Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1517/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətlərin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin əşyaları ilə birlikdə mübahisəli mənzildən məcburi qaydada çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
5. Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli,2(104)- ****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Cavabdeh ##.##.2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti ilə birgə buraxılmış müddətin bərpasına dair ərizə ilə yenidən müraciət etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli,*(***)- ****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpasına dair ərizə rədd edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər: Ş.Rzaquliyev – məruzəçi, İ.Həsənov, R.Məcidov).
9. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 135.6, 405.0.1-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, cavabdeh mübahisələndirilən qətnaməni ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə almışdır. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir. Cavabdehin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas vermir. Belə ki, cavabdeh qətnaməni ##.##.2025-ci il tarixdə alsa da, kifayət qədər uzun müddət keçdikdən sonra kassasiya şikayəti vermişlər. Ona görə də müddətin bərpası üçün buraxılmış dövr üzrlü sayıla bilməz.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(104)- ****/**** nömrəli qərardadının ləğv edilərək müddətin bərpasına dair ərizənin təmin edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya kollegiyası nəticəyə gələrkən Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadını nəzərə almamışdır. Həmin qərardadda qeyd olunur ki, şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
18. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”.
23. Bu hüquqi mövqeyə görə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
24. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzürlü səbəblərdən baş verməmişdir, iddiaçının bildirdiyi hallar müddətin bərpa olunması üçün əsas təşkil etmir.
25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, kollegiya apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli və şikayətin geri qaytarılması üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəfə lazımi şərait yaradılmış, onlara hüquqi qiymət verilmiş, iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.