Məhkəmə qərarları › İş №2(1-8)-1668/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1668/2026

23.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1668/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı nümayəndə1 Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, son haqq-hesabın ödənilməsi, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı nümayəndə1 Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, əmək haqqı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı nümayəndə1 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. nümayəndə1 Məmməd oğlu ##.##.2012-ci il tarixli əmək müqaviləsinə əsasən “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt X1 bölməsində “istehsalat təlimi ustası” vəzifəsində çalışmışdır.

2. “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi bölməsinin işçilərin əmək haqlarından hər ay 1% Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin HİK-ə köçürülməsinə etiraz etmədikləri ilə bağlı cədvəldən görünür ki, həmin cədvəl nümayəndə1 Məmməd oğlunun öz imzası ilə təsdiqlənmişdir.

3. “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi bölməsində “istehsalat təlimi ustası” vəzifəsində işləyən nümayəndə1 Məmməd oğlu ilə bağlanılmış *******000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə (tərəflərin müəyyən etdiyi digər hallar) əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi, işçinin ##.##.2012-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş 12.12 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Mühasibat uçotu və hesabatı şöbəsi həvalə edilməsi barədə idarənin rəisi X2 tərəfindən ##.##.2025-ci il tarixli,**- *-**/*-*K-*/**** nömrəli əmr vermişdir.

4. Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının əmək fəaliyyətinə aid sənədlər aidiyyəti qurumlardan tələb edilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı iddiaçı ilə işəgötürən arasında ##.##.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmiş və aidiyyəti qurum tərəfindən təqdim edilmiş məktubda iddiaçının naməlum səbəbdən işə gəlmədiyi bildirilmişdir. Eyni zamanda iddiaçı ilə bağlanmış ##.##.2012-ci il tarixli əmək müqaviləsinə edilmiş * saylı əlavəyə və “Əmək və Məşğulluq” hissəsində (“d” bəndi - bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar: işçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər, İşçi özü barədə yanlış məlumat (cinayət, inzibati, mülki və digər məsuliyyətə cəlb olunması haqqında) verdikdə və ARDNŞ-nin SOCARSS-005.2012 standartına uyğun yoxlama nəticəsində bu hal aşkar olunduqda əmək müqaviləsi işəgötürən tərəfindən 2 ay müddətində ləğv edilə bilər) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq tərəflərin müəyyən etdiyi və bu maddədə sadalanan hallara əsasən xitam verilə biləcəyi qeyd edilmişdir.

5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının əmək fəaliyyətinə aid sənədlər aidiyyəti qurumlardan tələb edilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə işəgötürən arasında ##.##.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə (bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar) xitam verilmişdir və qeyd edilir ki, təqdim edilən ##.##.2012-ci il tarixli əmək müqaviləsinə edilmiş * saylı əlavəyə və “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş elektron əmək müqaviləsinin 9-cu maddəsinin 5-ci hissəsində (“d” bəndi-bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar: işçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq tərəflərin müəyyən etdiyi və bu maddədə sadalanan hallara əsasən xitam verilə biləcəyi qeyd edilmişdir

6. nümayəndə1 Məmməd oğlu “əmək müqaviləsinə xitam verilməsi” barədə mübahisə üzrə əvvəlcə ##.##.2025-ci il tarixdə Bakı Şəhəri * saylı Mediasiya təşkilatına, ##.##.2025-ci il tarixdə isə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı nümayəndə1 Məmməd oğlu (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə (bundan sonra cavabdeh, yaxud İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İdarə arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında cavabdeh İdarə tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 14-2-21/3-1K-*/**** №-li əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə - cavabdeh İdarənin Sumqayıt X1nin istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının və cavabdeh İdarə tərəfindən onun əmək haqında qanunsuz olaraq tutulmuş və Həmkarlar İttifaqı Komitəsinə köçürülmüş 2.600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2012-ci il tarixli əmək müqaviləsinə əsasən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt X1 bölməsində uzun illər “istehsalat təlimi ustası” vəzifəsində fəaliyyət göstərmişdir. Cavabdeh İdarənin ##.##.2025-ci il tarixli, **-*-**/*-*K-*/**** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “d” bəndinə müvafiq olaraq xitam verilmiş, həmçinin işçinin ##.##.2012-ci il tarixdən ##.##.2025-ci il tarixədək istifadə edilməmiş məzuniyyət günlərinin son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsinin Mühasibat uçotu və hesabatı şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı əmək müqaviləsinə xitamla bağlı əmri qanunsuz hesab edərək aidiyyəti orqanlara müraciət etmiş və həmin müraciətlər nəticəsində araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə işəgötürən arasında ##.##.2012-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə (bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar) xitam verildiyi müəyyən edilmişdir. İddiaçıya bildirilmişdir ki, ##.##.2012-ci il tarixli əmək müqaviləsinə edilmiş * saylı əlavəyə və “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş elektron əmək müqaviləsinin 9-cu maddəsinin 5-ci hissəsində (“d” bəndi-bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar: işçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq tərəflərin müəyyən etdiyi və bu maddədə sadalanan hallara əsasən xitam verilə biləcəyi qeyd edilmişdir. Eyni zamanda iddiaçının hər ay üzrə əmək haqqından 1% tutulmaqla cavabdeh orqanın Həmkarlar İttifaqı Komitəsinə köçürülməsinə etiraz etmədiyi və imzası ilə təsdiqlədiyi məlum olmuşdur. Əlavə olaraq, iddiaçının ##.##.2023-cü il tarixdə maddi yardım verilməsi ilə bağlı cavabdeh orqanın Həmkarlar İttifaqı Komitəsinə ərizə ilə müraciət etdiyi müəyyən edilmişdir. İddiaçıya bildirilmişdir ki, son haqq-hesabın hesablanması cədvəlinə əsasən və əmək haqqı bank hesabından çıxarışdan iddiaçıya son haqq-hesabın 2.683,73 manat, əmək qabiliyyətinizin müvəqqəti itirilməsi ilə bağlı müavinətin isə 410,02 manat olmaqla ödənildiyi müəyyən edilmiş, lakin müvafiq sənədlər tam təqdim olunmadığından həmin ödənişlərin qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilib-ödənilməməsinə münasibət bildirmək mümkün olmamışdır. X3 Xidməti tərəfindən mövcud məsələ ilə bağlı səlahiyyətləri xaricində olan və araşdırılmayan digər məsələlərin araşdırılması üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

9. Cavabdeh İdarənin nümayəndəsi İsmət Niftəliyev iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh İdarə arasında ##.##.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəndinə (Əmək müqaviləsinə xitam verilməsi) əsasən, əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndinə əsasən xitam verilə bilər. Yəni həmin maddənin tələblərinə əməl edilmədikdə, tərəflərin müəyyən etdiyi digər hallarda xitam verilə bilər. Həmçinin həmin əmək müqaviləsinin 9-cu bəndində qeyd olunmuşdur ki, işçi Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər. Buna uyğun olaraq Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini rəhbər tutaraq haqlı olaraq işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən hazırda kişilər üçün pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. İddiaçının ##.##.2024-cü ildə 65 yaşı tamam olmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi müddəalar əsassızdır və əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi barədə əmr Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə tam müvafiqdir. Həmkarlar İttifaqı Komitəsinə iddiaçının aylıq əmək haqqından hər ay əmək haqqının 1%-i məbləğinin tutulması məcburi deyil, özü tərəfindən yazılı şəkildə imzalanmaqla könüllü razılıqla olmuşdur.

10. Cavabdehin nümayəndəsi İsmət Niftəliyev iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi pul tələbi ilə bağlı o, hüquqlarının pozulduğu gündən 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. İddiaçı 2020-ci ildə hüquqlarının pozulduğunu bilmiş, lakin məhkəməyə həmin zaman deyil, üstündən 5 il müddət keçdikdən sonra müraciət etmiş, bununla da bu kimi tələblərlə bağlı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmamış və bu barədə iddiaçıya məhkəmə iclasında əsl olmayan cavabdehin əvəz olunması təklif edilmiş lakin o, iddia tələbini düzgün cavabdehə qarşı yönəltdiyini bildirmişdir.

14. Məhkəmə əmək haqqı tələbi ilə bağlı qeyd etmişdir ki, son haqq-hesabın hesablanması cədvəlinə əsasən və bank hesabından çıxarışdan iddiaçıya son haqq-hesab kimi 2.683,73 manat və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı 410,02 manat olmaqla ödənişlərin ödənildiyi müəyyən edilmişdir.

15. Həmçinin iddiaçının hər ay üzrə əmək haqqından 1% tutulmaqla cavabdeh İdarənin Həmkarlar İttifaqı Komitəsinə köçürülməsinə etiraz etmədiyi və imzası ilə təsdiqlədiyi məlum olmuşdur. Həmçinin iddiaçının ##.##.2023-cü il tarixində maddi yardımın verilməsi ilə bağlı Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin Həmkarlar İttifaqı Komitəsinə ərizə ilə müraciət etdiyi məlumdur və iş materiallarında olan “xxxx” ASC-nin debit haqqında bildirişdən görünür ki, İddiaçı hesabına 100 manat pul vəsaiti olaraq maddi yardım köçürülmüşdür.

16. Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsinə əsasən əmək mübahisəsinin pul tələbi hissəsinə əsasən işçi hüquqlarının pozulduğu gündən 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. Odur ki, mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsi aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Mülki işin materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyindən məlumatlı olub, lakin müddət ötürülərək, mediasiyaya vaxtında müraciət etməmişdir. Buna görə də iddia tələbi əsaslı hesab edilərək, təmin oluna bilməz.

17. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1, 53.2, 53.3 və 54.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48, 49.1, 50.1 və 50.3-cü, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli Qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.

19. Apellyаsiyа şikаyəti iddia tələbinin əsasları ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işə bərpa ilə bağlı iddialar üzrə müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanmalıdır. Hazırkı işdə iddiaçı yalnız cavabdeh orqanlardan aldığı rəsmi yazılı cavablardan və X3 Xidmətinin məktublarından sonra işdən azad edilmənin qanunsuz olduğunu tam müəyyən edə bilmişdir. Bundan sonra iddiaçı qanunvericiliyə uyğun olaraq mediasiya mərhələsinə müraciət etmiş və mediasiya proseduru nəticəsiz başa çatdıqdan dərhal sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən işə bərpa ilə bağlı iddialar üzrə iddia müddəti işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanmalıdır. Həmçinin 296.6-cı maddəyə əsasən üzrlü səbəblər olduqda məhkəmə iddia müddətinin bərpası barədə qərar verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, işçinin azad iradəsi və əmək hüquqları qorunmalıdır. Həmkarlar ittifaqına 2.600 manatın əsassız tutulması ilə bağlı isə məhkəmə iddiaçının bu tutulmaya razılıq verdiyini qeyd etmişdir. Lakin bu razılıq azad iradə ilə verilməmiş, uzun müddət ərzində alternativsiz aparılmış və iddiaçıya real seçim imkanı tanınmamışdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi və Əmək Məcəlləsinin 16-cı maddəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə və Mülki Prosessual Məcəllənin 2 və 4-cü maddələrinə əsasən, əmək münasibətlərində hüquqi şəxsin struktur vahidləri işəgötürən kimi çıxış edə bilər və məhkəmədə cavabdeh ola bilərlər. Məhkəmənin cavabdehi sırf formal əsaslarla qiymətləndirməsi şəxsin məhkəməyə çıxış hüququnu pozur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Günel Abbasova və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək münasibətləri mövcud olmuş və onun əmək müqaviləsinə işəgötürənin müvafiq əmri ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız qanunla nəzərdə tutulmuş əsaslar üzrə xitam verilə bilər və həmin xitam müvafiq qaydada rəsmiləşdirilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri ilə həyata keçirilmiş və bu əmrin mövcudluğu iş materialları ilə təsdiq olunur. İddiaçı isə həmin əmrin qanunsuzluğunu sübut edən mötəbər və yetərli sübutlar təqdim etməmişdir.

22. Bundan əlavə, Əmək Məcəlləsinin 69-cu və 70-ci maddələrinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi halları konkret əsaslarla bağlıdır və həmin əsasların mövcudluğunu sübutetmə yükü tərəflərin prosessual mövqeyinə uyğun olaraq qiymətləndirilməlidir. İş materiallarının məcmu qiymətləndirilməsi göstərir ki, iddiaçı tərəfindən bu əsasların qanunsuzluğunu təsdiq edən sübutlar təqdim olunmamışdır.

23. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, fərdi əmək mübahisələri üzrə işçi hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətlər daxilində məhkəməyə müraciət etməlidir. Müddətin buraxılması yalnız üzrlü səbəblər olduqda bərpa edilə bilər. İş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra qanunla müəyyən olunmuş müddəti ötürməklə, əvvəlcə ##.##.2025-ci il tarixdə Bakı Şəhəri * saylı Mediasiya təşkilatına, ##.##.2025-ci il tarixdə isə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olması sübuta yetirilməmiş, bu istiqamətdə məhkəməyə əsaslı dəlillər təqdim edilməmişdir. Bu səbəbdən, iddianın mahiyyəti üzrə baxılması üçün hüquqi əsas yaranmamışdır.

24. Əmək Məcəlləsinin 172-ci və 175-ci maddələrinə əsasən, işəgötürən işçiyə əmək haqqını tam və vaxtında ödəməyə borcludur, əmək müqaviləsinə xitam verilərkən isə son haqqhesab aparılmalıdır. İşdə olan maliyyə sənədlərindən, arayışlardan və digər sənədlərdən görünür ki, iddiaçı ilə son haqq-hesab aparılmış, ona qanunvericiliyə uyğun bütün ödənişlər edilmişdir. İddiaçı tərəfindən əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.

25. İddiaçının daha bir tələbi ondan ibarətdir ki, o, yuxarıda qeyd edilən vəzifədə işlədiyi uzun müddət ərzində onun aylıq əmək haqqından hər 1% tutulmaqla Həmkarlar İttifaqı Komitəsinə köçürülmüşdür, baxmayaraq ki, o bununla bağlı razılıq verməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bu kimi tutmaların həyata keçirilməsi üçün iddiaçının buna xüsusi razılığını ifadə edən ərizə cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməsə də, həmin razılığın olubolmaması iddia tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçının özünün də bildirdiklərindən müəyyən edilir ki, o, həmin tutmaların həyata keçirilməsi ilə razılaşmış, susmuş və buna etiraz etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68, 69, 70, 172, 175, 296-cı və Mülki Prosessual Məcəllənin 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, obyektiv və hərtərəfli araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndini yalnız əmək müqaviləsində belə bir şərtin nəzərdə tutulmasına əsaslanaraq tətbiq etmiş, lakin həmin şərtin qanunvericiliyin imperativ normalarına, Konstitusiyanın əmək hüquqları, bərabərlik və ayrıseçkiliyin yolverilməzliyi prinsiplərinə uyğun olub-olmadığını, habelə pensiya yaşına çatmanın konkret halda əmək münasibətlərinə xitam verilməsi üçün kifayət edən hüquqi əsas təşkil edibetmədiyini araşdırmamışdır. Eyni zamanda, iş materiallarından cavabdeh təşkilatda pensiya yaşına çatmış digər işçilərin əmək fəaliyyətini davam etdirməsi müəyyən olunsa da, məhkəmə bu hallara hüquqi qiymət verməmiş, iddiaçıya münasibətdə fərqli yanaşmanın səbəblərini araşdırmamış, selektiv tətbiqin mövcudluğu ilə bağlı irəli sürülən dəlilləri qiymətləndirməmişdir. Nəticədə Konstitusiyanın 25-ci maddəsində və Əmək Məcəlləsinin 16-cı maddəsində təsbit edilmiş bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinin pozulmasına dair iddialar cavabsız qalmışdır.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə iddia müddətini formal olaraq əmək müqaviləsinə xitam verildiyi tarixdən hesablamış, halbuki iddiaçının hüququnun pozulduğunu faktiki olaraq hansı tarixdə aşkar etməsini, aidiyyəti dövlət orqanlarına müraciətlərini, həmin müraciətlərə verilmiş cavabları, mediasiya mərhələsinin keçirilməsini və iddia müddətinin hesablanmasına təsir edən digər mühüm halları lazımi qaydada araşdırmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi həmçinin Həmkarlar İttifaqına üzvlüklə bağlı iddiaçının yazılı razılığının mövcud olmadığını müəyyən etsə də, bu halın hüquqi nəticələrini düzgün qiymətləndirməmiş, uzun müddət etiraz edilməməsini və faktiki davranışı könüllü razılıq kimi qəbul etmişdir. Halbuki əmək münasibətlərində işçinin iradəsi yalnız açıq, sərbəst və birmənalı şəkildə ifadə edilməli, susma və ya passiv davranış hüquqi baxımdan razılıq kimi qiymətləndirilməməlidir.

31. Bundan əlavə, məhkəmə əmək müqaviləsinə edilmiş əlavənin mövcudluğunu formal hüquqi əsas kimi qəbul etmiş, həmin şərtin əmək hüququnun sosial müdafiə xarakterinə, işçinin zəif tərəf olmasına, əmək hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin qanunvericiliyin imperativ normalarına uyğunluğuna və faktiki tətbiq mexanizminə hüquqi qiymət verməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi zamanı da Mülki Prosessual Məcəllənin 14.1, 77.1 və 88-ci maddələrinin tələblərinə əməl etməmişdir. İş üzrə təqdim olunmuş bütün sübutlar məcmu halında qiymətləndirilməmiş, əsasən, cavabdehin təqdim etdiyi sənədlərə üstünlük verilmiş, iddiaçının dəlilləri isə lazımi hüquqi əsaslandırma olmadan rədd edilmişdir. Həmçinin əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə sübutetmə yükü düzgün bölüşdürülməmiş, əmək müqaviləsinə xitam verilməsinin qanuniliyini, əmək haqqından tutulmaların hüquqi əsaslarını və işçinin yazılı razılığını sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşdüyü halda, məhkəmə həmin halların sübuta yetirilməsini tələb etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

33. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili vəkil1 etirazı daxil olmuş, kassasiya şikayətinin dəlillərinin formal və əsassız olduğu bildirilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

34. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

35. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır

36. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

37. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

38. Maddə 75 (1-ci hissə). Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

39. Maddə 75 (2-ci hissə). Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:

40. Bənd “d”. bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

41. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

42. Maddə 296 (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

43. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

44. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

45. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

62. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.).

63. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı).

64. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

65. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

66. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

67. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq Əmək Məcəlləsinin 172-ci və 175-ci maddələrinə istinad edərək, işdə olan maliyyə sənədlərindən, arayışlardan və digər sənədlərdən iddiaçı ilə son haqq-hesab aparılmasının, ona qanunvericiliyə uyğun bütün ödənişlərin edilməsini, iddiaçının tərəfindən əksini təsdiq edən hər hansı mötəbər sübutun təqdim olunmadığını, həmçinin iddiaçının aylıq əmək haqqından hər ay 1% tutulmaqla Həmkarlar İttifaqı Komitəsinə köçürülməsi ilə razılaşmasını, susmasını və buna etiraz etmədiyini göstərərək, iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqda haqlı olmuşdur.

68. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

70. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

71. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar