Məhkəmə qərarları › İş №2(1-8)-1739/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1739/2026

26.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1739/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Qarabağ Regional Təhsil Idarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhmədoğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Qarabağ Regional Təhsil Idarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X2 Regional Təhsil Idarəsi Füzuli rayon Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbi direktoru cavabdeh1 tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli *** nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahiş ərizəsinə əsasən) ##.##.2025-ci il tarixdən xitam verilmişdir. ****** saylı Əmək kitabçasında bu barədə müvafiq qeydlər aparılmışdır.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin iddiaçı İddiaçı məxsus kabinetdən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş və ona ##.##.2025-ci il tarixdə xitam əmri yaradıldı kimi bildiriş gəlmişdir.

3. ##.##.2025-ci il tarixli, MN******* saylı Inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Qarabağ X4 tərəfindən Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 X3 və İddiaçı əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq xitam verilməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə 1500 manat məbləğində cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquq pozuntularını aradan qaldırılması üçün ona 30 gün müddət müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Qarabağ Regional Təhsil Idarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayon Kərimbəyli kənd tam orta məktəbin direktorunun ## #### 2025-ci il tarixli *** nömrəli əmrinin ləğv edilməsi, Kərimbəyli kənd tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, ## #### 2025-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildən Füzuli rayon Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində ingilis dili müəllimi işində işləyirdi. ## #### 2025-ci ildə keçirilmiş sertifıkasiya imtahanında fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi səbəbindən uğurlu nəticə əldə edə bilməmişdir. ## #### 2025-ci ildə məktəbin direktoru cavabdeh1 Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə zidd olaraq zor işlədilərək və hədə-qorxu gələrək əmək müqaviləsini ləğv etməyə onu məcbur etmişdir. Onu aldadaraq və hədə-qorxu gələrək imtahandan kəsildiyi üçün işdən azad olunması ilə bağlı ərizə yazmayacağı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən çıxarılacağını və belə olan halda işlədiyi 19 il iş stajının batacağını, heç bir yerdə onun işə götürülməyəcəyini, xeyrinə ödənilmiş DSMF ödənişlərinin batacağını və nəticədə gələcəkdə pensiyaya da çıxa bilməyəcəyini bildirmişdir. Bu hədə-qorxunun nəticəsində o, həmin gün işdən azad olunması ilə bağlı ərizə yazmışdır. Evə getdikdən sonra məlum olmuşdur ki, cavabdeh1 hədə-qorxu gələrək onu aldatmış və işdən azad olunmağı ilə bağlı ərizə yazmaq məcburiyyətində buraxmışdır. Növbəti iş günü ## #### 2025-ci ildə işdən azad olunması ilə bağlı yazdığı ərizəni rəsmi qeydiyyata düşməmiş geri götürmüşdür. Çünki ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Hazırda ərizənin əsli ondadır. Ərizənin qeydiyyata düşməmiş geri götürülməsini onun üzərində qeydiyyat ştampının, daxilolma nömrəsinin və tarixinin olmaması sübut edir. Belə ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın (bundan sonra Təlimat) 90-cı bəndinə əsasən bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurulur. Həmçinin həmin təlimatın 104-ci bəndinə əsasən sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir. Ərizəsində isə bunlardan heç biri yoxdur. Ərizəni geri aldıqdan sonra ## #### 2025-ci ilə kimi cavabdeh1 dəfələrlə onunla və qohumları ilə əlaqə saxlamış, yuxarıda qeyd etdiyi şəkildə hədə-qorxu gələrək işdən azad olunmasına dair ərizə verməyi ilə bağlı israr etmişdir. O, isə aldadıldığını bildiyi üçün ərizə verməkdən birmənalı şəkildə imtina etmişdir. Məktəb direktoru belə olan halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam veriləcəyini bildirmişdir. Sertifikasiya imtahanında onunla eyni səbəbdən uğursuz nəticə əldə etmiş, onunla eyni tarixdə ərizə vermiş və ərizəsini geri götürmüş Günel adlı qohumu ##.##.2025-ci il tarixdə əmək kitabçasını götürən zaman məlum olmuşdur ki, Günel adlı qohumu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz ərizəsi ilə ##.##.2025-ci il tarixdən işdən çıxarılmışdır. Dərhal öz əmək müqaviləsini yoxlamaq üçün Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil olmuş və məlum olmuşdur ki, o da Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz ərizəsi ilə ##.##.2025-ci il tarixdən işdən çıxarılmışdır. X5 məlumat verilmişdir. Belə ki, məktəbin direktoru ərizənin şəklini ondan xəbərsiz telefona çəkmiş, ərizəni geri götürməyinə və ərizənin onda olmağına baxmayaraq onu ərizə yazdığı gündən işdən azad etmişdir. ƏM-nin 69-cu maddəsinin 3cü hissəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmçinin həmin maddənin 3-1 hissəsinə görə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi, dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. Qeyd edilən normadan göründüyü kimi, işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi bir sıra konkret hallarla şərtləndirilmişdir. Göründüyü kimi ərizədə göstərilən gün əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə tələb olunan şərtlərin heç biri mövcud olmadığı halda işəgötürən həmin gündən əmək müqaviləsinə xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil olan zaman o da məlum oldu ki, direktor əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ## #### 2025-ci ildə bazar günü saat 11:54-də yaratmış, həmin gün saat 11:55-də imzalamışdır. Təlimatın 19-cu bəndinə əsasən sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin tarixi ## #### 2025-ci il olmalıdır. Həmin gün isə bazar günüdür. Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Göründüyü kimi məktəbin direktoru cavabdeh1 ## #### 2025-ci ildə bazar günü geri, tarixə yəni ## #### 2025-ci il tarixə əmr verərək sonuncu qeyd etdiyi tarixdən əmək müqaviləsinə xitam verməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur.

6. Cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında və məhkəməyə ünvanladığı yazılı etirazında bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, işdən azad olma istəyi barədə ərizə iddiaçı tərəfindən şəxsən yazılmış, həmin ərizədə işdən çıxmaq istədiyi tarix qeyd edilmişdir. Bu işin mübahisəsiz halıdır. Həmin hissədə cavabdeh olaraq hər hansı etirazla bağlı sübut təqdim etmək zərurəti yoxdur. ## #### 2025-ci il tarixdə iddiaçının gəlib ərizəsinin geri götürməsi fikri ilə bağlı bildirir ki, iddiaçı qanunun həmin normasını səhv anlamışdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər və bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bəli, iddiaçı ərizəni geri götürmək dediyi norma əslində başqa cür təfsir edilmişdir. Belə ki, əmək müqaviləsini ləğv etmək barədə ərizənin qüvvədən düşməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1.Işçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi barədə işəgötürənə yeni ərizə verməsi; 2. Xəbərdarlıq müddəti bitənədək ərizəni etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi. Göründüyü kimi iddiaçının iş materiallarında işəgötürənə qanunda göstərilən qaydada müraciəti və bu müraciətin işəgötürənə təqdim edilməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Ərizənin geri götürülməsi hissəsində isə həmin ərizə işəgötürən tərəfindən deyil, işçinin gizlincə kargüzarlıq sənədlərinin arasından həmin ərizənin əslini əldə etməsi olmuşdur. Işəgötürən verdiyi əmrin qanunu olduğunu və həmkəndli olduqlarını düşündüyü üçün bununla bağlı hüquq mühafizə orqanlarına şikayət verməmişdir. Həmin ərizənin surəti işəgötürən tərəfindən göndərmək zərurəti ilə bağlı fotosunun çəkilməsi səbəbindən, yəni ərizəsində göstərdiyi ikinci xüsusatla bağlı qanuna əməl etməmişdir. Ümumiyyətlə qanunun tələblərinə əsəsən işəgötürən işçi ərizəsində çıxarma vaxtını göstərdiyi hallarda işdən çıxarma barədə əmr verməkdə yanlışlığa yol verməmişdir. Digər hal isə iddiaçının ərizəsinin qeydiyyata alınmadan geri götürüldüyünü verilən əmrin qeydiyyata alınmamış ərizə əsasında verilməsinin qanunauyğun xüsusatı ilə bağlıdır. Bu hal ilə bağlı bildirilir ki, QM-də işdən çıxması barədə ərizənin həm kağız daşıyıcıda, həm də elektron qaydada verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin ərizə işçiyə verilmiş müstəsna səlahiyyətdir. Işəgötürənin həmin ərizənin qəbulundan imtinası anlayışı mövcud deyildir. Burada əsas məsələ işçinin iradəsini ifadə etməsidir. Göstərilən ərizə iddiaçı tərəfindən şəxsən yazılmışdır. Həmin ərizə icra edilmiş, əmrlər kitabında *** saylı əmrlə işdən çıxarılma barədə əmrin verilməsi həmin ərizənin özü-özlüyündə 105 sayla qeydiyyata düşməsi, əmrin iddiaçının ərizəsi səbəb olması qeydiyyatla bağlı anlaşılmazlığı da aradan qaldırır. Hazırda kompyuter texnologiyası dövründəyik, Elektron sənəd dövriyyəsi bütün dövlət orqanlarında kargüzarlığın ayrılmaz tərkib hissəsidir. Iddiaçı öz ərizəsində kargüzarlıq haqqında təlimata istinad edərkən elektron sənəd dövriyyəsi haqqında təlimat və elektron hökumət haqqında qanunun müddəalarını unutmuşdur. Yəni mövcud normalara əsasən hazırda ərizələrə ştamp və ya qeydə alma möhürünün vurulmasına zərurət yoxdur. Qeydiyyat məsələsinə gəldikdə isə yuxarıda qeyd etdiyimiz kimi həmin ərizə qeydiyyat kitabında müvafiq nömrə ilə əmrləşdirilməklə rəsmiəşdirilmişdir. Yəni 105-ci əmrin verilməsinə əsas olan sənəd iddiaçı tərəfindən verilmiş ərizədir. Digər əsas isə guya işəgötürənin iddiaçıya hədə-qorxu gələrək ərizəni yazdırdığının bildirilməsidir. Işin mübahisəsiz halıdır ki, iddiaçı keçirilmiş sertifkasiya imtahanlarından uğurlu nəticə əldə etməmişdir. Həmin ərizə iddiaçıya hər hansı təklif etməyə deyil, əksinə iddiaçının işəgötürənə öz iradəsi ilə işdən çıxması üçün xahiş etməsinə səbəb ola bilər. Yəni burada hər hansı məcburiyyətdən söhbət belə gedə bilməz. Maraqlıdır ki, əgər iddiaçıya hər hansı ərizə yazdırılmasından söhbət gedirsə, həmin vaxt iddiaçının bununla bağlı Füzuli Rayon Prokurorluğuna işəgötürənin fəaliyyətindən şikayət verilə bilərdi. Mövcud dəyişikliklərdən sonra Prokurorluq orqanlarının əmək mübahisələrinin araşdırılması ilə bağlı səlahiyyəti mövcuddur. Iddiaçı Prokurorluq orqanlarına müraciət etməməklə yanaşı həmin günlərdə əmək müfəttişliyinə də şikayət etməmişdir. O, artıq işdən azad olunduqdan, əmək kitabçasını rəsmi qaydada götürdükdən sonra X1 şikayət vermişdir. Həmin hal dövlət orqanında araşdırılmış, heç bir qanun pozuntusu aşkar edilmədiyi üçün icraata xitam verilmişdir. Yəni burada hər hansı hədə-qorxudan söhbət belə gedə bilməz. Göstərilən hallar hüquqdan sui-istifadəyə cəhd edilməsindən ibarətdir. Hazırki iş üzrə iddiaçının işdən çıxma barədə ərizəsindən görünür ki, o, məhz işdən çıxmaq istədiyi tarixi, yəni ##.##.2025-ci il tarixi qeyd etmiş və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan təqdirdə həmin hal işçinin işdən çıxmaq təşəbbüsü üzrə subyektiv hüququnun reallaşdırılması olaraq qiymətləndirilməlidir. Belə ki, iddiaçı bir ay ərzində işə geri qayıtma tələbini cavabdeh qarşısında irəli sürdüyünü bildirsə də, o, ərizəsində əmək münasibətlərinə xitam verilməsini istədiyi tarixi qeyd etdiyindən, işəgötürən də məhz həmin tarixdən əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirmişdir. Bununla da iddiaçı, 1 ay müddətində xəbərdarlıq müddəti gözlənilməklə əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququnu itirmişdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdeh Qarabağ Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddia tələbində göstərilən hallar sübut olunmur. Cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən Elm və Təhsil Nazirliyinin daxili portalına iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə yazılmış işdən çıxmaq barədə ərizə həmin gün daxil edilmiş və ərizəyə qeydiyyat nömrəsi verilmişdir. O həmin videogörüntüləri məhkəməyə təqdim etmiş və ona tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmışdır. O, qeyd etmişdir ki, həmin vaxt Füzuli rayonu üzrə sistemə daxil olan ərizələr bir nömrə ilə eyni qovluqda qeydiyyata alınmışdır. Həmçinin bildirmişdir ki, cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən iddiaçının işdən azad edilməsi əmri əmrlər kitabına daxil edilmiş və orada müvafiq sıra sayı ilə qeydə alınmışdır.

8. Füzuli Rayon Məhkəməsinin (hakim Səkinəxanım Məmmədli) ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələb təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa tələbinə münasibətdə qeyd etmişdir ki, hazırki iddia təmin edilə bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə onun razılığı əsasında xitam verilmişdir. Iddiaçı isə yalnız bundan sonra işəgötürənə verdiyi ərizəni geri götürdüyünü bildirir.

10. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmrin verildiyi tarixdə işdən çıxarılmağa dair ərizə işəgötürəndə olduğundan və geri qaytarılmadığından işəgötürən həmin ərizəni icra etməkdə haqlı olmuşdur. Belə ki, həmin dövrdə ərizə geri götürülməmiş və iddiaçının həmin ərizəni geri götürəcəyi ehtimalı cavabdehdə olmamışdır. Işdən çıxarılma barədə əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə olan halda iddiaçı tərəfindən verilmiş ərizənin cavabdeh tərəfindən aidiyyəti üzrə saxlanılmaması, iddiaçıya geri qaytarılması əmrin verildiyi vaxt özündə olan ərizənin geri qaytarılması olaraq dəyərləndirilə və əmrin ləğv edilməsinə əsas ola bilməz.

11. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin sistemə gec yüklənməsi də qanunvericilikdə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün əsas kimi müəyyən edilməmiş və bu məlumatların Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) gec daxil edilməsi digər hüquqi nəticələrə səbəb olan haldır. Yəni bu, işəgötürənin barəsində inzibati xəta ilə bağlı tədbir görülməsi üçün əsasdır.

12. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmədiyindən iddia təmin edilə və iddiaçı öz əvvəlki vəzifəsinə qaytarıla bilməz.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2, 68 və 70-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.1, 1.2, 3.1-3.13, 5.2-5.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Belə ki, o, ərizəni geri götürdüyü gün onun əmək müqaviləsinə xitam verilməmişdir.(Direktor da özü bunu ona bildirmişdir) Əmək müqaviləsinə ## #### 2025-ci il saat 11:55:43-də xitam edilib. Həmin tarixdən hüquqi qüvvəyə minmişdir(##.##.2025-ci il tarixdən yox). Ərizəni ## #### 2025-ci il tarixdə geri götürmüşdür. Bununla bağlı WhatsApp danışıqları var. (telefon zəngləri də həmçinin) və məhkəməyə təqdim etmiş olsa da, sübut və faktlara qiymət verilməmişdir. Məhkəmədən üzləşmə tələb etsə də, əhəmiyyət verilməmişdir. Əmək müqaviləsinə ## #### 2025-ci il saat 11:55:43-də xitam verilməsini və həmin andan hüquqi qüvvəyə minməsini əmək müfəttişliyi də təsdiqləmişdir. Məhkəmə isə ədalətli yanaşmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam ## #### 2025-ci il tarixdə verilib və qüvvəyə minib. Məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, göstərilən nəticə işin hallarına uyğun deyildir və səhv nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə iddianı təmin etməməklə kobud qanun pozuntusuna yol vermişdir. Ümumiyyətlə ## #### 2025-ci il tarixdə onun əmək müqaviləsi qüvvədə olmuşdur. Həmin vaxt ərizə özündə olmuşdur. ## #### 2025-ci il tarixə kimi dəfələrlə işəgötürən WhatsAppla yazaraq ərizə yazmağını xahiş etmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Mahir Əsədli) *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Füzuli Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, o, həmin ərizəni sərbəst iradəsi ilə deyil, məktəb direktoru tərəfindən aldadılmaq və hədə-qorxuya məruz qalmaq nəticəsində yazmışdır. Bu dəlil özlüyündə ciddi xarakter daşısa da, onun hüquqi baxımdan qəbul edilməsi və əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması üçün həmin hal mötəbər, inandırıcı, bir-birini tamamlayan və obyektiv sübutlarla təsdiq olunmalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçı bu dəlili təsdiqləyən birbaşa və qəti sübutlar təqdim etməmişdir. Onun izahatları şəxsi mülahizə və subyektiv hadisə qavrayışına əsaslanır. Həmin halı təsdiq edən rəsmi müraciət, hadisə ilə eyni zamanda və ya dərhal sonrakı mərhələdə edilmiş şikayət, səs yazısı, şahid ifadəsi və ya başqa sübutlar iş materiallarında mövcud deyildir. Iddiaçı məhkəmə iclasında direktordan düşünmək üçün vaxt istədiyini, lakin ona belə imkan verilmədiyini bildirsə də, bu halı təsdiq edən obyektiv sübutlar təqdim olunmamışdır. Eyni qaydada, ona guya “stajının batacağı”, “heç yerdə işə qəbul olunmayacağı”, “pensiya hüquqlarının zərərə uğrayacağı” bildirilməsinə dair də məhkəməyə hüquqi baxımdan etibarlı sübut təqdim edilməmişdir. Yalnız bir tərəfin sonradan verdiyi izahat əsasında həmin ərizənin hüquqi nəticələrinin aradan qaldırılması mümkün deyildir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmək münasibətlərinin ləğvi kimi hüquqi nəticə doğuran sənədin etibarsızlığı yalnız tərəfin sonradan fikrini dəyişməsi və ya əvvəlki iradəsindən peşman olması ilə əsaslandırıla bilməz. Bunun üçün iradə qüsuru elə səviyyədə sübuta yetirilməlidir ki, məhkəmədə həmin yazılı sənədin azad və sərbəst iradəni əks etdirmədiyinə dair möhkəm qənaət formalaşsın. Hazırkı işdə isə belə qənaət üçün kifayət qədər sübut bazası mövcud deyildir.

19. Iddiaçı həmçinin göstərmişdir ki, ərizəni fiziki olaraq ##.##.2025-ci il tarixdə geri götürmüşdür və buna görə işəgötürən artıq onun ərizəsinə əsasən əmək müqaviləsinə xitam verə bilməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Lakin həmin halın hüquqi nəticə doğurması üçün işçinin geri götürmə iradəsi də işəgötürənə aydın, sübuta yetirilə bilən və hüquqi müəyyənlik yaradan formada çatdırılmalıdır. Sadəcə sonradan “geri götürmüşəm” deyilməsi həmin normanın tətbiqi üçün kifayət etmir.

20. Apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının ərizəni geri götürməsini təsdiqləyən rəsmi qeydiyyatlı sənəd, daxilolma nömrəsi olan ərizə, işəgötürən tərəfindən qəbul edilməsi barədə qeydlər və ya başqa formal təsdiqedici sübutlar təqdim edilməmişdir. Iddiaçı ərizənin əslinin onda olduğunu və qeydiyyata alınmadığını bildirsə də, bunun özü geri götürmənin baş verməsini qəti şəkildə sübut etmir. Əksinə, birinci instansiya məhkəməsinin də düzgün qeyd etdiyi kimi, əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilən vaxt ərizə işəgötürənin sərəncamında olmuş və hüquqi əsas kimi istifadə edilmişdir. Işəgötürən həmin ərizənin geri götürüldüyünü qəbul etmədiyi və bu hal rəsmi qaydada təsdiq olunmadığı halda, işəgötürənin mövcud ərizəyə əsasən hərəkət etməsi qanunsuz hesab edilə bilməz.

21. Iddiaçı ərizənin qeydiyyata alınmamasına, üzərində qeyd ştampının, daxilolma nömrəsinin və tarixinin olmamasına istinad etməklə, həmin ərizənin hüquqi qüvvəsinin olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu dəlil də apellyasiya şikayətinin təmin olunması üçün kifayət etmir. Kargüzarlıq qaydalarının pozulması və ya sənəd dövriyyəsi ilə bağlı nöqsanların mövcudluğu həmin sənədin maddi-hüquqi əsas kimi qiymətləndirilməsini avtomatik olaraq istisna etmir. Əsas məsələ işçinin belə ərizə yazıb-yazmamasıdır. Iş üzrə isə iddiaçı özü ərizəni yazdığını təsdiq edir. Deməli, mübahisə ərizənin mövcud olub-olmaması ilə deyil, sonradan onun hüquqi nəticələrinin aradan qalxıb-qalxmaması ilə bağlıdır. Qeydiyyat proseduruna tam əməl edilməməsi hər bir halda təşkilati-texniki xarakter daşıyan nöqsan kimi qiymətləndirilə bilər, lakin bu, konkret halda əmək müqaviləsinə xitam verilməsinin avtomatik olaraq qanunsuz sayılması üçün yetərli əsas yaratmır. Nəzərə alınmalıdır ki, işçinin işdən çıxarılma barədə xahişini özündə əks etdirən ərizə elektron qaydada ##.##.2025-ci il tarixdə qeydə alınmışdır.

22. Iddiaçı apellyasiya şikayətində və məhkəmə iclasındakı izahatında həmçinin belə bir dəlil irəli sürmüşdür ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin elektron informasiya sistemində ##.##.2025-ci il tarixdə yaradılması və imzalanması əmək münasibətlərinə yalnız həmin tarixdə xitam verildiyini göstərir, bu səbəbdən ##.##.2025-ci il tarixdən xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə bu dəlilə münasibətdə qeyd etmişdir ki, iş materiallarında cavabdeh tərəf bu halı texniki rəsmiləşdirmə məsələsi kimi izah etmiş, əmrin əslində ##.##.2025-ci il tarixdə verildiyini, nömrələndiyini, əmrlər kitabında qeydə alındığını (iş vər. səh. 70), elektron sistemə isə sonradan daxil edildiyini bildirmişdir. Apellyasiya baxışında cavabdehin nümayəndəsi bu xüsusatı açıq şəkildə izah etmiş və həmin texniki gecikmənin işçinin hüquqlarının mahiyyət etibarilə pozulmasına səbəb olmadığını göstərmişdir.

23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, elektron sistemə daxil edilmə tarixi ilə kağız daşıyıcıda rəsmiləşdirmə tarixinin fərqli olması hər bir halda avtomatik olaraq əmək müqaviləsinin xitamını etibarsız etmir. Məsələnin hüquqi qiymətləndirilməsi zamanı formal texniki tarixlə yanaşı, işçinin iradə ifadəsinin nə vaxt mövcud olduğu, işəgötürənin hansı tarixdə həmin iradəni qəbul edib rəsmiləşdirdiyi, işçinin sonrakı davranışı və digər halların məcmusu qiymətləndirilməlidir. Hazırkı halda işdən çıxma barədə ərizə ##.##.2025-ci il tarixdə yazılmış, işəgötürən həmin ərizəyə əsasən elə həmin tarixli əmr tərtib etmiş, iddiaçı da sonrakı dövrdə işə çıxmamışdır. Bu baxımdan elektron sistemə daxil edilmənin son tarixdə aparılması, özü-özlüyündə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin maddi hüquqi əsasını aradan qaldırmır. Apellyasiya şikayətində Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə istinad edilməklə xitam tarixinin əmrin imzalandığı tarixdən əvvəl müəyyən edilə bilməyəcəyi vurğulansa da, məhkəmə kollegiyası hesab etmişdir ki, bu normanın pozulması iddia olunan halda belə, həmin məsələ daha çox əmrin rəsmiləşdirilməsi qaydasına aiddir və konkret iş üzrə işçinin öz yazılı ərizəsi ilə əmək münasibətlərinə xitam verilməsi faktını təkzib etmir. Başqa sözlə, xitamın formalaşdırılması zamanı texniki və ya prosedur xarakterli uyğunsuzluqların mövcudluğu yalnız o halda işə bərpa üçün əsas ola bilər ki, bu pozuntu işçinin sərbəst iradə ifadəsini aradan qaldırmış, yaxud əmək münasibətlərinə xitam üçün zəruri olan maddi hüquqi əsasın ümumiyyətlə mövcud olmadığını göstərmiş olsun. Hazırkı işdə isə belə hal müəyyən olunmur.

24. Iddiaçının “əgər ##.##.2025-ci il tarixdə işdən çıxarılmışdımsa, niyə sonrakı günlərdə onunla yazışmalar aparılmış, niyə əmək haqqısı tam hesablanmamışdır” məzmunlu dəlillərinə gəldikdə, apellyasiya məhkəməsi hesab etmişdir ki, bu hallar işəgötürənlə işçi arasında sonrakı təşkilati əlaqələrin mövcudluğunu göstərə bilər, lakin həmin hallar özlüyündə əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və əmrin hüquqi nəticəsini aradan qaldırmır. Işəgötürənin sonrakı dövrdə işçi ilə əlaqə saxlaması, ondan izahat alması, sənədləşmə məsələlərini dəqiqləşdirməsi və ya digər inzibati addımlar atması əmək münasibətlərinin davam etdiyini qəti şəkildə təsdiq edən hüquqi fakt kimi qəbul edilə bilməz.

25. Iddiaçı birinci instansiya məhkəməsinin sübutları, o cümlədən WhatsApp yazışmalarını və telefon danışıqlarını nəzərə almadığını bildirmişdir. Apellyasiya məhkəməsi bu hissədə qeyd etmişdir ki, apellyasiya icraatında da həmin dəlillər ümumi şəkildə irəli sürülsə də, onların məzmunu, aidiyyəti, mötəbərliyi və hüquqi qüvvəsi mübahisənin həlli üçün həlledici nəticə yaratmamışdır. Həmin yazışmalardan işəgötürənin iddiaçını qanunsuz olaraq məcbur etməsi və ya ərizənin geri götürüldüyünü qəbul etməsinə baxmayaraq onu işdən çıxarması barədə mübahisəsiz nəticə çıxarmaq mümkün olmamışdır. Məhkəmə yalnız mübahisəli tərəfin təqdim etdiyi ehtimallara deyil, sübut olunmuş hallara əsaslanmalıdır.

26. Apellyasiya məhkəməsi cavabdeh tərəfin apellyasiya icraatında irəli sürdüyü digər halları da nəzərə alır. Belə ki, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdən sonra işə gəlməmiş, tabel üzrə imzalar da bunu təsdiq etmişdir. Bu hal təkbaşına işə çıxmama kimi qiymətləndirilməsə də, işçinin həmin dövrdə əmək münasibətlərini davam etdirmək iradəsini açıq və ardıcıl şəkildə nümayiş etdirmədiyini göstərən əlavə hal kimi nəzərə alına bilər. Əgər işçi həqiqətən ərizəni dərhal geri götürmüş və əmək münasibətlərini davam etdirmək niyyətində olmuşdursa, onun sonrakı davranışı da bu iradə ilə uzlaşmalı idi. Lakin iş materiallarında iddiaçının ##.##.2025-ci il tarixdən sonra işə buraxılmaması ilə bağlı rəsmi müraciəti, yazılı tələbi, əmək funksiyasını yerinə yetirməyə hazır olduğunu təsdiq edən digər sübutlar mövcud deyildir.

27. Iddiaçı iş üzrə Azərbaycan Respublikası X1 Xidməti tərəfindən cavabdeh barəsində inzibati tədbir tətbiq olunmasına da istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin sənəd də apellyasiya şikayətinin təmin olunması üçün həlledici əsas hesab edilə bilməz. Inzibati cərimə qərarı əmək qanunvericiliyinin müəyyən tələblərinin pozulması ilə bağlı ümumi xarakterli hüquqi qiymət olmaqla, mülki məhkəmə icraatında konkret mübahisənin predmeti olan “işə bərpa” tələbinin birbaşa olaraq təmininə səbəb olmur. Bu cür sənədlər məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməlidir və əvvəlcədən müəyyənedici xarakter daşımır. Hazırkı halda həmin qərar cavabdehin sənədləşdirmə və ya prosedur qaydalarına tam riayət etmədiyini göstərə bilər, lakin iddiaçının ərizəsinin ümumiyyətlə etibarsız olduğunu və ya xitamın maddi hüquqi əsasının olmadığını qəti şəkildə təsdiq etmir.

28. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən iddiaçının ərizə yazdığı, həmin ərizənin işəgötürənə təqdim olunduğu, işəgötürənin də mövcud sənədə əsasən müvafiq əmr verdiyi, ərizənin geri götürülməsinin isə işəgötürən üçün hüquqi müəyyənlik yaradan qaydada sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, həmin nəticə işin hallarına uyğundur. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hər bir sübutu ayrı-ayrılıqda və onların məcmusunu birlikdə qiymətləndirmiş, gəldiyi nəticəni iş materialları ilə əsaslandırmışdır.

29. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək münasibətləri üzrə mübahisələrdə işçinin hüquqlarının müdafiəsi mühüm prinsip olsa da, bu prinsip məhkəmənin sübutetmə qaydalarını aradan qaldırması və hüquqi nəticələri yalnız ehtimallar əsasında müəyyən etməsi anlamına gəlmir. Məhkəmə yalnız sübut olunmuş hallara əsaslanmalıdır. Hazırkı işdə isə iddiaçının xitam barədə ərizəni yazdığı müəyyən olunmuş, həmin ərizənin məcburiyyət altında verildiyi və ya hüquqi qüvvəsini itirdiyi isə zəruri sübutetmə standartı səviyyəsində təsdiq edilməmişdir. Belə şəraitdə işəgötürənin həmin ərizəyə əsasən əmək müqaviləsinə xitam verməsi qanunsuz hesab oluna bilməz.

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125, 129-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 9, 10, 68, 69-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 372.1, 372.7, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Iddiaçı İddiaçı (vəkil Vəkil Eldar oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair, həmçinin vəkilə xidmət haqqı olaraq ödənilmiş 320 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, elektron xitam əmrinin faktiki yaradılma, imzalanma və hüquqi qüvvəyə minmə tarixi ##.##.2025-ci il olmasına baxmayaraq sənədin ##.##.2025-ci il tarixli kimi rəsmiləşdirilməsi elektron sənəd dövriyyəsi qaydalarının, hüquqi müəyyənlik prinsipinin və elektron sənədin hüquqi qüvvəsinə dair tələblərin pozulmasıdır. Birinci və apellyasiya instansiyası məhkəmələri əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron sənədin hüquqi qüvvəsini düzgün qiymətləndirməmiş, elektron sənəd dövriyyəsinə dair qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin elektron əqdlər və elektron sənədlərlə bağlı müddəalarına əsasən hüquqi əhəmiyyətli elektron məlumat yalnız qanunvericiliyin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdə hüquqi nəticə yaradır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: elektron sənəd yalnız müəyyən edilmiş rekvizitlərə malik olduqda hüquqi qüvvəyə malik hesab edilir; elektron sənədin yaradılması, göndərilməsi, qəbul edilməsi və qeydiyyatı informasiya sistemində qeydə alınan tarix və vaxtla müəyyən olunur; gücləndirilmiş elektron imza ilə təsdiq edilməyən və informasiya sistemində qeydə alınmayan sənəd hüquqi nəticə yarada bilməz. Iş materiallarından isə açıq şəkildə görünür ki: əmək müqaviləsinə xitam haqqında elektron əmr ##.##.2025-ci il tarixdə saat 11:57:14-də yaradılmış; ##.##.2025-ci il saat 11:57:36da imzalanmış; həmin tarixdə hüquqi qüvvəyə minmiş; ƏMAS sistemi tərəfindən ##.##.2025-ci il saat 11:58:01-də bildiriş göndərilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən sənəd geriyə tarixləşdirilərək ##.##.2025-ci il tarixli kimi təqdim edilmiş, məhkəmələr isə elektron sistem məlumatlarını deyil, formal olaraq əmrdə göstərilən tarixi əsas götürmüşdür. Halbuki “Elektron imza və elektron sənəd haqqında” Qanunun mahiyyətinə görə elektron sənədin hüquqi qüvvəsi onun informasiya sistemində yaradıldığı və gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi andan yaranır. Elektron sənədin sonradan əvvəlki tarixlə rəsmiləşdirilməsi yolverilməzdir və hüquqi müəyyənlik prinsipini pozur. Məhkəmələr bu xüsusatlara hüquqi qiymət vermədiyindən maddi hüquq normalarını düzgün tətbiq etməmişlər.

34. Məhkəmələr Əmək Məcəlləsinin 69.4-cü maddəsinin imperativ tələblərini nəzərə almamış, ərizənin geri götürülməsi faktına, ərizənin qeydiyyata alınmamasına və xitam əmrinə qədər geri götürülmüş olmasına hüquqi qiymət verməmişdir. Bu səbəbdən məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsi düzgün tətbiq edilməmiş, maddi hüquq norması pozulmuşdur.

35. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməmiş; işçinin əmək hüquqları pozulmuş; əmək münasibətlərinə xitam verilməsi zamanı qanunun imperativ normaları gözlənilməmişdir. Məhkəmələr isə işəgötürənin qanunvericiliklə müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsinə, əmək hüquqlarının pozulmasına və əmək münasibətlərinin qanunsuz şəkildə dayandırılmasına lazımi hüquqi qiymət verməmişdir.

36. Məhkəmələr əmrin forma və məzmun baxımından qanunauyğunluğunu, əmrin verilməsi üçün hüquqi əsasın mövcud olub-olmamasını, əmrin rəsmiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam və obyektiv araşdırmamış, Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin təqdim edilmiş telefon danışıqlarına, WhatsApp yazışmalarına, şahidlərin izahatlarına, təzyiq və hədə-qorxu hallarına hüquqi qiymət verməmiş, həmin sübutların həqiqiliyini və mövcudluğunu araşdırmamışdır. Halbuki işçinin iradəsinin azad şəkildə formalaşmaması əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin hüquqi etibarlılığını aradan qaldırır.

37. Birinci və apellyasiya instansiyası məhkəmələri işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş fundamental insan və əmək hüquqlarını nəzərə almamış, nəticədə iddiaçının konstitusion hüquqları pozulmuşdur.

38. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verməmiş, sübutların məcmu şəkildə qiymətləndirilməsi prinsipini pozmuş, tərəflərin iradə ifadəsini və faktiki münasibətlərini düzgün müəyyən etməmişdir. Bunun nəticəsində məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və birinci instansiya məhkəməsinin əsaslı qətnaməsini ləğv etmişdir. Eyni zamanda, apellyasiya instansiyası tərəfindən maddi hüquq normaları, o cümlədən mülkiyyət və ailə münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual normaların pozulmasına yol verilmişdir ki, bu da qəbul edilmiş qətnamənin qanuniliyini şübhə altına alır. Beləliklə, apellyasiya instansiyasının qətnaməsi iş üzrə sübutlarla təsdiq olunmayan nəticələrə əsaslandığından və hüquq normaları düzgün tətbiq edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə uyğun deyildir.

39. Məhkəmələr inzibati tənbeh qərarına lazımi hüquqi qiymət verməmiş, onu iş üzrə müəyyənedici sübut kimi qəbul etməmişdir. Bu isə MPM-nin 88 və 89-cu maddələrinin tələblərinin pozulmasıdır, çünki dövlət orqanının rəsmi aktı mötəbər sübut kimi digər sübutlarla birlikdə qiymətləndirilməli idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

42. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... b) əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona xitam verilməsi üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

43. Maddə10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:

44. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

45. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları: 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

46. Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi

47. 1. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

48. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

49. 3. Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.

50. 4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

58. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

59. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni bütövlükdə yoxlayır.

64. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. Iddiaçı İddiaçı Mehman qızının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı Mehman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar