, yalnız imza etmişdir.
16. Əksinə, iş materialları ilə sübut olunmuşdur ki, iddiaçı öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Onun Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkətə yol verilməmişdir.
17. Iddiaçı həmçinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ona təqdim edilən ərizəni imzaladıqdan sonra 2 gün müddətində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin * saylı təmir emalatxanasının “Işçilərin işə davamiyyət jurnalı”ndan görünür ki, İddiaçı adının qarşısında olan imza yeri üçün olan xanada ##.##.2025-ci il tarixdə “işdən azad” qeydi yazılmışdır.
18. Göründüyü kimi, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən öz xahişi ilə işdən azad olunduqdan sonra bir daha işə getməmişdir. Buna görə məhkəmə kollegiyası iddiaçının göstərdiyi bu dəlili də əsassız hesab etmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxs tərəfindən verilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında **** nömrəli aktdan görünür ki, İddiaçı analizində THC maddəsi aşkar edilmişdir.
20. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslandığından qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
21. Məhkəmə öz mövqeyini Əmək Məcəllənin 42.2, 45.1, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 3-cü hissəsinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ######## 2025-ci il tarixdə İddiaçı nahar fasiləsindən qabaq * saylı Texnoloji Nəqliyyat Departamentinin inzibati binasına, idarəyə kadrlar şöbəsinə çağırılmış və sənəd imzalamışdır. Bundan sonra işinə qayıtmış və işin sonuna kimi işləmişdir. Həmin günün səhəri, 23 sentyabrda işə gəlmiş və tam şəkildə günün sonuna kimi işləmişdir. 24 sentyabrda da işə gəlmişdir. ## ######## 2025-ci il tarixdə o, səhər iş gələndə idarəyə kadrlar şöbəsinə çağırılıb, əmək kitabçası verilib və ərizəsinə əsasən ## ######## 2025-ci il tarixdən işdən çıxarıdığı bildirilmişdir. O, ## ######## 2025-ci il tarixdə işdən çıxarılmasına etiraz etmiş, bu barədə həmin gün Qaradağ rayon Prokurorluğuna gedərək şikayət ərizəsi yazaraq, işdən çıxma barədə ərizə yazmadığını bildirmişdir. Eyni zamanda ## ######## 2025-ci il tarixdə məhkəməyə müraciət etmək məqsədilə mediasiyaya ərizə yazmışdır. Bütün bu sənədlərin surətlərini məhkəməyə təqdim etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinin 21-ci bəndində qeyd edilmişdir ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hədə-qorxu nəticəsində ərizəyə məcburiyyət qarşısında qalıb imza etməsi iş materialları ilə öz təsdiqi tapmır. Məhkəmənin gəldiyi bu nəticənin tam əksi olaraq əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçını ##.##.2025-ci il tarixdə idarəyə çağırıb, ərizəyə qol çəkdirdib, işdən azad ediblər. O, 22 sentyabrda günün sonuna kimi işləmişdir. 23 sentyabrda işə gəlmiş və tam şəkildə günün sonuna kimi işləmişdir. 24 sentyabrda da işə gəldikdən sonra idarəyə kadrlar şöbəsinə çağırılıb, əmək kitabçası verilmiş və ərizəsinə əsasən ## ######## 2025-ci il tarixdən işdən çıxarıdığı bildirilmişdir. Işdə olan bir vərəqdən ibarət işçilərin imzası olan sənəd sübut kimi qəbul edilə bilməz. Həmin vərəqin həqiqət olub-olmaması heç nə ilə sübut olunmur. Eyni zamanda iddiaçı əvvəldən bildirmişdir ki, 23 və 24 sentyabr tarixlərində işdə olmuşdur. Lakin cavabdeh bununla əlaqədar subutunu birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
25. Eyni zamanda cavabdehin apellyasiya məhkəməsinə təqdim etdiyi Səhiyyə Nazirliyi “xxxx Publik hüquqi şəxs tərəfindən verilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında **** nömrəli Aktdan görünür ki, İddiaçı analizində THC maddəsi aşkar edilmişdir. Cavabdeh həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etməmiş və bu barədə həmin məhkəmədə bir kəlmə olsun qeyd etməmişdir. Bu sənədi təqdim etməklə cavabdeh özü sübut edir ki, təzyiq altında İddiaçı ərizəyə imza etməyə məcbur etmişdir. Cavabdehin təqdim etdiyi həmin akt reallığı əks etdirmir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş 26 sentyabr və ## ######## 2025-ci il tarixli tibbi sənədlərdən görünür ki, onda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı ilə əlaqədar heç bir əlamət yoxdur. Əgər işəgötürən tərəfindən belə bir hal müəyyən edilmişdirsə, onda işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əsası ilə xitam verməli idi. Məhkəmə iddiaçının hansı səbəbdən öz ərizəsi ilə işdən çıxmasını tam şəkildə araşdırmamışdır.O, ailədə yeganə işləyən şəxsdir, oğlu hərbi xidmətdədir, qızı ali təhsil alır. Yəni, öz ərizəsi ilə işdən çıxması üçün bir əsas yoxdur. Iddiaçı Birinci Qarabağ müharibəsi iştirakçısıdır, Yeni Azərbaycan Partiyasının üzvüdür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara mülki-prosessual qanunvericliyin tələblərinə uyğun qiymət verməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir.
26. Kassator şikayətini Əmək Məcəllənin 11, 68, 69, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir
29. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
30. Maddə 68 (hissə 2 “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.
31. Maddə 69 (hissə 3) Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının işdən azad olunması barədə ərizəni hədə-qorxu ilə məcburiyyət qarşısında qalıb imza etməsi iş materialları ilə öz təsdiqini tapmır.
43. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.