Məhkəmə qərarları › İş №2(1-8)-1500/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1500/2026

01.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1500/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə (Maraqlı şəxslər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2*26-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı 1986-199*-cı ildə Sumqayıt şəhər S.Hacıbəyli adına Musiqi Kollecində təhsil almış və musiqi nəzəriyyəsi ixtisasını bitirmişdir. Həmin ixtisas komissiyasının ## #### 199*cı il tarixli qərarı üzrə ona müəllim ixtisası verilmişdir.

2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 Idarəsi X7 və Mehriban Voroşil qızı Əliyeva arasında bağlanılmış *2.*9.1996-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.

3. Sumqayıt şəhəri Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin direktorunun S.Ismayılov ##.##.2*24-cü il tarixli ** nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmamasını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır. Bu barədə İddiaçıda xəbərdarlıq edilərək, attestasiya olunacaq işçilər kateqoriyasına aid edildiyi bildirilmişdir. Daha sonra *7.*4.2*25-ci il tarixli, ** nömrəli əmrlə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən o, işdən azad edilmişdir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsinə əsasən İddiaçı Sumqayıt Musiqi Kollecində 1986-cı ildə musiqi nəzəriyyəsi ixtisasını bitirmişdir. Ümumi əmək stajı 28 il *2 aydır. İddiaçı atestasiyası üzrə cavablarını komissiya – “A.Əlizadə haqqında” – “qismən cavab verildi”, “Azərilər nədir” – “düzgün cavab verilmədi”, “A.Əlizadə balet yazıb” – “cavab vermədi”, “A.Məlikovuv simfonik yaradıcılığı haqqında” – “cavab verilmədi”, “F.Əmirovun simfonik muğam janrı ənənəsində A.Ələsgərovun hansı əsərləri olub” – “düzgün cavab verilmədi”, “R.Hacıyevin Əl-Cəzairdə yazdığı əsərlər haqqına” – “cavab verilmədi”, “Bethovenin Eqmont uverturası hansı tonallıqdadır” – “cavab verilmədi”, “Bethoven uverturaya nə yenilik gətirib” – “cavab verilmədi”, “M.Qlinkanın simfonik əsərlərindən hansılar tədris olunur” – “düzgün cavab verilmədi”, “F.Şopenin hansı janrları müstəqilləşdirilib” – “düzgün cavab verilmədi”, “Zərb muğamları haqqında” – “Sadəcə 2 ad çəkə bildi”, “Xalq mahnıları xarakter baxımından neçə yerə bölünür” – “düzgün cavab verilmədi”, “Si minorun İ dərəcəli qohum tanalları” – “cavab verə bilmədi”, “Lya səsində miksolidik lad”- “düzgün ifa edə bilmədi”, “Solfecio nömrəsinin oxunması”- “təhlil edə bilmədi, düzgün oxuya bilmədi”, “Musiqi nömrəsinin üzdən ifası”- “ifa edə bilmədi” kimi qeyd etmişdir. Attestasiya keçirilən zaman Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 16 sual verilmişdir. 4 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs vermiş və İddiaçı digər işçilərlə birlikdə tutduqları vəzifəyə uyğun hesab edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının ## #### 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmağı, onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli, ** saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## #### 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanında iştirak etmiş, lakin onun imtahan nəticəsi uğursuz hesab edilmişdir. O, ixtisası üzrə ünvanlanan sualları cavablandırmış, lakin ona imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş və hətta doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən də suallar verilmiş, nəticə barədə ona həmin vaxt müsbət rəy veriləcəyi bildirilmiş, lakin imtahandan bir müddət sonra məktəb direktoru onun atestasiyanın qərarı ilə uyğunsuz hesab olunduğu barədə məlumat vermişdir. Belə hesab edir ki, atestasiya qanuna uyğun təşkil olunmamış, veriləcək suallarla bağlı onlar qabaqcadan məlumatlandırılmamış və onlardan cavablar şifahi alınmış, halbuki test sualları yazılı alınmalı və daha sonra onun ixtisasına uyğun olaraq şifahi suallar da verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq onun sahəsinə aidiyyəti olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavablarını da düzgün qiymətləndirməyərək onu tutduğu vəzifəyə «uyğunsuz» hesab etmişdirlər. Bildirmək istəyir ki, atestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Işçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. Ilk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. Işçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Onu da qeyd edir ki, o, ailənin yeganə qazanc və gəlir gətirənidir, dolanışıqları olduqca ağır və dözülməzdir, o, həyat yoldaşı ilə boşanmış və 2 övladını min bir əziyyətlə böyütmüş, onun bir oğlu 2***-ci il təvəllüdlü Qəhrəmanov Əli hazırda Türkiyənin Gümüşhanə Universitetində magistr təhsili alır, digər oğlu 2**4-cü il təvəllüdlü Qəhrəmanov Ağalar hərbi xidmətdə olan zaman Antiterror əməliyyatlarında iştirak etmiş və hazırda ödənişli hazırlıq kurslarına gedərək ali məktəbə hazırlaşır. O və ailə üzvləri bu gün yeganə gəlirlərindən də məhrum olmuşdurlar.

7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (Hakim-Aynur Behbudova).

8. Birinci instansiya məhkəməsi öz mövqeyinin əsaslandırılması baxımından işin halları ilə bağlı ilk növbdədə müəyyən etmişdir ki, iddiaçı İddiaçı *2.*9.1996-*7.*4.2*25-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *7.*4.2*25-ci il tarixli ** saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı tərəfin bildirdiyi hüquqi əsasın ona qarşı atestasiya vaxtı qərəzəli halın olub-olmamasının müəyyən edilməsi üçün “video disk” baxış keçirilmiş, ona qarşı qərəzli halın olması müəyyən edilməmiş, komissiya üzvləri tərəfindən verilən suallar iddiaçı tərəfindən cavablandırılmaması müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı bu halın, onun həyacanlı olması, yaxşı yata bilməməsi və sair hallar ilə əlaqələndirmişdir. Ancaq qeyd olunan hallar verilmiş iddia tələbinin əsassızlığına dəlalət edir.

10. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır. Əmək müqaviləsi *7.*4.2*25-ci il tarixli əmrlə ləğv edilərkən, iddiaçıya tərəflərin iştirakı ilə tədqiq edilmiş atestasiyanın keçirilməsi ilə bağlı video görüntüyə baxış keçirilmiş, ona qarşı hər hansı bir qərəzin olması müəyyən edilməmiş, iddiaçının ona verilən sualların cavablandırmaması müəyyən edilmişdir. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunidir.Həmçinin ƏM-də nəzərdə tutulmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçının xüsusi imtiyazının olması müəyyən olunmamışdır.

11. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 65.1, 65.2, 65.3, 65.4, 65.5, 79-1, 296cı maddənin 1 hissəsi, 3**-1 və 3**-2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, attestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Işçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. Ilk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. Işçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Bildirmişdir ki, ondan yazılı test götürülməmiş və komissiya üzvləri onun icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş və verdiyi cavablara reaksiyaları ilə ona psixoloji təzyiq göstərilmişdir, bütün bunlar kamera görüntülərində də əks olunmuşdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunmaması birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (Sədrlik edən və məruzəçi hakim X1, hakimlər X2 və X6 ibarət tərkibdə).

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası öz mövqeyinə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə işin halları ilə bağlı müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan * nömrəli Uşaq Incəsənət Məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur.

16. Kollegiya qeyd etmişdir ki, iddia tələbində düzəlişin aparılıb-aparılmamasından aslı olmayaraq, mövcud mübahisə üzrə qiymət verilməli olan ilkin məsələ məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olan attestasiya komissiyasının həmin qərarının əsaslılığıdır.

17. Kollegiya daha sonra qeyd etmişdir ki, Apellyasiya şikayətinin dəlillərinə görə attestasiya keçirilən zaman komissiya tərəfindən işçiyə (iddiaçıya) ünvanlanan suallar tutduğu vəzifəyə uyğun olmamışdır.

18. Bununla bağlı kollegiya iş materialarında olan İddiaçı attestasiya vərəqəsinə istinad edərək (attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: “A.Əlizadə haqqında” – “qismən cavab verildi”, “Azərilər nədir” – “düzgün cavab verilmədi”, “A.Əlizadə balet yazıb” – “cavab vermədi”, “A.Məlikovuv simfonik yaradıcılığı haqqında” – “cavab verilmədi”, “F.Əmirovun simfonik muğam janrı ənənəsində A.Ələsgərovun hansı əsərləri olub” – “düzgün cavab verilmədi”, “R.Hacıyevin Əl-Cəzairdə yazdığı əsərlər haqqına” – “cavab verilmədi”, “Bethovenin Eqmont uverturası hansı tonallıqdadır” – “cavab verilmədi”, “Bethoven uverturaya nə yenilik gətirib” – “cavab verilmədi”, “M.Qlinkanın simfonik əsərlərindən hansılar tədris olunur” – “düzgün cavab verilmədi”, “F.Şopenin hansı janrları müstəqilləşdirilib” – “düzgün cavab verilmədi”, “Zərb muğamları haqqında” – “Sadəcə 2 ad çəkə bildi”, “Xalq mahnıları xarakter baxımından neçə yerə bölünür” – “düzgün cavab verilmədi”, “Si minorun İ dərəcəli qohum tanalları” – “cavab verə bilmədi”, “Lya səsində miksolidik lad”- “düzgün ifa edə bilmədi”, “Solfecio nömrəsinin oxunması”- “təhlil edə bilmədi, düzgün oxuya bilmədi”, “Musiqi nömrəsinin üzdən ifası”- “ifa edə bilmədi” kimi qeyd etmişdir) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məktubuna əlavə edilmiş diskdə olan videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirildiyini, iddiaçının verilmiş suallara cavab verməsinə mane olan hər hansı halın aşkar edilmədiyini, işdə olan attestasiya vərəqəsində göstərilən suallar və onların iddiaçı tərəfindən cavablandırılma formaları videogörüntü ilə eynilik təşkil etdiyini vurğulamışdır.

19. Məhkəmə həmin görüntüləri sübut növü kimi qəbul emiş və atetasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının həmin qərarı əsaslı olmuşdur.

20. Məhkəmə kollegiyası sonda hesab etmişdir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdeh Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə *7.*4.2*25-ci il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Iddiaçının həmin əmrin ləğv edilməsi ilə əlaqədar göstərdiyi dəlillər məhkəmə iclasında işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.

21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 6*-cı; “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı; Əmək Məcəlləsinin 5, 11, 42, 64, 65, 66 67 və 7*-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 372, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır.

a) Kassasiya şikayətinin dəlilləri

22. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2*26-cı il tarixli qətnaməsini ləğv etməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil edən kassasiya şikayətinin dəlillərində əlavə olaraq qeyd edilmişdir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. cavabdeh orqan iddiaçının ailənin yeganə gəlir gətirəni olmasını, bir övladının antiterror əməliyyatlarının iştirakçısı, digər övladının isə tələbə olmasını, bu sahədə 3* ildən artıq fəaliyyətini, işlədiyi müddətdə hər hansı bir əmək intizamı qaydalarını pozmamasını və iddiaçının hazırki vəziyyətdə əmək fəaliyətinə daha çox ehtiyacının olmasını nəzərə almayaraq onun konstitusion Əmək huquqlarının pozulmasına xidmət etmiş qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz, belə ki, iddiaçıya aid diskdə iddiaçının bir çox sualları düzgün cavablandırdığı görünsə də cavabdeh həmin doğru cavabları da nəzərə almamış, bundan başqa bir çox suallar onun gündəlik iş fəaliyyətində istifadə olunmayan musiqi sahələri üzrə olmuşdur ki, iddiaçı da bu sahələri tədris etmir. Atestasiya nəticəsinin qənaətbəxş olmaması heç də hər bir halda işçi ilə əmək müqaviləsinə xitam verilməsinin mütləq şərti kimi çıxış etmir. AR Əmək Məcəlləsinin 67-ci maddəsi göstərilir ki, işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsindən bəhs edərək bu maddədə qeyd olunmuşdur ki, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Göründüyü kimi bu imperativ norma olmamaqla işçinin işdən çıxarılması səlahiyyətini cavabdehin-işəgötürənin üzərinə qoyur və həmin atestasiya nəticəsinə görə iddiaçının da işlədiyi məktəbdən çoxlu sayda, kütləvi olaraq işçilər işdən çıxarıldığı bir halda iddiaçının da mütləq olaraq işdən çıxarılmalı olmasına cavabdeh aydınlıq gətirməmiş və işdən çıxmanı yalnız atestasiyanın nəticələri ilə əlaqələndirmişdir. Halbuki qeyd olunan maddənin 2-ci bəndinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Lakin cavabdeh bunu da etməmiş və uzun illər bu sahədə çalışmış, bir sıra imtiyazlara malik olan iddiaçını işdən çıxarmışdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz. Işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Iddiaçı həm atestasiya komissiyasının qərarını, həm də onun əsasında verilmiş əmri məhkəmə qaydasında mübahisələndirmiş, lakin məhkəmə iddiaçının apellyasiya şikayətində qoyulan dəlillər üzrə araşdırma aparmamış, mütəxəssis rəyi almadan cavabdehin haqlı olması qənaətinə gəlmişdir.

24. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, məhkəmə qarşı tərəfin dəlillərini daha mötəbər hesab edərək iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı araşdırma aparmamış, mütəxəssis rəyi belə almamışdır. Bu da sonda qanunsuz bir qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

27. Maddə 11 (bənd b). Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək.

28. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

29. Maddə 64. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. Işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.Iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

30. Maddə 65. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

31. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

32. Maddə 67. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz. Işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

33. Maddə 7*. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b)işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c)peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d)sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e)dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

34. Maddə 3** 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2. Işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

41. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

50. Belə ki, attestasiya komissiyasının qərarının qanuniliyi və keçirilmə qaydası iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Iddiaçının əsas arqumenti attestasiya zamanı ona təzyiq olması, iki uşağını tək saxladığı, attestasiya zamanı bilik və bacarıqlarını tam nümayiş etdirməsinə mane olması, sullara cavab versə də düzgün qiymətləndirilməməsi ilə bağlı olmuşdur. Lakin məhkəmlər attestasiya gedişini üzündə əks etdirən çəkilişə baxmış və iddiaçının dəlilləri təsdiq olunmamışdır. Digər tərəfdən isə istinad etdiyi dəlillər əmək müqaviləsinin ləğv edilməsinə mane kimi qəbul edilə bilməz.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2*26-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar