Məhkəmə qərarları › İş №2(1-8)-1553/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1553/2026

10.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1553/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar Ittifaqı Komitəsinin ## ##### 2025-ci il tarixli qərarına əsasən Xidmətin Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı və digərlərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli xidməti təhqiqatın nəticəsinə dair rəyindən görünür ki, hərbi vəzifəli N.Miriyevi təkrar tibbi müayinədən yayındırması müqabilində sonuncunun atası D.Miriyevlə şəxsi marağından irəli gələn danışıqlar apardığına, qanunsuz hərəkətlərini gizlətmək məqsədi ilə N.Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə formal məktub göndərdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirdiyinə görə Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməyə təqdim olunması kadr və kadr hazırlığı baş idarəsinə tapşırılmışdır.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) (72-ci maddəsinin “e” bəndiəmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq İddiaçı # ### 2025-ci il tarixdən Yardımlı rayon bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir.

4. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin sabiq müfəttişi İddiaçı qanunsuz hərəkətləri haqqında həmin xidmətdə toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə daxil olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı barəsində cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) üzrə verilmiş # ### 2025-ci il tarixli əmrin ləğv olunması və # ### 2025-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinə müfəttiş vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, cavabdehin Yardımlı Rayon Bölməsində müfəttiş vəzifəsində qüsursuz işləmişdir. Çağırışçılardan biri olan N.Miriyevin atası Dadaş Miriyev ona qarşı qərəzli olaraq şikayət etmiş, həmin şikayət tam, hərtərəfli və obyektiv araşdırılmadan onu vəzifəsindən azad etmişdir. Halbuki N.Miriyevi çağırışa cəlb etməkdən ötrü bütün qanuni vasitələrdən istifadə etmişdir. Çağırışçının dayısı Rafayıl Dadaşov da ona müraciət etmiş, Nasir Miriyevin rayonda tibbi müayinədən keçib, sonra Bakıda Əlillərin Bərpa Mərkəzində müayinədən keçməli olmasını bildirmişdir. Mart ayının 17də X3 rayon bölməsinə gəlmiş, ondan oğlunu tibbi müayinəyə gətirməsini tələb etmişdir. Səhəri günü X5 Miriyev ilə birlikdə bölməyə gəlmiş, onu müayinəyə dəvət etmişdir. D.Miriyev isə onun üçün xahiş edilməsini və hərbi biletə rəisin möhür vuracağını demişdir. Həmin vaxt D.Miriyevin əmisi oğlu Camal adlı şəxs də orada olmuşdur. Onlara bir daha izah etmişdir ki, çağırışçı müayinədən keçib X6 getməli, yekun qərar orada verilməlidir. X1 ilə Camal adlı qohumu rəisin yanına girmiş, bir qədər sonra isə çağırışçı müayinədən keçmədən çıxıb getmişdir. Bunu bilən kimi hay-küy salıb çağırışçının nəyə görə çıxıb getməsinə şərait yaradılmasına etiraz etmişdir. Məhz buna görə Nasir Miriyevin aprel ayının 7-də yenidən çağırılıb müayinədən keçməsi təmin edilmişdir. Bütün bunlar mart ayının 17-18-i tarixlərində Xidmətin Aparatı tərəfindən quraşdırılmış kamerada var. Görünür çağırışçı Nasir Miriyevin hərbi xidmətdən yayınması üçün doğrudan da kimlərsə xahiş etmiş, ancaq o, buna imkan vermədiyindən onun özünü şərləməyə başlamışlar. Bunun qarşısını almaq və obyektiv həqiqəti üzə çıxarmaq üçün dərhal müvafiq teleqramlar vuraraq qeydlərin saxlanılması üçün Xidmətin kameralarının audio-video görüntülərinin araşdırılmasını tələb etmişdir. Bu barədə araşdırmanı aparan şəxsə də bildirmişdir. Lakin bunlara əhəmiyyət verilməmiş, kamera görüntüləri götürülməmiş, hətta ondan şikayət etmiş şəxsin sonradan müraciət edərək şikayətçi olmamasını, şikayətinin düzgün olmamasını bildirməsi və bu barədə ərizəsi qəbul edilməmiş, çağırışçının Yardımlı rayon bölməsinə çağırılması ilə bağlı bütün lazımi tədbirləri görməyini təsdiq edən şəxslərin, o cümlədən şikayətçinin onunla əlaqə saxlayan əmisi oğlu, qaynı, ərazi nümayəndəsi, bölmədə rəis müavininin və digər şəxslərin heç birinin izahatları alınmamışdır. Halbuki rəis müavininin yanında ayrı-ayrı vaxtlarda 3 dəfə çağırışçının çağırılması barədə telefon zəngləri etmişdir. Ərazi nümayəndəliyinə çağırışçının təkrar tibbi müayinədən keçirilməsi üçün Yardımlı rayon bölməsinə çağırılması ilə bağlı dəfələrlə müraciətlər etmişdir. Bunları həmin şəxslər də təsdiq edirlər. Özü səhhəti ilə bağlı mart ayının 26-dan bülletendə olmuşdur. Bülletendə olduğu halda aprel ayının 11-dən işdən çıxarılmağı bildirilmişdir. Əmrin surəti hazırkı vaxta kimi ona verilməmiş, yalnız əmək kitabçasını əldə etdikdən sonra isə işdən çıxma barədə əmrin may ayının 2-də qeyd edilməsini bilmişdir. Nəticədə isə bülletendə olduğu dövrdə barəsində qeyri-obyektiv araşdırma aparılıb əsassız olaraq işdən çıxarılmaqla, hətta bu barədə əmrin surəti belə verilməməklə əmək hüquqları kobud şəkildə pozulmuşdur. Əmək müqaviləsinə xitam verilmə əsası qeyri-müəyyən və ikidən artıqdır. Bu isə qanunaziddir. Əmək kitabçasının surətindən görünür ki, işdən azad edilməyinə dair verilmiş həmin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilmişdir. Işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda, o cümlədən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan işə gəlməməsi zamanı əmək vəzifələrini kobud şəkildə pozmasına görə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulsa da, işdən azad edilməyi ilə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı birinin olmasına, o cümlədən özünün xəstəliyi, yaxın qohumumun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan işə gəlməməyinə dair konkret olaraq heç bir sənədə istinad edilməmişdir. Işdən çıxarılmağı yuxarıda göstərdiyi kimi çağırışçılardan biri olan Nasir Miriyevin atası Dadaş Miriyevin şikayəti ilə bağlı olmuşdur ki, o, da oğlunu hərbi xidmətə çağırdığından və yayınmasının qarşısını aldığından ona qarşı qərəzli olmuşdur. Belə ki, Yardımlı rayon IHBnın Arvana Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində ##.##.2024-cü il tarixdə və ##.##.2025-ci il tarixdə qeydiyyata alınmış Yardımlı Rayon Bölməsinin müvafiq olaraq ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli məktubları və onlara əlavə edilmiş cədvəllərdən görünür ki, çağırışçı kimi X2 təkrar tibbi müayinədən keçməsi üçün çağırılmışdır. Bu isə xidməti vəzifəsini icra etməyini, çağırışçının atasının buna görə ona qarşı qərəzli olmasını göstərir. Hətta barəsində araşdırma aparılarkən də Dadaş Miriyev barəsində əsassız şikayət etməməsini bildirib, bu barədə sonradan cavabdehə teleqram ünvanlamasını bildirməsinə baxmayaraq nəzərə alınmamışdır.

7. Cavabdeh iddia ərizəsinə qarşı etirazında işin faktiki hallarına istinadla qeyd etmişdir ki, iddiaçı etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı nüfuzuna xələl gətirmişdir. Belə ki, Xidmətin əməkdaşları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməklə yanaşı maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Xidmətin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, iddiaçını Komissarlıqdan tanıyır. Iddiaçı ona uşağı komissarlığa təqdim etmək üçün dəfələrlə zəng etmiş, 2-3 dəfə gəlib xahiş-minnət etmişdir ki, vaxt verilsin, çünki oğlu Bakıda işləyirdi və maddi imkanları çox zəif olduğu üçün yola pul xərcləyib gəlməyini istəmirdi. Hər dəfə gəlibgetmək ona 50 manata başa gəlirdi. Iddiaçı isə təkidlə oğlunu gətirməsini bildirirdi, buna görə əsəbiləşib ona 500 manat verdiyini yalandan demişdir. Sonradan işdən azad olunduğunu eşidəndə pis olmuşdur, çünki belə nəticələnəcəyini bilmirdi. Sonra Xidmətə teleqram göndərmiş, bildirmişdir ki, səhv məlumat verib. Bir daha bildirmişdir ki, o, iddiaçıya pul verməmişdir.

9. Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsi (hakim – R.Qafarova) ilə iddia təmin olunmuşdur.

10. Məhkəmə araşdırma zamanı tədqiq edilmiş sübutlara, o cümlədən şahid ifadələrinə qiymət verərək belə hesab etmişdir ki, iddiaçının işdən azad olunmasına əsas olmuş cavabdeh tərəfin istinad etdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Əksinə təkzib edilmişdir.

11. Belə olan halda, iddiaçının işdən azad olunması barədə cavabdehin # ### 2025-ci il tarixli əmri qanunsuz və əsassız olmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 35, 63, Əmək Məcəlləsinin 2, 11, 12, 68, 69, 70, 71, 72 76, 300, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli, 2-2-022/2 ******/**** nömrəli məktubu ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi bu məktubu əsas götürərək iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Lakin nəzərə almamışdır ki, Xidmət iddiaçı barəsində araşdırmanı sırf vətəndaş Dadaş Miriyevin müraciəti əsasında başlamış və aparılan araşdırma zamanı sonuncunun izahatı və digər faktlarla Xidmətin Yardımlı rayon bölməsində müfəttiş vəzifəsində işləyən iddiaçının qanunsuz əməllərini müəyyən etmiş və bu səbəbdən onun əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa Xidmətə ünvanlanmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma materiallarından görünür ki, Xidmətin Yardımlı rayon bölməsinin əməkdaşı olmuş İddiaçı bəzi hallarda həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi və hərbi-həkim komissiyasının müvafiq rəyinin alınması məqsədilə müraciət etmiş vətəndaşlarla xidmətdənkənar danışıqlar aparmışdır. Iddiaçı Xidmətin Yardımlı rayon bölməsində müfəttiş vəzifəsində işləyərkən öz hərəkətləri ilə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı nüfuzuna xələl gətirmiş və onu işdən azad edərkən Xidmət əmək qanunvericiliyinin tələblərinə əməl etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mövqeyinə əsasən, məhkəmə araşdırma zamanı tədqiq edilmiş sübutlara, o cümlədən şahid ifadələrinə qiymət verərək hesab edir ki, İddiaçı işdən azad olunmasına əsas olmuş cavabdeh tərəfin istinad etdiyi hərbi vəzifəli Nasir Miriyevi təkrar tibbi müayinədən yayındırması müqabilində sonuncunun atası Dadaş Miriyevlə şəxsi marağından irəli gələn danışıqlar aparması, qanunsuz hərəkətlərini gizlətmək məqsədi ilə Nasir Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinə formal məktub göndərməsi, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutması, bu hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirməsi kimi hallar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Əksinə təkzib edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: F.Qasımov – sədrlik edən və məruzəçi, G.Axundova və M.Rüstəmli).

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən əmrin verilməsi üçün əsas olaraq aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəyə istinad edir. Həmin rəyin məzmunundan görünür ki, N.Miriyev 2022-ci ildən növbəti müayinədən yayınmışdır. Iddiaçının bu xüsusatla bağlı arqumenti ondan ibarətdir ki, o, N.Miriyevin yaşadığı əraziyə son vaxt ərzində təhkim olunmuş və onun təkidlərindən sonra 2025-ci ilin aprel ayında müayinədən keçirilmişdir. Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin rəisinin ## ###### 2025-ci il tarixli əmrindən görünür ki, İddiaçı Nəriman oğlu rayonun Allar, Arvana, Peştəsər, Urakəran, Şiləvəngə, Avaş, Çayüzü, Perinbel kəndləri üzrə ehtiyatda olan hərbi xidmətə yararsız hesab edilən hərbi vəzifəlilərin təkrar tibbi müayinəyə cəlb edilməsinə ərazi icra nümayəndəlikləri üzrə bölməyə çağırılmasına və gəlmələrinə cavabdeh şəxs təyin edilmişdir. ## ###### 2025-ci il tarixdən əvvəl, yəni, N.Miriyevin növbəti müayinədən yayındığı 2022-ci ildən ## ###### 2025-ci il tarixə kimi iddiaçının məsuliyyət daşıması ilə heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

17. Iş materiallarından o da məlum olur ki, X4 cavabdehə ünvanladığı ərizə kargüzarlıq xidməti tərəfindən ## #### 2025-ci il tarixdə qeydə alınsa da, sonuncudan bundan 1 gün əvvəl ## #### 2025-ci il tarixdə izahat alınmışdır. Rəydə qeyd olunan iddiaçının N.Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinə formal məktub göndərməsi ilə bağlı xüsusat da işin halları ilə təsdiqini tapmır. Iş materiallarından görünür ki, Nasir Miriyevin təkrar tibbi müayinədən keçməsi üçün çağırılmasının təmin edilməsi barədə icra nümayəndəliyinə ünvanlanmış ## ####### 2024cü il tarixli məktub nümayəndəlikdə ## ###### 2024-cü il tarixdə, eyni məzmunlu ## ###### 2025-ci il tarixlim məktub isə ## ###### 2025-ci il tarixdə qeydiyyata alınmışdır.

18. Həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən aparılmış araşdırma zamanı da İddiaçı barəsində cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sübutlara və məhkəmə zamanı iddiaçının verdiyi ifadələrə (qeyd olunan ifadələr məhkəmə zamanı audio və video çəkilişlərdə öz əksini tapıb və cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının diqqətinə çatdırılıb) hüquqi qiymət verilməmişdir. Belə ki: 1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025 ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma materiallarından görünür ki, Xidmətin Yardımlı rayon bölməsinin əməkdaşı olmuş İddiaçı bəzi hallarda həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi və hərbi həkim komissiyasının müvafiq rəyinin alınması məqsədilə müraciət etmiş vətəndaşlarla xidmətdənkənar danışıqlar aparmışdır; 2. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubundan görünür ki, Xidmətinin Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı 2025-ci ilin yanvar ayında xidməti iş otağında çağırışçının atası X4 ilə etik davranış qaydalarına zidd xidmətdənkənar danışıqlar aparmaqla dövlət orqanının nüfuzuna xələl gətirən davranışa yol verməsi müəyyən edildiyindən “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq Xidmətə ##.##.2025-ci il tarixli 2-2-022/2 ******/**** nömrəli təqdimat göndərilmiş, həmçinin həmin Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntularından çəkindirmək məqsədilə İddiaçı rəsmi xəbərdarlıq edilmişdir; 3. Apellyasiya instansiyası məhkəməsinin icraatı vaxtı iddiaçının çıxışı zamanı X4 “Bakıdan gələn nümayəndə buradadır, səs-küy salma, nə qədər pul istəyirsən qaytaracam” ifadəsini işlətdiyini etiraf etmişdir. Yuxarıda sadalanan bu 3 faktla təsdiqlənən pozuntulara Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, münasibət bildirməmişdir.

21. MPM-in 9.1, 14.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələri üzrə - apellyasiya prosesində məhkəmə MPM-nin göstərilən tələblərinə əməl etməyərək sübutların qiymətləndirilməsinə qeyri-obyektiv, birtərəfli və qərəzli yanaşma nümayiş etdirmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

23. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

24. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

25. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

26. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi...

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

32. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin əsas etirazına, yəni iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində cavabdehin nüfuzuna ciddi xələl gətirməsi ilə bağlı dəlillərinə və təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verilməməsinə dair dəlillərini müzakirə edərək bu qənaətə gəlir ki, aşağıdakı səbəblərdən həmin dəlillər əsaslı hesab edilməlidir.

36. Belə ki, iş materiallarından müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə iddiaçı barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın və araşdırma materiallarının surətlərinin təqdim edilməsi barədə sorğusuna müvafiq orqan tərəfindən ##.##.2026-cı il tarixli məktubla cavab verilmiş və məktubda qeyd edilmişdir ki, araşdırma nəticəsində cinayət xarakterli faktları təsdiq edən kifayət qədər mötəbər sübutlar müəyyən edilməmiş və SHXÇDX-ya araşdırmanın nəticəsi ilə bağlı məlumat verilmiş, həmçinin gələcəkdə korrupsiyaya şərait yaradan halların qarşısının alınması üçün “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq sözügedən quruma təqdimat göndərilmiş və həmin Qanunun 22-ci maddəsinə əsasən İddiaçı Nəriman oğluna qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilmişdir.

37. Bundan başqa Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin cavabdehin özünə ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma materiallarından görünür ki, Xidmətin Yardımlı rayon bölməsinin əməkdaşı olmuş İddiaçı bəzi hallarda həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi və hərbi-həkim komissiyasının müvafiq rəyinin alınması məqsədilə müraciət etmiş vətəndaşlarla xidmətdənkənar danışıqlar aparmışdır.

38. Həmçinin adı çəkilən orqanın cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Xidmətin Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı 2025-ci ilin yanvar ayında xidməti iş otağında çağırışçının atası X4 ilə etik davranış qaydalarına zidd xidmətdənkənar danışıqlar aparmaqla dövlət orqanının nüfuzuna xələl gətirən davranışa yol verməsi müəyyən edildiyindən “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq Xidmətə ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli təqdimat göndərilmiş, həmçinin həmin Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntularından çəkindirmək məqsədilə İddiaçı rəsmi xəbərdarlıq edilmişdir.

39. Bundan başqa, iş materiallarında olan cavabdeh İddiaçı özü tərəfindən verilmiş ##.##.2025-ci il tarixli izahatın məzmunundan görünür ki, o, çağırışçının atasının ona böhtan ataraq guya ona pul verdiyini bildirdiyi və Xidmətin rayon bölməsinin binasına girməməsi üçün, ona pul verəcəyini vəd etdiyini bildirmişdir.

40. MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

42. Həmçinin qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları təcrid olunmuş şəkildə deyil, onların qarşılıqlı əlaqəsi və bir-birini tamamlayan xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirməlidir.

43. Belə ki, MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin təmin edilməməsinin səbəblərini və şikayətin dəlillərinin hansı əsaslarla rədd edildiyini məhkəmə aktında göstərməyə borcludur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli qərarında da ifadə olunmuş, apellyasiya instansiyası məhkəmələrinin şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməli olduqları vurğulanmışdır.

44. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmasıdır. Məhkəmə tərəfin işin nəticəsinə təsir göstərə biləcək mahiyyətli arqumentlərini cavabsız qoya bilməz.

45. Hazırkı halda isə cavabdehin müdafiəsinin əsasını təşkil edən və mübahisənin nəticəsinə təsir göstərə biləcək dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki olaraq araşdırılmamış və qiymətləndirilməmişdir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi sorğu etdiyi orqanın ##.##.2026-cı il tarixli cavab məktubuna və yuxarıda sadalanan digər dəlillərə MPM-in 80, 81 və 88-ci maddələrinin tələbləri baxımından, eləcə də apellyasiya icraatı zamanı cavabdehin təqdim etdiyi ##.##.2025 və ##.##.2025-ci il tarixli məktublara MPM-in 372.2-ci maddəsi üzrə hər hansı hüquqi qiymət verməmiş, həmin halların qarşılıqlı şəkildə qiymətləndirilməsi zamanı hansı hüquqi nəticələrin yaranması və bu nəticələrin mübahisənin həllinə olan təsirini araşdırmamışdır. Həmçinin, iddiaçının tutmuş olduğu müfəttiş vəzifəsi üzrə təlimatın mövcud olubolmadığı

47. və mövcud olduğu halda, onun davranışının vəzifə təlimatına uyğunluğu məsələsi işə baxan məhkəmələr tərəfindən araşdırılmamışdır.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dispozisiyası iki halı əhatə edir: işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. 72-ci maddənin “e” bəndində isə əmək fəaliyyəti zamanı yol verilmiş kobud səhvlər və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi ayrıca kobud pozuntu kimi müəyyən edilmişdir. Göründüyü kimi normada “cinayət” deyil, daha geniş məzmunlu “hüquq pozuntuları” ifadəsinin işlədilməsi həmin halın yalnız cinayət əməlləri ilə məhdudlaşdırılması anlamına gəlmir.

49. Əksinə, Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində inzibati xətalar və cinayət tərkibli əməllər ayrıca göstərildiyindən, “hüquq pozuntuları” anlayışının yalnız cinayət əməlləri kimi şərh edilməsi həmin maddənin mahiyyətinə də uyğun gəlmir. Buna görə işçinin əmək fəaliyyəti ilə əlaqədar törətdiyi digər hüquq pozuntusu cinayət xarakteri daşımadığı halda belə, əgər həmin əməl əmək funksiyasının və ya vəzifə öhdəliklərinin pozulması ilə bağlıdırsa və qanunda nəzərdə tutulan nəticələrə səbəb olubsa, konkret hallardan asılı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə hüquqi əsas yarada bilər.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən tərəflərin izahatları dinlənilməli, cavabdehin iddia tələbinə qarşı etirazının dəlillərinə MPM-88-ci maddəsinin, eləcə də digər aidiyyəti normalarının tələbləri baxımında işdə olan digər sübutlarla birgə yenidən qiymətləndirilməli və müəyyən edilmiş hallar əsasında yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar