Məhkəmə qərarları › İş №2(1-8)-1584/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1584/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1584/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı yeni qəsəbə ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına (abonent kodu: (100473000100205) baxış keçirilən zaman abonent Iddiaçı təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyinə dair çoxsaylı aktlar tərtib edilmiş və 9089.20 manat məbləğində dəymiş zərər hesablanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 9089.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı yeni qəsəbəsində yerləşən ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir,həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qaz sayğacı olmadığına görə işıqdan istifadə etmişdir. Bildirir ki, qazdan bir dəfə qeyri-qanuni istifadə etməyinə baxmayaraq ona xəbərdarlıq ediləndən sonra qeyri-qanuni qoşulduğu qaz xəttini ləğv eləmişdir. Birliyin əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan ünvanda qərəzli şəkildə yüksək məbləğdə aktlar tərtib olunmuşdur. Ona görə də təbii X1nın pozulması haqqında 2022-ci ildən 2023-cü ilədək 4147.20 manat, 734.40 manat, 734.40 manat, 734.40 manat, 1468.80 manat, 362.88 manat, 362.88 manat, 181.44 manat, 181.44 manat, 181.44 manat olmaqla müxtəlif cərimə aktları tərtib olunmuşdur. Cərimələr ona tam qərəzli şəkildə yazılmışdır.

4. Iddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, sözügedən evdə ilboyu deyil, yalnız yay aylarında, yəni təxminən 3 ay müddətində yaşayış olmuşdur. Bu səbəbdən, cəmi 3 aylıq faktiki istifadə dövrü üçün bu qədər yüksək məbləğdə cərimələrin hesablanması faktiki vəziyyətə uyğun deyil.

5. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir.

6. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, *************** saylı abonent Iddiaçı Cavabdeh IB tərəfindən hesablanmış ******* nömrəli ##.##.2022-ci il tarixli, ******* nömrəli ##.##.2022-ci il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli aktlar üzrə hesablanmış 8182.08 manat borc məbləğinin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Nilufər Cəfərli).

7. Məhkəmə ilk öncə ##.##.2023-cü il tarixli ******* nömrəli, ##.##.2023-cü il tarixli ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən iddiaçıya hesablanmış 907.2 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə iddiaçının izahatında vermiş olduğu yalnız yay ayında qaz xəttinə sayğacdan kənər qeyri-qanuni qoşulmasına dair etirafını nəzərə alaraq hesab edir ki, sözügedən aktlara əsasən iddiaçıya yazılmış cərimlər əsaslı olduğundan iddia tələbi həmin aktlara münasibətdə təmin edilə bilməz.

8. Bundan sonra məhkəmə iddia tələbinin ******* nömrəli ##.##.2022-ci il tarixli, ******* nömrəli ##.##.2022-ci il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli, ******* nömrəli ##.##.2023-cü il tarixli aktlar əsasında hesablanmış 8182.08 mant cərimələrin silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlar ##.##.2022-ci il tarixdən sonrakı dövrdə tərtib edildiyindən və istehlakçı məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə üzrə borc məbləği silinməlidir.

9. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı” haqqında qanunun 6.2, 13.8-1-ci, NK-nın ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”-nın 6.5-ci, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10.Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Şikayət belə əsaslandırılmışdır ki, əməkdaşlar tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının qaz xəttinə özbaşına qoşulmaqla ondan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Birliyə böyük məbləğdə ziyan vurmuşdur. 12.Energetika Nazirliyinin Enerji X2 tərəfindən verilən ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktların heç biri inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə göndərilməmişdir. Bu baxımdan 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh tərəfindən tərtib edilmiş 10 aktla aparılmış hesabatlar qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 9089,28 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-

13. nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya ****/**** məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ikram Şirinov – məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov). 14.Rayon məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası bildirmişdir ki, “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Odur ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən sayğacsız istifadəsinə görə ödəniləcək məbləğin 9089.20 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. 15.Belə ki, fiziki şəxs olan istehlakçıların təbii qazdan sayğacsız istifadə edilməsini və istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Beləliklə, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış 9089.20 manat məbləğində borc tələb etməsi qanunsuz və əsassızdır. 16.Iş üzrə verilmiş mütəxəssis rəyində də qeyd edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktların heç biri inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə göndərilməmişdir. Bu baxımdan 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh tərəfindən tərtib edilmiş 10 aktla aparılmış hesabatlar qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 9089,28 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. 17.Məhkəmə əlavə etmişdir ki, həm iddia ərizəsindən, həm də iddiaçının rayon məhkəməsində izahatından göründüyü kimi iddiaçı yalnız bir dəfə yay ayında qaz xəttinə sayğacdankənar qoşulmasını etiraf etmişdir. Bu baxımdan rayon məhkəməsi iddia tələbinin qismən - 8182.08 manata dair hissədə təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən şikayətin dəlillərini təsdiq edən əsaslı, mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18.Cavabdeh (vəkil:Vəkil/Nümayəndə) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. 19.Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etsə də, məhkəmə yalnız 2023-cü ilin yay aylarına aid aktları əsaslı hesab etmiş, 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək tərtib edilmiş 6 akt üzrə hesablanmış 8182,08 manat borcu əsassız olaraq silmişdir. Iddiaçının yalnız yay aylarında qanunsuz qazdan istifadə etməsi barədə izahatı işin faktiki halları ilə uzlaşmır. Təbii qaza tələbatın daha yüksək olduğu qış aylarında qaz xəttinə qanunsuz qoşulmuş şəxsin qazdan istifadə etmədiyinin qəbul edilməsi ağlabatan deyildir.Bu səbəbdən həmin dövr üzrə hesablanmış borcun silinməsi qanuni hesab oluna bilməz.Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının cavabdehlə qazın alqı-satqısı müqaviləsi bağlamadan qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması faktına hüquqi qiymət verməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmadan nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə ##.##.2026-cı il tarixli mütəxəssis rəyini düzgün qiymətləndirməmişdir. Mütəxəssis qarşısına qoyulmuş texniki sualları cavablandırmaq əvəzinə, cavabdehin zərəri ümumiyyətlə tələb edə bilməyəcəyi barədə hüquqi nəticə vermişdir ki, bu da onun səlahiyyətlərinə aid olmayan məsələdir. Bu səbəbdən həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 24.Maddə 6, hissə 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 25.Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir (2022-ci il ###ın #-dən qüvvəyə minmişdir).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

31.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 32.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının yalnız 2023-cü ilin yay aylarında qaz xəttinə sayğacdankənar qanunsuz qoşulmanı etiraf etməsi nəzərə alınaraq həmin dövrə aid aktlar (cəmi 907,20 manat) üzrə hesablanmış borc əsaslıdır. Bununla yanaşı, 2022-ci ilin noyabrından 2023-cü ilin may ayınadək tərtib edilmiş aktlar üzrə hesablanmış 8182,08 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün hesab edilmişdir. Kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə zidd olaraq aktlar abonentin iştirakı olmadan tərtib edilmiş, onların surəti abonentə təqdim edilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət edilməmişdir. Bundan əlavə, aktlar inzibati icraatın başlanılması üçün aidiyyəti orqana göndərilməmişdir.Belə ki, fiziki şəxs olan istehlakçının sayğacsız qaz istifadəsinə yol verməsini və onun təqsirini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçının sayğacsız qaz istifadəsini və hesablanmış ziyanın əsaslılığını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar