Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-415/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2021-ci il tarixli, *************** saylı payçı müqaviləsindən görünür ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə yerləşən yaşayış kompleksində inşa olunan 37-ci binasında, 1-ci blok, 12-ci mərtəbə, *** №-li, 2 otaqlı studiya tipli mənzili tikib payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 51000 manat təşkil edir. Payçı müqavilənin dəyərini, yəni 51000 manat pulu tam ödəmişdir. * saylı Əlavəyə əsasən mənzilin ümumu sahəsi 43,6 kv.metrdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, b. 37, 30-cu məhəllə ünvanında yerləşən, ümumi sahəsi 40 kv.m. olan mənzil 107 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 1622044676 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı adına ##.##.2022-ci il tarixli, 28480 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4000 manat pulun və ödədiyi dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən müəssisənin yaşayış binası Cavabdeh MTK-dan 43.6 kv.m. mənzil almişdır. Bu mənzilə görə 51000 (əlli bir min) manat Cavabdeh MTK-ya ödəmişdir. Lakin mənzilinə çıxarış alandan mənzilin sahəsi 40 kv.m. müəyyən edilmişdir. Belə olan halda MTK onun hüquqlarını pozmuş, müqavilənin şərtlərinə əməl etmədən ondan 3.6 kvadratın pulunu artıq almışdır. Bu tam qanunsuzdur. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd hərəkətdir. Yuxarıda qeyd olunanlara əsasən “xxxx” MTK tərəfindən artıq alınan pulun geri qaytarılması barədə məktub yazsa da heç bir cavab verilməmişdir.
5. Məhkəmə iclasında işirak etmiş cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı müqavilə bağlanan zaman mənzilin faktiki olaraq ümumi sahəsi barədə məlumatlı olmuş və faktiki sahəyə uyğun müqavilə bağlanılmışdır.
6. Alternativ Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən *** saylı, 2 otaqlı studiya tipli mənzilin faktiki sahəsinin, tərəflər arasında bağlanmış *************** nömrəli, ##.##.2021-ci il tarixli payçı müqaviləsinin və müqaviləyə əlavə olunmuş planın (Əlavə №*) şərtlərinə uyğun olmaqla 43,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi və mütəxəssis xərci olan 300 manat pul iddiaçı İddiaçı tutularaq Alternativ Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarla vətəndaşın əsassız olaraq pozulmuş hüquqlarını bərpa etməmiş, əksinə faktiki olaraq payçıya özünün bağladığı müqavilədə nəzərdə tutulan mənzil sahəsini verməyən Cavabdeh MTK-nın xeyrinə qərar çıxarmışdır. Alternativ Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyi ekspertiza qaydalarının pozulması ilə aparılmış, rəyə düzgün olmayan məlumatlar daxil edilmişdir. Belə ki, rəydə mənzilə baxışın iddiaçının ərinin iştirakı ilə aparıldığı qeyd edilsə də, keçirilən baxışda iddiaçının özü, nümayəndəsi və ya onun ailə üzvlərindən heç kəs iştirak etməmişdir. Bundan başqa rəydə hər hansı bir qanunvericilik aktına əsaslanmamış, nəticəyə hansı qanunvericilik aktı əsasında keçirildiyi göstərilməmişdir. Eyni zamanda rəydə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ##.##.2014-cü il tarixli, **- N nömrəli Qərarı ilə təsdiq edilmiş təlimatın tələbləri pozularaq keçirilmiş baxışın həyata keçirilməsinin məqsədləri, şərtləri qeyd edilmişdir. Qeyd edilən qanun pozuntuları və rəyə yalan məlumat yazılması iddiaçı tərəfindən verilən etirazda məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən qanun pozuntularına əhəmiyyət verilmədən faktiki halları özündə əks etdirməyən ekspertiza rəyi sübut kimi qəbul edilmişdir. Ekspertiza rəyi kompleks tədqiqata əsaslanan əsaslandırılmış yekun nəticədir. Ekspertiza qaydalarının pozulması rəyi sübut kimi etibarsız edə bilər. Məhkəmədə baxış zamanı hakimə bu barədə bildirildikdə sonuncu tərəfindən iddiaçının özünün ekspertiza keçirilməsi üçün istənilən ekspertiza mərkəzinə müraciət etmək və oradan rəyi alıb məhkəməyə təqdim etmək təklif olundu. İddiaçının “X3”nə ##.##.2025-ci il tarixli müraciəti əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 37-ci bianının *** saylı mənzilinin ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə tədqiqat aparılaraq ##.##.2025-ci il tarixli, ETM-***/t/** saylı rəy verilmişdir. ##.##.2025-ci il tarixdə məhkəmə təqdim edilmiş həmin rəydə mənzilin faktki sahəsinin 40,0 kv.metr müəyyən oluduğu göstərilmişdir. Lakin məhkəmə qətnamədə həmin rəyin adını belə çəkməmiş və rəyin qəbul edilməməsinin səbəbini qeyd etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
16. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
17. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
18. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
19. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
21. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
22. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.
23. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
24. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)
25. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
26. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
31. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli, *************** saylı payçı müqaviləsinə əsasən cavabdeh *** nömrəli mənzili tikib “Payçı” İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri cavadehə ödənilməsini, həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 51000 manat təşkil edir. Müqavilənin dəyəri yəni 51000 manat məbləğində vəsait “Payçı” tərəfindən tam ödənilmişdir. * saylı Əlavəyə əsasən mənzilin ümumu sahəsi 43,6 kv.metrdir.
39. Həmin müqavilənin 8.8-ci bəndində qeyd edilmişdir ki, “Payçı” xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda eyvan, sivaraltı sahə, şaxtaların sahəsi, beton sütunların alt hissələri qeyd edilməyə bilər.
40. Göründüyü kimi tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mənzil sahəsinə hansı hissələrin daxil edildiyi, hansı hissələrin daxil edilmədiyini müfəssəl müəyyənləşdirmişlər.
41. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zərəri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
43. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində həll edilməlidir. Çünki mənzilin təmir və tikinti işləri nəticəsində işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.
44. Alternativ Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən *** saylı, 2 otaqlı studiya tipli mənzilin faktiki sahəsinin, tərəflər arasında bağlanmış *************** nömrəli, ##.##.2021-ci il tarixli payçı müqaviləsinin və müqaviləyə əlavə olunmuş planın (Əlavə №*) şərtlərinə uyğun olmaqla 43,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
45. Rəyin tədqiqat prosesinin təsvirinə dair hissəsindən görünür ki, tədqiq olunan *** saylı mənzilin müqavilə və ona əlavə olunmuş plan üzrə nəzərdə tutulmuş 43.6 kv.m ümüumi (hesablaşma) sahəsi faktiki olaraq həmin qeyd edilən plana uyğun yaşayış və yardımçı sahələri, eləcə də daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) ölçüləri əsasında müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, mənzilin plan üzrə nəzərdə tutulmuş ölçüləri baxış zamanı öz əksini tapmışdır ki, bu da mənzilin müvafiq plana uyğun olduğunu təsdiq edir.
46. İddiaçı tərəfin təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ETM-***/T/** nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) 59.2 və 59.3 bəndlərinin, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2012-ci il tarixli * saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndinin tələblərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 37-ci binanın *** saylı mənzilin faktiki ümumi sahəsi 40.0 kv.metr müəyyən olunur.
47. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, b. 37, 30-cu məhəllə ünvanında yerləşən, ümumi sahəsi 40 kv.m. olan mənzil 107 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 1622044676 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır
48. İş materiallarında olan qeyd edilən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli Texniki Pasportdan (iş v.6) isə müəyyən olunur ki, mənzilin faktiki olaraq sahəsi 40 kv.m-dir. Bunun 31.9 kv.m. yaşayış sahəsi, 8.1 kv.m. köməkçi sahəsidir. Eyni zamanda dəhliz 3.0 kv.m., zal 22.3 kv.m., yaşayış otağı 9.6 kv.m., sanitar qovşaq 3.4 kv.m., lociya 1.7 kv.metrdir.
49. İddiaçı göstərmişdir ki, ##.##.2022-ci il tarixdə onun mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməklə çıxarış verilmiş, həmin çıxarışda mənzilin sahəsi 40 kv.m göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 43.6 kv.m-in tam dəyərini almış, əslində isə ona təxminən 3.6 kv.m az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 4000 manat məbləğində artıq pul almışdır. Ondan artıq alınmış həmin vəsait vurulmuş maddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır.
50. Məhkəmə iclasında iddiaçı tərəf həmçinin bildirmişdir ki, divaraltı sahələrə görə cavabdehin iddiaçıdan pul alması əsassız olmuşdur.
51. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə bağlanarkən mənzilin ölçülərini əks etdirən plan sxem iddiaçıya təqdim edilmiş və tanış edilmişdir. Həmçinin iddiaçıya çıxarış alarkən sahə fərqi yaranacağı barədə məlumat verilmiş, mənzili bu şərtlərlə razılaşıb almışdır.
52. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
53. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
54. Göründüyü kimi tərəflər arasında müqavilə ##.##.2021-ci il tarixdə bağlanmış, cavabdeh mənzili müqavilə şərtinə uyğun olaraq iddiaçıya təhvil vermiş, iddiaçı isə dəyərini ödəməklə mənzili qəbul etmiş və həmin mənzilə dair mülkiyyət hüququna dair çıxarışı və texniki pasportu ##.##.2022-ci il tarixdə almışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3cü maddələrinin tələbləri yalnız mübahisəli mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alına bilər ki, həmin tələblər tərəflər arasındakı yuxarıda adı çəkilən müqavilənin şərtlərinə aid edilmir.
56. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara müqayisəli şəkildə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilə tələbləri mənzil sahəsi ilə bağlı hissədə icra edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.