Məhkəmə qərarları › İş №2(1-8)-1689/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1689/2026

26.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1689/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əmlakı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflərin tələb etmə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Salyan rayonu, XXX kəndində yerləşən ümumi sahəsi 0,765 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və o, ## ### 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini 3000 manata Iddiaçı satmışdır.

2. Daha sonra, iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2024-cü il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı zamanı ödədiyi 3.000 manat, torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat pulun, eləcə də, 399 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, 3 ilə yaxın torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş və o, mülki qanunvericiliyin hər hansı müddəasını pozmaqdan torpaq sahəsindən istifadə etmişdir. Belə ki, alqı-satqı müqaviləsindən təqribən 1 ay sonra, o, torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün müasir standartlara cavab verən böyük parnik sahəsi tikmişdir. Fəhlələr üçün yaşayış otağı inşa etdirmişdir. Parnik sahəsinə elektrik enerjisi xətti və su xətti çəkdirmişdir. Su tələbatında fasiləyə yol verilməməsi üçün böyük su anbarı tikdirmişdir. Motorlar və avadanlıqlar almışdır. Sahəyə rahat gediş-gəliş üçün yol çəkdirmişdir. Bundan başqa, orada balıq yetişdirmək üçün böyük plantasiya (su hovuzu) yaratmışdır. Digər zəruri işlər görmüşdür. Bütün bu işlərə ümumilikdə 108.500 manat vəsait xərcləmişdir. Iddia ərizəsində qeyd etdiyi işlərin görülməsini həmin işlərin görülməsində bilavasitə iştirak edən fəhlələr şahid qismində dindirilərkən, eləcə də ekspert rəyləri təsdiq edəcəklər. Qanunvericiliyə əsasən əgər əqd etibarsız hesab edilibsə, alıcı daşınmaz əmlakla bağlı çəkdiyi məsrəfləri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əqd etibarsız olduqda tərəflər bir-birinə gördükləri hər hansı müsbət əməliyyatlara görə təzminat ödəməlidir. Yəni, alıcı daşınmaz əmlak üzərindəki xərcləri və digər müsbət əməliyyatları əsaslandırarsa, bu xərcləri geri almaq üçün məhkəməyə müraciət edə bilər.

5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında formal alqı-satqı olub, müqavilə bağlanılıb. Pul iddiaçıya məxsus deyil, yəni alqı-satqı zamanı 3.000 manat ödəniş edilməyib, cavabdeh özü 3.000 manat qoyub və hesabı bağlayıb. Tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin mübahisə ilə əlaqədar qəbul edilmiş məhkəmə qətnaməsində də qeyd olunur ki, mübahisəli torpağın əvəzində Zirə qəsəbəsində torpaq veriləcək. Bağlanılan alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı bütün instansiya məhkəmələrində heç vaxt mübahisəli torpaq sahəsində hər hansı bir yenidənqurma işlərinin və tikintinin həyata keçirməsini bildirməmişdir. Iddiaçı tərəfindən şahid qismində dindirilən şəxsə dedikləri ilə bağlı sübutun təqdim edilməsi də təklif olunmuşdur, lakin məhkəməyə təqdim edilməmişdir. Mübahisəli parnik sahəsi alqı-satqı zamanı işlək vəziyyətdə olub, iddiaçı tərəfindən hər hansı işlər görülməyib, vəsait xərclənməyib.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, parnik ustasıdır. Iddiaçıla o, 2017-ci ildən başqa bir yerdə parnik quraşdırarkən tanış olmuşlar. Parnikdə birgə işləmişlər. Iddiaçı yayda Salyan rayonu, XXX kəndində 1 ha 20 sot olan yerdə parnik sahəsinin quraşdırılmasını bildirdi. Həmin torpaqda yonca var idi, tikili yox idi. Onlar torpağın parnik olan sahəsində istilik, ayaqyolu, suvarma üçün hovuz və başqa tikili tikmişlər. Yonca olan sahənin yanında parnik sahəsi var idi. O, orada texnik idi, ustalar da var idi. O, ora gələndə orada parnik var idi. Parnik tikili idi, amma oranı ot basmışdı. Işlərə xərc çəkilib, truba, materiallar alınıb. Qiymətini bilmir, iddiaçı deyir ora 100 mindən çox xərc qoyub. Istilik sisteminin 1 qazanı – 9000 manata, forsunka – 6000 manata, 10-15000 manata da trubalar alınıb. Laqunda ilə truba-armatur kəsilib. Tikililərə o, nəzarət etmişdir, orada 30 hovuz tikilib, 2 maşın daş gəlib, iddiaçı pulunu özü verib təxminən 20 min manat edir. Orada təxminən 100 mindən çox pul xərclənər. Orada parnikin quru skeleti-sxemi var idi, işlənməmişdi. Onlar orada istilik çəkməyə 10000 manat pul almışlar. Işləri gördukcə pulu alırdılar. Iddiaçı hörgü hörənə təxminən 500 manat verib. Onlar orada olanda Cavabdeh ora gəlməyib, pul verməyib. Pulu ancaq Iddiaçı verirdi. Cavabdeh orada olmayıb, Iddiaçı gəlib gedib, obyekti işlədib. Parniki o, işə salmışdır. Tural parnikin yiyəsi olub. O, Turalı Iddiaçıdan əvvəl tanıyırdı. Turalı parnikçi kimi tanıyırdı. Iddiaçının yeri 1 ha 20 sot idi. Onun gördüyü yerin uzunluğu 86 kv.metr idi, 1 ha 20 sot idi, Iddiaçı aldı oranı, dedi “gəl işlədək”. 2022-ci ilin yay ayları idi, Iddiaçı dedi “gəl xodlayaq”. Əkin sentyabr-oktyabr ayında olur. Iddiaçı orada 2024cü ilə kimi işlədi. Parnik əkilmədi orada balıq işi görüldü. O, prorab kimi tək özü istilik üçün 10000 manat almışdır. Iddiaçıun ona borcu yoxdur.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qaynıdır. O, sənədləşmə işini Cavabdehın adına etmişdir, amma bütün işləri o, özü rəsmi həyata keçirmişdir. Iddiaçı onlardan pul tələb edir ki, ora guya xərc çəkib. O, oranı iddiaçıya verəndə suvarma sistemi var idi. Istilik sistemi çəkmişdir. Onlar özləri üçün dəyişib başqasını qoyublar. Parnikin çəkilmiş klyonkasını söküb, başqasını çəkiblər. O, parniki onlara işlək vəziyyətdə vermişdir, onlar özləri üçün dəyişiblər. Ora təxminən 3-5 min xərc çəkiblər. Parnikin istilik sistemi olub. Parnik işlək vəziyyətdə olub, 300-400 min pul qazanıblar. O, orada 16 parnikin çəkilməsinə görə pul almışdır. Onlar orada suvarma sistemini çəkmişlər. O, torpağı Zirə qəsəbəsi ilə dəyişmişdir ki, yola yaxın olsun. Lakin onu aldatmış, get gələ salmışdır.

8. Iddiaçı tərəfindən təqdim olunmuş “X4 Mərkəzi” MMC-nin ## ###### 2025-ci il tarixli rəyinə əsasən Salyan rayonunda yerləşən Istixananın konstruksiyası istisna olmaqla istixanada görülən işlərin, alınmış əşyaların və digər avadanlıqların ümumi xərci 108.580 manat olduğu müəyyən edilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh Iddiaçı xeyrinə 3.000 manatın, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manatın, cəmi 3.050 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən torpaq sahəsi əldə edilərkən 3.000 manat məbləğində pul ödənildiyindən və məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin pul məbləği cavabdehdən tutularaq Iddiaçı verilməlidir.

11. Məhkəmə, iddia tələbinin alqı-satqı zamanı ödənilmiş 3.000 manat pulun tutulması hissəsinin əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən torpaq sahəsi əldə edilərkən 3.000 manat məbləğində pul ödənildiyindən və məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin pul məbləği cavabdehdən tutularaq Iddiaçı verilməlidir.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, alqısatqı müqaviləsi

13. bağlanan zaman istixana işlək vəziyyətdə olmuş, istixananın istilik sistemi mövcud olmuşdur. Iddiaçı tərəfindən istixana əldə edildikdən sonra istilik sistemi yenilənmiş və müvafiq pul vəsaiti xərclənmişdir. Iddiaçı guya qanuni sahibliyində olan və sonradan rəsmiləşdirəcəyi Zirə qəsəbəsində yerləşən torpaq sahəsini cavabdehə satacağına dair vəd verməklə mübahisəli işlək vəziyyətdə olan istixananın alqı-satqısını həyata keçirdikdən sonra orada hər hansı yenidənqurma işlərinin həyata keçirilməsi ilə əlaqədar verdiyi vədi yerinə yetirmədiyi halda işlərin görülməsinə pul vəsaiti xərcləməsini faktiki olaraq cavabdehlə razılaşdırmamış, həmin işlərin həyata keçirilməsi öz təşəbbüsü ilə olmuş, belə olan halda çəkilən xərcin cavabdehdən tələb edilməsini məhkəmə əsaslı hesab etməmişdir.

14. Digər tərəfdən, həmin müddət ərzində iddiaçı istixanadan istifadə etməklə əlaqədar müvafiq qazanc da əldə etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən istixanada görülən işlərlə bağlı cavabdehin əsassız varlanması qənaətinə də gəlinə bilməz. Hazırkı iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin iddiaçının özü tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunmur. Yəni işin qeyd edilən halında işlək vəziyyətdə olan istixanada öz təşəbbüsü ilə yenidənqurma işlərinin həyata keçirilməsinə çəkilən xərc cavabdehin əsassız varlanması kimi hesab edilə bilməz.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 337.5 və 425.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarındakı sübutları nəzərə almamışdır. Iddiaçının sifarişi əsasında “X4 Mərkəzi” MMC tərəfindən verilmiş qiymətləndirilmə barədə hesabatdan görünür ki, Salyan rayonunda yerləşən istixananın konstruksiyası istisna olmaqla istixanada görülən işlərin, alınmış əşyaların və digər avadanlıqların ümumi xərci 108.580 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qətnamədə bu hesabata istinad etsə də, onu mötəbər sübut kimi qiymətləndirməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qanunvericiliyə əsasən əgər əqd etibarsız hesab edilibsə, alıcı daşınmaz əmlakla bağlı çəkdiyi məsrəfləri tələb etmək hüququna malikdir. Mülki Məcəlləyə əsasən əqd etibarsız olduqda, tərəflər bir-birinə gördükləri hər hansı müsbət əməliyyatlara görə təzminat ödəməlidir. Yəni, alıcı daşınmaz əmlak üzərindəki xərcləri və digər müsbət əməliyyatları əsaslandırarsa, bu xərcləri geri almaq üçün məhkəməyə müraciət edə bilər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və F.Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddianın Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə təmin edilməsi üçün iddiaçının əşyanın onda olduğu dövrdə status baxımından vicdanlı sahib olub-olmaması, habelə cavabdehin həmin əşyanın mülkiyyətçisi olması müəyyən edilməlidir.

20. Qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və mülki iş üzrə preyudisiya əhəmiyyətinə malik olan hallardan göründüyü kimi, cavabdeh Cavabdeh ## ### 2022-ci il tarixdə bağlanmış AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanan zaman iddiaçı Iddiaçı tərəfindən aldadılmışdır.

21. Belə ki, o, Salyan rayonunun XXX kəndində yerləşən, üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsinin əvəzinə, guya qanuni sahibliyində olan, lakin reyestrdə adına qeydiyyatdan keçməyən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini verəcəyi barədə Cavabdeh yalan məlumat vermiş, bu yolla mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuşdur. Sonuncu da faktiki istifadəsinə verilmiş torpaq sahəsinin qohumunun adına sənədləşdirilməsi istiqamətində bir neçə dəfə müvafiq cəhdlər etmiş, lakin aldadıldığını dərk etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmələr mübahisələndirilən müqavilənin formal olaraq yalan məlumatlar əsasında bağlanmasını və bunun nəticəsində etibarsız sayılmasını əsaslı hesab etmişlər ki, bu da iddiaçının müqaviləni bağlayarkən və sonradan vicdansız davranışına dəlalət edir.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının hesabına varlanması və bunun əsassız olaraq baş verməsi hallarının mövcud olması öz təsdiqini tapmamışdır.

23. Belə ki, iddiaçı mübahisəli əmlaka münasibətdə vicdanlı sahib statusuna malik olmamış, habelə əmlaka sərf edildiyi iddia edilən xərclərin zəruri xarakter daşıdığını, yəni əmlakın saxlanılması və qorunması ilə birbaşa əlaqəli olduğunu, eləcə də bu xərclərin əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü dövrdən sonra çəkildiyini mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

24. Iş üzrə müəyyən edilmiş faktiki halları, tərəflərin hüquqi statusunu, təqdim edilmiş sübutları və tətbiq edilən maddi hüquq normalarını məcmu şəkildə qiymətləndirən apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, işdə olan sübutlara əsasən müəyyən edilmiş faktiki hallar Mülki Məcəllənin 157.6, 157.7, 1091 və 1092-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilir, mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.1.5, 157.5, 157.6, 157.7, 337.5, 385.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

26. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5, 337.5-ci maddələrinin tələbləri pozulmuşdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddiaçını vicdansız sahib, cavabdehi isə vicdanlı sahib kimi səciyyələndirərək, əmlakın onda olduğu dövr ərzində yaxşılaşdırma işlərinə görə sərf etdiyi işlərə görə ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququnu məhdudlaşdırmışdır.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı şikayətə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə (bax bənd 19-25), yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

37. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları, o cümlədən qanuni qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları dəyərləndirərək, iddiaçının mübahisəli torpaq sahəsinə sahibliyinin vicdanlı olmamasını, cavabdehin iddiaçının hesabına varlanmasının və bunun əsassız olaraq baş verməsinin təsdiqini tapmamasını müəyyən etmişdir.

38. Belə olan halda, apellyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini düzgün tətbiq etməklə, iddianın rədd edilməli olması nəticəsinə gəlmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar