Məhkəmə qərarları › İş №2(1-8)-1865/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1865/2026

11.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1865/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh İsaq oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İsaq oğluna qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh İsaq oğlu arasında İddiaçı üçün X4 “Ford Fusion” titanium markalı, zədəli avtomobilin hərracdan alınması ilə bağlı, muzd ödənilməsi şərti ilə şifahi tapşırıq müqaviləsi bağlanmış və avtomobili hərrac vasitəsi ilə alınaraq, Azərbaycan Respublikasına gətirilmiş və İddiaçı təhvil verilmişdir.

2. İddiaçı alınmış avtomobil hərrac saytında (https://bid.cars/en/lot/1-37344793/2017- Ford-Fusion3FA6P0K90HR205904) əks olunmaqla, avtomobilin texniki göstəriciləri və zədələri açıq-aşkar foto-şəkillərlə nümayiş etdirilmiş, avtomobilin istehsal ili 2017-ci il qeyd olunmaqla, həmin avtomobil hərracda 6.750 ABŞ dollarına alınmışdır.

3. Pul vəsaitinin köçürülməsinə dair qəbzlərdən görünür ki, X3 adından “Ford Fusion” markalı avtomobillə bağlı hüquqi ünvanı Gürcüstan Respublikası olan “Caucasus Auto İmport” şirkətinə ##.##.2023-cü il tarixdə 2.919 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 5.210 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2.768 ABŞ dolları olmaqla, ümumilikdə 10.897 ABŞ dolları pul köçürülmüşdür.

4. Hacıyev Hakim Yasin oğlu tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı 2023-cü ilin oktyabr ayında təmir etmək üçün “Ford Fusion” titanium markalı maşın gətirmişdir. Maşının ilk vəziyyəti qabaq sol qanad, qabaq və arxa qapısı istifadəyə yararsız olmuş, airbagları açılmış, qabaq oturacaq cırılmış vəziyyətdə idi. Həmin zədələri təmir etmək üçün maşın sökmüşdür. Maşın söküldükdən sonra məlum olmuşdur ki, maşının keçirdiyi ikinci qəzadır. Aldığı zərbə nəticəsində maşın diaqonalında 8 sm əyrilik var. Maşının normal vəziyyətə gətirilməsi üçün çox xərc tələb olunduğunu bildirib. İddiaçı maşının normal vəziyyətə gətirilməsini xahiş edib. Camal lazım olan ehtiyat hissələrini təxmini 5.000 manata aldı. Maşını təmir etmişdir. Dəmirçi işi bitdikdən sonra onun zəhmət haqqı kimi 2.200 manat pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh İsaq oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəymiş 16.000 manat maddi ziyanın, onu və ailə üzvlərini təhdid etdiyi üçün 34.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə ##.##.2023-cü il tarixdə 21.400 manat pul vermiş, cavabdeh maşının gömrük rüsumunu, dövlət nömrə nişanı və maşının sol qabaq və arxa qapısında olan zədənin və maşının bütün xərclərini ödəyib ona hazır maşın təhvil verəcəyini demiş, lakin vədinə əməl etməmiş, 2016-cı il buraxılışı və çox zədələri olan deformasiyaya uğramış, istifadəyə yararsız maşın gətirərək gömrük məntəqəsinə atmışdır. Dəfələrlə, cavabdehin yaşadığı evə getsə də, cavabdehlə əlaqə qura bilməmiş, maşını öz hesabına 8.200 manat ödəyib qeydiyyatdan keçirmişdir. Maşını ustaya apardıqda çox sayda zədələrin olduğu məlum olub. Həmin maşını normal vəziyyətə gətirmək üçün usta və ehtiyat hissələrinə 8.000 manatdan çox pul xərcləmiş, 21.400 manatdan əlavə xərclədiyi pulu geri götürmək üçün cavabdehlə əlaqə qura bilməmişdir. Amma cavabdehin valideynləri həmin 16.000 manat pulu hissə-hissə ödəyəcəyini deyib. Bir dəfə 500 manat pul ödəyib, sonra ödənişi saxlayıblar. Cavabdeh bir qrup kriminal aləmini dəstəkləyən şəxslərlə əlində silah “səni axtarıram və tapıb səni öldürəcəm” deyib, iddiaçını ölümlə hədələyib. O vaxt Azərbaycanda olmadığına görə həmin şəxslərlə birlikdə iddiaçının ailəsinin yaşayış yerini öyrənib və ailə üzvlərindən girov götürmək istəyiblər. Cavabdehin olduğu dəstədən adını bilmədiyi bir şəxs onunla telefonda danışaraq 16.000 manat pulun onda olduğunu və ailə üzvlərindən birinin gəlib götürməsini deyib. Elvin silahlı olduğuna görə ailə üzvlərindən heç kim o pulu götürməyib. Göstərilənlərə görə iddia təmin edilməlidir.

7. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı heç bir maddi sübut təqdim etməmiş və iddiasında qeyd etdiklərini əsaslandıra bilməmişdir. İddiaçı cavabdehə sosial şəbəkədə təhqiredici sözlər yazmış və şəkillər paylaşmış, onun şəxsiyyətini təhqir etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfin izahatını, işin konkret hallarını, iddia tələbinin həm maddi ziyan, həm də mənəvi zərər hissəsi ilə bağlı iddiaçının hər hansı sübutunun olmadığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iddia təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 779.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Amerikadan “Ford Fusion” 2 turbo titanium 2017-ci il model maşın gətirtmək üçün iş yoldaşı Elnur Şirinov vasitəsi ilə tanıdığı cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixdə 21.400 manat pul vermişdir. Cavabdeh maşının gömrük rüsumu, dövlət nömrə nişanı və maşının sol qabaq və arxa qapısında olan zədənin və maşının bütün xərclərini ödəyib ona hazır maşın təhvil verəcəyini deyib. Amma Cavabdehin dediyinə əməl etməyib və 2016-cı il buraxılışı və çox zədələri olan deformasiyaya uğramış istifadəyə yararsız maşın gətirərək gömrük məntəqəsinə atıb. Sonra onunla əlaqəni kəsib. Dəfələrlə Cavabdehin yaşadığı evə getsə də Elvinlə əlaqə qura bilməyib. Maşını öz hesabına 8.200 manat ödəyib qeydiyyatdan keçirmişdir. Maşını ustaya apardıqda çox sayda zədələrin olduğu məlum olub. Həmin maşını normal vəziyyətə gətirmək üçün usta və ehtiyat hissələrinə 8.000-dən çox pul xərcləmişdir. 21.400-dən əlavə xərclədiyi pulu geri götürmək üçün Elvinlə əlaqə qura bilməyib. Amma Elvinin valideynləri həmin 16.000 pulu hissə-hissə ödəyəcəyini deyib. Bir dəfə 500 manat pul ödəyib, sonra ödənişi saxlayıb. Elvinin dostu Vidadi adlı şəxsdən xahiş edib ki, Elvinə desin ona zəng etsin, etməsə şəkillərin sosial şəbəkədə paylaşacaq. Elvin ona zəng etmədi. O, Elvinin şəkillərini paylaşıb. Bundan sonra, Cavabdeh bir qrup kriminal aləmini dəstəkləyən şəxslərlə əlində silah onu axtardığını və tapıb öldürəcəyini deyib. Onu ölümlə hədələyib. O vaxt Azərbaycanda olmadığına görə həmin şəxslərlə birlikdə ailəsinin yaşayış yerini öyrənib və ailə üzvlərindən girov götürmək istəyiblər. Elvinin olduğu dəstədən adını bilmədiyi bir şəxs onunla telefonda danışıb deyib ki, 16.000 manat pul ondadır və ailə üzvündən biri gəlib ondan götürsün. Elvin silahlı olduğuna görə ailə üzvlərindən heç kimi o pulu götürməyə göndərməyib. Cavabdeh ona dəymiş zərəri leqal yolla ödəməyi üstün tutmamışdır. Yəni ödəmək istəsəydi, hər hansı yolla (bank və ya poçtla adına, hesabına göndərərdi) ödəyərdi. Məqsəd sadəcə ona qarşı nəsə etmək (həyati təhlükəli) idi. Bu günə qədər də dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənməmişdir. Əksinə, o, bütün bu olanlardan sonra, daha dəqiq desə, həyati təhlükəsi olduğu üçün (ona edilmiş hədə-qorxu və təhdidləri nəzərə alaraq) vətənindən, ailəsindən uzaq düşmüşdür. Hal-hazırda da xarici ölkədədir. Azərbaycandakı işindən məhrum olmuşdur. Eyni zamanda, anası yaşlı və xəstədir. Xəstəliyinin əsas səbəbi də məhz stress və gərginlikdir. Cavabdehin ucbatından xəstə anasının yanına gələ bilmir. ##.##.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin səs yazısı ilə bağlı olan və işin gedişatına əhəmiyyətli dərəcədə təsir edə biləcək sübut qismində disk təqdim etmişdir. Lakin nəinki sübutu qiymətləndirilmiş, heç sübut təqdim etməyi barədə qətnamədə heç bir qeyd edilməmişdir. Buradan da aşkar görünür ki, məhkəmə sübutunu nəzərə almamaqla, işə qərəzli və birtərəfli yanaşmışdır. Eyni zamanda, ##.##.2025ci il tarixə təyin edilmiş məhkəmə iclasından əvvəl məhkəməyə ərizə ilə müraciət edərək, elektron məhkəmə sisteminə giriş imkanının olmadığını (məcburiyyət qarşısında xaricdə olduğu üçün) nəzərə alaraq qarşı tərəfin iddiasına etirazının ona poçt vasitəsilə qeydiyyatda olduğu ünvana göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə bu ərizəni də diqqətə almamış, cavabdehin etirazını ona poçt vasitəsilə təqdim etməmiş və bu səbəbdən də cavabdehin etirazı ilə tanış ola bilməmiş, bununla da hüquqları məhdudlaşdırılmışdır. Hakim mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları və təqdim etdiyim sübutu (audiodisk) araşdırmamış, sadəcə cavabdehin təqdim etdiyi sənədləri nəzərə almış, bununla da prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh ABŞ-dən qəzalı, vurulmuş avtomobilləri gətirməkdə vasitəçilik edir. Sözügedən biznes növü hazırda kifayət qədər inkişaf edib. ABŞ-dən gələn avtomobillər hətta iddiaçıya da məlumdur ki, qəzalı vəziyyətdə olur. Avtomobilin vəziyyətinə görə cavabdeh məsuliyyət daşıya bilməz. Elvinin iddiaçı tərəfindən təqdim edilmiş pul vəsaitini xaricə keçirmək səlahiyyəti olmayıb. Avtomobili iddiaçı özü bəyənib, həmin avtomobillər vurulmuş avtomobillərdir. İddiaçının özünün seçib bəyəndiyi avtomobilə görə cavabdeh məsuliyyət daşımamaqdadır. Cavabdeh sadəcə hərracı oynamış və iddiaçının seçdiyi avtomobili qazanmışdır. İddiaçının nümayəndə və vəkilinin 21.400 manatın verilməsi, onun qarşılığında salamat avtomobilin verilməsi barədə izahat həqiqəti əks etdirmir. Cavabdeh iddiaçıya onun özünün də hərrac vasitəsilə avtomobil qazandığını bildirmiş, istədiyi təqdirdə, onun üçün də oynaya biləcəyini bildirmiş, iddiaçı ilə birgə gedərək iddiaçının öz adından müvafiq kart hesabına köçürmələr etmişdir. Səs yazısının cavabdehin anasına məxsus olduğunu qəbul etmirlər. Hüquqlarını müdafiə etdiyi şəxsə pul verilməyib. İddiaçının vəkili də bildirir ki, Elgözəl Əmiraslanova 5.230 ABŞ dolları göndərmişdir. Avtomobilin ödənişini qohumuna verib, o isə köçürmə edib. Cavabdeh vasitəsilə edilən ödənişlərin xarakteri bir-birindən fərqlidir, yol xərci, daşıma xərcləri və digər bu kimi ödənişləri cavabdehə göndərib, iddiaçının həm avtomobili əldə edib, həm də avtomobilin bərpasına xərclədiyi təmsil etdiyi şəxsdən tələb etməsini düzgün hesab etmir. Cavabdeh xidmət haqqı olaraq 500 manat alıb, onu da sonradan qaytarıb. 3.000 manat əlavə ödəniş alınmasının səbəbi daşınma, avtomobilin gətirilməsi zamanı yaranan xərclərdir. Avtomobilin buraxılış ilinin 2017-ci il deyil, 2016-cı il olması, eyni zamanda avtomobilin qapısındakı zədələrin gözləniləndən daha çox olması tərəflər arasında ciddi münaqişəyə səbəb olmuş, iş bu yerə kimi gəlib çıxmışdır. Cavabdeh avtomobilin təmir xərcləri ilə bağlı öhdəlik götürməyib. Təmsil etdiyi şəxs sadəcə olaraq avtomobilin Azərbaycana gətirilməsinə vasitəçilik edir. Gömrük xərclərinin ödənilməsi ilə bağlı tərəflə danışıqları olmayıb.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən hallarına əsasən iddiaçı ilə cavabdeh arasında iddiaçı üçün X4 “Ford Fusion” titanium markalı, zədəli avtomobilin hərracdan alınması ilə bağlı, muzd ödənilməsi şərti ilə şifahi tapşırıq müqaviləsi bağlanmış və avtomobili hərrac vasitəsi ilə alınaraq, Azərbaycan Respublikasına gətirilmiş və iddiaçıya təhvil verilmişdir. İddiaçı cavabdehin avtomobilin istehsal ilinin 2017-ci il və az zədəli avtomobili ona alıb təhvil verilməli olmasına baxmayaraq, avtomobilin ilinin 2016-cı il, zədəsinin isə daha çox olmasını, o cümlədən gömrük haqqının və avtomobilin təmirinin də cavabdehin öz üzərinə götürdüyünü iddia edərək, cavabdehdən gömrüyə görə ödədiyi təxminən 8.000 manat gömrük haqqının və avtomobilin təmirinə çəkdiyi 8.000 manat xərc olmaqla, cavabdehdən 16.000 manat pul tələb etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, iddiaçıya alınmış avtomobil hərrac saytında (https://bid.cars/en/lot/1-37344793/2017-Ford- Fusion3FA6P0K90HR205904) əks olunmaqla, avtomobilin texniki göstəriciləri və zədələri açıqaşkar fotoşəkillərlə nümayiş etdirilmiş, avtomobilin istehsal ili 2017-ci il qeyd olunmaqla, həmin avtomobil hərracda 6.750 ABŞ dollarına alınmışdır. İddiaçının iddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı məhz hərrac saytında qeyd olunan VİN kodu 3FA9P0K90HR205904 olan avtomobilin alınmasından məlumatlı olmaqla, avtomobilin texniki göstəriciləri və zədəsinin hansı dərəcədə olmasından məlumatlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində daha çox zədəsi olan avtomobil alması ilə bağlı iddiaçının dəlilini əsassız hesab etmişdir.

17. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş pul vəsaitinin köçürülməsinə dair qəbzlərdən görünür ki, X3 adından “Ford Fusion” markalı avtomobillə bağlı hüquqi ünvanı Gürcüstan Respublikası olan “Caucasus Auto İmport” şirkətinə ##.##.2023-cü il tarixdə 2.919 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 5.210 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2.768 ABŞ dolları olmaqla, ümumilikdə 10.897 ABŞ dolları pul köçürülmüş, X3 da iddiaçının qohumu olmuşdur. Həmin məbləğ manata olan məzənnə ilə 18.524 manat təşkil etmişdir. Cavabdehə yalnız ##.##.2023-cü il tarixdə 1.020 manat, ##.##.2023-cü il tarixdə 600 manat, ##.##.2023-cü il tarixdə 400 manat, ##.##.2023-cü il tarixdə 1.485 manat və 100 manat olmaqla, ümumilikdə 3.605 manat ödənilmiş, yaranmış mübahisə zəminində həmin məbləğdən 500 manat pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır ki, bununla da iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə 21.400 manat pulun verilməsi təsdiq olunmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin gömrük haqqının ödənilməsinin və avtomobilin təmirinin də cavabdehin öz üzərinə götürdüyünü iddia etsə də, belə bir razılaşmanın olmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehə ümumilikdə 3.605 manat pul ödəmişdir ki, cavabdeh tərəf də yalnız hərracda iştirak etməklə, iddiaçının bəyəndiyi avtomobili hərracdan almasını öhdəsinə götürdüyünü, ödənilmiş pulun da bir qisminin muzd, bir qisminin isə xərclərlə bağlı olduğunu, yaranmış mübahisə ilə əlaqədar isə 500 manat pulu geri qaytardığını bildirmişdir.

19. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, verilmiş muzd və sair xərclər istisna olmaqla, təkcə avtomobilin alınması və daşınması ilə bağlı 18.524 manat pulun sərf olunması sübut olunmuşdur ki, iddiaçının iddia etdiyi kimi 21.400 manat pul vəsaitinə görə cavabdehin əlavə olaraq, ödənilməli olan 8.000 manat gömrük haqqının və 8.000 manatlıq təmir xərcini öhdəsinə götürməsi də ağlabatan və inandırıcı olmamışdır.

20. İddiaçı cavabdehin onu öldürməklə hədələməsi ilə bağlı mənəvi zərərə məruz qaldığını iddia etmişdir ki, məhkəmə kollegiyası iddiaçının qeyd olunan iddiasını da əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət hesab olunur. Buna görə də qeyd edilən hadisənin baş verməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə sübut olunan hal hesab olunur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hər hansı bir başqa şəxsə məxsus olan və hansı qaydada əldə edilməsi bilinməyən səs yazısının isə sübut kimi qəbul edilməsi yolverilməz olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 777.1-777.2, 779.1, 777.4, 783.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 219.4, 384.0.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” # ###### 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuş, iş üzrə təqdim edilmiş sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, apellyasiya şikayətinin əsas dəlillərinə hüquqi qiymət verilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini faktiki olaraq təkrarlamaqla kifayətlənmiş, iddiaçının tərəflər arasında avtomobilin alınması, gömrük rəsmiləşdirilməsi və təmir xərclərinin cavabdeh tərəfindən qarşılanmasına dair razılaşmanın mövcudluğu barədə irəli sürdüyü arqumentləri və iş materiallarında olan sübutları lazımi qaydada qiymətləndirməmişdir.

24. Məhkəmə yalnız cavabdehin izahatına üstünlük vermiş, təqdim edilmiş sübutları müqayisəli şəkildə araşdırmadan iddiaçının mövqeyini əsassız hesab etmiş, cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının çəkdiyi əlavə xərclərə və bu xərclərin hüquqi nəticələrinə qiymət verməmişdir. Halbuki iş materialları cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, bunun nəticəsində iddiaçının gömrük rüsumu, avtomobilin qeydiyyatı və təmiri üçün əlavə vəsait xərcləməyə məcbur qaldığını təsdiq edir. Məhkəmə isə bu halları Mülki Məcəllənin zərərin ödənilməsini tənzimləyən normaları baxımından araşdırmamışdır.

25. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən səs yazısı da sübut qismində lazımi qaydada qiymətləndirilməmişdir. Hətta həmin sübutun təqdim edilməsi faktı belə qətnamədə öz əksini tapmamışdır. Bu isə məhkəmənin iş üzrə bütün sübutları araşdırmaq və onlara hüquqi qiymət vermək vəzifəsini yerinə yetirmədiyini göstərir.

26. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətində irəli sürülmüş dəlillərə münasibət bildirməmiş, zərərin əvəzinin ödənilməsi ilə bağlı Mülki Məcəllənin 21 və 1115-ci maddələrinin tətbiqi zərurətini araşdırmamış, qətnamədə gəldiyi nəticələrin motivlərini tam şəkildə əsaslandırmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 392.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində nəticəyə gəlməsinin motivləri və rəhbər tutduğu hüquq normaları aydın göstərilməlidir.

27. .İş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, cavabdeh tərəfindən gətirilmiş avtomobil ağır texniki qüsurlu, çoxsaylı zədələrə malik olmuş, söküldükdən sonra isə onun əvvəlki qəza nəticəsində ciddi konstruktiv deformasiya aldığı müəyyən edilmişdir. Həmin aktda avtomobilin normal vəziyyətə gətirilməsi üçün əhəmiyyətli həcmdə ehtiyat hissələri və təmir xərclərinin tələb olunduğu, bu məqsədlə ehtiyat hissələrinə və əmək haqqına külli miqdarda vəsait sərf edildiyi göstərilmişdir.

28. Bundan başqa, iş materiallarında avtomobilin alınması ilə bağlı bank köçürmələrini təsdiq edən ödəniş sənədləri, eləcə də müstəqil ekspert rəyləri mövcuddur. Həmin sübutlarla avtomobilin alınmasına, gömrük rəsmiləşdirilməsinə və təmirinə çəkilmiş xərclər, həmçinin avtomobilin real texniki vəziyyəti təsdiq edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin sübutları qarşılıqlı əlaqədə qiymətləndirməmiş, onların iddia tələbinin həlli üçün əhəmiyyətini araşdırmamış və qətnaməsində bu sübutların hansı əsaslarla nəzərə alınmadığını göstərməmişdir.

29. Məhkəmə tərəflər arasında mövcud olmuş şifahi razılaşmaya, tərəflərin yazışmalarına, ödəniş sənədlərinə və ekspert rəylərinə hüquqi qiymət vermədən cavabdehin öhdəliyini tam icra etdiyi qənaətinə gəlmişdir. Halbuki iş üzrə mövcud sübutlar cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyini, nəticədə iddiaçının avtomobilin gömrük rəsmiləşdirilməsi və təmiri üçün əlavə xərclər çəkməyə məcbur qaldığını göstərir.

30. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin cavabdehin tapşırıq müqaviləsi üzrə öhdəliyini tam icra etməsi barədə gəldiyi nəticə iş materiallarında olan sübutlarla təsdiq olunmur, məhkəmənin nəticəsi sübutların natamam qiymətləndirilməsinə əsaslanır və Mülki Prosessual Məcəllənin sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsiplərinə uyğun deyildir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Kassasiya şikayətinə qarşı cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən etiraz daxil olmuşdur.

32. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında ABŞ-dən hərraca çıxarılmış qəzalı avtomobilin alınması və Azərbaycana gətirilməsi ilə bağlı yalnız vasitəçilik münasibətləri yaranmış, cavabdehin öhdəliyi avtomobilin hərracdan alınması və çatdırılması ilə məhdudlaşmışdır. Hərraca çıxarılan avtomobillərin texniki vəziyyəti, gizli qüsurları, təmir xərcləri və Azərbaycanda istehsal ilinə görə qeydiyyata alınması onun iradəsindən asılı olmayan hallar olduğundan həmin məsələlərə görə məsuliyyət daşımır.

33. Cavabdeh iddiaçının ona və ailə üzvlərinə qarşı sosial şəbəkələrdə təhqiramiz paylaşımlar etdiyini, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirmiş, iddiaçının təqdim etdiyi səs yazısını və digər sübutları yolverilməz hesab etmişdir. Eyni zamanda, bank köçürmələrinin avtomobilin alınması, daşınması və digər logistika xərclərinin ödənilməsi üçün istifadə edildiyini, 500 manat məbləğində aldığı muzdun isə sonradan mübahisənin böyüməməsi məqsədilə geri qaytarıldığını göstərmişdir.

34. Avtomobilin gömrük rəsmiləşdirilməsi, təmiri və istehsal ilinin texniki pasportda göstərilməsi ilə bağlı məsuliyyət onun üzərinə düşmədiyindən iddiaçının maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbləri əsassızdır. Ona görə də kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

35. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

37. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

38. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

39. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

40. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar