Məhkəmə qərarları › İş №2(1-8)-155/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-155/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-155/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 MMC-yə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi, müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, borcun silinməsi, hüquqdan sui-istifadə, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. ## ##### 2007-ci il tarixdə bağlanmış “mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” ****** saylı müqaviləyə əsasən cavabdeh2 MMC abunəçi Iddiaçı nömrə, açıq rabitə xətti ayırması və rabitə xidmətləri ilə təmin etməsini, abunəçi isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödənişin həyata keçirməsini öhdələrinə götürmüşlər. Həmin müqavilə əsasında abunəçi Iddiaçı istifadəsinə 70-***-07-71 mobil telefon nömrəsi təqdim edilmişdir.

2. ## ##### 2018-ci il tarixdə imzalanmış abunəçi məlumatlarının dəyişdirilməsi və tarif dəyişikliyi barədə əməliyyat sənədlərinə əsasən, 70-***-07-71 GSM nömrəsinə B2B Pro 7 xidmətinin göstərilməsi razılaşdırılmışdır.

3. cavabdeh2 MMC tərəfindən Iddiaçı ünvanlanmış ## ###### 2022-ci il tarixli pretenziya məktubuna əsasən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə yaranmış 39395,86 manat borcun pretenziya məktubunu aldıqdan sonra 10 iş günü müddətində cavabdeh2a ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

4. Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən **-***-**-** nömrəli abunə müqaviləsinə əsasən vaxtında ödənilməmiş 39395,87 manatın Iddiaçı cavabdeh2 MMC-nin xeyrinə tutulmasına dair ## ###### 2023-cü il tarixdə icra qeydi verilmişdir.

5. cavabdeh2 MMC tərəfindən təqdim edilmiş 70-***-07-71 kombinasiyalı mobil nömrə üzrə hesablanmış borca dair məlumatda 39383,84 manat borcun 2017-ci ilin oktyabr ayından 2022-ci ilin avqust ayına qədər olması müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 MMC-yə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ##### 2007-ci il tarixli, ****** saylı ‘'Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi, cavabdeh2 MMC tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 39395 manat borcun silinməsi, ** saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8I-*** reyestr nömrəli, ## ###### 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, dövlət rüsumu üçün ödənilmiş *** manat məbləğində pulun cavabdeh cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya təqdim edilən ## ###### 2023-cü il tarixli icra qeydinə əsasən onun cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə 39395 manat borcu olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış borc əsassız və qanunsuzdur. Iddiaçı tərəfindən borcun hesablanmasına əsas olmuş telefon nömrəsi ümumiyyətlə iddiaçı tərəfindən istifadə olunmamış, qeyd olunan telefon nömrəsinə dair iddiaçı ilə hər hansı müqavilə imzalanmamışdır. Eyni zamanda borcun hesablanması mexanizmi qeyri-müəyyəndir. Belə ki, əgər borc məbləği hesablanmaqda idisə, bununla bağlı iddiaçıya bu zamana qədər hər hansı bildiriş və ya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmalı idi. Müqavilə iddiaçı tərəfindən imzalanmadığından onun iradə ifadəsini əks etdirmir. Müqaviləyə əlavəyə nəzər yetirildikdə, “Service list” (Xidmət siyahısı) adlanan bölmədə qeyd edilən bütün məlumatlar qarşısında heç bir qiymət göstərilməmişdir. Buradan da, tələb olunan əsassız borc məbləğinin hesablanması mexanizminin qeyri-müəyyən olması davam etməkdədir.

8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 52-53-cü vərəqlərində cavabdeh2 LLC ilə Iddiaçı arasında bağlanmış ## ##### 2007-ci il tarixli “Müqaviləyə Əlavə AN ****** saylı xidmətin göstərilməsinə” dair sənədin 2-ci vərəqində “Abunəçi” qrafasındakı imza və 54-55-ci vərəqlərində cavabdeh2 LLC ilə Iddiaçı arasında bağlanmış ## ##### 2007ci il tarixli ****** saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin” 1-ci vərəqində “ABUNƏÇI” qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqində “ABUNƏÇI” qrafasındakı imza Iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 85-86-cı səhifələrində olan cavabdeh2 MMC ilə abunəçi Iddiaçı arasında olan ## ##### 2018-ci il tarixli abunəçi məlumatlarının dəyişdirilməsi və tarif dəyişikliyi barədə əməliyyat sənədlərdə “Abunəçi” qrafalarındakı imzaların - Iddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

9. Birinci instansiya məhkəməsində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əlyazmalar və səslərin ekspertizaları” şöbəsinin aparıcı eksperti, R X1 izahatında bildirmişdir ki, təqdim olunan imza elementlərində və tərkibində hər hansı qiymətli əlamətə yəni həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, müqayisəedici təqdiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək mümkün olsun. Birbaşa çəkilən imzada nümunələr arasında müqayisədə imzalar uyğun gəlməmişdir. Yeni nümunələr təqdim olunduqda və digər ekspertə həvalə olunduqda qəti (müsbət və ya mənfi) bir rəyə gəlməsi mümkün olacaqdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizası üzrə ## ###### 2024-cü il tarixli rəyə əsasən mülki işin 85-ci vərəqində olan ## ##### 2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”nin aşağı hissəsində “Abunəçi:” qrafasında “Iddiaçı” yazılarının qarşısındakı imza; mülki, işin 86cı vərəqində olan ## ##### 2018-ci il tarixli Tarif dəyişikliyi barədə əməliyyat sənədinin aşağı hissəsində “Abunəçi:” qrafasında “Iddiaçı” yazılarının qarşısındakı imza eyni şəxs – Iddiaçı tərəfindən icra olunmuşdur. Sənədlərin materiallarının tədqiqi üzrə rəyin tədqiqi hissəsinin 1ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “Əməliyyat sənədlərində (mülki işin 85- 86-cı səhifələri) olan sənədlərin imzalanma tarixini müəyyən etmək mümkündürmü, mümkündürsə hansı tarixdə imzalanmışdır və həmin sənədlərin tərtib edilmə tarixini müəyyən etmək mümkündürmü?” sualları üzrə tədqiqat aparılmamışdır. Sənədlərin məhkəmə texniki ekspertizası üzrə təqdiqata təqdim edilmiş ## ##### 2018-ci il tarixli ******** nömrəli əməliyyat sənədlərinin üzərlərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişlər. Təqdim edilmiş ## ##### 2018-ci il tarixli ******** nömrəli əməliyyat sənədlərin blankları elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişlər.

11. Məhkəmənin sorğusu əsasında cavabdeh cavabdeh2 MMC tərəfindən təqdim edilmiş məlumata əsasən 70-***-07-71 kombinasiyalı mobil nömrədə yaranmış borc həmin nömrədə aktiv olan “Business+” tarifinə əsasən hesablanmışdır. Həmin tarifə əsasən aylıq abunə haqqı 1,5 manat, ölkədaxili səs, video zənglər (hər dəqiqə üçün) 0,05 manat, ölkədaxili sms üçün (hər ədəd üçün) 0,04 manat, beynəlxalq sms (hər ədəd üçün) 0,06 manat, internet (hər 1MB üçün) 0,1 manat təşkil edir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddia qismən təmin edilərək, Bakı şəhəri ** saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli 8I-*** reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, normativ hüquqi aktların tələblərinə uyğun icra qeydi aparılmamışdan öncə icra qeydinin aparılacağı barədə 20 gün əvvəl borcluya məlumatın göndərilməsinin təsdiqini cavabdeh və notariat ofisi təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən notariat ofisi tərəfindən icra qeydinin qanuna uyğun qaydada verilməsinin sübutu olmadığından həmin icra qeydi ləğv edilməlidir.

14. Əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Iddiaçı tərəfin müqavilənin etibarsızlığı iddiasını təşkil edən dəlillərin əsasında qeyd olunan telefon nömrəsinə dair iddiaçının hər hansı müqavilənin imzalamaması durmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi üçün işin məhkəmədə baxılması zamanı məhkəmə tərəfindən üç dəfə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2023-cü il tarixli rəyinə əsasən ## ##### 2007-ci il tarixli ****** saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin” 1-ci vərəqində “abunəçi” qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqində “abunəçi” qrafasındakı imza - Iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə əsasən ## ##### 2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”nin aşağı hissəsində “Abunəçi:” qrafasında “Iddiaçı” yazılarının qarşısındakı imza; ## ##### 2018-ci il tarixli Tarif dəyişikliyi barədə əməliyyat sənədinin aşağı hissəsində “Abunəçi:” qrafasında “Iddiaçı” yazılarının qarşısındakı imza eyni şəxs – Iddiaçı tərəfindən icra olunması qeyd edilmişdir.

15. Məhkəmə, ## ##### 2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”ndə olan imzanın iddiaçıya məxsusluğu müəyyən edildiyindən ondan əvvələ aid ## ##### 2007-ci il tarixli ****** saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilə”də olan imzanın da iddiaçıya məxsusluğu qənaətinə gəlmişdir.

16. Belə ki, sonra bağlanılan müqavilə əvvəl bağlanılan müqavilə ilə sıx əlaqəli olmaqla, həmin müqaviləyə aparılan tarif dəyişikliyi/əlavəsi haqqındadır. Bu səbəblə onların hər ikisinin Iddiaçı aid olması halı məntiqli və ağlabatandır.

17. Beləliklə də, müqavilənin etibarsızlığı əsası sübut olunmadığından qeyd edilən hissədə iddia əsaslı olmadığından, təmin edilməməlidir.

18. Silinməsi tələb edilən borc tərəflər arasında bağlanmış ## ##### 2007-ci il tarixli “mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” ****** saylı müqavilədən irəli gəlmişdir. Məhkəmə tərəfindən həmin müqavilənin etibarsızlığı sübuta yetirilmədiyindən, məhkəmə hesab etmişdir ki, borcun silinməsi üçün əsaslar mövcud olmamaqla qeyd edilən hissədə də iddia təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331, 337, 385, 405, 442, 527-ci, “Notariat haqqında” Qanunun 76, 79-cu maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın rədd olunduğu hissədə ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli rəyinə əsasən cavabdeh2 MMC-yə məxsus “BSS” adlı sistemə (kompüter bazasına) yerində baxış keçirilmişdir. Iddiaçı məlumatları sistem üzərindən sorğulandıqda, həqiqətən borc məbləğinin mövcud olduğu müşahidə edilmişdir. cavabdeh2 MMC-yə məxsus olan “BSS” sisteminə nəzər keçirilən zaman məlum olmuşdur ki, borc “GPRSNoRoamFee”, yəni ölkə daxilində istifadə olunan Internet xidmətin istifadəsi ilə əlaqəlidir. Ekspert maliyyə məsələləri üzrə ixtisaslanmış mütəxəssis olmadığına görə borcun hansı tarixdə yaranmasına dair məlumat verə bilmir. Lakin, borc bir dəfə yaranandan sonra hər ay artmağa davam etmişdir. ## #### 2025-ci il tarixinə olan məlumatlara əsasən borc məbləği 39.395,87 manat təşkil edir. cavabdeh2 MMC-yə məxsus olan “BSS” sistemində məlumatlara dəyişiklik etmək yalnız səlahiyyətli şəxslər tərəfindən mümkündür. Səlahiyyətli şəxslər dedikdə, sistemin təchizatçısı nəzərdə tutulur. Dəyişikliklər hər mərhələdə cavabdehin əməkdaşları tərəfindən təsdiqlənir. cavabdeh2 MMC-nin əməkdaşları tərəfindən təqdim olunan məlumatlara əsasən təchizatçı tərəfindən bu cür dəyişikliklərin edilməsi yalnız “fövqəladə” hallarda nəzərdə tutulub. cavabdeh2 MMC-yə məxsus olan “BSS” sistemində saxlanma müddəti 60 ay təşkil edir. Lakin, zərurət yarandığı halda, daha “köhnə” məlumatlar təchizatçının dəstəyi ilə əldə oluna bilər.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundova və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın borcun silinməsi tələbinin rədd olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Iddiaçı hesablanmış 39115 manat məbləğində borcun silinməsi, iddianın 268,84 manat məbləğində borcun silinməsi hissəsində rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan hesab-fakturaların nəinki qarşı tərəfə göndərilməsi, ümumiyyətlə tərtib olunmasına dair cavabdeh2 MMC tərəfindən birinci instansiya məhkəməsinə heç bir sübut təqdim olunmamış, hətta apellyasiya instansiyasında işə baxılarkən məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinə dəfələrlə hər hansı bir hesab-fakturanın təqdim olunması təklif edilsə də, nəticəsi olmamışdır.

24. Beləliklə, cavabdeh2 MMC müqaviləyə zidd olaraq hesab-fakturanı təqdim etmədən, yəni, öz vəzifəsini yerinə yetirmədən, həmçinin, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olaraq borcun mövcudluğu barədə qarşı tərəfə məlumat vermədən icra qeydinin aparılması ilə bağlı notariat kontoruna müraciət etmişdir ki, Mülki Məcəllənin 560.3-cü maddəsinə əsasən bu hallar məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

25. Həmçinin, hazırkı araşdırmanın predmetini təşkil etməsə də, icra qeydinin ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını da notariat haqqında qanunvericiliyin tələblərinə zidd olaraq bildirişlərin çatdırılmaması təşkil etmişdir.

26. Apellyasiya kollegiyası qeyd etmişdir ki, müqavilənin 4.2.7 və 9.3-cü bəndlərinə əsasən ödəniş öhdəlikləri müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilmədikdə müqaviləni dayandırmaq və ya xitam vermək cavabdeh2 MMC-nin hüququ kimi nəzərdə tutulsa da, sonuncu bu hüququndan da istifadə etməmişdir. Halbuki, borcun əsas hissəsinin yarandığı müddət 2019-2021-ci illəri, yəni, 3 illik müddəti əhatə edir.

27. Bundan başqa, ay ərzində hesablanmış borclar reallığa uyğun olmadığından məhkəmə kollegiyası tərəfindən cavabdehə borcun yaranma əsasları ilə bağlı sübutların təqdim olunması təklif olunsa da, heç bir sənəd təqdim olunmamışdır. Məsələn, ölkədaxili internet xidmətindən istifadəyə görə 2020-ci ilin aprel ayı üzrə 2359,9 manat, iyul ayı üzrə 1354,35 manat, noyabr ayı üzrə 2522,04 manat, dekabr ayı üzrə 5850,76 manat, 2021-ci ilin yanvar ayı üzrə 4379,98 manat, fevral ayı üzrə 1665,32 manat, mart ayı üzrə 1881,26 manat, iyul ayı üzrə 3091,21 manat, avqust ayı üzrə 3255,44 manat, sentyabr ayı üzrə 2117,18 manat məbləğində borc hesablandığından, cavabdeh2 MMC tərəfindən məhkəməyə bu məbləğin hansı həcmdə internetdən istifadəyə görə yaranması, hansı tarif planı ilə hesablanması ilə bağlı sübutlar təqdim olunmalı idi. Cavabdeh tərəfindən məhkəməyə ayrıayrılıqda ## ###### 2023-cü il tarixli məktubla, həmçinin Excel cədvəlində məlumatlar təqdim olunmuşdur. Apellyasiya şikayətində də qeyd olunduğu kimi həmin məlumatların arasında fərqlərin olduğu aşkardır. Cavabdehin nümayəndəsinə bu fərqin yaranma səbəbləri ilə bağlı suallar ünvanlansa da, cavablandırılmamış, sübutların təqdim olunması təklif olunsa da, hər hansı bir sənəd təqdim olunmamışdır.

28. Qeyd olunan sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasa da məhkəmə kollegiyası tərəfindən hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədilə ekspertiza təyin olunmuş, lakin iş üçün əhəmiyyət kəsb edən “Əgər borc məbləğinin mövcudluğu kompüter bazasında əksini tapsa, həmin borcun yaranma əsasları nədir, hansı tarixlərdə yaranmışdır və məbləği nə qədər təşkil edir?”, “Sistemdə Iddiaçı adına hesablanmış borca dair məlumatlar hansı tarixlərdə daxil edilmişdir?”, “Iş materiallarında olan ## ###### 2023-cü il tarixli məktubla, həmçinin Excel cədvəlində təqdim olunan məlumatlar Iddiaçı aiddirmi? Əgər hər 2 sənədlə təqdim olunmuş məlumatlar Iddiaçı aiddirsə həmin cədvəllər arasında mövcud olan ziddiyyətlərin yaranma səbəbi nədir və borc hesablanarkən hansı məlumatlar əsas götürülmüşdür?” sualların cavablandırılması mümkün olmamışdır.

29. Işin hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun 39383,84 manat məbləğində borcun 268,84 manat hissəsi zəng və aylıq abunə haqqına görə, 39115 manat məbləğində hissəsi isə internetdən istifadəyə görə hesablanmışdır. 268,84 manat məbləğində borcun zəng və aylıq abunə haqqına görə hesablanması ilə məhkəmə kollegiyası razılaşmış, lakin internetdən istifadəyə görə 39115 manat məbləğində borcun hesablanması real və ağlabatan deyildir, həmçinin, yuxarıdakı bəndlərdə qeyd olunduğu kimi bu borcun hansı əsaslarla yaranması və hesablanması məlum deyildir, cavabdeh tərəfindən bununla bağlı heç bir sübut təqdim olunmur. Bundan başqa 4 il ərzində iddiaçıya hər hansı bir hesab-fakturanın təqdim olunmaması, kifayət qədər yüksək məbləğdə borcun yaranmasına baxmayaraq bu müddət ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməməsi də borcun əsassız hesablandığını təsdiq edir.

30. Apellyasiya kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın borcun silinməsi hissəsinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuşdur, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.1, 442, 560.1, 560.2, 560.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

32. Cavabdeh cavabdeh2 MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 442, 448-ci maddələrinin tələbləri pozulmuşdur.

34. Belə ki, borclunun öhdəliklərini icra etmədiyi, bununla da icra edilməyən öhdəliklərinə görə cavabdeh olmasına baxmayaraq məhkəmə iddianı rədd etməklə əsassız olaraq onu məsuliyyətdən azad etmişdir. Fakturanın göndərilməsi və ödənişin yalnız faktura əsasında həyata keçirilməli olması hüquqi əsaslandırma hesab edilə bilməz, bu yalnız ödəniş edilməsinin maliyyə mexanizmlərini tənzimləyən bir haldır. Faktura göndərilməməsi abunəçini öz öhdəliklərini icra etməkdən yayınmasına gətirib çıxarmamalıdır. Iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin əsası kimi müqavilədə imzaların ona məxsus olmamasını, nömrələrin ona verilməməsini və borcun şişirdilməsini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddia tələbindən kənara çıxaraq fakturanın göndərilməməsini borcun silinməsi əsası kimi qəbul etmişdir. Məhkəmənin internet xidmətlərinə görə hesablanmış borcun hansı reallığa uyğun olmaması aydın deyildir. Məhkəmə borcun reallığa uyğun olmasını göstərməklə, həmin sahənin mütəxəssis və ya ekspert vəzifəsini öz üzərinə götürmüşdür. Halbuki, ay ərzində internet xidmətlərindən bu qədər internet xidmətlərindən istifadə edilməsi realdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza zamanı iddiaçının nümayəndəsi vəkil1 da ekspertizanın aparılmasında iştirak etmiş və borcun əks olunduğu müvafiq sistemə mütəxəssis və ekspertin iştirakı ilə baxış keçirilmiş, borcun sistemdə əks olunduğu müəyyən edilmişdir. Həmin borcun hansı dövrü əhatə etməsi, hansı xidmətlərə görə yaranması və sistemə heç kim tərəfindən müdaxilə edilmədiyi da müəyyən edilmişdir.

35. Iddiaçının vəkili vəkil1 məhkəməyə vəsatət verərək, kassasiya şikayətinə şifahi icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

36. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Etiraza işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlillərinin hüquqi və faktiki əsası yoxdur.

Kassasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın həmin məhkəmə tərəfindən təmin olunan hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən bu hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh yaranmış borcu sübut edə bilməmişdir.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın mübahisələndirilən hissədə təmin olunmasının əsası kimi tərəflər arasında rabitə xidmətlərindən istifadə ilə bağlı müqavilə münasibətləri yaransa da, tələb olunan borcun hesablanmasının əsasları ilə bağlı sübutların təqdim olunmaması, təqdim olunan sübutların isə ziddiyyətli olması olmuşdur.

45. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

46. Həmçinin, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh2 MMC iddiaçıya uzun müddət üçün hesab-fakturanı təqdim etmədən, yəni, müqavilədən irəli gələn vəzifəsini vaxtında və lazımi qaydada yerinə yetirmədən, həmçinin, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olaraq borcun mövcudluğu barədə qarşı tərəfə məlumat vermədən, icra qeydinin aparılması ilə bağlı notariat kontoruna müraciət etmişdir ki, Mülki Məcəllənin 560.3-cü maddəsinə əsasən bu hallar hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

47. Kassasiya şikayətinin dəlilləri üzrə həmçinin qeyd olunmalıdır ki, iddianın məqsədi iddiaçıya hesablanmış borcun silinməsinə yönəldilmişdir. Belə olan halda, iddiaçı tələbinin dəlili kimi ona hesab-fakturaların verilməməsinə istinad etməsə də, apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etdiyindən, iddia tələbinə hüquqi qiymət verərkən bunu göstərməsi tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar