Məhkəmə qərarları › İş №2(1-8)-1520/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1520/2026

15.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1520/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Gədəbəy rayon AİK-nın ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsi Ələkbərova (Verdiyeva) Elmira Təhməz qızı və 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.

2. JN-236 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0i05 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Ələkbərova (Verdiyeva) Elmira Təhməz qızının və 4 nəfər ailə üzvlərinin adlarına qeydə alınmışdır.

3. AR ƏMDK-nin yanında DƏDR Xidməti tərəfindən Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində sənəd üzrə sahəsi 0,05 ha, faktiki sahəsi 0,0926 ha olan torpaq sahəsində 2001-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 224,35 kv.m olan ** saylı fərdi yaşayış evinə dair ## ### 2002-ci il və ## ###### 2013-cü il tarixli Texniki Pasportlar verilmişdir.

4. Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı və digərlərinin X1 qarşı “torpaq sahəsində paylarının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, İddiaçı və ailə üzvlərinin Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.05 ha həyətyanı torpaq sahəsi üzərində hər birinin payı 1/5 hissədə müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN- 236 B saylı Şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus olan 0.05 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəsinə qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon AİK-nın ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-236 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınmışdır. Həmin torpaq sahəsinə bitişik torpaq sahəsi olan cavabdeh qanunsuz olaraq torpaq sahəsinə girmiş və onlara məxsus torpaq sahəsinin 0.02 ha hissəsini zəbt etmişdir. Cavabdeh onlara öz torpaq sahəsindən istifadə etmələrinə mane olur və torpaq sahəsindən çıxmır.

7. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi, ** saylı Şəmkir Ərazi İdarəsinin ## ######## 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon AİK-nın ## ###### 1998-ci il, ** saylı qərarı ilə verilmiş Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-236 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.05 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Kompleks Yerquruluşu və Yeni Elektron uçot xəritəsinə əsasən, Gədəbəy rayon AİKnın ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-236 B saylı “Trpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.05 ha torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə olunur.

8. Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia təmin edilərək, cavabdehin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsindən çıxarılması və ona həmin torpaq sahəsinə qanunsuz müdaxilə etməsinin qadağan edilməsi qət edilmişdir.

9. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək qeyd etmişdir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, iddiaçının və onun ailə üzvülərinin mülkiyyətində olan Gədəbəy rayonu, Qumlu kəndində yerləşən torpaq sahəsinin 0.05 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir.

11. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən həmin torpaq sahəsinə müdaxilə edilməsinə qadağa qoyulmalıdır.

12. Məhkəmə bu nəticəyə gələrkən AR Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur və iddiaçının tələbi təmin edilməməli idi. Belə ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsi 1990-cı ildən cavabdehin istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri vardır. İddiaçının iddia tələbi sürdüyü torpaq sahəsi heç vaxtı iddiaçının mülkiyyətində olmamış və həmin torpaq sahəsi 1990-cı ildən cavabdehə verilmişdir. Cavabdeh həmin torpaq sahəsində ev inşa etdirmiş, evi hörgü daşları ilə hasarlanmış və həmin evdə 35 ildir ki, yaşayır. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.05 ha torpaq sahəsi cavabdehin 1990-cı ildən istifadəsində olduğuna görə o həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Ona görə hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair tələbi əsassızdır. Belə ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunan maddi hüquq norması kobud şəkildə pozulmuşdur.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev sədrlik edən, məruzəçi, Günay Cavadova və Tural Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Gədəbəy rayon AİK-nin ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsinin 0.02 ha hissəsini zəbt etmişdir. Cavabdeh iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsindən çıxmadığı üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini təmin etmişdir.

17. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlı olmuş və aşağıdakı hüquq normaları əsasında təhlil edilməlidir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Reyestr Xidmətinin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsi bütünlükdə cavabdeh tərəfindən istifadə olunur.

20. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edilir.

21. Məhkəmə kollegiyası iş materiallarını göstərilən normalar əsasında araşdıraraq qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

22. Cavabdeh apellyasiya şikayətində Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0,05 ha torpaq sahəsindən 1990-cı ildən istifadə etdiyini, həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri olduğunu bildirsə də, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir.

23. Göründüyü kimi, apellyasiya şikayəti formal xarakter daşımış və heç bir əsası olmamışdır. Bundan başqa, işdə olan Reyestr Xidmətinin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunur.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə düzgün qətnamə qəbul edilmiş, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasalar yoxdur. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Konstitusiyasınin 13.1, 29.1, 29.3, 60, 72-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.4, 152.5, 157.2, 157.4, 239.2-ci, Torpaq Məcəlləsinin 84.1, 111-ci, habelə MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil vəkil1 Əliş oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mülkiyyət hüququna dair qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehin qanuni mənafelərini nəzərə almadan normaları iddiaçının xeyrinə şərh etmiş və nəticədə səhv qənaətə gəlmişdir. Bu səbəbdən cavabdehə məxsus torpaq sahəsindən əsassız məhrumetmə baş vermişdir. Halbuki işin faktiki halları cavabdehin həmin torpaq sahəsindən qanuni istifadə etdiyini təsdiq etmişdir. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0,05 ha torpaq sahəsi 1990cı ildən cavabdehin qanuni istifadəsində olmuşdur. Cavabdehin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri, o cümlədən şəhadətnamə və Gədəbəy şəhər XDS İcraiyyə Komitəsinin ## ####### 1991-ci il tarixli, ** nömrəli çıxarışı mövcud olmuşdur. Həmin torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Sovetinin ## ###### 1991-ci il tarixli, ** saylı qərarı ilə verildiyi də təsdiq olunmuşdur. Cavabdeh həmin torpaq sahəsində ev inşa etmiş və 35 ildən artıqdır ki, orada yaşamışdır. Bu hallar torpaq sahəsinin cavabdehə qanuni ayrıldığını və onun həmin sahədən sahiblik və istifadə hüquqları əsasında yararlandığını göstərmişdir. Məhkəmələr isə bu sənədləri və faktiki istifadəni düzgün qiymətləndirməmiş, nəticədə cavabdehin mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı tərəfin 35 ildən sonra torpaq sahəsini mübahisələndirməsi əsaslı şübhələr doğurmuşdur. Cavabdeh 1990-cı ildən həmin sahədən istifadə etmiş, orada ev tikdirmiş və uzun müddət yaşamışdır. Bu müddət ərzində iddiaçı tərəfindən hər hansı tələb və ya etiraz irəli sürülməmişdir. Məhkəmələr iddiaçı tərəfin uzunmüddətli passivliyini, torpaqdan istifadə etməməsini və mübahisənin yalnız 35 ildən sonra qaldırılmasını nəzərə almamışdır. Bundan əlavə, cavabdeh tərəfindən torpaq vergisinin ödənilməsinə dair qəbzlər mövcud olmuşdur. Həmin qəbzlər cavabdehin torpaq sahəsindən faktiki istifadə etdiyini və dövlət orqanları qarşısında həmin sahə ilə bağlı öhdəlik daşıdığını təsdiq etmişdir. Məhkəmə bu sübutları da düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, iddiaçılara torpaq sahəsinin 1998-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə ayrıldığı iddia olunsa da, həmin dövrdə iddiaçı tərəfin Rusiya Federasiyasında yaşadığı göstərilmişdir. Bu hal torpaq sahəsinin ayrılması və sənədlərdəki imzaların həqiqiliyi ilə bağlı ciddi şübhələr yaratmışdır. Məhkəmə həmin imzaların doğruluğunu araşdırmalı, zəruri sorğular verməli və sənədlərin qanuniliyinə qiymət verməli idi. Lakin bu hallar araşdırılmamışdır. İş materiallarında olan şəhadətnamələrdən görünmüşdür ki, həm iddiaçıya, həm də cavabdehə eyni ərazi üzrə ayrı-ayrı 0,05 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin sahələr qonşu torpaq sahələri olmuş və bu hal zəbt faktının mövcud olmadığını göstərmişdir. Torpaq sahələrinə dair plan-ölçü sənədləri də sahələrin ayrı olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası əsasən mütəxəssis rəyinə istinad etmişdir. Halbuki həmin rəy məhkəmə üçün məcburi sübut olmamış, torpaq sahələrinin koordinatlarının düzgün müəyyən edilib-edilməməsi isə hərtərəfli araşdırılmamışdır. Ekspertiza keçirilməmiş, zəruri sənədlər təqdim olunmadığı üçün ekspert tədqiqatı aparılmamışdır. Buna baxmayaraq, məhkəmə yalnız mütəxəssis rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmələr cavabdehin təqdim etdiyi hüquqmüəyyənedici sənədləri, uzunmüddətli istifadə faktını, vergi ödənişlərini, torpaq sahələrinin ayrı olmasını və ekspertizanın keçirilməməsini düzgün qiymətləndirməmişdir. Nəticədə apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan və mülkiyyət hüququna dair normaları düzgün tətbiq etmədən cavabdehin hüquqlarını pozmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

30. Maddə 29.3. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

32. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

33. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

38. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

39. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

40. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

43. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

44. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün, apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanıldı.

56. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

57. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya məkəməsi işə baxarkən maddi və prosessual hüquq nortmalarının tələblərini pozub.

58. Belə ki, iddiaçı mübahisəli 0.05 ha torpaq sahəsi üzərində özünün və ailə üzvlərinin mülkiyyət hüququna istinad edərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsindən istifadəsinə göstərdiyi qanunsuz müdaxiləyə son qoyulmasını iddia edir.

59. Cavabdeh isə 1990-cı ildən mübahisəli 0.05 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə əsasən istifadəsində verildiyini, həmin torpaq sahəsinin heç vaxt iddiaçının mülkiyyətində olmadığını, torpaq sahəsində ev inşa edib daş hasara alaraq son 35 ildə həmin evdə yaşadığını göstərib, iddiaya etiraz edir.

60. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

61. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

62. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

63. Hazırkı işdə, cavabdeh mübahisəli 0.05 ha torpaq sahəsində ev inşa edib son 35 ildə orada yaşadığını göstərib iddiaya etiraz etsə də, iddiaçı cavabdehin yalnız torpaq sahəsindən çıxarılmasını iddia edir.

64. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq torpaq sahəsində fərdi yaşayış evinin olub-olmadığını, həmin evin iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsində inşa edilib-edilmədiyini müəyyənləşdirmək üçün ekspertiza təyin etsə də, ekspert tərəfindən mübahisəli torpaq sahəsinə dair baza məlumatları, həmin torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə sxemi, habelə mütəxəssis rəyi təqdim edilmədiyi üçün ekspertiza aparılmasından imtina edilib.

65. Hazrkı işdən görünür ki, cavabdehin etiraz ərizəsində, apellyasiya və kassasiya şikayətlərində göstərdiyi fərdi yaşayış evi sənəd üzrə 0.05 ha, faktiki 0.0926 ha torpaq sahəsində 2001-ci ildə inşa edilməklə, ümumi sahəsi 224,35 kv.metr olmaqla 3 otaqdan ibarətdir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb.

66. Bununla belə, həmin evin məhz iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşməsi qeyri-müəyyəndir və cavabdehin adına verilmiş ## ### 2002-ci il və ## ###### 2013-cü il tarixli Texniki Pasportlarda evin ünvanı ünvan 1 göstərildiyi halda, iddiaçının və ailə üzvlərinin adına verilmiş JN-236 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsinin Gədəbəy rayonu, Qumlu kəndində yerləşdiyi qeyd olunub.

67. Apellyasiya məhkəməsi, iddiaçının və ailə üzvlərinin 0.05 ha torpaq sahəsinin mülkiyyətçisi olmalarını nəzərə alaraq, AR Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü maddələrinə və.s əsasən iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.

68. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işin obyektiv həlli üçün ilk növbədə cavabdehin inşa etdiyi evin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin üzərində inşa edilib-edilmədiyi, sözügedən sənədlərdə göstərilən evin və 0.05 ha torpaq sahəsinin eyni ünvanda yerləşibyerləşmədiyi, ümumiyyətlə hər iki ünvanın eyni ünvan olub-olmadığı iş üzrə müvafiq ekspertizalar keçirilməklə müəyyən edilməli və yalnız bundan sonra cavabdehin inşa etdiyi evin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşdiyi müəyyən olunuqda isə, iddianın əsaslılığına aşağıdakılara əsasən düzgün hüquqi qiymət verilməlidir.

69. Kassasiya məhkəməsi hesab edir ki, mülki qanunverciliyə görə torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşşat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

70. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilini torpaq mülkiyyətçisinin razılığı və ya sonradan onun etiraz etməməklə faktiki bəyənməsi əsasında (məsələn, tikilinin son 35 ildə mövcud olması) inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

71. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.).

72. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir.

73. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir.

74. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

75. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.

76. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir.

77. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.

78. Yeri gəlmişkən, kassasiya məhkəməsi onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

79. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

80. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

81. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

82. Kassasiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir.

83. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin torpaq sahəsindən çıxarıldığı təqdirdə həmin tikililərin ərsəyə gəlməsinə sərf etdiyi xərcin əvəzinin ödənilməsi barədə tələbin olub-olmaması da nəzərə alınmalıdır.

84. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının cavabdehə qarşı tikilinin sökülüb torpaq sahəsindən çıxarılmasına dair belə bir tələbi yoxdur və bu barədə iddia rəsmi qaydada birinci instansiya məhkəməsinə təqdim olunmayıb.

85. Hazırkı işdə apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmayıb. Bu isə nəticə etibarilə sadalanan maddi hüquq normalarının düzgün tətbiq olunmamasına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, habelə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir.

86. Ona görə də cavabdehin kassasiya şikayəti təmin olumalı, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

87. Göstərilənlərə əsasən və AR MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərinə rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar