Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1606/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Quba-Xaçmaz Regional Təhsil Idarəsinə və Qusar şəhəri Tofiq Ismayılov adına * nömrəli tam orta məktəbinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ##.##.1991-ci ildə Qusar şəhəri * nömrəli məktəbə ingilis dili müəllimi kimi işə qəbul edilmiş, ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixində ləğv edilmişdir.
2. İddiaçı ##.##.1965-ci ildə doğulmaqla, onun 60 yaşı ##.##.2025-ci ildə tamam olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhəri, Tofiq Ismayılov adına * №-li tam orta məktəbin direktorunun ## #### 2025-ci il tarixli 69№-li əmrinin ləğv olunması, iddiaçının işə bərpa edilməsi, işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlər Quba-Xaçmaz Regional Təhsil Idarəsi və Qusar şəhəri Tofiq Ismayılov adına * nömrəli tam orta məktəbdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı hər iki gözündə yaranmış problemlərlə əlaqədar mütəmadi olaraq müalicə alır, əvvəllər II qrup əlil və ## ##### 2021-ci il tarixindən isə müddətsiz olaraq gözdən əlilliyi olan şəxs, III qrup əlillik dərəcəsi ona təyin edilmişdir. Iddiaçı ## #### 2024-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Buna səbəb isə imtahanın keçirildiyi tarixdə iddiaçının Rusiya Federasiyasının Moskva şəhərində gözlərinin müalicəsi ilə əlaqədar olması idi. Iddiaçı qərəzli olaraq imtahanın keçirildiyi tarixlərdə xaricə ölkəyə müalicəsi ilə əlaqədar getməmişdir. Belə ki, iddiaçı müalicə ilə bağlı getməli olduğu Rusiya Federasiyasına uçuş biletini ## ##### 2024-cü il tarixində, öncədən almış və həmin tarixdə isə sertifikatlaşdırma imtahanının keçirilməsi vaxtı dəqiq müəyyən olunmamışdır. “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın (bundan sonra – “Qayda”) 3.13-cü bəndinə əsasən əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Iddiaçı III qrup gözdən əlildir. Sözügedən əlverişli şəraitin nədən ibarət olması, onun iddiaçıya niyə görə tətbiq olunmaması və digər təhsilverənlərlə ümumi qaydada imtahana cəlb edilməsi də ona qarşı olan qərəzin əyani sübutudur. ## #### 2025-ci il tarixində təkrar sertifikatlaşdırma imtahanı keçirilmişdir. Iddiaçı qeyd olunan imtahandan 28 bal toplayaraq nəzərdə tutulmuş keçid balını toplaya bilmədiyi üçün əmək müqaviləsinə ## #### 2025-ci il tarixində işəgötürən tərəfindən xitam verilmişdir. Təkrar sertifikatlaşdırma imtahanı keçirildiyi tarixdə, yəni ## #### 2025-ci il tarixində iddiaçının artıq 60 yaşı tamam olmuşdur. “Təhsil haqqında” Qanunun 36-2.3-1-ci və “Ümumi təhsil haqqında” Qanunun 28.2-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü nəzərdə tutulmuşdur. Burada “sertifikatlaşdırma” dedikdə həm birinci, həm də təkrar sertifikatlaşdırma imtahanları nəzərdə tutulur. Yəni 60 yaşı tamam olmuş təhsilverənlərin sertifikatlaşdırmanın hər hansı mərhələsində iştirakı “könüllü” xarakter daşıyır. Qanunun normasından da göründüyü kimi iddiaçı sertifikatlaşdırma imtahanına 60 yaşının tamam olması ilə əlaqədar cəlb olunmamalı olduğu təqdirdə məcburi şəkildə cəlb edilmişdir. Belə ki, iddiaçıya onun şəxsi kabineti vasitəsilə bildiriş göndərilərək təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli olduğu diqqətinə çatdırılmışdır. Iddiaçının təkrar sertifikatlaşdırma imtahanında hər hansı formada iştirak etməsi, onun sözügedən imtahanda könüllü iştirak etməsi anlamına gəlmir. Iddiaçının təkrar sertifikatlaşdırma imtahanında “könüllü” iştirak etməsi tamamilə reallıqdan uzaq və əsassızdır. Belə ki, təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmək kimi fürsəti varsa, (yaş meyarı) niyə özünün karyerasını, əmək fəaliyyətini və maddi qazanc (əmək haqqı) əldə etmək imkanını sual altına salsın. Məlum olduğu kimi iddiaçı III qrup gözdən əlildir. Təkrar sertifikatlaşdırma imtahanı isə kifayət qədər diqqət və gözlə müşahidə etmək qabiliyyəti tələb edir. Göründüyü kimi iddiaçının təkrar sertifikatlaşdırma imtahanında “könüllü” iştirak etməsi deyil, məhz məcburi, işəgötürənin təsiri ilə iştirak etməsi halı işin faktiki hallarından açıq-aşkar bəlli olur. Təkrar sertifikatlaşdırma imtahanında iddiaçının guya “könüllü” iştirak edib keçid balını toplaya bilməməsi halı, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası deyil, məhz bəhanəsi kimi çıxış etmişdir. Əgər işəgötürən, həqiqətən, iddiaçının təkrar sertifikatlaşdırma imtahanında onun iştirak etməsini könüllülük prinsipi əsasında həyata keçirmişsə, bu zaman iddiaçının qeyd olunan imtahanda iştirak etməsi ilə bağlı iradə ifadəsini bildirən sübutları məhkəməyə təqdim etməlidir.
5. Cavabdeh Quba-Xaçmaz Regional Təhsil Idarəsi iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə keçirilən sertifikatlaşdırmada iştirak etməmişdir. Sertifikatlaşdırmadan, ümumiyyətlə, keçirilməyən təhsilverənlərin dairəsi konkret müəyyən edilmişdir ki, həmin şəxslərə xəstəlik vərəqəsi müddətində olan təhsilverənlər aid edilməmişdir. Lakin Qaydanın 5.2-ci bəndi ilə xəstəlik vərəqəsi müddətində olan təhsilverənlərə bir dəfə xüsusi güzəşt müəyyən edilərək qeyd edilmişdir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Iddiaçının ərizəsinə əsasən ##.##.2024-##.##.2024-cü il tarixlərində öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Iddiaçı ##.##.2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməli olduğu halda iştirak etməmiş və ölkə xaricində olması barədə heç bir məlumat verməmişdir. Dəfələrlə zəng olunmasına baxmayaraq əlaqə saxlamaq mümkün olmamışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə işdə olduğu zaman bildirmişdir ki, “mənim hüququm vardır ki, birinci sertifikasiya imtahanında iştirak etməyim, ikinci sertifikasiya imtahanında iştirak edim”. Məktəb rəhbərliyinə xarici ölkədə olması barədə və xarici ölkədə müalicə alması ilə əlaqədar məlumat verilməmişdir. Iddiaçının yaşla bağlı, yəni təkrar sertifikatlaşdırmada iştirakının məcburi olmaması ilə bağlı dəlili əsassızdır. "Təhsil haqqında" Qanun, "Ümumi təhsil haqqında" Qanun, Əmək Məcəlləsi və Qaydada təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 59 maksimum məcburi yaş həddi kimi müəyyən edilmişdir. Qeyd olunan qanunvericiliyə görə 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Qanunverici 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada könüllü iştirakı üçün yalnız “sertifikatlaşdırma” sözündən istifadə etmişdir. Belə ki, “Təhsil haqqında” Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. “Ümumi təhsil haqqında” Qanunun 28.4-cü maddəsinə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyən normalarda əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir il iş yeri saxlanılır, növbəti imtahan isə “təkrar sertifikatlaşdırma”dır. Yəni qanunvericilikdə təkrar sertifikatlaşdırma ayrıca institut və imtahan növü kimi müəyyən olunub. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin iş yerinin bir il saxlanılmasına dair hüquq isə onların təkrar sertifikatlaşdırmada iştirak etməsi öhdəliyi ilə şərtlənib.
6. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi (hakim – Ə.Cəlilov) ilə iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri özünümüdafiədir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında vermiş olduğu izahatdan müəyyən olunur ki, iddiaçı özü təkrar sertifikatlaşdırma imtahanında iştirak etmiş, həmin imtahanda da uğur qazana bilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, ##.##.2025-ci il tarixli əmr qanuni və əsaslıdır. Ona görə də iddia rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11 (“b” bəndi), 67-2.1, 67-2.3-1, 67-2.4, 70-ci (“c” bəndi) maddələrinə, Qaydanın 5-ci bəndinə, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa (bax: bu Qərarın §4) uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər məhkəməyə iddiaçının adından, məktəb direktoru nümayəndə1 adına yazılmış ərizə təqdim etmişlər. Guya həmin ərizəni iddiaçı ##.##.2024-cü il tarixində yazmış və ##.##.2024 ##.##.2024-cü il tarixlərdə səhhəti ilə əlaqədar öz hesabına ona məzuniyyət verilməsini xahiş etmişdir. Halbuki iddiaçının özü tərəfindən yazılan ərizədə ##.##.2024 - ##.##.2024-cü il tarixlərdə səhhəti ilə əlaqədar öz hesabına ona məzuniyyət verilməsini məktəb direktorundan xahiş etmişdir. Görünür, məktəb direktoru həmin ərizənin tarixlərini dəyişərək iddiaçının adından öz adına ərizə ilə müraciət etmişdir. Məlum olduğu kimi ##.##.2024-cü il tarixində sertifikatlaşdırma imtahanı keçirilmişdir. Iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etdikdən sonra iddiaçıya həmin tarixlərdə (##.##.2024-##.##.2024) səhhəti ilə əlaqədar icazə verilməsindən narahat olan məktəb direktoru işin məsuliyyətini dərk etmiş və bu yola əl atmışdır. Sanki elə görüntü yaratmağa çalışmışdır ki, o, iddiaçının imtahan ərəfəsində müalicəsi ilə əlaqədar ölkə xaricində olmasından xəbəri olmamış və imtahan günü iddiaçı ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməmişdir. Bununla da məhkəmədə iddiaçıya qarşı məsuliyyətsiz, intizamsız görüntüsü yaratmağa çalışmışdır. Iddiaçı sertifikatlaşdırma imtahanına 60 yaşının tamam olması ilə əlaqədar cəlb olunmamalı olduğu təqdirdə məcburi şəkildə cəlb edilmişdir. Belə ki, iddiaçıya onun şəxsi kabineti vasitəsilə bildiriş göndərilərək təkrar sertifikatlaşdırma imtahanında iştirak etməli olduğu diqqətinə çatdırılmışdır. Nəzərə alınsa ki, “təkrar sertifikatlaşdırma” imtahanın bütün strukturu, keçirilməsi qaydası, imtahan müddəti və.s proseduralar “sertifikatlaşdırma” imtahanında olduğu formada həyata keçirilir. Fərq yalnız imtahanını müəyyən edilmiş qaydada adlandırılmasıdır: “Sertifikatlaşdırma" və “Təkrar sertifikatlaşdırma” imtahanı. Əgər qanun 60 yaşına çatmış təhsilverəni sertifikatlaşdırma imtahanına cəlb edilməsini könüllülük prinsipi əsasında qeyd edirsə, o zaman hansı əsas və meyarla həmin yaşda (60 yaş) olan təhsilverəni təkrar sertifikatlaşdırma imtahanına məcburi cəlb olunmalıdır? Hazırkı mübahisəyə Qusar Rayon Məhkəməsində ##.##.2025-ci və ##.##.2025-ci il tarixlərində 2 hazırlıq iclası və ##.##.2025-ci il tarixində keçirilən 1 baxış iclası nəticəsində yekun məhkəmə aktı çıxarılmışdır. Cavabdeh tərəf ##.##.2025-ci tarixində məhkəməyə vəsatət verərək Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatəti növbəti hazırlıq iclasında mahiyyəti üzrə baxıb həll etmədən işi məhkəmə baxışına vermiş və həmin vəsatəti baxış iclası zamanı həll etmişdir. Iddia tərəfi olaraq vəsatətin təmin olunmasına etiraz etmiş və vəsatət təmin olunmamışdır. Sonradan məhkəmə Agentliyi öz təşəbbüsü ilə “üçüncü şəxs” qismində işə cəlb etmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “üçüncü şəxs” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmənin iclası və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Halbuki məhkəmə bütün bu prosessual hərəkətləri ##.##.2025-ci il tarixində məhkəmə baxışı iclası zamanı həll etmişdir. Agentlik “üçüncü şəxs” qismində işə cəlb edildikdən sonra onun məhkəmə iclasında iştirak edə bilməsi üçün məhkəmə iclası və yeri barədə məlumat verilməsi və ağlabatan müddətdə məhkəmədə iştirak imkanı nəzərə alınmamışdır. Yuxarıda qeyd olunan işin faktiki hallarından və onun əsasında göstərilən hüquq normalarından aşkar surətdə görsənir ki, Qusar Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Iddiaçının “təkrar sertifikatlaşdırma” imtahanı keçirildiyi tarixdə 60 yaşının olmasına baxmayaraq, onun təkrar sertifikatlaşdırma imtahanına məcburi olaraq cəlb edilməsi və bunun nəticəsində iddiaçının müvafiq keçid balını toplamaması əsası ilə əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: S.Qafari – sədrlik edən və məruzəçi, A.Mahmudov və F.Məmmədov).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyən “Təhsil haqqında” Qanun, “Ümumi təhsil haqqında” Qanun, Əmək Məcəlləsi və Qaydaya əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir il iş yeri saxlanılır və onlar təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə haqq (hüquq) qazanır. Növbəti imtahan isə “təkrar sertifikatlaşdırma”dır. Yəni qanunvericilikdə təkrar sertifikatlaşdırma ayrıca institut və imtahan növü kimi müəyyən olunub. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin iş yerinin bir il saxlanılmasına dair hüquq isə onların təkrar sertifikatlaşdırmada iştirak etməsi öhdəliyi ilə şərtlənmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, mövcud qanunvericiliyə görə təkrar sertifikasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Bu mənada ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsinə istinad edilərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd olmamışdır.
15. Iddiaçının 60 yaşı olduğu halda onun təkrar sertifikatlaşdırmaya məcbur cəlb edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverici ilk dəfə sertifikatlaşdırmada uğurlu nəticə əldə etməyən və ya hər hansı üzrlü səbəblərdən iştirak etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, ona iş yeri və əmək haqqı saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı tanıyır.
16. Işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı ## #### 1965-ci il təvəllüdlü olmaqla, ##.##.2024-cü il tarixdə ilk dəfə keçirilmiş sertifikatlaşdırma imtahanı zamanı 59 yaşı olmuşdur. Bundan sonra iddiaçı təkrar imtahanda iştirak etmək üçün ona yaradılmış şəraitdən istifadə etsə də, keçid balını toplaya bilmədiyindən, nəticədə sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir.
17. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edilərək iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
18. Iddiaçının səhhəti ilə əlaqədar öz hesabına ona məzuniyyət verilməsi barədə məktəb direktoru nümayəndə1 ünvanlanmış ərizənin dəyişdirilməsi barədə şikayətin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası vurğulamışdır ki, işin 67-ci səhifəsində olan ərizədən görünür ki, iddiaçı ##.##.2024-##.##.2024-cü il tarixlərdə səhhəti ilə əlaqədar öz hesabına ona məzuniyyət verilməsi barədə ərizəni ##.##.2024-cü il tarixdə yazmış və bu ərizənin tarixlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35 (İ və II hissələr), 60 (İ hissə), “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6.1, Əmək Məcəlləsinin 5, 11.1 (b), 42.1, 42.2, 67-2.1, 67-2.3-1, 67-2.4, 70-ci (“c” bəndi), “Təhsil haqqında” Qanunun 1.0.6-1, 36-2.5, 36-2.6-ci maddələrinə, Qaydanın 1.5, 5.2-5.4-cü bəndlərinə, MPM-in 14.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Əmək Məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsi üzrə - iddiaçı hazırda III qrup gözdən əlildir. O müvafiq yaş həddinə (60 yaş) çatdığına görə təkrar sertifikatlaşdırma imtahanına cəlb edilməməli olduğu halda sözügedən imtahana cəlb olunmuşdur.
22. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi üzrə - hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün şərh və tətbiq etməmişdir.
23. Qaydanın 5.2-ci bəndi üzrə - təkrar sertifikatlaşdırmada o təhsilverənlər iştirak edir ki, onlar ya ilkin imtahanda iştirak edib uğur əldə edə bilməyib və ya ilkin imtahanda üzrlü səbəblərdən iştirak edə bilməyib. Iddiaçı 3-cü qrup gözdən əlildir və mütəmadi olaraq müalicəsi ilə əlaqədar qonşu ölkələrdə (Iran,Türkiyə ,Rusiya) olmuşdur və bu faktları təsdiq edəcək sübutlar iş materiallarında mövcuddur. Sonuncu dəfə ilkin sertifikatlaşdırma imtahanı ərəfəsində isə Rusiya Federasiyasında olmuşdur. Buna görə sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Iddiaçının təkrar sertifikatlaşdırma imtahanına cəlb olunması, özlüyündə cavabdehlər tərəfindən onun ilkin sertifikatlaşdırma imtahanında iştirak edə bilməməsi halının üzrlü hesab edilməsinin əyani sübutudur. Belə ki, cavabdehlərə iddiaçının ilkin sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak edə bilməməsi məlum olmuşdur. Çünki “Qaydaların” 5.2-ci bəndinə görə təkrar sertikatlaşdırma imtahanında iştirak etmə əsaslarından biri məhz təhsilverənin üzrlü səbəbdən ilkin sertifikatlaşdırma imtahanında iştirak edə bilməməsidir.
24. “Məhkəmələr və hakimlər” haqqında” Qanunun 99-cu maddəsi üzrə - iş materiallarından və işin faktiki hallarından aşkar olur ki, sözügedən mübahisəyə işə baxan məhkəmə tərkibi tərəfindən qərəzli yanaşılmışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsində işə baxan məhkəmə tərkibinin diqqətinə Qusar Rayon Məhkəməsinin işə kobud prosessual pozuntular əsasında baxdığı çatdırılmışdır. Hansı ki həmin prosessual pozuntu işin nəticəsindən asılı olmayaraq məhkəmə aktının ləğv edilməsi üçün əsas olmuşdur. Lakin məhkəmə tərkibi tərəfindən həmin prosessual pozuntuya göz yumulmuş və bununla da kifayətlənməyərək sanki cavabdehlərin maraqları mövqeyindən çıxış edərək ədalətsiz, qərəzli yekun məhkəmə aktı qəbul etmişdir.
25. Mülki Məcəllənin 21.2-ci maddəsi üzrə - iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mövcud hüququnun pozulması nəticəsində ## #### 2025-ci il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəticəsində maddi ziyan çəkmişdir.
26. Konstitusiyanın 71-ci maddəsinin V hissəsi üzrə - Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilmədiyi halda, Qaydanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli qərarının ümumi müddəaları vətəndaşın hüququnun ləğv edilməsi və ya məhdudlaşdırılması kimi tətbiq oluna bilməz. Iddiaçının təkrar sertifikatlaşdırma imtahanı keçirildiyi tarixdə 60 yaşının olmasına baxmayaraq onun təkrar sertifikatlaşdırma imtahanına məcburi olaraq cəlb edilməsi və bunun nəticəsində iddiaçının müvafiq keçid balını toplamaması əsası ilə əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassasızdır.
27. Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-1-ci hissəsi, “Təhsil haqqında” Qanunun 36- 2.3-1-ci maddəsi və Qaydanın 1.5-ci bəndi üzrə - iddiaçının 60 yaşının tamam olması ilə əlaqədar onun təkrar sertifikatlaşdırma imtahanında iştirakı könüllü olmasına baxmayaraq o həmin imtahana məcburi olaraq cəlb olunmuşdur. Iddiaçının təkrar sertifikatlaşdırma imtahanına məcburi cəlb olunması əsasən aşağıdakı hallardan aşkar olur: a) iddiaçının təkrar sertifikatlaşdırma imtahanında iştirak etməsi üçün ona şəxsi kabineti vasitəsilə bildirişin göndərilməsi (faktı təsdiq edən sübut iş materiallarında mövcuddur); b) iddiaçının təkrar sertifikatlaşdırma imtahanında könüllü iştirak etməsinə dair onun iradə ifadəsini bəyan edən ərizənin işəgötürən tərəfindən alınmaması. Halbuki işəgötürən iddiaçının təkrar sertifikatlaşdırma imtahanında iştirakının məcburi olması mövqeyində olmuş və hazırda da o mövqedən çıxış edir. Yəni iddiaçının təkrar sertifaktlaşdırma imtahanında könüllü iştirak etməsi və ya iştirak etməmə imkanı cavabdehlər tərəfindən, ümumiyyətlə, qəbul olunmur; c) iddiaçı tərəfindən məhkəmə iclaslarında cavabdehlərə sual ünvanlanmışdır: əgər iddiaçı 60 yaşına çatması əsası ilə təkrar sertifikatlaşdırma imtahanında iştirak etməsəydi, onunla işəgötürən arasında əmək münasibətləri davam edəcəkdirmi? Cavabdehlər isə xeyr, əmək müqaviləsinə xitam veriləcəyini qeyd etmişlər. Bəli, doğrudur belə olan halda analoji işlərdə işəgötürən əmək müqaviləsinə xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarında bunu açıq-aşkar görmək mümkündür. Yuxarıda qeyd olunan a,b və c bəndlərindən aşkar olur ki, əgər iddiaçı işəgötürənlə əmək münasibətlərini davam etdirmək istəyirsə, təkrar sertifikatlaşdırma imtahanında iştirak etmək və müvafiq keçid balını toplamaq məcburiyyətində qalmışdır. Əks halda, yəni iştirak etmədiyi və ya iştirak edib keçid balını toplaya bilmədiyi halda əmək müqaviləsinə xitam veriləcəkdir. Buradan da çıxan nəticə odur ki, iddiaçının təkrar sertifikatlaşdırma imtahanında iştirakı əmək münasibətlərinin davam etdirilməsinə münasibətdə məcburi olmuşdur.
28. MPM-in 14.2-ci maddəsi üzrə - iddiaçının 60 yaşı tamam olduqdan sonra təkrar sertifikatlaşdırma imtahanına cəlb olunması və eləcə də III qrup əlil olması ilə əlaqədar ona əlaverişli şəraitin yaradılması nəzrədə tutulsa da, lakin həmin şəraitin nədən ibarət olması və iddiaçıya hansı əsasla tətbiq olunmaması hissəsində məhkəmə mübahisəyə obyektiv qiymət verməmiş və bununla da işə qərəzli yanaşmışdır.
29. MPM-in 167-ci maddəsi üzrə - hazırkı mübahisəyə Qusar Rayon Məhkəməsində ##.##.2025-ci və ##.##.2025-ci il tarixlərində 2 hazırlıq iclası və ##.##.2025-ci il tarixində keçirilən 1 baxış iclası nəticəsində yekun məhkəmə aktı çıxarılmışdır. Cavabdeh tərəf ##.##.2025-ci tarixində məhkəməyə vəsatət verərək Agentliyin cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatəti növbəti hazırlıq iclasında mahiyyəti üzrə baxıb həll etmədən işi məhkəmə baxışına vermiş və həmin vəsatəti baxış iclası zamanı həll etmişdir. Iddia tərəfi olaraq vəsatətin təmin olunmasına etiraz etmiş və vəsatət təmin olunmamışdır. Sonradan məhkəmə Agentliyi öz təşəbbüsü ilə “üçüncü şəxs” qismində işə cəlb etmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “üçüncü şəxs” Agentliyə məhkəmənin iclası və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Halbuki məhkəmə bütün bu prosessual hərəkətləri ##.##.2025-ci il tarixində məhkəmə baxışı iclası zamanı həll etmişdir.
30. MPM-77.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iş üzrə tətbiq olunan maddi hüquq normalarının tələblərinə əməl etməmişdir.
31. MPM-in 387-ci maddəsi üzrə - MPM-in 46-cı maddəsinə istinadla iddiaçı qeyd etmişdir ki, Qusar Rayon Məhkəməsi Agentliyi öz təşəbbüsü ilə işə cəlb etsə də, onun məhkəmədə iştirak etməsi üçün məhkəmənin iclası və yeri barədə lazımi və ağlabatan müddətdə məlumat verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin işə baxan tərkibi də öz növbəsində sözügedən pozuntuya göz yummuş, ümumiyyətlə, həmin hissəyə münasibət bildirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
34. Maddə 67-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
35. Maddə 67-2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.
36. Maddə 70 (“c” bəndi). Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası
37. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
38. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
39. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
40. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
45. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.5-ci bəndinə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
49. Normanın məzmunundan göründüyü kimi, həmin yaş həddinə çatmış şəxslərin sertifikatlaşdırmada iştirakı hər hansı əlavə şərtdən və ya istisnadan asılı tutulmamış, onların sertifikatlaşdırmada iştirakının könüllü xarakter daşıdığı imperativ qaydada müəyyən edilmişdir.
50. Həmin Qaydaların 5.2-ci bəndində isə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin bir il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ nəzərdə tutulmuş, 5.3 və 5.4cü bəndlərdə isə təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərin sertifikatlaşdırmadan keçməmiş hesab edilməsinin və onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsinin hüquqi nəticələri müəyyən edilmişdir.
51. Bununla belə, göstərilən normalar Qaydaların 1.5-ci bəndində nəzərdə tutulmuş hüquqi tənzimləməni istisna etmir. Qaydalarda 60 və daha yuxarı yaşda olan şəxslərin təkrar sertifikatlaşdırmada iştirakının məcburi olması, yaxud onların könüllülük hüququnun ilk sertifikatlaşdırmada iştirak etməmələri ilə əlaqədar itirilməsi barədə hər hansı norma nəzərdə tutulmamışdır.
52. Iş materiallarından müəyyən edilir ki, iddiaçı ilk sertifikatlaşdırma zamanı 60 yaşına çatmamış, təkrar sertifikatlaşdırma keçirilən zaman isə artıq 60 yaşını tamamlamışdır.
53. Cavabdeh iddia tələbinə etirazında iddiaçının birinci sertifikatlaşdırmada iştirak etmədiyinə görə təkrar sertifikatlaşdırmada iştirakının məcburi xarakter daşıdığını bildirmişdir. Lakin belə hüquqi nəticə nə Qaydaların 1.5-ci bəndindən, nə də onun digər müddəalarından irəli gəlir.
54. Hər hansı inzibati orqan tərəfindən normativ hüquqi aktlarda nəzərdə tutulmayan əlavə məhdudiyyət və ya istisnalar müəyyən edilməklə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qüvvədə olan Qaydaların məzmununu dəyişdirən və ya tamamlayan hüquqi tənzimləmə tətbiq edilə bilməz.
55. Belə olan halda, iddiaçının 60 yaşını tamam olduqdan sonra keçirilmiş sertifikatlaşdırmada iştirakının məcburi hesab edilməsinin hansı hüquqi normaya əsaslandığı məhkəmələr tərəfindən araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu barədə dəlilini yalnız onun ilk sertifikatlaşdırmada iştirak etməməsi və “təkrar” sertifikatlaşdırmanın ayrıca institut və imtahan növü kimi qanunvericilikdə müəyyən olunması ilə əsaslandıraraq rədd etmiş, lakin bu halın Qaydaların 1.5-ci bəndi ilə müəyyən edilmiş könüllülük prinsipini hansı hüquqi əsasla aradan qaldırmasını göstərməmişdir.
56. Halbuki, məhkəmələr mübahisəyə tətbiq edilməli olan normativ tənzimləməni sistemli şəkildə şərh etməli, Qaydaların 1.5-ci bəndinin hüquqi nəticələrinin iddiaçının hüquqi vəziyyətinə təsirini qiymətləndirməli, 60 yaşını tamamlamış şəxsin təkrar sertifikatlaşdırmaya məcburi qaydada cəlb edilməsinin qanuni əsaslarının mövcud olub-olmadığını müəyyən etməli idilər.
57. Bu araşdırmalar aparılmadan və göstərilən hüquqi məsələyə qiymət verilmədən iddiaçı ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsasında xitam verilməsinin qanuni olması barədə gəlinən nəticə əsaslı hesab edilə bilməz.
58. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, iş üzrə tətbiq edilməli olan hüquq normalarını düzgün şərh etməmiş və nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
59. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
60. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.