Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-162/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzilin qanunsuz sahiblikdən alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2021-ci il tarixdən iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 2010-cu il ## ### tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 3 uşağın anaları Cavabdeh himayəsində saxlanılması müəyyən edilmişdir.
3. Iddiaçı tərəfindən mənzilin boşaldılması barədə tələb irəli sürülməsinə baxmayaraq nikah pozulduqdan sonra da cavabdeh uşaqları ilə birlikdə keçmiş qaynatanın mülkiyyətində olan mənzildə yaşamağa davam etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladları 2009cu il # ####### təvəllüdlü X1, 2011-ci il ## ### təvəllüdlü X3 və 2014-cü il ## ###### təvəllüdlü X2 onlara məxsus əşyalarla birlikdə çıxarılaraq mənzilin boşaldılmasını və ona təhvil verilməsini, habelə cavabdehin hərəkətləri nəticəsində vurulduğunu göstərdiyi 3000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehdən tutulmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra onların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi müvəqqəti istifadə üçün onlara verilmiş, sonradan isə iddiaçı tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ayrıca yaşayış evi alınmasına baxmayaraq cavabdeh və ailə üzvləri həmin evə köçməkdən imtina etmiş, iddiaçının evi boşaltmaq barədə tələblərinə əməl etməmiş və hətta evi yandırmaqla hədələmişdir; iddiaçı tərəfindən göndərilmiş mənzilin könüllü boşaldılması barədə təklif cavabdeh tərəfindən 2025ci il ## ###### tarixdə qəbul edilsə də, ev faktiki olaraq boşaldılmamış, iddiaçının oğlu ilə cavabdeh arasında nikah Sabunçu Rayon Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə pozulmuş, cavabdehin mübahisəli ev üzrə rəsmi qeydiyyatı olmamış, buna baxmayaraq o, iddiaçıya məxsus evi tərk etməmiş, nəticədə iddiaçı öz mülkiyyətində olan əmlakdan istifadə etmək və sərəncam vermək imkanından məhrum olmuş, həmin evi kirayə verməklə əldə edə biləcəyi gəlirdən məhrum qaldığını və bu səbəbdən 3000 manat maddi zərərə, həmçinin mülkiyyət hüququnun pozulması nəticəsində mənəvi sarsıntı keçirdiyinə görə mənəvi zərərə məruz qaldığını bildirmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2025-ci il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Ruslan Mirzəliyev).
7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzilə 2010-cu il tarixdə iddiaçının oğlu Mürsəl Əliyevlə nikaha girərək köçmüş və tərəflər arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildə yaşamasına heç bir qanuni əsas yoxdur, onun mübahisəli mənzili tərk etməməsi iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirməsinə mane olduğundan, mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmuş olduğundan tələb təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 152.5, 157.2, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə prosesləri barədə məlumatlandırılmamış, məhkəmədən onun adına göndərilən bildirişlər iddiaçı tərəfindən götürüldüyünə görə müdafiə hüququ pozulmuşdur. Cavabdeh bildirmişdir ki, iddiaçının oğlu ilə faktiki ailə münasibətləri 2008-ci il # #### tarixdən yaranmış, onların birinci övladı 2009-cu il # ####### tarixdə anadan olmuş, mübahisəli evə həmin dövrdən iddiaçının razılığı ilə köçərək orada yaşamışdır. Həmçinin qeyd etmişdir ki, ev üzərində mülkiyyət hüququ iddiaçının adına yalnız 2021-ci il ## ######## tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, həmin evdə yaşayarkən yaşayış sahəsində tikinti və təmir işləri aparılmış, evin yaxşılaşdırılması üçün müəyyən xərclər çəkilmişdir. Mübahisə yarandığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməli olduğu halda məhkəmə tərəfindən tətbiq edilməmiş, halbuki o, iddiaçının razılığı ilə həmin evdə yaşayaraq yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdehin yetkinlik yaşına çatmayan övladları-X1, X3, X2 onlara aid əşyaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakimlər – V.Sadıqov (məruzəçi), S.Bəhramzadə, X.Mərdanova).
13. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarına istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılan mövqeni nəzərə alınmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2009-cu il #######ın #-dən sonra yaranmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cii maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
15. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Abşeron rayon AIK-in 2008ci il # #### tarixli qərarı ilə iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə iddiaçının hüquqları 2021-ci il ## ######## tarixində qeydiyyata alınmışdır. Qeyd edilən hallar iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan və fərdi yaşayış evinin Texniki Pasportundan müəyyən olunur.
16. Məhkəmə bildirmişdir ki, cavabdehin mübahisəli mənzilə 2008-ci ildə faktiki köçməsi, 2009-cu ildə uşaq doğması, 2010-cu il tarixdə iddiaçının oğlu Mürsəl Əliyevlə rəsmi nikaha girməsi hazırki halda heç bir əhəmiyyət kəsb etmir. Belə ki, mənzil üzərində hüquqlar 2021-ci ildə qeydiyyata alındığından, 2009-cu il # ####### tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq olunmalıdır.
17. Məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinadən qeyd etmişdir ki, hazırkı halda iddiaçı ilə cavabdehin bir-birilərinə münasibətdə qohumluq əlaqələri müəyyən olunmadığından iddia tələbi təmin edilməlidir.
18. Azyaşlı uşaqlara münasibətdə kollegiya qeyd etmişdir ki, onlar cavabdehin himayəsində olmaqla onunla birgə yaşayırlar. Yetkinlik yaşına çatmayanların yaşayış yeri isə valideynlərinin yaşayış yeri hesab olunur. Belə olduqda isə 2009-cu il # ####### tarixində doğulmuş X1, 2011-ci il ## ### tarixində doğulmuş X3 və 2014-cü il ## ###### tarixində doğulmuş X2 cavabdehlə birgə mənzildən çıxarılmalıdırlar.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, MM-in 139.3, 146.2, 146.3, 152.1, 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
21. MM-in 157.7-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi işə baxarkən cavabdehin iddiaçının oğlu ilə 2008-ci il # #### tarixdə faktiki nikah münasibətlərinə daxil olmasını, həmin vaxtdan mübahisəli evə iddiaçının razılığı ilə köçərək burada yaşamasını və təxminən 17 il ərzində həmin yaşayış sahəsindən istifadə etməsini, eləcə də öz vəsaiti hesabına yaşayış sahəsində müxtəlif tikinti və yaxşılaşdırma işləri aparmasını nəzərə almamış və bu hallara hüquqi qiymət verməmişdir. Şikayətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən yaşayış sahəsində 1 mərtəbəli 2 otaqlı ev tikilmiş, 5x6 metr ölçüdə mal damı inşa edilmiş, hasar çəkilmiş, həmçinin evdə təmir işləri aparılmış, o cümlədən isti döşəmə, sanitar qovşağın təmiri, kafel-metlax döşənməsi və kombi sistemi quraşdırılması kimi işlər görülmüş və bunun üçün təxminən 10.000 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə bu halları araşdırmamış və yalnız iddiaçının həmin işlərin görülmədiyini bildirməsi ilə kifayətlənmişdir. Halbuki qeyd edilən maddənin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilər, belə ayırmaq mümkün olmadıqda isə əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmalar üçün çəkilmiş məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya şikayətində cavabdehin mübahisəli əmlaka iddiaçının razılığı ilə vicdanlı sahiblik etdiyi və həmin müddətdə əmlakı yaxşılaşdırdığı göstərilmiş, bu səbəbdən aparılmış yaxşılaşdırmaların müəyyən edilməsi üçün məhkəmə mühəndis-tikinti ekspertizasının təyin olunması barədə vəsatət verildiyi, lakin apellyasiya instansiyası məhkəməsinin bu məsələyə ümumiyyətlə qiymət vermədiyi qeyd edilmişdir.
22. MPM-in 88, 217-cü maddələri üzrə - Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
34. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 157.7-ci maddəsinin pozulduğuna istinad edilərək qeyd edilir ki, cavabdehin iddiaçının oğlu ilə nikahda olduğu müddətdə çıxarılması tələb edilən mənzilə çəkdiyi yaxşılaşdırma xərcləri nəzərə alınmamışdır. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində bu hala istinad edərək çəkilmiş yaxşılaşdırma xərclərinin 10.000 manat təşkil etdiyi göstərsə də, yaxşılaşdırma xərclərinin qarşı tərəfdən tutulması ilə bağlı qarşılıqlı iddia tələbi olmadığından apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmaması pozuntu hesab edilə və bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz.
35. Kassasiya şikayətinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinin nəzərə alınmadığına dair dəlili bağlı kollegiya qeyd edir ki, qeyd edilən maddənin 2-ci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın dispozisiya şərtindən görünür ki, məhkəmə tərəfindən keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə tətbiq edilir. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən məhkəməyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin 2-cü cümləsinin ona tətbiq edilməli olduğunu şərtləndirən hər hansı hala istinad etmədiyindən məhkəmə tərəfindən mübahisəni həll edərkən maddi hüquq normalarının pozuntusuna yol verildiyi müəyyən edilmir.
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilən pozuntulara yol verilmədiyi müəyyən olunmuşdır.
37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.