Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1750/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdeh cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:miras əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə # ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin 101-ci mənzəli mülkiyyət hüququ əsasında 1/3 hissədə cavabdeh3, 1/3 hissədə X3, 1/6 hissədə cavabdeh2 və 1/6 hissədə cavabdeh1 məxsus olmuşdur.
2. “Adın dəyişdirilməsi haqqında” şəhadətnaməyə əsasən, X4 adı X3 dəyişdirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı X5 (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin 101-ci mənzilinin bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, iddia ərizəsini işin faktiki hallarına istinad etməklə əlavə olaraq onunla əsaslandırmışdır ki, ümumi paylı mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin 101-ci mənzilinin bölünməsinə mülkiyyətçilərindən yalnız cavabdeh3 razı olmuşdur. Lakin digər mülkiyyətçilər cavabdeh2 və cavabdeh1 ümumi paylı mülkiyyətin nə satılmasına, nə bölünməsinə, nə də iddiaçıya və bacısına məxsus payların dəyərinin ödənilməsinə razılıq verməmişlər. Bu səbəbdən iddiaçı ümumi paylı mülkiyyətin bölünməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
5. Cavabdeh cavabdeh3 iddia tələbini qəbul etdiyini bildirərək, təmin edilməsini xahiş etmiş, həmçinin iddiaçının payına uyğun kompensasiya ödənilməsinə razı olmadığını bildirmişdir.
6. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin 101-ci mənzilinin bazar dəyəri 150.000 manat olmuşdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim - Leyla Şövkətli-Mənsimli) iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin, 101-ci mənzilinin açıq hərracdan satılması, həmin mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməsi, mənzilin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 1/3 hissəsinin X3, 1/3 hissəsinin cavabdeh3, 1/6 hissəsinin cavabdeh2, 1/6 hissəsi TeymurX2 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin 101-ci mənzili 1/3 hissədə cavabdeh3, 1/3 hissədə X5, 1/6 hissədə cavabdeh2 və 1/6 hissədə cavabdeh1 ümumi paylı mülkiyyətində olmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçının hüquqi niyyəti ümumi paylı mülkiyyətdə olmuş payının ayrılması olmuşdur. İddiaçı payının naturada ayrılmasına, bu mümkün olmadıqda isə payının dəyərinin digər paylı mülkiyyətçilər tərəfindən ona ödənilməsinə razı olmuşdur. Əks halda mənzilin açıq hərracda satılmasını və satışdan əldə edilmiş pulun paylara mütənasib qaydada bölünməsini tələb etmişdir.
10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, ümumi sahəsi 66 kv.m olan 3 otaqlı mənzilin dörd paylı mülkiyyətçi arasında mənzilin yaşayış təyinatını itirmədən naturada bölünməsi mümkün olmamışdır.
11. Məhkəmə mənzilin sahəsini və otaqların sayını nəzərə alaraq qeyd etmişdir ki, həmin halın müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurət olmamışdır.
12. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işə baxılan zaman mənzilin bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, * saylı evin 101-ci mənzilinin bazar dəyəri 150.000 manat müəyyən edilmişdir. İddiaçı tərəf mənzilin bazar dəyərinə uyğun olaraq onun payına düşən hissəyə digər paylı mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi yolu ilə payının ayrılmasına razı olmuşdur.
13. Lakin məhkəmə iclasında iştirak etmiş digər paylı mülkiyyətçilər – cavabdeh3, cavabdeh2 və cavabdeh1 kompensasiya ödənilməsinə razı olmadıqlarını bildirmişlər.
14. Məhkəmə qeyd etmişdir ki, mənzilin naturada bölünməsi mümkün olmamışdır və tərəflər arasında ümumi paylı mülkiyyətdə olmuş əmlakın bölünməsinə dair hər hansı razılaşma, o cümlədən kompensasiya ödənilməsinə dair razılıq və ya barışıq əldə edilməmişdir. Bu səbəbdən mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin ekspert rəyinə uyğun olaraq 150.000 manat müəyyən edilməsi və satışdan əldə edilmiş pulun ümumi paylı mülkiyyətçilərin paylarına müvafiq olaraq onlar arasında bölüşdürülməsi zəruri olmuşdur.
15. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 213.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 224.1-ci, habelə MPM-nin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü madələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ümumi paylı mülkiyyətin bölünməsi qaydalarını düzgün tətbiq etməmişdir. Əmlakın naturada bölünməsi imkanının mövcud olmadığı barədə nəticəyə müvafiq ekspertiza təyin edilmədən gəlinmişdir. Məhkəmənin mənzilin naturada bölünməsinin qeyri-mümkün olması barədə nəticəsi subyektiv mülahizəyə əsaslanmışdır. Satış yalnız son çarə kimi tətbiq edilməli olduğu halda, məhkəmə alternativ imkanları tam araşdırmadan mənzilin açıq hərracda satılması barədə qərar qəbul etmişdir. Halbuki həmin qərarın mənzildən istifadə edilməsində mühüm mənafeyi olmuş iki yetim gəncin mənzil hüquqlarının pozulmasına səbəb ola biləcəyi qeyd edilmişdir. Mübahisəli mənzilin vərəsəlik əmlakı olduğu və ərizəçilərin yeganə yaşayış yeri olduğu göstərilmişdir. Vərəsəlik işlərində məhkəmələrin ailə üzvlərinin mənafeyini qorumalı olduqları, satışa isə yalnız alternativ olmadıqda yol verilməli olduğu bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsi qaydasını pozmuşdur. Əmlakın qiymətləndirilməsi haqqında ekspert rəyi şikayətçilərə vaxtında təqdim edilməmiş, bununla da onların etiraz etmək və təkrar ekspertiza keçirilməsini tələb etmək hüquqları məhdudlaşdırılmışdır. Nəticədə çəkişmə prinsipinin pozulduğu göstərilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin 220, 1230 və 1250-ci maddələrinin, habelə AR Konstitusiyasının 29-cu maddəsinin və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. İş üzrə əhəmiyyətli olmuş hallar tam sübuta yetirilməmiş, qətnamədə göstərilmiş bəzi nəticələrin isə işin faktiki hallarına uyğun gəlmədiyi bildirilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # ##### 2026cı il tarixli qətnaməsi ilə (hakimlər İlham Cəfərov (sədrlik edən, məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmişdir, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas olmamışdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, ümumi sahəsi 66 kv.metr olan 3 otaqlı mənzilin dörd paylı mülkiyyətçi arasında yaşayış təyinatı saxlanılmaqla naturada bölünməsi obyektiv olaraq mümkün olmamışdır. Mənzilin sahəsi və otaqların sayı nəzərə alınmaqla bu halın müəyyən edilməsi üçün əlavə ekspertiza təyin edilməməsi birinci instansiya məhkəməsinin prosessual səlahiyyətləri çərçivəsində olmuş və bu, qanunvericiliyin tələblərinə zidd olmamışdır.
21. İşin hallarından göründüyü kimi, ümumi paylı mülkiyyətin iştirakçıları arasında razılıq olmadığı üçün hazırkı mübahisə məhkəmə qaydasında həll edilməlidir. İş materiallarından görünür ki, iddiaçı kompensasiya ödənilməsi yolu ilə payının ayrılmasına razılıq vermişdir, lakin digər paylı mülkiyyətçilər cavabdeh2 və cavabdeh1 buna razı olmamışlar. Bu halda məhkəmənin əmlakın açıq hərracda satılması barədə nəticəyə gəlməsi qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmuşdur.
22. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məccəlləsinin 213.1, 213.2, 220.1,220.2, 220.3, 220.4, 220.5, 220.6, 224.1,221-ci, habelə MPM-nin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü madələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Rusiya vətəndaşı olan iddiaçı öz payına kompensasiya almaq istəmişdir (onun Azərbaycanda yaşamaq niyyəti belə olmamışdır); onun bacısı, kassatorların xalası, formal baxımdan cavabdeh kimi göstərilmiş cavabdeh3 da iddianı qəbul etmiş və payının ödənilməsini xahiş etmişdir. Deməli, 2/3 payın sahibləri kompensasiyaya razı olmuşlar. Məhkəmə iddiaçının 1/3 payı üçün 50.000 manat kompensasiyanın cavabdehlərdən tələb edilməsi imkanını, o cümlədən hissə-hissə ödəniş rejimini araşdırmamışdır. Anadan olduqları gündən yalnız bu mənzildə yaşamışdır, babalarına o, vəfat edənə qədər qulluq etmişdir, analarının vəfatından sonra yetim qalmış vərəsələr olmuşdur. Hər iki məhkəmə instansiyası bu maddənin tətbiqini “mənzil artıq ümumi paylı mülkiyyətə keçdiyi üçün” rədd etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
28. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
29. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
30. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
32. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
33. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
34. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
35. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehlərin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdehlər kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmişdir, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas olmamışdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
51. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ümumi sahəsi 66 kv.metr olan 3 otaqlı mənzilin dörd paylı mülkiyyətçi arasında yaşayış təyinatı saxlanılmaqla naturada bölünməsi obyektiv olaraq mümkün olmamışdır. Mənzilin sahəsi və otaqların sayı nəzərə alınmaqla bu halın müəyyən edilməsi üçün əlavə ekspertiza təyin edilməməsi birinci instansiya məhkəməsinin prosessual səlahiyyətləri çərçivəsində olmuş və bu, qanunvericiliyin tələblərinə zidd olmamışdır.
52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ümumi paylı mülkiyyətin iştirakçıları arasında razılıq olmadığı üçün hazırkı mübahisə məhkəmə qaydasında həll edilməlidir. İş materiallarından görünür ki, iddiaçı kompensasiya ödənilməsi yolu ilə payının ayrılmasına razılıq vermiş, lakin digər paylı mülkiyyətçilər cavabdeh2 və cavabdeh1 buna razı olmamışlar. Bu halda məhkəmənin əmlakın açıq hərracda satılması barədə nəticəyə gəlməsi qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmuşdur.
53. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdehlər cavabdeh2 və cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.