Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1581/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh X1 qarşı “yaşayış sahəsinə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. X3 və Iddiaçı ## ###### 2020-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından ## #### 2021-ci il təvəllüdlü X2 anadan olmuşdur.
2. X1 XXXnun anasıdır.
3. Xocasən bələdiyyəsinin “X13 Sistemi”ndə X1 qəsəbəsi, XXX küçəsi, döngə 1 ünvanında yerləşən özbaşına tikili üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ## #### 2021-ci il təvəllüdlü oğlu X2 ilə birlikdə Binəqədi rayonu, Xocasən, Sulutəpə qəsəbəsi, XXX (XXX) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, ## ###### 2020-ci il tarixdə o, cavabdehin oğlu X3 ilə evlənərək, Xocasən, Sulutəpə qəsəbəsi, XXX küçəsi, 1-ci döngə, fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə gəlin köçmüşdür. Həmin vaxtdan orada yaşamışdır. ## #### 2021ci il təvəllüdlü oğlu XXX də həmin evdə yaşayarkən dünyaya gəlmişdir. ## #### 2024-cü il tarixdə münaqişə nəticəsində cavabdeh onu evdən qovmuşdur. Həyat yoldaşı isə demişdir ki, müvəqqəti dözsün, onu sonra evə qaytaracaq. Iki ay sonra həyat yoldaşı başqa ölkəyə getmiş, hər ay ona 500 manat pul göndərmiş və demişdir ki, tezliklə qayıdıb onları evlərinə qaytaracaq. O da həyat yoldaşına görə buna dözmüşdür. Amma 2025-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, əri boşanma barədə məhkəmədə iddia qaldırmışdır. Başa düşmüşdür ki, bu aylar ərzində onu aldatmışlar. Ona görə də həmin evə köçüb orada yaşamaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin fərdi ev sənədsiz olmaqla, qeyri-rəsmi cavabdehin adına bələdiyyədə qeydə alınmışdır. O, həmin evə gəlin köçmüş, uşağı da orada böyüyüb, cehiz əşyaları da orada qalmışdır. Onun başqa yaşayış yeri yoxdur, müvəqqəti olaraq bir bağ evində məskunlaşmışdır. O isə öz hüququ olan, 4 il ərzində ailə üzvü kimi azyaşlı uşağı ilə yaşadığı yaşayış sahəsinə köçmək istəyir. Çünki başqa yaşayış yeri yoxdur. Onu və azyaşlı uşağını cavabdeh yeganə yaşayış yeri olan evdən məhrum etmişdir. Heç kəs öz yaşadığı yaşayış yerindən çıxarıla və orada yaşamaqdan məhrum edilə bilməz. Ona görə də, o, uşağı ilə birlikdə həmin evə köçürülməlidir.
6. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən faktlar təhrif edilmiş, yalan məlumatlar verilməklə öz niyyətinə çatmağa çalışmışdır. Iddiaçı Sumqayıt şəhəri, XXX küçəsində * saylı yataqxananın 30-cu otağında qeydiyyatda olmaqla, həmin otaqda yaşamış, həmin mənzil iddiaçının mülkiyyətindədir. Hazırda öz evi ola-ola, atasına məxsus Sumqayıt şəhəri, XXX, ev 17, mənzil 37-də yaşayır, özünə məxsus evini kirayə vermişdir. Cavabdeh və oğlu Abşeron rayonu, Xırdalan şəhəri, XXX, ev 11, mənzil 4-də qeydiyyatdadırlar. Sulutəpə qəsəbəsindəki ev sənədsizdir, onun mülkiyyətində deyil, oğlunun isə həmin evə heç bir hüququ yoxdur. Iddiaçı heç bir şəraiti olmayan bir evə müvəqqəti yerləşmişdir. Iddiaçı 2024-cü ildən oğlu ilə yola getməyərək, atasının evinə getmişdir. 2025-ci ilin fevral ayında oğlu məhkəmədə iddia qaldıraraq, nikahın pozulmasını tələb etmişdir. Lakin müəyyən səbəblərdən boşanma baş tutmamışdır. Iddiaçı ailə üzvü kimi Xırdalan şəhərindəki evdə yaşaya bilər və birgə təsərrüfatın idarə edilməsində iştirak edə bilərdi. Iddiaçı mübahisəli mənzildə az bir müddətdə yaşamış, tez-tez acıq edərək atasının evinə getmişdir. Mübahisəli fərdi yaşayış evi sənədsiz olduğundan aralarında həmin evdən istifadə ilə bağlı notariat müqaviləsi bağlanmamış və iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, iddiaçının mübahisəli evə hər hansı bir hüququ yaranmamışdır və iddiaçının iddiası rədd edilməlidir. Iddiaçı onun evinə və sənədsiz yaşadığı evə hər hansı bir hüququnun olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, onun ailə üzvü deyil, onlarla bir yerdə yaşamır, mənzildən istifadə hüququ yoxdur, yaşayış sahəsinə köçürülməməlidir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Binəqədi rayonu, Xocasən, Sulutəpə qəsəbəsi, XXX (XXX) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə istifadə hüququ yaranmadığına görə onun həmin mənzilə himayəsində olan uşağı ilə birlikdə köçürülmələri tələbinə dair iddiası təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 228-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Iddiaçı cavabdeh X1 qarşı “yaşayış sahəsinə köçürmə” tələbi rədd edilmişdir.
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməklə, maddi hüquq normasının tətbiqi zamanı düzgün olmayan nəticəyə gəlmişdir.
13. Bələ ki, iddiaçı cavabdehin oğlu X3 ilə ## ###### 2020-ci il tarixdə nikaha daxil olaraq mənzilə köçərkən həmin mənzildə az bir müddət yaşamışdır. Mübahisəli fərdi yaşayış evi olan Sulutəpə qəsəbəsi, XXX küçəsi, döngə 1 ünvanında yerləşən özbaşına tikili isə X1 aiddir.
14. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilə 2020-ci il tarixdə - yəni cavabdehin oğlu ilə nikaha daxil olaraq həmin tarixdə hüquq əldə etdiyindən, analogiya üzrə hazırkı hüquq münasibətinə mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
15. Beləliklə, tərəflər arasında ailə münasibətlərinin yaranmasına baxıldıqda cavabdehə münasibətdə iddiaçının hər hansı bir hüququ yaranmamış olur.
16. Iddiaçının cavabdehin oğlu ilə ## ### 2025-ci il tarixdən xitam verildiyindən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından həmin mənzilə köçürülməsidə qanuni və əsaslı hesab edilə bilməz.
17. Belə ki, iddiaçı qaynanası olan cavabdehə münasibətdə ailə üzvü hesab edilmir. Yəni ailə qanunvericiliyin tələbləri baxımından onların bir-birini saxlama vəzifəsi də yoxdur. Bu baxımdan iddiaçının mənzilə köçürülmə tələbi təmin edilə bilməz.
18. Həmçinin, məhkəmə qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edildiyindən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən uşaqların yaşayış yeri iddiaçının yaşayış yeri sayılır.
19. Bütün göstərilənlərə əsasən kollegiya istifadə hüququ olmayan şəxsin mənzilə köçürülmə tələbini əsaslı hesab etməmişdir.
20. Apellyasiya kollegiyası öz mövqeyini Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
21. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30, 68.1, 68.2, 68.4-cü, Mülki Məcəllənin 11.1-ci, Mülki Prosessual Məcəllənin 217.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, sənədsiz evi mülkiyyət, cavabdehi də mülkiyyətçi hesab edərkən maddi hüquq normalarını pozmuş, işin hüquqi həlli zamanı tətbiq edilməli normanı düzgün seçməmiş və düzgün tətbiq etməmişdir. Bu halda məhkəmə qətnaməsi qanuni hesab edilə bilməz və ləğv edilməlidir. Mübahisənin həlli zamanı məhkəmə Mənzil Məcəlləsinin 30cu maddəsinə deyil, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin bu mübahisəyə oxşar olan münasibətləri tənzimləyən normalarına istinad etməli idi. Çünki, hazırkı mübahisəli fərdi yaşayış evi mülkiyyət kimi qeydə alınmadığından, bu evə dair mübahisədə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilə bilməzdi. Ona görə də, iddiaya baxılması zamanı məhkəmə Mənzil Məcəlləsinin 59.1, 68.1-68.4, 69.1-69.3, 70-ci maddələrini tətbiq edilməli idi.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
32. Kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsi sənədsiz tikili olsa da, onun cavabdehin əməyi və maliyyə xərcləri nəticəsində inşa olunması işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuşdur.
33. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarını tətbiq etmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehin ailə üzvü hesab olunmur və bu səbəbdən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə uyğun olaraq onun mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Cavabdehin isə iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.