Məhkəmə qərarları › İş №2(1-8)-1534/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1534/2026

04.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1534/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi, işəbərpa, əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh QSC-nin kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı əmək kitabçasında qeyd olunmuşdur ki, o, ##.##.1996-cı il tarixdən Cavabdeh QSC Gəncə Lokomotiv deposunda elektromaşın sexinə 1-ci dərəcə ilə çilingər vəzifəsinə qəbul edilmiş, müvafiq vaxtlarda dərəcəsi artırılmış, ##.##.2002-ci il tarixdə 6-cı dərəcə verilmişdir.

2. İddiaçı ##.##.2010-cu il tarixdə elektromaşın və akkumlyator sexinə 1 ay sınaq müddəti ilə usta vəzifəsinə (çilingər vəzifəsini də yerinə yetirməklə), ##.##.2010-cu il tarixdə elektromaşın sexinə 6-cı dərəcə ilə çilingər vəzifəsinə keçirilmiş, ##.##.2011-ci il tarixdə ona elektromaşın və akkumlyator sexinin usta vəzifəsi müvəqqəti həvalə edilmişdir.

3. İddiaçı ##.##.2015-ci il tarixdə elektrik maşınları sexinə usta vəzifəsinə, ##.##.2018-ci il tarixdə akkumlyator və elektrik maşınları təmiri sexinə çilingər vəzifəsinə, ##.##.2019-cu il tarixdə elektrovozların təmiri sexinə usta vəzifəsinə keçirilmişdir.

4. İddiaçıla əmək mü1qaviləsinə ##.##.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş, Cavabdeh QSC-nin Lokomotivlərin təmiri departamenti arasında bağlanmış ##.##.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən, elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmişdir.

5. Cavabdeh QSC-nin Lokomotivlərin təmiri departamentinin ##.##.2023-cü il tarixli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə (müddətin bitməsi) əsasən xitam verilmişdir.

6. İddiaçı işə bərpa ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası təmin edilmişdir.

7. Cavabdeh QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin ##.##.2024-cü il tarixli işə qəbul haqqında əmri ilə (Ali Azərbaycan Respublikası Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarına əsasən) İddiaçı işə qəbul edilmişdir.

8. İddiaçı “Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustasının ##.##.2024-cü il tarixli vəzifə təlimatı” ilə tanış olmuş və imzası ilə təsdiqləmişdir.

9. Cavabdeh QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin ##.##.2024-cü il tarixli əmrinə əsasən Departamentin Lokomotivlərin təmiri xidmətinin Biləcəri, Gəncə və Imişli lokomotivlərin təmiri depoları, yük vaqonlarının təmiri xidmətinin Qərb vaqon təmiri deposu, Şərq vaqon deposu və Bakı vaqon təmiri zavodunda çalışan bəzi işçilərin qrafik üzrə attestasiyasının keçirilməsi əmr edilmişdir.

10. İddiaçı ##.##.2025-ci il tarixli attestasiya barədə bildirişi ## #### 2025-ci il tarixdə almışdır.

11. ##.##.2025-ci il tarixli Attestasiya vərəqəsində qeyd edilmişdir ki, Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası, ümumi əmək stajı 8 ay / 19 il 4 ay olan İddiaçı 5 sual verilmiş, 1 suala cavab vermiş, 4 suala cavab verməmişdir. Səsvermənin nəticələrinə görə işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə qiymət verilmiş, əleyhinə bir səs, lehinə 4 səs verilmişdir. Attestasiya komissiyasının tövsiyələri qeyd olunmamış, müəssisə rəhbərinin ##.##.2025-ci il tarixli qərarı ilə işçinin tutduğu vəzifəyə uyğun olmaması qərara alınmışdır. Işçi attestasiya vərəqəsi ilə ##.##.2025-ci il tarixdə tanış olmuşdur.

12. Cavabdeh QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin ##.##.2025-ci il tarixli əmrinə əsasən, keçirilmiş attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə uyğun olmamasına dair komissiya tərəfindən qərar qəbul edilmişdir. Işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsini və Cavabdeh QSC-nin ##.##.2022-ci il tarixli ****** nömrəli əmrinin 1.6-cı yarımbəndini rəhbər tuturaq, Elektrovozların təmiri sexinin ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir.

13. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və ya “işçi”) iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin (bundan sonra həmçinin “cavabdeh” və ya “ADY”, yaxud, “işəgötürən”) ##.##.2025-ci il tarixli, **- */*-**-*****/**** nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddia tələbi onunla əsaslandırlılmışdır ki, iddiaçının işdən azad olunması qeyri-qanuni olmaqla, qərəzlidir. Belə ki, iddiaçı məhkəmə qərarı ilə işə qayıtdıqdan sonra rəhbərlik ona qarşı qərəzli mövqe tutmuş və həmişə hər hansısa bəhanə ilə işdən çıxarmağa çalışmışdır. Işdən çıxma əmrində iddiaçının attestasiya komissiyasının qərarı ilə işdən çıxarılması göstərilmişdir. Halbuki, iddiaçı attestasiyadan azad olunan şəxslərdəndir. Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər göstərilmişdir. Həmin maddənin bir neçə bəndi iddiaçıya aiddir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə veteranıdır. 5 dəfə attestasiya imtahanından keçmişdir. Işə bərpa olunduğu müddət 1 ildən aşağı olmaqla 5 aydır. Bütün bu hallar həmin maddənin tələblərinə əsasən iddiaçının attestasiya keçirilməyən şəxslər siyahısına daxil olduğunu göstərir. Lakin rəhbərlik ona qarşı qərəzli mövqe tutaraq öz şəxsi prinsipi əsasında iddiaçını işdən çıxarmışdır. Iddiaçının 28 il iş təcrübəsi var. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında layiqincə yerinə yetirmişdir. Işlədiyi müddət ərzində rəhbərlik tərəfindən barəsində heç bir cəza tədbiri tətbiq olunmamışdır. ##.##.2025-ci il tarixdə məzuniyyətdən işə qayıtmışdır. Xəbəri olmadan onu imtahana çağırmışlar. Imtahanın sualları barədə heç bir məlumat verilməmişdir. Imtahan aparan şəxslər iddiaçıya qərəzli mövqe ilə yanaşmış, ona öz işi və ixtisasına aid olmayan suallar da vermişlər. Imtahandan aydın oldu ki, məqsəd belə bəhanə ilə işçiləri işdən azad edilməsidir. Iddiaçının işdən çıxarılmağı məhkəmə qərarına hörmətsizlik olmaqla, əmək qanunvericiliyinin tələblərinə ziddir. Cavabdeh tərəfindən qanunun tələblərinə əməl edilməmiş, qanunvericilik dəfələrlə pozulmuşdur ki, qeyd olunan halların heç biri araşdırılmamış, onun hüquqlarının pozulmasına əhəmiyyət verilmədən qanunsuz və əsassız əmr çıxarılmışdır.

16. Cavabdeh etiraz təqdim edərək, etirazı belə əsaslandırmışdır ki, Cavabdeh QSC-nin Hərəkət vasitəsinin təmiri departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Hərəkət vasitələrinin təmiri departamentinin ##.##.2024-cü il tarixli **-*/*-*-*****/**** nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexi üzrə ##.##.2025-ci il tarixində işçilərin attestasiyası keçirilmişdir. Həmin işçilər arasında iddiaçı da olmuşdur. Attestasiya komissiyası üzvlərinin və iddiaçının imzaladığı ##.##.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iddiaçıya yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlərə uyğun olaraq 5 sual verilmiş, iddiaçı yalnız 1 suala cavab vermiş, digər 4 suala isə cavab verməmişdir. Sözügedən attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası olan iddiaçının tutduğu vəzifəyə uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixə qərar qəbul edilmişdir. Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun ##.##.2025-ci il tarixli **-*/*-**-*****/**** nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası olan iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. ##.##.2025-ci il tarixli attestasiyanın keçirilməsi barədə bildirişə əsasən iddiaçı ##.##.2025-ci il tarixdə saat 10:00-da attestasiyanın keçirilməsi barədə məlumatlandırılmışdır. Cavabdeh Qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin attestasiyası keçirilmiş, iddiaçı attestasiyanın keçirilməsi barədə əvvəlcədən məlumatlı olmuş, kifayət qədər hazırlaşması üçün vaxtının olmasına baxmayaraq, attestasiya zamanı öz peşəsinə uyğun verilən suallara cavab verə bilmədiyi üçün tutduğu vəzifəyə uyğun olmaması barədə komissiya tərəfindən qərar qəbul edilmiş, işəgötürən tərəfindən isə işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də işəgötürənin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən attestasiya olunmayan işçilər siyahısına daxil olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri təqdim etməmişdir. Həmin maddədə sadalanan heç bir hal iddiaçıya aid deyildir. Bu səbəbdən də onun attestasiyadan keçirilməsi qanunvericiliyə uyğundur.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, 2(006) ****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli, 13-1/3-10 *****/**** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin “Elektrovozların təmiri sexinin ustası” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Günay Abidova)

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi əsasında əmək münasibətləri mövcud olmuşdur. Iddiaçı 1996-cı ildən bəri cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. ##.##.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Iddiaçı həmin əmri məhkəmədə mübahisələndirmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə işə bərpa edilmişdir. Iddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək işləməmişdir. Iddiaçı işə bərpa edildikdən sonra Cavabdeh QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin ##.##.2024-cü il tarixli əmri ilə işçilərin attestasiya olunması barədə əmr edilmiş, attestasiya komissiyası yaradılmışdır. Attestasiyanın keçirilməsi barədə iddiaçıya ##.##.2025-ci il tarixdə bildiriş verilmiş və bildirişdə ##.##.2025-ci il tarixdə attestasiyadan keçirilməsinin nəzərdə tutulması qeyd edilmişdir. Attestasiya ##.##.2025-ci il tarixdə keçirilmişdir. Attestasiya vərəqəsindən müəyyən edilir ki, iddiaçıya 5 sual verilmiş, həmin suallardan 1-i cavablandırılmış, digərləri cavablandırılmamışdır. Nəticədə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə səsvermədə əleyhinə 1, lehinə 4 səs verilmişdir. Buna görə də cavabdeh iddiaçının tutduğu vəzifəyə uyğun olmamasına dair komissiya tərəfindən qərar qəbul edilməsini, işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyini nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ##.##.2025-ci il tarixdən ləğv edilməsi barədə əmr vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, attestasiya olunmayan işçilər kateqoriyasına aid olduğuna görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsassız olduğunu və ləğv edilməsini məhkəmədən xahiş edir. O iddia edir ki, müharibə veteranı olduğuna, 5 dəfə attestasiyadan keçdiyinə və işə bərpa olduqdan sonra 1 ildən az müddətdə işlədiyinə görə o, attestasiya olunmayan işçilər kateqoriyasına aid edilir. Cavabdehin nümayəndəsi isə iddia tələbinin əsassız olduğunu, müharibə veteranlarının həmin kateqoriya şəxslərdən olmadığını, 5 dəfə attestasiya keçirilmədiyini və iddiaçının yeni işə qəbul edilmədiyinə, yəni əvvəlki işinə bərpa olunduğuna görə onun bir ildən az müddət işlədiyi nəticəsinə gəlməyin doğru olmadığını bildirmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Iddiaçı 5 dəfə – 2005, 2010, 2015, 2017 və 2025-ci illərdə attestasiyadan keçdiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, qanunvericilik eyni müəssisədə deyil, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilərin attestasiya olunmayan işçilər kateqoriyasına aid olduğunu müəyyən edir. Iddiaçı isə qeyd olunan kateqoriyaya aid olduğunu sübut edə bilmir.

20. Iddiaçının müharibə veteranı olmasına münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, qanunvericilik müharibə veteranlarını attestasiya olunmayan işçilər kateqoriyasına aid etmir.

21. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər kateqoriyasına aid olması bardə dəlili əsaslıdır. Belə ki, iddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək işləməmişdir. Onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə iddianı təmin etmişdir. Iddiaçı 16 ay işsiz qalmışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə işə bərpa edilmiş və cəmi 5 ay işlədikdən sonra attestasiya keçirilmişdir. Halbuki, Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər attestasiya olunmayan işçilər kateqoriyasına aiddir.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının işə bərpa olunması onunla yeni əmək müqaviləsi bağlanması mənasına gəlmir, əvvəlki işinə davam etməsi mənasına gəlir. Lakin qeyd olunan normanın mahiyyəti faktiki olaraq işçinin öz əmək fəaliyyətini həyata keçirməsindən ibarətdir. Yəni, əmək hüquqlarının qorunmasının minimum həddini müəyyən edən Əmək Məcəlləsində bu normanın mövcud olmasının səbəbi yeni əmək müqaviləsi bağlayan və ya yeni vəzifəyə təyin olunan şəxslərdən əlavə, vəzifəsini faktiki bir ildən az müddətə icra edən digər işçilərə aiddir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 16 ay əmək funksiyalarının icrasından kənarda qalmışdır. Iddiaçı faktiki olaraq həmin dövrdə işəgötürənlə əmək münasibətlərində olmamışdır. Ictimai, sosial, eyni zamanda hüquq münasibətlərinin, texnologiyanın bu qədər surətli inkişaf etdiyi bir vaxtda şəxsin 16 ay əmək funksiyalarını həyata keçirməməsini görməzdən gəlmək və sanki onun işlədiyi təəssüratını yaratmaq ədalətsiz olmaqla əmək hüquq normalarının pozulması ilə nəticələnər. Buna görə də qanunun normasında “faktiki” sözü əlavə edilmişdir ki, işçinin üzrlü səbəblərdən işləyə bilməməsi normanın tətbiq dairəsinə daxil edilsin. Işçilərin attestasiyası onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir.

23. Birinci instansiya məhkəməsi onu da nəzərə aldığını vurğulamışdır ki, iddiaçının öz əmək funksiyasını 16 ay həyata keçirə bilməməsinə elə həmin işəgötürənin qanunsuz əmri səbəb olmuşdur. 30 ilə yaxındır ki, həmin müəssisədə çilingər, usta vəzifələrində işləmiş (vəzifə təlimatına əsasən həmin vəzifələr üçün ali təhsil tələbi yoxdur) iddiaçının işə bərpa edildikdən sonra çox qısa müddət ərzində attestasiyaya cəlb edilməsi (cəlb edilməməli olduğu halda) və tutduğu vəzifəsinə uyğun olmaması kimi qiymətləndirilməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Buna görə də cavabdehin bu hissədə etirazı əsaslı sayıla bilməz.

24. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya dair attestasiya vərəqəsində onun əmək stajının müddətinin 1 ildən az qeyd olunmasına baxmayaraq, attestasiyadan keçirilmişdir. Halbuki, fakitiki olaraq 1 ildən az müddətə həmin vəzifədə işlədiyinə görə iddiaçı attestasiyadan keçirilməməli idi.

25. Birinci instansiya məhkəməsi bir xüsusatı da diqqətə çatdırıb ki, attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə qərarının nəticəsində işəgötürən mütləq işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etməlidir kimi bir hüquq norması mövcud deyil. Əmək müqaviləsini ləğv etmək işəgötürənin hüququdur.

26. Bundan başqa, cavabdehin ##.##.2025-ci il tarixli əmrində işçinin daha aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsiz olduğu qeyd olunsa da, bunun səbəbləri (niyə məhz 30 ilə yaxın eyni sahədə iş təcrübəsi olan şəxsin daha aşağı vəzifəyə keçirilməsinin mümkünsüz olması, təlimlərə cəlb edilməsinin səmərə verməyəcəyi qənaətinə gəlinməsi) əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslardan hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Mübahisəsiz məsələdir ki, işçi əmək münasibətlərinin daha zəif tərəfidir. Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, işçinin Əmək Məcəlləsində təsbit olunmuş əsas hüquqlarından biridir. Işçinin qanunla təminat altına alınmış hüquqlarını işəgötürənin xeyrinə şərh etmək hüququn və məhkəmələrin mövcud olma səbəbinə, qanunun aliliyinə zidd mövqe olar.

27. Birinci instansiya məhkəməsi qeyd olunan bütün diqqətəlayiq halları və təqdim edilən sübutları nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin ##.##.2025-ci il tarixli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir.

28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 65, 66, 68, 70, 71, 83, 297, 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, düzdür, iddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək işləməmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ##.##.2023-cü ilə kimi artıq həmin vəzifədə faktiki olaraq 1 il müddətində işləmişdir. Beləliklə, ##.##.2025-ci il tarixə kimi (attestasiyanın keçirildiyi günə kimi) iddiaçının Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexinin usta vəzifəsi üzrə əmək stajı 2 il 9 ay, həmin vəzifədə faktiki işləmə müddəti isə 1 il 5 aydır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı 30 ilə yaxındır ki, həmin müəssisədə çilingər, usta vəzifəsində çalışıb. Iddiaçı 16 ay əmək funksiyalarının icrasından kənar qalmışdır. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, əgər iddiaçı 30 ildir eyni işi görürsə, 16 ay əmək funksiyasının icrasından kənarda qalması səbəbi ilə gördüyü işi unutması ağlabatan deyildir. Halbuki, attestasiya zamanı verilən suallar iddiaçının 30 ildir gördüyü işlə bağlıdır. Bu səbəbdən də iddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin əhatə dairəsinə düşmür. Lakin bu halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Sözügedən attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası olan iddiaçının tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Bundan sonra, Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun ##.##.2025-ci il tarixli, 13-1/3-10 *****/**** nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2024-cü il tarixli, 2(103) ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində iddiaçının işə bərpa olunma əsası kimi qeyd edilmişdir ki, hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 1996-ci ildən 2022-ci ilə qədər fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi görmüşdür. Əgər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının 30 ildir eyni işi görməsi faktı müəyyən edilmişdirsə, hazırki işdə məhkəmənin gəldiyi nəticə absurddur. Beləliklə, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Bunu nəzərə alaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz. Qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual hüquq normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir.

31. Iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazını belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə işə qayıtmağına görə depo rəisi ona qarşı qərəzli mövqe tutmuş və normal əmək fəaliyyəti göstərməyimə maneəçilik törədilmişdir. O, məhkəmənin qərarı ilə əmək fəaliyyətinə yenidən, yəni ## ###### 2024-cü il tarixdə başlamışdır. Yenidən işə başladıqda 5 ay müddət keçdikdən sonra attestasiya imtahanına cəlb edilmiş və attestasiyanın nəticəsinə görə işdən azad edilmişdir. Cavabdeh tərəfindən qanunvericliyin tələbi kobud surətdə pozulmuş və qanunvericiliyin normasına əməl edilməmişdir. Qanunun tələbinə əsasən işçi yalnız 1 il işlədikdən sonra attestasiyaya cəlb oluna bilər. Belə ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi müddətdə 2005-ci il, 2010ci il, 2015-ci il, 2017-ci il və 2025-ci ildə keçirilən attestasiyada iştirak etmişdir. Qanunvericiliyin tələbinə əsasən ardıcıl olaraq üç dəfə attestasiyadan keçdiyi üçün iddiaçı dördüncü və beşinci attestasiyada iştirak etməməli idi. Cavabdeh maddi hüquq normalarına düzgün istinad etməmiş və apellyasiya şikayətində qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün tövsif etməmişdir. Apellyasiya şikayətində prosessual hüquq normasına düzgün istinad edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində iş hərtərəfli və obyektiv araşdırılmışdır. Hesab edir ki, cavabdeh tərəfin iddiaçıya qarşı qərəzli mövqeyi nəticəsində işdən azad edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova, Məhəmməd Rüstəmli)

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, göstərmişdir ki, attestasiya vərəqəsində işəgötürənin özü tərəfindən aparılmış qeydlərdən görünür ki, attestasiya keçirilən zaman iddiaçının tutduğu vəzifə elektrovozların təmiri sexinin ustası, bu vəzifəyə təyin olunduğu vaxt ## #### 2022-ci il, ADY-də ümumi əmək stajı 19 il 4 ay, həmin vəzifədə əmək stajı isə 8 ay qeyd olunmuşdur. Yəni, iddiaçının həmin vəzifədə əmək stajının 1 ildən az olması cavabdehin özü tərəfindən aparılmış qeydlərlə də təsdiqini tapır.

34. Bundan başqa, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndində işə başlama tarixi ## #### 2022-ci il və 3 ay sınaq müddəti qeyd olunmuşdur. Əmək Məcəlləsinin 51.1ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

35. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya şikayətində “iddiaçı 30 il ərzində eyni işi görürsə, 16 ay əmək funksiyasının icrasından kənarda qalması səbəbi ilə gördüyü işi unutması ağlabatan deyildir” arqumentinə istinad olunsa da, əmək müqaviləsinə əsasən müəyyən olunur ki, məhz işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə işəgötürən 3 aylıq sınaq müddəti müəyyən etmişdir.

36. O cümlədən, qanunvericilikdə attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə qərarının nəticəsində işəgötürənin mütləq işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etməli olmasını nəzərdə tutan hüquq norması mövcud deyildir. Belə ki əmək müqaviləsini ləğv etmək işəgötürənin hüququdur. Cavabdeh ## ### 2025-ci il tarixli əmrində işçinin daha aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsiz olduğu qeyd olunsa da, bunun səbəbləri əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

37. Apellyasiya şikayətinin digər dəlilinə – iddiaçı ## #### 2023-cü ilə kimi artıq həmin vəzifədə faktiki olaraq 1 il müddətində işləmiş, ## ##### 2025-ci il tarixə kimi (attestasiyanın keçirildiyi günə kimi) iddiaçının Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexinin usta vəzifəsi üzrə əmək stajı 2 il 9 ay, həmin vəzifədə faktiki işləmə müddəti isə 1 il 5 aydır – münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçi 1 il həmin vəzifədə işlədikdən sonra işlədiyi müddətdən artıq– 16 ay ərzində əmək funksiyalarının icrasından kənarda qalmış, vəzifəyə başladıqdan bir neçə ay sonra isə attestasiyaya cəlb olunmuş, tutduğu vəzifəsinə uyğun olmaması kimi qiymətləndirilmə aparılması onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 65, 66, 68, 70ci (“c”

38. bəndi), 83.1, 83.4, 297, 300.1-ci maddələri və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmədə araşdırma zamanı da cavabdeh tərəfindən qeyd edilmişdir ki, attestasiya vərəqəsində texniki səhv olmuşdur. Belə ki, iddiaçının ADY-də ümumi əmək stajı ##.##.1996-cı il tarixdən (ilk dəfə ADY-də işə qəbul günündən) ##.##.2025-ci ilə (attestasiyanın keçirildiyi günə) kimi 28 il 4 ay, sonuncu vəzifə üzrə əmək stajı isə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 2 il 9 ay olmuşdur. Bu, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən də öz təsdiqini tapır. Buna baxmayaraq məhkəmə bunları nəzərə almamış, iddiaçının təqdim etdiyi əmək kitabçasına diqqət yetirməmiş, əksinə, texniki səhv açıq-aşkar ortada olduğu halda, məhkəmə həmin rəqəmlərə sübut kimi hüquqi qiymət vermişdir. Bir sözlə, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 65 (1). Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65 (2). Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65(5). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65(6). Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65(7). Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 68(1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68(2). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Maddə 71(3). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83(1). Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83(4). Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı “Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə üzrə düzgün nəticəyə gəlib, şikayətin dəlillərinə tam qiymət verib.

47. Məhkəmə kollegiyası məhkəmələrin hazırki qərarın 18-27 və 33-37-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki instansiya məhkəməsi, o cümlədən apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

49. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Cavabdeh əsasən iddiaçının eyni vəzifədə 1 ildən artıq işləməsini, bu səbəbdən onun attestasiya edilməli olmasına istinad etmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, eyni məzmunlu həmin dəlillərə hər iki instansiya məhkəməsi tam qiymət verməklə onları qəbul etməyib.

52. Kollegiya həmin qiymətləndirmə ilə razılaşır və eyni zamanda bununla bağlı onu da qeyd etməyi zəruri sayır ki, Əmək Məcəlləsinə görə attestasiyanın məqsədi müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərini təmin etmək və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq, habelə əmək məhsuldarlığının və işin səmərəliliyini artırmaq, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqidir.

53. Əmək Məcəlləsinin 66-cı maddəsində bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiya olunmayan işçilər kateqoriyasına aid edilməsinin məqsədi də ondan ibarətdir ki, işçinin faktiki olaraq son bir ildə həmin peşə üzrə nəzəri-praktiki bilikləri və vərdişləri formalaşmış olsun. Başqa sözlə, qanunverici işçinin bir vəzifə üzrə nəzəri-praktiki bilikləri və vərdişlərinin yaranması üçün 1 il müddət müəyyən etmişdir. Bu baxımdan, həmin maddədə işlənən “faktiki” sözü əslində maddənin məqsədləri baxımından işçinin bir peşədə 1 il fasiləsiz olaraq işləməsini nəzərdə tutur.

54. Əks yanaşma – cavabdehin bildirdiyi kimi, iddiaçının məhkəmə qətnaməsi ilə işə bərpa olunana kimi 1 ildən artıq eyni vəzifədə işləməsi – qeyd edilən normanın düzgün tətbiq edilməməsi ilə nəticələnə, məhkəmə qətnaməsi ilə uzun müddət işdən kənarda qalan işçinin əsassız olaraq attestasiyaya cəlb edilməsinə gətirib çıxara bilər. Işə bərpa barədə məhkəmə qətnaməsi işçinin əmək stajının fasiləsizliyi və onun ümumiyyətlə, əmək fəaliyyətinin davamlılğı anlamına gəlsə də, həmin fasiləsizlik attestasiyanın məqsədləri baxımından 1 illik faktiki eyni vəzifədə (peşədə) işləməyi ethtiva etmir.

55. Işçinin işə bərpa edilməsi təcrübədə, məhkəmə aktlarından şikayət verilməsi də nəzərə alındıqda, adətən bir ildən, hətta iki ildən çox vaxt apara bilər. Belə olan halda, həmin işçinin məhkəmə qərarı ilə işə bərpa edilməsindən qısa müddət sonra (1 ildən az) attestasiya cəlb edilməsi Əmək Məcəlləsinin 66-cı maddəsində nəzərədə tutulan “faktik olaraq bir ildən az müddətdə” çalışan işçilərin attestasiya olunması demək olar.

56. Attestasiya vərəqəsində iddiaçının iş stajınını 1 ildən az yazılmasının texniki səhv olması, bu səhvin nəzərə alınmaması barədə dəlil də əsassızdır. Belə ki, məhkəmələr iddiaçının faktiki olaraq bir vəzifədə (peşədə) faktiki olaraq 1 ildən az işləməsini müəyyən edərkən yalnız həmin vərəqədəki qeydə istinad etməyiblər. Həmin hal işdə olan digər sənədlər, o cümlədən iddiaçının işə bərpa edilməsi ilə bağlı məhkəmə aktlarına əsasən müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar