Məhkəmə qərarları › İş №2(1-8)-1678/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1678/2026

18.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1678/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Səid Rüstəmov adına ** nömrəli Uşaq Musiqi Məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə (ƏM-in 70-ci maddəsinin c bəndi); işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və S.Rüstəmov adına ** saylı Uşaq Musiqi Məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) ## ######## 2001-ci il tarixdən S.Rüstəmov adına ** saylı Uşaq Musiqi Məktəbində (bundan sonra – məktəb) fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli 97 №li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə S.Rüstəmov adına ** nömrəli Uşaq Musiqi Məktəbinin ## ###### 2024-cü il tarixli, *** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiya keçirilməsi qərara alınmış, Attestasiya Komitəsinin Əsasnaməsi təsdiq edilmişdir. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılmış və tərkibləri təsdiq edilmişdir. ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilmiş, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasna qədər məktəbin qeyd edilən əmri ilə təsdiq edilərək attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortopiano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verilmiş, həmin sənəddə attestasiya proqramı, dərslik, əyani musiqili fortepiano üzərində ifa və sair tələblər qeyd olunmuşdur.

3. Iddiaçıya ##.##.2024-cü il tarixdə attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə xəbərdarlıq edilmiş, həmçinin proqram təqdim edilmişdir.

4. ##.##.2025-ci il tarixli İddiaçı attestasiya vərəqəsinə görə, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar – 1) Əsərin ifası və təhlili. V.Mozart Sonata F Dur. Əsər təhlil olunmadı. Ifa çox tələsik idi, ritmik problemlər var idi, not mətni düzgün ifa olunmur. Kobud səslənmə var idi. 2) Qammanın ifası. E Dur. Cox zəif ifa idi. Əksildilmiş interval qura bilmədi. 3) Üzdən oxuma T.Quliyev Mars "Cəmilənin albomundan". Zəif idi. Ritm və sayda problemlər var idi. 1 sətir belə ifa edə bilmədi. 4) 5 bemollu qamma hansıdır? Des Dur, b moll. Düzgün cavab verdi. 5) 5 diyezli qamma hansıdır? H Dur, gis moll. Düzgün cavab verdi. 6) P.Çaykovskinin uşaqlar üçün olan hansı əsərlərini tanıyırşız? "Uşaq albomu". Suala cavab verə bilmədi. 7) Kanon nədir? Kanon və Qanonun fərqini bilmir. 8) V.Adıgözəlovun hansı fortepiano əsərlərini tanıyırsız? Heç birini tanımadı. Keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs verilmişdir.

5. Məktəbin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli, * nömrəli qərarı ilə iddiaçının tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.

6. Iddiaçı ## ##### 2025-ci il tarixli, ** nömrəli əmrlə ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, məktəbdə attestasiyanın keçirilməsi barədə qanunsuz və əsassız *** nömrəli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrin əsasında yaradılmış, təsdiq və səlahiyyət verilmiş “S.Rüstəmov adına ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin” etibarsız hesab edilərək ləğv edilməsi, səlahiyyəti və hüququ olmayan “Bakı şəhəri S.Rüstəmov adına ** №-li Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası”nın ## #### 2025-ci il tarixli qərarı (həmin qərarı əks etdirən attestasiya vərəqəsi və protokol) ilə bağlı nəticələrin iddiaçıya münasibətdə ləğv edilməsi, həmin qərar əsasında tərtib edilmiş ## ##### 2025-ci il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının S.Rüstəmov adına ** №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, attestasiya zamanı çıxış edərkən ona tutduğu həm vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, həm də suallara verdiyi cavablar qərəzli və obyektivlik olmadan dəyərləndirilmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə, həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə ## ### 2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən, Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. 25 ilə yaxın həmin məktəbdə fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmış və bu müddət ərzində bir çox yerli və beynəlxalq miqyaslı dövlət tədbirlərində həm özü, həm də tələbələri fəal iştirak etmiş və sertifikatlar almışdır. Tələbələri də müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edərək çoxsaylı nüfuzlu mükafatlara layiq görülüblər. Əgər o, bu vəzifəyə uyğun biri olmasaydı, bu illər ərzində nə özü, nə də tələbələri dəfələrlə irimiqyaslı tədbirlərdə iştirak edə bilməzdilər. Çıxışlarının çoxsaylı tamaşaçılar tərəfindən bəyənilməsi və alqışlanması isə, əminliklə deyə bilər ki, peşəkar fəaliyyətinin, bilik və bacarığının nəticəsidir. Bu kimi uğurlar təsadüfi deyil – onlar illərlə davam edən zəhmətin, sadiqliyin və işinə olan sevginin göstəricisidir. Lakin Attestasiya komissiyasının tərtib etdiyi Attestasiya Vərəqəsində “Əsər təhlil olunmadı” qeydi yer alıb. Halbuki, o, attestasiya zamanı əsəri təhlil etməyə hazır olduğunu bildirmişdi, lakin komissiya üzvləri tərəfindən “lazım deyil” cavabı verilərək buna icazə verilməmişdir. Ona bu imkanı vermədikləri halda, daha sonra bu əsasla mənfi rəy formalaşdırmaları obyektivlik prinsipinə ziddir. Eyni zamanda çıxışı ilə bağlı “kobud səslənmə” kimi subyektiv yanaşmalar qeyd olunmuşdur. Bu hal isə istifadə etdiyi musiqi alətinin – fortepianonun – texniki cəhətdən yararsız vəziyyətdə olması ilə əlaqədar idi. Bu, onun deyil, təhsil müəssisəsinin məsuliyyətində olan texniki problem idi. Ritm barəsində isə söhbət getməyib. Non legato ifa ilə bağlı ona irad bildirildi, amma bu yanaşma düzgün deyil. Belə ki, onun ifa etdiyi əsər müvafiq şəkildə təqdim edilmişdi və onun ifa üslubunda məqsədəuyğun idi. Komissiya üzvlərinin bu məsələyə yanaşması düzgün deyil, çünki əsərin tələblərinə uyğun olaraq ifanın texniki və estetik cəhətləri nəzərə alınmalıdır. Həmçinin qeyd etmək istəyir ki, bu məsələyə dair kameraların çəkilişi mövcuddur və həmin görüntülərdən açıq şəkildə görünür ki, onun ifası bu mövzuya uyğun şəkildə icra edilib. Beləliklə, bu barədə verilən qeydlər doğru və obyektiv deyildir (1-ci sual). Eyni zamanda bildirir ki, attestasiya zamanı onun ifa etdiyi Mi major qamması çox səlis və düzgün idi. Qamma çalınarkən ən vacib məqamlardan biri olan barmaq texnikası yerində idi və texniki baxımdan heç bir problem olmayıb. Lakin ifa zamanı komissiya üzvləri qammanı yarımçıq dayandırmışlar, ona tam ifa etməyə imkan verilməmişdir. Bu, onun texniki səviyyəsini tam şəkildə nümayiş etdirməyə mane olmuşdur. Qeyd etmək istəyir ki, interval haqqında heç bir sual ünvanlanmamış, lakin attestasiya vərəqəsində əsassız olaraq "interval sualı cavablandırılmadı" qeydi yazılmışdır. Bu isə reallığı əks etdirməyən və faktlara zidd olan yalandır. Bundan əlavə, attestasiya zamanı ona Əsl 7-lik (dominant septakord) qurmaq tapşırıldı və o, onu düzgün şəkildə qurub səsləndirdi. Lakin bu sual da onun ixtisas sahəsinə uyğun deyildi. O, nəzəriyyə müəllimi deyil, onun fəaliyyət sahəsi ifaçılıq və pedaqoji fəaliyyətdir. Attestasiya zamanı isə yalnız əmək funksiyasına uyğun olan suallar verilməli idi.(2-ci sual). Attestasiya zamanı onun ifası haqqında “üzdən oxuma” qeydi yazılıb. Lakin bu da doğru deyil. O, ifaya başlamazdan əvvəl əsərə baxaraq onunla tanış olmuş, sonra ifaya keçmişdir. Bu, normal musiqi pedaqoji praktikasına tam uyğundur. Buna baxmayaraq, komissiya tərəfindən ifası tez bir zamanda dayandırılmış, onun əsəri tam şəkildə təqdim etməyinə imkan verilməmişdir. Bundan başqa, əsərin müəllifi barədə verilən suala düzgün cavab verdi – Tofiq Quliyev olduğunu dedi, əsərin tonallığını da düzgün qeyd etdi. Lakin attestasiya vərəqəsində bu cavabların düzgün yazılmadığını gördü. O, bu qərarla qətiyyən razı deyil, çünki bu qiymətləndirmələr həm subyektiv, həmdə faktlara zidd olub (3-cü sual). Attestasiya zamanı ondan Çaykovskinin uşaqlar üçün olan hansı əsərləri olduğu soruşuldu. O, "Uşaq albomu" dedi, bu da düzgün cavabdır. Buna baxmayaraq, attestasiya vərəqəsində bu suala cavab verə bilmədiyi qeyd olunub ki, bu, həqiqətə uyğun deyil (6-cı sual). Attestasiya vərəqəsində 7-ci sual ilə bağlı səhv qeyd edilib. Vərəqədə "Kanon" və "Qanon" arasındakı fərqi bilmədiyi yazılıb, lakin bu tamamilə yanlış bir qeyddir. Öncəliklə ona görə ki, onların proqramında "Qanon" adlı bir əsər və ya musiqi aləti mövcud deyil, buna görə də bu sualın ona verilməsi ümumiyyətlə düzgün deyildir (bu arada vərəqədə qeyd edilməli olan alətin adı "Qanun"dur, “Qanon” yox). O, bu alət barədə tam məlumatlıdır. Məsələ tamam başqa olub. Burada onlar onun dedikləri əsasında sual götürdülər və proqramdan qırağa çıxdılar. Verilən sualın məzmunu, sanki onun dediklərindən bəhanə yaradıb, onu ona qarşı istifadə etmək məqsədini güdürdü. Belə ki, o, özündən danışaraq, qeyd edirdi ki, dərslərində autizmli şagirdiylə işləyir. Onun əllərinin barmaqları üzərindəki çalışmalarda Nom istifadə edərək, yüngül dəyişikliklər edərək, uşağın təməl musiqi bacarıqlarını inkişaf etdirir. O, izah edirdi ki, həmin şagirdiylə fərdi yanaşma tətbiq edərək, musiqi dərslərində "Qanun" alətindən istifadə etmişlər. Bu üsulun əsas məqsədi şagirdin barmaq motorikasını inkişaf etdirmək, barmaqların açılmasını və koordinasiyasını stimullaşdırmaq idi. Yəni ki, orada o, öz metodikasından və dərsdə tətbiq etdiyi toxunuşlardan danışmışdır. Ona onların fərqi barədə heç sual verilməyib. Necə ola bilər ki, o, bu alət barədə məlumatlı olmasın? Bu da ona qarşı qərəzli və düzgün olmayan bir qeyddir (7-ci sual). Attestasiya prosesində 8-ci sual zamanı ondan bəstəkar Vasif Adıgözəlovun əsərləri soruşuldu. Cavabında bildirdi ki, öz pedaqoji fəaliyyətində onun repertuarına birbaşa müraciət etməmişdir. Bununla belə, Azərbaycan musiqisinin klassik irsinə əsaslanaraq Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Üzeyir Hacıbəyov və Tofiq Quliyev kimi tanınmış bəstəkarların əsərlərindən istifadə etmişdir. Bu, heç bir halda Vasif Adıgözəlovun yaradıcılığı ilə tanış olmadığı və ya bu barədə məlumatının olmadığı anlamına gəlmir. Əksinə, onun musiqi irsi barədə kifayət qədər məlumatı var, lakin dərs prosesində seçdiyi materiallar şagirdlərin səviyyəsinə və mövzunun məqsədinə uyğun şəkildə digər bəstəkarların əsərləri əsasında formalaşdırılmışdır. Lakin attestasiya vərəqəsində “heç birini tanımadı” kimi qeydin aparılması onun verdiyi cavabların təhrif olunması və düzgün sənədləşdirilməməsi deməkdir (8-ci sual). Göstərilən hallar nəticəsində attestasiya komissiyası onun peşəkarlıq səviyyəsinin və ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması qənaətinə gələrək, tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul etmişdir. Lakin bu qərar obyektiv meyarlara deyil, subyektiv və qərəzli yanaşmaya əsaslandığı üçün ədalətsiz və əsassız hesab olunur. Əldə etdiyi çoxsaylı uğurlar, beynəlxalq səviyyədə tanınmağı və tələbələrinin davamlı nailiyyətləri nəzərə alınmadan mənfi rəy verilməsi, üstəlik cavablandırdığı sualların yanlış və ya təhrif olunmuş şəkildə sənədləşdirilməsi bu niyyəti açıq şəkildə üzə çıxarır. Attestasiya vərəqəsindəki qeydlər isə sübut edir ki, ona ya əmək funksiyasına uyğun olmayan suallar verilib, ya da cavab verməyinə imkan yaradılmayıb. Bütün bunlar obyektivlik və ədalət prinsiplərinin ciddi şəkildə pozulduğunun göstəricisidir. Qeyd etmək istəyir ki, hazırda onun bank qarşısında 20.000 (iyirmi min) manat məbləğində öhdəliyi mövcuddur. Bu səbəbdən, belə bir vəziyyətdə iş yerini itirmək təkcə onun şəxsi rifahı üçün deyil, ailəsinin maddi durumu üçün də son dərəcə ağır zərbə olmuşdur. Hal-hazırda fəal şəkildə yeni iş axtarışındadır ki, bu borcu ödəyə və ailəsinin gündəlik ehtiyaclarını qarşılaya bilsin. Artıq 50-dən yuxarı yaşı var bu yaşda insanların iş tapması demək olar ki, qeyri-mümkündür. Lakin onun fəaliyyətinə və peşəkar nüfuzuna xələl gətirən bu cür əsassız və ədalətsiz qərarın varlığı iş tapmağında da ciddi maneələr yaradır. Ona görə də, bu məsələ ilə bağlı yenidən baxılmasını, ədalətli qiymətləndirmənin aparılmasını və hüquqlarının bərpa olunmasını məhkəmədən xahiş edir.

9. Iddiaçı əlavə olaraq göstərmişdir ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər iddia hazırlanarkən əlində olmadığından həmin sənədlərlə tanış olmaq imkanı olmamışdır. Sözügedən sənədlərlə tanış olduğu zaman həmin sənədlərin (Əmr, əsasnamə və d.) qanunsuz və əsassız olduğu, iddiaçının hüquqlarını kobud surətdə pozulması faktı ortaya çıxmışdır. Belə ki, həmin sənədlərin tərtib edilməsi zamanı kobud pozuntulara yol verildiyi, qanunvericilik və hüquqi-normativ aktların tələblərinin pozulması aşkar edilmişdir. Ilk öncə iddiaçının hüquqlarının pozulmasına və əmək müqaviləsinə xitam verilməsinə əsas attestasiya komissiyasının fəaliyyəti ilə bağlı olan S.Rüstəmov adına ** nömrəli Uşaq Musiqi Məktəbinin *** nömrəli əmrin özünün hüquqi əsası və qanuniliyi sual altındadır. Sözügedən əmrin verilməsində ** nömrəli Uşaq Musiqi Məktəbinin direktorunun səlahiyyətinin olub-olmaması araşdırılmalıdır. Belə ki, həm S.Rüstəmov adına ** nömrəli Uşaq Musiqi Məktəbinin həm də onun struktur olaraq nəzarətçisi olan cavabdeh2 fəaliyyəti mərkəzi icra hakimiyyət orqanı olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamələr ilə tənzimlənir. Həmin əsasnamələrdə onların fəaliyyəti, vəzifələri və hüquqları qeyd edilib, təsdiq edilmişdir. Məktəbin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kollegiyasının # ###### 2018-ci il tarixli */* nömrəli qərarı ilə təsdiq edilmiş nümunəvi əsasnaməsi vardır. Məktəbin əsasnaməsinə görə ona birbaşa nəzarət aidiyyəti üzrə iş üzrə digər cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2dir. Həmin idarənin də əsasnaməsi vardır və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmişdir. Onlara nəzər saldıqda görünür ki, məktəb yuxarı icra hakimiyyəti orqanı və idarənin tabeliyindədir və məktəb direktorunun hər hansı əsasnamə qəbul etməsinə, həmin əsasnaməni təsdiq etməsinə səlahiyyəti yoxdur. Həmçinin yuxarıda qeyd olunan əsasnamələrin heç birində Məktəb direktoruna belə bir səlahiyyət verilməmişdir. Məktəb direktorunun səlahiyyəti olmamasına baxmayaraq onun tərəfindən müəllimlərin attestasiyadan keçirilməsi barədə əmr verməsi və bu qanunsuz və əsassız əmrlə müəllimlərin attestasiyadan keçirilməsi, əsası və qanuniliyi olmayan əmr və qərarla müəllimlərin attestasiyadan keçməyərək əmək müqavilələrinə xitam verilməsi baş vermişdir. Bütün bunlar nəzərə alındıqda, ümumiyyətlə sözügedən attestasiya komissiyasının yaradılması haqqında əmrin, əmr əsasında yaradılmış attestasiya komissiyasının və onun əsasnaməsinin heç bir hüquqi əsası yoxdur. Belə olduğu təqdirdə də, səlahiyyəti və hüququ olmayan bir Attestasiya Komissiyasının qərarlarının da hüquqi əsası yoxdur və həmin sənədlər etibarsız olduğundan ləğv edilməlidir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi X3 attestasiya komissiyasının qərarının və işdən çıxma əmrinin əsaslı və qanuni olmasını göstərərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Məktəbin direktoru X1 attestasiya komissiyasının qərarının və işdən çıxma əmrinin əsaslı və qanuni olmasını göstərərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli iş üzrə # ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rəna Qafarova).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 23 ildən artıq musiqi müəllimi kimi fortepiano ixtisası üzrə dərs verərək əmək fəaliyyəti ilə məşğul olan şəxs kimi Attestasiya prosesinin keçirilməsi barədə artıq ##.##.2024-cü il tarixindən rəsmi olaraq məlumatlı olmaqla, komissiyadan keçmək üçün ona attestasiya proqramı, dərslik, əyani müsiqili fortepiano üzərində ifa və sair tələblərlə tanış olmaqla bu prosesi keçmək üçün vaxt ayrılmasını nəzərə alaraq hazırlaşmaq üçün kifayət qədər vaxt olmuşdur. Məhkəmə tərəfindən keçirilmiş attestasiyanın video yazısına baxış keçirilərək əsasən onun məzmununun iddiaçıya münasibətdə cavabdeh tərəfin iddiaya etirazının dəlilləri və Attestasiya Vərəqəsinin məzmunu ilə uzlaşması müəyyən edilir. Məhkəmə də hesab etmişdir ki, iddiaçıya attestasiya imtahanında verilən suallar, proqram, materiallar təqdim edilmiş və azı 2 ay vaxt ərzində hazırlaşması mümkün olsa da, ona peşəsindən kənar hər hansı bir sual deyil. Məhz onun 23 ildən çox işlədiyi ixtisası üzrə, peşə fəaliyyəti ilə bağlı verilən suallara göstərilən qaydada cavab verməsi onun tutduğu vəzifəyə uyğun olmamasına dair cavabdeh tərəfin mövqeyinin əsaslı olmasına dəlalət edir. Odur ki, məhkəmə iddiaçının attestasiyanın etibarsızlığı və qanunsuzluğu ilə bağlı dəlillərini iddianın təmin edilməsi üçün kifayət qədər əsaslı hesab etməmişdir.

14. Bundan başqa, məhkəmə, iddiaçının direktorunun işdən azad etmək səlahiyyətinin olub-olmaması araşdırılmalı olması ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının ##.##.2018-ci il tarixli 6\1 №li qərarı ilə təsdiq edilmiş Uşaq, musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin «Məktəbin idarə olanması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndinə əsasən direktorun belə bir səlahiyətinin olması nəzərdə tutulmuşdur.

15. Ümumilikdə məhkəmə hesab etmişdir ki, iddiaçının tələblərinin əsaslılığını sübut etmək üçün irəli sürdüyü dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 71, 65, 66, 76.1 və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsas arqument kimi qeyd etmişdir ki, guya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kollegiyasının ##.##.2018-ci il tarixli, */* nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nin “Məktəbin idarə olunması” bölməsinin 7.2-ci bəndinə əsasən, məktəb direktorunun attestasiya komissiyasının yaradılması barədə əmr vermək səlahiyyəti mövcuddur. Halbuki bu nəticə maddi hüquq normasının mahiyyətinə zidd olaraq, səhv hüquqi qiymətləndirmə nəticəsində formalaşmışdır. Həmin Əsasnamənin 7.2-ci bəndində direktorun icra etdiyi vəzifələr sırasında attestasiya komissiyası yaratmaq və ya attestasiya keçirmək səlahiyyəti göstərilməmişdir. Bu bənddə sadəcə direktorun məktəbin idarə olunması ilə bağlı ümumi vəzifələri, tədris prosesinə rəhbərlik, kadr məsələlərinin mövcud qanunvericilik çərçivəsində həlli və məktəbin fəaliyyətinə nəzarət funksiyaları əks olunmuşdur. Yəni, direktorun səlahiyyətləri yalnız qanunvericilikdə və əsasnamələrdə ona açıq şəkildə verilmiş hallarla məhdudlaşır və bu səlahiyyətlər arasında attestasiya komissiyası yaratmaq və ya onun əsasnaməsini təsdiqləmək hüququ yoxdur. Bundan əlavə, həmin nümunəvi Əsasnamənin digər bəndlərinə, o cümlədən 1.2-ci bəndinə əsasən, məktəb Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindədir və onun fəaliyyətinə birbaşa nəzarəti cavabdeh2, Regional Mədəniyyət Idarəsi (bundan sonra-Idarə) həyata keçirir. Eyni zamanda, həmin Idarənin də öz Əsasnaməsinin 3.1.15-ci bəndində açıq şəkildə göstərilmişdir ki, attestasiya yalnız Nazirliklə razılaşdırılmaqla və qanunvericiliyə uyğun qaydada Idarə tərəfindən həyata keçirilə bilər. Bu, o deməkdir ki, attestasiya prosesi struktur baxımından məktəbin səlahiyyətinə deyil, yuxarı icra hakimiyyəti orqanı olan Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Baş Idarənin səlahiyyətinə aiddir. Məhz buna görə də məktəb direktorunun öz təşəbbüsü ilə belə bir komissiya yaratması və əsasnamə təsdiq etməsi qanunla nəzərdə tutulmayan səlahiyyətin mənimsənilməsi hesab olunur. Birinci instansiya məhkəməsi bu hüquqi ardıcıllığı və normativ əlaqəni nəzərə almadan, Əsasnamənin kontekstindən kənara çıxaraq, maddi hüquq normasını yanlış tətbiq etmişdir. Məhkəmə həmin normanı geniş və qanunun məqsədinə zidd şəkildə şərh etmiş, halbuki bu norma direktorun attestasiya səlahiyyətini təsdiqləmir, əksinə belə səlahiyyətin yalnız yuxarı orqanla razılaşdırılmaqla həyata keçirilə biləcəyini nəzərdə tutur. Bu baxımdan, Səbail Rayon Məhkəməsinin istinad etdiyi əsasnamə bəndinin yanlış təfsiri nəticəsində attestasiya komissiyasının yaradılmasının guya qanuni olması barədə nəticə əsassızdır. Beləliklə, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, normanın məzmununu və məqsədini təhrif etmiş, nəticədə səlahiyyətli orqan tərəfindən həyata keçirilməli olan attestasiya prosedurunu məktəb səviyyəsində həyata keçirilməsini qanuni hesab etməklə, həm qanunvericiliyə, həm də Əsasnamənin məntiqinə zidd qətnamə qəbul etmişdir. Göstərilən səbəblərə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsasında qəbul edilmiş və ləğv edilməlidir. Iş üzrə birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi dəlilləri və hüquqi əsasları obyektiv şəkildə araşdırmamış, cavabdeh tərəfin təqdim etdiyi sənədləri əsas tutaraq birtərəfli mövqe sərgiləmişdir. Attestasiya komissiyasının qanunsuz yaradılması, direktorun bu istiqamətdə səlahiyyətinin olmaması, attestasiya prosesinin subyektiv və qərəzli aparılması, eləcə də komissiyanın qərarının hüquqi qüvvəsinin olmaması kimi məsələlər məhkəmə tərəfindən təhlil edilməmişdir. Hakim, faktlara və sübutlara bərabər yanaşmaq əvəzinə, cavabdeh orqanın təqdim etdiyi sənədləri avtomatik şəkildə etibarlı saymış, bununla da tərəflərin hüquq bərabərliyini pozmuşdur.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh S.Rüstəmov adına ** saylı Uşaq Musiqi Məktəbinin direktrou X1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, direktor işəgötürəndir. Attestasiya keçirməyə səlahiyyətlidir. Əsasnaməni təsdiq edən zaman səlahiyyətli olmuşdur. Musiqi təhsilində attestasiyanın keçirilməsi 7-8 ildir ki, müzakirə olunur. Ilk dəfə pandemiya oldu deyə dayandırıldı. Attestasiya zamanı qoyulan suallar musiqi məktəbində keçirilən proqram əsasında olmuşdur.

20. Işin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının müdiri, f/d, dosent, əməkdar müəllim Naibə Şahməmmədova tərəfindən verilmiş rəydən görünür ki, iddiaçının təqdim etdiyi əsər: V.A.Mozart – Sonata F dur İ hissə- Ritmik cəhətdən düz ifa etmirdi. Istədiyi anda dayanır, istədiyi anda davam edir, say düzgün deyildi, ştrixlər, dinamik işarələr yerində deyildi. Qamma. E dur cis moll çox zəif ifa idi, vurğular düz deyildi. Əskidilmiş interval qura bilmədi. Cis moll qrammasının harmonik halındakı dəyişikliyi təyin edə bilmədi (si #). Növbəti üzdən oxu əsəri qoyuldu. Əsər T.Quliyev “Cəmilənin albomu” məcmuəsindən “Marş” idi. Üzdən oxu çox zəif idi. Ritm, sayda problem vardı. 5 bemollu qramma hansıdır? Düzgün cavab verə bildi. Des dur və b moll. 5 diyezli qamma hansıdır? H dur, cis moll. Düzgün cavab verə bildi. P.İ.Çaykovskinin uşaqlar üçün hansı fortepiano əsərlərini tanıyırsınız? Cavab verə bilmədi. Kanon və qanunun fərqi nədir? Cavab verə bilmədi. V.Adıgözəlovun hansı fortepiano əsərlərini tanıyırsınız? Cavab verə bilmədi. Verilən 8 sualdan yalnız 2 suala düz, qalanlara cavab verə bilmədi.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev).

22. Apellyasiya instansiya məhkəməsi birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi dəlillər attestasiya prosesinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla keçirildiyini təsdiq etmir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş xüsusi sosial kateqoriyaya aid işcilərdən biri deyil.

23. # #### 2025-ci il tarixdə keçirilmiş attestasiyanın videogörüntüləri tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq məqsədini daşımış və bu suallar Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd olmamış, əksinə, ixtisasına və attestasiya proqramında göstərilən mövzulara uyğun olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, attestasiya komissiyası fəaliyyətini aşkarlıq şəraitində, obyektiv və qərəzsiz şəkildə, qanunvericiliyin tələblərinə əməl etməklə həyata keçirmişdir.

24. Məhkəmə kollegiyası tərəfindən, işin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə mütəxəssis rəyi alınması üçün Azərbaycan Milli Konservatoriyasına müraciət edilmişdir. Təqdim edilmiş rəy əsasında müəyyən edilmişdir ki, attestasiyanın keçirilməsi zamanı prosedur qaydaları pozulmamış, onun qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün lazımi (aşkar, obyektiv, qərəzsiz) şərait təmin edilmişdir.

25. Kollegiya qeyd etmişdir ki, əmək qanunvericiliyinə əsasən, attestasiya komissiyasının rəyi ilə tutduğu vəzifəyə uyğun olmayan hesab edilən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur (mümkün davranış qaydasıdır). Bu da əmək münasibətlərinin hüquqi təbiətindən irəli gəlir. Belə ki, işəgötürən işçilərin seçilməsi, yerləşdirilməsi və işdən azad olunması ilə bağlı müvafiq kadr qərarlarının qəbul edilməsində, habelə əməyin müvafiq sahədə səmərəli təşkilininin təmin edilməsində müstəqil səlahiyyətlərə malikdir. Bu baxımdan, attestasiya komissiyasının qərarı əsasında iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edildikdən sonra işəgötürənin təşəbbüsü əmək müqaviləsində xitam verilməsi əmək qanunvericiliyinə zidd hesab edilə bilməz.

26. Apellyasiya şikayətinin digər dəlilləri ilə əlaqədar isə qeyd etmişdir ki, işçilərin attestasiyasının keçirilməsi üçün attestasiya komissiyasının yaradılması işəgötürənin səlahiyyətlərinə aiddir. Işçilərin attestasiyasının keçirilməsi məqsədilə təcrübəsi, yüksək peşəkarlıq qabiliyyəti, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) ilə yaradılır. Işəgötürən, attestasiya komissiyasının fəaliyyətinin aşkarlıq şəraitində, obyektivlik və qərəzsizlik prinsiplərinə riayət olunmaqla, qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin edir.

27. Bu baxımdan, apellyasiya şikayətində attestasiya komissiyasının yaradılmasının qanunsuz olması və bu komissiyanın səlahiyyətsiz şəxs tərəfindən formalaşdırılması barədə irəli sürülmüş dəlillər məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, attestasiya komissiyası işəgötürənin müvafiq qərarı ilə yaradılmış və onun tərkibi attestasiya prosesinin obyektiv və qərəzsiz keçirilməsini təmin edə biləcək şəxslərdən formalaşdırılmışdır. Qanunvericilikdə attestasiya komissiyasının işəgötürən tərəfindən yaradılmasının tələb olunmasını, məktəbin direktorunun da işəgötürən şəxs qismində çıxış etməsini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, komissiyanın yaradılması qaydasının əmək qanunvericiliyinin tələblərinə zidd olduğu barədə apellyasiya şikayətində göstərilən arqumentlər öz təsdiqini tapmır.

28. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci, 3-cü maddəsinin 5-ci, 65-ci maddəsinin 1-5, 7-ci hissələri, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 70-ci maddənin “c” bəndi, 70-ci maddənin qeydi, 76-cı, 79-cu maddənin 1-ci hissəsi, 83-cü maddənin 1, 2-ci hissələri, 288, 292-ci maddənin 2-ci, 300-cü maddənin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayətin dəlillərinə görə, hazırkı mübahisəyə birbaşa aidiyyəti olan və iş üzrə hüquqi qiymətləndirməyə əhəmiyyətli təsir göstərən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsi sonradan qanunvericiliyə əlavə edilmiş yeni hüquqi normadır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əlavə edilmiş 67-2-ci maddəsində birbaşa müəyyən edilmişdir ki, dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin şəxslər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məhz sertifikatlaşdırmaya cəlb edilməlidirlər. Qanunvericinin iradəsi açıq şəkildə ondan ibarətdir ki, göstərilən kateqoriyaya aid olan təhsilverənlərin peşə yararlılığı adi daxili attestasiya mexanizmi ilə deyil, xüsusi hüquqi prosedur olan sertifikatlaşdırma vasitəsilə müəyyən edilməlidir. Başqa sözlə, Əmək Məcəlləsinin 67-2-ci maddəsi bu sahədə xüsusi norma (lex specialis) olmaqla, ümumi attestasiya mexanizmlərini deyil, yalnız qanunla müəyyən edilmiş sertifikatlaşdırma prosedurunu nəzərdə tutur. Mühüm hüquqi məqam ondan ibarətdir ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsində birbaşa müəyyən edilmişdir ki, yalnız “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas yarada bilər. Hazırkı iş üzrə isə iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunla nəzərdə tutulmuş sertifikatlaşdırma prosedurunun nəticəsinə deyil, məktəbdaxili attestasiya komissiyasının rəyinə əsaslandırılmışdır. Halbuki, yeni qəbul edilmiş hüquqi tənzimləmə pedaqoji işçilərin peşə yararlılığı məsələsində attestasiya deyil, məhz sertifikatlaşdırma mexanizminin tətbiq edilməsini nəzərdə tutur. Bu səbəbdən də, sözügedən yeni hüquqi normanın mövcudluğu və hazırkı hüquq münasibətinə birbaşa təsir etməsi nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları yenidən qiymətləndirilməlidir.

31. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən hüquqi norma yeni qəbul edilmiş normativ tənzimləmə olduğundan və apellyasiya baxışı zamanı iddiaçının bu normaya istinad etmək imkanı obyektiv səbəblərdən mövcud olmadığından, həmin hüquqi əsasların əvvəlki mərhələdə təqdim edilməməsi prosessual hüquqlarından sui-istifadəsi kimi qiymətləndirilə bilməz. Əksinə, hazırda təqdim olunan bu hüquqi əsaslar iş üzrə düzgün maddi hüquq normasının tətbiq olunması, mübahisənin qanunvericiliyin aktual vəziyyətinə uyğun həll edilməsi və iddiaçının pozulmuş əmək hüquqlarının effektiv müdafiəsinin təmin olunması məqsədi daşıyır.

32. Apellyasiya məhkəməsi iddiaçının şikayətində göstərilən konkret hüquqi pozuntuları araşdırmaq əvəzinə, birinci instansiya məhkəməsinin nəticələrini formal şəkildə təkrarlamış, təqdim edilmiş dəlillərin qarşılıqlı əlaqədə və obyektiv qiymətləndirilməsini həyata keçirməmişdir. Bu isə məhkəmənin qərəzsiz və hərtərəfli araşdırma aparmaq vəzifəsinin pozulduğunu göstərir.

33. Məhkəmə qətnamənin 52-ci bəndində heç bir normativ əsas göstərmədən yalnız ümumi və deklarativ şəkildə “işçilərin attestasiyasının keçirilməsi üçün attestasiya komissiyasının yaradılması işəgötürənin səlahiyyətlərinə aiddir” nəticəsinə gəlmişdir. Halbuki iddiaçı məhz bu səlahiyyətin konkret halda məktəb direktoruna aid olmadığını, attestasiya prosesinin yalnız Nazirlik və cavabdeh2 səlahiyyətləri çərçivəsində həyata keçirilə biləcəyini əsasnamələrə istinad etməklə sübuta yetirməyə çalışmışdır. Məhkəmə isə həmin normativ əsasları təhlil etməmiş, iddiaçının əsas arqumentlərini faktiki olaraq cavabsız qoymuşdur. Bu hal məhkəmənin tərəflərin hüquq bərabərliyi prinsipinə riayət etmədiyini, sübutlara bərabər və obyektiv yanaşmadığını göstərir. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və mövqe formal şəkildə qəbul edilmiş, iddiaçı tərəfin təqdim etdiyi normativ hüquqi əsaslar və etirazlar isə lazımi qaydada araşdırılmamışdır. “Hakimlərin Etik Davranış Kodeksi”nin 8-ci maddəsinə əsasən hakim proses iştirakçılarının hər birinə eyni münasibət göstərməli və tərəflərdən birinə üstünlük verməməlidir. Hazırkı iş üzrə isə məhkəmənin davranışı və qəbul etdiyi qətnamənin məzmunu cavabdeh tərəfin mövqeyinə üstünlük verildiyini, iddiaçı tərəfin arqumentlərinin isə formal şəkildə rədd edildiyini göstərir. Eyni zamanda “Hakimlərin Etik Davranış Kodeksi”nin 20-ci maddəsinə əsasən hakim onun müstəqilliyini və qərəzsizliyini şübhə altına ala biləcək hər hansı fəaliyyətdən çəkinməlidir. Lakin hazırkı iş üzrə məhkəmənin işin həlledici hüquqi məsələlərini araşdırmaması, iddiaçının əsas arqumentlərini cavabsız qoyması və nəticə etibarilə yalnız cavabdeh tərəfin mövqeyinə uyğun qərar qəbul etməsi məhkəmənin qərəzsizliyinə dair əsaslı şübhələr yaratmışdır.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Konstitusiyanın 127-ci maddəsinin II hissəsində nəzərdə tutulan qərəzsizlik, ədalətlilik və tərəflərin hüquq bərabərliyi prinsipləri pozulmuş, həmçinin “Hakimlərin Etik Davranış Kodeksi”nin 8-ci və 20-ci maddələrinin tələblərinə əməl edilməmişdir ki, bu da qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır.

35. Iddiaçı attestasiya prosesinin videoçəkilişlərinin mövcud olduğunu göstərmişdir. Lakin məhkəmələr həmin hallar üzrə sübutların tam araşdırılması istiqamətində fəallıq göstərməmiş, mübahisənin obyektiv həlli üçün mühüm əhəmiyyət daşıyan həmin materiallara lazımi hüquqi qiymət verməmişdir. Halbuki həmin sübutlar attestasiya prosesinin necə keçirildiyini, iddiaçının cavablarının və ifasının obyektiv qiymətləndirilib-qiymətləndirilmədiyini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Beləliklə, məhkəmələr iş üzrə sübutların tam və obyektiv tədqiqini təmin etmədən qətnamə qəbul etmiş, nəticədə qəbul edilmiş məhkəmə aktı prosessual qanunvericiliyin tələb etdiyi qanunilik və əsaslılıq meyarlarına cavab verməmişdir.

36. Iddiaçının nümayəndəsi (vəkili) kassasiya şikayətinə dair onun məzmununa uyğun yazılı izahat (mülahizə) təqdim etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

38. Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 3. Işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. 5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

39. Maddə 67. 1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

40. Maddə 67-2. Bənd 1. (attestasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyada Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

41. Maddə 67-2. Bənd 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.

42. Maddə 68. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

43. Maddə 70. (münasibətlərin yarandığı vaxt qüvvədə olan redaksiyada) Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

“Təhsil haqqında” Qanun (münasibətlərin yarandığı vaxt qüvvədə olan redaksiyada):

44. Maddə 1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) fəaliyyətinin qiymətləndirilməsi proseduru;

45. Maddə 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”

46. Bənd 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Kassasiya şikayətinin əsas dəlillərini uşaq musiqi məktəblərində təhsilverənlərə attestasiya deyil, məhz sertifikatlaşdırma mexanizmi şamil edilməli olduğundan hazırkı mübahisəyə Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tətbiq edilməli olması, attestasiya komissiyasının yaradılması səlahiyyətinin məktəb direktoruna aid olmaması, sübutların tam və obyektiv tədqiq edilməməsi təşkil edir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin ilkin dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsi xüsusi norma olmaqla Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilməsini nəzərdə tutur. Həmçinin, “Təhsil haqqında” Qanunun 1.0.6 və 1.0.6-1-ci maddələri də attestasiyaya cəlb edilməni həmin şəxslərə münasibətdə istisna edir və onların sertifikatlaşdırmaya cəlb edilməli olduğuna dair imperativ qayda müəyyən edir.

58. Kollegiya qeyd edir ki, sözügedən normaların məzmununa “uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri HYPERLINK "https://e-qanun.az/framework/61734" \o "Azərbaycan Respublikasının ## ##### 2026-cı il tarixli 383-VIIQD nömrəli Qanunu" \t "_blank" ## ##### 2026-cı il tarixli, ***- VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və həmin tarixdən sonrakı münasibətlərə şamil edilməkdədir. Hazırkı mübahisələndirilən attestasiyanın keçirilməsi isə həmin dəyişikliklərə qədər – ##.##.2025-ci il tarixdə baş tutduğundan Əmək Məcəlləsinin 67-2-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin özü də həmin dəyişiklikdən əvvəl qəbul edilmişdir, bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin həmin normaya münasibət bildirməsi mümkünsüz olmuşdur.

59. Kollegiya onu da qeyd edir ki, Əmək Məcəlləsinin 317-ci maddəsinin 2-ci bəndi onun müddəalarının qüvvəsinin geriyə şamil edilməsinə yol versə də, geriyə qüvvə yalnız əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən hallarla məhdudlaşdırılmışdır və hazırkı mübahisədə 67-2-ci maddənin geriyə şamil edilməsinə əsas yoxdur.

60. Əvvəla, təhsilverənlərin fəaliyyətinin yoxlanmasının attestasiya mexanizmindən sertifikatlaşdırmaya keçidi kütləvi xarakter daşımaqla publik qaydadır və yalnız iddiaçıya münasibətdə bu əsasla attestasiyanın nəticələrinin ləğv edilməsi və onun sertifikasiyaya cəlb edilməsi hüququn fundamental prinsipləri olan bərabərlik, hüquqi müəyyənlik, etimadın müdafiəsi prinsiplərinə zidd olar. Digər tərəfdən iddiaçının attestasiyaya münasibətdə sertifikatlaşdırmaya cəlb edilməsi onun hüquq və mənafelərinin müdafiəsinə xidmət edən və ya vəziyyətini yüngülləşdirən hal hesab edilmir. Əksinə, hər ikisi fərqli hüquqi prosedurlar olmaqla sertifikatlaşdırma attestasiyaya münasibətdə nəinki yumşaq xarakter daşımır, əksinə, daha sərt və imperativ qaydalarla tənzimlənir. Attestasiya işəgötürən tərəfindən işçilərin vəzifəyə (peşəyə) uyğunluğunun, peşəkarlıq səviyyəsinin və fəaliyyət nəticələrinin qiymətləndirilməsi məqsədilə keçirilir və əsasən attestasiya komissiyası tərəfindən müsahibə, yazılı və ya test imtahanı formasında aparılır, attestasiyanın nəticəsində işçinin vəzifəyə uyğun olubolmaması

61. müəyyən edilir və nəticə əmək münasibətlərinə müsbət və ya mənfi təsir edə bilər (işəgötürənin hüququdur). Sertifikatlaşdırma isə əsasən praktik tibb, əczaçılıq və təhsil sahəsində tətbiq olunur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçinin peşə fəaliyyəti üçün zəruri bilik və bacarıqlara malik olmasını təsdiqləyən rəsmi sənədin (sertifikatın) verilməsi ilə nəticələnir və yalnız bu sənədi alanlar peşə fəaliyyətini davam etdirə bilər, imtahanın uğursuz nəticəsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (işəgötürənin vəzifəsi).

62. Kassasiya şikayətinin attestasiya komissiyasının səlahiyyətsiz şəxs tərəfindən qanunsuz yaradılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının dəlillərinə görə, attestasiya prosesi struktur baxımından məktəbin səlahiyyətinə deyil, yuxarı icra hakimiyyəti orqanı olan Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Baş Idarənin səlahiyyətinə aiddir, məktəbin fəaliyyətini tənzimləyən əsasnamədə direktora belə bir səlahiyyət verilmir, direktor öz təşəbbüsü ilə attestasiya təşkil etmişdir. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, attestasiya keçirilən vaxt qüvvədə olan “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nin direktorun vəzifələrini tənzimləyən 7.2-ci bəndində attestasiyanın təşkil edilməsi səlahiyyətinin xüsusi olaraq göstərilməməsi direktorun bu səlahiyyətə malik olmaması anlamını vermir. Əmək Məcəlləsinin 64-cü maddəsinə görə, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Sözügedən əsanamədə işəgötürənə məxsus və direktora ötürülən səlahiyyətlərə məktəbin bütün fəaliyyətinə rəhbərlik etməsi və şəxsən məsuliyyət daşıması; müəllimləri qanuna müvafiq qaydada işdən azad etməsi; təhsilin kefiyyətinə nəzarət etməsi; pedoqoji fəaliyyətdə fərqlənən müəllimləri mükafatlandırması; texniki təhlükəsizliyin, yanğından mühafizənin, gigiyena-sanitariya rejiminin təmin edilməsi və sair nəzərdə tutulmuşdur. O da qeyd edilməlidir ki, qanunvericilikdə attestasiya ilə bağlı səlahiyyətlərin xüsusi olaraq göstərilməli olması ilə bağlı imperativ norma mövcud deyil. Belə olan halda, məhkəmələr direktorun attestasiya təşkil etməsini onun yuxarıda sadalanan vəzifə səlahiyyətindən irəli gələn fəaliyyət kimi qiymətləndirməkdə haqlı olmuşlar.

63. Bundan başqa, hazırkı mübahisədə direktorun belə bir səlahiyyətini mübahisələndirmək hüququna malik olan və məktəbin tabe olduğu cavabdeh2 cavabdeh, Mədəniyyət Nazirliyi isə üçüncü şəxs qisminə çıxış etmişlər. cavabdeh2 nümayəndəsi birini instansiya məhkəməsində iştirak edərkən attestasiya komissiyasının qərarını dəstəkləmiş, Mədəniyyət Nazirliyi isə məhkəmə iclaslarında iştirak etməsə də, iş materiallarından görünür ki, attestasiyanın təşkilinə kömək göstərərək, ##.##.2025-ci il tarixli, *-**/*-***/**-**/**** nömrəli məktubla attestasiya keçirilməsi ilə bağlı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına müraciət ünvanlayaraq zəruri dəstəyin göstərilməsini, müəllim və təhsilalanların prosesə cəlb edilməsini xahiş etmişdir, həmçinin attestasiyanın keçirilməsi ilə bağlı videogörüntülər Mədəniyyət Nazirliyində saxlanılmış, sonuncu tərəfindən məhkəməyə təqdim edilmişdir.

64. Mülki prosesdə işin mübahisəsiz halları dedikdə MPM-in 82-ci maddəsində göstərilən hallar, habelə tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Sonuncu ilə bağlı qeyd edilir ki, MPM-də mübahisə tərəfinin əks tərəfin bildirdiyi hər hansı hala münasibət bildirməməsi avtomatik olaraq həmin halın işin mübahisəsiz hallarına aid edilməsi və ya mübahisəli hallarına aid edilməsi anlamına gəlmir. Göründüyü kimi, cavabdehin mövqeyini və üçüncü şəxsin davranışlarını nəzərə alan məhkəmələr attestasiyanın keçirilməsində direktorun səlahiyyətli olmasını işin mübahisəsiz halı kimi qiymətləndirilməklə düzgün nəticəyə gəlmişlər.

65. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəlillər iddia və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar