Məhkəmə qərarları › İş №2(1-8)-1768/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1768/2026

02.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1768/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1nə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı * saylı Mediasiya təşkilatının MSB/2-0844/25 N-li, ##.##.2025-ci il tarixli arayışına əsasən, Cavabdeh X1n nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

2. Əmək müqaviləsinin surətinə əsasən, İddiaçı ##.##.2021-ci il tarixdən TTTY şöbəsi (Çilov adası üzrə) – çağırış üzrə tibb bacısı vəsifəsinə işə qəbul edilmişdir.

3. ##.##.2025-ci il tarixli məktubun məzmununda qeyd edilmişdir ki, “Bildiririk ki, Cavabdeh PHŞ-nin strukturuna daxil olan Çilov adası bölməsində hazırda 103 nəfər işçi çalışır. Onlardan 12 nəfəri ali tibb həkim ixtisaslı, 19 nəfəri orta tibb ixtisaslı, 72 nəfəri isə qeyri-tibb peşə və vəzifələrdə çalışır. Qeyd edirik ki, adada yaşayan əhalinin sayının az olması və 28 May NQÇ-nin müasir tipli xəstəxanasının olması səbəbindən son 1 il ərzində Çilov adası bölməsində çalışan ümumi işçilərin 80%-nin heç bir əmək funksiyası qeydə alınmamışdır. Tibbi xidmətin optimallaşdırılması, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımın yüksəldilməsi və ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1n ## ######## 2023-cü il tarixli **-*/*-*****/**** nömrəli əmrinə əsasən ## ###### 2024-cü il tarixində Cavabdeh PHŞnin Çilov adası bölməsi müəssisənin strukturundan ləğv edilmiş, Cavabdeh PHŞnin strukturunda 43 ştat vahidindən ibarət “Çilov Ailə Sağlamlıq Mərkəzi” (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən hazırda adada çalışan 103 nəfər işçidən 36 nəfəri peşə və vəzifələrinə uyğun olaraq Çilov ASM-də, 30 nəfəri Cavabdeh PHŞ-nin Pirallahı adasında yerləşən əsas binasında ixtisas və peşələrinə uyğun vəzifələrdə, 37 nəfəri ixtisaslarına uyğun TƏBİB tabeli digər tibb müəssisələrində yerləşdirilməsi və 1 nəfərin əmək müqaviləsinə xitam verilməklə Çilov ASM yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsini (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) nəzərə alaraq qeyd olunanlara münasibət bildirməyinizi Sizdən xahiş edirik.”

4. ## #### 2025-ci il tarixli **-*-**/*-*-***/**** saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında" əmrin məzmununda qeyd edilmişdir ki, “1. ünvan 1 ünvanında yerləşən Cavabdeh publik hüquqi (bundan sonra mətndə- cavabdeh Tibb Mərkəzi) cavabdeh şəxsin TTTY şöbəsində (Çilov bölməsi üzrə) çağırış üzrə tibb bacısı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış **KVVOXP****** nömrəli əmək muqaviləsinə ##.##.2025-ci il tarixindən xitam verilsin. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 9.31 təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılsın. 3.AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçiyə "xxxx” PHŞ-də bir ildən beş ilədək əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin. 4.İddiaçı (bundan sonra mətndə-iddiaçı) son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti AR Əmək Məcəlləsinin 83 maddəsinin 2ci hissəsinə uyğun olaraq son iş günü verilsin.”

5. İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən, İddiaçı Yeni ştat cədvəlinə əsasən “Çağırış üzrə tibb bacısı (qardaşı)” ştat vahidi ixtisar edilməsi, onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam veriləcəyi, Xəbərdarlıq müddəti (bu xəbərdarlığın sizə təqdim olunması tarixindən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi arasındakı müddət) ərzində iş axtarmağınıza imkan yaradılması məqsədilə, siz əmək haqqınız saxlanılmaqla hər iş həftəsində bir iş günü əmək funksiyanızın icrasından azad edilməsi barədə xəbərdarlıq edilmişdir.

6. İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən, İddiaçı Yeni ştat cədvəlinə əsasən “Çağırış üzrə tibb bacısı (qardaşı)” ştat vahidi ixtisar edilməsi, onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam veriləcəyi, Xəbərdarlıq müddəti (bu xəbərdarlığın sizə təqdim olunması tarixindən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi arasındakı müddət) ərzində iş axtarmağınıza imkan yaradılması məqsədilə, siz əmək haqqınız saxlanılmaqla hər iş həftəsində bir iş günü əmək funksiyanızın icrasından azad edilməsi barədə xəbərdarlıq edilmişdir.

7. Həmkarlar İttifaqı Komitəsi PTM HİK-nin ##.##.2025-ci il tarixli ** saylı protokolundan çıxarışın surətinə əsasən, PTM Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikası Əmək Məcəllənin 79-cu maddəsinin tələblərini yerinə yetirməklə, xxxxnin Çilov adası bölməsində xitam verilməsi nəzərdə tutulmuş işcilərin hər birinə həssaslıqla yanaşmaqla onların yaşayiş yerlərinə yaxın ərazilərdə (TƏBİB tabeli müəsisələrdə) ixtisaslarına uyğun işlə təmin edilməsi tədqirdə qeyd olunan məsələyə etiraz etmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edilərək, cavabdehin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrini etibarsız hesab edilməsi və iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun vəzifəsinə (və ya Çilov adasında yerləşən Çilov Ailə Sağlamlıq Mərkəzinə ixtisasına uyğun vəzifəyə) bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Tibb Mərkəzi əmək müqaviləsi əsasında işçisi olmuşdur. O, həmin X1n X3 Yardım (TTTY) şöbəsinin (Çilov bölməsi üzrə) çağırış üzrə tibb bacısı vəzifəsində işləmişdir. Onun *******000208 nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən heç bir xəbərdarlıq olunmadan ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrlə xitam verilmişdir. Müvafiq əmrdə işçinin hansı əsasla işdən çıxarılması qeyd edilməmişdir. Habelə bu əmr F.Samirəyə təqdim edilməmişdir. F.Samirəyə heç əmək kitabçası belə təqdim edilməmişdir. Bundan əlavə F.Samirə Cavabdeh PHŞ-nin həmkarlar ittifaqı komitəsinin üzvü olmasına baxmayaraq onun əmək müqaviləsinə xitam verilən zaman müəssisənin həmkarlar ittifaqı komitəsinin razılığı alınmamışdır. Sual oluna bilər ki, cavabdeh Cavabdeh PHŞ niyə belə addım atmış və tələskənliklə iddiaçının işdən çıxarmaq həvəsinə düşmüşdür? TƏBİB-in ##.##.2023-cü il tarixli **-*/*-*-****/**** saylı əmri iləCavabdeh PHŞ-nin sturukturundan Çilov adası bölməsi ləğv edilmiş və PTM-in struktrunda Çilov Ailə Sağlamlıq Mərkəzi yaranmışdır. Əmrdə qeyd edilmişdir ki, Çilov bölməsinin bazasında və mövcud ştat vahidləri hesabına Ailə Sağlamlıq Mərkəzi yaradılsın. Əmrdən sui-istifadə etmə qərarına gələn PTM rəhbərliyi 2025-ci il tarixdə Çilov bölməsinin işçilərini işdən ixtisar əsası ilə çıxarmış və başqa şəxsləri yeni yaradılmış ASMə işə götürməyə başlamışdır. Yeni yaradılmış ASM-ə işçilərin hansı müsabiqə əsasında işə götürüldüyü isə naməlumdur. TƏBİB-in əmr verməsində məqsəd əhaliyə göstərilən ilkin tibbi-santiraiya yardımın keyfiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi olmuşdur. Lakin görünən odur ki, əmrin altında yatan gizli məqsəd yeni işçilərin naməlum səbəblərlə işə götürülməsi və əvvəlki işçilərin işdən uzaqlaşdırılması olmuşdur. Hazırda F.Samirənin ixtisasına uyğun ştatlar PTM-in tərkibində olan Çilov ASMdə mövcuddur. Lakin PTM bununla bağlı F.Samirəyə hər hansı iş təklifi etməmiş əksinə yeni başqa işçilərin götürülməsinə fokuslanmışdır. Səbəbi isə bəllidir. Çilov adasında yerləşən Çilov ASM-də əmək haqqları yüksək olduğu üçün həmin müəssisədə çalışmaq üçün can atan kifayət qədər insan var və bunu “dəyərləndirmək” PTM rəhbərliyi üçün əvəzedilməz bir fürsət ola bilər. Bu baxımdan əmək hüquqlarını kobud sürətdə tapdalamaq PTM rəhbərlyinin vecinə olmamışdır. Maraqlıdır ki, TƏBİB öz əmrində keyfiyyətli və əlçatan xidmətlərin təmin edilməsi məqsədilə bu cür addım atdığını qeyd edir, bəs Çilov bölməsi və Çilov ASM arasında nə idi keyfiyyət fərqi? işçilərin işdən çıxarılması? Əgər mövcud işçilərin əmək funskiyasının icrasında uyğunsuzluq halları var idisə niyə bu halla bağlı tədbir görülməmişdir? TƏBİB və PTM tərəfindən edilmiş hərəkətlərin məqsədi əmrdə başqa şəkildə qeyd edilsə də, biz faktiki hərəkətlərdən niyə bu addımların atıldığını aydın şəkildə görə bilirik. Bu da qanunvericilikdən, işəgötürənin öz mövqeyindən doğan suiistifadədir. F.Samirəyə onun işdən çıxarılması barədə əmr, əmək kitabçası, haqq-hesab sənədləri verilməmişdir və ya əmr (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməmişdir və bu barədə işçi məlumatlandırılmamışdır (elektron poçt və SMS vasitəsilə). F.Samirə hüquqlarının pozulduğunu ##.##.2025-ci il tarixdə aşkar etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün * saylı Mediasiya təşkilatına ##.##.2025-ci il tarixdə müraciət etmişdir. * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli MŞB/*-****/** nömrəli arayışından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etmişdir. Göründüyü kimi cavabdeh qeyri-hüquqi addımlar atmaqla iddiaçının əmək hüquqlarını kobud surətdə pozmuşdur. Bu baxımdan iddiaçı işə bərpa edilməli və ona məcburi işburaxmaya görə ödəniş edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini təmin edilməsi, cavabdehin ##.##.2025-ci il tarixli, 181-16/3-1 ***/**** nömrəli əmrini etibarsız hesab edilməsi və iddiaçı İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun vəzifəsinə (və ya Çilov adasında yerləşən Çilov Ailə Sağlamlıq Mərkəzinə ixtisasına uyğun vəzifəyə) bərpa edilməsi və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı etiraf etməmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Tibb Mərkəzinin ##.##.2025-ci il tarixli 18-1-16/3-1- ***/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı əvvəlki vəzifəsinə - TTTY şöbəsi (Çilov adası üzrə) – çağırış üzrə tibb bacısı vəzifəsinə (və ya Çilov adasında yerləşən Çilov Ailə Sağlamlıq Mərkəzinə ixtisasına uyğun vəzifəyə) bərpa olunması, iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2021-ci il tarixdən cavabdeh Tibb Mərkəzi tərəfindən TTTY şöbəsi (Çilov adası üzrə) – çağırış üzrə tibb bacısı vəsifəsinə işə qəbul edilmişdir. Cavabdeh Tibb Mərkəzi şəxsin ştat cədvəlinə əsasən Ştat vahidi ixtisar edildiyinə görə iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “b” bəndinə əsasən ##.##.2025-ci il tarixdən ləğv edilmişdir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunu AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alınmayıb.

15. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”.

16. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun.

17. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. - Razılıq qərarda deyil, protokoldan çıxarışla ifadə olunub. Bu, qanunvericiliyə ziddir.

18. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”.

19. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88. 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21.Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 1-ci və 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə istinadən qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsinin ləğvi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı ilə həyata keçirilməlidir. Həmin razılıq yazılı formada işəgötürənə təqdim olunmalıdır. Əmək Məcəlləsinin 80.2-ci maddəsinin üçüncü cümləsində də bu,“əsaslandırılmış yazılı qərar” kimi ifadə olunmuşdur. Lakin təqdim etdiyi sənəd —protokoldan çıxarış —hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin çıxarışın sonunda “HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildirdilər. “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Qeyd edir ki, protokollar kollegial orqanın sənədi olmaqla,qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir. Təqdim edilmiş çıxarışın “qərara alındı” hissəsində qeyd olunan məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluqdur, mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi –“qərar” əvəzinə “çıxarış” yazılması –tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib. Nəticə etibarilə, təqdim edilən protokoldan çıxarış həmkarlar ittifaqının kollegial iradəsinin yazılı formasıdır və qanunvericiliyin tələbinə zidd deyildir. Beləliklə, ilkin məhkəmə tərəfindən əmrin ləğvi ilə bağlı verilmiş qətnamə formal texniki uyğunsuzluğu əsas götürərək qəbul edilmiş, lakin hüquqi və faktiki mahiyyətə uyğun deyil. İşçinin əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə tam əməl olunmuş, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ixtisar) uyğun olaraq işə xitam verildiyi üçün işçiyə qanunla nəzərdə tutulmuş bütün ödənişlər, ocümlədən 1955.27 manat məbləğində birdəfəlik kompensasiya ödənilmişdir. Bu vəsait dövlət büdcəsindən ödənilmiş və artıq hüquqi baxımdan bağlanmış əmək münasibətləri üzrə maliyyə öhdəliyinin icrasını təşkil etmişdir. Məhkəmə qətnaməsi ilə işçinin əvvəlki vəzifəsinə bərpası tələbi isə hüquqi və iqtisadi baxımdan ciddi problemlər doğurur. Belə ki, işçi əvvəlcə “TTTY şöbəsi (Çilovadası üzrə)–çağırış üzrə tibb bacısı”vəzifəsində çalışmışdır. Hazırda həmin struktur vahidi inzibati-sistem baxımından ləğv olunmuş, Çilov TTTY-nın isə ümumiyyətlə fəaliyyətini dayandırmışdır. Yəni, həmin işyerinin faktiki və hüquqi mövcudluğu yoxdur. Bu səbəbdən qətnamənin “əvvəlki vəzifəyə bərpa” tələbi icrası mümkün olmayan qərardır və bu hal,qətnamənin icrasını mümkünsüz edən obyektiv hüquqi əngəldir.Həmçinin, iddiaçının heç bir ixtisasa malik olmadığından hüquqi mövqey cəhətdən onun çağırış üzrə tibb bacısı vəya Çilov adasında yerləşən Çilov Ailə Sağlamlıq Mərkəzinə ixtisasına uyğun vəzifəyə bərpa edilməsi mümkün deyildir. Digər tərəfdən, ixtisar qərarı qəbul olunmazdan öncə işçiyə qanunvericiliyə uyğun olaraq ixtisar haqqında yazılı xəbərdarlıq edilmiş, ona yeni işaxtarması üçün həftədə bir gün icazəverilməsi də rəsmi olaraq təmin olunmuşdur. Həmçinin, müəssisə tərəfindən işçiyə alternativ vəzifə təklif olunmuş, lakin işçi bu təklifə cavab verməmişdir.Bütün bu hallar göstərir ki, işəgötürən öz hüquqi və sosial öhdəliklərini tam şəkildə icra etmişdir və işçinin əmək hüquqlarının pozulması halları baş verməmişdir. Belə bir şəraitdə məhkəmə tərəfindən əmək münasibətlərinin bərpası, artıq ödənilmiş kompensasiyanın hüquqi və iqtisadi mənasız hala düşməsinə,dövlət müəssisəsinin maliyyə itkilərinə,büdc əvəsaitlərinin əsassız xərclənməsinə,habelə qətnamənin faktiki icra olunmayan bir strukturun bərpası ilə bağlı tələbə yönəlməsinə səbəb olurki, bu da qanunun məqsədinə və dövlət maraqlarına ziddir. Yekunda qeyd edilməlidir ki,hüquqi baxımdan bağlanmış və iqtisadi baxımdan başa çatmış əmək münasibətlərinin süni şəkildə bərpası nə hüquqi zərurətə, nədə iqtisadi məqsədə uyğunluğa əsaslanmır, əksinə,bu cür nəticə dövlət müəssisəsinin iş rejiminə və resurs bölgüsünə mənfi təsir göstərir. 23.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), G.M.Abbasova, M.A.Məmmədov) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1nə qarşı “işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

25. Belə ki, məhkəmə yalnız cavabdehin Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsinin tələbləri pozulduğunu əsas gətirməklə, yəni həmin normada “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunduğundan həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmrin qanunsuz olduğu qənaətinə gəlib iddianı təmin etmişdir.

26. Həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Ancaq cavabdehin təqdim etdiyi sənəd də hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin sənədin sonunda HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildiriblər. “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Cavabdehin də şikayətdə göstərdiyi kimi protokollar kollegial orqanın sənədi olmaqla, qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir.

27. Təqdim edilmiş çıxarışın qərara alındı hissəsində qeyd olunan “məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur.

28. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluq kim görünə bilər, ancaq mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi - “qərar” əvəzinə “çıxarış” yazılması tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib. Nəticə etibarı ilə, təqdim edilən protokoldan çıxarış həmkarlar ittifaqının kollegial iradəsinin yazılı formasıdır və qanunvericiliyin tələbinə zidd deyildir.

29. Göründüyü kimi, birinci instansiya məhkəməsi formal texniki uyğunsuzluğu əsas götürərək qətnamə qəbul etmiş, lakin bu hüquqi və faktiki mahiyyətə uyğun olmayıb.

30. Qeyd edilməlidir ki, iddiaçı şikayət vermədiyindən kollegiya yalnız birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin mübahisələndirdiyi hissədə araşdırmalı olduğundan, öz qulluq mövqeyindən çıxış edərək iddianın digər əsaslarına qiymət verməkdə mülki prosessual səlahiyyətlərə malik deyildir.

31. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə, 12-ci maddəsinin “c” bəndinə, 16-cı maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndinə, 71.1, 71.3., 77.1, 77.2., 78.1., 80.1, 80.2, 288, 292.1, 292.2, 296.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1., 88, 217.3., 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

33. İddiaçı (vəkil –vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddiaçının iddia tələblərinin əsaslandırıldığı iddia ərizəsini təmin edərək cavabdehin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinin etibarsız hesab edilməsi və iddiaçı İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Çilov adasında işlədiyi əvvəlki vəzifəsinə (və ya Çilov adasında yerləşən Çilov Ailə Sağlamlıq Mərkəzinə ixtisasına uyğun vəzifəyə) bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin həqiqi hallarını müəyyən etməmişdir. Qətnamədə yazılıb: “həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda ... əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb”. Lakin faktlar bunun əksini göstərir: HİK-in protokolundan çıxarışda yalnız bir başqa işçinin (Şövkət) adı var; iddiaçının adı nə təqdimatda, nə də çıxarışda çəkilir; cavabdeh nümayəndəsi Nümayəndə məhkəmədə etiraf edib ki, HİK-ə yazılan məktubda işdən çıxarılması nəzərdə tutulan işçi iddiaçı deyil, məhz Şövkətdir. Məhkəmə bu halları nəzərə almamışdır. İkincisi: Məhkəmə öz əsaslandırmasını heç bir sübuta söykəməmişdir. Qətnamədə “etiraz olunmayıb” qənaətinə hansı konkret sübutla gəldiyi göstərilməmişdir. Halbuki işdə iddiaçının işdən çıxarılmasına HİK-in razılığını təsdiq edən heç bir sübut yoxdur. Üçüncüsü: Məhkəmə sübutları rədd etmək üçün heç bir dəlil gətirməmişdir. Aşağıdakı sübutlar ya rədd edilmiş, ya da tamamilə gözardı edilmişdir, lakin buna dair heç bir əsaslandırma yoxdur: cavabdeh nümayəndəsinin etirafı; xəbərdarlıq məktublarının ziddiyyəti (biri ##.##.2025, digəri ##.##.2025, işə isə ##.##.2025-də xitam verilib); işdən çıxarılma əmrində AR Əmək Məcəlləsinin 84-cü maddəsinə zidd olaraq HİK qərarına istinad edilməməsi; təqdimatın və HİK cavabının nömrəsinin olmaması. Dördüncüsü: Məhkəmə xüsusi qərardad çıxarılması barədə vəsatətinə (##.##.2026-cı il tarixli) heç bir münasibət bildirməmişdir. Həmin vəsatətdə sübutların saxtalaşdırılması əlamətləri (Cinayət Məcəlləsinin 294.1, MPM 265.4) göstərilmişdi. Məhkəmə bu vəsatəti nə təmin etmiş, nə də əsaslandırılmış şəkildə rədd etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində vəsatətə heç bir istinad yoxdur.

35. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının nümayəndəsi və vəkili vəkil2 tərəfindən hakimə xüsusi qərardad çıxarılması barədə vəsatət təqdim edilmişdir (ərizə ##.##.2026-cı il tarixli). Həmin vəsatətdə aşağıdakılar əsas gətirilərək xahiş olunmuşdur: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx PHŞ tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub” və “Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli çıxarış” sübutların saxtalaşdırılması əlamətləri daşıyır; Müvafiq məktubda və çıxarışda nömrələrin olmaması, digər bütün rəsmi sənədlərdə isə nömrələrin mövcud olması bu sənədlərin sonradan (iş məhkəməyə verildikdən sonra) hazırlandığını göstərir; AR Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, işdən çıxarılma əmrində həmkarlar ittifaqının razılığına istinad edilməməsi də bu sənədlərin etibarsızlığını təsdiq edir; AR Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə əsasən, mülki işdə sübutların saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur; MPM 265.4-cü maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının əməllərində cinayət əlamətləri aşkar etdikdə xüsusi qərardad çıxarmalıdır. Apellyasiya məhkəməsi bu vəsatətə heç bir münasibət bildirməmiş, onu nəzərə almamışdır. Bu, Mülki Prosessual Məcəllənin tələblərinin kobud şəkildə pozulmasıdır: 1. MPM 265.4-cü maddəsinin pozulması. Həmin maddədə göstərilir: “Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.” Mənim vəsatətimdə cinayət əlamətləri (sübutların saxtalaşdırılması – CM 294.1) barədə konkret faktlar göstərilmişdi. Hakim bu əlamətləri araşdırmalı, ya vəsatəti təmin edərək xüsusi qərardad çıxarmalı, ya da əsaslandırılmış şəkildə rədd etməli idi. Apellyasiya məhkəməsi isə bu vəsatətə heç bir reaksiya verməmişdir. Bu, məhkəmənin qanunla ona həvalə edilmiş öhdəliyini yerinə yetirməməsidir. 2. MPM 219.1-ci maddəsinin (və ya əsaslılıq tələbi) pozulması. Məhkəmə tərəflərin bütün vəsatətlərinə baxmalı və onlar barədə qərar verməlidir. Xüsusi qərardad vəsatəti prosessual əhəmiyyət daşıdığı halda, məhkəmə bu barədə qətnamədə heç bir qeyd etməmiş, onu nə təmin, nə də rədd etmişdir. Bu, apellyasiya instansiyasının qətnaməsinin əsaslılığına xələl gətirir. Nəticə etibarilə: Apellyasiya məhkəməsi tərəfindən xüsusi qərardad vəsatəti nəzərə alınmaması aşağıdakıları təsdiq edir: Məhkəmə proses iştirakçılarının əməllərində cinayət əlamətlərinin olub-olmamasını araşdırmaqdan imtina etmişdir; Məhkəmə qanunla özünə qoyulmuş öhdəliyi (MPM 265.4) pozmuşdur.

36. Apellyasiya instansiyası qətnaməsində göstərmişdir ki, iddiaçı şikayət vermədiyi üçün kollegiya yalnız birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin mübahisələndirdiyi hissədə araşdırma aparmış, iddianın digər əsaslarına qiymət verməkdə səlahiyyətli deyildir. Lakin apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsini düzgün tətbiq etməmişdir. Apellyasiya Məhkəməsi sadəcə cavabdehin mövqeyini müdafiə etmiş sanki cavabdehin nümayəndəsi kimi mülki işə yanaşmışdır. Apellyasiya instansiyasının qətnaməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun gəlmir. Məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi etirafı – yəni, Həmkarlar İttifaqı Komitəsinə yazılan məktubda işdən çıxarılması nəzərdə tutulan şəxsin iddiaçı yox, “Şövkət” adlı başqa bir işçi olduğunu – tamamilə nəzərə almamışdır. Həmkarlar İttifaqı Komitəsinin protokolundan çıxarışda iddiaçının adı çəkilmədiyi halda, məhkəmə bu sənədi “bütün işçilərə, o cümlədən iddiaçıya şamil edilən” kimi qəbul etmişdir. Bu, sübutun məzmununu təhrif etməkdir.

37. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 77-ci maddəsinə, 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 218.1, 220.4, 265.4, 372.6-cı maddələrinə istinad edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

38. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən təqdim olunmuş kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş etmişdir. 39. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

40. Maddə 35. əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır .

Azərbaycan Respublikası Əmək Məcəlləsi(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):

41. Maddə 11.

42. 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;

43. Maddə 12

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada ləğv etmək;

44. Maddə 16 .

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

45. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

46. Maddə 71.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

47. Maddə 77. 1 İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

48. Maddə 78.

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

49. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə yalnız cavabdehin Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsinin tələbləri pozulduğunu əsas gətirməklə, yəni həmin normada “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunduğundan həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmrin qanunsuz olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Ancaq cavabdehin təqdim etdiyi sənəd də hüquqi baxımdan həmkarlar ittifaqının kollegial iradəsinin ifadəsidir. Həmin sənədin sonunda HİK-in üzvləri çıxış edərək qoyulan məsələ ilə razı olduqlarını bildiriblər. “Səsvermədə gündəlik məsələlər yekdilliklə qəbul olundu” ifadəsi ilə həmkarlar ittifaqı üzvlərinin razılığı, yəni kollegial qərarı açıq şəkildə qeyd olunmuşdur. Cavabdehin də şikayətdə göstərdiyi kimi protokollar kollegial orqanın sənədi olmaqla, qəbul olunmuş qərarı və iştirakçılar tərəfindən edilən səsvermənin nəticəsini əks etdirir.Təqdim edilmiş çıxarışın qərara alındı hissəsində qeyd olunan “məsələyə etiraz edilmir” ifadəsi də öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmkarlar ittifaqının iradəsi formal deyil, məzmun baxımından tam hüquqi qüvvəyə malik şəkildə ifadə olunmuşdur. Belə olan halda, sənədin başlığının “qərar” deyil, “protokoldan çıxarış” adlandırılması formaya aid texniki uyğunsuzluq kim görünə bilər, ancaq mahiyyətə təsir etmir və əmək müqaviləsinin ləğvini qeyri-qanuni hesab etmək üçün əsas ola bilməz. Burada formal texniki termin fərqi - “qərar” əvəzinə “çıxarış” yazılması tərəflərin iradəsini dəyişmir, nəticəyə təsir etmir. Qanunvericilikdə forma pozuntusunun hüquqi nəticəyə təsiri yalnız o halda əsas hesab olunur ki, bu, işçinin hüquqlarının pozulmasına, əsaslandırılmamış qərarın verilməsinə səbəb olsun. Bu iş üzrə isə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilmiş iclasda məsələyə baxılıb, üzvlərin yekdil razılığı ilə əmək müqaviləsinin ləğvinə etiraz olunmayıb və bu, rəsmi sənədlə təsdiqlənib. Nəticə etibarı ilə, təqdim edilən protokoldan çıxarış həmkarlar ittifaqının kollegial iradəsinin yazılı formasıdır və qanunvericiliyin tələbinə zidd deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi formal texniki uyğunsuzluğu əsas götürərək qətnamə qəbul etmiş, lakin bu hüquqi və faktiki mahiyyətə uyğun olmayıb.Qeyd edilməlidir ki, iddiaçı şikayət vermədiyindən kollegiya yalnız birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin mübahisələndirdiyi hissədə araşdırmalı olduğundan, öz qulluq mövqeyindən çıxış edərək iddianın digər əsaslarına qiymət verməkdə mülki prosessual səlahiyyətlərə malik deyildir.

64. Kassasiya şikayətinin bir sıra dəlilləri sübutların düzgün qiymətləndirilməməsi ilə əlaqədardır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. Kassasiya kollegiyası qeyd edilən istiqamətdə apellyasiya instansiyası məıhkəməsinin prosessual hüquq normalarını pozması halını müəyyən etməmişdir.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin xüsusi qərardad vəsatəti prosessual əhəmiyyət daşıdığı halda, məhkəmənin bu barədə qətnamədə heç bir qeyd etmədiyi, onu nə təmin, nə də rədd etdiyi, bunun apellyasiya instansiyasının qətnaməsinin əsaslılığına xələl gətirdiyi barədə dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikasının MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Lakin iş materialları ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi qərardad çıxarılması üçün əsaların aşkara çıxarılması müəyyən edilmir.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə xüsusi qərardad qəbul edilməməsi, buna dair qətnamədə qeyd edilməməsi işi mahiyyəti üzrə həll edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmaması demək deyil.

67. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən digər hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar